Respublika.-2016.-16 oktyabr.-¹228.-S.4.

 

Azərbaycanda insan hüquqlarının səmərəli müdafiəsi 25 illik müstəqilliyimizin bəhrəsidir

 

Elmira Süleymanova,

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).

 

Azərbaycan tarixinin ən şanlı səhifələrindən biri də Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Günüdür. Dövlət müstəqilliyinin yenidən bərpasından ötən dövr müstəqil Azərbaycan Respublikasının ictimai-siyasi, hüquqi, sosial-iqtisadi və mədəni inkişafı tarixində mürəkkəb və şərəfli mərhələ olmuşdur. XX əsrin sonunda ölkəmiz yenidən öz dövlət müstəqilliyini bərpa etdi. İstiqlalın əvəzedilməzliyini dərk edən xalq müstəqilliyinə yenidən qovuşmalıydı. Beləliklə Sovet imperiyasının dağılması Azərbaycan xalqına öz milli müstəqilliyini bərpa etmək imkanı verdi. Yeni bir tarixi şans kimi 1991-ci il oktyabrın 18-də dövlət müstəqilliyini rəsmiləşdirən Konstitusiya Aktının qəbul olunması Azərbaycan Respublikasında dövlət quruluşunun, milli siyasət və idarəetmənin, iqtisadi inkişafın əsaslarını müəyyən etməklə, ictimai həyatın bütün sahələrinin tənzimlənməsində, davamlı inkişafın, rifah və məmnunluq səviyyəsinin təmin olunmasında, peşəkar və səmərəli dövlət qulluğunun formalaşdırılmasında əhəmiyyətli olmaqla, insan hüquqlarına verilən mühüm töhfələrdən oldu. Bu mühüm tarixi sənəd xalqımızı bir daha azadlığına qovuşdurdu.

Lakin, ölkədə xoşagəlməz meyillərin mövcud olduğu, anarxiya, xaos, özbaşınalığın hökm sürdüyü bir dövrdə müstəqilliyimiz yenə də təhlükə altına düşmüşdü. Demək olar ki, 1991-1993-cü illərdə ölkə idarəolunmaz vəziyyətdə idi. Erməni hərbi birləşmələrinin Azərbaycan ərazilərinə təcavüzü və işğalçı siyasəti nəticəsində torpaqlarımız işğal olunurdu. Bu proseslər gənc müstəqil ölkənin sabitliyi üçün böyük təhlükə və çətin sınaq idi.

1993-cü il ölkədə sabitlik və inkişaf ilinin başlanğıcı kimi tarixə düşməklə, strateji islahatların, qanunvericiliyin, iqtisadi, sosial sistemlərin sürətlə dəyişən şəraitə uyğunlaşdırılması, bazar iqtisadiyyatı prinsiplərinə cavab verən yeni iqtisadi siyasətin həyata keçirilməsi bütün istiqamətlərdə, o cümlədən insan hüquqları sahəsində dinamik inkişaf mərhələsi açdı.

Belə ki, 1994-cü ilin ortalarında müstəqil dövlətin yeni Konstitusiya layihəsinin hazırlanmasının təşəbbüskarı məhz ümummilli lider Heydər Əliyev oldu. Onun sədrliyi ilə Azərbaycan Respublikasının yeni Konstitusiya layihəsinin hazırlanması üçün komissiyanın yaradılması, beynəlxalq hüquq normalarının və insan hüquqlarının ümumtanınmış prinsipləri əsasında, demokratik tərzdə və xalqın rəyi nəzərə alınaraq geniş müzakirə edilməsi, 12 noyabr 1995-ci ildə keçirilən ümumxalq səsverməsi yolu ilə ölkənin əsas qanununun qəbul olunması Azərbaycan Respublikasında hüquqi dövlət ideyasının formalaşmasında mühüm təkan oldu.

Zaman gedişində 2002, 2009 və 2016-cı illərdə referendum yolu ilə Konstitusiyaya bir sıra mühüm əlavə və dəyişikliklərin edilməsi tam mütərəqqi xarakter daşımaqla insan və vətəndaş hüquqlarının və azadlıqlarının daha səmərəli qorunmasını, vətəndaşların layiqli həyat səviyyəsini, demokratiyanın inkişafının təmin olunmasında yeni bir mərhələyə təkan verdi.

Ümummilli liderin ölkəmizin demokratik inkişafı ilə bağlı qərarları bu gün də aktuallığını itirmir və inkişafın əsas istiqamətlərini, strateji hədəfləri müəyyən edir. Ulu öndərimiz demişdir: “Respublikada bütün demokratik prinsiplər, insan hüquqlarının müdafiəsi, siyasi plüralizm, söz azadlığı, sahibkarlıq azadlığı, vicdan azadlığı, dini etiqad azadlığı, milli mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşların hüquqi bərabərliyi təmin edilsin!”. Bu siyasət müstəqilliyinin 25 illiyini qeyd etdiyimiz Azərbaycanda ölkə başçısı cənab İlham Əliyev tərəfindən bu gün uğurla davam etdirilməkdədir.

Təqdirəlayiq haldır ki, dövlət başçısının 2016-cı il 11 oktyabr tarixli Sərəncamı ilə dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümünün ölkəmizdə dövlət səviyyəsində təntənəli surətdə qeyd olunması qərara alınmış və bununla bağlı Tədbirlər Planı təsdiq edilmişdir.

Tarix boyu Azərbaycan, ərazisində məkan salmış bütün millətlərin, dinlərin nümayəndələrinin sülh, mehribanlıq, qarşılıqlı anlaşma və əməkdaşlıq şəraitində yaşadığı Vətəni olmuşdur. Bu doğma mehriban münasibətlər millətlər arasında əlaqələrin daha da inkişaf etdirilməsinə təkan vermişdir.

Qeyd olunmalıdır ki, Roma Papası Fransiskin bu ilin 2 oktyabr tarixində Azərbaycana rəsmi səfəri də, ölkəmizdə keçirilən mötəbər tədbirlər sırasında mühüm yerlərdən birini tutmaqla bərabər, Vatikan-Azərbaycan əlaqələrinin və sivilizasiyalararası dialoqun inkişafı baxımından əhəmiyyətli olmuşdur.

Roma Papası Fransiskin Heydər Əliyev Mərkəzində ictimaiyyət nümayəndələri ilə keçirilmiş görüşündə çıxış edən ölkə Prezidenti İlham Əliyev demişdir: “Bizim üçün multikulturalizm həm həyat tərzidir, həm dövlətimizin apardığı siyasətdir. Multikulturalizm ideyalarının təbliği işində Azərbaycan dünya miqyasında çox önəmli rol oynayır. Əfsuslar olsun, bəzi xadimlər, siyasətçilər, liderlər multikulturalizmlə bağlı bədbin fikirlər söyləyirlər ki, multikulturalizm iflasa uğrayıb, bunun gələcəyi yoxdur. Bu, çox təhlükəli və yanlış fikirlərdir. Biz isə Azərbaycanda sübut edirik ki, multikulturalizm yaşayır, inkişaf edir və ölkəmizi irəliyə aparır. Multikulturalizmin ünvanlarından biri Azərbaycandır. Fəxr edirik ki, biz çoxmillətli, çoxkonfessiyalı ölkəyik. Azərbaycanda bütün dinlərin nümayəndələri ləyaqətlə yaşayırlar. Onlar ölkəmizin dəyərli vətəndaşlarıdır və bizim ümumi inkişafımıza böyük töhfələr verirlər.”.

Təbii ki, qeyd edilənlər bir daha respublikamızda gerçəkləşdirilən siyasətin multikultural dəyərlərə əsaslanmasının bariz nümunəsidir.

Bütün bu uğurlar dünya birliyinin gözü qarşısında 25 ildən artıqdır ki, davam edən erməni təcavüzü nəticəsində torpaqlarının beşdən bir hissəsi zəbt olunmuş, bir milyondan çox qaçqın və məcburi köçkünü olan bir ölkədə baş vermişdir. Erməni silahlı qüvvələri bu il aprelin 1-dən 2-nə keçən gecədən qəflətən cəbhəyanı bölgələrdə çoxsaylı yaşayış məntəqələrimizi, məktəbləri və digər sosial obyektləri intensiv atəşə tutmuşlar. Nəticədə hərbi qulluqçularla yanaşı, dinc əhali, o cümlədən uşaqlar, qadınlar və ahıllar həlak olmuş və ağır yaralanmışlar. Mülki əhalinin təhlükəsizliyini təmin etmək üçün Silahlı qüvvələrimizin əks əməliyyatları nəticəsində erməni silahlı bölmələri böyük itkilər verməklə geri çəkilməyə məcbur olmuş, zəbt olunmuş torpaqlarımızın bir qismi, mühüm strateji ərazilər, Talış və Lələtəpə yüksəklikləri azad olunmuşdur.

Aprel hadisələri, Ermənistan silahlı qüvvələrinin mülki əhalimizin qətlə yetirilməsi ilə bağlı Bəyanatımı, ümumilikdə isə fəaliyyətimiz dövründə 114 bəyanat qəbul edərək çoxunun BMT-nin Baş Katibinə, BMT-nin Təhlükəsizlik Şurasına, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına, Ombudsman təşkilatlarına, səfirliklərə, habelə diaspor təşkilatlarımıza göndərmişik. Yaşadığımız qələbə günləri soydaşlarımızın uzun illərdir ki, həsrətində olduğu zəfər müjdəsi günü oldu. Bu döyüşlərdə qəhrəmanlıq və igidliyə görə hərbçilərin bir qrupu ölkə başçısı tərəfindən yüksək fəxri ada layiq görülüb, yüksək ali rütbə, orden və medallarla təltif olunub.

Yeri gəlmişkən, müasir silah və texnikanın, eləcə də milli müdafiə sahəsində güc və qüdrətin nümayişi II Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi-ADEX 2016 öz işini uğurla başa vurmuş, müxtəlif ölkələri təmsil edən iri müdafiə müəssisələrinin nümayəndələri, o cümlədən ixtiraçı və mütəxəssislər üçün unikal dialoq platforması olan “ADEX” sərgisi müdafiə sənayesi sahəsində ən yeni və unikal məhsulları peşəkarlara təqdim etmək, eləcə də təcrübə mübadiləsi aparmaq üçün imkan yaratmışdır.

Bu gün əldə edilən bütün uğurlar 25 illik müstəqillik tariximizlə bilavasitə bağlıdır. Sevindirici haldır ki, ötən dövrdə daim dövlətimiz tərəfindən insan hüquqlarının təmininə böyük diqqət yetirilmişdir. Hələ 1998-ci ildə Prezident Heydər Əliyev tərəfindən “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında” 22 fevral 1998-ci il tarixli Fərman imzalanmış və daha sonra həmin ilin 18 iyun tarixində “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı” təsdiq edilmişdir. Bu sənəd ölkəmizdə insan hüquqları sahəsində ilk strateji dövlət sənədidir. Məhz elə bu səbəbdən də, ölkə başçısı cənab İlham Əliyevin 2007-ci il 18 iyun tarixli Sərəncamına əsasən, bu tarix yeganə ölkə olaraq respublikamızda Milli İnsan Hüquqları Günü kimi qeyd olunur.

Dünyada bir tərəfdə terror, müharibə, insan hüquqlarının kütləvi şəkildə pozulması ilə nəticələnən hadisələr, digər tərəfdə isə insan hüquq və azadlıqlarının təmin olunması, humanist dəyərləri özündə birləşdirən tolerantlıq, sülh, dözümlülük, multikulturalizm ideyaları özünə yer tutub. Çox sevindirici haldır ki, son ideyaların gerçəkləşdiyi məkan olan Azərbaycan dünyaya öz multikulturalizm siyasətini, özünə məxsus modelini nümunə kimi təqdim edir və örnək kimi qəbul olunur. Yəni multikulturalizmin hökm sürdüyü ölkədə demokratiya özünün ən yüksək inkişaf səviyyəsinə qalxır. Dünyada multikulturalizmin artıq qəbul olunmuş Azərbaycan modeli bunun bariz nümunəsidir. Azərbaycanda heç bir zaman milli, dini və irqi zəmində ayrı-seçkilik olmamışdır. Əgər biz beynəlxalq sənədlərdə təsbit olunmuş hüquqların hər birini ayrı-ayrılıqda təhlil etsək, həqiqətən ölkəmizdə bərabər hüquqların bərabər imkanlarla təmin olunmasını bir daha təsdiqləyərik.

Təqdirəlayiq haldır ki, dövlət başçısının müvafiq Sərəncamları ilə 2016-cı il ölkəmizdə “Multikulturalizm ili” elan edilmiş və bununla əlaqədar tədbirlər planı təsdiqlənmişdir. Təbii ki, bu qərar Azərbaycanda tolerantlığa, birgəyaşam dəyərlərinə olan münasibətin təzahürü kimi xalqımız tərəfindən də yüksək qiymətləndirilir.

Ötən illərdə olduğu kimi, bu il də ölkəmizin paytaxtı Bakı şəhəri bir sıra mötəbər tədbirlərə - IV Qlobal Bakı Forumuna, BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumuna və V Bakı Beynəlxalq Humanitar Forumuna ev sahibliyi etmişdir.

Xüsusilə vurğulanmalıdır ki, 2016-cı il sentyabrın 29-da Heydər Əliyev Mərkəzində 80-ə yaxın ölkədən gəlmiş 400-dən çox nümayəndənin iştirakı ilə V Bakı Beynəlxalq Humanitar Forumunun keçirilməsi də məhz Azərbaycanda həyata keçirilən siyasətin, multikultural dəyərlərə verilən böyük önəmin nəticəsidir.

Müstəqillik dövründə ölkə Prezidenti cənab İlham Əliyevin 28 dekabr 2006-cı il tarixli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında İnsan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı” bu sahədə Dövlət Proqramının fəlsəfəsini inkişaf etdirmişdir. Milli Fəaliyyət Planı insan hüquqlarının təmin edilməsi prosesinin keyfiyyətcə yeni müstəviyə keçməsinə, universal və regional səviyyədə əməkdaşlıq strategiyasının qurulmasına, dövlətlə vətəndaş cəmiyyəti arasında tərəfdaşlıq münasibətlərinin yaradılmasına xidmət etmişdir.

Müasir çağırışların və cəmiyyətimizin inkişafından irəli gələn tələbatların nəzərə alınması baxımından Milli Fəaliyyət Planı ölkəmizin siyasi sahədə milli maraqlarından biri olan insan hüquqlarının təmin olunması üzrə görülən ardıcıl tədbirlərin genişləndirilməsində, hüquq - müdafiə mexanizmlərinin təkmilləşdirilməsində, əhalinin müxtəlif kateqoriyalarının, o cümlədən ən həssas qruplarının hüquqlarının müdafiəsinin gücləndirilməsində növbəti mərhələnin başlanğıcını qoydu.

İnsan hüquqları sahəsində həyata keçirilən islahatların məntiqi davamı olaraq, normativ-hüquqi aktların insan hüquqlarına dair beynəlxalq standartlara tam uyğunluğunun təmin edilməsi, beynəlxalq təşkilatlarla yeni əməkdaşlıq strategiyasının hazırlanması və həyata keçirilməsi, dövlət orqanlarının fəaliyyətinin insan hüquqlarının təminatı baxımından təkmilləşdirilməsi, elmi-analitik işlərin stimullaşdırılması, hüquqi maarifləndirmə işinin genişləndirilməsi, dövlətlə vətəndaş cəmiyyəti arasında qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi kimi vəzifələri müəyyən edən, insan hüquq və azadlıqlarının daha səmərəli təmini istiqamətində yeni prioritetlər nəzərə alınmaqla 27 dekabr 2011-ci il tarixdə ölkə Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı təsdiq edildi. Bu Proqramın icrasına 43 dövlət qurumunun, o cümlədən yerli icra hakimiyyəti orqanlarının cəlb olunması həmin sənədin icra mexanizminin effektivliyinə yönəlmişdir.

Adı çəkilən Proqramın həyata keçirilməsinin monitorinqi, dəyərləndirilməsi və əlaqələndirilməsi üzrə İşçi qrupunun fəaliyyətinə rəhbərlik Ombudsmana tövsiyə edilmiş, bir çox dövlət qurumlarını və vətəndaş cəmiyyəti təsisatlarını birləşdirən şəbəkə şəklində fəaliyyət təmin olunmuş, ötən üç il müddətində Milli Fəaliyyət Proqramında nəzərdə tutulmuş bir çox məsələlər tam icra olunmuşdur.

Hazırda dövlət nəzarəti ilə bərabər ictimai nəzarət mexanizminin də gücləndirilməsi dövlətimizin diqqət mərkəzində olan məsələlərdəndir. Yeri gəlmişkən, ölkəmizdə “İctimai iştirakçılıq haqqında” qanun qəbul olunmuşdur ki, bu qanunda da vətəndaşların dövlət qurumlarının fəaliyyətinə ictimai nəzarətin həyata keçirilməsində iştirakı nəzərdə tutulur.

Bu illər ərzində həyata keçirilən islahatlar çərçivəsində Azərbaycan Respublikası 250-dən artıq beynəlxalq müqaviləyə qoşulmuşdur ki, bunların da çoxu insan hüquq və azadlıqları sahəsində qəbul edilmiş beynəlxalq sənədlərdir və milli qanunvericiliyin formalaşdırılması və təkmilləşdirilməsi prosesində mühüm əhəmiyyət kəsb edir.

Minilliyin Bəyannaməsinə qoşulmuş ölkəmizdə yoxsulluqla mübarizə sahəsində kompleks tədbirlərin həyata keçirilməsi məqsədilə “2003-2005-ci illər üçün Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramı”, eləcə də “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı” hazırlanaraq təsdiq edilmiş və uğurla icra olunmuşdur. Azərbaycan ötən illər ərzində Minilliyin İnkişaf Məqsədləri üzrə bir çox hədəfləri, xüsusilə insanların sağlamlığının qorunması, ətraf mühitin yaxşılaşdırılması, yoxsulluğun aradan qaldırılması, əhalinin təhsil səviyyəsinin yüksəldilməsi, gender bərabərliyinin təşviq və təmin olunması üzrə mühüm nailiyyətlər əldə etmişdir.

Azərbaycan Respublikası Prezidentinin 2020-ci ilədək dövr üçün ölkənin perspektiv inkişaf hədəf və istiqamətlərini müəyyənləşdirmək və onların gerçəkləşdirilməsini təmin etmək məqsədi ilə imzaladığı 2012-ci il 29 dekabr tarixli Fərmanı ilə “Azərbaycan 2020: Gələcəyə Baxış” İnkişaf Konsepsiyasını təsdiq etmişdir. Bundan əlavə ölkə Prezidentinin 2013-cü il 29 may tarixli növbəti Sərəncamı ilə həmin Konsepsiyanın icrası ilə bağlı dövlət orqanlarının, təşkilatlarının və müəssisələrinin fəaliyyətini təşkil etmək və əlaqələndirmək məqsədi ilə yaradılmış Milli Fəaliyyət Qrupunun tərkibinə Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) da daxil edilmişdir.

Təqdirəlayiq haldır ki, “Azərbaycan 2020: Gələcəyə Baxış” İnkişaf Konsepsiyasından, BMT-nin üzvü olan dövlətlərin 2015-ci ilin 25-27 sentyabr tarixlərində keçirilən Dayanıqlı İnkişaf Sammitində 2016-2030-cu illər üçün təsdiqlənmiş və ölkəmizin də qoşulduğu Dayanıqlı İnkişaf Məqsədlərindən irəli gələn insan hüquqları ilə bağlı müddəaların səmərəli icrası üçün ölkəmizdə zəruri tədbirlər həyata keçirilir.

Dayanıqlı İnkişaf Məqsədlərinin icrasının institusional və siyasi baxımdan kompleks yanaşma tələb etdiyini nəzərə alaraq, Azərbaycanda daha dayanıqlı, əhatəli və şaxələndirilmiş iqtisadiyyatın inkişaf etdirilməsi, sosial sahələrin tarazlı inkişafının təmin edilməsi üçün səmərəli milli icra mexanizminin formalaşdırılması xüsusi əhəmiyyət kəsb etdiyindən ölkə Prezidentinin 2016-cı il 6 oktyabr tarixli Sərəncamı ilə “Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik”dən irəli gələn öhdəliklərlə bağlı dövlət orqanlarının üzərinə düşən vəzifələrin icrasının əlaqələndirilməsi məqsədilə Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası yaradılmışdır.

Şuranın əsas məqsədi 2030-cu ilədək Azərbaycan üçün əhəmiyyət kəsb edən, qlobal məqsəd və hədəflərə uyğun milli prioritetləri və onlara dair göstəriciləri müəyyən etməkdən, ölkədə sosial-iqtisadi sahələri əhatə edən dövlət proqramlarının və strategiyaların Dayanıqlı İnkişaf Məqsədləri ilə uzlaşdırılmasını təmin etməkdən, habelə Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunması ilə əlaqədar illik hesabat hazırlamaqdan ibarətdir.

Bütün bu qeyd olunanlarla yanaşı, “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)”, “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” ölkədə həyata keçirilən davamlı sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsi olmuşdur. Bu isə qeyri-neft sektorunun davamlı inkişafına, regionlarda kommunal xidmətlərin və sosial infrastruktur təminatının keyfiyyətinin yüksəldilməsinə, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına, investisiya qoyuluşunun artmasına, yeni müəssisələrin və iş yerlərinin açılmasına, nəticədə əhalinin məşğulluğunun artırılmasına və yoxsulluq səviyyəsinin azaldılmasına təkan vermişdir. Azərbaycan Respublikası Prezidentinin 27 fevral 2014-cü il tarixli Fərmanı ilə təsdiq edilmiş və hazırda icrası uğurla davam etdirilən “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” regionların inkişafı ilə yanaşı əhalinin müxtəlif qruplarının rifah halının yaxşılaşdırılması istiqamətində tədbirlərin davamlılığını təmin etməklə, insan hüquqlarının təmininə mühüm töhfələr verməkdədir.

Dövlət orqanlarının fəaliyyətinin müasir standartlara uyğun təkmilləşdirilməsi üçün ötən dövr ərzində ölkə Prezidentinin müvafiq Sərəncamı ilə “Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya” və onun həyata keçirilməsi ilə bağlı 2007-2011-ci illər üçün Fəaliyyət Planı, “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı” və “Açıq hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı” təsdiq edilərək həyata keçirilmişdir. Bundan əlavə, Avropa Şurasının Korrupsiyaya qarşı Dövlətlər Qrupunun (GRECO) tövsiyələrinə uyğun olaraq 2011-ci il 24 iyun tarixli Qanunla Cinayət Qanunvericiliyinə və digər normativ-hüquqi aktlara bir sıra mühüm dəyişikliklər edilmişdir.

Qeyd olunmalıdır ki, “Açıq hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nda da şəffaflığın artırılması və açıq hökumətin təşviqi üçün nəzərdə tutulan tədbirlərdən biri məhz elektron xidmətlərin geniş miqyasda təbliği və təkmilləşdirilməsi ilə bağlı olmuşdur. Mütərəqqi cəhətlərdən birini də idarəetmənin modernizasiyasının onun bütün sahələrinin təkmilləşdirilməsi ilə paralel şəkildə aparılması təşkil edir.

Son illər Azərbaycanın “Elektron hökumət” quruculuğu sahəsində əldə edilmiş nailiyyətlər nəticəsində Milli Fəaliyyət Planında nəzərdə tutulmuş “Elektron hökumət” portalı istifadəyə verilmiş və hazırda portala 41 mərkəzi icra hakimiyyəti orqanının təqdim etdiyi 423 elektron xidmət inteqrasiya olunmuşdur ki, bu da əhali qruplarının maraqlarının effektiv təmininə xidmət edir. Yeri gəlmişkən, insanların Ombudsmana elektron qaydada müraciət xidməti də həmin portala inteqrasiya edilmişdir.

Bu baxımdan heç də təsadüfi deyildir ki, BMT-nin hazırladığı “Elektron Hökumət Sorğusu 2016” hesabatında Azərbaycan “Elektron Hökumətin İnkişaf İndeksi” üzrə əvvəlki mövqeyini 12 pillə artıraraq 193 ölkə arasında 68-ci yerdən 56-cı yerə yüksəlmişdir. Belə ki, “Elektron-İştirak İndeksi” üzrə ölkəmiz mövqeyini 30 pillə artıraraq 47-ci mövqedə qərarlaşmışdır.

Məlumdur ki, “Elektron hökumət”dən istifadə indeksi elektron xidmətlərin istifadəçilər tərəfindən populyarlığı ilə ölçülür. Bu mənada 2016-cı ilin ilk yarımili ərzində ölkəmizdə “Elektron hökumət” portalına müraciətlərin sayı 8 milyondan çox olmuşdur. Bu da portal istifadəyə verilən tarixdən bu günə qədər olan müraciət sayının təqribən 30 faizini təşkil edir. Bütün bunlar isə artıq elektron xidmətlərə əhali tərəfindən böyük etimad göstərildiyinin bariz nümunəsidir.

Yeri gəlmişkən, ölkə Prezidentinin 2016-cı il 27 aprel tarixli Sərəncamı ilə “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi də məhz açıq hökumət prinsiplərinin tətbiqinin genişləndirilməsi, korrupsiyanın qarşısının alınması üzrə yeni mexanizmlərin tətbiqi, vətəndaş cəmiyyəti institutlarının fəaliyyətinin və ictimai nəzarətin gücləndirilməsi, sahibkarların hüquqlarının müdafiəsi, bundan əvvəl təsdiq edilmiş müvafiq Milli Fəaliyyət Planları çərçivəsində həyata keçirilən tədbirlərin davamlılığının təmin edilməsi məqsədinə xidmət edir.

Dövlət idarəetməsində yeni fəaliyyət üslubunun formalaşdırılması yönümündəki mühüm tədbirlərdən biri ölkə Prezidentinin 2012-ci il 13 iyul tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin yaradılmasıdır. Bu Agentlik dövlət orqanlarında şəffaflığın artırılmasının, vətəndaşlara xidmətlərin daha keyfiyyətli, rahat, yeni üslubda və müasir innovasiyaların tətbiqilə göstərilməsinin, vətəndaşlara münasibətdə etik davranış qaydalarına əməl edilməsinin və vətəndaş məmnunluğunun təmininin zəruriliyindən yaradılmış, bir neçə orqanın xidmətlərini bir qurumda təqdim edən “ASAN xidmət” mərkəzlərinin yaradılması ilə nəticələnmişdir. Eyni xidməti göstərmək imkanının paralel olaraq bir neçə quruma verilməsi vətəndaşa xidmət qurumunu sərbəst seçmək imkanı da yaradır.

Belə ki, artıq Agentliyin tabeliyində Bakı (5 mərkəz), Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ və Masallı “ASAN xidmət” mərkəzləri yaradılmış və artıq bu xidmətlərə 12 milyondan çox müraciət daxil olmuşdur. Eyni zamanda, bu il ölkəmizdə ilk dəfə olaraq tərkibində çoxsaylı obyektləri olan Masallı “Asan Həyat” Kompleksi də istifadəyə verilmişdir.

Bundan əlavə ölkə Prezidentinin 2016-cı il 23 sentyabr tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafında vətəndaşların fəal iştirakına, kiçik və orta sahibkarlığın inkişafına, əhalinin məşğulluq səviyyəsinin artırılmasına və rəqabətqabiliyyətli ailə təsərrüfatlarının formalaşdırılmasına dəstək vermək məqsədi ilə sosialyönümlü layihələr həyata keçirən “ABAD” (Ailə Biznesinə Asan Dəstək) mərkəzləri yaradılmasının qərara alınması da bu sahədə əldə olunan uğurlu nəticələrdəndir.

Beləliklə, demokratik dəyərlərə əsaslanan yeni ictimai münasibətlər sistemində müasir modellərdən bəhrələnməklə yanaşı, milli-tarixi dövlətçilik ənənələrinə, milli idarəçilik sisteminə və maraqlara uyğun formalaşdırılan yeni idarəetmə modeli xalqa xidmətin, şəffaf və səmərəli idarəetmənin konseptual əsaslarını yaratmağa istiqamətlənmişdir.

Müasir dünyada hər bir dövlətin demokratik dəyərlərə sadiqliyi onun insan hüquqlarına münasibəti ilə müəyyən olunur. Bu mənada Heydər Əliyevin müstəqil respublikamıza başçılıq etdiyi dövrlərdə ən çox diqqət yetirdiyi sahələrdən biri də insan hüquq və azadlıqlarının qorunması olmuşdur. Ümummilli liderimiz özünün proqram xarakteri daşıyan çıxışlarının birində “Vəzifəli şəxslərin fəaliyyətini onların insan hüquqlarının qorunmasındakı xidmətlərinə görə qiymətləndirmək lazımdır” deməklə insan hüquqlarının müdafiəsinə daim böyük önəm verdiyini diqqətə çatdırmışdır. İnkişaf etmiş dövlətlərdə olduğu kimi, Azərbaycan Respublikasında aparılan demokratik hüquqi islahatlar prosesində Ombudsman institutunun, ölkənin hüquq sistemində insan hüquqlarının müdafiəsi və bu istiqamətdə dövlət orqanlarının fəaliyyətinin möhkəmləndirilməsi sahəsində mühüm bir təsisatın yaradılması dövlət müstəqilliyinin daha bir nailiyyətidir.

Bu gün minlərlə soydaşımızın, əhalinin müxtəlif qruplarının - qaçqın, məcburi köçkün və miqrantların, ahılların, əlilliyi olan şəxslərin, qadınların, uşaqların, məhkumların, hərbi qulluqçuların, milli azlıqların və digərlərinin müxtəlif sahələrdə, müvafiq olaraq işə bərpa ilə bağlı, ünvanlı sosial yardımların müəyyən edilməsi və verilməsi, məhkəmə qərarlarının icrası, şəxsiyyət vəsiqələrinin verilməsi, pensiyaların, alimentlərin təyin və təmin olunması, mülkiyyət, torpaq, mənzil və başqa problemləri Müvəkkilin müdaxiləsi nəticəsində öz həllini tapır.

Əhalinin Ombudsmana müraciətlərini asanlaşdırmaq, böyük məsafələr qət etmək, nəqliyyat və poçt xidmətləri xərclərini aradan qaldırmaq, yerlərdə araşdırmaları daha tez aparmaq, habelə əhalinin hüquqi maarifləndirilməsinin səmərəliliyini artırmaq məqsədilə ölkənin 4 regionunda, Gəncə, Şəki, Quba və Cəlilabadda Müvəkkilin regional mərkəzləri də yaradılmış və fəaliyyət göstərməkdədir.

Ombudsman milli qanunvericiliyin təkmilləşdirilməsi və yeni qanun layihələrinin qəbul edilməsi istiqamətində də səlahiyyəti çərçivəsində təşəbbüslərini artırır. Təsisat tərəfindən Azərbaycan Respublikasının Cinayət, Cinayət Prosessual, Mülki, Mülki Prosessual, İnzibati Xətalar, Miqrasiya, Əmək, Ailə, Mənzil, Seçki və s. məcəllələrinin, o cümlədən əlillik, pensiyalar və sosial müavinətlər, sosial xidmətlər, məhkumlar, ruhi xəstələrlə bağlı və s. istiqamətlərdə qanunvericilik aktlarının monitorinqini həyata keçirməklə təkmilləşdirilməsi istiqamətində parlamentə və hökumətə təkliflərini təqdim etməklə, müvafiq qərarlar qəbul edilməsinə nail olunmuşdur.

Müstəqillik dövründə Azərbaycan Respublikasında 1993-cü ildə ölüm hökmünün icrasına moratorium qoyulması və 1998-ci ilin fevral ayının 10-da isə tamamilə ləğv edilməsi də atılan mütərəqqi addımlardan oldu. Ümumiyyətlə Azərbaycan yeganə ölkədir ki, humanizm siyasətinə uyğun olaraq qısa müddət ərzində 61 əfv Sərəncamı imzalanmış və 11 amnistiya aktı, bu amnistiya aktlarından dördünün Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə qəbul olunmuşdur. 15 iyun - Milli Qurtuluş Günü tarixində qüvvəyə minmiş və 10 min məhkuma şamil edilən, 3500 məhkumun isə azadlığa çıxmasını təmin edən sonuncu Amnistiya aktının icrası artıq uğurla başa çatmış, Ombudsman və əməkdaşları bununla bağlı penitensiar müəssisələrdə keçirilən tədbirlərdə iştirak etmişlər. Bu aktın qəbul olunması hər birimiz, xalqımız tərəfindən böyük sevinclə qarşılanmışdır. Yeri gəlmişkən, fəaliyyətim dövründə vəsatətimlə 518 nəfər əfv edilmişdir.

Ombudsmanın formalaşdırdığı ənənəvi təcrübələrdən də biri “18 iyun - Milli İnsan Hüquqları Günü”, “21 sentyabr - Beynəlxalq Sülh Günü”, 20 noyabr - Uşaq Hüquqları Konvensiyasının qəbul edilmə tarixi ərəfəsində elan olunan Aylıqlardır ki, bu da dövlət qurumları, QHT, KİV, icmalar və əhalinin iştirakı ilə kütləvi hal almış, müsbət təcrübəyə çevrilmişdir.

Ombudsman insan hüquqları ilə bağlı digər strateji sənədlərin də implementasiyasında fəal iştirak edir, bəzi beynəlxalq Konvensiyalar təşəbbüsümüzlə Azərbaycan Respublikası tərəfindən ratifikasiya olunmuşdur.

Üçüncü nəsil hüquqların, sülh və inkişaf hüququ, sağlam ətraf mühitdə yaşamaq hüququ, xalqların öz müqəddəratını təyin etmək hüququnun öyrənilməsi və tətbiq olunması da ölkədə Ombudsmanın yeni yanaşmasının, sistemli tədbirlərin həyata keçirilməsinin nəticəsidir.

İnsan hüquqları təhsili istiqamətində “İnsan hüquqları”, habelə “Genderə giriş” fənlərinin müstəqil bir fənn kimi universitet səviyyəsində tədrisinə, yeni nəsil hüquqşünaslar, sosial işçilər və ixtisaslaşmış psixoloqların hazırlanması işinin təşkilinə nail olunmuşdur. Hazırda Bakı Dövlət Universitetində Müvəkkilin təşəbbüsü ilə “İnsan hüquqları və informasiya hüququ üzrə YUNESKO” kafedrası yaradılmış, bakalavr və magistr pilləsində insan hüquqları üzrə kadr hazırlığına başlanılmaqla bu sahəyə elmi yanaşma nümayiş etdirilir.

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında, habelə yeni yaradılmış və ixtisaslaşmış akademiyalarda, Polis və Ədliyyə Akademiyalarında dövlət qulluqçularına, müdavimlərə, tələbələrə ünvanlanan müxtəlif mövzulu treninqlər, yenidən hazırlama kursları insan hüquqları sahəsində məlumatlı kadrların yetişdirilməsi işinə mühüm töhfələr verir.

İnsan hüquqlarının müdafiəsi sahəsində fəaliyyətinə görə Azərbaycan Ombudsmanı Beynəlxalq və Avropa Ombudsmanlar institutlarına, habelə Asiya Ombudsmanlar Assosiasiyasına üzv qəbul olunmuşdur. 27 oktyabr 2006-cı il tarixdə Milli İnsan hüquqları Təsisatlarının Beynəlxalq Əlaqələndirmə Komitəsi (BƏK) tərəfindən Milli İnsan hüquqları Təsisatı kimi Azərbaycan Ombudsmanının fəaliyyəti Paris prinsiplərinə cavab verdiyindən “A” statusu ilə akkreditasiya olunmuş, 2012-ci ildə Müvəkkilin fəaliyyəti BƏK tərəfindən yenidən monitorinq edilmiş, onun “A” statusu yenidən reakreditasiya olunmuş və Paris Prinsiplərinə uyğun müstəqil fəaliyyət göstərdiyi BMT səviyyəsində bir daha təsdiqlənmişdir.

Bu illər ərzində Ombudsmanın cəmiyyətə gətirdiyi ən mühüm yenilik ondan ibarətdir ki, cəmiyyətdə “insan hüquqları” anlayışına münasibət müsbət baxımdan tamamilə yeniləşmiş, hüquqi tərbiyə və hüquq mədəniyyəti yeni məzmunda formalaşmış, insan hüquqlarının müdafiəsi sahəsində aidiyyəti dövlət qurumları ilə vətəndaş cəmiyyəti institutları arasında əlaqələndirilmiş iş üsulu yaranmış, zorakılıq halları azalmış, vətəndaş fəallığı və təəssübkeşliyi xeyli artmışdır.

Azərbaycanın Ombudsman təsisatına beynəlxalq aləmdə verilən yüksək qiymət müstəqil dövlətimizin insan hüquqlarına verdiyi dəyərin təcəssümüdür.

Müstəqilliyinin 25 illiyini qeyd etdiyimiz ölkəmizdə insan hüquqlarının müdafiəsi sahəsində həyata keçirilən genişmiqyaslı tədbirlər, eyni zamanda tarixən mövcud olan milli və dini etnik qruplarının dostluq, insanpərvərlik, mehribanlıq şəraitində yaşaması gələcəkdə də davam edəcək və Azərbaycan dünyada özünəməxsus yerini daha da möhkəmləndirəcəkdir.