Azərbaycan.-2016.-16 oktyabr.-228.-S.7.

 

Milli maraqlarını ləyaqətlə qoruyan müstəqil dövlət

 

Uğurlu daxili və xarici siyasət sayəsində dövlətçilik ənənələrimiz daha da möhkəmlənib

 

Elnur HACALIYEV,

Milli maraqlarını ləyaqətlə qoruyan müstəqil dövlət

 

Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümü ölkəmizdə dövlət səviyyəsində qeyd olunur. Azərbaycanı dövlət müstəqilliyinə aparan yol heç də asan olmamışdır.

Sosializm sisteminin süqutu postsovet ölkələrində insan və vətəndaş hüquq və azadlıqlarının təmini sahəsində ciddi dönüş yaratmaqla bərabər, Azərbaycanın öz müstəqilliyini elan etməsinə, habelə beynəlxalq birliyin bərabərhüquqlu subyekti kimi dünya dövlətləri sırasına qoşulmasına imkan verdi. 1991-ci il oktyabrın 18-də müstəqillik qazandıqdan sonra Azərbaycanda hüquqi dövlət ideyasının reallaşmasına zəmin yaradılması, ölkədə milli-mənəvi dəyərlərə qayıdış, demokratik intibahın başlanması xalqın gələcək taleyi ilə bağlı bir sıra aktual problemlərin həlli zərurətini də ön plana çıxardı.

Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktında hakimiyyətin və təbii sərvətlərin xalqa mənsubluğu, mülkiyyətin bütün formalarının bərabərliyi, vətəndaşların seçki hüququnun, çoxpartiyalı sistemin təminatı, habelə insan və vətəndaş hüquq və azadlıqlarının ümumi prinsipləri rəsmən elan edilmişdi. Lakin müstəqilliyin ilk illərində bir sıra səbəblər üzündən Azərbaycanda bu sahədə, demək olar ki, əsaslı irəliləyiş baş vermədi. Ötən əsrin 90-cı illərinin əvvəlindən başlayaraq bir tərəfdən Ermənistanın Azərbaycana qarşı ərazi işğalçılığı siyasətinin genişlənməsi, sosial-iqtisadi tənəzzül, vətəndaş qarşıdurması, xaos və özbaşınalıq, habelə yeni dövrün tələblərinə cavab verən qanunların yoxluğu dövlət suverenliyini itirmək təhlükəsinə gətirib çıxarmışdı.

Dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümü haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamında deyilir: 1991-ci ildən etibarən müstəqillik yollarında ilk addımlarını atarkən Azərbaycan keçirdiyi dərin siyasi, iqtisadi və sosial böhranla yanaşı, Ermənistanın hərbi təcavüzü, azərbaycanlılara qarşı yürütdüyü etnik təmizləmə siyasəti və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ problemi ilə üz-üzə qalmışdı. Yalnız ümummilli lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı və apardığı müdrik siyasət nəticəsində ölkənin məhvolma təhlükəsinə, separatçılıq meyillərinə və başlanan vətəndaş müharibəsinə son qoyuldu, dövlətlə xalqın birliyi təmin edildi. İctimai-siyasi sabitliyin bərqərar olması, hərbi əməliyyatların dayandırılması və Əsrin müqaviləsinin imzalanması bütün sahələrdə genişmiqyaslı islahatların başlanmasına zəmin yaratdı.

 

Xilaskarlıq və quruculuq missiyası

Müstəqilliyin ilk illərində Azərbaycanda hakimiyyətdə xalqın etimad göstərdiyi siyasi qüvvənin olmaması dövlət idarəçiliyi mexanizmlərinin formalaşmasında ciddi maneəyə çevrilməklə yanaşı, daxili böhranın, vətəndaş itaətsizliyinin, xaos və anarxiyanın yaranmasına rəvac vermiş, qanunçuluğun və hüquq qaydalarının təminatı, vətəndaşların azad, təhlükəsiz yaşamaq hüququnun, nəhayət, ictimai asayişin qorun-ması sahəsində ciddi problemlər yaratmışdı. De-yure müstəqilliyini bəyan etmiş Azərbaycanın de-fakto müstəqil dövlət kimi tanınmasına, müstəqil siyasət yeritməsində böyük problemlər mövcud idi.

AXC-Müsavat iqtisadiyyatının reallıqdan uzaq iddialara, utopik ideyalara söykənən uğursuz xarici siyasət kursu beynəlxalq arenada respublikamız haqqında mənfi rəyin formalaşmasına gətirib çıxarmış, aparıcı qonşu dövlətlərlə münasibətlərdə ciddi psixoloji-siyasi gərginliyə səbəb olmuşdu. Ermənistanın işğalının getdikcə geniş miqyas aldığı bir vaxtda ölkə həqiqətlərinin dünya miqyasına çıxarılması üçün lazımi diplomatik işlər görülmür, əksinə, ayrı-ayrı qonşu dövlətlərdə kəskin reaksiya doğuran, qarşılıqlı münasibətlərdə etimadsızlıq və gərginlik yaradan məsuliyyətsiz bəyanatlara, çağırışlara yol verilirdi. Azərbaycanı uzun müddət ABŞ-ın yardımından məhrum etmiş Azadlığa dəstək aktına bədnam 907-ci düzəliş də məhz AXC-Müsavat cütlüyünün uğursuz xarici siyasətinin nəticəsi idi. Üstəlik, ölkənin perspektiv inkişaf yolunda mayaka çevrilməli olan xarici siyasət kursunun hansı prinsiplərə əsaslandığı bilinmədiyindən daxili siyasi proseslərə kənar müdaxilə cəhdləri də özünü qabarıq göstərirdi.

Belə bir ağır durumda hakimiyyət kürsüsünü zorla qorumaq üçün silaha əl atan AXC-Müsavat rəhbərləri 1993-cü ilin iyun ayının əvvəllərində Gəncədə ciddi hərbi-siyasi məğlubiyyətlə üzləşdikdən sonra ölkədə durum daha dramatik vəziyyət almış, respublika vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qal-mışdı. Belə bir böhranlı və ağır vəziyyətdə xalqın çıxış yolunu yenə də müdrik şəxsiyyətin - ulu öndər Heydər Əliyevin hakimiyyətə gətirilməsində görməsi bir sıra obyektiv reallıqlarla şərtlənirdi. Əksəriyyət başa düşürdü ki, yaranmış ekstremal şəraitdə ölkədə ictimai-siyasi gərginliyi aradan qaldırmaq, qiyamı yatırmaq, qanunsuz silahlı qüvvələri zərərsizləşdirmək, dövlət təsisatlarının normal fəaliyyətini təmin etmək bacarığına malik yeganə - alternativsiz lider məhz Heydər Əliyevdir! Həmin dövrdə xalqın ulu öndərə olan böyük sevgi və inamını dolayısı ilə etiraf etmək məcburiyyətində qalan və xalqın qəzəbindən qorxuya düşən AXC-Müsavat iqtidarının Heydər Əliyevi acizanə şəkildə Bakıya dəvət etməsi də məhz bu reallıqla şərtlənirdi.

 

Həqiqi müstəqilliyə aparan yol

Ulu öndər Heydər Əliyevin 1993-cü il iyunun 15-də Ali Sovetin Sədri seçilməsi isə onun sadəcə, hakimiyyətə qayıdışı deyil, eyni zamanda, xalqın qurtuluş, qəhrəmanlıq tarixidir. Ümummilli liderin rəhbərliyi altında ölkədə ictimai-siyasi sabitlik təmin olundu, qanunsuz silahlı birləşmələr zərərsizləşdirildi, özbaşınalığa, hərc-mərcliyə, qanunsuzluqlara, kütləvi iğtişaşlara son qoyuldu. Ulu öndər Ermənistanın daha geniş ərazilərimizi işğal etməsinin, kütləvi qanlar axıdılmasının qarşısını aldı, atəşkəsin imzalanmasına nail oldu. Bu da təsadüfi deyildir ki, Heydər Əliyevin iyunun 15-də Azərbaycan Ali Sovetinin Sədri seçilməsi respublikanın çağdaş tarixində dönüş və qurtuluş mərhələsi kimi dəyərləndirilir.

Ulu öndər bir ictimai-iqtisadi formasiyadan digərinə keçid dövründə respublikanın qarşısında duran strateji vəzifə və hədəfləri düzgün müəyyənləşdirməklə dünyanın qabaqcıl dövlətlərinin təcrübəsində sınaqdan uğurla çıxmış, müsbət nəticələri sübut olunmuş inkişaf strategiyasının Azərbaycan gerçəkliyinə adekvat modelini yaratmışdır. Heydər Əliyev qısa zamanda özəl mülkiyyətçiliyə, sahibkarlığa, sərbəst rəqabətə meydan açan, dövlətsizləşdirməni özündə ehtiva edən, sosialyönümlü mahiyyət daşıyan, habelə xarici iqtisadi əlaqələrin gücləndirilməsi və münbit biznes mühitinin formalaşdırılması yolu ilə ölkəyə investisiya axınını stimullaşdıran liberal inkişaf modelinin praktik surətdə gerçəkləşdirilməsinə nail olmuşdur. Azərbaycan dövlətinin strateji yolu yalnız demokratiya, sərbəst iqtisadiyyat prinsiplərinin bərqərar olması, bazar iqtisadiyyatı və sahibkarlığın inkişafıdır - deyən Heydər Əliyev demokratik düşüncə və həyat tərzinin dünyada diktə etdiyi bu meyarlara hər zaman sadiqlik göstərmiş, milli inkişaf naminə bu yolun alternativsizliyi fikrinin ictimai rəyə aşılanmasına nail olmuşdur. Ümummilli lider mərkəzi planlaşdırma və bölgü sistemindən sərbəst bazar münasibətlərinə əsaslanan iqtisadi modelə keçid prosesinin aztəminatlı təbəqənin maraqlarına toxunmaması üçün dövlət büdcəsində sosial müdafiə tədbirlərinə geniş yer ayrılmasını da təmin etmişdir.

Həmin dövrdə respublikanın məhdud maliyyə imkanları və zəif büdcəsi ilə qarşıya qoyulmuş strateji məqsədlərin yaxın gələcəkdə reallaşdırılmasının qeyri-mümkünlüyünü nəzərə alan, sosial-iqtisadi inkişaf prosesində xarici kapital və sərmayə amilinin təkanverici rolunu düzgün olaraq önə çəkən Heydər Əliyev xarici şirkətlərlə Xəzərin Azərbaycan sektorundakı zəngin neft ehtiyatlarının mənimsənilməsini nəzərdə tutan müqavilələrin imzalanmasına da vacib məsələ kimi yanaşmışdır. İqtisadi inkişafın sürətləndirilməsinin, səmərəli sosial-iqtisadi islahatlar aparılmasının, investisiya layihələrinin həyata keçirilməsinin ümdə şərti kimi müstəqil Azərbaycanın yeni neft strategiyası işlənib hazırlanmış, mərhələlərlə həyata keçirilmişdir.

XX əsrin qlobal layihələrindən biri kimi alternativ enerji mənbələri axtarışında olan müasir dünyanın yeni geoiqtisadi xəritəsinin müəyyənləşməsinə əsaslı təsir göstərən Əsrin müqaviləsi Azərbaycanın siyasi və iqtisadi cəhətdən möhkəmlənməsinə, beynəlxalq iqtisadi münasibətlər sisteminə sürətli inteqrasiyasına da təkan vermişdir. Bir çox inkişaf etmiş dövlətlərin əsrlərlə keçdiyi inkişaf yolunu inamla qət edən respublikamızın inanılmaz iqtisadi və siyasi nailiyyətlərinin bazisinə çevrilən bu müqavilə, eyni zamanda, Azərbaycanın yüksək siyasi iradəsini, milli maraqlarını sonadək müdafiə etmək, təbii sərvətlərinə sahib çıxmaq əzminin təntənəsi kimi tarixiləşmişdir.

Dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümü haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamında göstərilir: Əsrlər boyu müstəqillik arzusu ilə yaşamış xalqımız ayrı-ayrı dövrlərdə müxtəlif imperiyaların və böyük dövlətlərin tərkibində olmasına baxmayaraq, hər bir xalqın milli varlığının mahiyyətini təşkil edən amilləri - dilini, milli-mənəvi dəyərlərini və mədəniyyətini göz bəbəyi kimi qoruyub saxlamaqla yanaşı, dünya mədəniyyəti xəzinəsinə də misilsiz töhfələr vermişdir. Dövlət müstəqilliyimizin bərpası bizə azərbaycançılıq məfkurəsi ətrafında sıx birləşərək beynəlxalq hüququn subyektinə çevrilmək və demokratik, hüquqi, dünyəvi dövlət qurmaq imkanı yaratmışdır.

Ötən 25 il ərzində Azərbaycan xalqı dövlət quruculuğu prosesində ən ümdə amal, arzu və niyyətlərini gerçəkləşdirərək bütün sahələrdə əldə etdiyi nailiyyətlərlə haqlı olaraq fəxr edə bilər. Uğurlu daxili və xarici siyasətimiz sayəsində dövlətçilik ənənələrimiz möhkəmlənmiş, iqtisadiyyatımız inkişaf etmiş, mədəniyyətimiz zənginləşmişdir. Müstəqil Azərbaycan Respublikası bu gün hər bir vətəndaşımız və xaricdə yaşayan soydaşımız üçün əsl qürur mənbəyidir.

 

Uğurlu islahatlar kursu

Ulu öndərin rəhbərliyi altında hazırlanaraq 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş müstəqil Azərbaycan Respublikasının Konstitusiyası dövlətin tarixində hakimiyyət bölgüsü prinsipinin, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunun hüquqi əsaslarının, insan hüquq və azadlıqlarının qeyd-şərtsiz təmin olunmasının bünövrəsini qoymuşdur. Azərbaycan demokratik, hüquqi, dünyəvi dövlət kimi ilk dəfə insan hüquqlarının prioritetliyini və hakimiyyət bölgüsünü özünün gələcək inkişaf yolu kimi seçmişdir.

Konstitusiyanın qəbulundan sonra müstəqil Azərbaycanda çoxpartiyalı sistem, siyasi plüralizim, söz, mətbuat və sərbəst toplaşmaq azadlığı bərqərar olmuş, dövlət idarəçilik sistemi tamamilə yenidən qurulmuş, məhkəmə-hüquq islahatları uğurla davam etdirilmişdir. Ölkənin idarəetmə sistemində siyasi mədəniyyət elementləri güclənmiş, icra hakimiyyəti orqanlarının işinin dinamikliyi artmış, yerli özünüidarəetmə orqanları formalaşmışdır. Ulu öndərin respublikaya rəhbərliyi illərində ölüm cəzasının, mətbuat üzərində siyasi senzuranın ləğvi, Azərbaycanın Avropa Şurasına tamhüquqlu üzv qəbul edilməsi, respublikada üçpilləli məhkəmə sisteminin formalaşdırılması, Konstitusiya Məhkəməsinin fəaliyyətə başlaması, İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) İnstitutunun yaradılması, Konstitusiyaya mütərəqqi əlavə və dəyişikliklərin edilməsi və digər məsələlər demokratik inkişaf yolunda əldə etdiyimiz mühüm nailiy-yətlərdəndir.

Müstəqil respublikamızın 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi ilə qəbul edilmiş ilk milli Konstitusiyasında xarici siyasətin konseptual xarakterinin, məqsəd və vəzifələrinin səhih şəkildə əksini tapması da məhz ulu öndər Heydər Əliyevin müdrikliyi və uzaqgörənliyi sayəsində mümkün olmuşdur. Dövlətin idarəetmə sisteminin əsasını təşkil edən Konstitusiyanın 10-cu maddəsində göstərilir: Azərbaycan Respublikası başqa dövlətlərlə münasibətlərini hamılıqla qəbul edilmiş beynəlxalq hüquq normalarında nəzərdə tutulan prinsiplər əsasında qurur.

Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi istiqamətində görülən əsas işlərdən biri də məhz ölkənin dünya birliyinə inteqrasiyasının təmin olunmasıdır. Ulu öndər Heydər Əliyevin uğurlu xarici siyasət kursu nəticəsində bu problem öz həllini tam şəkildə tapmış və beynəlxalq təşkilatlarda bərabərhüquqlu səviyyədə əməkdaşlıq müstəqilliyin əsas dayaqlarından birinə çevrilmişdir. Bu gün Azərbaycan 300-dən çox beynəlxalq təşkilatla əməkdaşlıq edir. Yeni kollektiv sənədlərə və beynəlxalq müqavilələrə qoşulan Azərbaycan özünün coğrafi mövqeyindən, təbii ehtiyatlarından, iqtisadi potensialından istifadə əsasında bir çox dövlətlərlə və beynəlxalq qurumlarla əməkdaşlıq edərək böyük İpək yolunun bərpası, Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin yaradılması, Xəzərin karbohidrogen ehtiyatlarının işlənməsi və dünya bazarına çıxarılması layihələrini səmərəli şəkildə həyata keçirir.

Müstəqil xarici siyasət

Müstəqil Azərbaycan ulu öndər Heydər Əliyevin dövlətçilik və siyasi idarəçilik konsepsiyasına istinad edərək yeni-yeni uğurlara doğru inamla irəliləyir. 2003-cü ildən ölkəyə uğurla rəhbərlik edən cənab İlham Əliyev mütərəqqi inkişaf strategiyasını davam etdirməklə yanaşı, yeni dövrün tələblərinə uyğun zənginləşdirmiş, sosial-iqtisadi islahatlarla demokratikləşmə proseslərinin paralel şəkildə aparılmasına, birinin digərini tamamlamasına çalışmışdır.

Azərbaycan beynəlxalq əlaqələr sisteminə cəlb olunan bütün ölkələrə münasibətdə onların ərazi böyüklüyü, hərbi gücü və iqtisadi potensialından asılı olmayaraq müstəqil xarici siyasət həyata keçirir. Rəsmi Bakı ötən illərdə beynəlxalq hüquq prinsiplərindən çıxış edərək praqmatizmə, qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan açıq siyasət yeritmiş, qlobal geosiyasi məkanda cərəyan edən proseslərə çevik, adekvat reaksiya vermiş, xarici dövlətlərlə ikitərəfli və çoxtərəfli əməkdaşlığa nail olmuşdur.

Azərbaycan bütün optimal nəqliyyat-kommunikasiya xətlərinin, habelə neft-qaz boru kəmərlərinin keçdiyi əlverişli tranzit məkan kimi təkcə Avropa üçün deyil, həm də Uzaq Şərq üçün strateji əhəmiyyət kəsb edən ölkədir. Avropa Şurasının tamhüquqlu üzvü olan respublikamızın beynəlxalq təşkilatlara inteqrasiya prosesində BMT, ATƏT, Avropa Birliyi, NATO kimi qurumlarla sıx əməkdaşlığı hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu prosesinin dönməzliyinə etibarlı təminat kimi qiymətləndirilir.

Prezident İlham Əliyev çevik diplomatiya yeritməklə dünyanın demokratik dövlətlərinin və aparıcı təşkilatlarının Azərbaycana, habelə onun zorla cəlb edildiyi silahlı münaqişəyə münasibətinin əsaslı surətdə dəyişməsinə nail ola bilib. Rəsmi Bakının yürütdüyü prinsipial siyasətin nəticəsi olaraq regionda sülh, sabitlik və iqtisadi əməkdaşlığa ciddi təhlükə olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı beynəlxalq səviyyəli müzakirələr intensivləşib.

Azərbaycan Ordusunun cari ilin aprelin əvvəllərində düşmən təxribatının qarşısını alaraq əks-hücumla 2 min hektar ərazini işğaldan azad etməsi beynəlxalq birlik tərəfindən də qəbul olundu. Ən qısa zamanda düşmən təxribatının qarşısının qətiyyətlə alınması və müzəffər Azərbaycan Ordusunun sürətlə irəliləməsi Ermənistan başda olmaqla onun himayədarlarını da təşvişə saldı. Azərbaycan Ordusunun aprel zəfəri həm Ermənistanı danışıqlar masası ətrafına oturmağa məcbur etdi, həm də ATƏT-in Minsk qrupunu Ermənistana konstruktiv danışıqlar məcrasına qayıtması üçün rəsmi Yerevana təzyiq göstərməyə vadar etdi.

Aprel ayında baş verən hadisələr bir sıra reallıqları da üzə çıxardı. İlk növbədə məlum oldu ki, Azərbaycan xalqının milli maraqlarını daim önə çəkən, mürəkkəb geosiyasi məkanda qətiyyətli, düzgün qərarlar qəbul etmək cəsarəti ilə seçilən güclü siyasi lideri, rəhbəri var! Ali Baş Komandanın düşmənin hərbi təxribatlarının qarşısının alınması və layiqli cavabının verilməsi ilə bağlı əmrləri ordumuzun böyük ruh yüksəkliyinə səbəb olmaqla yanaşı, xalqımızın böyük dəstəyi ilə qarşılandı.

Aprel döyüşləri dövlətimizin və ordumuzun gücünü, xalqımızın birliyini, həmrəyliyini və vətənpərvərliyini nümayiş etdirmişdir - deyən Prezident İlham Əliyev Azərbaycan xalqının milli maraqlar naminə daim vahid mövqedən çıxış etdiyini bir daha bildirdi. Azərbaycan Silahlı Qüvvələrinin - hərbçilərin döyüş və qələbə ruhu insanlarda böyük qürur və sevinc hissləri doğurdu. Bir daha təsdiqləndi ki, ötən illər hədər getməyib - 1994-cü ilin may ayında atəşkəs barədə sazişin imzalanmasından sonra Azərbaycanda ordu quruculuğu və ölkənin müdafiə qabiliyyətinin artırılması istiqamətində işlər göz qabağındadır. Bu gün Azərbaycan Silahlı Qüvvələri yüksək döyüş hazırlığına malik peşəkar, hərbi-texniki vərdişlərə dərindən yiyələnmiş mükəmməl, vətənpərvər kadrlardan ibarətdir. Onu da xüsusi qeyd etmək lazımdır ki, son 13 ildə respublikanın hərbi büdcəsi on dəfədən çox artaraq bütövlükdə işğalçı Ermənistanın dövlət büdcəsinə çatıb. Ən müasir texnika və hərbi avadanlıqlarla təchiz olunan, döyüş ruhu yüksək Azərbaycan Ordusu qısa zamanda torpaqlarımızın işğaldan azad edilməsinə qadir olduğunu sübuta yetirdi. Məlum oldu ki, hərbi əməliyyatların davam edəcəyi müddətdə hər kəs Hər şey cəbhə üçün, hər şey qələbə üçün! şüarını uca tutaraq torpaqlarımızın düşməndən təmizlənməsi prosesinə əməli töhfəsini verməyə çalışacaq. Həmin günlərdə yeniyetmələrdən tutmuş ahıl insanlaradək hamının əlinə silah alaraq cəbhəyə yollanmağa hazır olduğunu bildirmələri də hərbi-psixoloji üstünlüyün əldə edilməsi baxımından vacib məqamlardan idi.

Yeni iqtisadi siyasət xətti

Ölkə başçısının son 13 ildə reallaşdırdığı iqtisadi islahatlar nəticəsində Azərbaycan müasir keyfiyyət və iqtisadi yüksəliş mərhələsini yaşayır. Prezident İlham Əliyevin iqtisadi modernləşməni davamlı və sonu görünməyən proses kimi dəyərləndirməsi isə yeni elmi yanaşma kimi böyük maraq doğurur: Biz gələcəyə baxmalıyıq. Bizi gələcəkdə nələrin gözlədiyi bizdən asılıdır. Azərbaycan xalqından asılıdır. Biz seçimimizi etmişik. Azərbaycan artıq müasir ölkədir. Ancaq müasirləşmənin limiti, hüdudları yoxdur. Bu, əbədi bir prosesdir, sonsuz bir prosesdir.

Postneft mərhələsinə qədəm qoymuş Azərbaycanın yeni inkişaf mərhələsinin əsas tələbi qarşıda duran məqsədlərin yüksək səviyyəli, çoxşaxəli olması, zamanın çağırışlarına cavab verməsi ilə bağlıdır. Bu məqsədlərə nail olmaq üçün ciddi elmi əsaslara söykənən müasir idarəetmə üsullarının tətbiqi, eləcə də strateji yanaşmaların daha uzunmüddətli dövrü əhatə etməsi zərurəti yaranır. Ölkənin yaxın gələcək üçün inkişaf prioritetlərinin müəyyənləşdirilməsi, keçilən yolun nəzəri və praktiki prizmadan araşdırlıması zərurəti həm də onunla şərtlənir ki, respublikamız keçid dövründən modernləşmə mərhələsinə uğurla transformasiya edir.

Dünyanın iqtisadi cazibə və təsir mərkəzinin Qərbdən Şərqə yönəldiyi bir tarixi dönəmdə Azərbaycanın strateji önəmi və bənzərsizliyi onun Avropa ilə Asiyanın qovuşuğunda yerləşməsi, sivil əməkdaşlıq və dialoq məkanına çevrilməsi ilə şərtlənir. Xüsusi vurğulamaq lazımdır ki, BMT Sivilizasiyalar Alyansının bir müddət əvvəl Bakıda keçirilmiş VII Qlobal Forumu Azərbaycanın multikulturalizm və tolerantlıq sahəsində əldə etdiyi uğurların müasir dünyaya təqdimatı baxımından geniş imkanlar açmışdır.

Azərbaycan Prezidenti İlham Əliyevin hədəfi milli inkişafda intellektual irəliləyişə nail olmaqla dövlətin siyasi suverenliyinin və davamlı iqtisadi rifahının təmin edilməsindən ibarətdir. Təhsil və elm lazımi səviyyədə olmasa, milli inkişafın perspektivləri, Azərbaycan dövlətçiliyinin davamlı inkişafı barədə düşünmək çətin olar. Ölkə rəhbərliyinin insan kapitalının inkişafına xüsusi diqqətlə yanaşması həm də respublikamızın sürətli iqtisadi inkişaf yolunda olması, geniş maliyyə imkanları qazanması ilə şərtlənir. Belə mühüm mərhələdə mövcud uğurların qorunub saxlanılması üçün idarəçilikdə yüksək elmi-intellektual səviyyənin təmin edilməsi son dərəcə vacibdir.

Dövlət başçısının 2003-2016-cı illərdəki daxili və xarici siyasəti deməyə əsas verir ki, cənab İlham Əliyevin çoxşaxəli fəaliyyətində milli mənafe və maraq amili hər zaman olduğu kimi, bu gün də öndədir. Dövlət başçısı istər Dağlıq Qarabağ məsələsində, istər qonşu dövlətlərlə münasibətlərinin xarakterində, istərsə də xalqın təbii sərvətlərindən səmərəli istifadəsi məsələsində, ilk növbədə, xalqın milli maraqlarını əsas götürür. Dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümü haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamında vurğulandığı kimi, bu gün Azərbaycan dünya ölkələri içərisində öz layiqli yerini tutmuşdur.