İki sahil.-2016.-13 oktyabr-¹ 187.-S.2.

 

Azərbaycan-Türkiyə: dünya enerji müstəvisində uğurlu əməkdaşlıq nümunəsi

 

İstanbulda keçirilən 23-cü Dünya Enerji Konqresi dünyanın enerji təhlükəsizliyinin təminatına davamlı töhfələr verən iki qardaş dövlətin bu sahədəki təcrübələrinə bir daha işıq saldı

 

Yeganə Əliyeva

 

“Enerji təhlükəsizliyi hər bir ölkənin milli təhlükəsizlik məsələsidir. Bu gün ölkələr çalışırlar ki, öz təbii resurslarını müxtəlif yollarla dünya bazarlarına çıxarsınlar. Ancaq təbii qaynaqlarla zəngin olmayan ölkələr isə çalışırlar ki, onlara resurslar müxtəlif yerlərdən gətirilsin. Azərbaycan bu istiqamətdə də önəmli addımlar atmışdır və həm nefti, həm qazı şaxələndirilmiş yollarla dünya bazarlarına çıxarır. “Cənub Qaz Dəhlizi”nin icrasında artıq 7 ölkə birləşib və gələcəkdə daha bir neçə ölkə bu önəmli layihəyə qoşula bilər. Bu istiqamətdə apardığımız işlər bizim ölkəmizi gücləndirir. Çünki qeyd etdiyim kimi, biz cəmi 25 ildir ki, müstəqil ölkə kimi yaşayırıq. İqtisadiyyatımızın böyük hissəsi ilk illərdə neftlə, qazla bağlı idi. Bu gün isə biz neftdən və qazdan əldə etdiyimiz mənfəəti iqtisadiyyatımızın digər sektorlarına yatırmaqla ölkəmizin inkişafını dayanıqlı edirik.” İstanbulda keçirilən 23-cü Dünya Enerji Konqresində dövlətimizin başçısı İlham Əliyev Azərbaycanın 25 illik müstəqillik tarixində enerji sektorunda qazandığı uğurlardan bəhs edərək bir daha bu reallığı diqqətə çatdırmışdır ki, biz bir çox önəmli enerji layihələrimizi Türkiyə ilə bərabər icra edirik və bu enerji layihələri dünya üçün böyük əhəmiyyət daşıyır: “Bu gün dünya enerji və enerji təhlükəsizliyi məsələlərini müzakirə edəndə Türkiyəni və Azərbaycanı nəzərə almamaq mümkün deyil. Çünki həm təbii ehtiyatlar, böyük coğrafiya, şaxələndirilmiş nəqliyyat infrastrukturu artıq bizdə var. Biz bunu yaratmışıq və biz öz işimizi bütün ölkələrlə bərabərhüquqlu, qarşılıqlı mənfəət və maraqlar əsasında qururuq. Bu gün biz çox sevinirik ki, Türkiyə uğurla, inamla irəliyə gedir. Türkiyə “Böyük 20”-lər”in üzvüdür. Türkiyə-Azərbaycan əlaqələrini bir faktla əsaslandırmaq üçün sadəcə olaraq onu deməliyəm ki, “Böyük 20”-lər”in keçən il noyabr ayında Antalyadakı zirvə görüşündə Türkiyə bu kluba üzv olmayan bir ölkəni dəvət edə bilərdi və o, Azərbaycanı dəvət etdi. Buna görə bir daha sizə minnətdaram “

85 ölkədən 10 min nümayəndənin, o cümlədən Azərbaycan, Rusiya, Venesuela, Türkiyə prezidentlərinin, Rusiya və Səudiyyə Ərəbistanının energetika nazirlərinin, OPEK-in baş katibi Məhəmməd Barkinkonun, Avropa Komissiyasının energetika məsələləri üzrə vitse-prezidenti Maroş Şefçoviçin qatıldıqları, “Yeni üfüqlərə qucaq açmaq” devizi altında keçirilən Dünya Enerji Konqresinin əhəmiyyəti dünya mətbuatında geniş müzakirə olunmaqdadır. Bu faktı xüsusi vurğulamalıyıq ki, Türkiyə-Azərbaycan birliyi yalnız enerji sahəsində deyil, bütün istiqamətlərdə nümunə kimi təqdir olunur. Təbii ki, dövlətimizin başçısı İlham Əliyevin “Bizim birliyimizdən çox şey asılıdır” tezisi də bu həmrəylikdən, dəstəkdən qanaqlanır.

“Həm siyasi, həm də iqtisadi, mədəni, hərbi-bütün sahələrdə bizim aramızda ən yüksək işbirliyi, anlaşma var. Gərək elə edək ki, maraqlarımız tam şəkildə təmin olunsun, bizi narahat edən problemlər aradan qaldırılsın, ədalət zəfər çalsın, xalqlarımız rahat yaşasın” söyləyən Prezident İlham Əliyevin bildirdiyi kimi, türk dünyası böyük qüvvədir. Bu böyüklük öz möhkəmliyini və yenilməzliyini xalqların birliyi ilə sübut edir. Türkiyə-Ermənistan sərhədlərinin açılmasını nəzərdə tutan protokolun imzalanması və eyni zamanda ondan sonrakı mərhələdə baş verən hadisələr bütün dünya xalqlarına bəlli etdi ki, Azərbaycan-Türkiyə dostluğu, eyni kökdən qaynaqlanan xalqların əzmi yenilməzdir. “Ermənistan tərəfindən işğal olunan Azərbaycan torpaqları azad olunmayınca sərhədlərin açılması mümkün deyil” kimi qərarında israrlı olan rəsmi Ankaranın bu gün də eyni mövqe nümayiş etdirməsi bu qardaşlığın digər xalqlara xas olan əlaqələrindən fərqli olduğunu bir daha bəyan etdi.

Ən qüdrətli dövlətlərin iqtisadi inkişafının əsas amili kimi diqqət yetirilən enerji təhlükəsizliyinin təminatında böyük rolu olan Türkiyə və Azərbaycanın gələcəkdə daha böyük layihələrin təşəbbüsçüsü olacaqlarına inamlarının tükənməzliyi bu gün də aktuallığını qoruyur. Əsrin möcüzəsi adlandırılan, hər iki dövlətin bilavasitə təşəbbüsü və dəstəyi ilə reallaşan BTC və BTƏ neft-qaz kəmərlərindən sonra “Cənub Qaz Dəhlizi”nin əsasını təşkil edən TANAP və TAP Türkiyə və Azərbaycanın dünyanın enerji təhlükəsizliyinin təminatında artan roluna işıq salmaqla yanaşı, bu birliyin sarsılmazlığının, möhkəm təmələ əsaslandığının da təsdiqidir.

Əhəmiyyətinə görə enerji layihələrindən geri qalmayan Bakı-Tbilisi-Qars dəmiryolu layihəsinin gerçəkləşdirilməsi istiqamətində atılan addımlar da Azərbaycan və Türkiyə dövlətlərinin siyasi iradəsinin nəticəsidir. Tarixi İpək Yolunun bərpası kimi böyük önəm verilən, Çindən başlanan bu yol Xəzər regionunun əsas strateji əhəmiyyətli şəhərləri sayılan Bakı və Tbilisidən keçməklə İstanbula istiqamətlənəcək, Londonu, bütün Avropa ölkələrini birləşdirəcək. Geosiyasi inqilab adlandırılan bu xətlə Çindən gələn və Transsibir magistralı ilə ötürülən yüklər Bosfordan keçməklə Avropa ölkələrinə daşınacaq.

“Bu onu göstərir ki, biz qarşıya qoyduğumuz bütün məsələləri birgə səylərlə, birgə iradə ilə, Türkiyə-Azərbaycan qardaşlığı əsasında həll edirik” kimi sözləri ilə bölgədə əməkdaşlığın genişlənməsi üçün yaranan böyük imkanlardan səmərəli istifadəni bütünlükdə dünya dövlətləri arasında əməkdaşlığın genişlənməsi üçün gərəkli hesab edən Prezident İlham Əliyev Azərbaycan qazının Avropa Birliyinə daxil olan ölkələrə çatdırılması üçün gerçəkləşdirilən layihələrin davamlı olacağını bildirir. Türkiyə-Azərbaycan qardaşlığı əsasında reallaşan beynəlxalq layihələr region dövlətlərinin iqtisadiyyatının güclənməsinə, zənginləşməsinə, bölgədə əməkdaşlığın dərinləşməsinə böyük imkanlar yaradır.

Bütün çıxışlarında Türkiyə-Azərbaycan dostluğunun, qardaşlığının daimi, əbədi, sarsılmaz olduğunu qeyd edən dövlətimizin başçısı İlham Əliyev bu birliyin möhkəmlənməsinin həm ölkələrimiz, xalqlarımız, həm də dünyada gedən proseslər üçün çox böyük əhəmiyyəti olduğunu bildirir: “Ermənilər həmişə türklərə, azərbaycanlılara qarşı soyqırımı siyasəti aparmışlar. Keçmiş tarixdə də belə olub, yaxın tarixdə də belə olubdur və Xocalı soyqırımı  bunun bariz nümunəsidir. Günahsız insanları, uşaqları, yaşlı qadınları qətlə yetirmək soyqırım deyil, bəs nədir? Ancaq əfsuslar olsun ki, dünya birliyi bunu ya görmür, ya da görmək istəmir, ermənilərin, erməni lobbisinin və dünya ermənilərinin uydurma faktları əsasında qərar qəbul edirlər. Biz buna qarşı öz siyasətimizi, öz həqiqətimizi, öz təbliğatımızı, öz gücümüzü qoymalıyıq. Əlbəttə ki, həqiqəti çatdırmaq, təbliğ etmək, bütün dünyaya yaymaq bizim işimizdir - dövlətlərin, diaspor təşkilatlarının, hər bir vətənpərvər insanın işidir.” Azərbaycana qarşı əsassız torpaq iddiasını irəli sürən işğalçı Ermənistan Türkiyəyə qarşı qondarma erməni soyqırımı məsələsini irəli sürür. Türkiyənin Avropa Birliyinə qəbulunda bu məsələdən bir təzyiq vasitəsi kimi istifadə etməyə çalışan qüvvələrə rəsmi Ankaranın və rəsmi Bakının sərt mövqeyi də məlumdur. Dövlətimizin başçısı İlham Əliyev hər zaman bu fikri bəyan edir ki, Türkiyənin bu quruma üzv qəbul olunması onun haqqıdır. Cənab İlham Əliyev Dünya Enerji Konqresində də bütün sahələrdə uğurla inkişaf edən Türkiyənin bütün dünya üçün gərəkli olduğunu xüsusi qeyd etmişdir: “Türkiyənin inkişafı, sabitliyi nəinki Türkiyəni sevən ölkələrə, ona dost olan ölkələrə, bütün dünyaya lazımdır. Çünki Türkiyə bu gün dünyanın enerji siyasətinin müəyyən edilməsində çox önəmli rol oynayır.” Təbii ki, Türkiyənin enerji sahəsində problemlərin və onların həlli yollarının qlobal miqyasda nəzərdən keçirilməsi  məqsədilə təşkil olunan ən mühüm beynəlxalq enerji tədbirinə ev sahibliyi etməsi bu önəmin bariz nümunəsidir.

Tədbirin devizinə diqqət yetirdikdə bu günün əsas çağırışının nədən ibarət olduğu bir daha açıqlanır. Müzakirə olunan məsələlərə yanaşmaların müxtəlifliyinə baxmayaraq, ümumi rəy budur ki, birgə səylər, əməkdaşlıq qarşıya qoyulan məqsədlərə yüksək səviyyədə nail olmağa, yeni-yeni istiqamətlər üzrə əlaqələrin qurulmasına və genişlənməsinə stimuldur.