Respublika.-2016.-18 oktyabr.-229.-S.12.

 

Müstəqilliyimizi əbədi və dönməz edən dahi

 

Fəxrəddin Məmmədov,

Azərbaycan Tibb Universiteti İctimai fənlər kafedrasının professoru, tarix elmləri doktoru. 

 

Bu gün Azərbaycan respublikasının dövlət müstəqilliyinin bərpasının 25 illik yubileyini təntənə ilə qeyd edirik. Bu xalqımızın çox böyük tarixi nailiyyəti və əziz bayramıdır. Çünki Azərbaycan xalqı əsrlər boyu müstəqillik arzusu ilə yaşamış, öz azadlığı uğrunda çox böyük çarpışmalardan keçmişdir. Beş min illik bir tarixlə  ölçülən dövlətçiliyimiz azman tarixin müəyyən dönəmlərində xarici basqınlar, işğallar nəticəsində itirilmiş, lakin çox böyük qanlar bahasına dönə-dönə bərpa edilmiş, yaşı yüz illərlə ölçülən dövlətlərimiz olmuşdur. Onlardan min illik tarixi olan Şirvanşahlar dövlətimiz, əsl fəxr yerimizdir.

XIX əsrin əvvəlləri üçün xalqımız yenə də dövlətçiliyini, müstəqilliyini itirdi. Məmləkətin şimal hissəsi çar Rusiyasının müstəmləkəsinə çevrildi, cənubu isə şah İranının istibdadı altına düşdü. İstər şimalda, istərsə də cənubda vətən oğulları dəfələrlə ayağa qalxdı, müstəmləkəçiliyə, isdibdada qarşı ölüm-dirim savaşına girdi və nəhayət, XX yüzilliyin əvvəlində Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti yarandı, xalqımız öz müstəqilliyini dünyaya bəyan etdi. 1918-ci il mayın 28-də yaranmış Azərbaycan Demokratik Respublikası xalqımızın çoxəsrlik arzusunun həyata keçirilməsinin ilk addımı oldu. Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın beynəlxalq hüquqa və demokratiyaya əsaslanan dövlət qurmaq əzmini dünyaya bəyan etmək yolunda bir çox tədbirlərini gördü.

 

Təəssüflə qeyd edilməlidir ki, ovaxtkı tarixi şərait üzündən Azərbaycan Demokratik Respublikası çox yaşamadı. Cəmi 23 ay fəaliyyət göstərdi və XI qırmızı ordunun hücumu, erməni xəyanəti, bolşevizmin xalqı tutduğu yoldan sapdırması nəticəsində suqut etdi. O vaxt Azərbaycanda sovet hakimiyyəti quruldu, Azərbaycan sovet imperiyasının boyunduruğu altına düşsə də, bu dövr xalqımız üçün bir çox eybəcərlikləri nəzərə almasaq, əhəmiyyətli və məhsuldar mərhələ oldu. O, yaşadı, yaratdı və mövcud iqtisadi, sosial-siyasi sistem daxilində öz həyatını qurdu, inkişaf etdirdi. Bununla belə Azərbaycan xalqının qəlbində azadlıq ruhu, müstəqillik ruhu sönmədi, daim yaşadı.

Tariximizin ağır anlarında Böyük Yaradan öz seçimini edir və xalqa öz xilaskarını bəxş edir. Onların da həyat və fəaliyyəti bütöv bir xalqın, dövlətin inkişaf yolunu müəyyənləşdirir. Zaman keçdikcə, Böyük Yaradan tərəfindən seçilmişlər dövrünün fövqünə yüksələrək, layiq olduqları yeri tuturlar. Belə nadir şəxsiyyətlərdən biri də ötən əsrin və yeni minilliyin görkəmli siyasi dövlət xadimi, xalqımızın ümummilli lideri Heydər Əliyevdir. O, billur kimi saf əməlləri ilə bütün ömrünü doğma xalqına həsr etdiyinə görə dahilik zirvəsini fəth etmiş və əbədiyaşarlıq qazanmış, azman tariximizə öz şərəfli adını qızıl hərflərlə yazmışdır. Dahilik sadə bir söz deyildir. O, yüksək düşüncə bacarığına malik olmaqla yanaşı, əql-qüdrət sahiblərinin öz ömür yollarında qazandıqları ən kamil davranış vərdişi, milli-mənəvi dəyərlərə sadiqlik, bir çox ideyaların sirlərini mənimsəmə qabilliyyəti və onları həyata tətbiq etmək bacarığıdır. Bütün bunlarsa ağılın gücündən, qüdrətindən məharətlə istifadə etmək bacarığı olan düşüncəli insanların şəxsiyyətini bütövləşdirən amillərdir.

Azərbaycan xalqının taleyüklü hadisələrlə dolu 30 ildən artıq bir dövrü ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Bu dövr ərzində o, Azərbaycanı zamanın sınaqlarından çıxararaq ölkənin ictimai-siyasi, iqtisadi və mədəni tərəqqisinə nail olmuş qüdrətli səxsiyyətdir. O, XX və XXI əsrin görkəmli siyasətçilərindən biri kimi, müasir dövrün böyük siyasi lideri kimi bütün dünyada tanınmışdı. Ulu öndər xalqının milli sərvəti, onun bəxtinə düşmüş tanrı payıdır. ABŞ-nın keçmiş prezidenti Corc Buş bu dahi şəxsiyyəti belə xarakterizə etmişdir: Heydər Əliyev kimi liderlərlə işləmək şansı əldə etdiyimə görə çox minnətdaram. O, Cənubi Qafqazda uzun müddət ərzində əsas şəxsiyyət olmuşdur. Rusiya Federasiyasının prezidenti Vladimir Putin isə onun haqqında ən səmimi fikirlərini söyləmişdir: Mən Heydər Əlirza oğluna, sadəcə münasibət bəsləmirdim, ona məhəbbət bəsləyirdim, ona məhəbbətlə yanaşırdım. Mübaliğəsiz deyeə bilərəm ki,o, siyasət nəhəngidir.

1969-cu ilin iyulundan Azərbaycana rəhbər təyin olunmuş Heydər Əliyev keçmiş SSRİ-də baş verən proseslərin hansı müstəvidə inkişaf edəcəyini uzaqgörənliklə qiymətləndirir, gələcək müstəqil dövlətin siyasi-iqtisadi bazasının, kadr potensialının yaradılmasına böyük səylə çalışırdı. Ulu öndər yüksək isdedadı və uğurlu siyasəti nəticəsində SSRİ-də hakimiyyətin yüksək zirvələrinə qədər ucalmış və bu imkanlardan xalqının ictimai-iqtisadi tərəqqisi, milli oyanışı üçün məharətlə istifadə etmişdir. Onun təşşəbbüsü və siyasi iradəsi sayəsində Azərbaycanın iqtisadiyyatını yenidən qurmaq, inkişaf etdirmək üçün 1977-ci illərdə Sov. İKP MK və SSRİ Nazirlər Sovetinin beş mühüm qərarı qəbul edildi. İqtisadiyatda, sənayenin qabaqcıl mütərrəqi sahələri,maşınqayırma kompleksində, kimya və neft kimyasında, əlvan metallurgiyada, neft və qaz hasilatı, energetika, qara metallurgiya və digər mədən sənayesində yenidənqurma prosesləri ilə eyni vaxtda struktur siyasətinin prinsipial şəkildə yeni istiqamətləri işlənib hazırlandı.

70-80-cı illərdə Azərbaycan iqtisadiyyatının böyük yüksəlişi ümummilli liderimiz Heydər Əliyevin şəxsi təşəbüsü, inadlı fəaliyyəti sayəsində mümkün olmuşdur. Çünki Heydər Əliyev o zaman yaşadığımız bu günləri görürdü. Yeni Azərbaycanı hələ o vaxtdan qurmağ başlamışdı.

Həmin dövrdə Heydər Əliyev kommunist rejiminin xalqımıza etdiyi haqqsızlıqlara qarşı cəsarətlə mübarizə aparırdı, rejimin ağır təqiblərinə, xalqın çəkdiyi əzablara cavab olaraq uzaqgörən kəskin addımlar atırdı. Xüsusən də kommunist rejiminin havadarlıq etdiyi ermənilərin Azərbaycanın hüquqlarının pozulmasına qarşı yönələn bütün cəhdlərinin qarşısı alındı, onların 70-80-cı illərdə bir necə dəfə qabartmış olduqları Dağlıq Qarabağın statusu məsələsi Heydər Əliyevin atmış olduğu qətiyyətli addımlar nəticəsində dəf olundu.

Ölkə rəhbəri kimi fəaliyyətə başladığı ilk günlərdən Heydər Əliyevin irəli sürdüyü və həyata keçirdiyi əsas məsələ Respublikada milli dəyərlərin qorunması, ədəbiyyata, mədəniyyətə, ana dilinə qyğı olmuşdu. Onu rəhbərliyi altında hazırlanmış Azərbaycan SSR-in yeni konstitusiyasında xalqın mənəvi sərvəti olan ana dilinin qorunub saxlanılması və inkişaf etdirilməsi məqsədilə Azərbaycan dili Respublikada dövlət dili statusunu aldı.

1982-1987-ci illərdə Heydər Əliyev SSRİ rəhbərliyində Sov. İKP MK Siyasi Bürosunun üzvü və SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini kimi yüksək vəzifələrdə çalışmışdı. Bu dövrdə Kreml rəhbərləri, xüsusən də M.Qorboçov Heydər Əliyevi özlərinə həmişə rəqib hesab edirdilər. Buna da əsas səbəb onun azərbaycanlı olması idi, bundan da əlavə onun zəngin, tükənməz hərtərəfli dövlət idarəçiliyi isdedadının qarşısında kremlin savadsız və səriştəsiz rəhbərlərinin acizliyi idi. Nəhayət, 1987-ci ildə M.Qorboçovun fitnəkar niyəti ilə xalqın sevimlisi Heydər Əliyev tutduğu vəzifələrdən uzaqlaşdırıldı. Bundan kremldə əyləşən erməni çinovnikləri və Ermənistan rəhbərliyi məharətlə istifadə etdi. Erməni fitnəkarları Dağlıq Qarabağın statusu məsələsini nəinki qabartdılar, daha da irəli gedərək Erməni fitnəkarları onu Ermənistana birləşdirmək çəhdini etdilər.

1987-1990-cı illər ərzində ulu öndər Heydər Əliyev kreml rəhbərləri tərəfindən edilən təzyiqlərə baxmayaraq,xalqın qabaqcıl nümayəndələri və ziyalılarımızla sıx əlaqə saxlamış, SSRİ- nin dağılmaqda olduğu şəraitdə öz vətəni üçün çıxış yolları axtarmışdı. Öz qanuni hüquqlarının təmin olunmasını tələb edən insanların 1990-cı ilin 20 Yanvarında sovet ordusu tanklarının altında əzildiyi, Azərbaycan rəhbərliyinin qaçıb gizləndiyi bir vaxtda Heydər Əliyev yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək bütün dünyaya öz sözünü dedi. Heydər Əliyev çıxışında 20 Yanvar faciəsinə siyasi qiymət verərək, kütləvi qırğına göstəriş verənlərin, törədənlərin cəzalandırılmasını tələb etdi. Bununla da o, bütün təzyiqlərə baxmayaraq, daima xalqının yanında olduğunu və doğma xalqının dərdinə şərik olduğunu göstərdi. Heydər Əliyevin Moskvadakı tarixi çıxışının mətni maneələrə baxmayaraq, respublikada və dünyada geniş yayıldı. O, belə bir ağır gündə xalqını həmrəyliyə və birliyə çağırdı. Təklənən, heç nəyə əli çatmayan xalqın qəlbində ümid çırağı yandı. Əhalinin müstəqillik arzusunda olduğu bir vaxtda Azərbaycanın ovaxtki rəhbərliyi xalqın iradəsinə zidd olaraq martın 17-də respublikanın guya Sovetlər İttifaqı tərkibində qalması barədə biabirçı referendum keçirdi. Bir çox ciddi cəhdlərə baxmayaraq, Sovetlər İttifaqının süqutunun qarşısını almaq mümkün olmadı. Ulu öndərin təbirincə desək, İkinci Dünya Müharibəsindən sonra bir çox imperatorluqlar ardıcıl surətdə dağıldığına görə belə böyük imperiya da, sovetlər imperiyası da dağılmağa məhkum idi, dağılacaqdı və dağıldı da.

Demokratik qüvəllərin təzyiqi altında 1991-ci il avqustun 30-da Azərbaycanın müstəqilliyi haqqında Bəyannamə qəbul olundu. 1991-ci il oktyabrın 18- də isə, 25 il bundan öncə Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edildi. Bununla da Azərbaycan müstəqil bir dövlət kimi özünü dünyaya bəyan etdi. Bu, çox böyük tarixi hadisə,xalqımızın həyatında yeni bir dönüş nöqtəsi idi. Bununla da xalqımız inkişaf etmiş dövlətlər sırasına çıxmaq, ölkəni dünyaya tanıtmaq imkanı əldə etdi. Lakin təəsuflər olsun ki, bu sevincimiz içərisində çox acılı, məşəqətli günlərimiz də oldu. Müstəqilliyin əldə olunmasından sonra onu qoruyub saxlamaq, demokratik cəmiyyət formalaşdırmaq ən böyük vəzifə olaraq qarşıda dururdu. 1991-1993-cü illərin xaosu buna ən böyük maneə idi. Eyni zamanda, Ermənistan tərəfindən hələ 1988-ci ildən başlanmış hərbi təcavüz bu illərdə daha da güclənmişdi. Belə bir hal həm respublikamızın daxilində olan vəziyyəti gərginləşdirmiş, həm də Azərbaycanın xarici siyasətinə çox böyük maneələr törətmişdi. Bu müharibə dövründə buraxılmış böyük səhvlər və ayrı-ayrı qrupların xalqımıza qarşı etdiyi xəyanətlər nəticəsində ölkə ərazisinin 20 faizi erməni silahlı qüvələri tərəfindən işğal olunmuş, bir milyondan artıq vətəndaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdü. Çox təəssüf ki, bu illər ərzində xalqın qüvvəsini toplayıb düşmənə qarşı mübarizə aparmaq, beynəlxalq aləmdə Azərbaycanın mövqeyini möhkəmləndirmək əvəzinə, respublikamızın daxilində ayrı-ayrı qüvvələr hakimiyyət mübarizəsi ilə məşğul olmuşlar. Onlar vəzifə hərisliyinə düşərək öz mənafeylərini ümummilli mənafeylərdən üstün tutaraq respublikada qarışıqlıq yaratmağa çalışmış, ölkəni vətəndaş müharibəsi həddinə çatdırmış, parçalanma, müstəqilliyin itirilməsi, dünya xəritəsindən silinmə təhlükəsi ilə üz-üzə qoymuşdular. Belə bir şəraidə xalqın, ölkənin güclü bir liderə ehtiyacı yarandı. AXC liderləri arasında hakimiyyət uğrunda mübarizə getdiyi bir vaxtda Heydər Əliyevin rəhbərliyi altında vətənpərvər partiyası olan Yeni Azərbaycan Partiyası yarandı. Xalqın təkidli tələbi ilə Heydər Əliyevin yenidən respublika rəhbərliyinə qayıdışı ölkədə vətəndaş müharibəsi, dövlətçiliyimizin itirilməsi təhlükəsini aradan qaldırdı. Bununla da ulu öndərin Vətən naminə mücadiləsində yeni dövr başlandı.

Bu gün bayram etməyə hazırlaşdığımız dövlət müstəqilliyinin bərpasından 25 il keçir. Xalq yaxşı dərk edir ki, Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıtmasaydı, yenidən bərpa edilmiş müstəqilliyimizin tarixi elə 1993-cü ildə başa çatmış olacaqdır. Xilaskar missiyasını öz ciyinləri üzərinə götürmüş ulu öndər məmləkətimizi azadlığımızı iflazdan xilas etdi. Azman tarixin təcrübəsindən aydındır ki, ən kəskin məqamlarda, millətin taleyi həll olunduğu, xüsusi ilə azadlıq yolunu seçdiyi və bu yolda minlərlə şəhid verdiyi zaman kəsiyində xalqın liderlərə böyük ehtiyacı olur. Əlbəttə söhbət təkcə xalqın azadlıq mücadiləsində tökülən qanlara hazır olmasından deyil, həm də dövlət müstəqilliyi uğrunda verilən qurbanların ucalığını qiymətləndirməyi bacaran, onu qoruyub saxlamağı, millətin ulu məqsədinə qovuşmasını təmin edən dövlət başçısından gedir.

Həmin dövr Azərbaycan cəmiyyəti üçün zəruri və həyatı əhəmiyyət kəsb edən başlıca problem ondan ibarət idi ki, ölkədə anarxiya meyllərinin qarşısı alınsın və sabilik bərpa edilsin. Aydındır ki, siyasi sabitlik olmadan cəmiyyətin digər problemlərini həll etmək mümkün deyildi. Başıpozuq hərbi birləşmələrin buraxılması, ordu quruculuğuna ciddi şəkildə başlanılması, dövlət çevrilişlərinə cəhdlərin qarşısınin alınması siyasi sabitlik sahəsində görülən mühüm tədbirlər idi. Ulu öndər siyasi sabitliyi yüksək dəyərləndirirdi: Azərbaycanda hər bir şəxs, hər bir partiya, milli birlik vətəndaş həmrəyliyi istiqamətində hərəkət etməli, fəaliyyət göstərməlidir. Azərbaycanda ictimai-siyasi vəziyyəti gərginləşdirmək yox, yaranmış sabitliyi daha da möhkəmləndirmək lazımdır. Çünki bu Azərbaycanın yaşaması, onun müstəqilliyinin qorunması üçün əsas şərtdir.

Siyasi sabitliyin ardınca köklü islahatlar gəlməli idi və Heydər Əliyev bu yöndə növbəti uğurlu addımlarını atdı. Əsrin müqaviləsinin bağlanması, özəlləşmə və torpaq islahatlarının həyata keçirilməsi, mühüm qanunların qəbul edilməsi, əhalinin maddi-rifah halının yaxşılaşdırılması, iqtisadiyyatın bərpa edilib inkişaf və yüksəliş yoluna düşməsi elmimizin, mədəniyyətimizin, təhsilimizin inkişafı məhz ölkədə əldə edilən sabitliyin nəticələri idi.

O, heç vaxt xalqa fantastik və populist vədlər vermirdi, əksinə real vəziyyəti və konkret şəraitdə əldə edilə biləcək nəticələri olduğu kimi təqdim edirdi: Mənim həyat amalım bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olub. Bu yolda bütün gücümü və iradəmi yalnız müdrik, qədirbilən xalqımdan almışam. Ən çətin anlarda, ən mürəkkəb vəziyyətlərdə yalnız və yalnız xalqıma arxalanmışam. Bu da mənə dözüm və iradə verib və bütün uğurlarımı təmin edib.

Ulu öndərin neft strategiyası ölkə üçün böyük əhəmiyyət kəsb edirdi. Heydər Əliyev zəkasının, onun gərgin, inadlı fəaliyyətinin nəticəsi olan Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac kəmərinin, həmçinin Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin region ölkələri üçün nə dərəcədə əhəmiyyət kəsb etdiyi göz qabağındadır.

Heydər Əliyev Azərbaycanın Respublikası üçün Şərq-Qərb dəhlizi açdı. Böyük İpək Yolunun bərpası Azərbaycanı dünyanın bütün dövlətləri üçün açıq ölkəyə çevirdi. Böyük İpək Yolunun bərpası təkcə Azərbaycanın deyil, bütün türk dünyasının iqtisadi-mənəvi oyanışında misilsiz rol oynadı.

Həyatın ən mühüm sahələrindən birini təşkil edən səhiyyədə ulu öndərin ikinci dəfə hakimiyyətə gəlişindən sonra gördüyü işləri xatırlamamaq mümkün deyil. Ulu öndər həmişə olduğu kimi yenə də səhiyyə sistemimizin yenidən qurulmasına, onun bazar iqtisadiyyatına uyğunlaşdırılmasına xüsusi qayğıyla yanaşırdı. Səhiyyə sistemimizdə yenidənqurma və islahatların keçirilməsi üçün ilk növbədə onun hüquqi bazası yaradılmalı idi. İslahatların hüquqi bazasının yaradılmasında ulu öndərin təşəbbüslərinin və əməyinin rolu xüsusi ilə qeyd edilməlidi. Bu sahədə ilk addım 1995-ci il noyabrın 12-də keçirilən Azərbaycan Respublikasının referendumunda qəbul edilmiş Azərbaycan respublikasının konstitutsiyasında öz əksini tapdı. Konstitusiyanın Sağlamlığın qorunması hüququ adlı 41 -ci maddəsində deyilir:

1. Hər kəsin sağlamlığını qorumaq və tibbi yardım almaq hüququ vardır.

2. Dövlət müxtəlif mülkiyyət növləri əsasında fəaliyyət göstərən səhiyyənin bütün növlərinin inkişafı üçün zəruri tədbirlər görür, sanitariya-epidemiologiya salamatlığına təminat verir, tibbi sığortanın müxtəlif növləri üçün imkan yaradır.

3. İnsanların həyatı və sağlamlığı üçün təhlükə törədən bütün faktları gizlədən vəzifəli şəxslər qanun əsasında məhsuliyyətə cəlb edilirlər.

Ulu öndərimizin Azərbaycanın çicəklənməsi, yüksək səviyyədə inkişaf etməsi üçün həyata keçirdiyi islahatlar təkcə iqtisadi sferanı deyil, mədəni həyatımızı da əhatə etmişdi. Azərbaycanın böyük simaları Fizulinin, Üzeyir Hacı bəylinin, Səməd Vurğunun, Cəlil Məmmədquluzadənin və digərlərinin beynəlxalq səviyyədə keçirilən yubleyləri, bir çox incəsənət adamlarının, şairlərin yaradıcılıq gecələri məhz ulu öndərin şəxsi qayğısı himayəsi ilə həyata keçirilmişdir.

Dövlət Müstəqilliyimizin bərpasından sonra, ulu öndərin ikinci dəfə hakimiyyətə qaydışı, on il respublikaya rəhbərliyi müasir tariximizə Heydər Əliyev epoxası kimi daxil olmuş və əsrə bərabər tutulan bu illər ərzində Azərbaycan Böyük inkişaf yolu keçmiş, ictimai-siyasi, sosial-iqtisadi sahələrdə böyük uğurlar qazanmışdı. O, müəllifi olduğu müstəqil Azərbaycanı həmişəyaşar, əbədi etmişdir.

Heydər Əliyev dövlətçilik ənənələrinin qorunub saxlanılmasına, onun müəyyənləşdirdiyi kursun siyasi varisliyinin təmin olunmasına xalqın ciddi əhəmiyyət verməsi məhz bu məntiqə söykənirdi. Cəmiyyətdə qəti olaraq belə bir rəy formalaşdı ki, cənab İlham Əliyev ulu öndərin siyasi kursunun müəyyənləşdirdiyi prioritetlərin varisliyini təmin edə biləcək alternativsiz şəxsidir.

Ümummilli liderin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin siyasi fəaliyyət fəlsəfəsi ondan ibarətdir ki, o, mövcud reallıqları obyektiv və operativ olaraq qiymətləndirməyi bacarır, sosial sifarişə uyğun cevik qərarlar qəbul edir. Xususilə ölkənin sosial-iqtisadi problemlərinə onun münasibəti daha həssasdır. Prezident İlham Əliyev həm də istedadlı strateq olaraq Azərbaycanın geosiyasi mövqeyini düzgün qiymətləndirir. Prezidentin siyasi-psixoloji portretinin əsasını təşkil edən komponentlər onun Azərbaycan və dünya siyasi arenası üçün uğurlu sima olduğunu birmənalı olaraq sübut etdi. Möhtərəm prezident bu keyfiyyətləri ilə Azərbaycan siyasətinə həm də yeni nəfəs, siyasi ruh və müasirlik gətirdi. Ulu öndərin ərməğan qoyub getdiyi dövlət müstəqilliyimizi daha da möhkəmləndirdi, onun əbədiliyi, dönməzliyini dünyaya bir daha bəyan etdi. Tam əminik ki, qərinələr ötəcək, əsrlər keçəcək nəsillər dəyişəcək, dövlət müstəqilliyimizlə ümummilli lider Heydər Əliyevin adı qoşa çəkiləcəkdir. Yazımızı ulu öndərin dövlət müstəqilliyimizə verdiyi dəyərlə bağlı sözləri ilə tamamlayırıq: Azərbaycan dövləti indiyə qədər olduğu kimi, bundan sonra da Azərbaycan dövlətçiliyinin müstəqilliyinin, Azərbaycan xalqının milli azadlığının keşiyində daim duracaq və bu müstəqilliyi cəsarətlə qoruyub saxlayacaqdır. İnanıram ki, Müstəqil Azərbaycan Respublikası XXI əsrdə həyatın bütün sahələrində geniş inkişaf edən, çiçəklənən bir ölkə kimi böyük uğurlar qazanacaqdır.