Xalq qəzeti.-2016.-12 oktyabr.-224.-S.1-2.

 

Prezident İlham Əliyev: Müstəqil ölkəmizin inkişafında enerji sektoru xüsusi rol oynayır

 

Vaqif BAYRAMOV

 

İstanbulda Yeni üfüqlərə qucaq açmaq devizi altında keçirilən və oktyabrın 13-dək davam edəcək 23-cü Dünya Enerji Konqresində aparılan müzakirələr qlobal miqyasda neft-qaz sektorunda səmərəli əlaqələrin qurulması, daha böyük uğurların əldə olunması baxımından mühüm önəm daşıyır. Bununla bağlı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın konqresdəki çıxışı diqqət çəkib. Qardaş ölkənin dövlət başçısı çıxışında bildirib ki, Türkiyə dünyanın enerji resurslarının üçdə birinin mövcud olduğu coğrafiyada yerləşir. Bakı-Tbilisi-Ərzurum və İran-Türkiyə qaz kəmərləri layihələri Türkiyənin bu sahədə əldə etdiyi uğurlardır. Hazırda Cənub qaz dəhlizinin əsasını təşkil edən TANAP inşa edilir. Onun davamı olacaq Trans-Adriatik qaz boru kəməri (TAP) ilə Azərbaycanın təbii qazı Avropa bazarlarına çatacaq. Hazırda Türkmənistan qazının da Cənub qaz dəhlizi ilə ixracı üçün böyük səy göstərilir. Rusiya qazının ixracı ilə bağlı Türk axını qaz boru kəməri layihəsi üzərində də işlər uğurla davam etdirilir. Bu ilin sonunda və gələn il ərzində həmin layihə ilə bağlı ciddi addımlar atılacağı gözlənilir. Beləliklə, təbii qaz ticarətində bölgədə etibarlı tərəfdaş kimi Türkiyənin çəkisi artacaq.

 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın çıxışında adları sadalanan layihələrin reallaşdırılmasına təbii ki, Azərbaycan da həlledici təsir göstərir və bu, bir daha sübut edir ki, respublikamız həm Avropanın enerji təhlükəsizliyində əhəmiyyətli mövqe tutur, həm də beynəlxalq müstəvidə enerji əməkdaşlığının təmin olunmasında mühüm rol oynayır.

Yeri gəlmişkən, Azərbaycanın XX əsrin sonunda dövlət müstəqilliyinin bərpasından sonra ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə əsası qoyulan uzaqgörən yeni neft strategiyasını uğurla davam etdirən Prezident İlham Əliyevin düşünülmüş, yeni dünya sisteminin müasir çağırışlarına cavab verən siyasi kursu ölkəmizi regionun lider dövlətinə çevirməklə yanaşı, beynəlxalq aləmdə də etibarlı tərəfdaş kimi tanıtmışdır. Hazırda ölkəmiz mühüm geosiyasi məkan kimi regionda sülhün və təhlükəsizliyin təmin olunması üçün dayaq nöqtəsi, ən perspektivli tərəfdaş sayılır. 

İndi heç kəsə sirr deyil ki, bu gün bütün dünyada ölkələrin milli təhlükəsizliyinin ən mühüm komponentlərindən biri enerji təhlükəsizliyinin gerçəkləşdirilməsidir. Bu da təsadüfi deyil. Çünki hazırda bəşəriyyət elə bir dövrə qədəm qoyub ki, enerji təhlükəsizliyinə nail olmadan, bununla əlaqədar müsbət nəticələr əldə etmədən digər sahələrdə irəliyə getmək, uğur qazanmaq mümkün deyil. Ona görə də beynəlxalq enerji tədbirlərində sözügedən mövzu ətrafında geniş müzakirələrə daha çox maraq göstərilir.

Azərbaycan bu baxımdan dünyanın əksər ölkələrinin diqqət mərkəzindədir. Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamızda bu sahədə son illər həyata keçirilən uğurlu siyasət Avropanın enerji enerji təhlükəsizliyinin təmininə mühüm töhfə verir. Azərbaycanın liderliyi ilə reallaşdırılan  regional enerji layihələri - Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Cənub qaz dəhlizi ölkəmizin həm Avropanın enerji təhlükəsizliyində əhəmiyyətli mövqe tutmasına, həm də beynəlxalq müstəvidə enerji əməkdaşlığının təmin edilməsinə müsbət təsir göstərir. Adları çəkilən layihələrin hər birinin uğurla reallaşmasının başlıca səbəbi, şübhəsiz ki, Azərbaycanın həyata keçirdiyi uğurlu siyasi-diplomatik fəaliyyətdir. Bu mənada Prezident İlham Əliyevin 23-cü Dünya Enerji Konqresində çıxışı böyük diqqətlə qarşılanıb.  Dövlətimizin başçısı çıxışında bildirib ki, Azərbaycan bir çox əhəmiyyətli  enerji layihələrini Türkiyə ilə birgə icra edir və bu layihələr beynəlxalq aləmdə mühüm önəm daşıyır. Cənab İlham Əliyev, eyni zamanda, xatırladıb ki, dünyanın neft tarixi paytaxt Bakıdan başlayır. XIX əsrin ortalarında dünyada ilk dəfə olaraq Bakıda sənaye üsulu ilə ilk neft çıxarılıb. Bundan yüz il sonra isə Azərbaycan neftçiləri tərəfindən ilk dəfə olaraq dənizdən neft hasil edilib.   

Ölkə Prezidenti çıxışında, həmçinin diqqətə çatdırıb ki, müstəqilliyimizin ilk illərində Azərbaycanda xarici neft şirkətlərinin iştirakı ilə  Əsrin  müqaviləsi imzalanıb, Xəzərin Azərbaycan sektorundakı Azəri, Çıraq və Dərinsulu Günəşli yataqları işə düşüb.   

Yeri gəlmişkən, xatırladaq ki, Xəzərin Azərbaycan sektorundakı yuxarıda adları çəkilən yataqlarının xarici şirkətlərlə birgə işlənməsi ulu öndər Heydər Əliyevin böyük nüfuzu, gərgin mübarizəsi və kəsərli sözü sayəsində mümkün olub. Sonradan Azəri, Çıraq və Dərinsulu Günəşli yataqlarının tammiqyaslı işlənməsi və Hasilatın Pay Bölgüsü Sazişinin imzalanması dünyaya sübut etdi ki, Azərbaycan azad, müstəqil, suveren bir ölkədir. Ulu öndərin dediyi kimi, biz belə bir addım atmaqla Azərbaycanın dünya üçün, dünya iqtisadiyyatı üçün açıq ölkə olduğunu nümayiş etdiririk. Biz bu müqaviləni imzalamaqla Azərbaycan Respublikasının suveren hüquqlarının bərqərar olduğunu, Azərbaycanın tam müstəqil dövlət olduğunu, xalqımızın öz sərvətlərinə özünün sahib olduğunu dünyaya bir daha nümayiş etdiririk.

Əsrin müqaviləsi imzalanarkən çoxu onun uğur qazanacağına inanmır və hesab edirdi ki, müqavilə elə kağız üzərində qalacaq. Çünki onun həyata keçirilməsi üçün təkcə iqtisadi deyil, eyni zamanda, siyasi və regional məsələlər öz həllini tapmalı idi. Heydər Əliyev diplomatiyası isə qarşıda duran bütün məsələlərə nail olmaq üçün imkan yaratdı. Dünyanın ən tanınmış neft şirkətləri məhz Heydər Əliyevin qətiyyətinə, dövlətçilik təcrübəsinə, beynəlxalq aləmdə nüfuzuna arxalanaraq Azərbaycanda konsorsium təsis etdilər və AÇG kimi nəhəng yataqların işlənməsi üçün sərmayə yatırdılar. Ölkə Prezidenti cənab İlham Əliyev bu barədə deyib: Mən o dövrü çox yaxşı xatırlayıram. Həmin illərdə Azərbaycana sərmayə qoymaq istəyən şirkətlərin sayı o qədər də çox deyildi. Çünki Azərbaycan dünyada riskli bir ölkə kimi tanınırdı və əlbəttə, buraya böyük həcmdə kapital qoyuluşunun cəlb edilməsi çoxlu səylər, siyasi məharət, uzaqgörənlik tələb edirdi. Bütün bu məsələlər öz həllini tapdı. Əsrin müqaviləsinin imzalanması Heydər Əliyevin neft strategiyasının başlanması demək idi. Məhz onun uzaqgörənliyi, müdrikliyi, qətiyyəti, cəsarəti sayəsində bu müqavilə imzalandı. Xatırlayırsınız ki, buna həm ölkə daxilində, həm də xaricdə çox ciddi müqavimət var idi. Amma bütün bu çətinliklərə baxmayaraq, Azərbaycan öz istəyinə nail oldu. Neft müqaviləsi imzalandı və Azərbaycana böyük həcmdə xarici sərmayənin gətirilməsi təmin edildi.

Beləliklə, Azərbaycan tarixdə ilk dəfə Xəzər dənizini xarici şirkətlər üçün açdı və burada beynəlxalq konsorsium fəaliyyətə başladı. Müxtəlif ölkələri təmsil edən aparıcı şirkətlər Azərbaycanla çox uğurlu əməkdaşlıq əlaqələri qurdular və bunun nəticəsində ölkə sürətlə, hərtərəfli inkişaf etməyə başladı. Ötən dövr ərzində Azərbaycan adambaşına düşən xarici sərmayənin həcminə görə təkcə keçmiş sovet respublikaları arasında deyil, Şərqi Avropa ölkələri arasında da qabaqcıl mövqelərə sahib oldu.

Prezident İlham Əliyev Dünya Enerji Konqresində bütün bunları xatırladaraq deyib: Azərbaycan açıq dənizlə dünya bazarlarına çıxışı olmayan ölkələrdən biridir. Buna görə mütləq boru xətləri çəkilməli idi. Bu gün bizim xam nefti dünya bazarlarına çıxarmaq üçün üç boru xəttimiz var ikisi bizim neftimizi Qara dənizə, biri isə Aralıq dənizinə - Ceyhan limanına gətirir. İlk dəfə olaraq tarixdə biz Xəzər dənizini Aralıq dənizi ilə bağladıq və bu gün Azərbaycan nefti həm Türkiyəyə, Türkiyə ərazisindən isə dünya bazarlarına ixrac edilir. Bu, bizə çox böyük xeyir gətirir. Bakı-Tbilisi-Ceyhan boru xəttini əziz qardaşım, hörmətli Prezident Ərdoğanla birlikdə 2006-cı ildə açdığımız andan bu günə qədər ötən 10 il ərzində Türkiyə ilə Azərbaycan arasında enerji sahəsində və digər sahələrdə əlaqələr daha da möhkəmlənib. 2007-ci ildən sonra isə Azərbaycan tarixdə ilk dəfə olaraq təbii qazı ixrac etməyə başlamışdır. Bakını Ərzurumla birləşdirən boru xətti çəkildi və beləliklə, biz Türkiyəyə təbii qazın ixracına başladıq.

Dövlətimizin başçısı çıxışında TANAP  layihəsi ilə bağlı fikirlərini də konqres iştirakçılarının diqqətinə çatdırıb. Bildirib ki, TANAP bu gün dünya miqyasında ən böyük enerji layihələrindən biri olan Cənub qaz dəhlizinin tərkib hissəsidir. Cənub qaz dəhlizinin sərmayə tutumu 45 milyard dollardır və dörd önəmli layihədən ibarətdir. Birincisi, TANAP-dır ki, Azərbaycan qazını Gürcüstan-Türkiyə-Yunanıstan sərhədinə çatdırır. Digəri Cənubi Qafqaz qaz kəməridir ki, Azərbaycan qazını Türkiyə sərhədinə gətirir. Üçüncüsü, Trans-Adriatik kəməridir və nəhayət, dördüncüsü isə Şahdəniz qaz yatağının ikinci fazasının işlənməsidir.

Azərbaycan Prezidenti çıxışında hazırda enerji təhlükəsizliyi üçün çox önəmli  Cənub qaz dəhlizi layihəsinin uğurla icra edilməsini, ölkəmizlə yanaşı, Türkiyənin də bu işdə  liderlik keyfiyyətləri göstərməsini diqqətə çatdırıb. Dövlət başçımız bildirib ki,  Cənub qaz dəhlizinin icrasında artıq 7 ölkə birləşib və gələcəkdə daha bir neçə ölkə bu önəmli layihəyə qoşula bilər. Bu istiqamətdə aparılan  işlər Azərbaycanı gücləndirir. Çünki Azərbaycan 25 ildir ki, müstəqil ölkə kimi yaşayır. İqtisadiyyatın  böyük hissəsi ilk illərdə neft- qazla bağlı idi. Bu gün isə neft- qazdan əldə edilən mənfəət iqtisadiyyatın digər sektorlarına yatırılmaqla ölkənin inkişafı möhkəmlənir.   

Dünya Enerji Konqresində Prezident İlham Əliyev, eyni zamanda, bildirib ki, Azərbaycan hazırda enerji resurslarından asılılığı azaltmaq istiqamətində iş aparır: Enerji siyasətimiz imkan verdi ki, Azərbaycan özü də xarici ölkələrə sərmayə qoysun. Müstəqilliyimizin ilk illərində Azərbaycan sərmayə baxımından xaricdən asılı idi. Biz indi özümüz xarici ölkələrə, o cümlədən Türkiyəyə sərmayələr qoyuruq və qoyacağıq. Azərbaycanın Türkiyəyə yatırdığı investisiyaların həcmi 20 milyard dollar təşkil edir. Bu gün enerji məsələlərini müzakirə edəndə Türkiyə və Azərbaycanı nəzərə almamaq mümkün deyil. Çünki enerji resursları və şaxələndirilmiş ixrac şəbəkəsi bizdə var. Biz qarşılıqlı fayda əsasında işimizi qururuq.

Dövlətimizin başçısı çıxışının sonunda Azərbaycanın Türkiyənin inkişafına daim sevindiyini, dostluqlarının    əbədi, sarsılmaz olduğunu və  iki qardaş ölkənin birgə həyata keçirdiyi layihələrin uğurla reallaşdırıldığını  da diqqətə çatdırıb.