Azad Azərbaycan.-2016.-15 oktyabr-¹ 147.-S.3.

 

Müstəqilliyin dadı

 

Qafar Əliyev,

Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü,

Azərbaycan Respublikası Prezidenti Administrasiyası ictimai-siyasi məsələlər

şöbəsinin sektor müdiri

 

Azərbaycanın dövlət müstəqilliyinin yenidən bərpasından 25 il keçir. Azərbaycan Respublikası ümummilli lider Heydər Əliyevin ideyalarını və müəyyən etdiyi daxili və xarici siyasi kursu rəhbər tutaraq və uğurla davam etdirərək tarixinin olduqca şərəfli və qiymətli dövrünü yaşayır. Azərbaycan xalqı 25 illik bir dövr ərzində əsrlərlə arzuladığı müstəqilliyin dadını hiss edir. Azərbaycan xalqının ən böyük tarixi nailiyyəti olan dövlət müstəqilliyinin bərpa edilməsindən ötən dövr ərzində xalqımız müstəqilliyin qorunub saxlanması və daha da möhkəmləndirilməsi, Dağlıq Qarabağ probleminin ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi şərtilə həll edilməsi uğrunda ardıcıl mübarizə aparıb. Ölkənin beynəlxalq nüfuzunun yüksəlməsi, sosial-iqtisadi inkişafı, hərbi quruculuq, əhalinin həyat səviyyəsinin durmadan yaxşılaşdırılması, demokratiya və vətəndaş cəmiyyətinin inkişaf etdirilməsi və s. sahələrdə fəaliyyət də Azərbaycan Respublikasının yeritdiyi dövlət siyasətinin əsasını təşkil etmişdir. 1991-ci il oktyabrın 18-dən ötən son 25 ildə Azərbaycanın dövlət bayrağı ucalara qaldırılmış, hökumətin yeritdiyi siyasət nəticəsində Azərbaycanın dövlət müstəqilliyi daha da möhkəmlənmiş, ölkəmiz Cənubi Qafqazın lider ölkəsinə çevrilmiş, dünyada ən dinamik inkişaf edən dövlətlərdən biri olmuşdur.

Dövlətin yeritdiyi daxili siyasətdə ən mühüm məsələlərdən biri siyasi sabitlik və onun qorunması olmuşdur. Milli Məclisin 2013-cü il iyunun13-də keçirilən növbədənkənar iclasinda parlamentin sədri Oqtay Əsədov belə deyib: ”Azərbaycanda sabitlik var. Bunu hər kəs görür. Amma bəzi xarici qüvvələr var ki, ciddi cəhdlə bu il sabitliyi pozmağa çalışırlar. Əminəm ki, onların bu səyləri boşa çıxacaq”.(Bax: “Şərq”qəzeti,14 iyun 2013-cü il.¹106.). Təkcə 2013-cü ildə yox, ümumiyyətlə son 20 ildən artıq bir dövrdə  ölkəmizdə sabitliyi pozmaq istəyən bütün daxili və xarici qüvvələrin niyyəti baş tutmamışdır.

1991-ci il oktyabrın 18-də Azərbaycanın müstəqillik qazanmasından ötən 25 ildən çox müddətdə ölkəmizin həyatında siyasi, iqtisadi, hərbi, humanitar və başqa sahələrdə keçid dövrü kimi xarakterizə olunan bir dövr olmuş, milli dövlət quruculuğu prosesi həyata keçirilmişdir. Həmin dövrdə, necə deyərlər, kommunist idarəçiliyindən, yəni, sosialist təsərrüfat və idarəetmə prinsiplərindən, ictimai mülkiyyətdən, kolxoz və sovxoz təsərrüfatları tipindən, Sovetlər dövründə milliləşdirilmiş fabrik və zavodlardan imtina olunmuş, yeni idarəetməyə, yəni, demokratik idarəetməyə və bazar iqtisadiyyatı mexanizmlərinə keçidin bünövrəsi qoyulmuşdur. Artıq ölkəmiz ötən 25 ildə beynəlxalq, siyasi, hərbi, sosial-ıqtisadi və mənəvi həyatın bir çox sahələrində böyük uğurlar qazanmışdır. Hazırda Azərbaycan dünya dövlətləri içərisində inkişafın dinamikasına görə layiqli yer tutur. Xüsusilə Cənubi Qafqaz regionunda alternativsiz liderə çevrilməsi, regional-qlobal layihələrin əsas təşəbbüskarı və iştirakçısı olması, təkcə özünün deyil, qonşu dövlətlərin də inkişafına bilavasitə yardımçı olması ölkəmizin beynəlxalq aləmdə layiqli yer tutmasına səbəb olmuşdur.

2005-2015-ci illər Azərbaycanın milli iqtisadiyyatı üçün coşqun inkişaf illəri olmuşdur. Xüsusilə, son 10 ildə milli iqtisadiyyat 3 dəfədən çox artmışdır. 2013-cü ildə Ümum Daxili Məhsulun (ÜDM) həcmi 73,54 milyard ABŞ dollarına çatmışdır. 2014-cü ildə bu göstərici 6,7% artmışdır. 2003-cü ildə 3.700 ABŞ dollarına bərabər olan alıcılıq qabiliyyəti paritetinə əsasən adambaşına düşən ÜDM 2013-cü ildə 10.700 ABŞ dollarına yüksəlib.

Azərbaycanın icmal büdcəsinin xərcləri son 10 ildə 13 dəfə artaraq 1,5 milyard manatdan 20 milyard manata çatmışdır.

2003-cü ildə 800 milyon dollar təşkil edən strateji valyuta ehtiyatları 50 milyard dollara qədər yüksəlmişdir.

Hazırda qeyri- neft sektorunun ÜDM-da payı 52,7 faizə çatır.

BMT İnkişaf Proqramının 2013-cü ilə dair “İnsan İnkişafı Hesabatı”na əsasən, Azərbaycan Respublikası insan inkişafı indeksinin orta illik artım tempinə görə MDB məkanında ilk yerə layiq görülmüşdür. 2009-cu ildə dünya iqtisadiyyatı kəskin böhran keçirdiyi vaxtda, Azərbaycan 9,3 % iqtisadi artım əldə etmişdi. Ölkə iqtisadiyyatında özəl sektorun çəkisi 83%-ə çatıb. Son 10 ildə Azərbaycan iqtisadiyyatına 130 milyard dollar investisiya yatırılmışdır. O, Cənubi Qafqaz iqtisadiyyatında 80 %-dən çox paya malikdir.(Bax ,”Azərbaycan” qəzeti,12 sentyabr 2013-cü il.¹200,səh.9).

Dünya İqtisadi Forumunun 2013-2014-cü illər üzrə “Dünya Rəqabətlilik Hesabatı” nəşrinə əsasən, Azərbaycan əvvəlki illərlə müqayisədə daha 7 pillə irəliləyərək 148 dövlət arasında 39-cu yerdə qərarlaşmışdır. Xatırladaq ki, Dünya İqtisadi Forumu tərəfindən 2010-2011-ci illər üçün hazırlanmış Qlobal Dünya Rəqabətlilik Hesabatında Azərbaycan MDB ölkələri arasında birinci, makroiqtisadi sabitlik alt indeksi üzrə isə 139 ölkə arasında 13-cü yeri, 2011-2012-ci illər hesabatında 142 ölkə arasında 55-ci yeri, 2012-2013-illər hesabatında 144 ölkə arasında 46-cı yeri tutmuşdur.(Bax ,”Azərbaycan” qəzeti, ¹197,8 sentyabr 2013-cü il,səh.1.).

2007-ci ildə dünyada iqtisadi böhran baş verən və bütün dünya ölkələrində iqtisadi göstəricilər aşağı düşən zaman Azərbaycanda iqtisadi artim tempi 35 % olmuşdur. Bu stabil və dinamik inkişafın nəticəsində ÜDM 2003-cü ildə 7,15 milyard manatdan 2012-ci ildə 50,1 milyard manata (64 milyard dollara, adambaşına 7.000 dollara), 2014-cü ilin sonuna 54,1 milyard manata, adambaşına isə 5.531 manata çatmışdır.

2012-ci ildə ÜDM-in 52,8 faizi, yəni 28,5 milyard manatı qeyri-neft sektorunun payına düşmüşdür.

Dünya İqtisadi Forumu tərəfindən 2010-2011-ci illər üçün hazırlanmış Qlobal Dünya Rəqabətlilik Hesabatında Azərbaycan MDB ölkələri arasında birinci, makroiqtisadi sabitlik alt indeksi üzrə isə 139 ölkə arasında 13-cü yeri tutmuşdur.

Azərbaycan respublikasının əldə etdiyi bu iqtisadi nailiyyətlərin bəhrəsini xalq yaşamış, yaxşı görmüş və hiss etmişdir.

2012-ci ilin noyabrın 13-də Azərbaycan Milli Məclisinin iclasında 2013-cü il üçün dövlət büdcəsinin layihəsi müzakirə olunarkən millət vəkili, xalq artisti Zeynəb Xanlarova əhalinin sosial vəziyyətinin daha da yaxşılaşdırılmasının zəruriliyini qeyd edərək belə demişdir: ”Xahiş edirəm, mənə deyin, bu büdcənin müəllimlərimizə, əlillərimizə, təqaüdçülərimizə, həkimlərimizə xeyri olacaqmı?”. Ona verilən qısa cavab belə olmuşdur: ”- Bəli, 2013-cü ilin büdcəsi sosial yönümlü olacaq”.

 2013-cü ilin 1 iyil tarixinə Azərbaycanda orta aylıq əmək haqqı 411 manata, minimum əmək haqqı isə 2013-cü ilin sentyabrın 1-dən etibarən 105 manata çatmışdır. Əgər minimum əmək haqqı 1993-cü ildə 27.500 manat (5.5 dollar) idisə, bu rəqəm 2003-cü ildə 45.000 manata (9 dollara), 2013-cü ildə isə 105 manata (120 dollara) çatmışdır. Yoxsulluq səviyyəsi 49 %-dən xeyli aşağı düşmüşdür.

Azərbaycanda sayı 9 milyon 500 min nəfərə çatan əhali yaşayır. Onun aktiv işlək əhalisinin sayı 4 milyon 100 mindir. 5 milyonu isə uşaqlar, qocalar, əlillər, veteran və başqaları təşkil edir. Pensiyaçıların sayı 1 milyon 280 mindir. Uşaqların sayı (1-18 yaş) 3 milyondan artıqdır.

Dünyada iqtisadi böhran yaşandığı, işsizlər ordusu yarandığı halda, Azərbaycanda infliyasiyanın səviyyəsi sabit qalmaqla bir çox sahələrdə əmək haqları, təqaüdlər, yardım və ödənişlər 2013-cü ilin sentyabrın 1-dən etibarən 10% artirılmışdır.

2006-cı ildən etibarən Azərbaycanda ünvanlı dövlət sosial yardımı sistemi tətbiq olunur. Ünvanlı yardımın təyin edilməsi üçün müəyyən edilmiş ehtiyac meyarı 2006-cı ildə 30 manat olduğu halda, 2013-ü ilin əvvəlindən 3 dəfə artaraq 93 manata çatdırılmışdır. ”2013-cü ilin 6 ayının yekunlarına olan məlumata əsasən,120,904 ailənin (310 mindən çox insana) hər birinə ayda orta hesabla 120 manata qədər ünvanlı sosial yardım ödənilmişdir.(Bax,”Azərbaycan”qəzeti,12 sentyabr 2013-cü il.). Bundan əlavə, aztəminatlı ailələrə ƏƏSMN-liyi nəzdində fəaliyyət göstərən Sosial Dəstək Fondu xətti ilə mikrokreditlər verilməsi və onların ünvanlı sosial yardımla yaşayan təbəqədən sahibkar təbəqəyə çevrilməsinə şərait yaradılması istiqamətində müvafiq təşəbbüslər irəli sürülmüşdür.

Azərbaycan neftlə zəngin ölkə olaraq 2011-ci ildə neft istehsalını 50 milyon tondan artıq həddə çatdırmışdır. Ölkəmiz neft kimyası, maşınqayırma, yüngül sənaye və sənayenin başqa sahələrinin inkişafi imkanlarına, qaz sənayesinə və ixrac potensialına, elektrik enerjisi, böyük turizm potensialına, kənd təsərrüfatının çoxsahəli növlərinin inkişafı imkanlarına malik bir gücə sahibdir. İndiyə qədər Azərbaycanın xəritədə yerini bilməyən adamlar ölkəmiz 2011-ci ildə Eurovizion mahnı müsabiqəsinin qalibi olduqdan və London-2012-ci il Olimpiya oyunlarında dünya üzrə 37-ci yeri tutduqdan sonra Azərbaycanın bütün istiqamətlər üzrə dinamik şəkildə inkişaf edən bir ölkə olduğuna bir daha əmin olmuşlar.

Qurur hissi doğuran əlamətdar tarixi hadisələrdən biri də Azərbaycanın ilk peyki olan “Azərspace-1” telekomunikasiya peykinin 7 fevral 3013-il tarixində orbitə buraxılmasıdır. Bununla da Azərbaycan artıq kosmik ölkələr sırasına daxil olmuş, ölkədə ən innovativ və dünya üzrə ən gəlirli sənaye sahələrindən biri olan peyk sənayesinin inkişafının əsası qoyulmuşdur. 2013-cü il 15 oktyabr seçkilərindən sonra ”Azərbaycan Respublikasında regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın (2004-2008-ci illər),(2009-2013-cü illər) Dövlət Proqramının təsdiq edilməsi və uğurla həyata keçirilməsi nəticəsində Azərbaycanın bölgələri də qeyri-adi dərəcədə sürətlə inkişaf etmiş, bütövlükdə respublikamız çiçəklənən, sürətlə müasirləşən, davamlı şəkildə tərəqqi edən, Şərqdə yeni şəfəq saçan bir ölkəyə çevrilmişdir. 2012-ci ilin may ayında Bakıda keçirilmiş Eurovision-2012 mahnı müsabiqəsi Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun daha da artmasına kömək etmiş və dünyaya göstərmişdir ki, onu məhşurlaşdıran təkcə neft deyildir, o, həm də yüksək sürətlə inkişaf edən, zəngin və qədim mədəniyyətə malik olan bir dövlətdir.

Bütün bunlarla bərabər qeyd etmək lazımdır ki,2015-ci  ilin əvvəllərindən etibarən dünya bazarlarında neftin qiymətinin birdən-birə 3 dəfə aşağı düşməsi, ölkəmizə valyuta daxilolmalarının azalması, manatın dəyərinin dollara nisbətən azalması və s. səbəblərdən nəzərdə tutulan geniş sosial-iqtisadi layihələrin bəzilərinin icrası təxirə salınmış,bir çox sahələrdə müvəqqəti çətinliklər yaranmağa başlanmışdır. Azərbaycan Respublikası əldə etdiyi uğurları qoruyub saxlamaq və inkişaf etdirmək üçün demokratik islahatları dərinləşdirmək, monopoliyaya, korrupsiyaya və bu kimi digər neqativ meyllərə  son qoymaq və vətəndaş cəmiyyətinin daha da inkişaf etdirilməsinin qayğısina qalmaq xəttini prioritet fəaliyyət istiqaməti kimi götürmüşdür. Məlum olduğu kimi,1993-ci ildən bəri hakimiyyətdə olan YAP iqtidarı və höküməti əsas diqqətini milli dövlətçiliyin möhkəmləndirilməsinə, siyasi sabitliyin və əmin-amanlığın saxlanmasina, ölkənin iqtisadi və hərbi qüdrətinin artırılmasına yönəltmişdir. Bütün bu vəzifələrə artıq  nail olunmuş, ölkədə vətəndaş həmrəyliyi və siyasi sabitlik tam şəkildə qorunub saxlanmışdır. Amma Azərbaycanın ərazi bütövlüyünün hələ də təmin olunmaması və Dağlıq Qarabağ probleminin  həll olunmaması ölkənin ən başlıca problemi olaraq qalır. Bundan əlavə, son iki ildə neft gəlirlərinin 3 dəfədən çox azalması, manatın öz dəyərini xeyli itirməsi ölkədə bir çox problemlərin həllini çətinləşdirmişdir. Bu gün müstəqilliyimizin 25-ci ildönümünü qeyd etməyə hazırlaşdığımız bir vaxtda, bəzi problemlərin, o cümlədən, təhsil, elm, səhiyyə, mədəniyyət və başqa sahələrdə işləyən işçilərin əmək haqqının, pensiya və təqaüdlərin günün real tələblərindən aşağı olması, kommunal xərclərinin ödənilməsində əhalinin çətinlik çəkməsi, işsizlik, kasıblıq və s. amillərin hələ də həll olunmamış səviyyədə  qalması xalqımızın hər bir üzvü kimi hakimiyyət nümayəndələri üçün də narahatlıq doğurur. Dünyada yaşanan iqtisadi böhran və digər müxtəlif səbəblər üzündən əhalinin həyat səviyyəsinin hələlik arzu olunan səviyyədə olmaması, gənclərin bir qismi arasında narkotik vasitələrə aludəçiliyin artması, dini ekstremist cərəyanların güclənməsi, gənclərin bəzi mənəvi-əxlaqi aşınmalara məruz qalması və sair kimi bir çox başqa problemlər də qalmaqdadır. Bütün bunlar isə  onu deməyə əsas verir ki, milli dövlət quruculuğunu uğurla davam etdirmək, Azərbaycanın dövlət müstəqilliyini möhkəmləndirmək və əbədi etmək, onun ərazi bütövlüyünü təmin etmək və başqa problemləri həll etmək üçün bizə milli birlik və vətəndaş həmrəyliyi bundan sonra da hava və su kimi lazımdır. Azərbaycanın üzləşdiyi problemlərin həlli ayrılıqda heç bir partiyanın təkbaşına həll edəcəyi məsələ deyildir. Ona görə də xalqın tam etimadını qazanmış hakimiyyət, digər partiyaların və ictimai-siyasi qüvvələrin gücündən istifadə etməli və YAP-ın platformasını müdafiə edən bir neçə digər partiyanın, ölkədə tanınmış hörmətli ziyalıların, ictimai-siyasi xadimlərin və dövlətçiliyə və müstəqilliyə sadiq müxalifət nümayəndələrinin də daxil olduğu milli birlik hakimiyyəti formalaşdırılmalı, demokratik proseslər dərinləşdirilməli, seçkili vəzifələrin sayı artırılmalı, kadrların seçilməsi istiqamətində, o cümlədən də bir çox digər sahələrdə zəruri siyasi, iqtisadi, humanitar və hüquqi islahatlar aparılmalıdır. Azərbaycan Respublikasının əldə etdiyi nailiyyətləri qoruyub saxlamağın və ölkəmizi dünya birliyinin daha layiqli bir üzvünə çevirməyin ən düzgün, ən doğru və ağıllı yolu islahatlar yoludur. Milli dövlət quruculuğu prosesində son 25 ildə əldə etdiyimiz milli-mənəvi həmrəyliyi, vətəndaş həmrəyliyini və siyasi sabitliyi qoruyub-saxlamaqla möhkəm və ardıcıl demokratik islahatlara və vətəndaş cəmiyyəti quruculuğuna doğru dinc yolla, inqilabsız, qansız-qadasız keçid eləməyi bacarsaq, həm Azərbaycanın dövlət müstəqilliyinin əbədiliyini təmin edərik, həm Heydər Əliyev ideyalarını və siyasi kursunu möhkəm şəkildə qoruyub saxlaya və əbədi edə bilərik, həm də Azərbaycanın beynəlxalq imicini xeyli yaxşılaşdira və möhkəmləndirə bilərik. Ölkəmiz milli birlik və həmrəylik əsasında  möhkəmləndikcə, demokratik təsisatlar inkişaf etdikcə, Qağlıq Qarabağ probleminin həlli üçün də beynəlxalq dəstəyi əldə etdikcə, Azərbaycan Respublikasını sevməyən, onu Yaxın Şərqin bir çox dövlətlərinin, o cümlədən də Suriyanın halına salmaq istəyən Ermənistan və onun havadarları olan bəzi xarici dövlətlərin və siyasi qüvvələrin arzuları ürəyində qalacaq.