Azərbaycan.-2016.-16 oktyabr.-228.-S.1, 4.

 

İlham Əliyev Azərbaycan tarixinin mühüm ilklərinin müəllifidir

 

Musa QASIMLI,

Milli Məclisin deputatı, AMEA Qafqazşünaslıq İnstitutunun direktoru, professor

 

Azərbaycan xalqının dövlət müstəqilliyinin bərpa edilməsinin 25-ci ildönümü tamam olur. Bu 25 ilin 13 ili Prezident İlham Əliyevin rəhbərliyi altında keçmişdir. Məlum olduğu kimi, cənab İlham Əliyevin 2003-cü ildə keçirilən prezident seçkilərində qələbə qazanaraq hakimiyyətə gəlməsi ilə qədim və zəngin dövlətçilik ənənələri olan Azərbaycan tarixində yeni keyfiyyət mərhələsi başladı.

İlham Əliyevin prezidentliyinin ilk 13 ilində ölkəmizdə daxili siyasətdə-dövlət idarəçiliyində, ictimai-siyasi, iqtisadi, mədəni həyatda müstəsna əhəmiyyət daşıyan işlər görülmüşdür.Tamamilə yenidən qurulan Azərbaycan müasirləşmiş, modern bir ölkəyə çevrilmişdir.

Xarici siyasət sahəsində əhəmiyyətli fəaliyyət göstərilmişdir. Azərbaycan beynəlxalq neft-qaz, nəqliyyat-kommunikasiya layihələrinin reallaşdırıldığı ölkə olmuş, mövqeləri möhkəmlənmiş, nüfuzu artmışdır.

Məlum olduğu kimi, tarixi şəxsiyyət konkret məkan və zaman daxilində fəaliyyət göstərdiyindən onun dövrünə də məhz həmin baxımdan yanaşılır. Lakin zamandan uca olanlar, xalqının bir neçə on illər və bəzən də yüz illər sonrakı inkişaf yolunu əvvəlcədən müəyyənləşdirənlər, ömrünü xalqın tərəqqisi üçün başlıca şərt olan dövlətin qüdrətlənməsinə həsr edənlər dahilər olurlar, onlardan sonra hakimiyyətə gələn və dövlətini güclü etmək istəyən rəhbərlər adətən həmin dövlət rəhbərlərinin fəaliyyətlərinə, təcrübəsinə müraciət edirlər. Məhz həmin meyarlar baxımından Prezident İlham Əliyev şəxsiyyətinə diqqət yetirmək, bir sıra suallara elmi cəhətdən əsaslandırılmış və məntiqi cavab vermək müstəqillik dövrü tarixinin 13 ilini doğru bilmək, qiymətləndirmək və düzgün nəticələr çıxarmaq baxımından əhəmiyyətlidir. Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra ötən 25 ilin zirvəsindən cənab İlham Əliyev prezidentliyinin ilk 13 ilində dövlət və siyasi xadim olaraq necə görünür və həmin fəaliyyət hansı dərslər verir?

Azərbaycan Respublikasının BMT Baş Məclisində nitq söyləyən ilk Baş naziri

Cənab İlham Əliyev Azərbaycan Respublikasının BMT Baş Məclisinin sessiyasında nitq söyləyən ilk Baş naziri olmuşdur. Məlum olduğu kimi, 2003-cü ilin sentyabr ayında BMT Baş Məclisinin 58-ci sessiyasında iştirak edən Azərbaycan Respublikasının Baş naziri İlham Əliyev öz çıxışında beynəlxalq aləmdə mürəkkəb proseslərin cərəyan etdiyi dövrdə üzvlərin arasında qarşılıqlı anlaşılmazlıqların meydana çıxmasına görə BMT Təhlükəsizlik Şurasının şəraitə uyğun, çevik və adekvat münasibət göstərə bilməməsini qeyd edərək, mövcud BMT mexanizmlərinin zamanın tələbinə cavab vermədiyini vurğuladı və bununla bağlı təşkilat daxilində islahatların vacib məsələyə çevrildiyini bildirdi. Cənab İlham Əliyev çıxışında regional və beynəlxalq təhlükəsizliyə qarşı olan təhdidlərlə bağlı fikirlərini açıqladı, dünyada cərəyan edən mürəkkəb proseslərdə BMT-nin yenidən strukturlaşmasını, onun perspektiv fəaliyyət strategiyasında əsaslı dəyişiklilər etməsini ön plana çıxardı. Azərbaycanın hökumət başçısının fikrincə, BMT Təhlükəsizlik Şurasında həm bugünkü, həm də yarıməsrlik reallıqlar öz əksini tapmalıdır. Azərbaycan Respublikası BMT mexanizmlərinin yenidən işlənməsini, xüsusilə də Təhlükəsizlik Şurasının daimi üzvlərinin veto hüququna yenidən baxılmasını təklif etdi. Eyni zamanda, Şərqi Avropa dövlətlərindən bir ölkənin Təhlükəsizlik Şurasının üzvlüyə qəbul edilməsinin vacibliyini bildirdi. O zaman bir çoxları belə bir təklifin nə üçün edildiyini və mahiyyətini dərk etmirdi. Cənab İlham Əliyevin bu təklifinin məqsədinin uzaqgörənliyi özünü yalnız səkkiz il sonra göstərdi.

 

Azərbaycan Respublikasını BMT Təhlükəsizlik Şurasının üzvü seçdirən Prezident

Cənab İlham Əliyevin tariximizdə yaratdığı ilklərdən biri yürütdüyü uğurlu xarici siyasət nəticəsində Azərbaycan Respublikasının BMT Təhlükəsizlik Şurasına üzv seçilməsi olmuşdur. 2011-ci ildə də 2012-2013-cü illər üçün Təhlükəsizlik Şurasının 5 qeyri-daimi üzvü seçilməli idi. Məlum olduğu kimi, Təhlükəsizlik Şurası dünyada sülh və təhlükəsizliyin təmin edilməsi üzrə BMT-nin məsul qurumu olaraq 5 daimi və 10 qeyri-daimi üzvdən ibarətdir. BMT Baş Məclisinin Prosedur Qaydalarının 142-ci bəndinə əsasən hər il BMT Təhlükəsizlik Şurasının 10 qeyri-daimi üzvündən 5-i yenilənir. Təhlükəsizlik Şurasına üzv olmağın bir sıra şərtləri vardır. O dövlət bu quruma üzv ola bilər ki, sülhə, təhlükəsizliyə, tolerantlığa, iqtisadi inkişafa, millətlərarası və sivilizasiyalararası münasibətlərə, dialoqa konkret töhfələr verir.

BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə seçkilərdə namizədlər regional qruplar tərəfindən irəli sürülür. O zaman Afrikadan və Asiya-Sakit okean regionundan beş ölkə öz namizədliyini irəli sürmüşdü. Bunlar Qırğızıstan, Mavritaniya, Mərakeş, Pakistan və Toqo idi. Onlar 2011-ci il dekabrın 31-də Qabon, Livan və Nigeriya tərəfindən azad olunan yerlər uğrunda mübarizə aparırdılar. İlin sonunadək Bosniya və Herseqovinanın tutduğu yerə Şərqi Avropa dövlətləri qrupundan üç ölkə - Azərbaycan, Macarıstan və Sloveniya iddia edirdi. Reqlamentə görə qeyri-daimi üzvlüyə seçkilər gizli səsvermə yolu ilə həyata keçirilir. Azərbaycan, Qırğızıstan və Qvatemaladan başqa digər ölkələr artıq əvvəllər BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olmuşdular.

BMT Təhlükəsizlik Şurasına iki illik qeyri-daimi üzvlük üçün 17 raundluq səsvermə keçirildi. Səsvermənin ilk raundu 21 oktyabr tarixində oldu. Şərqi Avropa qrupundan namizədliyini irəli sürən Sloveniya və Macarıstan ilə mübarizə aparan Azərbaycan seçkilərin 16 mərhələsində əvvəl Macarıstan, sonra isə Sloveniya üzərində üstünlük qazanaraq 17-ci mərhələdə qələbə üçün tələb olunan 129 səsdən də çox olan 155 səs əldə etdi. Bundan əvvəl baş tutan səsvermənin 16-cı mərhələsində Azərbaycan 116, Sloveniya isə 77 səs toplamışdı. Səsvermənin axırıncı mərhələsindən əvvəl Sloveniya tərəfi namizədliyini geri götürdü. Axırıncı mərhələdə isə Azərbaycanın lehinə 155 ölkə səs verdi, 24 ölkə bitərəf qaldı və 13 ölkə yenə də Sloveniyaya səs verdi. Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzvlüyü 2012-ci il yanvarın 1-dən başladı və 2013-cü il dekabrın 31-nə qədər davam etdi. Azərbaycan Respublikası iki il ərzində Şərqi Avropa dövlətlər qrupunu bu qurumda təmsil etdi.

Ən qəribəsi və gülünc görünən bu idi ki, Şərqi Avropa ölkələri qrupundan təcavüzkar Ermənistan da Təhlükəsizlik Şurasının üzvu seçilmək iddiasına düşmüşdü. Amma bu ölkənin hansı əməli işi ilə bu quruma üzv olmaq istəyi məntiqsiz idi.Rüsvay olacaqlarını və heç birinci turdan belə keçməyəcəklərini anladıqları üçün ermənilər namizədlikdən imtina etdilər.

Azərbaycan Respublikasının BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv qəbul edilməsi böyük tarixi əhəmiyyət daşıyan hadisə idi. Bu, Azərbaycan dövləti və xalqının tarixində qürurverici bir ilk idi. Hər şeydən əvvəl ona görə ki, Azərbaycan Respublikası özünün müstəqilliyinin 20-ci ilində artıq dünya siyasətini müəyyən edən 15 ölkədən birinə çevrilmişdi. Bu möhtəşəm hadisə Azərbaycanın beynəlxalq nüfuzunu daha da artırdı, regionun lideri statusunu möhkəmləndirdi. Həm də onu göstərdi ki, siyasi iradə və əzm olan yerdə istənilən hədəfə çatmaq olar. Bu, sadəcə üzv qəbul olunmaq məsələsi deyil, ölkəmizin beynəlxalq aləmdə artan nüfuzunun göstəricisinin təsdiqi idi. Azərbaycan Cənubi Qafqaz və Mərkəzi Asiya regionunda BMT Təhlükəsizlik Şurasının üzvü seçilən ilk ölkə oldu. Bu da rəmzi bir hal idi ki, Azərbaycan tarixi qələbəni BMT-nin təsis edildiyi gün olan oktyabrın 24-də əldə etmişdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bununla bağlı olaraq verdiyi bəyanatında deyirdi:

...Bir neçə saat bundan əvvəl ölkəmizin həyatında çox əlamətdar və tarixi hadisə baş vermişdir. BMT Təhlükəsizlik Şurasına seçkilərdə Azərbaycan bu mötəbər təşkilatın üzvü seçilmişdir. Bu böyük qələbə münasibətilə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Bu, həqiqətən də böyük qələbədir. BMT Təhlükəsizlik Şurası dünyanın ən mötəbər qurumudur və Azərbaycan müstəqil dövlət kimi artıq bu qurumun üzvüdür.

...Bu qələbə Azərbaycan xalqının qələbəsidir. Bu qələbə Azərbaycan dövlətinin qələbəsidir, siyasətimizin təntənəsidir...

BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv qəbul olunması Azərbaycan diplomatiya tarixində əldə edilmiş ən böyük nailiyyətlərdən biri olmaqla, ölkənin son illər dünya miqyasında artan siyasi nüfuzunun bariz sübutu oldu. Azərbaycan sabit inkişaf edən, yüksək iqtisadi göstəricilərə nail olan və beynəlxalq siyasətdəki fəaliyyətləri ilə dünya ictimaiyyətinin rəğbətini qazanan dövlət olaraq bütün bu müvəffəqiyyətlərin nəticəsində beynəlxalq səviyyədə ən mötəbər qurumun üzvlüyünə seçilmişdi. Səsvermə Azərbaycan Respublikasının beynəlxalq aləmdə artan çəkisinin, ərazi bütövlüyü və sərhəd toxunulmazlığının bir daha təsdiqlənməsi oldu. Digər tərəfdən, bu hadisə son illərdə Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan dövlətinin dünya siyasətindəki müxtəlif qlobal problemlərin müzakirəsinə cəlb olunması, ölkəmizin regional siyasətlə yanaşı, dünya siyasətinin də əsas aktorlarından birinə çevrilməsini göstərirdi.

2012-2013-cü illərdə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi fəaliyəti müddətində dövlətimiz bir sıra məsələlərin gündəliyə çıxarılmasına nail oldu. Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində yaradılmış Dağlıq Qarabağ münaqişəsi ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə həll edilməmiş qaldığından Azərbaycan dövləti BMT Təhlükəsizlik Şurasında qeyri-daimi üzvlükdən istifadə edərək, özünün təhlükəsizlik problemlərini, ilk növbədə, pozulmuş ərazi bütövlüyü məsələsini BMT Təhlükəsizlik Şurasının gündəliyinə çıxartmaq, xüsusilə, 2012-ci ilin mayında və 2013-cü ilin sentyabrında 1 ay müddətinə Təhlükəsizlik Şurasının sədri funksiyalarını icra edərkən BMT Təhlükəsizlik Şurasının problemlə bağlı qəbul edilmiş dörd qətnaməsinin yerinə yetirilməsi üçün yeni təşəbbüslə çıxış etmək və Təhlükəsizlik Şurasında Ermənistanın işğalçılıq siyasəti ilə bağlı yenidən məsələ qaldırmaq, beynəlxalq hüququn normalarının bərpasını tələb etmək hüququ qazanırdı.

Azərbaycan dövlətinin BMT Təhlükəsizlik Şurasına üzv olması Ermənistanda faciə kimi qarşılandı. Lakin təcavüzkar ölkənin təxribatları və iyrənc fəaliyyətləri heç bir nəticə vermədi. Çünki ABŞ, Çin, Rusiya, Böyük Britaniya və Fransa kimi daimi üzvlərlə birgə Azərbaycanın da dünyanın bir nömrəli beynəlxalq təşkilatının ən ali qurumunda iştirakı Azərbaycan Respublikası dövlətinin tutduğu yolun dünya tərəfindən dəstəklənməsinin əyani təsdiqi, həm də beynəlxalq birliyin Azərbaycanda yürüdülən siyasətə və Prezident İlham Əliyevin fəaliyyətinə verdiyi önəmin təzahürü, dünya ictimaiyyətinin ölkəmizə olan inam və etimadının ifadəsini özündə ehtiva edirdi. Azərbaycanın yürütdüyü siyasətin yanında Ermənistan çox cılız görünürdü.

Prezident İlham Əliyevin tövsiyəsi əsasında Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi BMT Təhlükəsizlik Şurasının üzvü olaraq qarşıdan gələn iki il müddətində öz təcrübəsinə uyğun sahələrdə, xüsusilə də sivilizasiyalararası dialoq, iqtisadi cəhətdən az inkişaf etmiş dövlətlərə yardım və digər humanitar məsələlərə dair yeni layihələr hazırladı.

Prezident İlham Əliyevin BMT Təhlükəsizlik Şurasının iclasında sədrliyi və nitqi

Prezident İlham Əliyev BMT Təhlükəsizlik Şurasının iclasına sədrlik edən və orada nitq söyləyən Azərbaycan Respublikasının ilk dövlət başçısıdır. 2012-ci il mayın 4-də Azərbaycan Respublikası dövləti BMT Təhlükəsizlik Şurasına sədrlik etdi. O, bu estafeti aprel ayında şuraya sədrlik etmiş ABŞ-dan almışdı. 4 may tarixində Prezident İlham Əliyev BMT Baş Məclisinin iclasına sədrlik etdi və orada dərin məzmun daşıyan nitq söylədi. Bu, Azərbaycan tarixində möhtəşəm bir ilk idi. Prezident İlham Əliyevin sədrliyi ilə keçən iclasında dövlət başçısı iclasın gündəliyinin Terror aktlarının beynəlxalq sülh və təhlükəsizliyə yaratdığı təhdidlər mövzusuna həsr olunduğunu diqqətə çatdırdı. BMT-nin Baş katibi Pan Gi Mun, Almaniyanın xarici işlər naziri Guido Vestervelle, Toqonun xarici işlər və əməkdaşlıq naziri Eliot Ohin, Barak Obama kabinetinin üzvü, ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Susan Rays, Mərakeşin xarici işlər və əməkdaşlıq naziri Yusif Əmrani, Rusiya Federasiyası Prezidentinin terrorizm və mütəşəkkil cinayətkarlıqla mübarizə üzrə xüsusi nümayəndəsi Aleksandr Zmeyevski, Kolumbiyanın çoxtərəfli işlər nazirinin müavini Patti Londono, Çin Xalq Respublikasının nümayəndəsi, Pakistan, Böyük Britaniya, Hindistan, Cənubi Afrika Respublikası, Qvatemala, Fransa və Portuqaliya nümayəndələri də çıxışlarında Azərbaycan Respublikasının tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik etdiyini bildirərək, bu münasibətlə təbriklərini çatdırdılar, söylədilər ki, terror dünyadan hələ də əl çəkməmişdir və ona qarşı mübarizə tədbirləri davam etdirilməlidir.

4 may tarixli iclasa sədrlik edən Azərbaycan Respublikası Prezidentinin dünya problemlərinin həllinin önə sürüldüyü dərin məzmunlu nitq söyləməsi müasir müstəqil Azərbaycan tarixində qürurverici bir ilk idi. Nitqində Prezident İlham Əliyev vurğulayırdı:

...Terrorçuluq beynəlxalq sülh və təhlükəsizliyə, o cümlədən bütün üzv dövlətlərdə insan hüquqlarının, fundamental azadlıqların, demokratiyanın, siyasi müstəqilliyin, suverenliyin, ərazi bütövlüyünün və nəhayət, sosial və iqtisadi inkişafın bərqərar olunmasına ciddi təhdiddir.

Azərbaycan terrorçuluğun bütün forma və təzahürlərini qəti surətdə pisləyir. Biz hesab edirik ki, bütün terror aktları ağır cinayətdir, onlar pislənməli və bunu törədənlər isə cəzalandırılmalıdırlar. Terrorçulara öz əməllərini əsaslandırmaq üçün heç vaxt imkan verilməməlidir. Səbəblərindən asılı olmayaraq, heç bir terror aktı əsaslandırıla bilməz. Terrorçuluğun dəyişən mahiyyəti və siması, bir çox hallarda onun təcavüzkar separatizm, ekstremizm və mütəşəkkil cinayətkarlığa bağlılığı vardır.

Silahlı münaqişələrə məruz qalan yerlərdə, xüsusən də xarici hərbi işğal altında olan ərazilərdə terrorçuluq ilə həmin məkanda olanlar arasında bir qayda olaraq sövdələşmənin yaranmasına şəraitlər formalaşır. Azərbaycan müxtəlif yollarla terrorçuluğa məruz qalmışdır. Azərbaycan kənardan təşkil olunan terror fəaliyyətinin birbaşa hədəfinə çevrilmişdir. Ermənistan Respublikası Azərbaycanın mülki əhalisi və infrastrukturuna qarşı onlarla terror aktı törətmişdir. Bunun nəticəsində 2 mindən artıq azərbaycanlı həyatını itirmişdir. Ermənistan öz güc strukturlarının bilavasitə iştirakı ilə hazırladığı həmin terror aktlarını beynəlxalq terror qruplarından istifadə edərək törətmişdir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin fəal fazasında Ermənistan etnik təmizləməyə nail olmaq üçün hərbi təcavüzlə yanaşı, mülki əhaliyə qarşı geniş şəkildə terror aktlarından da istifadə etmişdir. Həmin vəhşilik aktları 1992-ci ilin fevral ayında Xocalı əhalisinin məhv edilməsi ilə kulminasiya nöqtəsinə çatdı. Həmin vaxt 613 günahsız insan, o cümlədən qadınlar, uşaqlar və yaşlılar öz həyatı ilə vidalaşmışdır. Yüzdən artıq qadın, altmış üç uşaq qətlə yetirilmişdir. Ermənistan həmçinin münaqişə zonasından uzaq məsafədə də ictimai nəqliyyatda və mühüm infrastruktur yerlərində, 1994-cü ildə Bakı metrosunda bomba partlayışı və digər əməllər kimi terror aktlarını törədərək, mülki əhaliyə qarşı mübarizə apardı.

Bu gün Ermənistanın terror risklərindən irəli gələrək, biz əsasən terror hədələrinin tərəfimizdən zərərsizləşdirilməsinə baxmayaraq, bu risk yenə də yüksək olaraq qalır. Bir sıra terror aktlarının, o cümlədən Azərbaycanın mülki infrastrukturlarına, xüsusən su rezervuarları və bəndlərinə, neft kəmərləri şəbəkəsinə hücum edilməsi kimi əməllərin legitim hərbi taktikası olması ilə bağlı açıq bəyanatlar və fikirlər hələ də müşahidə edilir. Bunlar birmənalı surətdə mülki əhali arasında yüz minlərlə tələfatın olması ilə nəticələnə bilər. Beynəlxalq terror təşkilatlarının elementləri Ermənistanın təhlükəsizlik və müdafiə sektoruna inteqrasiya edilib. Avropa dəyərlərinə və universal dəyərlərə sadiq olduğunu göstərməyə çalışan ölkə tərəfindən beynəlxalq terror təşkilatlarının üzvlərini qəhrəman kimi qələmə vermək və onlara abidələr ucaltmaq səylərini görmək təəssüf doğurur.

Azərbaycan Respublikası BMT üzvləri arasında cəmi 20 il əvvəl dövlət müstəqilliyini bərpa etmiş bir ölkə olsa da, bu qurumda tutduğu rəhbər mövqenin və Prezident İlham Əliyevin nitqinin böyük tarixi əhəmiyyəti var idi. Hər şeydən əvvəl, dövlət rəhbərinin nitqi Azərbaycanın təkcə XXI əsr tarixi üçün deyil, həm də bütün dövlətçilik tarixi üçün yaddaqalan və möhtəşəm idi. Çünki Azərbaycanın dövlət başçısı ilk dəfə olaraq Təhlükəsizlik Şurasının iclasına sədrlik edir və nitq söyləyirdi. Bu nitq Azərbaycan dövlətinin beynəlxalq təşkilatda təmsil olunması, dünya siyasətindəki bu və ya digər uğuru, respublikanın müstəqil ölkə kimi təsdiqi baxımından əhəmiyyətli idi. Ona görə də BMT kimi dünyanın nüfuzlu beynəlxalq təşkilatında edilən nitq mühüm mahiyyət daşıyır. Söylənən nitq Prezident İlham Əliyevin nüfuzuna təsir edən və onun dünya miqyasında çəkisini göstərən beynəlxalq amil idi. Prezident İlham Əliyev buna qədər də xarici ölkələrdə və beynəlxalq təşkilatların toplantılarında dəfələrlə nitqlər söyləmiş və rəğbətlə qarşılanmışdı. Azərbaycan Prezidenti etdiyi nitqləri və siyasi-dövlətçilik fəaliyyəti ilə bəzən mövcud diplomatiya çərçivələrini aşıb keçən liderlər sırasına daxildir. Təhlükəsizlik Şurasında etdiyi nitq də bu baxımdan diqqəti cəlb edirdi. Adətən dövlət başçıları Təhlükəsizlik Şurasında etdikləri nitqlərində bitərəf mövqe tutur, öz ölkələrinin problemlərini gündəliyə gətirməkdən çəkinirlər. Lakin Azərbaycan Prezidenti belə etmədi. O, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi, dünya terror şəbəkələrində aparıcı mövqe tutması problemlərindən bəhs etdi. Azərbaycan Prezidentinin söylədikləri erməni terrorunun təkcə Azərbaycan deyil, bütün dünya üçün təhlükəli olduğunu dünyaya çatdırmaq baxımından da əhəmiyyətli idi. Çünki Ermənistan terrorçuluğu dəstəkləyir və Azərbaycanın işğal olunmuş ərazilərində terrorçuların düşərgələrini saxlayır və digər qanunsuz fəaliyyətləri həyata keçirir, terroru dövlət səviyyəsində himayə edir. Azərbaycan isə terrora məruz qalan ölkədir və terrora qarşı mübarizə aparan ölkələrin yanındadır.

Azərbaycanın birinci sədrliyi dövründə BMT Təhlükəsizlik Şurasının 13 açıq, 16 qapalı iclası keçirildi. Bu müddət ərzində BMT Təhlükəsizlik Şurasının 2-si Sudandakı vəziyyətə, 1-i isə Qvineya-Bisaudakı hərbi çevrilişə dair olmaqla 3 qətnaməsi; habelə mətbuat üçün 7 bəyanatı qəbul edildi.

Azərbaycan Respublikasının BMT Təhlükəsizlik Şurasında 2013-cü ilin oktyabr ayından başlayan ikinci sədrliyi də səmərəli oldu. Əsas mövzu kimi 2013-cü il 28 oktyabr tarixində Birləşmiş Millətlər Təşkilatı və İslam Əməkdaşlıq Təşkilatı (İƏT) arasında tərəfdaşlıq əlaqələrinin gücləndirilməsi mövzusunda qurumun yüksək səviyyəli iclası təşkil edildi. Bu dövrdə Təhlükəsizlik Şurasının gündəliyi beynəlxalq sülh və təhlükəsizliyin təmin olunması ilə əlaqədar mühüm məsələləri əhatə etdi. Təhlükəsizlik Şurasında dörd qətnamə, altı bəyanat qəbul edildi. Beynəlxalq sülh və təhlükəsizliyin təmin olunması istiqamətində öz səylərini əsirgəməyən və davamlı şəkildə fəaliyyət göstərən Azərbaycan dövləti BMT Təhlükəsizlik Şurasının sədri qismində beynəlxalq səviyyədə ədalətin və hüququn prinsiplərinin bərqərar olmasına öz mühüm töhfələrini verdi.

Ümumiyyətlə, Prezident İlham Əliyevin liderliyində Azərbaycan Respublikası dövləti BMT Təhlükəsizlik Şurasına üzvlüyü və sədrliyi dövründə üzərinə düşən vəzifələri layiqincə yerinə yetirdi, dünyada sülh və təhlükəsizliyin təmin olunması istiqamətində səylərini davam etdirdi, beynəlxalq hüquq normalarının və ədalətin müdafiəsinə çalışdı, sülh və beynəlxalq təhlükəsizliyə dair qlobal, yaxud regional əhəmiyyətli məsələlərin gündəliyini müəyyənləşdirdi. Azərbaycan diplomatiyasının səyləri dövlətimizin milli maraqlarının qlobal səviyyədə genişləndirilməsinə yönəldi. Terrordan və işğaldan əziyyət çəkən ölkə kimi Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyə yaradılan təhdidləri, o cümlədən Ermənistanın təcavüzkar siyasətini daim diqqətdə saxladı.

Azərbaycan dövləti iki il ərzində qurumun qeyri-daimi üzvü kimi uğurlu fəaliyyətini davam etdirdi, sədrliyi dövründə beynəlxalq sülh və təhlükəsizliyin qorunmasına töhfələrini verdi, şuranın gündəliyində dayanan məsələlərin müzakirəsində fəal rol oynadı və daim öz qətiyyətli mövqeyini ortaya qoydu.

Azərbaycanın Təhlükəsizlik Şurasında hər iki sədrliyi müddətində qurumun 59 açıq və qapalı iclası keçirildi, 7 qətnamə, şura sədrinin 3 bəyanatı və mətbuat üçün 13 bəyanat qəbul edildi. Bu, Azərbaycan millətinə qürur verən bir hadisə oldu. Lakin bu, sonuncu ilk olmadı. Müstəqillik tarixində Prezident İlham Əliyevin həyata keçirdiyi digər ilklərdən biri Azərbaycanın dünya xəritəsində axtarılmasına son qoyulması oldu.

Azərbaycanın xəritədə axtarılmasına son qoyulması

Prezident İlham Əliyevin Azərbaycan tarixində yaratdığı ilklərdən biri Eurovision mahnı yarışmasının Bakıda ən mükəmməl şəkildə təşkil edilməsi, yarışma zamanı maddi-mənəvi mədəniyyətimizin təbliğ edilməsi ilə ölkəmizin xəritədə axtarılmasına son qoyulması olmuşdur. Məlum olduğu kimi, 2011-ci ildə Almaniyanın Düsseldorf şəhərində 25 ölkə təmsilçisinin iştirakı ilə keçirilən 56-cı Eurovision mahnı müsabiqəsində Azərbaycan təmsilçiləri 221 bal toplayaraq qalib gəldikləri üçün qaydalara uyğun olaraq növbəti yarış Azərbaycanda keçirilməli idi.

2012-ci ilin may ayında Bakı şəhərində Eurovision 2012 mahnı müsabiqəsinin keçirilməsi üzrə Təşkilat Komitəsi Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 19 may 2011-ci il tarixli sərəncamı ilə yaradıldı. Təşkilat Komitəsinin sədri UNESCO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva oldu. 2012-ci ildə Bakıda keçirilən 57-ci Eurovision mahnı müsabiqəsi müasir Azərbaycan və Avropa mədəniyyəti tarixində mühüm yerlərdən birini tutdu. Bütün dünyanın nəzərləri Azərbaycana yönəldi, minlərlə turist ölkəmizə gəldi. Müxtəlif ölkələrdən insanlar Azərbaycana axın etdilər. Həqiqətləri öz gözləri ilə gördülər. Azərbaycan tarixi və mədəniyyəti təbliğ edildi. Azərbaycanın xəritədə axtarılmasına son qoyuldu.

Dövlət canlı orqanizmdir

Prezident İlham Əliyev tariximizdə indiyədək rast gəlinməyən daha bir ilkə imza atmış, nitqlərində ölkə qarşısında dayanan belə bir strategiyanı müəyyənləşdirmişdir: dövlət canlı orqanizmdir-daim genişlənməlidir. Bu, uzunmüddətli strategiya olub Azərbaycanın nəinki indisini, eyni zamanda gələcək zamanlarını da əhatə edir. Genişlənmə müasir beynəlxalq münasibətlərdə artıq hakim olan və təsdiq edilən coğrafi-siyasi mövcudiyyətinin dəyişdirilməsini deyil, maliyyə-iqtisadi və nüfuz baxımından genişlənməni özündə ehtiva edir. Məhz bu məqsədi həyata keçirmək yolunda Prezident İlham Əliyev dərin məna daşıyan addımlar atdı. Azərbaycanın müasirləşməsinin vacibliyini irəli sürdü. Bəs müasirləşmə Azərbaycana nə üçün lazımdır?

Tarixinin təcrübəsi göstərir ki, hər hansı bir ölkənin çoxlu maliyyə vəsaitləri, təbii sərvətləri ola bilər. Lakin əgər dövlət hakimiyyəti həmin təbii sərvətləri milli sərvətlərə çevirmirsə, yeni texnologiyaların tətbiqini həyata keçirmirsə, insanlar əməyi yadırğayırlarsa, ölkə digərlərindən geri qalır və çox vaxt da rəqabətə tab gətirmir. Geri gedən ölkə isə heç bir zaman nüfuz baxımından genişlənə bilməz. Buna dair çoxlu nümunələr gətirmək olar. Məlum olduğu kimi, uzun tarix boyu mövcud olmuş xalqların və ölkələrin bir çoxu məhz zamanla ayaqlaşa, ona uyğunlaşa bilmədikləri üçün hazırda dünyanın siyasi səhnəsində mövcud deyillər. Zamanla ayaqlaşmayan, dövrün şərtlərinə uyğunlaşmayan və özü yaşayış şərtlərini irəli sürməyən xalqların çoxu hazırda dünya siyasətində söz sahibi deyillər. Bir zamanlar Roma və Bizans imperatorluqları, Portuqaliya, İspaniya, Hollandiya, Osmanlı dövləti, Avstriya-Macarıstan dünya siyasətinə ya hökmranlıq edər, ya da xeyli nüfuzlu idilər. Lakin zaman-zaman onların bəziləri həm dünyada gedən müasirləşmə proseslərinə uyğunlaşmadıqları üçün, həm də onları parçalamağa çalışan xarici güclərin təzyiqlərinə tab gətirə bilməyərək zəiflədilər, bəziləri isə dağılıb dünya səhnəsindən getdilər. Bu dövlətlərin və imperatorluqların taleyi bəzi nəticələr çıxarmağa, ibrət dərsləri almağa imkan verir.

Müasirləşmə rəqabətədavamlı Azərbaycanın qurulması və vətəndaşın daha yaxşı yaşayışını təmin etmək üçün lazım idi. Artıq rəqabətə-davamlı Azərbaycan dövləti yaranmışdır. Ötən illər tarix baxımından qısa olsa da, həyata keçirilən tədbirlər, islahatlar və inkişaf baxımından bir sıra ölkələrin keçdikləri yüz illərə bərabərdir.

Prezident İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan müasirləşən bir ölkəyə çevrilmişdir. Sovet dövrü başa çatdıqdan sonra yaranmış boşluqda Azərbaycan xalqının əməyə yadırğamasının qarşısı alınmışdır. Cənab İlham Əliyev Azərbaycan xalqının minillikləri tarixində Qurucu Prezident adını qazanmışdır. Azərbaycan ərazilərinin bir hissəsinin Ermənistan silahlı qüvvələrinin işğalı altında olmasına baxmayaraq, ölkə tərəqqi etmiş, tikinti-quruculuq işləri genişləndirilmişdir.

Güclü bir Azərbaycan dövləti qurulmuşdur. Tarixi təcrübə göstərir ki, təbii sərvətlər heç də xalqın inkişafının başlıca şərti deyildir. Əsas məsələ təbii sərvətləri milli sərvətə çevirmək və uğurla əməkdaşlıq etmək bacarığıdır.

Bir zamanlar Azərbaycan qaz və elektrik enerjisi təchizatı sarıdan digər ölkələrdən asılı vəziyyətdə idi. Həmin dövlətlər istədikləri vaxt Azərbaycana satdıqları qazı və elektrik enerjisini dayandırar və ondan siyasi təzyiq vasitəsi kimi istifadə etməyə çalışardılar. Nəinki rayonlarda və kəndlərdə, hətta Bakıda insanlar axşamlar bəzən şam və ağ neft lampalarının ümidinə qalardılar. Ötən illər ərzində Azərbaycanda yürüdülən siyasət nəticəsində bu vəziyyətə son qoyulmuşdur. Azərbaycan enerji təhlükəsizliyini təmin edən bir ölkə olmuşdur.

Bəzi ölkələrdən ərazisi baxımından kiçik, əhalisinin sayına görə az olmasına baxmayaraq Azərbaycan Respublikası qaz təchizatını nəinki təmin etmiş, eyni zamanda Avropanın tələbatının ödənilməsində mühüm rol oynayan bir ölkəyə çevrilmişdir. Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft, Bakı-Tbilisi-Ərzurum qaz boru kəmərləri təkcə iqtisadi deyil, böyük siyasi və strateji əhəmiyyət daşıyan, Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsində mühüm rol oynayan kəmərlərdir. TANAP və TAP layihələri Azərbaycanın qoca qitənin dövlətləri və xalqları üçün nə qədər əhəmiyyətli bir ölkə olduğunu göstərmişdir.

Azərbaycan nəqliyyat təhlükəsizliyini də təmin etmişdir. Böyük ipək yolu, Bakı-Tbilisi-Qars dəmir yolu kimi layihələr Azərbaycanı yenidən dünyanın tranzit, nəqliyyat və ticarət mərkəzlərindən birinə çevirmişdir. Çoxşaxəli nəqliyyat kəmərlərinin yaradılması və inkişaf etdirilməsi Azərbaycanın iqtisadi qüdrətinin artmasına təsir edən amillərdəndir. Bakı-Tbilisi-Qars, Naxçıvan-Məşhəd dəmir yolu xətlərinin tikintisinin, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat-kommunikasiya xəttinin uğurla başa çatması ilə Azərbaycan dünyanın böyük nəqliyyat qovşağı olan ölkəyə çeviləcəkdir. İnfrastruktur inkişaf edəcək, yeni iş yerləri açılacaq, əhalinin həyat şəraiti daha da yaxşılaşacaqdır.

Yürüdülən siyasət nəticəsində Cənubi Qafqaz iqtisadiyyatının təqribən 75 faizi Azərbaycanın payına düşür. Azərbaycan iqtisadiyyatının neftdən asılılığının azaldılmasına yönələn siyasət genişləndirilmişdir. Xüsusən, turizm, kənd təsərrüfatı və yeni texnologiyaların tətbiqinə başlıca yer ayrılır.

Dünyada gedən mürəkkəb maliyyə-iqtisadi və siyasi proseslərə, ərazisinin 20 faizinin Ermənistanın işğalı altında olmasına baxmayaraq Azərbaycan həm də tikinti-quruculuq meydanına çevrilmişdir. Ölkədə geniş inşaat işləri aparılır, yeni iş yerləri yaradılır, qaçqın və məcburi köçkünlər üçün evlər tikilir. Başqa hər hansı bir ölkə belə şəraitdə olsaydı, çox ağır bir vəziyyətə düşərdi.

Azərbaycan borc alan ölkədən borc verən, kapital ixrac edən ölkəyə çevrilmişdir. Bir zamanlar Azərbaycan xarici ölkələrdən borc istəsə də, verməzdilər. Çünki borcun qaytarılmasına ümid və sabaha inam yox idi. Artıq Prezident İlham Əliyevin fəaliyyəti nəticəsində Azərbaycan şirkətlərinin Avropanın göbəyində - Balkanlarda, Gürcüstan, Türkiyə və başqa ölkələrdə nəhəng layihələrdə iştirak etməsi dövlətimizin beynəlxalq fəaliyyətinin tərkib hissəsi olan xarici iqtisadi siyasətin qürurverici səhifələrindən biridir.

Azərbaycan dövləti ötən illərdə ölkəni xarici hərbi müdaxilədən qorumaq qabiliyyətində olan güclü ordu və müasir hərbi-sənaye kompleksi yaratmışdır. Azərbaycan beynəlxalq silah sərgilərində özünəməxsus yer tutur.

Prezident İlham Əliyevin hakimiyyətinin ilk 13 ilində qədim və zəngin Azərbaycan mədəniyyətinə yeni bir nəfəs gəlmişdir. Azərbaycanın bir sıra maddi və qeyri-maddi irsi UNESCO-nun irs siyahısına daxil edilmişdir. Azərbaycan Prezidenti xalqının dünya mədəniyyəti yaradan bir xalq olduğunu bir daha sübut edərək, ona böyük yaradıcılıq imkanları yaratmışdır.

Azərbaycan Prezidentinin yaratdığı ilklərdən biri Bakıda Bayraq meydanının yaradılması olmuşdur. Bununla da dövlətçilik tariximizdə, bundan sonrakı bütün tariximizdə yaşayacaq gözəl bir ənənənin əsası qoyulmuşdur.

Ana dilinə qayğı Azərbaycan Prezidentinin fəaliyyətinin sahələrindən biridir. Azərbaycan Prezidentinin ana dilimizin saflığının qorunması haqqında imzaladığı sənədlər qloballaşma şəraitində dilçilik elmimizin inkişafında yeni imkanlar açmışdır.

Prezident İlham Əliyevin hakimiyyəti illərində xalqın milli ruhu yüksəlmiş və özünəinamı artmışdır. Xalq və dövlət arasında birlik, hakimiyyətin qanadları arasında səmərəli əməkdaşlıq qurulmuşdur. Demokratikləşdirmə, vətəndaş cəmiyyətinin qurulması məqsədi ilə geniş islahatlar həyata keçirilmişdir. Çoxpartiyalı sistemin əsasları möhkəmləndirilmişdir. Azad mətbuat formalaşaraq inkişaf etmişdir.

Prezident İlham Əliyev əslində ölkədə möcüzə yaratmış, dünyaya yeni bir model vermişdir. Bu, Azərbaycan modelidir.

Kosmos klubunun üzvü

Prezident İlham Əliyevin müstəqil Azərbaycan tarixindəki ilklərindən biri Azərbaycan Respublikasını kosmos dövləti etməsi olmuşdur. Azərbaycan 2013-cü ilin fevral ayında kosmik fəzaya ilk peykini buraxdı.

Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin hələ 2008-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında Azərbaycan Respublikasında yeni və ən texnoloji sənaye sahəsi olan kosmik sənayenin yaradılması və telekommunikasiya peykinin orbitə çıxarılması barədə verdiyi tapşırıq əsasında konkret fəaliyyət proqramının müəyyənləşdirilməsi istiqamətində işlərin görülməsinə başlanıldı. Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və telekommunikasiya peyklərinin orbitə çıxarılması haqqında 4 noyabr 2008-ci il tarixli 27 nömrəli sərəncamı imzalandı. Azərbaycan Respublikası Prezidentinin 17 avqust 2009-cu il tarixli 443 nömrəli sərəncamı ilə Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı təsdiq edildi. Sərəncam və dövlət proqramı ilə telekommunikasiya peykinin hazırlanaraq orbitə çıxarılması konkret vəzifə kimi qarşıya qoyulur və müvafiq tədbirlərin həyata keçirilməsi nəzərdə tutulurdu. Telekommunikasiya peykinin hazırlanması, orbitə çıxarılması, idarə olunması və istismar işlərinin həyata keçirilməsini təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 3 may tarixli 885 nömrəli sərəncamı ilə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin tabeliyində Azərkosmos Açıq Səhmdar Cəmiyyəti təsis edildi. Bunun ardınca, 2010-cu ilin may ayında Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə Malayziyanın peyk operatoru olan Measat Satellite Systems şirkəti arasında ilk telekommunikasiya peykinin Malayziya hökumətinə məxsus 46Ş orbital mövqeyə çıxarılmasına dair razılaşma əldə edildi. Telekommunikasiya peykinin hazırlanması məqsədilə elan edilmiş tenderin qalibi ABŞ-ın Orbital Sciences Corporation şirkəti, peykin orbitə buraxılması ilə bağlı raketdaşıyıcı şirkətin seçilməsi ilə bağlı tenderin qalibi isə Fransanın Arianespace şirkəti seçildilər.

Peyk vasitəsi ilə aşağıdakı xidmətlər həyata keçirilir: Transponder icarəsi: transponderin tam iş dövründə icarəsi, transponderin çevik əməliyyatlar zamanı icarəsi, qısa müddətli tutumdan istifadə; Televiziya yayımı: kanalların yayımı, peyk xəbərləri toplusu; Telekommunikasiya: çox kiçik apertura terminalı, uzaqdan əlaqə, peyk üzərindən İP; Yer səthinin məsafədən müşahidə edilməsi: ağ-qara şəkillərin çəkilməsi; rəngli (multi-spektral) şəkillərin çəkilməsi.

Fevralın 8-də Azərbaycanın müstəqillik tarixinin ən önəmli hadisələrindən biri yaşandı. Azərbaycan Respublikasının ilk telekommunikasiya peyki - Azərspace-1 uğurla orbitə buraxıldı. Dövlət başçısı Azərkosmos ASC-nin yeni inzibati binasının açılışını da etdi. Prezident İlham Əliyev Azərbaycan Respublikasının ilk peyki - Azərspace-1in uğurla orbitə buraxılması münasibəti ilə xalqımıza xitabən etdiyi təbrikində deyirdi:

Bu gün ölkəmizin həyatında çox əlamətdar və tarixi bir gündür. Bu gün birinci Azərbaycan telekommunikasiya peyki orbitə çıxarıldı. Bu tarixi hadisə münasibətilə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Bu, doğrudan da tarixi bir gündür, böyük nailiyyətdir, dövlətimizin böyük qələbəsidir. Bu hadisə onu göstərir ki, müstəqil Azərbaycan dövləti sürətlə, hərtərəfli inkişaf edir və biz artıq kosmik klubun üzvüyük. Bu hadisə münasibətilə bu işdə iştirak etmiş bütün qurumlara, bütün insanlara, ilk növbədə Azərbaycan mütəxəssislərinə minnətdarlığımı bildirmək istəyirəm.

Azərbaycanda kosmik sənayenin yaradılmasının və peyklərin orbitə buraxılmasının böyük əhəmiyyəti var. İlk növbədə informasiya mübadiləsinin xarici ölkələrdən asılılığının aradan qaldırılması və informasiya təhlükəsizliyinin təmin edilməsi, eyni zamanda ölkədə yeni iqtisadi sahələr üzrə mövcud insan ehtiyatları və intellektual potensialın inkişaf etdirilməsi, tam təchizatlı maddi-texniki bazanın yaradılması, elmtutumlu yeni layihələrin həyata keçirilməsi və nəticə etibarilə innovasiyayönümlü iqtisadiyyatın formalaşdırılmasına təsir edir.

Azərspace-1 peykinin istismara verilməsi Azərbaycan vətəndaşlarının gündəlik həyatına da öz müsbət təsirini göstərir. Belə ki, əgər əvvəllər bir sıra xarici ölkələrin peyklərindən yayımlanan televiziya kanallarını izləmək üçün adətən iki çanaq antenası və ya digər texniki avadanlıqlardan istifadə etmək məcburiyyətində qalırdıqsa, artıq öz peykimizə istiqamətlənmiş bir çanaq antenasından istifadə edirik. Bu isə, ilk növbədə, vətəndaşlar üçün iqtisadi səmərəliliyə imkan yaradan əsas üstünlükdür. Peykin resurslarının 20 faizi Azərbaycanın tələbatını ödəmək üçün istifadə olunur, qalan 80 faizi isə dünya bazarlarına ixrac edilir. Buraxıldığı vaxtdan az sonra peykin resurslarının 40 faizinin satışı üçün şərti müqavilələr imzalanmışdır.

İnformasiya-kommunikasiya texnologiyalarının ölkə iqtisadiyyatında neftdən sonra ikinci əsas sahə elan olunduğu, bu sahənin iqtisadiyyatda xüsusi çəkisinin yüksələn xətlə inkişaf etdiyi və bu mənada peyk rabitəsinin xüsusi əhəmiyyət kəsb etdiyi nəzərə alınarsa, yaxın illərdə həyata keçirilməsi nəzərdə tutulan peyk layihələrinin yalnız siyasi və ya kommersiyal səciyyə daşımadığını, ölkənin uzunmüddətli inkişaf strategiyasına yönəldiyini göstərir.

Milli peyk layihəsinin reallaşdırılması Azərbaycana bir sıra üstünlüklər verir. Məlum olduğu kimi, hər hansı bir ölkədə kosmik sənayenin yaradılması ilk növbədə həmin ölkənin iqtisadi inkişafı və yüksək rifah səviyyəsi ilə bağlıdır. Azərbaycanın hazırkı inkişaf sürəti yeni bazar tələblərinə cavab verilməsi və ölkənin gələcəkdə dayanıqlı inkişafının təmin edilməsi baxımından iqtisadiyyatın şaxələndirilməsi və innovasiyaya əsaslanan yeni sənaye sahələrinin yaradılmasını zəruri edir.

İnformasiya və kommunikasiya texnologiyalarının geniş tətbiqi ölkənin hərtərəfli inkişafına xidmət etməklə yanaşı, informasiya sahəsində milli təhlükəsizliyin təmin olunması baxımından da xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikasının Avropa və Asiya qitələri arasında əlverişli geoiqtisadi, coğrafi, eləcə də informasiya magistrallarının kəsişdiyi məkanda yerləşməsi informasiya mübadiləsində xarici ölkələrdən asılılığının aradan qaldırılmasını zəruri edir.

Azərbaycanın dünya kosmik ailəsinə daxil olması son dərəcə qürurverici haldır. Ölkə sənayesinin gələcəyi isə, heç şübhəsiz ki, müasir dünya trendlərinə cavab verən innovativ, elmtutumlu müəssisələrin yaradılması ilə bağlıdır. Respublikada informasiya-kommunikasiya texnologiyaları sürətlə inkişaf edir və böyük gələcəyə malikdir. Azərbaycanın yeni sənaye quruculuğu siyasətində bir sıra üstün istiqamətlər də müəyyənləşdirildi.

I Avropa Oyunlarının keçirilməsi və Azərbaycan standartının yaradılması

Prezident İlham Əliyevin Azərbaycan tarixində yaratdığı möhtəşəm ilklərdən biri I Avropa Oyunlarının keçirilməsi olmuşdur. İlk Avropa Oyunlarının keçirilməsinə dair məsələ 8 dekabr 2012-ci il tarixində Romada baş tutmuş Avropa Olimpiya Komitəsinin 41-ci Baş Assambleyasında müzakirə edildi. Baş Assambleya üzvləri arasında keçirilmiş gizli səsvermə nəticəsində 48 səsdən 38 səs ilə (əleyhinə 8 səs, bitərəf 2 səs) ilk Avropa Oyunlarının Bakıda keçirilməsi barədə qərar qəbul edildi. Ermənistan nümayəndələri səsvermədə iştirakdan imtina etdi. Bakıda keçiriləcək I Avropa Oyunlarına məsul olan Təşkilat Komitəsi Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə quruldu. Komitəyə Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin üzvü, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva sədrlik etdi. Müxtəlif ölkələrin dövlət və hökumət başçılarının, nümayəndə heyətlərinin iştirak etdiyi və yüksək səviyyədə təşkil edilən açılış mərasimində qədim və zəngin Azərbaycan tarixi, mədəniyyəti, incəsənəti, ədəbiyyatı, turizm yerləri ən yaxşı şəkildə təqdim edildi. Avropanın gözü Azərbaycanda idi. Qitənin 50 Milli Olimpiya Komitəsini birləşdirən Avropa Olimpiya Komitəsi tərəfindən yüksək səviyyədə keçirilən oyunlarda 50 ölkədən 20 idman növü üzrə 6000-dən çox idmançı yarışdı.

Yarışlara həm hazırlıq prosesində, həm də gedişində Avropa Oyunlarının Azərbaycan standartı yaradıldı. Azərbaycana gələnlər ölkənin gözəlliklərini, xalqımızın qonaqpərvərliyini əyani olaraq gördülər. I Avropa Oyunlarının keçirilməsi tariximizdə möhtəşəm ilk kimi özünə yer tutmuşdur.

Keçmiş prezidentlər haqqında qanunun qəbul edilməsi tariximizin ilki kimi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə düşmənçilik, kin-küdurət yaddır. O, Azərbaycan cəmiyyətinə yeni bir nəfəs gətirdi. Məhz onun hakimiyyətinin ilk 13 ilində keçmiş prezidentlər haqqında qanunun qəbul olunması ilə Azərbaycan cəmiyyətində yeni siyasi mədəniyyət bərqərar edildi. Keçmiş prezidentlər və onların ailələrinin statusu müəyyənləşdirildi. Bu da tariximizin yaddaqalan qərarlarından biridir.

 

* * *

 

Ümumiyyətlə, 2003-cü ildən sonrakı dövrün təhlili göstərir ki, Prezident İlham Əliyev Azərbaycan tarixində daim yaşayacaq bir sıra möhtəşəm ilklərə imza atmışdır. Azərbaycan xalqı və dövlətinə başucalığı və qürur gətirən bu ilklərə daim müraciət ediləcək və onlardan öyrəniləcəkdir.