Azərbaycan.-2016.-18 oktyabr.-229.-S.8.

 

Azərbaycançılıq - birləşdirici ideya

 

Nurlana ƏLİYEVA,

YAP İdarə Heyətinin üzvü, YAP Qadınlar Şurasının sədri,

filologiya elmləri doktoru, professor

 

Bəşəriyyət yarandığı gündən azadlığa can atır. Azadlığa çatmaq, onu əldə etmək uğrunda mübarizə əslində elə insanlıq tarixinin əsas inkişaf istiqamətini müəyyənləşdirir. Azadlığa cəhd insanın xislətidir, xalqların və millətlərin müqəddəs idealı və ali məqsədidir. Azadlıq, milli müstəqillik uğrunda mübarizə Azərbaycan xalqının, türk millətinin şərəf işi olub. Mənsub olduğumuz türk qövmünün tarixi öz varlığını, vətənini, milli kimliyini göz bəbəyi kimi qorumağın tarixi timsalıdır. Kitabi-Dədə Qorqud, Manas, Koroğlu kimi möhtəşəm eposlar türkün azadlıq və istiqlaliyyət uğrunda, vətən naminə öz milli kimliyini tarixdə sübut etmək üçün apardığı qəhrəmanlıq mübarizələrinin bədii-fəlsəfi abidələri, türk epos mədəniyyətinin nadir inciləridir. Bununla bərabər, eposlar xalqların mənəvi qüdrətini əks etdirən mükəmməl sənət abidələridir.

Azərbaycan xalqı ta qədimdən azadlıq mübarizələri tarixi, müstəqil dövlətçilik tarixidir: Atabəylər, Şirvanşahlar, Səfəvilər - müstəqil Azərbaycan dövlətçiliyinin üç möhtəşəm zirvəsi! XIX əsrin önlərindən - tarixi ədalətsizlik nəticəsində İran və Rusiya arasında qədim və ulu bir xalqın vətəninin Araz çayı sərhəd olmaqla ikiyə bölünməsi nəticəsində Azərbaycanın suverenliyinə qəsd olundu. Bundan sonra silahın gücü çatmayan bir işi Azərbaycan maarifçiliyi qələmlə görməyə başladı. XIX əsr boyu bölünmüş Vətəni bütöv görmək təşnəsi ilə mübarizə aparan Azərbaycan maarifçiliyinin mücadilələri XX əsrin önlərində bəhrəsini verdi: türkçülük (Füyuzat) və azərbaycançılıq (Molla Nəsrəddin) məfkurə baxışları 1918-ci ildə dövlətçilik məcrasında birləşərək Şərqdə ilk demokratik respublika - Azərbaycan Xalq Cümhuriyyətini yaratdı. 28 may 1918-ci il Azərbaycan tarixinə müstəqillik günü, milli qürur və şərəf günü - İstiqlal günü kimi yazıldı. Təəssüf ki, bu şərəfli tarix uzun sürmədi, amma qısa vaxtda müstəqilliyimiz üçün nəhəng işlər gördü, fəqət, rus bolşevik-daşnak quldurları və onların rəhbərlərinin tarixi cinayəti nəticəsində 23 aydan sonra süqut etdi. Bolşevizmin milli yaddaş, istiqlal üzərində 70 sənəlik hakimiyyəti başlandı. Düz 70 ildən sonra - 1990-cı il yanvarın 20-də xalqımız sinəsini sovet tankının atəşlərinə sipər edib şəhidlər və qanlar bahasına itirilmiş müstəqilliyimizi bərpa etməyə nail oldu. 1991-ci ilin 18 oktyabrı tariximizə müstəqilliyin yenidən bərpası - Dövlət Müstəqilliyi Günü kimi həkk olundu. Bir dəfə yüksələn bayraq, bir daha enməz! Müstəqilliyimiz əbədidir həqiqəti ilə birləşdi. O vaxtdan 25 il - əsrin dörddə biri ötür. Bu 25 il müstəqilliyi qorumağa əzmlə nail olan təcrübəli liderin, dahi siyasətçinin, ulu öndər Heydər Əliyevin müstəqil Azərbaycan yaratmaq uğrunda titanik fəaliyyət illəridir.

Müstəqilliyin ilk illərində - 1993-cü ildə xalqın tələbi ilə yenidən hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev bu tarixi olaya belə qiymət verirdi: 1918-ci il mayın 28-də Azərbaycan Demokratik Respublikasının yaranması Azərbaycan tarixində böyük siyasi-ictimai hadisədir. Belə bir demokratik dövlətin mövcud olması və müəyyən qədər fəaliyyət göstərməsi Azərbaycanın sonrakı dövrlərinə təsir edibdir... demokratik respublika, onun liderləri Məmmədəmin Rəsulzadə, Fətəli xan Xoyski, Nəsibbəy Yusifbəyov, Məmmədhəsən Hacınski və başqaları çox böyük işlər görüblər.

Ümummilli lider Heydər Əliyevin böyüklüyü bunda idi ki, o, ictimai-siyasi proseslərə dəyər verərkən heç vaxt tarixi konteksti unutmadı, özünün həyata keçirdiyi böyük işləri də tarixin təcrübəsi ilə - tarixiliklə sınaqdan keçirdi. Ötən 25 ildə müstəqilliyimiz də şərəflə sınaqdan çıxdı və ümummilli lider Heydər Əliyevin sözləri tariximizə qızıl hərflərlə yazıldı: Müstəqilliyimiz daimidir, əbədidir, dönməzdir! Bu sözlərin əbədiyyətinə təminat verən odur ki, hər bir ifadədə əzmkarlıq, ruh, vətənin müstəqilliyinə və xalqın qüdrətinə inam əks olunub.

Bir həqiqəti də qeyd edək ki, yaşadığı zaman və məkanın xarakterindən asılı olmayaraq qərinələr boyu əxz etdiyi milli-mənəvi dəyərlərini, mental xüsusiyyətlərini qoruyub saxlayan Azərbaycan xalqı gələcək taleyini daim inandığı, etimad bəslədiyi siyasi qüvvəyə etibar etmək istəmişdir. Milli dövlətçilik idealı, xalqımızın taleyin sərt hökmü ilə neçə əsr gerçəkləşməyən müstəqil dövlət qurmaq arzusu dərin nisgilə, qubara çevrilsə də, məhz daxili inama söykənən azərbaycanlılar qərinələr boyu milli kimliklərini qoruya, millət kimi mövcudluqlarını təsdiq edə bilmişlər.

Məhz bu inamın, milli özünüdərk və özünütəsdiq istəyinin təcəssümü olaraq XX əsrin sonlarına doğru milli dövlətçiliyini bərpa edən xalqımız müstəqilliyinin ilk illərində böyük təəssüf, dərin kədər hissi yaşamağa məruz qalmışdır. Yalnız Heydər Əliyev kimi müdrik strateq və nəhəng siyasət ustadının rəhbərliyi ilə respublikamız üzləşdiyi böyük faciələrdən qurtulmuşdur.

XX əsrin 90-cı illərinin əvvəllərində həm xaricdən, həm də daxildən müstəqilliyimizə qarşı qəsdlər hazırlanmışdı, Azərbaycan parçalanmaq təhlükəsi qarşısında idi, vətəndaş müharibəsinin başlanması təhlükəsi var idi, ölkədə nəzarətdən çıxmış silahlı qruplaşmalar tüğyan edirdi.

Tarixin gedişatını fəhmlə dərk edən uzaqgörən lider siyasi nüfuzuna, zəngin dövlətçilik təcrübəsinə və xalqın ona olan inamına güvənərək böyük iradə nümayiş etdirdi, respublikada sabitliyə nail oldu. Bu dövrdə onun ən böyük tarixi xidməti o idi ki, ulu öndər Heydər Əliyev dağınıq, başıpozuq kütlə halına düşmüş xalqı səfərbər etməyi bacardı. Müstəqillik üçün bu çox vacib, yeganə düzgün yol idi, müstəqilliyi liderlə bərabər xalq qorumalı idi. Heydər Əliyev bu çətin tarixi işin öhdəsindən də bacarıqla gəldi. Məhz müstəqilliyin təmin edilməsi uğrunda bu mübarizə dövründə ulu öndərə məxsus bir ali keyfiyyət də meydana çıxdı: qalibiyyət əzmi!

Ümummilli lider Heydər Əliyevə məxsus nəzəri-siyasi xüsusiyyətlərdən biri də bu idi: iqtisadi cəhətdən zəif ölkədə müstəqilliyə nail olmaq mümkün deyil!

1994-cü ildə o, növbəti tarixi gedişini etdi. Hələ kifayət qədər ictimai-siyasi sabitliyin bərqərar olmadığı bir ölkədə sonralar tarixə Əsrin müqaviləsi adı ilə daxil olmuş beynəlxalq neft müqavilələrini bağlamağa nail oldu. Öz uzaqgörən məntiqi ilə dünyanın ən məşhur neft şirkətlərini inandırdı ki, Azərbaycan etibarlı tərəfdaşdır, bu müstəqil ölkəyə sərmayə qoymağın iqtisadi perspektivi var. Bununla da Azərbaycanda iqtisadi müstəqilliyin yaradılması istiqamətində tarixi bir addım atıldı, müstəqilliyin iqtisadi əsaslarını - təməlini yaratmaq sahəsində ilk mərhələ təşəkkül tapdı. Bu həm də yeni milli burjuaziyanın yaranması, azad rəqabətə əsaslanan bazar iqtisadiyyatına keçidin başlanğıcı idi.

Azərbaycanın beynəlxalq nüfuzunun artması müstəqilliyin əbədiliyi üçün başlıca şərtdir. Burada da Heydər Əliyevin böyük siyasi iradəsi, dünyadakı nüfuzu, diplomatik təcrübəsi mühüm rol oynadı. Ən ali beynəlxalq kürsülərdə o, Azərbaycan həqiqətlərindən, Ermənistanın vətənimizə qəsb etməsindən, torpaqlarımızın 20 faizinin işğal olunmasından, bir milyon əhalimizin öz vətənində qaçqın və məcburi köçkünə çevrilməsindən cəsarətlə, inam və məntiqlə danışdı, dünyanı bu tarixi ədalətsizliyə inandırdı, müstəqil Azərbaycanın yeni imicini formalaşdırdı. Heydər Əliyev müstəqil Azərbaycanın xarici siyasət konsepsiyasını belə izah edirdi: Müstəqil dövlət kimi Azərbaycan öz milli mənafelərinə uyğun olan müstəqil xarici siyasət aparır. Müstəqil xarici siyasət aparmaq müstəqilliyi daha da möhkəmləndirmək deməkdir. Biz həm xarici əlaqələrdə, həm də Azərbaycanın daxilində bir çox çətinliklərlə rastlaşdığımıza baxmayaraq, öz müstəqilliyimizi qoruyaraq dünyada müstəqil siyasət aparırıq. Biz bu gün ulu öndər Heydər Əliyevin 1993-cü ildən sonrakı dövrdə apardığı düzgün tarixi siyasətin bəhrələrini görürük.

Ümummilli lider Heydər Əliyev müstəqil dövlətin milli ideologiyasını yaratdı - azərbaycançılıq təlimini dövlətçilik ideologiyasına çevirdi. Azərbaycan diasporunu formalaşdıran dünya azərbaycanlılarının birinci qurultayındakı (10 noyabr 2001) tarixi nitqində demişdir: ...hər bir insan üçün milli mənsubiyyəti onun qürur mənbəyidir. Həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!

Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı, Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq. Müstəqil Azərbaycanın ideoloji əsaslarını onun ideologiyası formalaşdırır. Böyük rəhbər Heydər Əliyev bütün mədəniyyətimizi, tariximizi, etnoqrafiyamızı, çoxəsrlik adət-ənənələrimizi, klassik yazılı və şifahi ədəbiyyatımızı, nəhayət, ana dilimizi azərbaycançılığın təməlinə gətirdi, onun izahına yönəltdi. Onun azərbaycançılıq təlimi xalqın milli varlığını müəyyən edən başlıca amildən ana dilinə - Azərbaycan dilinə münasibətdən başlanır: İnkişaf etmiş zəngin dil mədəniyyətinə sahib olan xalq əyilməzdir, böyük gələcəyə malikdir. Ona görə də xalqımıza ulu babalardan miras qalan bu ən qiymətli milli sərvəti hər bir Azərbaycan övladı göz bəbəyi kimi qorumalı, daim qayğı ilə əhatə etməlidir. Bu, onun vətəndaşlıq borcudur.

...Dil xalqın böyük sərvətidir. Ədəbi dilin tərəqqisi olmadan mənəvi mədəniyyətin tərəqqisi mümkün deyildir. Ulu öndər Heydər Əliyevin azərbaycançılıq təlimi tarixi - mənəvi əsaslara istinad edirdi. Bu təlim dövlətçilik statusu alandan sonra, daha doğrusu, müstəqil dövlətçiliyin ideologiyasına çevrildikdən sonra böyük siyasi prioritetləri olan idərəçilik gücü kəsb etdi. Akademik Ramiz Mehdiyev onun daxili mahiyyətini, güc mənbəyini təhlil edərək yazır: Azərbaycançılıq xalqımızın çox əzab-əziyyətlə nail olduğu tarixi sərvətdir. O, real, bölünməz Azərbaycanı qoruyub saxlamaq və möhkəmləndirmək üçün vasitədir. Bu gün azərbaycançılıq milli həyatın, konfessiyaların harmoniyasının çoxəsrlik ənənəsi, ölkədə yaşayan bütün millətlərin və etnik qrupların qardaşlığı, əlaqə və təsirinin tarixi, onların ümumi taleyi və müstəqil Azərbaycanın bütövlüyü uğrunda birgə mübarizəsinin tarixi təcrübəsidir. Azərbaycançılıq müstəqil dövlətdə demokratiyanı, mətbuat və söz azadlığının bərqərar olmasını təmin edir, cəmiyyətin strukturlanmasına şərait yaradır.

Demokratiya bəşəriyyətin əldə etdiyi əsas ictimai-tarixi nailiyyətlərdən biridir. O insan azadlığının təminatını, insanın özünüifadə hüququnu, insan haqlarına hörmət və ehtiramı nəzərdə tutur.

Ən böyük azadlıq təfəkkürün azadlığıdır. Yalnız bu əsasda bütün digər azadlıqlar mümkün ola bilər.

Müstəqilliyin əsasında milli özünüdərk konsepsiyası dayanır. Milli özünüdərk prosesi keçirməyən, milli özünüdərkə nail olmayan xalq müstəqil ola bilməz. Azərbaycan xalqı tarixdə bir dəfə - XX əsrin əvvəllərində milli azadlığın, milli özünüdərkin həzzini dadmışdı. Lakin 20-ci ilin aprelində Azərbaycana qırmızı qaranlıqlar (Əlibəy Hüseynzadə) çökdü, yadın yaddaş üzərində hökmranlığı başlandı, nə az, nə çox - 70 il davam etdi. Lakin totalitar kommunist ideologiyasının və onun qorxunc dövlət maşınının qətllər, qanlı repressiyalar törətdiyi sovet dönəmində də xalqın yaddaşından müstəqillik, milli azadlıq arzusunu çıxara bilmədi. Xalqımız 70 il milli azadlığa qarşı çevrilmiş siyasi terrora əzmlə dözüb, davam gətirdi. Elə sovet dönəmində, 1937-ci ildə repressiyalara məruz qalsa da, ədəbiyyatımız, mədəniyyət və incəsənətimiz rəmzlər, obrazlı düşüncə vasitəsilə Azərbaycan xalqının milli ideallarını qoruyub saxladı. Mühacirət etmiş Əlibəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu, M.B.Məmmədzadə, C.Hacıbəyli kimi siyasi xadimlər və mütəfəkkirlər, Ə.Cavad, S.Mənsur, A.İldırım kimi şairlər öz poeziyalarında milli ideallara sədaqətlərinə görə vətəndən didərgin düşdülər. Sovet rejimi ilə barışmadıqlarına, istiqlalçı olduqlarına görə M.Müşfiq, romantik şair və filosof H.Cavid, yazıçı S.Hüseyn, tənqidçi Əli Nazim, türkoloq-dilçi professor Bəkir Çobanzadə, ədəbiyyat tarixçiləri Salman Mümtaz, Əmin Abid, folklorçu Hənəfi Zeynallı... 1937-ci ildə cəmi 15-20 dəqiqə çəkən məhkəmənin - hərbi üçlüyünün hökmü ilə ən ağır cəzaya məruz qaldılar.

Bəli, istiqlalın yolu çətin və şərəflidir. Biz yenidən XX əsrin son onilliyində milli istiqlalımızı qanlar bahasına bərpa etdik: 20 Yanvar qırğını, tarixdə görülməmiş amansız Xocalı soyqırımı! Yanvarın 20-də şəhidlərimiz öz ölümləri ilə amansız sovet imperiyasını da öldürdülər: Vətən torpağına bədənləri ilə azadlıq toxumu əkdi şəhidlər (B.Vahabzadə). Azərbaycan xalqı sübut etdi ki, heç bir rejim, total zorakılıq xalqın iradəsini qıra, onun azadlıq və istiqlaliyyət arzusunu məhv edə bilməz. Milli ruh ilahi qüvvəyə malikdir, türk ruhu minilliklərin daş yaddaşından süzülüb gəlir, əslində bu ruh qalibiyyət iksiridir, millətimizin nəğməsində, sazında, sözündə əbədiləşib ümumiyyətlə, müstəqillikdən danışarkən ədəbiyyatımızın xalqımız üçün nə qədər zəngin sərvət olduğunu qeyd etmək lazımdır. Bizim ədəbiyyatımız, mədəniyyətimiz xalqımızın milli sərvətidir və intellektual mülkiyyətidir. Hər bir müstəqil dövlət müstəqil olmaq üçün bir neçə amillərə malik olmalıdır - onun müstəqil yaşaması üçün ərazisi, iqtisadiyyatı, təbii sərvətləri olmalıdır, müstəqil dövləti qoruyan ordusu olmalıdır, daxili vəziyyəti qoruyan qüvvələri olmalıdır, silahı, pulu, valyutası olmalıdır. Bunlar olmasa müstəqil dövlət ola bilməz. Ulu öndər Heydər Əliyev 1993-1998-ci illər ərzində bu deyilənlərin hamısını yaratmağa əzmlə nail oldu. Böyük rəhbər təkcə müstəqilliyin özünü yaratmadı, onu qorumağın yollarını öyrətdi, prioritetlərini göstərdi və ən əsası gələcəkdə müstəqilliyi tarixdə irəli apara biləcək lideri nişan verdi. Bu gün dahi Heydər Əliyevin idarəçilik məktəbinin ən istedadlı və ən ləyaqətli davamçısı İlham Əliyevdir. Mən hər bir azərbaycanlının Prezidenti olacağam! bəyanatı ilə hakimiyyətə gələn İlham Əliyev ölməz Heydər Əliyevin ideallarına sadiq qalaraq eyni qalibiyyət, hakimiyyət əzmi ilə sözdə yox, işdə, əməldə, siyasətdə hər bir azərbaycanlının sevimli Prezidenti olmağı bacardı, hər bir azərbaycanlının təkcə evinə, həyatına deyil, həm də ürəyinə daxil ola bildi.

Böyük türk yazıçısı Çingiz Aytmatov onun haqqında belə demişdi: İlham Əliyev XXI əsrin lider etalonudur. Bu, müstəqil Azərbaycan Prezidentinə verilən ən doğru qiymətdir: əzəmətli görkəm, dönməz siyasi iradə, intellektual düşüncə tərzi, insanı ovsunlayan nitq mədəniyyəti, ən çətin danışıqlarda müsahibini asanlıqla təslim edən diplomatik təfəkkür və məntiq Azərbaycan Prezidenti İlham Əliyevə böyük beynəlxalq nüfuz gətirən başlıca cəhətlərdir. Elə bu əzəmətli xüsusiyyətlərlə də o, atasının Müstəqilliyimiz əbədidir, dönməzdir deyərək müəyyən etdiyi yolla Azərbaycan xalqını tarixin çətinliklərindən çıxararaq istiqlal dolu sabahlara aparır. O, dövlətçilik işində müəyyən olunmuş böyük amalları faktlaşdıran, həyat gerçəklərinə çevirən qüdrətli siyasi fenomendir. Bu gerçəkliyin adekvatlığı, məqsədyönlülüyü ölkənin milli mənafelərini əks etdirməsi respublikanın hər bir vətəndaşında gələcəyə böyük inam və əminlik yaradır.

Bu gün bütün dünyada Azərbaycan sülh və əməkdaşlıq paytaxtı kimi tanınır, beynəlxalq miqyaslı layihələrin lokomotivinə çevrilir. Respublikamızda ictimai asayişin, qanunçuluğun və hüquq qaydalarının etibarlı təminatı, vətəndaşların konstitusion mənafelərinin yüksək səviyyədə qorunması ölkənin demokratik-hüquqi bazasının möhkəmliyinə təkan verir. Siyasi sabitlik, korrupsiyasız cəmiyyət, idxaldan azad dinamik iqtisadiyyat, heç bir dövlətdən asılı olmayan müstəqil daxili və xarici siyasət, azad rəqabətə əsaslanan bazar münasibətləri, idmanın və mədəniyyətin inkişafına dövlət qayğısı, demokratik media və təsisatlara açıq yol, Bakının müasir dünya şəhərinə çevrilməsi naminə nəhəng tikinti və quruculuq işləri Azərbaycan Prezidenti İlham Əliyevin Azərbaycanın müstəqilliyinin tam bərqərar olması və qorunması naminə gördüyü işlərin prioritet istiqamətləridir. Prezident İlham Əliyev çıxışlarında müasir dövrdə hər bir xalqın, dövlətin gələcək taleyini insan kapitalının müəyyənləşdirdiyini söyləyir. Ölkənin təhsil sisteminin, zəngin biliyin, innovasiya iqtisadiyyatının, informasiya texnologiyalarının əsasında formalaşan bu kapital elm və təhsilin, yüksək ixtisaslı kadr potensialının, dövlətin mədəni-intellektual potensialının bazasında yaranır. Ona görə də bu gün respublikamızın təhsil sistemində aparılan innovativ yeniliklər, çevik islahatlar, dünyanın qabaqcıl dövlətlərinin mütərəqqi təhsil ənənələrinin mənimsənilməsi, təhsilimizin forma və məzmunca müasirləşdirilməsi, davamlı inkişafa yönəlmiş əsaslı infrastruktur dəyişikliklərinin aparılması xalqımızın layiq olduğu xoşbəxtliyə qovuşmasına xidmət edir. Mərhələ-mərhələ həyata keçirilən regionların inkişafı dövlət proqramları müstəqilliyin inkişafına təminat verən uğurlu daxili siyasətin nəticəsidir. İndi regionlarla paytaxt arasında fərqlər azalıb: idman kompleksləri, diaqnostika mərkəzləri, yol qovşaqları, çoxmərtəbəli binalar, ölkədə yoxsulluğun minumum həddə çatdırılması, modern ticarət şəbəkələri, rayon mərkəzlərini və kəndləri görünməmiş sürətlə dəyişdirib. Ən başlıcası: Azərbaycan əhalisi kütlə səviyyəsi və psixologiyasından uzaqlaşıb, müstəqilliyin verdiyi bəhrələrin nəticəsində insanların şəxsiyyət kimi özünə hörməti, milli heysiyyəti, dövlətə inamı və hörməti artıb.

Müstəqilliyimizin 25 illik şərəfli tarixini qeyd etdiyimiz bir vaxtda suveren ölkəmizə qarşı bütün bu illər ərzində davam edən, məhz müstəqilliyimizə qəsd kimi qiymətləndirə biləcəyimiz Dağlıq Qarabağ probleminə son qoyulması ən ülvi arzumuzdur. Dörddə bir əsr davam edən bu ədalətsiz tarixi faciəyə son qoyulmağına 2016-cı ilin aprel hərbi əməliyyatlarından sonra əminliyimiz xeyli artıb. Müstəqil Azərbaycan bütün dünyaya sübut etdi ki, torpaqlarımızı işğaldan azad etməyə bizim həm siyasi iradəmiz, həm də hərbi qüdrətimiz var. Amma, Azərbaycan Prezidentinin dönə-dönə bəyan etdiyi kimi, biz hərb yox, sülh istəyirik, ədalətin qalib gələcəyinə inanırıq.

Dünyada iqtisadi böhranın tüğyan etdiyi, bır sıra dövlətlərin asılı vəziyyətə düşdüyü indiki dövrdə Azərbaycan Prezidenti iqtisadi müstəqilliyi qorumaq üçün əvvəlcədən uzaqgörən strateji yol seçdi, çevik və tez bəhrə verən layihələr həyata keçirdi. Ötən illər göstərdi ki, onun seçimi tamamilə düzgündür. Xüsusən qloballaşmanın iqtisadi və siyasi təzyiqləri, Şərq ölkələrində çoxlu insan tələfatı, miqrasiya böhranı, müsəlman mədəniyyətinin məhvi ilə nəticələnən lokal müharibələrə dövlətimizin düzgün tarixi münasibəti ölkə başçısının uzaqgörənliyini göstərdi.

Müstəqilliyimizin əbədiyyəti və qorunması dövlətimizin geosiyası baxımından onunla qonşu olan böyük dövlətlərlə balanslaşmış siyasət aparmasından asılıdır. Azərbaycan Prezidenti İlham Əliyev Rusiya, İran və Türkiyə ilə siyasi cəhətdən etibarlı, tarixən düzgün və müstəqil Azərbaycanın milli və dövlətçilik mənafelərinə uyğun xarici siyasət aparır. Bu da Qafqaz regionunda lider dövlət kimi Azərbaycanın nüfuzunu və qüdrətini təmin edir.

Müstəqil dövlət kimi Azərbaycan özünü dünyaya yeni yöndən, novator parametrlərlə təqdim etməyə nail olur. Müstəqilliyimizin iyirmi beş illiyi tamam olan 2016-cı il Multikulturalizm ili elan olunub. Bu istiqamətdə ölkəmizdə nüfuzlu tədbirlər keçirilib, bu sahədə elmi-siyasi fikir formalaşıb. Multikulturalizm ta qədimdən biz türklərin həyat tərzidir, 1300 illiyini qeyd etdiyimiz Kitabi-Dədə Qorqud eposundan, dahi Nizaminin Yeddi gözəl dastanından tutmuş bugünədək ədəbiyyatımızda multikulturalizm örnəkləri özünə yer alıb. Bu onu göstərir ki, ölkəmiz tarixən bəşəri dəyərlər diyarı olmuşdur. Bütün millətlər, dinlər, mədəniyyətlər müstəqil Azərbaycanda sərbəst fəaliyyət göstərə, dinc yanaşı yaşaya bilər. Bir şərtlə ki, dini ekstremizmə yol verilməsin, milli-mənəvi və dövlətçilik mənafelərinə zərər vurulmasın.

Millət və dövlət müstəqilliyimizin qoşa qanadıdır. Müstəqillik münəvvər Azərbaycan gəncliyinin milli idealı, xoşbəxt gələcək arzusudur.

Müstəqilliyimiz həyata keçmiş arzumuz, tarixə dönmüş milli qürurumuz, bir millət kimi dünyada özünütəsdiqliyimizin əbədi ifadəsidir. Bu gün Azərbaycan müstəqilliyinin 25 illiyini həm siyasi, həm iqtisadi sahədə böyük tarixi nailiyyətlərlə qarşılayır.