Xalq qəzeti.-2016.-16 sentyabr.-№202.-S.3.

 

Konstitusiya islahatı ölkənin daha dinamik və davamlı inkişafına xidmət edəcək

 

Elşad Mirbəşiroğlu, 

Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dosenti,

 siyasi elmlər üzrə fəlsəfə doktoru

 

Qabaqcıl dünya dövlətlərinin təcrübəsi sübut edir ki, konstitusiyada edilən dəyişikliklər, bir qayda olaraq, ölkənin sosial-iqtisadi, ictimai-siyasi reallıqlarından və gələcək davamlı inkişaf perspektivlərindən irəli gəlir. Cəmiyyətdə davamlı olaraq baş verən siyasi, iqtisadi, mədəni xarakterli yeniləşmə fonunda ölkənin qarşısında duran müxtəlif xarakterli vəzifələrin  yerinə yetirilməsi üçün,  təbii ki, dövlət orqanlarının səmərəli fəaliyyətini tənzimləyən hüquqi baza da təkmilləşdirilir.

 

1995-ci ildə ümummilli lider Heydər Əliyevin birbaşa rəhbərliyi altında hazırlanmış Azərbaycan Respublikası Konstitusiyasının qəbul olunması ilə ölkədə konstitusionalizmin əsası qoyulmuşdur. İstənilən müasir ölkədə olduğu kimi, Azərbaycan Respublikasında da Konstitusiya ali dəyərdir və onun prinsipləri ictimai münasibətləri müəyyənləşdirən mərkəzi element rolunda çıxış edir. Konstitusiyanın qəbulundan sonra ölkəmizdə ictimai-siyasi münasibətlərin real tənzimlənməsi imkanı meydana gəlmişdir.

Azərbaycan Respublikasının Konstitusiyası tariximizin ən yaxşı elementlərini  və müasir dövlətin ən səmərəli fəaliyyət mexanizmlərini əhatə etmişdir. Bu mükəmməl sənədin qəbulu ulu öndərin Azərbaycan xalqı, dövlətçiliyi qarşısında tarixi xidmətlərindən biri idi. Yeni konstitusiya Azərbaycan dövlətinin qarşısında duran siyasi, iqtisadi və sosial prioritetlərin ardıcıl gerçəkləşdirilməsini şərtləndirmişdir.

Azərbaycan Respublikasında dövlət idarəçiliyinin hüquqi əsaslarının təkmilləşdirilməsi problemi daim diqqət mərkəzində olmuşdur. Dövlət hakimiyyətinin fəaliyyətinin səmərəliliyinin davamlı olaraq yüksəldilməsi bunu sübut edir. Azərbaycan dövlətinin suverenliyinin və müstəqilliyinin əhəmiyyətli dərəcədə möhkəmlənməsi, vətəndaş cəmiyyətinin inkişaf etməsi, təminatlı ictimai sabitlik ölkəmizdə  həyata keçirilən konstitusiya-hüquq islahatları ilə birbaşa bağlı olmuşdur. Nəzərə almaq lazımdır ki, dövlətin hərtərəfli inkişafı, həm də xarici amillərdən asılıdır. Bu baxımdan dövlətin dinamik dəyişən xarici şəraitə uyğunlaşması üçün müvafiq hüquqi islahatların həyata keçirilməsi tələb olunur.

Konstitusiyanın cəmiyyətin müxtəlif sahələrində baş verən dəyişikliklərə adekvatlılığı sabit və davamlı inkişaf üçün mühüm əhəmiyyət kəsb edir. Bunun nəticəsidir ki, Konstitusiya islahatları cəmiyyətin inkişafına müvafiq olaraq vacib  xarakter alır. Bu, ictimai münasibətləri səmərəli tənzimləməyə imkan verir və demokratik və hüquqi dövlətin etibarlı hüquqi mexanizmlərinin formalaşmasını təmin edir.

Azərbaycan Respublikasında 2002-ci və 2009-cu illərdə ümumxalq səsverməsi – referendum yolu ilə Konstitusiyaya edilmiş əlavə və dəyişikliklər ölkəmizin siyasi və sosial-iqtisadi həyatında keyfiyyətcə yeni bir səhifənin açılmasını şərtləndirmişdir. Bu Konstitusiya islahatlarından sonra ölkəmizdə çoxsaylı yeni demokratik institutlar meydana gəlmiş və dinamik inkişaf etmişdir. İnsan hüquq və azadlıqlarının qorunması sahəsində daha işlək və səmərəli mexanizmlərin tətbiqi üçün imkanlar əhəmiyyətli dərəcədə genişlənmişdir.

Azərbaycan Respublikasında Konstitusiya islahatları dövlətin mütərəqqi inkişafına müvafiq şəkildə aparılır, ölkənin siyasi və sosial-iqtisadi prioritetlərinə cavab verir. Mövcud vəziyyət, həm də sübut edir ki, həyata keçirilmiş Konstitusiya islahatları Azərbaycanın dünya ictimaiyyətinə daha səmərəli inteqrasiyasına meydan açır, dövlət idarəçiliyinin daha səmərəli olmasını təmin edəcək qanunvericilik bazasının təkmilləşdirilməsi üçün real zəmin və imkanlar yaradır. Ölkəmizdə Konstitusiya islahatları həyata keçirilən zaman mütərəqqi beynəlxalq təcrübədən istifadə olunur.

Prezident İlham Əliyev ilin əvvəlində 2016-cı ildə dərin islahatların həyata keçiriləcəyinin anonsunu vermişdir. Təbii ki, ölkə Prezidenti xalqın sosial-iqtisadi rifahının daha da yüksəldilməsini, insan hüquq və azadlıqlarının daha etibarlı qorunmasını, ümumiyyətlə, ölkənin hərtərəfli dinamik inkişafını təmin edəcək islahatların həyata keçirilməsini nəzərdə tutur.  Ölkədəki dayanıqlı inkişafı saxlamaq, cəmiyyətdə gedən müxtəlif xarakterli dəyişikliklərə uyğunlaşacaq dövlət idarəetmə modelinin mövcudluğunu təmin etmək üçün konstitusiya islahatlarını həyata keçirmək olduqca vacibdir.

Bütün bu reallıqlar aydın göstərir ki, Prezident İlham Əliyevin bu il iyulun 18-də imzaladığı sərancamla Azərbaycan Konstitusiyasına dəyişiklik təşəbbüsü ilə çıxış etməsi ölkənin daha dinamik inkişafı, sosial-iqtisadi rifahın təminatlı yüksəlişi, insan hüquqlarına hörmət prinsipinin möhkəmlənməsi istiqamətində atılmış növbəti addımdır. Ölkə başçısının təşəbbüslərinin təhlili göstərir ki, onlar dövlət idarəçiliyinin çevikliyini əhəmiyyətli dərəcədə artıracaq və ölkə qarşısında duran siyasi, iqtisadi və sosial prioritetlərə daha səmərəli çatılmasını təmin edəcək.

Dünya təcrübəsi aydın sübut edir ki, vitse-prezidentlik institutu dövlət idarəçiliyinin səmərəliliyinə və çevikliyinə xidmət edən əsas amillərdən biridir. Azərbaycan Respublikasının Prezidentinin səlahiyyət müddətinin yeddi ilədək artırılması təcrübəsi hazırda dünya miqyasında geniş tətbiq edilməkdədir. Ölkəmizin hazırkı dinamik inkişafı mərhələsində qarşıda duran böyük ideyaların reallaşdırılması üçün prezidentin səlahiyyət müddətinin artırılması zamanın tələbi kimi nəzərdən keçirilməlidir. Azərbaycan Respublikasında Prezidentin səlahiyyət müddətinin 5 ildən 7 ilədək uzadılması digər pozitiv tərəfləri ilə yanaşı, milli iqtisadiyyatın daha yüksək templə inkişafını təmin edəcək uzunmüddətli dərin islahatların həyata keçirilməsi baxımından da olduqca əhəmiyyətlidir.

Dünyanın qabaqcıl təcrübəsi sübut edir ki, vitse-prezidentlik institutu daha çevik dövlət idarəçiliyi sisteminin yaradılması, dərin sosial-iqtisadi islahatların həyata keçirilməsi baxımından olduqca səmərəli və zəruridir. Son illər ölkəmizdə həyata keçirilən genişmiqyaslı iqtisadi islahatlar vitse-prezidentlik institutunun yaradılmasını zamanın tələbi kimi qoymuşdur.  Vitse-prezidentlik institutunun yaradılması bu istiqamətdə yeni bir səhifənin açılmasına imkan verəcəkdir. Ölkədə dərin sosial-iqtisadi islahatların həyata keçirilməsi ilə bağlı Prezidentin müvafiq qərarlarının dəqiqliklə yerinə yetirilməsi, qoyulan vəzifələrə və tapşırıqlara daha peşəkar yanaşmanın təmin edilməsi baxımından vitse-prezidentlik institutunun kifayət qədər təsirli rolu olacaqdır.

Vitse-prezidentlik institutunun təsis edilməsində başlıca məqsəd ölkədə daha təkmil, dinamik idarəetmənin təmin edilməsindən ibarətdir. Bu institutun təsis edilməsindən sonra Azərbaycan Respublikası dünya iqtisadiyyatında öz ciddi yerini və rolunu daha qətiyyətlə qorumaq imkanları əldə edəcək, icra hakimiyyəti sisteminin funksionallığı nəzərəçarpacaq dərəcədə artacaq.

Dünyanın əksər inkişaf etmiş ölkələrində prezidentin parlamenti buraxmaq səlahiyyəti dəqiq təsbit olunmuşdur. Yaxud, Azərbaycan Respublikasının Prezidentinin silahlı birləşmələrin də Ali Baş Komandanı olması NATO standartlarına tam cavab verir. Bütün bunlar aydın şəkildə sübut edir ki, Azərbaycan Respublikasının Konstitusiyasına ediləcək dəyişikliklər kifayət qədər mütərəqqidir və ölkənin daha dinamik və davamlı inkişafına xidmət edəcək.

Təklif olunan dəyişikliklər əksəriyyəti insan hüquq və azadlıqları ilə bağlıdır. Diqqəti cəlb edən əsas məqamlardan biri də ondan ibarətdir ki, təklif olunan dəyişikliklər dövlət orqanlarının vətəndaşlarla münasibətdə daha həssas olmalarını təmin edəcək. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 68-ci maddəsinə aşağıdakı hissələrin əlavə edilməsi nəzərdə tutulur:

– Hər kəsin dövlət orqanlarının ona münasibətdə özbaşınalığı istisna edən vicdanlı davranışına hüququ vardır;

– dövlət, dövlət qulluqçuları ilə birlikdə dövlət qulluqçularının qanuna zidd hərəkətləri və hərəkətsizliyi nəticəsində insan hüquq və azadlıqlarına dəymiş ziyana görə və onların təminatının pozulmasına görə mülki məsuliyyət daşıyır.

Yuxarıda qeyd etdiyimiz müddəanın bələdiyyələrə də şamil olunmasını təmin edəcək müvafiq maddənin əlavə edilməsi nəzərdə tutulmuşdur. Həqiqətən, dəyişikliklərin əsas bloku insan hüquq və azadlıqlarının daha etibarlı təmin edilməsinə hesablanmışdır.

Ümumiyyətlə, Azərbaycan Konstitusiyasına bundan əvvəl də edilmiş dəyişikliklər dövlətçiliyimizin möhkəmləndirilməsi, əldə olunmuş sosial-iqtisadi uğurların arealının əhəmiyyətli dərəcədə genişləndirilməsi, insan hüquq və azadlıqlarının müdafiəsi sisteminin təkmilləşdirilməsi istiqamətində təsirli addımların atılmasını sürətləndirmişdir.

Yeni islahatlar, hər şeydən öncə, Azərbaycan Respublikasında icra hakimiyyəti strukturunda zamanın və ölkənin dinamik inkişafının tələblərinə cavab verəcək institusional dəyişiklikləri təmin edəcək. Göründüyü kimi, ölkənin hərtərəfli davamlı inkişafı istiqamətində daha səmərəli addımların atılması və daha ciddi keyfiyyət nəticələrinin əldə edilməsi üçün müvafiq konstitusiya islahatlarının aparılması bir zərurətdir və zamanın tələbindən irəli gəlir.