Azərbaycan.-2016.-18 oktyabr.-229.-S.4.

 

Müstəqil Azərbaycan dünyada böyük nüfuza, güclü beynəlxalq mövqeyə sahibdir

 

Novruz MƏMMƏDOV,

Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini,

Xarici əlaqələr şöbəsinin müdiri

 

Sovet İttifaqının dağılmasından sonra Azərbaycan 18 oktyabr 1991-ci ildə öz müstəqilliyini bərpa etdi. Bununla da, zəngin dövlətçilik ənənələrinə sahib olan Azərbaycan 70 illik fasilədən sonra son 100 il ərzində ikinci dəfə öz dövlət müstəqilliyini qazandı. Əgər 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyətinin birinci müstəqilliyi cəmi 23 ay çəkmişdisə, hazırda respublikamız artıq 25 ildir ki, beynəlxalq hüququn müstəqil subyekti - suveren dövlətdir.

 

Müstəqilliyini əldə etdiyi ilk illərdə Azərbaycan çox mürəkkəb və çətin dövr yaşayırdı. Bir tərəfdən Ermənistanın hərbi təcavüzü davam edirdi, digər tərəfdən isə mövcud sistemin çökməsi ilə əlaqədar iqtisadiyyat iflic vəziyyətinə düşmüş, ölkədə daxili sabitlik pozulmuşdu. Azərbaycan dövlətçiliyi həqiqi mənada təhlükə altında idi.

Məhz belə bir şəraitdə ulu öndər Heydər Əliyevin 1993-cü ilin iyun ayında xalqın təkidi ilə yenidən hakimiyyətə qayıdışı Azərbaycan dövlətçiliyinin qurtuluşu baxımından həlledici olmuşdur. XX əsrin 90-cı illərinin ortalarından başlayaraq, ulu öndərin rəhbərliyi altında aparılmış siyasi, sosial və iqtisadi islahatlar nəticəsində müstəqil Azərbaycan dövlətçiliyinin əsası və onun gələcək inkişafı üçün möhkəm təməllər üzərində qurulmuş baza yaradılmışdır. Həmin siyasi kursun Prezident İlham Əliyev tərəfindən davam etdirilməsi aparılan genişmiqyaslı islahatların dərinləşdirilməsinə, ölkənin daha yüksək sosial inkişaf pilləsinə qalxmasına şərait yaratmışdır.

Bu gün Azərbaycanın siyasi, sosial və iqtisadi sahələrdə nə qədər böyük inkişaf yolu keçdiyi göz qabağındadır. Azərbaycan daxildə sabit siyasi vəziyyətə, daimi islahatlarla təkmilləşdirilən və cəmiyyətin maraqlarına cavab verən siyasi sistemə, dövlət-vətəndaş münasibətlərində harmoniyaya, davamlı iqtisadi inkişafa nail olan, dünya dövlətləri arasında özünə layiqli yer tutan, regionda lider olan bir ölkəyə çevrilib. Əlbəttə, bütün bunlar məqsədyönlü gərgin işin, fəaliyyətin nəticəsidir.

Azərbaycanın əldə etdiyi uğurların real mənzərəsini görmək üçün bir sıra iqtisadi və maliyyə göstəricilərinə nəzər yetirmək kifayətdir. Yalnız son 12 il ərzində ümumi daxili məhsul (ÜDM) 3 dəfədən çox, büdcə gəlirləri isə 20 dəfə artıb. Eyni zamanda yoxsulluğun səviyyəsi 49 faizdən 5 faizə qədər azaldılıb. İşsizliyin səviyyəsi də bu qədərdir. Azərbaycanda son 12 il ərzində 1 milyon 500 min iş yeri açılmışdır. Hazırda Azərbaycan iqtisadiyyatı Cənubi Qafqaz iqtisadiyyatının 75 faizini təşkil edir.

Azərbaycanın bu uğurları beynəlxalq təşkilatlar tərəfindən də təsdiq edilir. Dünya İqtisadi Forumunun qlobal rəqabətqabiliyyətliliyi indeksində Azərbaycan 37-ci yerdədir və bu sahədə ölkəmiz MDB məkanında birincidir. Fitch, Standard and Poor's, Moody's kimi beynəlxalq reytinq agentlikləri Azərbaycanın reytinqini yüksək qiymətləndirirlər. Hazırda Azərbaycan Dünya Bankının adambaşına düşən Ümumi Milli Gəlir təsnifatına görə, yuxarı orta gəlirli ölkələr qrupunda, BMT-nin İnkişaf Proqramının İnsan İnkişafı İndeksində (İİİ) isə yüksək insan inkişafı ölkələri qrupunda qərarlaşıb.

Azərbaycanda artıq iqtisadi inkişaf baxımından keçid dövrü başa çatıb. Hazırda Azərbaycan yeni prioritetlər, inkişaf perspektivləri müəyyənləşdirib. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Azərbaycan qara qızılı insan qızılına - insan kapitalına çevirmək əzmindədir. Bunun üçün ölkə daxilində təhsilə, müasir texnologiyalara sərmayə qoyuluşu artırılır, iqtisadiyyatın diversifikasiyası istiqamətində mühüm addımlar atılır. Azərbaycan 2013-cü ildə ilk telekommunikasiya peykini orbitə buraxmaqla kosmik ölkələr sırasına daxil olmuşdur. ASAN xidmət mərkəzi artıq dünyada Azərbaycanın brendinə çevrilib.

Xarici siyasətin Azərbaycan modeli

Bu gün Azərbaycan balanslaşdırılmış, çoxvektorlu əməkdaşlıq, bərabərhüquqlu tərəfdaşlıq və milli maraqlara əsaslanan xarici siyasət həyata keçirir. Müstəqilliyin ilk illərində Azərbaycan beynəlxalq aləmdən təcrid olunmuş, əksər qonşu dövlətlərlə münasibətləri kəskinləşmiş, erməni lobbisinin səyləri hesabına isə dünya informasiya məkanında blokadaya alınmışdı. Aparılan xarici siyasət ölkəmizin qlobal arenada mövqeyini tamamilə dəyişdi. Artıq Azərbaycan qlobal siyasi səhnədə adi iştirakçı deyil, regionda əhəmiyyətli layihələrin təşəbbüskarı və iştirakçısı, beynəlxalq aləmdə nüfuzu ilə seçilən ölkədir.

Azərbaycanın apardığı fəal xarici siyasət rəqabətə deyil, dostluq, əməkdaşlıq və qarşılıqlı dəstəyə əsaslanır. Azərbaycan dünyada gedən proseslərdə, ümumi rifahı təmin edəcək dünya nizamının formalaşmasında tutduğu konstruktiv mövqe ilə də fərqlənir. Aparılan fəal xarici siyasət respublikamızın beynəlxalq təşkilatlarda mühüm rol oynamasına imkan yaradır. Azərbaycan dünyada nadir ölkələrdən biridir ki, həm İslam Əməkdaşlıq Təşkilatının, həm də Avropa Şurasının üzvüdür. Azərbaycanın dünyanın 155 ölkəsinin dəstəyi ilə 2012-2013-cü illərdə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi xarici siyasətimizin ən böyük uğurlarındandır. Bu o deməkdir ki, rəsmi Bakının regionda və beynəlxalq aləmdə yürütdüyü siyasət dünya ölkələri tərəfindən rəğbətlə qarşılanır, BMT-yə üzv olan 193 dövlətin 155-i tərəfindən tam dəstəklənir. BMT Təhlükəsizlik Şurasının üzvü kimi Azərbaycan quruma sədrliyi dövründə beynəlxalq sülh və təhlükəsizliyin təmin olunması ilə əlaqədar mühüm məsələləri müzakirəyə çıxarmış, beynəlxalq terrorizmə qarşı mübarizə sahəsində əməkdaşlığın gücləndirilməsi təşəbbüsünü irəli sürmüşdür.

Son illər Azərbaycan Respublikasının əldə etdiyi nailiyyətlər ölkənin beynəlxalq aləmdəki nüfuzunu xeyli artırıb. Dünyanın ən nüfuzlu beynəlxalq qurumları ilə sıx əməkdaşlıq həyata keçirilir. Azərbaycan 2011-ci ildə üzvlərinin sayına görə BMT-dən sonra ikinci ən böyük təşkilat olan Qoşulmama Hərəkatına üzv olub. Azərbaycan 2014-cü ilin may-oktyabr aylarında Avropa Şurasının Nazirlər Komitəsinə uğurla sədrlik edib.

Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasında da etibarlı tərəfdaş və beynəlxalq antiterror koalisiyasının fəal iştirakçısıdır. Bütün dünyada beynəlxalq antiterror çağırışlarına qoşulan ilk ölkələrdən biri məhz Azərbaycan olmuşdur. Bizim hərbçilərimiz Əfqanıstanda, İraqda NATO komandanlığında xidmət etmişlər. Hazırda NATO-nun Əfqanıstana yükdaşımalarında da Azərbaycan mühüm rol oynayır.

Azərbaycanın xarici siyasətində regional əməkdaşlıq məsələləri prioritet xarakter daşıyır. Ermənistanı çıxmaq şərtilə, digər dörd qonşu ölkə - Türkiyə, Rusiya, İran və Gürcüstan ilə əlaqələrimiz olduqca müsbətdir. Eyni zamanda Azərbaycan regional müstəvidə bir neçə üçtərəfli əməkdaşlıq formatının təşəbbüskarıdır. Son illər ərzində yaranmış Azərbaycan-İran-Türkiyə, Azərbaycan-Gürcüstan-Türkiyə, Azərbaycan-Türkiyə-Türkmənistan və Azərbaycan-Rusiya-İran üçtərəfli platformaları regional məsələlərin müzakirəsi, əməkdaşlıq əlaqələrinin inkişafı baxımından əhəmiyyətli təşəbbüslərdir.

Birgə tarixə, mədəniyyətə, dinə, ortaq maraqlara əsaslanan müsəlman ölkələri ilə əməkdaşlıq hər zaman ən yüksək səviyyədə olmuşdur. İslam Əməkdaşlıq Təşkilatının son Zirvə görüşündə qəbul edilmiş qətnamədə də üzv dövlətlər Azərbaycanı birmənalı şəkildə dəstəklədilər, Ermənistanın təcavüzünü isə qətiyyətlə pislədilər. Bu Zirvə görüşündə İslam Əməkdaşlıq Təşkilatının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Təmas Qrupu da yaradıldı.

Azərbaycanın Avropa ölkələri ilə də əməkdaşlığı daim genişlənir. İkitərəfli formatda təşəkkül tapan çox gözəl əlaqələr Azərbaycan-Avropa İttifaqı əlaqələrinin inkişafına da təsir göstərir. Azərbaycan bu münasibətləri qarşılıqlı maraqlara əsaslanan bərabərhüquqlu əməkdaşlıq təməlləri üzərində qurur və siyasətini bu istiqamətdə həyata keçirir. İndiyə qədər Azərbaycan və 9 Avropa ölkəsi arasında strateji tərəfdaşlıq haqqında sənədlər imzalanıb və ya qəbul edilib. Bu, Avropa İttifaqına üzv ölkələrin üçdəbir hissəsi deməkdir.

Uzaq Şərq, Afrika, eləcə də Latın Amerikası ölkələri ilə qarşılıqlı surətdə faydalı əməkdaşlığa əsaslanan münasibətlər yüksələn xətt üzrə inkişaf edir. Son illər ərzində Azərbaycanın bu regionlarda yeni səfirliklər açması region dövlətləri ilə həm ikitərəfli, həm də çoxtərəfli əsasda qarşılıqlı surətdə faydalı əməkdaşlığa əsaslanan əlaqələrin inkişafına verilən əhəmiyyətin bariz nümunəsidir. Hazırda Azərbaycanın Afrikada 5 (Misir, Mərakeş, Əlcəzair, Efiopiya, CAR), Latın Amerikasında 3 (Meksika, Braziliya, Argentina) səfirliyi fəaliyyət göstərir.

 

Enerji sahəsində etibarlı tərəfdaş

Şübhəsiz ki, Azərbaycanın əldə etdiyi bütün uğurların əsasında enerji amili, ölkənin sosial-iqtisadi inkişafı üçün ondan düzgün istifadə dayanır. Ümummilli lider Heydər Əliyevin formalaşdırdığı və bu gün Prezident İlham Əliyev tərəfindən daha da təkmilləşdirilmiş enerji siyasəti ölkənin milli maraqlarının təmin olunmasında başlıca vasitədir. Bu siyasət Azərbaycanın regionun lider dövlətinə, eləcə də regional və qlobal iqtisadi layihələrin aparıcı iştirakçılarından birinə çevrilməsinə imkan yaratmışdır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qeyd etdiyi kimi, enerji siyasəti ölkələri birləşdirməlidir, ayırmamalıdır. Enerji amilindən qarşıya hansısa siyasi məqsədlər qoymaq və onlara çatmaq üçün istifadə edilməməlidir. Məhz bu yanaşma sayəsində hazırda Azərbaycan enerji sahəsində etibarlı tərəfdaşdır və xüsusilə Avropa ölkələrinin enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır.

Bütün bunların əsası hələ 1994-cü ildə Əsrin müqaviləsinin imzalanması ilə qoyulmuşdur. Bu müqavilə ilə ilk dəfə olaraq Azərbaycan Xəzər dənizini birgə işləmək üçün xarici şirkətlərə açmış və neft ehtiyatlarının istismarına çoxmilyardlı xarici investisiyalar cəlb etmişdir. Bu istiqamətdə işlərin davamı olaraq Xəzər dənizini Qara dəniz və Aralıq dənizi ilə birləşdirən nəqliyyat infrastrukturu yaradılmışdır. Azərbaycanın qətiyyətli mövqeyi əsasında reallaşmış və 2006-cı ildə istifadəyə verilmiş Bakı-Tbilisi-Ceyhan neft kəməri Azərbaycan neftinin dünya bazarlarına çıxarılması ilə yanaşı, yeni dəhlizin açılması üçün də tarixi bir layihə idi. Bu layihə mövcud reallıqlar və gələcək perspektivlər baxımından nəinki bölgənin, eyni zamanda qitənin də enerji xəritəsini əsaslı şəkildə dəyişdirmişdir.

Bu gün enerji təhlükəsizliyindən danışarkən, ilk növbədə, təbii qaz amilinə diqqət yetirilir. Azərbaycan bu istiqamətdə də öz müstəqil siyasətini yürüdən və tərəfdaşları ilə uğurlu şəkildə əməkdaşlıq edən ölkədir. Şahdəniz yatağının işlənməsi Azərbaycanın qaz ixrac edən ölkələr sırasına qoşulmasına səbəb olmuşdur. Təbii qazın dünya ölkələrinin enerji təminatında hələ aparıcı rol oynamadığı bir zamanda belə bir müqavilənin imzalanması Azərbaycanın nə dərəcədə düşünülmüş bir siyasət yürütdüyünü və son dövrlərdə aparılmış işlərin hazırlıqlarına hələ o vaxtdan başladığını göstərir. Bu layihənin uğurlu icrası Azərbaycanın öz enerji müstəqilliyini tam şəkildə təmin etməsinə və qaz idxal edən ölkədən ixrac edən ölkəyə çevrilməsinə imkan yaratmışdır.

2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin istifadəyə verilməsi region üçün mühüm hadisə oldu. Təkcə onu demək kifayətdir ki, bu kəmər vasitəsilə Azərbaycan iqtisadi çətinliklər yaşamış Gürcüstanın qaz təminatını öz üzərinə götürərək etibarlı tərəfdaş imicini bir daha təsdiqlədi. Şahdəniz yatağından hasil edilən qazın bu kəmər vasitəsilə Türkiyəyə nəqli isə qazın Avropa bazarlarına çıxarılması üçün başlanğıc nöqtəsi oldu.

Azərbaycanın son illərdə enerji sahəsində əldə etdiyi uğurların real mənzərəsini görmək üçün Şahdəniz yatağının II fazasının işlənməsi ətrafında gedən prosesləri nəzərdən keçirmək kifayətdir. Azərbaycan Türkiyə ilə Şahdəniz yatağının qazını Avropaya çatdıracaq TANAP kəmərinin tikintisi üzrə müqaviləni imzaladı. Bu, Cənub qaz dəhlizinin reallaşması yolunda ilk real addım idi.

Azərbaycanın belə bir layihənin təşəbbüskarı olması onun regional lider qismində geosiyasi aktora çevrildiyini göstərir. Bu, eyni zamanda Azərbaycanın müstəqillik əldə etdikdən sonra keçdiyi uğurlu inkişaf yolunun parlaq göstəricisidir. Əgər 1994-cü ildə Azərbaycan belə layihələri reallaşdırmaq üçün xarici dövlətlərin dəstəyinə ehtiyac duyurdusa, indi Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında ciddi rol oynayacaq bir layihənin əsas maliyyə yükünü öz üzərinə götürür. Transadriatik boru kəməri layihəsinin Şahdəniz yatağının qazını Avropaya nəql edəcək əsas ixrac marşrutu kimi seçilməsi ilə bağlı verilmiş qərar Azərbaycanın iştirakı və razılığı olmadan regionda qlobal əhəmiyyətli heç bir layihənin gerçəkləşə bilmədiyini göstərir.

 

Multikulturalizm - yaşam tərzinə əsaslanan dövlət siyasəti

Şərqlə Qərbin, Şimalla Cənubun, islamla xristianlığın kəsişməsində yerləşən Azərbaycan bütün tarixi mərhələlərdə geosiyasi proseslərin diqqət mərkəzində olmuşdur. Azərbaycan müxtəlif sivilizasiya və mədəniyyətlərin irsini özündə birləşdirir və qoruyub saxlayır. Bütün bunlar Azərbaycanın həyat tərzində, inkişaf tarixində, siyasətində özünü göstərir.

Azərbaycan Şərq ilə Qərb arasında körpüdür, qovuşma nöqtəsidir. Azərbaycan cəmiyyəti hər iki istiqamətdən milli xüsusiyyətlərinə uyğun olan dəyərləri qəbul etmiş və öz inkişaf modelini yaratmışdır. Bu baxımdan da Azərbaycan Şərq və Qərb dəyərlərinin birləşdiricisi, ortaq daşıyıcısıdır. Ölkəmizdə Qərb və Şərq nəinki təkcə müvəffəqiyyətlə uyğunlaşa bilir, həm də bir-birini müvəffəqiyyətlə tamamlayır. Azərbaycanda islam dəyərləri ilə yanaşı, Şərqdə ilk demokratik respublika quruluşu, ilk milli opera, ilk teatr mövcud olmuşdur. Şərq dünyasında qadınlara səsvermə hüququnu ilk olaraq Azərbaycan vermişdir. Bu fundamental hüququn təmin edilməsi ilə bağlı hətta ölkəmiz Qərbin əksər ölkələrini qabaqlamışdır.

Azərbaycan müxtəlif dinlərin və mədəniyyətlərin təmsilçilərinin birgə yaşadığı müsəlman ölkəsidir. Burada xristianlar da, yəhudilər də heç bir problem olmadan uzun əsrlərdir yanaşı yaşayırlar. Bunu paytaxt Bakının arxitekturasında da görmək mümkündür. Bakı dünyada çox azsaylı şəhərlərdəndir ki, burada məscid, kilsə və sinaqoq yan-yanadır. Bu gün Qərbdə multikulturalizmin böhran keçirdiyi açıq-aydın özünü göstərir. Azərbaycan üçün isə çoxmədəniyyətlilik min illərdən gələn bir həyat tərzidir. Azərbaycanda yaşayan bütün xalqlar onların etnik, yaxud da dini mənsubiyyətindən asılı olmayaraq, bütün hüquqlardan istifadə edir, bir ailə kimi yaşayırlar. Çünki biz multikulturalizmə, tolerant yanaşmaya siyasət kimi yox, gündəlik həyat tərzi və həyat fəlsəfəsi kimi baxırıq.

Məhz elə bunun nəticəsidir ki, hazırda Azərbaycan multikulturalizm, sivilizasiyalararası dialoq istiqamətində gedən müsbət tendensiyalarda aparıcı rollardan birini oynayır. Son illərdə Azərbaycan artıq mədəniyyətlərarası inteqrasiya və dialoq problemlərinin müzakirə edildiyi, mühüm əhəmiyyətə malik beynəlxalq tədbirlərin keçirildiyi bir ölkə kimi dünyada tanınır. Bakıda müasir dövrümüzün aktual problemlərinin, əməkdaşlıq məsələlərinin müzakirə edildiyi mötəbər beynəlxalq tədbirlər, sammitlər, beynəlxalq konfranslar keçirilir. Bunların da sırasında Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunu, Qlobal Açıq Cəmiyyətlər Forumunu, Dini Liderlərin Ümumdünya Sammitini, Ümumdünya Gənclər Forumunu, Davos Dünya İqtisadi Forumunu, Eurovision mahnı müsabiqəsini, Bakı Humanitar Forumunu, BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunu və digərlərini qeyd etmək olar. Bu xüsusda mən 2015-ci ilin yayında Azərbaycanda keçirilmiş I Avropa Oyunlarını qeyd etmək istərdim. Bu, sadəcə bir idman tədbiri deyildi. Hesab edirəm ki, I Avropa Oyunlarının məhz müsəlman ölkəsi olan Azərbaycanda keçirilməsi ilə bağlı verilmiş qərar Azərbaycanın sivilizasiyalar və mədəniyyətlər arasındakı əməkdaşlıqda oynadığı rola verilmiş qiymət idi.

Bütün bunlar əslində Azərbaycanın xalqlar, dövlətlər arasında münasibətlərə və əməkdaşlığa bir sərmayəsidir. Biz hesab edirik ki, qlobal problemlərin həllinə ziddiyyətlər və münaqişələr yox, yalnız xoşməramlı əməkdaşlıq və birgə fəaliyyət nəticəsində nail olmaq olar.

Dağlıq Qarabağ münaqişəsi regionun inkişafına ən böyük maneədir

Bu gün Azərbaycanın qarşısında duran ən böyük çağırış Dağlıq Qarabağ probleminin həll olunmasıdır. Azərbaycanın regional və beynəlxalq səviyyədə fəaliyyətinin qarşısında dayanan birinci dərəcəli məqsəd öz ərazi bütövlüyünün bərpasıdır. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi isə təkcə Azərbaycanın deyil, eləcə də bütün regionun inkişafı qarşısında duran əsas maneədir.

20 ildən çoxdur ki, Azərbaycanın ayrılmaz hissəsi olan Dağlıq Qarabağ və onun ətrafındakı 7 rayon Ermənistanın işğalı altındadır. Ermənistanın hərbi təcavüzü və etnik təmizləmə siyasəti nəticəsində torpaqlarımızın 20 faizi işğal edilmiş, ölkədə 1 milyondan çox insan qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. Azərbaycanın mövqeyi bundan ibarətdir ki, münaqişə yalnız beynəlxalq hüquq normalarına uyğun, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır.

Dünya birliyi və beynəlxalq təşkilatlar da Azərbaycanın ərazi bütövlüyünü tanıyır və münaqişənin beynəlxalq hüquq normalarına uyğun, ədalətli həllinin tərəfdarıdır. Münaqişənin həllinin hüquqi əsasları BMT-nin Nizamnaməsi, Helsinki Yekun Aktı, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi, BMT Baş Məclisinin 2008-ci ildə qəbul etdiyi qətnamə, habelə Qoşulmama Hərəkatı, ATƏT, Avropa Şurası, NATO, Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq təşkilatların qərar və qətnamələrinə, beynəlxalq hüququn norma və prinsiplərinə söykənir. Bütün bu sənədlər Azərbaycanın suverenliyini, ərazi bütövlüyünü və beynəlxalq səviyyədə tanınan sərhədlərinin toxunulmazlığını təsdiqləyir.

Azərbaycanın beynəlxalq təşkilatlar çərçivəsində son illər atdığı addımlar diqqəti çəkir. Bu istiqamətdə atılan addımlar göstərir ki, Azərbaycan diplomatiyasının beynəlxalq təşkilatlar çərçivəsində fəaliyyəti əsasən Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həll edilməsinə yönələn beynəlxalq səylərin gücləndirilməsinə yönəlib.

Bu istiqamətdə son bir il ərzində beynəlxalq səviyyədə qəbul edilmiş 5 sənəd diqqəti cəlb edir. 2015-ci il mayın 27-28-də İslam Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının iclasında qəbul olunmuş Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü adlı qətnamə, Avropa İnsan Hüquqları Məhkəməsinin 2015-ci il 16 iyun tarixli qərarı, 2015-ci il iyulun 5-9-da keçirilmiş ATƏT-in Parlament Assambleyasının iclasında qəbul edilən ATƏT məkanında dövlətlərarası münasibətlərdə Helsinki Prinsiplərinə sadiqlik haqqında qətnamə, 2015-ci il noyabrın 4-də isə AŞPA-nın Siyasi məsələlər və demokratiya komitəsi Dağlıq Qarabağ və Azərbaycanın işğal olunmuş digər ərazilərində zorakılığın artması adlı qətnamə və 2016-cı ildə İslam Əməkdaşlıq Təşkilatının İstanbul Zirvə görüşündə qəbul olunmuş Yekun Bəyannamə. Bütün bu sənədlərdə Azərbaycan ərazilərinin işğal olunması faktı təsdiq olunub və münaqişənin Azərbaycanın dövlət suverenliyi və ərazi bütövlüyünün təmini prinsipləri əsasında həllinin zəruriliyi də vurğulanıb.

Münaqişədən bəhs edərkən, Xocalı soyqırımını xatırlamamaq mümkün deyil. Belə ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri Azərbaycanın Dağlıq Qarabağ ərazisindəki erməni silahlı dəstələri və keçmiş SSRİ-nin Xankəndidə yerləşən 366-cı motoatıcı alayının şəxsi heyətinin və texnikasının bilavasitə iştirakı ilə Xocalı şəhərini zəbt edərək soyqırımı həyata keçirmişdir. Xocalının işğalı zamanı bir gecədə dinc əhalidən 613 nəfər, o cümlədən 63 uşaq, 106 qadın, 70 qoca xüsusi amansızlıqla, işgəncələrlə öldürülmüş, insanların başları kəsilmiş, gözləri çıxarılmış, hamilə qadınların qarınları süngü ilə deşik-deşik edilmişdir. Son illər Meksika, Pakistan, Kolumbiya, Çexiya Respublikası, Bosniya və Herseqovina, Peru, Rumıniya, Panama, İordaniya, Sudan, Honduras, Qvatemala parlamentləri Xocalı soyqırımını tanımışlar. ABŞ-ın Vest Virciniya, Kaliforniya, Massaçusets, Texas, Nyu Cersi, Meyn, Nyu Meksika, Arkanzas, Corciya, Oklahoma, Tennessi, Pensilvaniya, Konnektikut, Florida, Missisipi ştatlarının qanunverici orqanlarında da müvafiq qətnamələr qəbul olunmuş, Xocalıda qırğın törədənlərin məsuliyyətə cəlb olunması tələb edilmişdir. ABŞ-ın Havay və Montana ştatlarının qubernatorları da Xocalı faciəsinin tanınması ilə bağlı xüsusi bəyannamə imzalayıblar. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü əsasında dünyanın 40-dan çox ölkəsində həyata keçirilən Xocalıya ədalət!'' kampaniyasının məqsədi də beynəlxalq ictimaiyyəti bu qanlı hadisə ilə bağlı ətraflı məlumatlandırmaqdır.

1992-ci ilin mart ayında yaradılan ATƏT-in Minsk qrupunun məqsədi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsinə vasitəçi olmaqdır. 1996-cı ilin dekabrından Minsk qrupuna üç dövlət - Rusiya, ABŞ və Fransa həmsədrlik edir. Lakin təəssüf ki, münaqişə hələ də həll olunmamış qalır. Minsk qrupunun vasitəçiliyi ilə aparılan danışıqlarda bu günə qədər irəliləyiş əldə edilməyib. Ermənistan münaqişənin həllində maraqlı deyil. Nə hərb, nə də sülh vəziyyətini saxlamaq istəyir. Lakin 2016-cı ilin aprel ayının əvvəllərində Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində qoşunların təmas xəttində çoxsaylı insan tələfatı ilə müşayiət olunan gərginlik bir daha göstərdi ki, münaqişənin dondurulmuş qalması hər an qaynar müharibəyə səbəb ola bilər. Beynəlxalq vasitəçilər isə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləsələr də, nədənsə bununla bağlı birmənalı mövqe nümayiş etdirmirlər. Biz ATƏT-in Minsk qrupunun həmsədri olan dövlətlərin, eləcə də dünya ictimaiyyətinin münaqişənin ədalətli həlli üçün konkret addımlar atmasını gözləyirik. Ədalət prinsipinə əməl edilməməsi nəinki regionu, bütün dünyanı böhrana sürükləyir.

Qarşılaşdığı bütün çətinliklərə və haqsızlıqlara baxmayaraq, bu gün Azərbaycan artıq 25 ildir ki, müstəqil yaşayan ləyaqətli ölkədir. Dünyada böyük nüfuza və güclü beynəlxalq mövqeyə sahib, iri enerji layihələrinin müəllifi və iştirakçısı olan, ölkə daxilində siyasi sabitliyi və sosial-iqtisadi rifahı təmin edən Azərbaycan öz yoluyla uğurla inkişaf edir. Bütün bunların təməlində, heç şübhəsiz, xalq-iqtidar həmrəyliyi dayanır. Azərbaycanın inkişafının daha yüksək səviyyəyə qalxmasını təmin edəcək son referendumun nəticələri də hakimiyyətin siyasətinə xalqın dəstəyini bir daha əyani şəkildə sübut etdi. Cənab İlham Əliyevin Azərbaycan xalqına göstərdiyi böyük etimada görə təşəkkür etməsi təbiidir. Lakin xalq da öz dövlət başçısına minnətdardır. Onun hansı təzyiqlərlə üzləşdiyini, dünyadakı bugünkü xaos fonunda hansı zəhmətlər hesabına Azərbaycanın sabitliyini və davamlı inkişafını təmin etdiyini xalq başa düşür. Şübhəsiz ki, bütün bunların əsasında dövlət başçısının Heydər Əliyev yoluyla inamla addımlaması dayanır.