İki sahil.-2016.-21 sentyabr- 171.-S.21, 24.

 

Hüquqi dövlət quruculuğunda yeni mərhələ

 

Cavanşir Feyziyev,

Milli Məclisin deputatı,

Fəlsəfə doktoru

 

Hüquqi dövlət və ictimai-siyasi münasibətlər sistemi təkmilləşdikcə milli qanunvericiliyin həmin münasibətlərə uyğunlaşdırılması zərurəti yaranır. Ölkədaxili, regional və qlobal miqyasda baş verən transformasiyalar siyasi, iqtisadi, sosial sferalarda yeni keyfiyyət dəyişmələrinə və yeni baxışların, konstruktiv yanaşmaların meydana gəlməsinə gətirib çıxarır. Belə bir halda, dövlət və cəmiyyət üçün vacib hesab olunan münasibətlərin yeni modeldə - daha optimal hüquqi konfiqurasiya əsasında tənzimlənməsi lazım gəlir. Tarix sübut etmişdir ki, dövlət və cəmiyyət münasibətləri nə qədər dinamikdirsə, bu münasibətləri tənzimləyən hüquq qaydaları və normaları da inkişaf və təkamülə meyllilik xüsusiyyətləri nümayiş etdirir. Bir sözlə, hüquq normalarının dövlət və cəmiyyətlə birgə, qarşılıqlı surətdə inkişafı zərurətdən yaranan təbii qanunauyğunluq kimi önə çıxır.

Konstitusiyamız öz fundamental mahiyyətinə görə, dövlət idarəetmə mexanizmləri ilə cəmiyyət arasındakı münasibətləri müəyyən edən başlıca hüquqi bazadır. Dövlətin dayağını təşkil edən hüquqi sistemlə sosial sistemin qarşılıqlı harmonik münasibətlərinin təmin edilməsi Konstitusiyanın və onun təsbit etdiyi qanunların işləkliyindən, daim təkmilləşən funksionallığından əhəmiyyətli dərəcədə asılıdır. Yeni inkişaf tendensiyası ilə ayaqlaşmayan qanunvericilik aktları çoxşaxəli münasibətləri səmərəli şəkildə qaydalandırmaq funksiyasını yerinə yetirə bilmir. Adekvat hüquqi tənzimləmənin mövcud olmadığı halda, əlbəttə ki, dinamik inkişafdan, davamlı sabitlikdən də söhbət gedə bilməz.

Ölkə başçısı cənab İlham Əliyevin məhz bu zərurətdən çıxış edərək irəli sürdüyü "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının Referendum Aktı layihəsi mahiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoymuş dövlətimizin yeni siyasi, iqtisadi, sosial, hüquqi gerçəkliklərlə tam uyğunlaşdırılması iradəsini nümayiş etdirir. Layihə Azərbaycanda dövlət quruculuğunun yeni mərhələsində ölkəmizin yeni inkişaf fəlsəfəsinin mahiyyətini özündə ehtiva edir.

İrəli sürülən Referendum Aktı layihəsinin əhəmiyyətli qismi vətəndaşların hüquq və azadlıqlarının effektiv təminatına yönəlmişdir. Konstitusiyanın "Əsas insan və vətəndaş hüquqları və azadlıqları" fəslinə nəzərdə tutulan dəyişikliklərə diqqət yetirdikdə, ölkəmizin ana qanununda insan və vətəndaş hüquq və azadlıqlarının səmərəli müdafiə mexanizminin daha mükəmməl əsaslar üzərində qurulacağını söyləmək mümkündür. Belə ki, dəyişikliklərə əsasən, Konstitusiyanın sözügedən fəslində "insan ləyaqətinin qorunması və ona hörmət edilməsi" insan və vətəndaş hüquqlarının və azadlıqlarının əsas prinsiplərindən biri kimi müəyyən edilir. Bununla, insan ləyaqəti konstitusion müstəvidə yüksək hüquqi dəyər əldə edir.

Eyni zamanda, Konstitusiyanın qeyd olunan fəslinə təklif olunan dəyişikliyə müvafiq olaraq, cəmiyyətin xüsusi qayğıya ehtiyacı olan təbəqəsinin - fiziki və əqli qüsurları olan insanların da Azərbaycan Respublikasının Konstitusiyasında təsbit edilmiş hüquq və azadlıqlardan istifadə etmək hüququ tanınır. Beləliklə, Azərbaycan xalqının insanpərvərlik keyfiyyətləri, heç bir ayrı-seçkiliyə yol verilmədən bütün şəxslərə bərabər imkanlar yaradılması ənənəsi Konstitusiyamızda birbaşa əksini taparaq insan hüquq və azadlıqlarının təminatına mənəvi dəyər qazandırır.

İnsan və vətəndaş hüquq və azadlıqlarının dövlət təminatının gücləndirilməsini nəzərdə tutan digər təklif həmin hüquq və azadlıqların müdafiə mexanizminin təkmilləşdirilməsi ilə bağlıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə təklif edilən dəyişikliyə müvafiq olaraq, insan və vətəndaş hüquq və azadlıqlarının məhkəmə təminatı ilə yanaşı, inzibati qaydada müdafiəsinə də hüquqi əsas formalaşdırılır. Eyni zamanda, hüquq və azadlıqları pozulmuş şəxslərin işlərinə qərəzsiz yanaşma, həmin işlərə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılma konstitusion norma kimi müəyyən edilir. Bununla, Konstitusiyada əks olunmuş hüquq və azadlıqların sadəcə deklarativ xarakter daşımadığı, bu hüquq və azadlıqların müdafiəsinə dövlət təminatının verildiyi açıq şəkildə ifadə olunur.

Dövlət qurumlarının vəzifəsinin bilavasitə vətəndaşlara xidmət etməli olması Konstitusiyanın 68-ci maddəsinə təklif edilən dəyişiklikdə öz əksini tapmışdır. "Özbaşınalıqdan müdafiə və vicdanlı davranış hüququ" adlandırılması təklif olunan həmin maddəyə aşağıdakı məzmunda bəndlərin əlavə edilməsi təklif edilir: "Hər kəsin dövlət orqanlarının ona münasibətdə özbaşınalığı istisna edən vicdanlı davranışına hüququ vardır"; "Dövlət, dövlət qulluqçuları ilə birlikdə, dövlət qulluqçularının qanuna zidd hərəkətləri və hərəkətsizliyi nəticəsində insan hüquq və azadlıqlarına dəymiş ziyana görə və onların təminatının pozulmasına görə mülki məsuliyyət daşıyır".

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dəfələrlə dövlət qurumlarının vətəndaşlara münasibətdə qanunun aliliyini rəhbər tutaraq fəaliyyət göstərməli olduğunu bildirmişdir. Referendum aktı layihəsində qeyd olunan dəyişikliklər ölkə başçısı tərəfindən dövlət qurumları qarşısında qoyulan vəzifələrin vətəndaşların maraqlarının maksimum şəkildə təmin olunması şərti ilə yerinə yetirilməsinə şərait yaradır. Bununla yanaşı, qeyd olunan dəyişikliklər dövlət qurumlarının insan hüquq və azadlıqlarının pozulmasına görə məsuliyyət daşıdığını birbaşa qeyd edir. Beləliklə, dövlət qurumlarının fəaliyyətində məsuliyyət yükünün artırılması ilə nümunəvi dövlət - nümunəvi vətəndaş modelinin formalaşdırılmasına münbit zəmin formalaşır.

Konstitusiyaya təklif olunan dəyişikliklər dövlət qurumlarının fəaliyyətində şəffaf və məsuliyyətli idarəetmə üçün hüquqi bazanı gücləndirməklə yanaşı, yerli özünüidarəetmə orqanlarının da səlahiyyətlərinin yerinə yetirilməsində yeni, demokratik norma müəyyən edir. Təklif olunan "Bələdiyyələrin məsuliyyəti" adlı maddəyə müvafiq olaraq, bələdiyyələr, bələdiyyə qulluqçuları ilə birlikdə, bələdiyyə qulluqçularının qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində insan hüquq və azadlıqlarına dəymiş ziyana və onların təminatının pozulmasına görə mülki məsuliyyət daşıması qeyd olunur. Göründüyü kimi, Referendum Aktı layihəsində vətəndaşlara onların hüquq və azadlıqlarının qorunması və mümkün hüquq pozuntularının vaxtında qarşısının alınması şərti ilə xidmət göstərilməsinin hüquqi əhəmiyyəti özünün birbaşa təsdiqini tapır.

Bəzi dairələrin Konstitusiyaya təklif olunan dəyişiklikləri bilərəkdən təhrif etmələri dəyişikliklərə qərəzli münasibəti nümayiş etdirir. Məsələn, Konstitusiyanın 29-cu maddəsinə təklif olunan dəyişikliyə müvafiq olaraq, xüsusi mülkiyyətin sosial öhdəliklərə səbəb olması, sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququnun qanunla məhdudlaşdırıla bilməsi qeyd olunur. Həmin dəyişikliklər təklifinə əsassız şəkildə etiraz edən dairələr bu təklifin mahiyyətinə varmadan mülkiyyət hüququnun məhdudlaşdırılmasının anti-konstitusion olduğunu iddia edirlər. Halbuki, bu təklifə dövlətin sosial öhdəliklərin yerinə yetirilməsinə olan həssas münasibəti və mülkiyyətdən səmərəli istifadəçilik prizmasından yanaşdıqda, həmin dəyişikliyin konstruktivliyi, bu əsasda mülkiyyət sahiblərinin öz əmlaklarından daha səmərəli şəkildə istifadəyə təşviq olunduğu üzə çıxır. Eyni zamanda, mülkiyyət hüququ üzrə beynəlxalq hüquqi sənədlərə nəzər salarkən, mülkiyyətin ictimai-dövlət məqsədləri üçün məhdudlaşdırılması təcrübəsinin mövcudluğunu görmək mümkündür. Məsələn, Avropa İnsan Hüquqları Konvensiyasına əlavə edilmiş Protokolda mülkiyyət hüquqlarının ictimai məqsədlər naminə, eyni zamanda, qanunvericilik və beynəlxalq hüququn müəyyən etdiyi prinsiplər çərçivəsində məhdudlaşdırılmasının mümkünlüyü qeyd olunmuşdur. Bu baxımdan, sözügedən təklif bütün kontekstlərdə mülkiyyət hüququndan məhrumetmə və ya mülkiyyət hüququnun qanunsuz olaraq məhdudlaşdırılması kimi qəbul edilə bilməz.

Konstitusiyanın "Şəxsi toxunulmazlıq hüququ" maddəsinə təklif edilən dəyişiklik şəxsi və ailə həyatı sirrinin daha effektiv şəkildə qorunmasına, üçüncü şəxslər haqqında məlumatların əldə edilməsinin hüquqi əsaslarının müəyyənləşdirilməsinə imkan verir. Referendum Aktı layihəsinə uyğun olaraq, qanunla müəyyən edilmiş hallar istisna olmaqla, üçüncü şəxslər haqqında məlumat almaq məqsədi ilə elektron formada və ya kağız üzərində aparılan informasiya ehtiyatlarına daxil olmaq, eyni zamanda, informasiya texnologiyalarından şəxsi həyata, o cümlədən əqidəyə, dini və etnik mənsubiyyətə dair məlumatların açıqlanması üçün istifadə qadağan edilir. İnformasiya ehtiyatlarına çıxışın asanlaşdığı, sosial şəbəkələr vasitəsilə şəxsi məlumatların yayılması imkanlarının artdığı bir zamanda bu dəyişikliyin ölkə Konstitusiyasında əks olunmasının xüsusi əhəmiyyəti var. Bununla, dövlət konstitusion vəzifə olaraq vətəndaşların şəxsi planda informasiya təhlükəsizliyinin təmin edilməsinə təminat verir. Bu dəyişiklik heç bir halda məlumatlara çıxış imkanlarının məhdudlaşdırılması, məlumat azadlığının pozulması kimi təfsir edilə bilməz. Çünki hüquq və azadlıqlardan istifadə digərlərinin hüquq və azadlıqlarına zərər yetirə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsində qeyd edildiyi kimi: "hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir".

Son illərdə Azərbaycanda azad sahibkarlığın inkişafı sahəsində, sahibkarlıq fəaliyyətində mükəmməl hüquqi bazanın formalaşdırılması istiqamətində ölkə rəhbərliyi tərəfindən ardıcıl siyasət aparılmış və önəmli addımlar atılmışdır. Təsadüfi deyil ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq ayrıca hüquq kimi Azərbaycan Respublikası Konstitusiyasında öz əksini tapmışdır. Konstitusiyanın "Azad sahibkarlıq hüququ" maddəsinə təklif olunan dəyişiklik dövlətin sahibkarlıq sahəsində tənzimləmə aparmasının hüquqi çərçivəsinin təkmilləşdirilməsi baxımından xüsusilə əhəmiyyətlidir. Belə ki, Referendum Aktında Azərbaycan Respublikası Konstitusiyasının 59-cu maddəsinə "Dövlət sahibkarlıq sahəsində yalnız dövlət maraqlarının, insan həyat və sağlamlığının müdafiəsi ilə bağlı tənzimlənməni həyata keçirir" adlı bəndin xüsusi

hissə kimi salınması təklif edilir. Bu müddəa ölkəmizin ali hüquqi sənədi olan Konstitusiya səviyyəsində sahibkarlığın dövlət tənzimləməsində yeni hüquqi mexanizm formalaşdırmaqla yanaşı, həm də sahibkarlıq fəaliyyətinə əsassız, qeyri-qanuni müdaxilələri qəti surətdə istisna edir.

Konstitusiyaya prezidentlik institutunun gücləndirilməsi ilə bağlı təklif olunan dəyişikliklər ölkədə siyasi sistemin sabitliyinin təmin edilməsinə, dövlət idarəetmə aparatında səmərəli idarəçilik və çevik qərar qəbul etmə mexanizminin formalaşdırılmasına xidmət edir. Prezidentlik müddətinin 7 il müəyyənləşdirilməsi təklifinə birtərəfli münasibət sərgiləyənlər, əslində, prezidentlik institutunun gücləndirilməsinin arxasında dayanan fundamental amilləri tamamilə yanlış şərh edirlər. İlk növbədə nəzərə alınmalıdır ki, prezidentlik müddətinin artırılması icra hakimiyyəti strukturuna münasibətdə təklif olunan dəyişikliklərdən yalnız biridir. Bu dəyişikliyin mahiyyətində sabit seçki mühiti formalaşdırmaq, davamlı siyasi sabitliyi daha da möhkəmləndirmək, mürəkkəb geopolitik proseslər kontekstində dövlət hakimiyyətində ardıcıl və səmərəli idarəetmə mexanizmini gücləndirmək məqsədləri dayanır.

Prezidentlik institutunun gücləndirilməsi ilə bağlı nəzərdə tutulan digər müddəa - prezident seçilmək üçün yaş tələbinin aradan qaldırılması təklifi seçki hüququnun təkmilləşdirilməsinə xidmət edir və seçki hüququna yeni müstəvidə baxışı ortaya qoyur. İrəli sürülən təklifdə yaş senzi təkcə icra hakimiyyətinə deyil, eyni zamanda hakimiyyətin digər qollarına münasibətdə də aradan qaldırılır. Bu baxımdan, yaş senzinin ləğvinə dair dəyişikliklər təklifi beynəlxalq hüquqi praktikada rast gəlinən fakt olmaqla, vətəndaşların seçilmək hüququnu genişləndirən müsbət və uğurlu dəyişiklik kimi qiymətləndirilməlidir.

Azərbaycan Respublikasının vitse-prezidentləri vəzifələrinin təsis edilməsinə dair Konstitusiyaya təklif edilən dəyişiklik icra hakimiyyətinin çevikliyinin təmin edilməsi, prezidentin fəaliyyətinə hərtərəfli dəstəyin göstərilməsi, zərurət yarandığı halda prezidentin səlahiyyətlərinin səmərəli şəkildə yerinə yetirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Təklif olunan həmin dəyişiklik Azərbaycanın siyasi tarixində ilk dəfədir ki, dövlət idarəetmə sistemində yeni institusional çərçivə formalaşdırır. Bununla, ölkə başçısı dövlət əhəmiyyəti kəsb edən sahələr üzrə obyektiv məlumatlar əldə edir, mövcud təhlükələrə qarşı önləyici tədbirlərin həyata keçirilməsinə, müvafiq qərarların vaxtında qəbul edilməsinə münbit şərait yaranır. Siyasi, ictimai, iqtisadi, humanitar sferalara dair geniş məlumat bazasına malik olan prezident hakimiyyət iyerarxiyasında bürokratik maneələrin qarşısı alınmış olur.