Səs.-2016.-13 oktyabr-ı 187.-S.4.

 

Azərbaycanın 25 illik müstəqillik tarixi

 

Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümü dövlət səviyyəsində qeyd olunacaq

 

Nəzakət Ələddinqızı

 

1991-ci il 18 oktyabr Azərbaycan tarixində əlamətdar günlərdən biri, dövlət müstəqilliyinin bərpa olunduğu gündür. Uzun illər mübarizələrlə dolu tarix yaşayan Azərbaycan müstəqillik tarixinə imza atdı. "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı" qəbul edildi. Azərbaycan Respublikasının dövlət müstəqilliyini elan etməsi müstəqil dövlətçiliyin yolunda yeni bir mərhələ oldu. Tarixi reallıqlar, bir daha göstərdi ki, 71 illik sovet rejimi Azərbaycan xalqının müstəqillik arzularının üstündən xətt çəkə bilmədi. Əsrlər boyu müstəqillik arzusu ilə yaşamış Azərbaycan xalqı ayrı-ayrı dövrlərdə müxtəlif imperiyaların və böyük dövlətlərin tərkibində olmasına baxmayaraq, dilini, milli-mənəvi dəyərlərini və mədəniyyətini göz bəbəyi kimi qoruyub-saxlaya bilmişdi.

XX əsrin 80-ci illərinin sonunda başlanan tarixi-siyasi proseslərdə Azərbaycan xalqının istiqlala bağlılığı, müstəqil dövlətçiliyə sahib olmaq arzusu özünü açıq-aydın büruzə verdi. Azərbaycanın dövlət müstəqilliyi yolunda mücadiləsi, faktiki olaraq, 1988-ci ilin xalq hərəkatı ilə başlansa da, bu istiqamətdə həlledici proseslər 1990-1991-ci illərdə cərəyan etdi.

Qanlı 20 Yanvar hadisələrindən sonra Ulu Öndər Heydər Əliyevin Moskvadan Azərbaycana qayıtması, Azərbaycan SSR Ali Sovetinə və Naxçıvan Ali Məclisinə deputat seçilməsi artıq bu mübarizə alovunu gücləndirdi və müdrik siyasətçinin uzaqgörən siyasəti xalqın buxovlanmış arzularının yolunda ümid çırağı yandırmış oldu. Ulu Öndər Heydər Əliyevin Sədrliyi ilə 1990-cı il noyabrın 17-də Naxçıvan Ali Məclisinin iclasında muxtar respublikanın adından "sovet sosialist" sözlərinin götürülməsi, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli, aypara və səkkizguşəli ulduz nişanlı bayrağının dövlət bayrağı kimi qəbul edilməsi və bu barədə Azərbaycan parlamenti qarşısında qanunvericilik təşəbbüsü qaydasında məsələ qaldırılması haqqında tarixi qərarlar qəbul edildi.

Naxçıvanda həyata keçirilən demokratik tədbirlər bütün Azərbaycana nümunə oldu. 1991-ci il fevralın 5-də Azərbaycan SSR Ali Sovetinin sessiyası demokratik qüvvələrin tələbi ilə bir sıra tarixi qərarlar qəbul edildi. Dövlətin adı dəyişdirilərək "Azərbaycan Respublikası" adlandırıldı, Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı dövlət bayrağı kimi təsdiq olundu.

Ümummilli Lider Heydər Əliyev imperiyanın qorunub-saxlamasına çalışan qüvvələrə, ilk növbədə, Kommunist Partiyasına və sovet dövlətinə etirazını bildirdi. Tarixin gedişinə nəzər salsaq, görərik ki, 1991-ci il avqustun 26-dan Naxçıvan Muxtar Respublikası ərazisində Azərbaycan Kommunist Partiyasının fəaliyyəti dayandırıldı, onun bütün strukturları ləğv edildi. Ali Sovetin xalqın tələbi ilə çağırılmış növbədənkənar sessiyası 1991-ci il avqustun 30-da Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında bəyannamə qəbul etdi. Nəhayət, 1991-ci il oktyabrın 18-də Ali Sovetin sessiyasında tarixi sənəd qəbul edildi.

 

"Əgər respublikada ictimai-siyasi sabitlik olmasa, sağlam ictimai-siyasi mühit olmasa heç bir sosial-iqtisadi proqramdan, yaxud problemlərin həll edilməsindən söhbət gedə bilməz"

 

İrəlidə müstəqilliyin mürəkkəb, keşməkeşli illəri dururdu. 1993-cü ildə ikinci dəfə hakimiyyətə qayıdışdan sonra Ulu Öndər Heydər Əliyev Azərbaycanın müstəqilliyinin əbədi və dönməz etdi. 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə gələn Ulu Öndər Heydər Əliyev özü ilə bərabər Azərbaycana siyasi müdriklik gətirdi. "Əgər respublikada ictimai-siyasi sabitlik olmasa, sağlam ictimai-siyasi mühit olmasa, heç bir sosial-iqtisadi proqramdan, yaxud problemlərin həll edilməsindən söhbət gedə bilməz" - deyirdi, Dahi Öndər Heydər Əliyev. Məhz Ümummilli Liderin zəngin siyasi təcrübəsi, yüksək idarəçilik bacarığı vətənə olan tükənməz sevgisi Azərbaycanın dövlət müstəqilliyini təhlükədən qurtardı. Ulu Öndər ölkədə xaos və anarxiyanı, cəmiyyətdə hökm sürən iqtisadi-siyasi və mənəvi-psixoloji gərginliyi aradan qaldırdı. Müstəqil Azərbaycan Respublikası möhkəm əsaslar üzərində yeni inkişaf xəttini tutdu. Ümummilli Lider Heydər Əliyev "müstəqilliyi qorumağı onu əldə etməkdən qat-qat çətindir" məntiqi ilə nəhəng dövlət quruculuğu işlərinə başladı. Ulu Öndər qarşıya çıxan bütün sərhədlərə qarşı mövqe və iradəsini qəti şəkildə qoydu. Azərbaycanın səsi ən nüfuzlu beynəlxalq təşkilatların kürsüsündən gəldi. Müstəqilliyin əvəzsiz nemət olduğunu və xalqın tarixi taleyində çox önəmli  rol oynadığını böyük qürur hissi ilə bəyan edən Ümummilli Lider Heydər Əliyev Azərbaycanın müstəqilliyini əbədi və dönməz etdi. "Azərbaycan xalqı azadlığını əldə etmiş xalq kimi yaşayacaq, öz müstəqil dövlətini qoruyacaq, saxlayacaq və müstəqil Azərbaycan Respublikası əbədi yaşayacaqdır", - deyən Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu 1994-cü ilin  20 sentyabrında nəhəng neft müqaviləsi - "Əsrin müqaviləsi" imzalandı. Bununla da Azərbaycan ilk dəfə olaraq öz sərvətlərinin sahibi kimi çıxış etdi. Dünyanın ən aparıcı dövlətlərinin ən qabaqcıl şirkətlərinin bu kontraktda iştirakı isə ölkəmizin regionda əhəmiyyətini və nüfuzunu artırdı. Azərbaycan iri regional layihələrdə, Avropanın və bütövlükdə dünya enerji təhlükəsizliyi sisteminə qoşuldu.

 

Ötən 25 il ərzində Azərbaycan xalqı dövlət quruculuğu prosesində ən ümdə amal, arzu və niyyətlərini gerçəkləşdirərək bütün sahələrdə əldə etdiyi nailiyyətlərlə haqli olaraq fəxr edə bilər

 

Artıq Azərbaycan Respublikasının 1991-ci il oktyabrın 18-də Azərbaycan Xalq Cümhuriyyətinin varisi olaraq öz dövlət müstəqilliyini bərpa etdiyi tarixi gündən 25 il keçir. Bu günlərdə Azərbaycan Respublikası Prezidenti İlham Əliyev müstəqil dövlət quruculuğu sahəsində Azərbaycan Respublikasının əldə etdiyi nailiyyətlərin təbliğini, gənc nəsildə vətənpərvərlik ruhunun aşılanmasını və dünya azərbaycanlılarının öz tarixi vətənlərinə bağlılığının gücləndirilməsini təmin etmək məqsədilə Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümü ölkəmizdə dövlət səviyyəsində təntənəli surətdə qeyd olunması ilə bağlı Sərəncam imzalayıb. Sərəncama əsasən, "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümü ilə bağlı Tədbirlər Planı" təsdiq ediləcək.

Sərəncamda qeyd olunduğu kimi, həqiqətən də, ötən 25 il ərzində Azərbaycan xalqı dövlət quruculuğu prosesində ən ümdə amal, arzu və niyyətlərini gerçəkləşdirərək, bütün sahələrdə əldə etdiyi nailiyyətlərlə haqlı olaraq fəxr edə bilər. Uğurlu daxili və xarici siyasət sayəsində dövlətçilik ənənələri möhkəmlənib və iqtisadiyyat dinamik inkişaf edib. Dövlət neft strategiyasının həyata keçirilməsi ilə yanaşı, bu illər ərzində ölkəmizdə müasir iqtisadiyyatın əsaslarının yaradılması, torpaq islahatlarının həyata keçirilməsi, sahibkarlığın inkişaf etdirilməsi, maliyyə-bank sisteminin qurulması istiqamətlərində mühüm layihələr gerçəkləşdirilib. Ölkəmizdə neft və qeyri-neft sektorunun yüksəlişi ümumi daxili məhsulun artmasına, güclü sahibkarlar zümrəsinin və orta təbəqənin yaranmasına təkan verib. Azərbaycan Prezidenti İlham Əliyevin  diqqət və qayğısı nəticəsində ölkə iqtisadiyyatının mühüm sahəsi olan qeyri-neft sektorunun inkişafında, eləcə də əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsində mühüm rol oynayan kənd təsərrüfatının dinamik və dayanıqlı inkişafının təmin edilməsi istiqamətində davamlı işlər görülür. Ulu Öndər Heydər Əliyevin strateji xəttini siyasi, iqtisadi, sosial və s. kimi bütün sahələrdə uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev ərzaq təhlükəsizliyi üzrə tam müstəqilliyə nail olunmasını milli hədəflərdən biri kimi müəyyənləşdirib.

Azərbaycanda baş verən sürətli demokratik dəyişikliklər, vətəndaşların siyasi şüur səviyyəsinin yüksəlməsi, işgüzarlığının artması, insan hüquq və azadlıqlarının ali dəyər sayılması, dövlətin hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verməsi keyfiyyətcə yeni səviyyəyə yüksəlmişdir. Bütün bunlar demokratiyanın, iqtisadi-sosial yüksəlişin nəticəsidir.

Neft kapitalının insan kapitalına çevrilməsi strategiyasına uyğun olaraq humanitar sahələrin inkişafı istiqamətində gərgin iş aparılıb. Təhsil sisteminin daha da təkmilləşdirilməsinə dair tədbirlər həyata keçirilib, dünyanın mötəbər universitetlərində minlərlə Azərbaycan gəncinin təhsil alması üzrə Dövlət Proqramı gerçəkləşdirilib, yeni universitetlər açılıb, təhsildə özəl sektor formalaşıb. "ASAN xidmət" şəbəkəsi, ünvanlı sosial yardım, aztəminatlı ailələrin əlverişli şərtlərlə mənzillə təmin olunması və digər layihələr dövlətin sosial yönümlü siyasətinin göstəricisidir.

Müasir dövrün qlobal çağırışlarına dəstək verən Azərbaycan dünya dövlətləri və beynəlxalq təşkilatlarla uğurlu əməkdaşlıq imkanlarına malikdir. Müstəqil Azərbaycanın yürütdüyü siyasət ölkəmizin etibarlı və strateji tərəfdaş kimi nüfuzunu beynəlxalq aləmdə yüksəldib və dünya birliyinin ayrılmaz hissəsinə çevirib. Elə Azərbaycanın nüfuzlu beynəlxalq tədbirlərə ev sahibliyi etməsi bu nüfuzun və inamın göstəricisidir. Ölkəmizdə biri-birinin ardınca təşkil olunan beynəlxalq tədbirlər "Euravision" mahnı yarışması, ilk Avropa Oyunları, BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu, Bakı Humanitar Forumu və onlarla belə möhtəşəm beynəlxalq tədbirlər Azərbaycanda müxtəlif millətlərin sülh və qardaşlıq şəraitində yaşadığı məkanda keçirilir.

Şəhərlərimizin və regionlarımızın infrastrukturunun yeniləşməsi geniş vüsət alır. Bu gün Bakı dünyanın ən gözəl şəhərlərindən birinə çevrilərək, tarixi və müasir memarlığın harmonik inkişafının parlaq nümunəsi kimi qiymətləndirilir.

Yaradılan müvafiq infrastruktur, istifadəyə verilən yeni otellər və bölgələrdə həyata keçirilən möhtəşəm abadlıq-quruculuq işləri turizmin uğurlu inkişafı üçün geniş perspektivlər açır.

Bütün əldə edilən bu uğurlar müstəqil Azərbaycanın tarixi  nailiyyətidir.