Azərbaycan.-2016.-2 oktyabr.-216.-S.7.

 

Azərbaycana qarşı yürüdülən zorakılıq, soyqırımı və etnik təmizləmə siyasəti
bəşəriyyətə təhdiddir

 

Nizami SƏFƏROV

Milli Məclis Aparatının İnzibati və hərbi qanunvericilik şöbəsinin müdiri, BMT-nin Narkotiklər və Cinayətkarlıq İdarəsinin terrorçuluğun qarşısının alınması üzrə eksperti

 

Adil VƏLİYEV,

Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin sektor müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent

Müasir dünyada baş verən qlobal iqtisadi böhrana və siyasi kataklizmlərlə zəngin proseslərə nəzər saldıqda, bəşəriyyətin zorakılıq, dözümsüzlük və qəddarlıqla müşayiət olunan terrorçuluqla, habelə milli və dini zəmində gerçəkləşdirilən soyqırımı ilə sınağa çəkildiyini görürük. Yaşadığımız XXI əsrdə Yaxın Şərqdə və bir qayda olaraq, İslam ölkələrində baş verən hərbi münaqişələr və döyüşlər hər gün çoxsaylı insan tələfatı ilə nəticələnir.

Dünyanın ən sülhsevər və tolerant ölkələrindən biri olan, heç bir dövlətin ərazisinə göz dikməyən Azərbaycan 25 ildən artıqdır ki, dünyanın gözü qarşısında erməni qəsbkarlarının görünməmiş zorakılıqlarına məruz qalıb. Torpaqlarının 20 faizi işğal olunub, 1 milyondan artıq dinc əhali öz doğma yurdlarından didərgin düşüb. Bununla belə, Azərbaycan qan tökülməsinin tərəfdarı olmamış, münaqişənin sülh yolu ilə həllini bəyan etmiş və buna çalışmışdır.

Terrorçuluq, dözümsüzlük və zorakılıq Ermənistan adlanan ölkənin strategiyası, taktikası, ideologiyasıdır. Bu fikirlər nüfuzlu beynəlxalq kürsülərdən dəfələrlə səslənib. Təəssüf ki, dünya ictimaiyyəti bu xalqın insanlığa qarşı törətdiyi əməllərin qarşısını almaq haqqında düşünmür.

Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olmuş Xocalı soyqırımı törədilərkən erməni hərbi birləşmələri tərəfindən əsir götürülən azərbaycanlı qadınlar min bir işgəncə ilə qətlə yetirilib, körpələri gözlərinin qarşısında diri-diri yandırılıb, hamilə qadınlar daha ağlasığmaz zorakılıqlarla öldürülüb. Münaqişə zamanı girov götürülən yüzlərlə qadın və uşaqlardan hələ də xəbər yoxdur. Bu zorakılıqlar və işgəncələr barədə Azərbaycan dövlətinin beynəlxalq ali qurumlara və aparıcı dünya birliyi dövlətlərinə dəfələrlə etdiyi müraciətlər isə hələ ki cavabsız qalır.

2007-ci il iyunun 15-də BMT Baş Assambleyasının qəbul etdiyi qərarla 2 oktyabr tarixi Beynəlxalq Qeyri-zorakılıq Günü kimi qeyd edilir. Fabulasında sülh, dözümlülük, zorakılıqdan imtina kimi ümumbəşəri dəyərlərin ehtiva edildiyi bu günün məqsədi həm də məhz zorakılıqdan qaynaqlanan terrorizm və soyqırımı cinayətlərinin bəşəriyyətə qarşı nə qədər böyük təhlükə olduğunu bəyan etmək və bu baxımdan da zorakılığın qarşısını almaq üçün səylərin birləşdirilməsindən ibarətdir.

Soyqırımı cinayəti beynəlxalq hüquq dövriyyəsinə yalnız keçən əsrin ortalarında daxil olmuşdur. 1941-ci ilin dekabr ayında Böyük Britaniyanın Baş naziri Uinston Çörçilin radiodakı çıxışında adı olmayan cinayət adlandırdığı soyqırımı 1948-ci ildə müvafiq konvensiyanin qəbul edilməsindən sonra beynəlxalq hüquq leksikonunda vətəndaşlıq statusu əldə etmişdir.

İkinci Dünya müharibəsinin ağır nəticələri tez bir zamanda soyqırımı cinayətinin beynəlxalq hüquqi kodifikasiyasını sürətləndirmişdir. Artıq BMT-nin 11 noyabr 1946-cı il tarixli ilk sessiyasında Kuba, Panama və Hindistanın təqdim etdikləri layihə əsasında Soyqırımı cinayəti adlı qətnamə qəbul edilmiş, bu əməl sivil dünyanın pislədiyi və beynəlxalq hüquq nöqteyi-nəzərindən cinayət sayılmasını bəyan edərək, konvensiya layihəsinin hazırlanması haqqında BMT-nin İqtisadi və sosial şurasına müvafiq tapşırıq verilmişdir.

Soyqırımı cinayətinin qarşısının alınması və onun cəzalandırılması haqqında Konvensiya 9 dekabr 1948-ci il tarixdə qəbul edilmişdir. Azərbaycan Respublikasının Milli Məclisi bu mühüm sənədi 1996-cı il 31 may tarixdə ratifikasiya etmişdir.

Konvensiyanın müddəalarının icra edilməsi üzrə Azərbaycan Respublikasının öz üzərinə götürdüyü öhdəliklərin həyata keçirilməsi istiqamətində görülən tədbir kimi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə Soyqırımı (Maddə 103) və Soyqırımının törədilməsinə təhrik etmə (Maddə 104) maddələri daxil edilmişdir.

Soyqırımı ilə tanışlıq onun müasir beynəlxalq hüquqda unikal cinayət olmasını sübut edir. Bu cür unikallıq onun təqibetmə rejimində və mexanizmlərində özünü büruzə verir.

İlk növbədə vurğulamaq lazımdır ki, soyqırımına münasibətdə heç bir müddət tətbiq edilmir, yəni törədilməsi vaxtından asılı olmayaraq bu cinayəti törədən şəxslər daim təqibetmə obyektidir. Azərbaycan Respublikasının da 1996-cı il 31 may tarixində ratifikasiya etdiyi BMT-nin 26 noyabr 1968-ci il tarixli Hərbi cinayətlər və insanlıq əleyhinə cinayətlərə münasibətdə cinayət məsuliyyətinə cəlbetmə müddətlərinin tətbiq edilməməsi haqqında Konvensiyada bu qayda öz əksini tapmışdır.

İkinci mühüm məsələ soyqırımı cinayətinə münasibətdə cinayət qanununun retroaktiv qüvvəsinin tətbiq olunmasıdır. Ümumiyyətlə, cinayət qanunvericiliyinin təməl prinsiplərindən birinə əsasən, törədildiyi zaman milli və ya beynəlxalq hüquqa görə cinayət sayılmayan hər hansı əmələ görə heç kəs cinayət törətməkdə təqsirli hesab edilə bilməz.

Beynəlxalq cinayətlərə görə məsuliyyət müəyyən edən qanunun qüvvəsinin geriyə şamil olunması haqqında 12 may 2006-cı il tarixli konstitusiya qanununun 1-ci maddəsinə görə, Azərbaycan Respublikası Konstitusiyasının heç bir müddəası hamılıqla qəbul edilmiş beynəlxalq hüquq normalarına əsasən törədildiyi zaman cinayət sayılan əmələ görə hər hansı şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə və cəzalandırılmasına mane olan müddəa kimi şərh edilə və ya başa düşülə bilməz. Belə bir hüquqi yanaşma mövcud olan və gələcəkdə formalaşa bilən hər bir beynəlxalq cinayətə görə ittiham olunan şəxsin məsuliyyətə cəlb olunmasına imkan yaradır.

Müasir şəraitdə soyqırımı törədən şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi üçün bir sıra mexanizmlər mövcuddur. Bir çox hallarda bu prosesi dövlətdaxili cinayət təqibi orqanları həyata keçirir.

Digər tərəfdən, milli hüquq mühafizə orqanları bu və ya digər səbəblərdən caniləri təqib etmək iqtidarında olmayanda beynəlxalq məhkəmə mexanizmləri işə düşür. Burada Xocalı soyqırımı ilə bağlı bir mühüm məsələyə toxunmaq zərurəti yaranır. Müəyyən vaxtlarda belə fikirlər səslənir ki, bu əməli törədən şəxsləri cinayət məsuliyyətinə cəlb etmək üçün Azərbaycan Haaqa məhkəməsinə müraciət etməlidir.

Lakin bir mühüm məsələni vurğulamaq lazımdır ki, Niderland Krallığının Haaqa şəhərində bir sıra beynəlxalq məhkəmə instansiyaları yerləşsə də, Azərbaycan üçün həyati əhəmiyyət kəsb edən məsələni həll edəcək orqan yoxdur. Belə instansiyalardan biri BMT-nin Beynəlxalq Məhkəməsidir və onun səlahiyyətlərinə dövlətlərarası mübahisələrə baxılması aiddir, başqa sözlə desək, bu orqan beynəlxalq cinayətlərə görə fərdi məsuliyyət məsələlərini həll etmir.

Haaqada yerləşən növbəti beynəlxalq məhkəmə orqanı 1998-ci ilin iyun ayında Romada keçirilən diplomatik konfransda təsis edilmiş Beynəlxalq Cinayət Məhkəməsidir. Onun yurisdiksiyasına təcavüz, soyqırımı, hərbi cinayətlər və insanlıq əleyhinə cinayətlər daxildir. Lakin təəssüflə qeyd etməliyik ki, bu məhkəmə orqanı yalnız onun nizamnaməsi qüvvəyə mindikdən etibarən, yəni 1 iyul 2002-ci il tarixdən sonra törədilən cinayətlərə şamil edilir. Bu isə qeyd etdiyimiz müddətə qədər Azərbaycan Respublikası ərazisində törədilən beynəlxalq cinayətləri ehtiva etmir.

Dünyanın başqa regionlarında törədilən cinayətlərlə bağlı beynəlxalq birlik çox böyük həvəslə xüsusi tribunallar təsis etmişdir: keçmiş Yuqoslaviya (1993, may), Ruanda (1994), Syerra- Leone (16 yanvar 2002), Şərqi Timor (6 iyun 2000), Kamboca məhkəmələrində fövqəladə palatalar (2003) və s.

Məhz bu baxımdan Xocalı soyqırımı və ümumiyyətlə, Azərbaycanın işğal edilmiş ərazilərində törədilmiş hərbi cinayətlər və insanlıq əleyhinə cinayətlərlə bağlı yeni bir beynəlxalq cinayət - etnik təmizləmə son dərəcə aktual bir problemdir.

Etnik təmizləmə yeni bir fenomen olmasa da, bu anlamda yalnız XX əsrdə fundamental insan hüquqlarının pozuntusu kimi qiymətləndirilmişdir. İlk dəfə olaraq etnik təmizləmə BMT-nin Təhlükəsizlik Şurasının 771 saylı 13 avqust 1992-ci il tarixli qətnaməsində öz əksini tapmışdır. Həmin qətnamədə etnik təmizləmə praktikası beynəlxalq humanitar hüququn kobud pozuntusu olaraq pislənmışdir. Etnik təmizləmənin beynəlxalq humanitar hüququn kobud pozuntusu olması BMT-nin həm Təhlükəsizlik Şurasının, həm də Baş Assambleyasının bir sıra qətnamələrində də öz əksini tapmışdır. Bu sırada Baş Assambleyanın 16 dekabr 1992-ci il tarixli Etnik təmizləmə və irqi dözümsüzlük adli qətnaməsi xüsusi yer tutur. Bu qətnamədə qeyd olunmuş üç məsələ Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edir:

1) etnik təmizləmə hamılıqla tanınan insan hüquqları və əsas azadlıqları ilə uyğun gəlmir;

2) etnik təmizləməni törədən və ya buna əmr verən şəxslər fərdi cinayət məsuliyyəti daşıyırlar və ədalət mühakiməsi qarşısında cavab verməlidirlər;

3) bütün dövlətlər etnik təmizləmənin istənilən formasının aradan qaldırılması istiqamətində əməkdaşlıq etməlidir.

BMT tərəfindən keçmiş Yuqoslaviya ərazisində beynəlxalq humanitar hüququn ciddi pozuntuları haqqında məlumatların yoxlanılması və analizi üçün yaradılan ekspert komissiyası öz məruzəsində qeyd etmişdir ki, etnik təmizləmə siyasətinin vasitəsi kimi qəsdən adam öldürmə, qanunsuz həbslər, cinsi zorakılıq, işgəncələr, əhalinin deportasiyası, heç bir zərurət olmadan əmlakın məhv edilməsindən istifadə olunmuşdur. Eyni yanaşma həm BMT-nin Beynəlxalq Məhkəməsi, həm də keçmiş Yuqoslaviya üzrə Beynəlxalq Cinayət Tribunalının təcrübəsində müşayiət edilmişdir.

Bu gün böyük təəssüf hissi və ürək ağrısı ilə qeyd edirik ki, dünyanın soyqırımına məruz qalan az sayda xalqları sırasında Azərbaycan xalqı da var. XIX əsrdən başlayaraq şovinist imperiyaların himayəçiliyi ilə ermənilər tərəfindən azərbaycanlılara və Azərbaycana qarşı törədilən hərəkətlər məhz soyqırımı kimi qiymətləndirilməlidir. XX əsrin faciəsi olan Xocalı soyqırımı bu aqressiv və cinayətkar erməni siyasətinin nəticəsidir. Ötən yüzilliyin sonunda baş vermiş bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir. Xocalı soyqırımı amansızlığına görə ötən əsrin Xatın, Xirosima, Naqasaki və Sonqmi kimi dəhşətli faciələri ilə bir sırada yer alır.

Bütün dünyanın gözü qarşısında baş verən bu dəhşətli soyqırımının əsl mahiyyəti yalnız ümummilli lider Heydər Əliyev 1993-cü ildə siyasi hakimiyyətə yenidən qayıtdıqdan sonra açıqlanmış, 1994-cü ilin fevralında Azərbaycan Respublikasının Milli Məclisi Xocalı soyqırımına hüquqi-siyasi qiymət vermişdir.

Azərbaycanın və azərbaycanlıların üzləşdiyi bu faciələr ilk dəfə Heydər Əliyev tərəfindən imzalanmış 26 mart 1998-ci il tarixli Azərbaycanlıların soyqırımı haqqında Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə siyasi qiymətini aldı. Fərmanda qeyd olunur: ...Azərbaycanın XIX-XX əsrlərdə baş verən bütün faciələri torpaqlarının zəbti ilə müşayiət olunaraq, ermənilərin azərbaycanlılara qarşı düşünülmüş, planlı surətdə həyata keçirdiyi soyqırımı siyasətinin ayrı-ayrı mərhələlərini təşkil etmişdir. Bu hadisələrin yalnız birinə - 1918-ci il mart qırğınına siyasi qiymət vermək cəhdi göstərilmişdir. Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi Azərbaycan Respublikası bu gün onun axıra qədər həyata keçirə bilmədiyi qərarların məntiqi davamı olaraq soyqırımı hadisələrinə siyasi qiymət vermək borcunu tarixin hökmü kimi qəbul edir...

İlk dəfə Heydər Əliyevin fərmanı ilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edilmişdir. Ulu öndər Heydər Əliyevin bu tarixi addımının Azərbaycan üçün nə dərəcədə əhəmiyyətli olduğuna qiymət vermək üçün son iki əsrlik tarixi keçmişimizin soyqırımına məruz qalmasının xronoloji ardıcıllıqla təhlil edilməsi, fikrimizcə, faydalı olardı.

Azərbaycan xalqına qarşı dəfələrlə törədilmiş və uzun illərdən bəri öz siyasi-hüquqi qiymətini almamış soyqırımı da tarixin açılmamış səhifələrindən biridir.

1813-cü və 1828-ci illərdə imzalanan Gülüstan və Türkmənçay müqavilələri Azərbaycan xalqının parçalanmasının, tarixi torpaqlarımızın bölünməsinin əsasını qoydu. Azərbaycan xalqının bu milli faciəsinin davamı kimi torpaqlarının zəbti başlandı. Qısa bir müddətdə bu siyasət gerçəkləşdirilərək ermənilərin kütləvi surətdə Azərbaycan torpaqlarına köçürülməsi həyata keçirildi. Soyqırımı Azərbaycan torpaqlarının işğalının ayrılmaz bir hissəsinə çevrildi.

1905-1907-ci illərdə azərbaycanlılara qarşı açıq şəkildə genişmiqyaslı qanlı aksiyalar həyata keçirən ermənilərin Bakıdan başlanan vəhşilikləri Azərbaycanı və indiki Ermənistan ərazisindəki Azərbaycan kəndlərini əhatə etdi. Yüzlərlə yaşayış məntəqəsi dağıdılıb yerlə yeksan edildi, minlərlə azərbaycanlı vəhşicəsinə qətlə yetirildi. Bu hadisələrin təşkilatçıları məsələnin mahiyyətinin açılmasına, ona düzgün hüquqi-siyasi qiymət verilməsinə maneçilik törədərək azərbaycanlıların mənfi obrazını yaratmış, özlərinin avantürist torpaq iddialarını pərdələmişlər.

Birinci Dünya müharibəsindən, Rusiyada baş vermiş 1917-ci il fevral və oktyabr çevrilişlərindən məharətlə istifadə edən ermənilər öz iddialarını bolşevik bayrağı altında reallaşdırmağa nail oldular. 1918-ci ilin mart ayından etibarən əksinqilabçı ünsürlərlə mübarizə şüarı altında Bakı Kommunası tərəfindən ümumən Bakı quberniyasını azərbaycanlılardan təmizləmək məqsədi güdən mənfur plan həyata keçirilməyə başlandı.

Həmin günlərdə ermənilərin törətdikləri cinayətlər Azərbaycan xalqının yaddaşına əbədi həkk olunmuşdur. Minlərlə dinc azərbaycanlı əhali yalnız milli mənsubiyyətinə görə məhv edilmişdir. Ermənilər evlərə od vurmuş, insanları diri-diri yandırmışlar. Milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və digər abidələri dağıtmış, Bakının böyük bir hissəsini xarabalığa çevirmişlər.

Azərbaycanlıların soyqırımı Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda və Azərbaycanın başqa bölgələrində xüsusi qəddarlıqla həyata keçirilmişdir. Bu ərazilərdə dinc əhali kütləvi surətdə qətlə yetirilmiş, kəndlər yandırılmış, milli mədəniyyət abidələri dağıdılıb məhv edilmişdir.

Zaqafqaziyanın sovetləşməsindən öz çirkin məqsədləri üçün istifadə edən ermənilər 1920-ci ildə Zəngəzuru və Azərbaycanın bir sıra digər torpaqlarını Ermənistan SSR-in ərazisi elan etdilər. Sonrakı dövrdə bu ərazilərdəki azərbaycanlıların deportasiya edilməsi siyasətini daha da genişləndirmək məqsədilə yeni vasitələrə əl atdılar. Bunun üçün onlar SSRİ Nazirlər Sovetinin 23 dekabr 1947-ci il Ermənistan SSR-dən kolxozçuların və başqa azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında xüsusi qərarına və 1948-1953-cü illərdə azərbaycanlıların öz tarixi torpaqlarından kütləvi surətdə deportasiyasına dövlət səviyyəsində nail oldular.

Erməni millətçiləri öz havadarlarının köməyi ilə 1950-ci illərdən etibarən Azərbaycan xalqına qarşı kəskin mənəvi təcavüz kampaniyasına başladılar. Keçmiş sovet məkanında müntəzəm şəkildə yayılan kitab, jurnal və qəzetlərdə milli mədəniyyətimizin, klassik irsimizin, memarlıq abidələrimizin ən nəfis nümunələrinin erməni xalqına mənsub olduğunu sübut etməyə çalışırdılar. Eyni zamanda onlar tərəfindən bütün dünyada azərbaycanlıların mənfi obrazını formalaşdırmaq cəhdləri də gücləndirilirdi. Yazıq, məzlum erməni xalqının surətini yaradaraq əsrin əvvəllərində regionda baş verən hadisələr şüurlu surətdə təhrif olunur, azərbaycanlılara qarşı soyqırımı törədənlər soyqırımı qurbanları kimi qələmə verilirdi.

Azərbaycan xalqının mənəviyyatına, milli qüruruna və mənliyinə yönəlmiş böhtanlar siyasi və hərbi təcavüz üçün ideoloji zəmin yaradırdı. Xalqımıza qarşı aparılan soyqırımı siyasəti özünün siyasi-hüquqi qiymətini tapmadığı üçün tarixi faktlar sovet mətbuatında ermənilər tərəfindən təhrif olunur və ictimai fikir çaşdırılırdı. Ermənilərin sovet rejimindən bəhrələnərək həyata keçirdikləri və 1980-ci illərin ortalarında daha da güclənən antiazərbaycan təbliğatına Azərbaycan Respublikasının rəhbərliyi vaxtında lazımi qiymət vermədi.

1988-ci ildən başlayan əsassız Dağlıq Qarabağ münaqişəsi, Azərbaycan ərazilərində tüğyan edən erməni irticası və bu irticanın qurbanı olan günahsız Azərbaycan əhalisinin acı iztirabları, təəssüf ki, keçmiş SSRİ rəhbərliyinin və sivil dünyanın biganə sükutu ilə qarşılandı. Belə vəziyyətdən ruhlanan və istifadə edən ermənilər azərbaycanlılara qarşı soyqırımı siyasətini və misli görünməmiş tarixi cinayətlərini bir-birinin ardınca həyata keçirməyə müvəffəq oldular. Azərbaycan ərazisinin 20 faizi, o cümlədən Dağlıq Qarabağdan kənarda yerləşən daha 7 rayon Ermənistan silahlı qüvvələri tərəfindən işğal olundu. 1 milyondan artıq azərbaycanlı öz dədə-baba ocaqlarından vəhşicəsinə qovuldu, on minlərlə adam qətlə yetirildi, şikəst edildi, girov götürüldü. Yüzlərlə yaşayış məskəni, minlərlə mədəniyyət, təhsil və səhiyyə müəssisəsi, tarix-mədəniyyət abidələri, məscidlər, müqəddəs sitayiş yerləri, qəbiristanlıqlar yerlə yeksan edilərək misli görünməmiş erməni vandalizminə məruz qaldı.

Münaqişənin ilk illərində Qarabağın azərbaycanlılar yaşayan Kərkicahan, Meşəli, Quşçular, Qaradağlı, Ağdaban və digər kəndlərində erməni silahlı quldurlarının törətdikləri faciələr, nəhayət, Xocalı soyqırımı məzlum və əzabkeş erməni vicdanında əbədi qara ləkə kimi yaşayacaq tarixi cinayətlərdir.

1992-ci ilin əvvəllərindən başlayaraq Ermənistan ordusu bir-birinin ardınca yuxarı Qarabağda azərbaycanlılar yaşayan sonuncu yaşayış məntəqələrini də işğal etdilər. Belə ki, fevral ayının 12-də Şuşanın Malıbəyli və Quşçular kəndləri Ermənistan silahlı qüvvələri tərəfindən zəbt olundu. Fevralın 13-dən 17-dək Xocavənd rayonunun Qaradağlı kəndinə silahlı hücum zamanı 118 nəfər (uşaq, qadın, qoca) ermənilər tərəfindən əsir götürülmüş, 33 nəfər güllələnmiş, eyni zamanda öldürülmüş və yaralanmış sakinləri bir yerdə təsərrüfat quyusuna tökərək basdırmışlar. Əsir götürülənlərdən 68 nəfəri amansızlıqla öldürülmüş, 50 nəfəri isə böyük çətinliklə əsirlikdən azad edilmişdir. Azad olunanların 18 nəfəri aldıqları sağalmaz yaralardan sonra vəfat etmişdir.

Xüsusi qəddarlıqla həyata keçirilən Xocalı soyqırımının törədilməsi zamanı ermənilər Azərbaycanın bu qədim yaşayış məskəninin yer üzündən silinməsini qarşıya məqsəd kimi qoymuşdular. Çünki Xocalı Azərbaycanın qədim dövrlərinə aid ərazilərdən biri kimi tarix və mədəniyyət abidələri ilə seçilirdi. Azərbaycanlılardan ibarət 7 min nəfərdən çox əhalisi olan Xocalı ermənilər yaşayan kəndlərin əhatəsində ən böyük və qədim yaşayış məskəni olmuşdur. Burada qədim tarixi abidələr müasir dövrə qədər qalmaqda idi. Məlumdur ki, Xocalı yaxınlığında miladdan əvvəl XIV-VII əsrlərə aid edilən Xocalı-Gədəbəy mədəniyyətinin nümunələri mövcud idi. 1992-ci ilin fevralında erməni silahlı qüvvələri 366-cı sovet alayının köməyi ilə Xocalı əhalisini vəhşicəsinə qırarkən soyqırımının ən iyrənc mərhələsi olan izi itirmək kimi mənfur hərəkətlərə də əl atmış və Azərbaycan xalqı, eləcə də bəşəriyyət üçün nadir abidələr nümunəsi olan Xocalı abidələrini də dağıtmışlar.

Bu soyqırımı nəticəsində, rəsmi rəqəmlərə görə, 613 nəfər öldürülmüşdü ki, onlardan 63 nəfəri uşaq, 106 nəfəri qadın, 70 nəfəri isə qocalar idi. 8 ailə tamamilə məhv edilmişdi. 487 nəfər şikəst olmuşdu ki, onlardan da 76-sı uşaqdır. Bundan əlavə, 1275 nəfər əsir götürülmüş, 150 nəfər itkin düşmüşdür.

Beləliklə, Xocalı soyqırımı Azərbaycan xalqı üçün qəddarlıq və cəzasızlıq rəmzinə çevrilmişdir. Yuxarıda qeyd olunan faktlar, daha dəqiq desək, dinc əhalinin vəhşicəsinə kütləvi qırğını bütün insanlığa qarşı ən ağır cinayətlərdən biri olmaqla, işğalçı Ermənistanın təcavüzkar siyasətini bir daha ifşa edir.

2002-ci il fevralın 25-də ümummilli lider Heydər Əliyev Xocalı soyqırımının 10-cu ildönümü ilə əlaqədar Azərbaycan xalqına müraciətində bu amansız kütləvi qırğının tarixi-siyasi mahiyyətini göstərmişdir: Xocalı faciəsi 200 ilə yaxın bir müddətdə erməni şovinist-millətçiləri tərəfindən azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin davamı və ən qanlı səhifəsidir.

Azərbaycan Prezidenti İlham Əliyevin Xocalı soyqırımının 20-ci ildönümü haqqında imzaladığı sərəncamda deyilir: Azərbaycanlılara qarşı erməni şovinist dairələrinin XIX-XX əsrlərdə mərhələ-mərhələ həyata keçirdiyi etnik təmizləmə siyasətinin tərkib hissəsi olan Xocalı soyqırımı haqqında həqiqətlər dünya ictimaiyyətinə, xarici ölkələrin parlamentlərinə çatdırılmalı, Azərbaycan xalqının və ümumən insanlığın əleyhinə yönəldilmiş bu son dərəcə ağır hərbi cinayət beynəlxalq miqyasda öz hüquqi-siyasi qiymətini almalıdır.

Hazırda bu soyqırımını törədənlərin ifşa olunması və beynəlxalq ictimaiyyətin geniş məlumatlandırılması Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilmişdir. Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində artıq bir sıra beynəlxalq təşkilatların qəbul etdiyi sənədlərdə Ermənistan işğalçı dövlət kimi göstərilmişdir. Xocalı həqiqətlərinin dünyaya çatdırılması, beynəlxalq aləmdə yayılması, eləcə də bu soyqırımına obyektiv qiymət verilməsi istiqamətində davamlı olaraq addımlar atılmışdır.

Bu baxımdan Heydər Əliyev Fondu, xüsusilə onun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın gördüyü işlər olduqca təqdirəlayiqdir. Belə ki, fond bəşəriyyətin ən böyük faciələrindən olan Xocalı soyqırımı haqqında faktların dünyaya çatdırılması istiqamətində çox sistemli və ardıcıl fəaliyyət göstərir.

Heydər Əliyev Fondunun dəstəyi ilə Xocalı faciəsinin ildönümü artıq dünyanın 100-dən çox yerində qeyd olunmuşdur. Soyqırımına həsr olunmuş silsilə tədbirlər fondun hazırladığı təbliğat materialları əsasında həyata keçirilir. Hazırda Heydər Əliyev Fondunun ayrı-ayrı ölkələrdə geniş miqyasda təşkil etdiyi və faciənin həqiqətlərinin yayılmasına yönəldilmiş anım tədbirləri Leyla xanım Əliyevanın rəhbərlik etdiyi Rusiya Federasiyasındakı nümayəndəliyi tərəfindən İslam Əməkdaşlıq Təşkilatının Əməkdaşlıq və Dialoq Uğrunda Gənclər Forumu çərçivəsində uğurla davam edir.

Azərbaycan Respublikasının parlamenti də bu sahədə mühüm addımlar atmışdır. Belə ki, Milli Məclis Xocalı soyqırımı ilə bağlı hüquqi görüşlərini müxtəlif vəsilələrlə ifadə etmiş və bu gün də etməkdədir. Bu bir həqiqətdir ki, ölkə parlamentində Xocalı soyqırımının tanınması və Xocalıda baş vermiş erməni vandalizminin mahiyyəti barədə indiyədək kifayət qədər normativ hüquqi sənədlər, müraciət və bəyanatlar qəbul edilmiş, eyni zamanda soyqırımının dünya ictimaiyyəti tərəfindən tanınması üçün çoxsaylı təbliğat tədbirləri həyata keçirilmişdir.

Xalqımız ermənilərin azərbaycanlılara qarşı əsrlər boyu davam etdirdiyi soyqırımını unutmur. Bu mənada Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin azərbaycanlıların soyqırımının dünyada tanıdılmasına yönəlmiş tədbirlər həyata keçirməsi hər bir azərbaycanlı üçün nümunə olmalıdır. Hesab edirik ki, bu soyqırımına qiymət verilməsi siyasi aksiya olmaqla yanaşı, həm də hüquqi məsələdir. Bu mövzu hüquq ictimaiyyəti tərəfindən araşdırılmalı və ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımının beynəlxalq hüquqi qiymət almasına istiqamətlənmiş tədbirlərdə daim səsləndirilməlidir. Bu baxımdan dövlət və qeyri-hökumət təşkilatlarının həmin istiqamətdə razılaşdırılmış fəaliyyət planının hazırlanması və həyata keçirilməsi xüsusi əhəmiyyət daşıyır.

Çünki bu, hər bir azərbaycanlını düşündürən və düşündürməli olan ümummilli məsələdir. Nəzərə almaq lazımdır ki, soyqırımı - hər hansı milli, etnik, irqi, dini insan qrupuna yönəlməsindən asılı olmayaraq insanlıq məfhumuna qarşı olan cinayətdir. Cinayətə qarşı mübarizə aparmaq isə hər bir bəşər övladının borcudur.