Azərbaycan.-2016.-16 oktyabr.-228.-S.11.

 

Müasir Azərbaycan dövlətçiliyində tarixi varislik

 

Firdovsiyyə ƏHMƏDOVA,

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Tarix kafedrasının

müdiri

Azərbaycanda qədim və zəngin dövlətçilik ənənəsi mövcuddur. Qədim olsa da, onun varisliyi obyektiv və subyektiv amillərin diktəsindən asılı olmuş, ardıcıl səciyyə daşımamışdır. XX yüzillikdə Azərbaycan xalqı tarixi torpaqlarının bir hissəsində müsəlman Şərqində ilk respublika olan milli, müstəqil dövlətini qura bildi. 23 aylıq hakimiyyəti ərzində dövlətçiliyin dayaqlarının yaradılmasından möhkəmləndirilməsinədək ciddi və məhsuldar fəaliyyət göstərdi.

Azərbaycan xalqının respublika tarixi ardıcıl davam etsə də, siyasi, iqtisadi, ictimai mahiyyətinə görə biri digərini əvəz etmiş fərqli mərhələlərdən keçmişdir. Bu baxımdan XX yüzillikdə Azərbaycanda 3 respublikanın şərti bölgüsü müəyyənləşdirilmişdir. Birinci və sonuncu arasında 70 il mövcud olmuş Sovet Sosialist tipli respublika hər ikisindən radikal tərzdə fərqli məzmuna malik idi. Birinci, yəni, Azərbaycanın Xalq Cümhuriyyəti ilə sonuncu, çağdaş Azərbaycan Respublikası arasında milli-mənəvi, tarixi-siyasi bağlılıq isə olduqca güclüdür.

Məhz bu şərtləri nəzərə alaraq, 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında qəbul edilmiş Konstitusiya Aktında göstərilirdi ki, Azərbaycan Respublikasının Ali Soveti Azərbaycan Milli Şurasının 1918-ci il mayın 28-də qəbul etdiyi İstiqlal Bəyannaməsinə, Azərbaycan Respublikasının demokratik prinsiplərinin və ənənələrinin varisliyinə əsaslanaraq bu sənədi qəbul edir. Konstitusiya Aktında yeni müstəqil Azərbaycan Respublikası 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan olundu. Cümhuriyyətin dövlət atributlarının bərpasına başlandı. Bərpa olunmuş milli dövlətçiliyimizin, demək olar ki, bütün sahələri üzrə tarixi ildönümləri qeyd edilir, peşə bayramları günü üçün də Cümhuriyyət zamanındakı təsis günü əsas götürülür. Azərbaycan Parlamentinin, Cümhuriyyət hökumətinin, milli məhkəmə, prokurorluq sisteminin, milli ordunun və digər çoxsaylı sahələrin tarixi ənənəsi araşdırılır, tədqiqata cəlb edilir və çağdaş idarəçilikdə nəzərə alınır.

Müasir Azərbaycan dövlətçiliyinin beşiyində dayanmış Cümhuriyyət dövrünü öyrənmək yalnız tarixi deyil, siyasi-mənəvi əhəmiyyət kəsb edir. 1991-ci il oktyabrın 18-də qəbul olunmuş Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktında təsbit olunmuş siyasi qiymət - 1920-ci il aprelin 27-28-də RSFSR-in XI Qızıl Ordusunun Azərbaycana təcavüzü, respublika ərazisini zəbt etməsi, beynəlxalq hüququn subyekti olan Azərbaycan Xalq Cümhuriyyətini devirməsi Rusiyanın müstəqil Azərbaycanı işğal etməsi hesab edilsin - tarixə 70 il mövcud olmuş baxış tərzinin dəyişdirilməsinə çağırış idi. Xalq Cümhuriyyətinin atributlarının bərpasından başlayaraq hüquqi dövlət quruculuğunu hədəf seçən Azərbaycan hakimiyyəti idarəçiliyini milli tarixi köklərinə söykənərək çağdaş prinsiplər üzərində qurmağa başladı.

Azərbaycanın milli-azadlıq mücadiləsinin ideologiyasını rəmzi ehtiva edən üçrəngli bayraq 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul olundu. 1990-cı il noyabrın 29-da Azərbaycan SSR-in adının və dövlət bayrağının dəyişdirilməsi haqqında fərman verildi. Dövlət bayrağına dair Azərbaycan Respublikasının Konstitusiyasında xüsusi bənd var. Azərbaycan Xalq Cümhuriyyətinin digər dövlət rəmzləri ilə bağlı həmin dövrdə tədbirlər görülmüş, 1919-cu ilin martında dövlət gerbi və möhürü haqqında müsabiqə elan olunmuşdu. Müxtəlif təkliflər, layihələr olsa da, qısamüddətli hakimiyyət rəsmi qaydada həmin rəmzləri təsdiq edə bilməmişdi. Azərbaycanın işğala məruz qalması ilə Cümhuriyyətin devrilməsi bu sahədəki işləri yarımçıq qoymuşdu. Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra əvvəlki nümunələrə üz tutuldu. Cümhuriyyətin təkmilləşdirilmiş gerb layihəsinin əsasnaməsi təsdiq edildi. 1993-cü il 23 fevral tarixli əsasnamədə dövlət gerbinin təsviri şərh edilmişdir. Cümhuriyyət dövrünün Azərbaycan marşı (Ü.Hacıbəyli) bəstəkar Aydın Əzimov tərəfindən aranjeman edilmiş və Milli Məclis tərəfindən Dövlət himni kimi qəbul olunmuşdur. Dövlət himni haqqında əsasnamə 1993-cü il martın 2-də təsdiq edilmişdir. Cümhuriyyət ənənələrinə sahib çıxan Azərbaycan hakimiyyəti dövlət rəmzlərinə yüksək dəyər verərək rəsmi qərarlar qəbul etmişdir. Ulu öndər Heydər Əliyev 1998-ci il martın 13-də Azərbaycan Respublikasının dövlət atributlarının təbliği işinin gücləndirilməsi haqqında sərəncam imzalamışdır.

Cümhuriyyət hakimiyyətinin qarşısında dayanan ilk başlıca vəzifə Bakının azad edilməsi, Azərbaycanın ərazisini öz hakimiyyəti altında birləşdirmək idi. Bunun üçün isə milli ordunun yaradılması zərurətə çevrildi. İlk gündən silahlı qüvvələrin təşkilinə başlayan Azərbaycan hökuməti 1918-ci il iyunun 26-da qərar qəbul etdi və Müsəlman Korpusu Əlahiddə Azərbaycan Korpusu adlandırıldı. Hazırda həmin gün respublikamızın ümumxalq bayramlarından biri kimi qeyd olunur. Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 22 may tarixli fərmanı ilə iyunun 26-sı - Azərbaycan Milli Ordusunun yaranma günü təsis edilmişdir.

XX yüzilliyin sonunda müstəqilliyini bərpa etmiş Azərbaycan 98 il öncə olduğu kimi yenə də erməni təcavüzü ilə üz-üzə qalmışdı. Erməni iddialarını dəf edərkən Cümhuriyyət dövrünün diplomatik, hərbi fəaliyyəti nəzərə alınır, tarixi təcrübədən çıxış edilir. Həmçinin Qafqaz İslam Ordusunun xilaskar rolu xatırlanır. 1918-ci ildə Bakı uğrundakı qanlı döyüşlərdə şəhid olmuş türk hərbçilərinin xatirəsi əbədiləşdirildi. Azərbaycanın və Türkiyənin dövlət rəhbərlərinin qarşılıqlı razılaşması əsasında Bakıda Şəhidlər xiyabanında xatirə abidəsinin ucaldılması qərara alınmış, 1999-cu il iyunun 24-də abidənin tikintisinə başlanmış, 2000-ci il aprelin 9-da açılış mərasimində Azərbaycan və Türkiyə respublikalarının prezidentləri Heydər Əliyev və Süleyman Dəmirəl iştirak etmişlər. Bakının azad edilməsi günü - sentyabrın 15-də, həmçinin digər tarixi günlərlə yanaşı, gündəlik ziyarət yerinə çevrilmiş xatirə abidəsi Türk-Azərbaycan şəhidlərinin qardaşlıq abidəsi sayılır. Məhz 1918-ci ildə Qafqaz müsəlmanlarını, azərbaycanlıları fiziki məhv olmaq təhlükəsindən xilas etməyə gəlmiş Türkiyə hərbçilərinin yardımı sayəsində nicat tapan əhali həmin ilin kütləvi qətliamlarını unuda bilməzdi. Həmin qırğınları Azərbaycan xalqının milli yaddaşında yenidən bərpa edib, növbəti təcavüzlər qarşısında daha ayıq, qətiyyətli, mübariz olmaqdan ötrü ulu öndər Heydər Əliyevin 1998-ci il 26 mart tarixli fərmanına əsasən, martın 31-i azərbaycanlıların soyqırımı günü elan olunmuşdur. Məhz 80 il sonra 1918-ci il müsəlman-azərbaycanlı qırğınlarına siyasi qiymət verməklə dövlət rəhbərliyi həmin qətliamların soyqırımı mahiyyəti daşıdığını rəsmiləşdirdi.

Cümhuriyyətin mədəni quruculuq tədbirləri də milli dövlətin möhkəmlənməsinə xidmət edirdi. Zaqafqaziya müəllimlər seminariyasının Azərbaycan bölməsi Qazaxa köçürüldü. Qazax müəllimlər seminariyası Azərbaycanda ibtidai məktəblər üçün müəllimlər hazırlayan ilk tədris ocağı oldu. 1919-cu ildə hökumət məktəblərin, kursların, universitetin açılması yönündə ardıcıl əməli işlər reallaşdıra bilmişdir. Həmin ilin aprelində latın əlifbasına keçməklə bağlı xüsusi komissiya yaradılmışdı. Cümhuriyyət tarixinin ən parlaq səhifələrindən biri Bakı şəhərində universitetin açılması oldu.

BDU-nun 80, 90, 95 illik yubileyləri beynəlxalq səviyyədə qeyd olunmuşdur. Müstəqil Azərbaycan dövlətinin ilk ali məktəbinə 97 il öncə deyildiyi kimi, istiqbalı - milliyyəmizi təminedici bir məbəd, elm nəzərilə baxmalıyıq.

Azərbaycan Cümhuriyyəti sadəcə, deklarativ məzmunda bəyan edilmiş dövlət olmamışdır. İstiqlal bəyannaməsində əksini tapmış prinsiplərə, dəyərlərə bütün fəaliyyəti boyu əməl etməyə, sadiq qalmağa səy göstərmişdir. Bütün dövlətçilik atributlarına malik, parlamenti, hökuməti, ordusu olan suveren bir dövlətə çevrilə bilmişdi. Milli dövlətçilik ənənələrimizin bərpasında mühüm rol oynamış Azərbaycan Cümhuriyyətinin elan edildiyi 28 may günü 1992-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə Respublika günü kimi dövlət bayramı səviyyəsinə qaldırıldı. Ulu öndər Heydər Əliyevin hakimiyyəti dövründə Azərbaycan Cümhuriyyətinin, Cümhuriyyət xadimlərinin fəaliyyətinə yüksək qiymət verilmişdir. Heydər Əliyev öz çıxışlarında, fərman və sərəncamlarında Azərbaycan Respublikasının Xalq Cümhuriyyətinin varisi olduğunu dəfələrlə qeyd etmişdir. Onun Azərbaycan Xalq Cümhuriyyətinin 85-ci ildönümü münasibətilə imzaladığı sərəncamla (2003, 1 fevral) Azərbaycan xalqının dövlətçilik tarixində mühüm yer tutduğunu nəzərə alaraq, Bakı şəhərində cümhuriyyətə abidə ucaldılması haqqında göstəriş vermişdir. Onun təşəbbüsü ilə cümhuriyyət tarixinə dair arxiv sənədləri və fundamental nəşrlər işıq üzü görmüşdür. 2003-cü ilin mart-may aylarında Bakıda Azərbaycan Cümhuriyyətinin 85 illiyinə həsr olunmuş beynəlxalq elmi-sessiya keçirilmişdir.

2004-2005-ci illərdə Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası respublika Prezidenti İlham Əliyevin Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında 12 yanvar 2004-cü il tarixli sərəncamı ilə iki cilddə nəşr olunmuş və ölkə kitabxanalarına hədiyyə edilmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik tariximizdəki roluna yüksək qiymət vermişdir: Azərbaycan Xalq Cümhuriyyətinin yaranması tariximizdə çox əlamətdar və önəmli hadisə idi. İlk dəfə müsəlman aləmində demokratik respublika yaranırdı, Azərbaycan xalqı müstəqilliyə qovuşurdu. Ölkəmiz dünya birliyinə üzv olurdu. Bu, çox əlamətdar hadisə idi. Həqiqətən də Azərbaycanın dövlətçilik tarixində ilk dəfə olaraq beynəlxalq səviyyədə rəsmi şəkildə Azərbaycan müstəqil beynəlxalq subyekt kimi tanınırdı. Bu nailiyyəti əldə etmək uğrunda Cümhuriyyət hakimiyyəti ardıcıl məqsədyönlü siyasət yeritmişdir. Belə ki, Azərbaycan Cümhuriyyəti yarandığı gündən fəal xarici siyasət yeritməyə başlamışdı. Osmanlı imperator hökuməti ilə Azərbaycan Cümhuriyyəti arasında dostluq müqaviləsi Azərbaycan hökumətinin imzaladığı ilk dövlətlərarası müqavilə idi. Avropa ölkələri ilə diplomatik əlaqələr yaratmaq məqsədilə 1918-ci il avqustun 3-də Əlimərdan bəy Topçubaşov fövqəladə elçi və səlahiyyətli nazir kimi İstanbula göndərildi. Həmin il dekabrın 28-də hökumətin təqdimatı ilə Paris sülh konfransına göndəriləcək nümayəndə heyətinə də Ə.M.Topçubaşov rəhbərlik edirdi. 1919-cu il mayın 2-də ABŞ prezidenti V.Vilsonun təşəbbüsü ilə Azərbaycan məsələsi ilk dəfə Paris konfransının Dördlər Şurasının iclasında müzakirə edildi. Keçmiş Rusiya imperiyasının hüdudlarında yaranmış yeni respublikaların taleyində hiss ediləcək dönüş Böyük Britaniyanın baş naziri Lloyd Corcun 1919-cu ilin noyabrında İngiltərə parlamentinin icmalar palatasındakı çıxışı ilə başladı. Lloyd Corcun çıxışında aydın hiss edilirdi ki, o, Azərbaycanın istiqlaliyyətinin tanınmasına və ona yardım göstərilməsinə tərəfdardır. Böyük Britaniyanın təşəbbüsü ilə 1920-ci il yanvarın 10-da Paris sülh konfransı Ali Şurasının sessiyası çağırıldı. Səhəri gün, yanvarın 11-də müttəfiqlərin Ali Şurası İngiltərənin xarici işlər naziri Lord Kerzonun təklifi ilə qərar qəbul etdi: Müttəfiqlər və Birlik ölkələri Azərbaycan hökumətini de- fakto səviyyəsində tanıyırlar.

Azərbaycan istiqlaliyyətinin beynəlxalq sülh konfransı tərəfindən tanınması ilə gənc dövlətin diplomatik əlaqələri genişləndi. Belçika, İsveçrə, Hollandiya, Çexiya, Slovakiya, Finlandiya və digər dövlətlər Bakıda öz konsulluqlarını açdılar. 1920-ci il martın 20-də İran Azərbaycan Cümhuriyyətini de-yure tanıdı. Qısa müddətdə Azərbaycanın Tehranda səfirliyi, Tədrizdə baş konsulluğu, Rəştdə, Ənzəlidə, Məşhəddə vitse-konsulluğu, Xoy və Əhərdə konsul-agentlikləri yaradıldı. Azərbaycan Parlamenti Böyük Britaniya, Fransa, İtaliya, Amerika Birləşmiş Ştatları, İsveçrə Respublikası, Polşa, Almaniya və Rusiyada diplomatik nümayəndəliklər təsis olunması haqqında qanun qəbul etdi. Azərbaycanda İngiltərənin, Belçikanın, Yunanıstanın, Gürcüstanın, Ermənistanın, Danimarkanın, İtaliyanın, Litvanın, İranın, Polşanın, ABŞ-ın, Ukraynanın, Finlandiyanın, Fransanın, İsveçrənin və İsveçin nümayəndəlikləri fəaliyyətə başlamışdı.

Müstəqilliyi böyük dövlətlər tərəfindən tanınmış Azərbaycan Xalq Cümhuriyyətinin beynəlxalq münasibətlər sistemində iştirakı sovet Rusiyasının birbaşa hərbi müdaxiləsi ilə sona çatdı. Milli dövlət süqut etsə də, milli məfkurə, milli dövlətçilik duyğuları qəlblərdən silinmədi. Milli yaddaş məhv olmadı. Dünyanın siyasi arenasında Azərbaycan varlığını rəsmiləşdirmək, Azərbaycan dövlətçiliyini bərpa etmək, islam aləmində sivil dövlət qurmaq, demokratik prinsiplərə söykənmək, vətəndaş hüquq və azadlıqlarını təmin etmək kimi təməl addımlar, 1918-ci ilin 28 mayında Azərbaycan adının siyasi məna kəsb etməsi, bəyan etdiyi sərhədlər (kiçildilmiş olaraq) daxilində mövcudluğu, Azərbaycan dövlətini, müstəqil olmasa da, yaşamağa qadir etdi. XX yüzilliyin sonlarında Azərbaycan dövləti yenidən istiqlala qovuşdu, tarixi ənənələrinə sadiqliyini bəyan etdi.

Cümhuriyyətin bəyan edildiyi günün Respublika günü kimi qeyd olunmasından başlayaraq digər mühüm tarixi hadisələrin əbədiləşməsi yönündə tədbirlər görüldü. Cümhuriyyət xadimlərinin adlarının milli yaddaşda bərpası dövrü başlandı. Çoxsaylı yazılarda, çıxışlarda, verilişlərdə adları tanıdılan cümhuriyyət xadimlərinin həyat yolu, fəaliyyəti tanıdıldı. Ədəbi-bədii irsin daşıyıcıları cümhuriyyət intibahının milli-mənəvi ideoloji dayaqları olmuş yazıçılar, şairlər, sənət sahibləri uzun illər sonra ictimai-siyasi status kəsb edirdi. Onların yazıları yenidən nəsr edilir, səsləndirilirdi. Azərbaycan dövlətçiliyində varislik prinsipinin təntənəsi kimi milli yaddaşın bərpası prosesi gedirdi.

Azərbaycan Xalq Cümhuriyyətinə münasibətini Respublika günü ilə əlaqədar çıxışında Prezident İlham Əliyev dövlətçilik ənənəsinə, varislik xəttinə yüksək əhəmiyyət verərək ifadə etmişdir: Azərbaycan xalqının maraqları bizim üçün hər şeydən üstündür. Azərbaycan dəyərləri, milli dəyərlərimiz bizim üçün əsas istiqamətdir, əsas yolumuzdur. Yəni, bu gün Azərbaycan dövləti möhkəm təməl üzərində qurulubdur. Bu təməl tarixə, xalqımızın əsrlər boyu yaratdığı dəyərlərə söykənir.

Azərbaycan xalqı haqlı olaraq fəxr edir ki, müsəlman aləmində ilk demokratik respublika məhz Azərbaycanda yaradılmışdır. Azərbaycanın mütərəqqi nümayəndələri bu respublikanı yaratmışlar. Bu, tarixi hadisə idi. Müsəlman aləmində ilk demokratik respublikanın yaradılması böyük hadisə idi və ondan sonra digər müsəlman ölkələrində respublika quruluşu yaradılmışdır. Ancaq ilk təcrübə məhz Azərbaycan xalqının istedadı, zəhməti, uzaqgörənliyi hesabına mümkün olmuşdur. Əfsuslar ki, respublikanın ömrü uzun olmamışdır. Azərbaycan cəmi iki il müstəqil ölkə kimi yaşamışdır. Ancaq bu illər ərzində böyük işlər görülmüşdür. Azərbaycan xalqı Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının xatirəsinə həmişə böyük hörmətlə yanaşır və onların əziz xatirəsi həmişə bizim ürəyimizdədir. O illərdə demokratik təsisatlar qurulmuş, ordu quruculuğu sahəsində böyük işlər görülmüş, qadınlara səsvermə hüququ verilmişdir. Bir sözlə, Azərbaycanın gələcək uğurlu inkişafı üçün möhkəm zəmin yaradılmışdır.

Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasını mürəkkəb siyasi dövrdə cərəyan edən hadisələrin və Azərbaycan xalqının milli oyanışının məntiqi yekunu kimi dəyərləndirən Prezident İlham Əliyev xalqımızın müstəqillik idealının gerçəkləşdirilməsində, Azərbaycanın tarixi dövlətçilik ənənələri zəminində milli dövlət quruluşunun dirçəldilməsində, milli istiqlal ideyalarının geniş yayılmasında, Azərbaycan Xalq Cümhuriyyətinin təşəkkül tapmasında, onun beynəlxalq aləmin subyekti olaraq dünya dövlətləri tərəfindən tanınması və diplomatik münasibətlərinin qurulmasında böyük xidmətlər göstərmiş görkəmli ictimai-siyasi xadimlərimizin adlarının əbədiləşdirilməsi, yubileylərinin qeyd olunması haqqında sərəncamlar imzalamışdır.

Dövlət səviyyəsində qeyd olunan ildönümü tədbirləri, respublika rəhbərliyi tərəfindən dəfələrlə verilən siyasi qiymət Azərbaycanın müasir dövlət idarəçiliyində sivil inkişaf istiqamətlərini müəyyənləşdirərkən tarixi irsə həssas yanaşıldığının, mənəvi köklərə sadiqliyin bariz göstəricisidir.