Respublika.-2016.-15 oktyabr.-227.-S.4.

 

Müstəqil dövlətimiz - tarixi əmanətimizdir

Tağı ƏHMƏDOV,

YAP Yasamal Rayon Təşkilatının sədri.

Azərbaycanın zəngin və şərəfli dövlətçilik tarixinin ən mühüm dövrü iyirminci əsrin payına düşmüşdür. Məhz həmin əsrin əvvəlində bu çoğrafi ərazidə Şərqin ilk demokratik respublikası qurulmuş, xalqımızın müstəqillik arzusu gerçəkləşmiş, sonra milli azadlığın buxovlandığı sovetlər dövrü yaşanmış, əsrin axırlarında isə yenidən əsl istiqlaliyyət əldə edilərək, onun qorunub saxlanması təmin olunmuşdur. 1918-ci ilə Azərbaycan Xalq Cümhuriyyətinin qurulması böyük rus imperiyasının, 1991-ci ildə onun varisi kimi Azərbaycan Respublikasının öz müstəqilliyini elan etməsi isə sovet imperiyasının süqutu nəticəsində mümkünləşsə də, milli dövlətçiliyimizin ideya-mənəvi təməli ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə xalqımızın azadlıq mübarizəsi gedişində qoyulmuşdur.

Azadlıq və müstəqillik heç də hər bir xalqın, millətin qismətinə düşməyən müqəddəs bir sərvətdir. Ulu Öndərimiz deyirdi: Azərbaycan adlı dövlətin varlığı bizim ən böyük tarixi sərvətimiz, bütün azərbaycanlıların qazandığı ən böyük nailiyyətdir. Xalqımızın azadlığa qovuşması, müstəqilliyini bərpa etməsi asanlıqla başa gəlməmiş, bu yolda ağır sınaqlar, məhrumiyyətlər, ağrılı itkilər olmuş, şəhidlər verilmişdir. Azadlığı və müstəqilliyi qoruyub saxlamaq üçün güclü dövlətin formalaşdırılması ən ümdə şərtdir. Dövlətin gücü və qüdrəti isə onun sükanı arxasında dayanan, həmin dövləti idarə edən həqiqi liderin varlığı ilə birbaşa bağlıdır.

Hər bir xalqın taleyinin müəyyənləşməsində onun yetişdirdiyi dahi şəxsiyyətlərin, nadir dühaların əvəzsiz yeri olur. Tarixin gedişinə həlledici təsir göstərən belə müdrik şəxsiyyətlərdən biri də müasir Azərbaycan dövlətinin banisi və qurucusu Ulu Öndər Heydər Əliyevdir. İyirmi beş il əvvəl Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktının qəbul edilməsi ilə hüquqi əsası qoyulan müstəqilliyimiz, faktiki olaraq, məhz bu dahi şəxsiyyətin dəmir iradəsi və uzaqgörən siyasəti nəticəsində reallaşdırılmış, möhkəmlənmişdir.

O illər elə də uzaqda deyil və baş vermiş hadisələrin canlı şahidləri olan orta və yaşlı nəslin nümayəndələri ölkəmizin və xalqımızın hansı sınaqlarla qarşılaşdığını yaxşı xatırlayırlar. Dövlət müstəqilliyinin bərpası ərəfəsində Azərbaycanda hökm sürən xaos və hərc-mərclik daxili vəziyyəti gərginləşdirməklə yanaşı, yüz illər boyu torpaqlarımıza göz dikən xəyanətkar ermənilərə ərazi iddiası qaldırmaq üçün fürsət verdi. Xain erməni qonşularımızın fəallaşması və hələ o zaman mövcud olan Sovet İttifaqının satqın başçılarından dəstək alması isə xalqımızın qeyrətli və millətsevər oğlu Heydər Əliyevin siyasi fəaliyyətdən təcrid edilməsi ilə birbaşa əlaqədar idi. Ən acınacaqlı hal o idi ki, respublikanın həmin dövrdəki qorxaq və səriştəsiz rəhbərləri tükənməz xalq məhəbbəti qazanmış bu böyük və vətənpərvər siyasətçinin həyat və idarəçilik təcübəsindən faydalanmaq əvəzinə, onu təqib edir, paytaxt Bakıda sadəcə qalıb yaşamasına belə mane olurdular.

Bütün bünlara görə də Ulu Öndərimiz həm fiziki, həm də mənəvi baxımdan dinclik tapmaq, xalqla birlikdə olmaq üçün doğma Naxçıvana üz tutdu, öz ata-baba yurdunda, sadə və səmimi insanların arasında yaşamağa başladı. Milli azadlıq ruhunun, sovet imperiyasına qarşı etirazın çox güclü olduğu bu qədim diyarda Heydər Əliyev dühasına, onun siyasi düşüncəsinə və təcrübəsinə ehtiyac vardı. Çünki hələ Azərbaycan öz müstəqilliyini elan etməmiş, Naxçıvan sovet əsarətindən qurtarmağı qərara almış, xalq hərəkatı fəalları bu yolda cəsarətli addımlar atmışdılar. 1990-cı ilin noyabrında Naxçıvan Ali Məclisinin Heydər Əliyevin sədrliyi ilə keçirilən iclasında muxtar respublikanın adından sovet, sosialist sözləri çıxarıldı, milli istiqlalımızın rəmzi olan üçrəngli bayraq dövlət bayrağı kimi qəbul edildi.

Beləliklə, milli dövlətçiliyimizin bərpası istiqamətində ilk cəsarətli təşəbbüslər məhz Naxçıvanda başlanmış, həmçinin dünya azərbaycanlılarının birliyinin və həmrəyliyinin bünövrəsi burada qoyulmuşdur. Sonralar müstəqil dövlətçiliyimizin xilasında əhəmiyyətli rol oynayan və iqtidara gələrək, xalqın ağır bəlalardan, ölkəni parçalanmaq təhlükəsindən qurtarılmasında öz yaradıcısı və rəhbəri Heydər Əliyevə fəal dəstək verən Yeni Azərbaycan Partiyası da burada təsis olunmuşdur.

Azərbaycanın 1991-ci ildə kağız üzərində qazandığı müstəqillik yalnız Ulu Öndərin ölkə rəhbərliyinə möhtəşəm qayıdışından sonra reallığa çevrildi. Buna qədər iki ilə yaxın bir müddətdə ölkə siyasi çəkişmələrlə çalxalanmış, hakimiyyət çevrilişləri adi hal almış, dövlətin idarəçiliyi əldən-ələ keşmiş, qorxaq, səbatsız, səriştəsiz bir qrupu davakar, avantürist siyasətbazlar dəstəsi əvəzləmiş, milli iqtisadiyyat dağıdılıb məhv edilmiş, əhalinin yaşayış səviyyəsi tam pisləşmiş, xarici düşmənlərimiz yaranmış vəziyyətdən yararlanaraq torpaqlarımızı işğal etmişdilər. Gəncədə başlanmış qiyam, ümumi narazılıq zəminində digər bölgələrdə getdikcə qızışan separatçılıq Azərbaycanı qardaş qırğını, parçalanmaq təhlükəsi ilə üz-üzə qoymuşdu. Müharibə alovları Dağlıq Qarabağın hüdudlarını keçib ölkənin içərilərinə doğru irəliləyir, Ermənistan silahlıları öz havadarlarının köməyi ilə asanlıqla, ciddi bir müqavimətlə rastlaşmadan yeni-yeni ərazilərimizi zəbt edirdilər. O günləri göz önünə gətirəndə indinin özündə də daxili bir həyəcan keçirməmək mümkün deyildir.

Heydər Əliyevin 1993-cü ildə Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrdə dönüş yarandı, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesi başlandı. Heydər Əliyevin həyata keçirdiyi təxirəsalınmaz tədbirlərin nəticəsi kimi, bir tərəfdən, Milli Ordunun formalaşdırılması, Azərbaycanın milli mənafelərini qorumağa qadir nizami silahlı qüvvələrin yaradılması, torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm addımlar atıldı, digər tərəfdən, atəşkəsə nail olmaq üçün bütün siyasi və diplomatik vasitələr işə salındı, bunun da nəticəsində 1994-cü ilin mayında ölkəmiz üçün həyati əhəmiyyət kəsb edən atəşkəsə nail olundu.

Nisbi sabitliyin bərqərar edilməsi təbii sərvətlərlə zəngin ölkəmizə dünya birliyinin inam və marağının artmasını şərtləndirdi, elə bu əsasda da qısa bir vaxtda Əsrin müqaviləsini imzalamaq, xarici sərmayədarları Xəzərin neft-qaz yataqlarının işlənməsinə, milli iqtisadiyyatımızın diçəldilməsinə rəvac verən neft strategiyasının həyata keçirilməsinə cəlb etmək mümkün oldu. Bu strategiyanın uğurla həyata keçirilməsi Azərbaycanın sosial-iqtisadi problemlərinin qısa müddətdə həll edilməsinə, iri infrastruktur layihələrinin icra olunmasına, ən başlıcası, neft kapitalının insan kapitalına çevrilməsinə şərait yaratdı.

Prezident İlham Əliyevin Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümü haqqında Sərəncamında qeyd edildiyi kimi, dövlət neft strategiyasının həyata keçirilməsi ilə yanaşı bu illər ərzində ölkəmizdə müasir iqtisadiyyatın əsaslarının yaradılması, torpaq islahatlarının həyata keçirilməsi, sahibkarlığın inkişaf etdirilməsi, maliyyə-bank sisteminin qurulması, ticarətin liberallaşdırılması və əhalinin sosial müdafiəsinin təmin olunması istiqamətlərində mühüm layihələr gerçəkləşdirilmişdir. Keçid dövrünü uğurla başa vuran ölkəmiz iqtisadiyyatının həcmini bir neçə dəfə artıraraq bu gün davamlı inkişaf prinsiplərinə sadiq, güclü infrastruktur və inkişaf potensialına malik iqtisadiyyat qurmuşdur.

Ulu Öndərin son dərəcə gərgin və yorulmaz fəaliyyəti nəticəsində xalqımızı narahat edən bir sıra xoşagəlməz və təhlükəli halların, xüsusən dövlət çevrilişinə cəhdlərin qarşısı alındı, cinayətkarlığa qarşı kəskin mübarizə aparılmasına başlandı və dövlət quruculuğu prosesi vüsət aldı. Müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbul edilməsi demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinin uğurla, sürətlə həyata keçirilməsi üçün möhkəm zəmin oldu. Heydər Əliyevin işləyib hazırladığı ümumbəşəri dəyərlərə əsaslanan azərbaycançılıq ideologiyası müstəqil dövlətimizin əsas ideoloji sütunu kimi cəmiyyətin ideyaca monolitliyini təmin etdi. Uğurlu daxili siyasət nəticəsində ölkədə yeni iqtisadi münasibətlərə söykənən hərtərəfli davamlı inkişaf təmin olundu, insan hüquq və azadlıqlarının başlıca prinsipləri bərqərar edildi, düşünülmüş və tarazlı xarici siyasət isə dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatları ilə milli maraqlara uyğun əlaqələrin qurulmasına imkan yaratdı. 1992-93-cü illərdə cəmi bir günlük çörək ehtiyatı olan Azərbaycan Heydər Əliyevin ağlı, zəkası sayəsində zəngin bir ölkəyə çevrildi. O vaxtlar rayonlara növbə ilə iki saatlığa elektrik enerjisi verilirdisə, indi nəinki evlərdə bol işıq var, hətta binaların fasadları, küçələrimiz də işıqlandırılır.

Bütün mənalı həyatını öz xalqına bəxş etmiş Heydər Əliyevin siyasi və dövlət xadimi kimi zəngin fəaliyyəti Azərbaycan xalqının tarixində dərin iz buraxaraq, əsl dövlət idarəçiliyi məktəbinə çevrilmişdir.

Ulu Öndərin müstəqil Azərbaycana rəhbərlik etdiyi dövrün əhəmiyyəti barədə Prezident cənab İlham Əliyev demişdir: 1993-2003-cü illərdə Azərbaycanda dövlət quruculuğu prosesi uğurla getmişdir, dövlətin əsasları qoyulmuşdur. Məhz buna görə biz həmişə deyirik ki, Heydər Əliyev müstəqil Azərbaycanın banisidir. Hər dəfə o tarixi yada salaraq, təəssüf hissi ilə qeyd edirik ki, əgər müstəqilliyimizin ilk illərindən Heydər Əliyev hakimiyyətdə olsaydı, bizim ölkəmiz Dağlıq Qarabağ problemi ilə üzləşməzdi. O, heç vaxt imkan verməzdi ki, orada separatçılar baş qaldırsınlar. Heç vaxt imkan verməzdi ki, xalqımıza qarşı bu qanlı cinayət törədilsin. Müstəqilliyimizin ilk illərində baş vermiş hadisələr bizə çox baha başa gəldi. O hadisələri yada salarkən bir daha görürük ki, bu gün Azərbaycan sözün əsl mənasında inkişaf yolundadır. Bu gün Azərbaycan müstəqil dövlət kimi özünü dünya miqyasında təsdiqləyib....

Heydər Əliyev dühası ilə müstəqilliyin inamlı və işıqlı yoluna çıxmış Azərbaycan indi Prezident İlham Əliyevin rəhbərliyi altında dünya miqyasında özünəməxsus inkişaf modeli ilə seçilir. Regionun lider dövləti, Avropanın enerji təhlükəsizliyinin təminatçılarından biri kimi tanınan respublikamızın qlobal iqtisadi böhran şəraitində belə öz dayanıqlı inkişafını qoruyub saxlaması çox böyük nailiyyətdir. Azərbaycanın müxtəlif xarakterli - siyasi, idman, səhiyyə, iqtisadi və sair tədbirlərin keçirildiyi məkan, mədəniyyətlərarası və sivilizasiyalararası dialoq üzrə mərkəzlərdən biri olması müstəqil dövlətimizin dünyadakı nüfuzunu təsdiq edən mühüm faktorlardandır. Bu tədbirlər həm ölkəmizin beynəlxalq mövqelərini gücləndirir, dünyada hörmətini artırır, həm də gücünü və imkanlarıını nümayiş etdirir.

Azərbaycan dövlətçiliyinin bundan sonra da uzun illər davam edəcək İlham Əliyev dövrünün ən mühüm xüsusiyyəti onun tam müstəqil siyasət yürüdən ölkə kimi tanınmasıdır. Möhtərəm Prezidentimizin milli maraqlara əsaslanan siyasəti, iqtisadi inkişaf və demokratikləşdirmə, hüquqi dövlət quruculuğu xətti, effektiv ardıcıl və məqsədyönlü diplomatik fəaliyyəti müstəqil dövlətçiliyimizin möhkəmliyini təmin edir.

Azərbaycan sürətli inkişaf yolunda qazandıqlarının hamısını öz hesabına, dövlətimizin başısının mükəmməl idarəçilik istedadı, düşünülmüş siyasəti və xalqı yaradıcı, qurucu əməyə, iqtisadi fəallığa təşviq etməsi sayəsində əldə etmişdir. Cənab İlham Əliyevin qürurla bəyan etdiyi kimi, bizə heç kim kömək etməmişdir, etmir və etməyəcəkdir, heç buna ehtiyac da yoxdur. Bütün sahələr üzrə işlənib hazırlanmış konkret proqramlar ölkəmizin qarşısında duran bütün problemlərin həllinə imkan verir. Son illərdə dünyada neftin qiymətinin 3-4 dəfə aşağı düşməsinə baxmayaraq, Azərbaycanda maaşlar və pensiyalar artırılır, sosial məsələlər öz həllini tapır.

Ölkəmizdə postneft dövrünün başlanması iqtisadi islahatların yeni istiqamətlərinin müəyyənləşdirilməsi zərurəti yaratmışdır. Möhtərəm Prezident İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən islahatların başlıca məqsədi yerli sənaye və kənd təsərrüfatı potensialından, qeyri-neft sektorunun və azad sahibkarlığın imkanlarından istifadə etməklə müstəqil dövlətimizin iqtisadi əsaslarını möhkəmləndirmək və xalqın həyat səviyyəsini daha da yaxşılaşdırmaq, işsizliyin minimuma endirilməsinə, hər bir vətəndaşın rifah içərisində yaşamasına nail olmaqdır. Həyata keçirilən islahatlara dünyada da böyük maraq var və təsadüfi deyildir ki, bu yaxınlarda Davos Dünya İqtisadi Forumu Azərbaycan iqtisadiyyatını rəqabət qabiliyyətliliyinə görə dünyada 37-ci yerə layiq görmüşdür. Dünyanın hələ böhran yaşadığı və onun təsirinin bizdən də yan keçmədiyi bir vaxtda bu, Azərbaycan iqtisadiyyatına verilən yüksək qiymətdir və tarixi göstəricidir. Belə ki, Azərbaycan MDB məkanında, həmişə olduğu kimi, birincidir və liderliyini saxlayır.

Bu gün müstəqil dövlətimizin qarşısında duran əsas vəzifə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllidir. Möhtərəm Prezidentimiz İlham Əliyev bu istiqamətdə həm siyasi, həm də diplomatik amillərdən istifadə edərək bütün zəruri tədbirləri görür və nəticədə danışıqlar prosesində mövqeyimiz güclənməkdədir. Bütün sahələrdə Azərbaycan Ermənistan üzərində öz üstünlüyünü bütün dünyaya nümayiş etdirir. Təkcə siyasi və iqtisadi sahələrdə deyil, həm də hərbi sahədə, ordu quruculuğu sahəsində... Bu il aprel ayının əvvəllərində cəbhənin Füzuli, Tərtər və Cəbrayıl istiqamətlərində ordumuzun qazandığı qələbələr bunu bir daha təsdiqlədi.

Müstəqil dövlətçiliyimizin inkişafına və daha da möhkəmlənməsinə xidmət edən mühüm siyasi tədbirin - Azərbaycan Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı bu il 26 sentyabrda keçirilmiş referendumun uğurla başa çatması xalqla iqtidar arasındakı birliyin bariz ifadəsi oldu. Seçicilərin mütləq əksəriyyəti Konstitusiyaya təklif olunan dəyişiklikləri dəstəkləmiş və Prezident İlham Əliyevin həyata keçirdiyi siyasəti müdafiə etmişlər. Yeni Azərbaycan Partiyasının nümayəndəsi və siyasətçi kimi deyə bilərəm ki, referendumun nəticələri Azərbaycanın daha da güclənməsinə, xalqımızın rifahının davamlı yüksəlişinə sanballı təkan verəcəkdir. Dövlət başçısı cənab İlham Əliyev bu mühüm siyasi əhəmiyyətli tədbirin yekunlarını dəyərləndirərkən demişdir: Azərbaycan xalqı referendumun nəticələrini dəstəkləyir. Onların iradəsi referendumun nəticələrində öz əksini tapmışdır. Bu, onu göstərir ki, kim nə deyirsə-desin, hansı uydurma ortaya atırsa-atsın, Azərbaycan demokratiya yolu ilə gedir. Bizim siyasətimizə alternativ siyasət yoxdur. Alternativ siyasət fəlakət ola bilər, yenə Azərbaycanı uçuruma apara bilər, yenə Azərbaycanı qırğın meydanına çevirə bilər. Azərbaycan xalqı bizim siyasətimizi dəstəkləyərək referendumda hə dedi. Əziz xalqımı bir daha əmin etmək istəyirəm ki, bundan sonra da bu yolla gedəcəyəm, Azərbaycanın inkişafını təmin edəcəyəm və heç bir kənar qüvvə bizi bu yoldan çəkindirə bilməz.

...Xalqımız öz milli-mənəvi dəyərlərinə, yaradıcı potensialına, vətənpərvərliyinə və qurub-yaratmaq əzminə arxalanaraq, 25 il ərzində suveren dövlət çərçivəsində misilsiz inkişaf yolu keçmişdir. Azərbaycanın dövlət müstəqilliyini göz bəbəyi kimi qorumaq, onun müdafiəsinə daim hazır olmaq hər bir vətəndaşımızın müqəddəs borcudur. Çünki müstəqil dövlətdə yaşamağı xalqımızın bir şox nəsilləri arzulasa da, bu səadət indiki nəsilə qismət olmuşdur. Biz müstəqil, azad Azərbaycan Respublikasının vətəndaşı olmaqdan qürur duyur, bunu həyatımızın ən böyük amalı kimi qiymətləndiririk. Ulu Öndər Heydər Əliyevin bizə əmanəti olan, onun layiqli müdrik siyasi varisi Prezidentimiz İlham Əliyevin səriştəli və qətiyyətli idarəçiliyi ilə öz qüdrətini durmadan artıran müstəqil dövlətimizi daha gözəl və parlaq bir gələcək gözləyir. Çünki getdiyimiz yol Azərbaycan xalqının xoşbəxt gələcəyini təmin edəcək Heydər Əliyev yoludur!