Azərbaycan.-2016.-16 oktyabr.-228.-S.8.

 

Ölkəmiz siyasi müstəqilliyin iqtisadi sınaqlarından uğurla çıxır

 

Raqif MƏMMƏDOV

 

25 il insan ömrü üçün az vaxt olmasa da, tarix üçün göz qırpımı qədər çox qısa dövrdür. Bu baxımdan Azərbaycanın müstəqilliyinin bərpasından ötən 25 il indiki mürəkkəb beynəlxalq şəraitdə dövlət kimi oturuşmaq, imzalar içində imza tanıtmaq, özünü təsdiqləmək, köhnə dünyanın yeni, özü də tamhüquqlu üzvü olmaq, yeri gələndə ötkəmlik nümayiş etdirmək üçün elə də uzun zaman deyil. Amma Azərbaycan 1991-ci ilin sonlarından üzü bəri elə şərəfli bir müstəqillik yolu keçmişdir ki, başqa dövlətlərə onu qət etmək üçün onilliklər lazım gəlmişdir.

Bu, elə bir yoldur ki, Prezident İlham Əliyevin Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümü haqqında sərəncamında yazıldığı kimi: Ötən 25 il ərzində Azərbaycan xalqı dövlət quruculuğu prosesində ən ümdə amal, arzu və niyyətlərini gerçəkləşdirərək bütün sahələrdə əldə etdiyi nailiyyətlərlə haqlı olaraq fəxr edə bilər. Uğurlu daxili və xarici siyasəitimiz sayəsində dövlətçilik ənənələrimiz möhkəmlənmiş, iqtisadiyyatımız inkişaf etmiş, mədəniyyətimiz zənginləşmişdir. Müstəqil Azərbaycan Respublikası bu gün hər bir vətəndaşımız və xaricdə yaşayan soydaşımız üçün əsl qürur mənbəyidir.

Lakin Azərbaycan bu səviyyəyə asanlıqla çatmamışdır. Həm dövlət müstəqilliyimizin ilk illərində, həm də sonrakı dövrlərdə ölkəmiz ictimai-siyasi və sosial-iqtisadi sahələrdə bir çox çətinliklərlə üzləşmişdir. Bu çətinliklərin nələrdən ibarət olduğunu xatırlatmaq üçün çox da uzaq keçmişdə qalmayan reallıqlara qısa da olsa nəzər salaq: dövlət müstəqilliyinin ilk illərində ölkədə siyasi böhran yaranmış, Ermənistanın işğalçılıq siyasəti nəticəsində ərazimizin 20 faizi işğal olunmuş və 1 milyondan çox soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdü. Həm bu, həm də SSRİ-nin dağılması səbəbindən ölkə iqtisadiyyatında və sosial sahədə dərin böhran yaranmışdı. Həmin illər Azərbaycanda ÜDM istehsalı görünməmiş sürətlə azalır, inflyasiyanın artım səviyyəsi faizlə yox, dəfə ilə ölçülürdü. Bir sözlə, ötən əsrin 1990-cı illərinin əvvəllərində ölkədə bütün sahələr idarəolunmaz halla üzləşmişdi.

Məhz belə bir zamanda xalq öz xilaskarına - Heydər Əliyevə üz tutdu və seçimi ilə hakimiyyət sükanını ona etibar etdi. 1993-cü ilin ortalarından gənc Azərbaycan dövlətinə rəhbərlik etməyə başlayan ulu öndərə xalqın etimadını doğrultmaq üçün çox vaxt lazım olmadı. Heydər Əliyev qısa zamanda xalqı və dövləti sadaladığımız və sadalamadığımız bütün fəlakətlərdən qurtardı - ilk növbədə vətəndaş müharibəsinin qarşısını alaraq ölkədə ictimai-siyasi sabitliyi bərpa etdi, Qarabağ cəbhəsində atəşkəsə nail oldu. Mən Azərbaycanın müstəqilliyini Azərbaycan xalqı üçün böyük nailiyyət hesab etmişəm və bu müstəqilliyin əldə olunmasına xidmət etmişəm. Bundan sonra ömrümün qalan hissəsini də Azərbaycanın müstəqilliyinin möhkəmlənməsinə, inkişaf etməsinə sərf edəcəyəm, - deyən Heydər Əliyev ömrünün sonunadək bu əqidəsinə sadiq qaldı. Bəli, məhz xalqın ümummilli liderinə çevrilən Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərlik etdiyi illərdə (1993-2003) ölkədə bazar iqtisadiyyatının formalaşması istiqamətində qanunvericilik bazası yaradıldı, məqsədli dövlət proqramları qəbul olundu, institusional islahatlar aparıldı, mülkiyyət münasibətlərində əsaslı dəyişikliklər üçün əhəmiyyətli addımlar atıldı. Ulu öndər tərəfindən müəyyənləşdirilən və Azərbaycanın gələcəyinə hesablanan strategiyanın əsasını iqtisadi inkişaf, mövcud ehtiyatlardan səmərəli istifadə, dünya iqtisadiyyatına inteqrasiya və nəticə etibarilə əhalinin güzəranının yaxşılaşması təşkil edirdi. Təsadüfi deyil ki, həmin dövrdə qəbul olunmuş qanunlar Azərbaycanın milli iqtisadi inkişaf modelini formalaşdırmış və islahatların xalqın mənafeyinə uyğun aparılmasına zəmin yaratmışdır. Belə qanun və digər sənədlərin sayı isə az deyil: Azərbaycanda 1993-2003-cü illərdə iqtisadi sahələrin tənzimlənməsi ilə bağlı 70-dən artıq qanun qəbul edilmiş, 100-dən çox fərman və sərəncam imzalamışdır. Ümumilikdə həmin dövrdə qəbul olunan 1715 qanun və qərardan 975-i Heydər Əliyevin təşəbbüsü olmuşdur.

Bu yerdə ulu öndərin təşəbbüsü, əməyi və qətiyyəti sayəsində imzalanmış Əsrin müqaviləsini qeyd etməmək mümkün deyil. MDB məkanında ilk dəfə Qərbin iri şirkətləri ilə bağlanan bu müqavilə Azərbaycanın qapılarını beynəlxalq aləmə açdı, ölkəmiz üçün çox vacib olan xarici investisiya yatırımını təşviq etdi. Azərbaycan neftini dünya bazarına çıxaran Bakı-Tbilisi-Ceyhan əsas ixrac kəmərinin inşası isə Heydər Əliyev neft strategiyasının ən böyük uğurlarından oldu. O uğurlardan ki, Azərbaycan iqtisadiyyatının sonrakı inkişafında, eləcə də qlobal maliyyə böhranının ölkəmiz üçün labüd olan fəsadlarının dəf edilməsində onun rolu əvəzsizdir.

Söz ki dünyada qısa və ya uzun fasilələrlə baş verən qlobal iqtisadi böhrandan düşdü, Azərbaycanın belə vəziyyətə necə duruş gətirməsinə toxunmamaq düzgün olmazdı. Bəri başdan qeyd edək ki, Azərbaycan siyasi müstəqilliyini bərpa etdikdən sonra dünyada müşahidə olunan iqtisadi və maliyyə böhranlarından minimum itkilərlə çıxıb və bu, ilk növbədə, Heydər Əliyevin inkişaf strategiyasını dövrün və şəraitin tələblərinə uyğunlaşdıraraq davam etdirən Prezident İlham Əliyevin çevik və uzaqgörən siyasəti sayəsində mümkün olmuşdur. Azərbaycan 2003-cü ildən sonra Heydər Əliyevin prezidentliyi dövründə bünövrəsi qoyulmuş layihələrin işə düşməsi nəticəsində daha sürətlə inkişaf edərək nəinki regionda, həmçinin dünyada sözü eşidilən, hörmət edilən ölkəyə çevrilmişdir. İndi beynəlxalq aləmdə çox az qlobal enerji layihələri var ki, Azərbaycan onun iştirakçısı olmasın. Bu gün ölkəmiz təkcə öz enerji təhlükəsizliyini təmin etməyib, həm də bu sahədə Avropanın etibarlı tərəfdaşına çevrilib.

Bu isə o deməkdir ki, Azərbaycan iqtisadiyyatı dünya iqtisadiyyatına çoxsaylı bağlarla inteqrasiya olmuşdur və deməli, ölkəmiz uzaq və yaxın ətrafımızda müstəvisindən asılı olmayaraq bütün sahələrdə baş verən hadisələrin, o cümlədən qlobal iqtisadi böhranın nəticə və fəsadlarından sığortalanmayıb. Buna baxmayaraq, Azərbaycan bütün dünyanın iqtisadiyyatını və maliyyə sistemini silkələyən 2008-ci ilin böhranından minimum ziyanla çıxmış çox azsaylı ölkələrdəndir. Halbuki həmin qlobal böhranın ölkəmizə təsir imkanları az deyildi. Ehtimal etmək olardı ki, neftin ucuzlaşması, milli bank sisteminə daxil olan xarici kredit axınlarının azalması, xaricdən gələn pul baratlarının həcminin aşağı düşməsi

və s. Azərbaycan iqtisadiyyatını başqa, hətta inkişaf etmiş ölkələr kimi iflic vəziyyətinə salacaq. Lakin məlum olduğu kimi bu, baş vermədi. Azərbaycan iqtisadiyyatı həmin sınaqdan üzüağ çıxdı. Çünki Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən iqtisadi siyasət qlobal böhranın gözlənilən və gözlənilməz fəsadlarını dəf etməyə hazır idi.

Bəs, bu siyasət nədən ibarətdir? Sualın cavabı dövlət başçısından gətirdiyimiz sitatda var: Azərbaycan dövləti bölgələrə çox böyük sərmayə qoyubdur. Bununla bərabər, özəl sektorun inkişafı üçün böyük həcmdə kreditlər, güzəştli şərtlərlə kreditlər ayrılmışdır, sahibkarlığın inkişafına böyük dəstək verilmişdir. Azərbaycanın təcrübəsi və apardığımız siyasət onu göstərir ki, biz maliyyə imkanlarımızdan ən düzgün, ən ağıllı şəkildə istifadə etdik. O maliyyə resursları investisiyalara qoyuldu, iqtisadiyyatın real sektoruna qoyuldu, energetika, qazlaşdırma, nəqliyyat, səhiyyə və təhsilə, humanitar sahəyə qoyuldu. Beləliklə, xidmət səviyyəsi qalxdı, imkanlar artdı, biznes üçün daha yaxşı şərait yaradıldı.

İqtisadçılar da Azərbaycan iqtisadiyyatının 2008-ci il qlobal maliyyə böhranından uğurla çıxa bilməsini birbaşa Prezident İlham Əliyevin böhranı öncədən görərək onların fəsadlarını maksimum zərərsizləşdirmək üçün vaxtında tədbirlər görməsi və bu zaman qətiyyət nümayiş etdirməsi ilə əlaqələndirirlər.

Həmin tədbirlərdən biri istehlak qiymətlərini nəzarətdə saxlamaq olmuşdur. Liberal bazar iqtisadiyyatı, o cümlədən azad ticarət şəraitində bu, çox da asan məsələ deyil. Üstəlik, Azərbaycanın istehlak bazarının idxaldan asılılığını da nəzərə alsaq, onda həmin məsələnin həllinin bir qədər də qəliz olması ehtimalı yaranır. Bunu nəzərə alan dövlət başçısı hələ 2005-ci ilin mayında Antiinflyasiya tədbirlərinin gücləndirilməsi haqqında sənəd imzalayaraq sözügedən istiqamətdə tədbirlər kompleksinin görülməsinə start vermişdir. Nəticə gözlənilən olmuşdur. Böhranın hətta ən pik vaxtında ölkənin istehlak bazarında qiymətlər sabit qalmışdır.

Prezidentin antiböhran tədbirlərindən digəri inhisarçılıqla mübarizə, iqtisadi sektorda şəffaflığın təminatı, icra orqanlarının həmin sahələrə yersiz müdaxilələrinin qarşısının alınması və s. olmuşdur. Dövlət başçısının həmin dövrdə səsləndirdiyi sözlərdir: Əsassız inhisarçılığa, qeyri-sağlam rəqabətə son qoyulmalıdır. Bu işlərlə məşğul olan tərəflər ciddi şəkildə cəzalandırılmalıdırlar ki, bu sahədə biz ciddi dönüş yaradaq. Bu sahədə maksimum şəffaflıq olmalıdır, dövlət qurumları tərəfindən bütün qanunsuz tələblər, xoşagəlməz hallar, qanunsuz müdaxilələr dərhal dayandırılmalıdır. Bu qanunsuz işlərlə məşğul olanlar cinayət məsuliyyətinə cəlb olunmalıdır. Göründüyü kimi, qeyd edilən həmin vacib məsələlərdə Prezidentin mövqeyi qətiyyətli olmuşdur ki, bu da nəticəsiz qala bilməzdi. Yeri gəlmişkən bildirək ki, dövlət başçısı iqtisadi sahələrdəki neqativ hallara bu gün də barışmaz münasibət nümayiş etdirir və ölkənin iqtisadi uğurlarında həmin mövqeyin rolu böyükdür.

Böhran ərəfəsində bank sektoruna hərtərəfli dəstək, kredit və faiz dərəcələrinə nəzarəti əhatə edən maliyyə monitorinqinin tətbiqi də dövlət başçısının xüsusi diqqət yetirdiyi məsələlərdəndir: Biz həmişə maliyyə intizamının möhkəmlənməsinə fikir vermişik. İndiki şəraitdə bunun daha böyük əhəmiyyəti var. Ona görə maliyyə intizamı, maliyyə resurslarının xərclənməsinə nəzarət həmişə diqqət mərkəzində olmalıdır. İndi isə buna daha böyük ehtiyac var, - deyən Prezident İlham Əliyev həmin illər, eyni zamanda dövlətin valyuta ehtiyatlarının bir qismini iqtisadiyyatın real sektoruna yatırmaq şərti ilə Azərbaycan banklarında yerləşdirmək təşəbbüsünü irəli sürmüşdür: Mən hesab edirəm ki, xaricdə saxlanılan valyuta ehtiyatlarımızdan biz müəyyən həcmdə ən etibarlı yerli banklara yerləşdirə bilərik. Ancaq o şərtlə ki, bu vəsait yalnız iqtisadiyyatın real sektoruna yönəldilsin və bu vəsaitin xərclənməsində dövlət nəzarəti həddindən artıq güclü olsun.

Real sektordan söz düşmüşkən. Dövlət başçısı İlham Əliyevin qabaqlayıcı antiböhran tədbirləri arasında mühüm yer tutan istiqamətlərdən biri də elə real sektorla bağlıdır. Çox önəmli faktdır ki, dünyada maliyyə, o cümlədən investisiya qıtlığı yaşandığı həmin illər Azərbaycanın real sektoruna sərmayə yatırılması davam etmişdir. İndi ölkədə qeyri-neft sektoru inkişaf edir. Bu, ilk növbədə, real sektorun emal bölməsinin təşəkkül tapması üçün qoyulmuş və qoyulan investisiya hesabına mümkün olub. Məhz bu hesaba Azərbaycan ilk növbədə özünün ərzaq təhlükəsizliyini təmin edir, bir çox sənaye məhsulları, xüsusən tikinti materialları üzrə idxaldan asılılıq azalır. Bu gün ölkəmizin yerli sərmayə hesabına tikilib istifadəyə verilmiş sənaye müəssisələrində ən mürəkkəb texnikadan tutmuş zəruri ərzaq məhsulları da istehsal olunur. Amma bu kifayət deyil. Dövlət başçısı tərəfindən qarşıya daha mühüm işlər, o cümlədən ölkədə ixracyönümlü məhsulların istehsalının təşkili kimi vəzifə qoyulub. Bu vəzifənin icrası böyük güclərin hikkəsi üzündən dünya iqtisadiyyatının çalxalandığı indiki dövrdə daha vacibdir.

Təəssüf ki, regional münaqişələr zəminində başlamış, sonra isə sanksiyalar adı altında iqtisadi müstəviyə keçmiş həmin çalxalanmaların fəsadları Azərbaycandan da yan keçmir. Bu fəsadlar özünü daha çox dünya bazarında neftin qiymətinin kəskin ucuzlaşması ilə göstərmişdir və təbii ki, belə vəziyyət neft ölkəsi olan Azərbaycana təsir etməyə bilməzdi. Buna baxmayaraq, vaxtında görülmüş tədbirlər, eyni zamanda artıq icrasına başlanmış yeni islahatlar hesabına ölkədə makroiqtisadi sabitlik qorunub saxlanılır. İlk növbədə, qeyri-neft sektorunun dinamik inkişafı, bu sırada ərzaq təhlükəsizliyinin təminatında mühüm çəkisi olan kənd təsərrüfatı məhsulları istehsalının artımı təmin olunur, xarici ticarətdə ixracata diqqət çoxalır, vacib sosial-iqtisadi layihələrin icrası davam etdirilir. Bütün bunlara Prezident İlham Əliyev belə qiymət verir: 2016-cı ildə dünyanın müxtəlif bölgələrində hərbi toqquşmalar, müharibələr davam edir, yeni münaqişə ocaqları yaranır, dünyada təhlükələr artır. Eyni zamanda ilin əvvəlindən və ondan əvvəlki dövrdən başlayaraq dünyada iqtisadi böhran daha da dərinləşir və demək olar ki, bütün ölkələr bu və ya digər formada bu böhrandan əziyyət çəkir. Azərbaycanın isə uğurlu inkişafı təmin edilir, ölkəmizdə təhlükəsizlik yüksək səviyyədə qorunur, ictimai-siyasi sabitlik qorunur. Ölkə qarşısında duran əsas vəzifələr uğurla icra edilir. 2016-cı ildə də Azərbaycan inamla inkişaf edir. Bunun təməlində düşünülmüş siyasət, apardığımız islahatlar və ölkəmizin gələcəyi ilə bağlı olan proqramlarımız dayanır.

Yəqin ki, dünyanın od tutub yandığı, iqtisadiyyatın arxa planda qaldığı indiki vaxtda müstəqilliyimizin bərpasının 25-ci ildönümünə dövlətin və xalqın adından bundan böyük töhfə tapmaq çətindir.