Azərbaycan.-2016.-18 oktyabr.-229.-S.1, 5.

 

Möcüzəli inkişaf

 

Azərbaycan heç vaxt indiki qədər güclü, azad, abad və müstəqil olmayıb

Bəxtiyar SADIQOV

 

Biz fəxr edirik ki, 25 il müstəqil dövlət kimi yaşayırıq, öz hesabımıza yaşayırıq, heç kimə borclu deyilik, heç kimdən asılı deyilik, müstəqilliyi hər şeydən üstün tuturuq, xalqımız azaddır, taleyimiz öz əlimizdədir.

İlham ƏLİYEV

 

Müstəqilliyə qurulan tələ

İyirmi beş il nə tez gəlib keçdi!

Amma heç də tez keçmədi, xüsusən dövlət müstəqilliyinin ilk iki ili!

O illər ki, xalq həqiqi rəhbərindən, ulu öndər Heydər Əliyevdən uzaq düşmüşdü!

O illər ki, ölkədə xaos, anarxiya, qanunsuzluq baş alıb gedirdi!

O illər ki, gündüzlər çörək növbəsində dayanar, mağazaları ələk-vələk edərək qazanda qaynatmağa nəsə tapmağa çalışar, gecələr isə küçələrdə qarət edilməkdən, fövqəladə vəziyyət rejiminin qadağalarından qorxaraq evdən bayıra çıxmazdıq...

Cəbhə bölgəsindən isə şəhid xəbərləri, ölkə ərazisinin kəndbəkənd itirilməsi barədə kədərli xəbərlər alardıq...

Əslində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi müstəqilliyə qurulan tələ idi.

Getsin o günlər bir də gəlməsin!

Allahın üzü bizdən tamam dönməyibmiş!

Xalqımızı yenidən sınanmış oğluna, ulu öndər Heydər Əliyevə qovuşdurdu.

Ayrılıq çox çəkmişdi, odur ki, itirilənlər də çox idi...

Ölkə ərazisinin iyirmi faizi erməni-sovet hərbi birləşmələri tərəfindən işğal olunmuş, iyirmi min vətən övladı şəhidə çevrilmiş, bir milyondan çox qaçqın və məcburi köçkün ordusu yaranmışdı. İqtisadiyyat pozularaq dağılmış, SSRİ dövrü əlaqələri pozulub qırıldığından fabrik və zavodlar fəaliyyətini dayandırmış, minlərlə insan işsiz qalmış, kolxoz və sovxozlar iflic vəziyyətinə salınmışdı. AXC-Müsavat cütlüyünün iqtidarı tərəfindən müəssisələrin anbarlarındakı mallar, təsərrüfatlardakı mal-qara, şərab zavodlarının məhsulları satılıb-sovrulmuş, insanların sabahkı günə ümidi qalmamışdı.

Əslində Azərbaycan fatihəsi verilmiş xəstəyə bənzəyirdi!

 

Xilaskarlıq missiyası

Müstəqilliyimiz əbədidir, dönməzdir, daimidir.

Heydər ƏLİYEV

Ulu öndər Heydər Əliyev sutkada on səkkiz saat işləməyi bacaran dahilərdən idi!

Xalqın sonsuz sevgisi və dəstəyi hər zaman ona tükənməz enerji və güc verirdi.

Eyni vaxtda bir neçə istiqamətdə gərgin fəaliyyət göstərməyi, mümkün olmayan işləri belə asanlıqla yoluna qoymağı bacarırdı.

Xarizmatik şəxsiyyəti, zəngin dövlətçilik təcrübəsi, beynəlxalq nüfuzu, diplomatik məharəti sayəsində ulu öndər Heydər Əliyev Azərbaycanı bir dövlət kimi məhvolmadan xilas edərək müstəqilliyimizi əbədiliyə və dönməzliyə çevirdi!

Böyük qurtuluş missiyasını həyata keçirən ümummilli liderimiz Azərbaycanı anarxiya və qanunsuzluq burulğanın, ümummilli böhranın caynaqlarından qurtararaq vətəndaş müharibəsinin alovlarını söndürməyə, ölkədə möhkəm sabitlik yaratmağa nail oldu.

Hərəsi bir şəxsə və partiyaya xidmət edən silahlı birləşmələr ləğv edildi, əhalidəki külli miqdarda silah-sursat toplandı, xalqın sabahkı günə etibar və inamı özünə qaytarıldı.

Xaosdan qurtuluşa

Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, daimi, əbədi olması bundan da çətindir.

Heydər ƏLİYEV

Soyuq müharibə və sürətlə silahlanma girdabına sürüklənən qırmızı imperiyanın süqutu, kommunizm ideyasının iflasa uğraması, mərkəzin Dağlıq Qarabağ münaqişəsinin yaranmasında və həllində riyakar mövqeyi Azərbaycan xalqında müstəqillik arzusunu daha da gücləndirmişdi. Lakin həmin dövrdə Heydər Əliyevin böyük siyasətdən müvəqqəti kənar düşməsi, ölkə paytaxtındakı qaragüruhun onu geri dönməsini əngəlləməsi, adlarını demokrat, azadlıq aşiqi qoyan bəzi ünsürlərin meydan qəhrəmanlarına çevrilərək xalqı yanlış yola salması, nəticədə 20 Yanvar faciəsinin baş verməsi vəziyyəti xeyli mürəkkəbləşdirmişdi.

18 oktyabr 1991-ci ildə respublika Ali Sovetinin sessiyasında qəbul edilən Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Aktı əslində formal xarakter daşıyırdı. Həqiqi müstəqilliyə nail olmaq üçün hələ çox iş görmək, dövləti və dövlətçiliyi qurmaq, iqtisadiyyatı bərpa edib dirçəltmək, xalqı ağır vəziyyətdən çıxararaq yaşatmaq, dünya birliyinə inteqrasiya etmək lazım idi. Meydan hərəkatının dalğaları üzərində hakimiyyətə gələrək eyforiyaya qapılan AXC-Müsavat cütlüyü özünün səriştəsizliyi və təcrübəsizliyi, müasir dünya siyasətindən baş çıxarmaması səbəbindən yeni dövlət qurmağa qadir deyildi! Odur ki, bəylər xalqın etimad kreditini çox qısa müddətdə xərcləyərək vəzifələrini dondurub iqtidardan getdilər, sonra aqressiv müxalifətə çevrilərək dövlətə qarşı mübarizə (iqtidara qarşı yox) mövqeyi tutdular!

Xalqın arzu və tələbi ilə yenidən ölkə rəhbərliyinə qayıdan ulu öndər Heydər Əliyev eyni zamanda bir çox məsələlərlə məşğul olmalı, çoxsaylı problemləri həll etməli oldu!

Ən mühüm addımlardan biri 20 sentyabr 1994-cü ildə Əsrin müqaviləsi neft kontraktının imzalanması oldu.

Azərbaycan dövlət müstəqilliyi qazandıqdan sonra əvvəlki iqtidarların heç biri xalqın mənafeyini əks etdirən neft müqaviləsi hazırlayaraq imzalatdıra bilməmişdi. Bu missiya da ulu öndərin üzərinə düşmüşdü. Dünyanın aparıcı dövlətlərinin iri neft şirkətləri ilə danışıqlar heç də hamar getmirdi və dəfələrlə yarıda qırılmaq təhlükəsi ilə üzləşmişdi. Danışıqların fəal iştirakçısı olan cənab İlham Əliyev (həmin dövrdə Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti işləyirdi) ilk dəfə diplomatik məharətini bu məsələdə göstərdi və uğurlu neft kontraktının imzalanmasına əməli töhfəsini verdi.

Əsrin müqaviləsi adi neft kontraktı deyildi və o, ölkəmizin müstəqilliyinə böyük dayaq oldu. Ən əvvəl, bu kontrakt dünyanın söz sahibi olan dövlətlərinin maraqları ilə Azərbaycanın maraqlarını uğurlu şəkildə uzlaşdırdı. İkincisi, Azərbaycanın dünya birliyinə inteqrasiyasını sürətləndirdi və asanlaşdırdı. Üçüncüsü, iqtisadiyyatın digər sahələri üçün lokomotiv rolunu oynayaraq böhrandan çıxmağımıza kömət etdi. Dördüncüsü, Xəzərin karbohidrogen ehtiyatlarını dünya üçün yenidən kəşfinə nail olaraq Avropaya çıxarılmasına imkan yaratdı. Beşinci, ölkəmizin digər dövlətlərlə bərabərhüquqlu əlaqə və əməkdaşlığının yaranıb möhkəmlənməsini stimullaşdırdı.

Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri də müstəqilliyin ən möhtəşəm transmilli layihələrindən biri oldu.

Bu layihələrin unikallığı onların işə salınması prosesinin sürətlə başa çatdırılmasında və qeyri-ənənəvi marşrutla dünya bazarına çıxış niyyətinin baş tutmasında idi!

Faktiki olaraq müstəqil Azərbaycanın ilk iri layihələri müstəqilliyin möhkəmlənməsinə xidmət etdi. Üstəlik iqtisadiyyatın yeni təməllər üzərində qurulması üçün plastdarm rolunu oynadı.

Ən mühüm məsələlərdən biri ölkənin yeni inkişaf istiqamətinin müəyyənləşdirilməsi idi. SSRİ-nin dağılması ilə kommunizm ideyası da iflasa uğramışdı. Xüsusən, 20 Yanvar faciəsi və Ermənistanın sovet ordusuna güvənərək torpaqlarımızı işğal etməsi xilaskar qızıl ordu, xalqlar dostluğu, proletar beynəlmiləlçiliyi kimi prinsiplərin puç olduğunu ortaya qoymuşdu. Bir iqtisadi-ictimai formasiyadan digərinə keçid, habelə yeni cəmiyyət quruculuğu ilk növbədə hüquqi əsasın və qanun bazasının yaradılmasını tələb edirdi. Qısa müddətdə Konstitusiya komissiyası yaradıldı, ulu öndər Heydər Əliyevin baş müəllifi olduğu yeni Konstitusiya hazırlandı və referendum yolu ilə qəbul olundu. Beləliklə, Azərbaycanda hakimiyyətin üç qolu - ali qanunverici, icra və məhkəmə hakimiyyəti yaradıldı, yeni - hüquqi, demokratik və dünyəvi dövlət quruculuğuna başlandı. Özəlləşdirmə proqramları uğurla icra edildi, dövlət əmlakı özgəninkiləşdirildi, ən ağır proseslərdən biri - torpaq islahatı aparıldı, mətbuata senzura nəzarəti ləğv edilərək söz, fikir azadlığı təmin edildi, çoxpartiyalı sistem yarandı, vətəndaş cəmiyyətinin formalaşması prosesi sürətləndirildi. Ulu öndər Heydər Əliyev yüzlərlə jurnalistin görə bilmədiyi işi təkbaşına yerinə yetirdi - Azərbaycan ətrafındakı informasiya blokadası dağıdılaraq Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə əsl həqiqətlər dünya ictimaiyyətinə çatdırıldı.

Siyasi-hüquqi sahədə görülən işlərin nəticəsi olaraq Azərbaycan 2001-ci ildə Avropa Şurasına üzv qəbul edildi. Ümummilli liderimiz dövlətlərarası münasibətlərin və əməkdaşlığın milli maraqlar, qarşılıqlı hörmət və bir-birinin daxili işlərinə qarışmamaq prinsipi əsasında yaradılmasına və inkişafına xüsusi diqqət yetirirdi.

Ordu quruculuğu prosesi də daim qayğı əhatəsində idi. Gənclər siyasətinin təməli qoyuldu, idmanın inkişafının ilkin əsasları yaradıldı.

Digər mühüm bir məsələ müstəqil dövlətimiz üçün birləşdirici amilə çevrilən azərbaycançılıq ideyasının ulu öndər tərəfindən yeni şəraitə uyğunlaşdırılaraq ideologiyaya çevrilməsi oldu. Ana dilimizin, milli-mənəvi dəyərlərin qorunması, mədəniyyətin, elmin və təhsilin inkişafı yönündə səmərəli tədbirlər müəyyənləşdirildi.

Azərbaycanı bir dövlət kimi məhvolmadan xilas edərək müstəqilliyimizi əbədiliyə çevirən, müasir Azərbaycan dövlətinin memarı və qurucusu adını alan ulu öndər Heydər Əliyev özünün ən layiqli siyasi varisini yetişdirərək bizi cismən tərk etsə də, xalqın ona sonsuz hörmət və məhəbbət əlaməti olaraq sevə-sevə Heydər Əliyev siyasi kursu adlandırdığı inkişaf konsepsiyası bu gün də uğurla davam etdirilərək bizi yeni hədəflərə çatdırır.

Yeni dövrün yeni lideri

Bu gün Azərbaycan müstəqilliyinin bərpasının 25 illiyini nikbinlik əhvali-ruhiyyəsində qarşılayır. Çünki biz dünyaya sübut etdik ki, azad, müstəqil ölkə kimi yaşaya bilərik, uğurla yaşaya bilərik. Azərbaycan ölkəmizdə yaşayan bütün xalqların doğma vətənidir. Azərbaycan möhkəm ayaqda durur. Biz müasir, dünyəvi, inkişaf edən, əməkdaşlığa açıq olan ölkəyik!

İlham ƏLİYEV

Ulu öndər Heydər Əliyevin vəsiyyətlərinə sadiq qalan Azərbaycan xalqı yeni neft strategiyasının uğurla həyata keçirilməsində, ölkədə idmanın yüksəlişində, habelə Avropa Şurası kimi nəhəng siyasət meydanında gərgin işi və səmərəli fəaliyyəti ilə qısa müddətdə dərin iz qoyan cənab İlham Əliyevi 2003-cü ildə dövlət başçısı seçdi.

Xalqın etimadı bu gün də davam edir! Ötən ay ABŞ və Fransanın sorğu mərkəzlərinin birlikdə apardıqları araşdırmaya görə ölkə vətəndaşlarının 91 faizi İlham Əliyevi birmənalı şəkildə dəstəkləyir. Bu sevgini dövlət başçısı Prezident seçildiyi ilk gündən indiyədək gördüyü işlər, xarici və daxili siyasət sahəsində qazandığı nailiyyətlər, inkişaf və quruculuq, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması yönündə atdığı addımlar hesabına qazanmışdır.

İlk sınaq özünü çox gözlətmədi. 2003-cü ilin 15-16 oktyabrında aqressiv müxalifət 5-ci kolonun üzvləri ilə birləşərək antiazərbaycançı şəbəkənin tapşırığının icrasına başladı. Bakının küçələri zorakılıq meydanına, ixtişaşlar məskəninə çevrildi. Dinc əhali zorla avtobuslardan düşürülür, etirazçılara qoşulmağa vadar edilir, polisə müqavimət göstərilir, hətta ona məxsus texnika hücuma məruz qalırdı, dövlət və fərdi obyektlər dağıdılırdı.

Vəziyyətin ciddiliyini görən iqtidar sərt və qətiyyətli addımlar atdı! Azərbaycan polisinin səriştəli əməliyyat tədbirləri nəticəsində ixtişaşların, habelə qanuni dövlət hakimiyyətini zorla ələ keçirmək, sabitliyi pozmaq cəhdinin qarşısı alındı!

Bundan sonra bir daha radikal ünsürlər sabitliyi pozmağa, açıq şəkildə dövlətə qarşı zorakılıq əməlləri törətməyə cəsarət etmədilər!

Möhkəm təməllər üzərində qurulan müasir Azərbaycan dövlətinin və müstəqilliyin yaratdığı imkanlardan bacarıqla və yaradıcılıqla istifadə edən cənab İlham Əliyev özünün bəyan etdiyi Azərbaycan xalqı xoşbəxt yaşamağa layiqdir və xoşbəxt yaşayacaqdır tezisinə sadiq qalaraq dövlət gəmisinin sükanı arxasında olduğu illərdə Azərbaycanı möcüzəli inkişaf yoluna çıxardı, onun analoqsuz yüksəlişini təmin etdi!

Regionun ən güclü və müasir dövləti

Bu gün Azərbaycan dünya miqyasında çox böyük hörmətə malik olan bir ölkədir. Bizimlə hesablaşırlar, bizim fikrimiz, rəyimiz nəinki regional müstəvidə, dünya miqyasında böyük önəm daşıyır.

İlham ƏLİYEV

Qırmızı imperiyanın caynağından yenicə qurtaran, müstəqillik yolundan döndərilmək üçün süni Dağlıq Qarabağ problemi yaradılaraq uzun sürən dağıdıcı müharibəyə cəlb edilən, iqtisadiyyatı pozulan, informasiya blokadasına salınaraq məzlum ermənilərə zülm edən dövlət imici yaradılan Azərbaycanın problemləri çox idi. Cənab İlham Əliyev hər çətinliyə üstün gələrək bütün sahələrin paralel və əlaqəli inkişafını təmin etmək, müasir ölkəmizin yeni və həqiqi imicini yaratmaq yolunda yorulmadan, çoxcəhətli və gərgin fəaliyyət göstərdi, hədəf etdiyi bütün vəzifələri məharətlə yerinə yetirdi!

İqtisadi sahədə

Bu sahədə müstəqil Azərbaycanın qazandığı uğurlar o qədər möhtəşəm və zəngindir ki, yazmaqla qurtarmaz. Odur ki, yalnız qısa şəkildə görülmüş işləri sadalamaqla kifayətlənirik:

* Özəlləşdirmə uğurla başa çatdırılıb;

* İnsanların xüsusi mülkiyyət hüququ bərpa və təmin olunub;

* Sahibkarlar təbəqəsi yaranıb və dövlətin qayğısı ilə əhatə olunub;

* İqtisadiyyatın düşünülmüş, sürətli və davamlı inkişaf konsepsiyası əsasında dünya tərəfindən qəbul edilən İnkişafın Azərbaycan modeli formalaşıb və praktikada özünü doğruldub;

* İqtisadi sahədə keçid dövrünü başa vuran Azərbaycan dünyanın inkişaf etmiş ölkələri cərgəsinə qoşulmaq üçün mübarizəyə başlayıb;

* Dünya ölkələrinə fayda gətirəcək transmilli layihələrin maliyyələşdirilməsini və reallaşdırılmasını öz gücümüzlə təmin edirik;

* Davos Ümumdünya İqtisadi Forumunun nəticələrinə əsasən rəqabətədavamlılıq qabiliyyətinə görə 37-ci pilləyə yüksəlmişik;

* Son on ildə ÜDM istehsalı 3 dəfə artıb;

* İşsizlik 5 faizə enib;

* Yoxsulluq 5 faizədək azalıb;

* Dünyanı bürüyən maliyyə və iqtisadi böhranın nəticələrindən ölkə iqtisadiyyatının daha yaxşı qorunduğu və davamlı olduğu aydın görünür;

* Ümumi gücü 2400 meqavat olan 23 elektrik stansiyası inşa olunmuş, ölkəmizin ümumi enerji potensialı 6300 meqavata çatdırılmışdır;

* On min kilometrdən çox təzə yol çəkilmişdir;

* 340 körpü və tunel istifadəyə verilmişdir;

* Bölgələrdə 4-ü beynəlxalq səviyyəli olmaqla 6 aeroport inşa edilmişdir;

* Heydər Əliyev Beynəlxalq Hava Limanının yeni terminal binası tikilmiş, yeni Bakı Beynəlxalq Ticarət Limanı və gəmiqayırma zavodu istismara buraxılmışdır;

* Bir sıra transmilli layihələr - Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac boru kəməri və Bakı-Tbilisi-Ərzurum qaz kəməri istifadəyə verilmişdir;

* Bakı-Tbilisi-Qars dəmir yolu xətti növbəti ildə işə salınacaqdır;

* Bir neçə transmilli layihənin - TANAP, TAP və Cənub qaz dəhlizi layihəsinin reallaşdırılmasına başlanılmışdır;

* Azərbaycan dünya kosmos ailəsinin üzvünə çevrilmişdir.

Siyasi sahədə

Sələfimiz sayılan Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşadı. Şimaldan gələn qırmızı taun onu məhv etdi, sonrakı dövrlərdə ziyalılarımız repressiyaya uğradılaraq fiziki cəhətdən sıradan çıxarıldılar. Hətta sovet dövründə Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin rəsmi orqanı sayılan Azərbaycan qəzetini oxumaq belə qadağan edildi, onun bütün nömrələri arxivlərin qaranlıq küncündə gizlədildi.

Bu gün isə fəxrlə müstəqil dövlətimizin 25 yaşını qeyd edirik. 25 il bundan əvvəl hər şeyə təzədən başlamışdıq. İndi isə güclü və oturuşmuş dövlətimiz var. Bu həm də siyasi sahədə görülən işlərin bəhrəsidir. Onlar hansılardır:

* Ölkədə hüquqi, iqtisadi, siyasi islahatlar həyata keçirilib;

* Avropa Şurasına üzv qəbul olunmuşuq;

* 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasının üzvü seçilmiş, hətta ona uğurla sədrlik də etmişik;

* Ölkədə vətəndaş cəmiyyəti təsisatları formalaşdırılmışdır;

* Mətbuata senzura nəzarəti ləğv edilib, azad və müstəqil mətbuat meydana gəlib;

* Dövlət müstəqil mətbuata sistemli maliyyə yardımı göstərmək üçün KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu yaradıb;

* Artıq ölkə üzrə internet istifadəçilərinin sayı 75 faizi keçib;

* Azərbaycan Cənubi Qafqazın ən güclü, modern və sabit ölkəsinə çevrilib, regionda söz sahibi olub!

Demokratik inkişaf sahəsində

Demokratik cəmiyyət quruculuğu Azərbaycan xalqının könüllü və şüurlu seçimidir. Buna bizi heç kəs məcbur etməyib!

Demokratik təsisatların bərqərar olunması, vətəndaş cəmiyyətin yaranması sahəsində də daim ardıcıl və məqsədyönlü iş aparılıb. Nəticə göz qabağındadır:

* Ölkəmiz bütün beynəlxalq qurum və təşkilatlarla əməkdaşlıq edir, demokratiya sahəsindəki tövsiyələri nəzərə alır;

* İnsan hüquqlarının qorunmasını, mətbuat və söz azadlığının inkişafını daim diqqət mərkəzində saxlayır;

* Dövlət idarəçiliyində çoxpartiyalı sistemə, fikir plüralizminə daim yer verilir;

* Azərbaycanda beynəlxalq tələblərə cavab verən seçki qanunları əsasında Seçki Məcəlləsi yaradılıb;

* Üzvləri paritet əsaslarla formalaşdırılan Mərkəzi Seçki Komissiyası təşkil edilib;

* Ölkədə 4 dəfə bələdiyyə, 5 dəfə parlament, 6 dəfə prezident seçkiləri keçirilib, bu seçkilərin hər biri demokratiyanın inkişafı, azad və ədalətli, şəffaf seçkilərin keçirilməsi üçün yaradılan strukturun daha da təkmilləşməsinə xidmət edərək irəliyə doğru atılan müsbət addım sayılıb;

* Azərbaycan vətəndaşlarında seçki mədəniyyəti formalaşdırılıb.

 

Dövlətlərarası münasibətlərin inkişafı sahəsində

SSRİ-nin tərkibində olduğu müddətdə Azərbaycan on beş müttəfiq respublikadan biri sayılırdı. Onun nə müstəqil xarici siyasət yürütmək, nə də başqa dövlətlərlə sərbəst əlaqələr qurmaq (nə siyasi, nə də iqtisadi) hüququ var idi. Bunu yalnız SSRİ rəhbərliyi və özünün bildiyi kimi həll edirdi.

Müstəqillik qazandıqdan sonra dövlətlərarası əlaqələrin yaradılması, müstəqil xarici siyasət müəyyənləşdirilməsi və mövcud münasibətlərin nizamlanması tamamilə yeni sahə idi. Heydər Əliyev siyasi kursuna sadiq qalan cənab İlham Əliyev bu çətin və mürəkkəb vəzifənin də öhdəsindən məharətlə gəlir:

* Azərbaycan dünyanın bütün dövlətləri ilə qarşılıqlı maraqlara əsaslanan əlaqə və münasibətlər qurur;

* Yaxın qonşuları ilə (Ermənistan istisna olmaqla) mehriban və xoş əlaqələrin yaranmasına üstünlük verir;

* Dövlətlərarası münasibətlərdə heç kəsin daxili işlərinə qarışmır, başqalarının da öz daxili işlərinə qarışmasına imkan vermir;

* İkitərəfli və çoxcəhətli münasibətlərin qurulmasına, dostluq və əməkdaşlıq münasibətlərinin inkişafına çalışır;

* Beynəlxalq norma və prinsiplərə, imzalanan müqavilə, saziş və konvensiyalara dəqiqliklə əməl edir;

* Hər cür mübahisəli məsələlərin danışıqlar masası arxasında, sülh və qarşılıqlı anlaşma əsasında həllinə can atır;

* Daim öz xalqının inam və etimadına güvənir, dəstəyinə arxalanır.

Mədəni-mənəvi inkişaf sahəsində

Azərbaycan xalqı və dövləti ulu öndər Heydər Əliyevin daha bir tövsiyəsinə daim əməl edir: Biz üzümüzü Qərbə tutsaq da, şərqli olduğumuzu heç zaman unutmamalıyıq! Qitələrin və mədəniyyətlərin qovşağında yerləşən Azərbaycan daim özünün milli-mənəvi dəyərlərə sadiqliyi, tolerantlığı ilə seçilir. Təsadüfi deyil ki, bu gün bütün dünya xalqımızın multikultural modelini bir nümunə kimi öyrənir, ondan bəhrələnməyə çalışır. Eyni zamanda, biz yalnız Avropadan öyrənmirik, həm də öz qədim və zəngin mədəniyyətimizlə Avropa mədəniyyətini zənginləşdirməyə çalışırıq.

Müstəqillik dövründə mədəni-mənəvi nailiyyətlərimiz çox olub:

* Azərbaycan bütün dinlərə və mədəniyyətlərə eyni gözlə baxır, bərabər münasibət bəsləyir;

* Dünyanın ən qədim məscidlərindən biri - 743-cü ildə tikilmiş Şamaxı məscidi bərpa edilərək bu gün də fəaliyyət göstərir;

* Qafqazın ən qədim kilsələrindən biri - Şəkidəki Qafqaz Alban kilsəsi tarixi abidə kimi yaşayır;

* Bakının yaxınlığında qədim zərdüştlük, atəşpərəstlik məbədi bu gün də qorunaraq saxlanır;

* Ölkə paytaxtında sinaqoq, katolik və provaslav kilsələri fəaliyyət göstərir;

* Qərb mədəniyyətinin məhsulu olan Eurovision müsabiqəsində qalib gələrək bir dəfə bu yarışmanın Bakıda yüksək səviyyədə keçirilməsini təmin etmişik;

* Olimpiya, dünya, Avropa və beynəlxalq yarışlarda azərbaycanlı gənclərin qazandıqları çoxsaylı qələbələr artıq bizi həm də dünyanın idman dövlətlərindən biri kimi tanıtmaqdadır;

* Bəşəriyyət üçün qorxunc təhlükəyə çevrilən terrorizmə qarşı mübarizədə daim fəal, qətiyyətli və birmənalı mövqe nümayiş etdiririk;

* Novruz bayramı, Azərbaycan muğamı, saz sənəti, tar ifaçılığı UNESCO-nun qeyri-maddi-mədəni irs siyahısına salınmışdır.

Dünyaya inteqrasiya sahəsində

Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizləri yaradan, Avropanın enerji təchizatında etibarlı tərəfdaş sayılan, təşəbbüsçüsü və icraçısı olduğu beynəlxalq transmilli layihələrlə dünya dövlətlərinə fayda gətirən, əməkdaşlığın yeni formatlarına həyat vəsiqəsi verən Azərbaycan artıq dünyanın tanınan dövlətlərindən biridir. Əgər ulu öndər Heydər Əliyev informasiya blokadasını yararaq dünyaya yol açdısa, cənab İlham Əliyev bu yolu genişləndirməklə ən işlək magistrala çevirdi:

* İqtisadi sferada açıq qapı siyasəti yürüdən Azərbaycan siyasi sahədə də hər bir əməkdaşlığa və əlaqəyə açıqdır;

* BMT-nin, Avropa Şurasının, Avropa İttifaqının, İslam Əməkdaşlıq Təşkilatının, İqtisadi Əməkdaşlıq Təşkilatının, Davos İqtisadi Forumunun və digərlərinin tribunasından öz mənafeyinə bacarıqla istifadə edir, həmin təşkilatlarda maraqlarını qoruyur;

* Ölkəmiz dünyaya inteqrasiyanın yeni formasından - beynəlxalq tədbirlərin yeni formatda keçirilməsi üsulundan da bacarıqla bəhrələnir;

Məsələn, Azərbaycan sistemli şəkildə:

* Bakı Beynəlxalq Humanitar Forumu;

* Mədəniyyətlərarası Dialoq Forumu;

* Dünya dinləri liderlərinin Zirvə görüşü;

* BMT-nin Sivilizasiyalararası Alyansının Qlobal Forumunu, habelə digər mötəbər tədbirlərin təşkilatçısı qismində çıxış edir.

Adətən bu cür məclislərə dünyanın keçmiş və hazırkı prezidentləri, baş nazirləri, tanınmış liderləri və siyasətçiləri, Nobel mükafatı laureatları, müxtəlif sahələrin nüfuzlu xadimləri gəlir, dünyanı düşündürən problemlər, çağırışlar barədə fikir mübadiləsi aparır, maraqlı və ağıllı təkliflər irəli sürürlər.

Dövlət başçısı cənab İlham Əliyev isə dünyada keçirilən mötəbər tədbirlərin daim ən hörmətli qonaqlarından olur, bəşəriyyəti narahat edən məsələlər barədə çıxış edərək açıq mövqe bildirir, Azərbaycanı layiqincə təmsil edərək daha yaxından tanınmasına yeni töhfələr verir!

İdman sahəsində

Azərbaycan özünütəqdimin və özünüifadənin idman üsulundan məharətlə istifadə edir. Müstəqilliyin ilk illərində dünya və Avropa birinciliklərinə, beynəlxalq yarışlara idmançı göndərməyə vəsait tapmayan Azərbaycan indi həm də idman dövləti, beynəlxalq yarışların mahir təşkilatçısı kimi tanınır. Bu, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyevin xalqımız qarşısında ən böyük xidmətlərindən biridir:

* Prezident İlham Əliyev Azərbaycan idmanında yeni mərhələnin banisidir;

* Prezident İlham Əliyev idmanı dövlət siyasəti səviyyəsinə qaldıran liderdir;

* Prezident İlham Əliyev idmanın inkişafının Azərbaycan modelinin yaradıcısıdır;

* Prezident İlham Əliyev Azərbaycanda yeni idmançılar nəslini və məşqçilər korpusunu yetişdirən müasir düşüncəli idman xadimidir;

* Prezident İlham Əliyev Azərbaycan idmanını və idmançılarını dünya miqyasına çıxaran və tanıtdıran rəhbərdir;

* Prezident İlham Əliyev beynəlxalq yarışların təşəbbüsçüsü və təşkilatçısıdır;

* Prezident İlham Əliyev I Avropa Oyunlarının ölkəmizdə keçirilməsinin təminatçısıdır.

Azərbaycan Rio-de-Janeyroda keçirilən XXXI Yay Olimpiya Oyunlarında 18 medal qazandı. Paralimpiyaçılarımız bu estafeti uğurla davam etdirərək medalların sayını 29-a çatdırdılar. Təkcə bu il Bakıda ilk dəfə olaraq dünyada 500 milyon insanın maraqla izlədiyi Formula-1 avtomobil yarışı, habelə Ümumdünya Şahmat Olimpiadası keçirildi. Növbəti ildə isə IV İslam Həmrəylik Oyunları baş tutacaqdır.

Bəli, müstəqil Azərbaycan yeganə dövlətdir ki, burada həm Avropa Oyunları keçirilir, həm də İslam Həmrəylik Oyunları!

Qarabağ münaqişəsinin həlli sahəsində

Müstəqillik dövründə Azərbaycanın həll edə bilmədiyi yeganə problem Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ problemidir. Məsələnin həlli təkcə Azərbaycandan asılı olsaydı, yəqin ki, onu çox qısa müddətdə, özü də uğurla həll edərdik. Təəssüf ki, BMT öz nüfuzunun qayğısına qalmadığından Təhlükəsizlik Şurasının dörd məlum qətnaməsini icra etmir, ATƏT-in Minsk qrupu isə dişsiz fəaliyyət göstərir. Həmsədr dövlətlər isə ermənilərin şıltaqlıqlarına dözürlər.

Münaqişə həllini tapmasa da, məsələ ilə bağlı bir sıra problemlər çözülmüşdür. Belə ki, indiyədək qaçqın və məcburi köçkünlərin sosial-məişət və mənzil problemlərinin həlli məqsədilə bu sahəyə müxtəlif mənbələrdən 6 milyard manata yaxın vəsait xərclənmiş, ilk dəfə Dövlət Neft Fondunda qaçqın şəhərciklərinin salınmasına pul ayrılmışdır. Bugünədək 94 müasir tipli yaşayış kompleksi və qaçqın şəhərciyi salınmış, 240 min nəfərə yaxın qaçqın və məcburi köçkün mənzil şəraitini yaxşılaşdırmışdır. Ötən dövrdə bu qəbildən olan insanların aylıq yaşayış xərcləri 3,6 dəfə, kommunal xidmətlərə görə ödənilən müavinətlər isə 4,5 dəfə artırılmışdır. Hazırda məcburi köçkünlərə aylıq çörəkpulu verilir, onlar mənzil kirayəsindən, işıq, su, qaz pulundan azad olunmuşlar. Övladları dövlət ali məktəblərində oxuyarkən təhsil haqqından azad edilmişlər.

Ən mühüm məsələlərdən biri müasir və modern ordunun yaradılmasıdır.

Azərbaycan bir qarış torpağını belə kimsəyə güzəştə getməyəcəkdir.

Azərbaycan öz ərazisində ikinci erməni dövlətinin yaranmasına yol verməyəcəkdir.

Sülh yolu baş tutmasa, Azərbaycan digər vasitələrlə öz torpaqlarını işğaldan azad edəcəkdir.

Cənab İlham Əliyev həmişə sözünün sahibi olub, dediyini edib!

Aprel müharibəsi də bunu bir daha təsdiq etdi!

Dördgünlük müharibədə nəinki Ermənistanın hərbi siyasi rəhbərliyi, erməni ordusu, erməni əhalisi, hətta Ermənistanın havadarları da əmin oldular ki, Azərbaycan Ordusu, Ali Baş Komandanı və Azərbaycan xalqı öz torpaqlarından düşməni az vaxtda qovmağa qadirdir!

Hələlik gözləyir, sülhə ümid edir...

Həm də münaqişə ərzində ilk dəfə olaraq iki min hektar torpağı azad edərək, bir o qədər sahəyə də nəzarəti bərpa edib!

Eyni zamanda, dayanmadan ordusunu gücləndirir!

Müstəqillik dövrünün abidələri

Abidə sözünü təsadüfən dırnağa almamışıq.

Abidə təkcə kiminsə xatirəsinin əbədiləşdirilməsi üçün ucaldılan heykəllərə deyilmir.

Bəzən elə möhtəşəm binalar və qurğular tikilir ki, xalqın tarixində əbədi abidəyə çevrilir.

Əslində müstəqilliyin son on üç ilində Azərbaycan özü bir abidəyə çevrilib: ölkə paytaxtından başlamış bütün regionlara qədər!

* Heç zaman Azərbaycanda bu qədər və belə sürətli tikinti işləri getməyib!

* Heç zaman Azərbaycanda bu qədər yol çəkilərək körpü, yolayrıcıları salınmayıb!

* Heç zaman Azərbaycanda bu qədər abadlıq, quruculuq və yenilənmə işləri görülməyib!

* Heç zaman Azərbaycan indiki qədər gözəl, müasir və təravətli olmayıb!

Çox qısa müddətdə inşa edilən və ölkəmizin fəxrinə çevrilən bir neçə obyekti xatırlayaq:

 

* Heydər Əliyev Mərkəzi;

* Ginnesin rekordlar kitabına düşən Dövlət Bayrağı Meydanı;

* Üç alov qülləsi binası;

* Büllur saray;

* Dənizkənarı bulvar;

* Heydər məscidi;

* Milli Olimpiya Stadionu;

* Heydər Əliyev Fondunun binası;

* Milli Gimnastika Arenası;

* Hotellər şəbəkəsi;

* Regionlardakı qırxdan çox olimpiya idman kompleksi;

* XX və XXI əsrin möcüzələri sayılan Əsrin müqaviləsi və Cənub axını boru kəmərləri;

* Taxtakörpü, Şəmkirçay və Tovuzçay su anbarları və s.

Siyahını daha da uzatmaq olar. Amma bunlar o qədər çox, müxtəlif və rəngarəngdir ki, insan valeh olmaya bilmir!

Həm də artıq Azərbaycanda bu cür abidələrin inşası bizim üçün adiləşib!

Uğurlar və vəzifələr

Uğurlar da saymaqla qurtaran deyil!

Sanki bu işlər 25 ildə yox, 250 ildə görülüb!

Odur ki, qısa olsun deyə yenə sadalamaqla kifayətlənirik.

Beləliklə, müstəqillik illərində nail olduqlarımız:

* Dövlətimizin təhlükəsizliyi tam təmin edilib;

* Ölkədə möhkəm və dönməz sabitlik yaradılıb;

* Azərbaycan xalqı sülh və əmin-amanlıq şəraitində yaşayır;

* Azərbaycanın beynəlxalq nüfuzu get-gedə artır, hörməti çoxalır;

* Ordu quruculuğu inamla gedir, ən müasir və ən yeni texnologiyaya əsaslanan silahlar alınır;

* Bütün sosial layihələr uğurla icra olunur;

* Son 13 il ərzində 3 mindən çox məktəb, 600-dən çox xəstəxana, tibb mərkəzi tikilib, təmir edilib;

* Azərbaycan nəqliyyat təhlükəsizliyini təmin edib;

* Azərbaycan enerji təhlükəsizliyinin təmin edilməsində lider dövlətdir;

* Enerji siyasətimiz təkcə ölkəmiz üçün deyil, bütövlükdə regionumuz, dünya üçün böyük əhəmiyyət daşıyır;

* Biz nəhəng sənaye layihələri icra edirik, iki qitə arasında, iki sivilizasiyanın qovşağında canlı körpüyük;

* Heç kim bizimlə diktə dilində danışa bilmir!

* Hamı ilə bərabərhüquqlu və qarşılıqlı maraqlara əsaslanan əməkdaşlıq qururuq!

* Heç kimdən asılı deyilik, heç kimdən borc istəmirik və almırıq!

* Öz taleyimizi özümüz həll edirik!

* Bütün siyasətimizdə dövləti və milli maraqları əsas tuturuq!

* Biz bilirik ki, nə istəyirik və ona necə nail olacağıq!

* Hədəflər dəqiq, perspektivlər aydın, istəyə çatmaq vasitələri bəllidir!

* Bizi bu istəyə və hədəflərə çatdıran isə xalqın sevdiyi və dəstəklədiyi cənab İlham Əliyevdir!