Xalq qəzeti.-2016.-8 sentyabr.-197.-S.6.

 

Müstəqil dövlətçiliyin geniş imkanlarına doğru

 

Yeni Referendum Aktı dövlət müstəqilliyinin daha da möhkəmlənməsinə xidmət edir

 

İsa HƏBİBBƏYLİ

Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Milli Məclisin Elm və təhsil komitəsinin sədri, akademik

 

Azərbaycanda müstəqil dövlətçiliyin sürətlə və hərtərəfli şəkildə inkişaf etməsi və ölkəmizin beynəlxalq əlaqələrinin genişlənməsi, eyni zamanda dünya birliyində gedən müasir proseslər dövlət idarəetməsində və cəmiyyət həyatında daim yeni islahatları meydana çıxarır. Azərbaycan Respublikası müstəqillik dövründə cəmiyyətin inkişafından doğan, zamanın sifarişi kimi meydana çıxan çağırışların işığında məqsədyönlü şəkildə keçirilən ardıcıl və genişmiqyaslı islahatların sayəsində irəli gedərək bugünkü yüksək inkişaf mərhələsinə gəlib çatmışdır. Daha doğrusu, inkişafın hər yeni mərhələsi növbəti islahatlara tələbatları doğurmuş və həmin islahatların həyata keçirilməsi də, öz növbəsində, böyük inkişafa təkan vermişdir.

Hazırda ölkəmizdə bundan sonrakı dövrün daha dinamik yüksəlişini təmin etmək, dövlət müstəqilliyini möhkəmləndirmək, siyasi sistemi təkmilləşdirmək üçün zaman növbəti islahatların sifarişini irəli sürür. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan Respublikasının Konstitusiyasında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Referendum Aktının layihəsini geniş miqyasda cəmiyyətin müzakirəsinə təqdim etməsi respublikamızda bundan sonrakı tarixi epoxada daha möhkəm dövlətçiliyə və cəmiyyət həyatında yeni inkişafa malik olmaq zərurətindən irəli gəlmişdir. Ölkəmizin rəhbəri tərəfindən irəli sürülmüş düşünülmüş dəyişikliklər Azərbaycanda müstəqil dövlətçiliyin 25 ili ərzində əldə olunmuş nailiyyətlərin inkişaf etdirilərək daha da möhkəmləndirilməsinə, bütün sahələr üzrə mühüm nailiyyətlərin və yeniləşmələrin əldə edilməsinə meydan açır.

Əslində, təklif edilən dəyişikliklər respublikamızda dövlət müstəqilliyinin 25 il ərzində keçilmiş inkişaf yolunun dərslərindən çıxarılan mühüm nəticələrdir. Müstəqil Azərbaycan dövlətinin daha da inkişaf etdirilərək möhkəmləndirilməsində ölkəmizin hər bir vətəndaşı maraqlı olduğu üçün Konstitusiyaya təklif edilən dəyişikliklər bütövlükdə xalqımızın mili maraqlarını və dövlətçilik ideallarını ifadə edir. Bütün bunlara görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin irəli sürdüyü Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında Referendum Aktının layihəsinə dair Konstitusiya Məhkəməsinin Plenumunun qərarında deyildiyi kimi, təklif olunan dəyişikliklər ölkəmizin ümumxalq səsverməsi ilə qəbul olunmuş Baş Qanunnaməsinin - Konstitusiyamızın tələblərinə və prinsiplərinə tamamilə uyğundur. Bu, eyni zamanda, tarixə xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə daxil olmuş Azərbaycan Respublikasının Konstitusiyasının cəmiyyətdə baş verən proseslərə açıq olduğunu və mövcud reallıqlardan doğan dəyişikliklərlə zənginləşdiyini bir daha nümayiş etdirir.

Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında Referendum Aktının layihəsində insan hüquqları və azadlıqlarının təmin edilməsi istiqamətində irəli sürülən təkliflər ilk növbədə ölkəmizdə demokratik dəyərlərin, vətəndaş cəmiyyətinin daha da təkmilləşdirilməsinə şərait yaradacaqdır. Bu istiqamətdə indiyədək də Azərbaycan cəmiyyətində daim islahatlar həyata keçirilmiş, ciddi bir inkişaf səviyyəsinə nail olunmuşdur. Azərbaycan cəmiyyətinin yeni inkişaf mərhələsinin tələbatı kimi meydana çıxan dəyişikliklərin əsasən insan hüquqlarının, vətəndaşların şərəf və ləyaqətlərinin müdafiəsinə aid olması geniş mənada müstəqil Azərbaycan dövlətinin mənbəyi olan xalqın mənafelərinin möhkəmləndirilməsinə şərait yaradır.

Dövlətçilikdə xüsusi çəkiyə malik olan, ölkənin müdafiəsini və təhlükəsizliyini təmin edən Silahlı Qüvvələrin idarə olunmasına dair Referendum Aktında təklif edilən dəyişikliklər bu ciddi və məsuliyyətli sahədə vahid komandanlıq sisteminin formalaşdırılması üçün zəruridir. Azərbaycan Ordusunun və ölkəmizdə mövcud olan başqa silahlı birləşmələrin hamısının vahid qaydada Ali Baş Komandana tabe olması, eyni mərkəzdən idarə olunması, hər şeydən əvvəl, dövlət idarəçiliyinin bir daha möhkəmləndirilməsi deməkdir. Bu, eyni zamanda ordu quruculuğu sahəsində növbəti islahatdır. Referendum Aktının tələbinə uyğun olaraq təklif olunan dəyişiklik əsasında başqa silahlı birləşmələr, yəni Azərbaycan Respublikasının Milli Ordusu ilə yanaşı, ayrı-ayrı nazirliklərin tabeliklərində olan sahələr üzrə ordu birləşmələri də tabeçilik və idarəetmənin möhkəmləndirilməsi üzrə öz fəaliyyətlərini daha da təkmilləşdirəcəkdir. İllərdən bəri davam edən müharibə şəraitində olan Azərbaycan Respublikası üçün ordu quruculuğunda belə bir islahat son dərəcə əhəmiyyətli işdir. Bundan başqa, son vaxtların dünya hadisələrinin təcrübəsi də müxtəlif nazirliklərin tabeliyində fəaliyyət göstərən ordu birləşmələrinin dövlət başçısının - Ali Baş Komandanın əmr və göstərişlərinə tabe edilməsinin zəruri olmasının əhəmiyyətini bir daha təsdiq edir.

Azərbaycan Respublikası Baş nazirinin və Milli Məclisin fəaliyyətinin təkmilləşdirilməsinə dair Referendum Aktı layihəsində əksini tapmış dəyişikliklər öz məntiqi etibarilə Konstitusiyada edilməsi nəzərdə tutulan yeniləşmələrlə tamamilə uyğundur. Zəruri hallarda Milli Məclisə növbədənkənar seçkilərin keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikası Konstitusiyasına daxil edilməsi nəzərdə tutulan dəyişikliklər ölkəmizdə cəmiyyət həyatında baş verən proseslərdə hüquqi dövlət quruculuğunun təmin edilməsinə şərait yaradan müddəalardır. Nazirlər Kabinetində və Milli Məclisin təşkilindəki yeniliklər geniş mənada dövlət idarəçiliyinin də yeniləşdirilməsi tələbini meydana çıxarır. Bunlar dünyanın bir çox inkişaf etmiş ölkələrində, o cümlədən, Azərbaycan Respublikasında ölkədə möhkəm sabitliyi və hərtərəfli böyük inkişafı təmin etmək mənasında özünü tam isbat etmiş Prezident üsuli-idarəsinin daha da möhkəmləndirilməsinə, hakimiyyətin ayrı-ayrı qollarının işinə dövlət rəhbərliyinin gücləndirilməsinə zərurət yaradır. Bu, prezidentlik institutunun hakimiyyətin müxtəlif qollarının dövlət və xalq qarşısında məsuliyyətinin daha da artırılmasına təsiri və nəzarətini genişləndirməyə imkan yaradacaqdır. Nəticədə müstəqil dövlətçilik geniş işlək mexanizmi və möhkəm nəzarət imkanları olan bir sistemə çevriləcəkdir. Bu, yeni, genişləndirilmiş dövlət idarəçilik sistemi təbii olaraq həmin böyük spektrdə idarəetməni məqsədyönlü şəkildə təmin etmək üçün Prezident üsuli-idarəsində də yeni strukturların yaradılması zərurətini meydana qoyur. Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının Referendum Aktında Konstitusiyanın 103, 105, 106, 108, 110-cu maddələrində ölkəmizin müstəqillik tarixində ilk dəfə olaraq öz əksini tapmış vitse-prezidentlik institutuna dair müddəalar tamamilə yenidir və nəticə etibarilə Prezident idarəetməsi institutunun daha da inkişaf etdirilməsinə xidmət edir. Prezident hakimiyyətinə əsaslanan idarəetmə sistemində Referendum Aktının müddəalarına əsasən birinci vitse-prezident və vitse-prezidentlər vəzifələrinin müəyyənləşdirilməsi qəbul olunmuş idarəçilik sisteminin normal fəaliyyətinin təmin edilməsinə öz töhfəsini verəcəkdir. Fikrimizcə, vitse-prezidentlik institutunun yaradılması Azərbaycanda həm də artıq inkişaf etmiş müstəqil bir dövlətin formalaşdığını göstərən əhəmiyyətli bir faktdır. Məhz inkişaf etmiş müstəqil Azərbaycan dövlətinin və yeniləşmiş Azərbaycan cəmiyyətinin bütün istiqamətlər üzrə daha da irəli getməsi üçün ölkə Prezidentinin tabeliyində vitse-prezidentlərin fəaliyyət göstərməsi dövlət rəhbərinin həyata keçirdiyi genişmiqyaslı islahatların, dövlət başçısının rəhbərliyi ilə icra olunan möhtəşəm proqramların yerinə yetirilməsinə icra məsuliyyətini artırar, beynəlxalq əməkdaşlıq sahəsindəki çoxcəhətli fəaliyyətə təkan verə bilər. Bu mənada vitse-prezidentlik institutunun yaradılmasına dair Referendum Aktının təklif olunan müddəalarının qəbul edilməsi ölkəmizdə konstitusiya islahatları səviyyəsində də ciddi bir addımdır. Dövlət idarəetmə sistemində ilk dəfə olaraq vitse-prezidentlik strukturunun formalaşdırılması Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adı ilə bağlı olan tarixi xidmətdir. Nəinki müstəqillik dövründə, hətta Azərbaycan dövlətçiliyinin bütün tarixi ərzində vitse-prezident formatında yeni səlahiyyətlər ilk dəfədir ki, tətbiq olunur. Vitse-prezidentlik Azərbaycan Respublikasının Prezidentinin hakim komandasının yeni strukturu kimi dövlət idarəçiliyinin daha da təkmilləşdirilməsinə öz töhfələrini verəcəkdir.

Referendum Aktının layihəsində seçilmək hüququ ilə əlaqədar müəyyən edilən 18 yaş həddi ölkəmizdə uğurla həyata keçirilməkdə olan gənclər hərəkatının idealları ilə tam səsləşir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müstəqil dövlətimizin daha da inkişaf etdirilməsi istiqamətində gəncliyə açdığı geniş meydan ölkəmizin yeni nəslinin istedadlı, bacarıqlı, hərtərəfli hazırlığa malik nümayəndələrinin cəmiyyətin bütün sahələrində fəal iştirakına şərait yaratmışdır. Artıq respublikamızda gənclər müasir cəmiyyətin böyük qurucularına çevrilmişlər. Ona görə də seçilmək hüququ üzrə mövcud məhdudiyyətlərin aradan qaldırılması müstəqil Azərbaycan dövlətinin yeni nəslinin cəmiyyətin inkişafında daha yaxından və məsuliyyətlə iştirak etmələrinə yol açacaqdır. Bu həm də müasir gənc nəsli ölkə miqyaslı böyük sınaqlara səfərbər etmək üçün də əhəmiyyətli addımdır. Hesab edirəm ki, dünyada özünün yüksək intellektual potensialı və dərin mənəvi dəyərləri ilə fərqlənən Azərbaycan xalqının yeni nəsilləri üçün müəyyən edilən 18 yaş həddində seçilmək hüququ xalqımızın, xüsusən yeni nəslin istedadını və qabiliyyətlərini üzə çıxarmaq baxımından da əhəmiyyətli olacaqdır.

Referendum Aktının layihəsində Azərbaycan Respublikasının Prezidentinin fəaliyyət dövrünün 5 il əvəzinə 7 il müddətində nəzərdə tutulması da, fikrimcə, respublikamızda müasir inkişafın real məntiqindən doğan təbii haldır. Artıq Azərbaycanda bütün sahələr üzrə daxili iqtisadi inkişafın ilkin mühüm problemləri əsaslı şəkildə həll edilmiş, normal bir həyat səviyyəsi formalaşdırılmışdır. Bundan sonra qarşıda duran əsas vəzifələrdən biri, bəlkə birincisi gələcək yeni inkişaf naminə ölkə və beynəlxalq masştablı daha böyük miqyasda davamlı proqramları həyata keçirməkdən, dövlətlərarası möhtəşəm layihələrin icrasına nail olmaqdan ibarətdir. Artıq ölkəmizdə ötən illər ərzində həmin istiqamətdə də uğurlu təcrübələr əldə olunmuş, bir çox nəhəng transmilli layihələrin həyata keçirilməsi başa çatdırılmışdır. O da hər kəsə yaxşı məlumdur ki, Azərbaycan hazırda Şimal-Cənub, Şahdəniz-2, TANAP, Bakı-Tbilisi-Qars kimi yeni tarixi epoxanın ölkələrarası irimiqyaslı layihələrinə rəhbərlik edir. Ölkəmiz bir çox beynəlxalq səviyyəli böyük proqramların əsas icraçıları sırasında da mühüm yer tutur.

Regionda sülhün və siyasi sabitliyin, iqtisadi inkişafın möhkəmlənməsinə böyük töhfələr vermiş bu layihələr Azərbaycan Respublikasını da inkişafın hazırkı yüksək mərhələsinə çatdırmaqda mühüm rol oynamışdır. Regionların inkişafı üzrə dövlət proqramları Azərbaycanın ölkədaxili sürətli və hərtərəfli inkişafında tarixi hadisəyə çevrilmişdir. Belə böyük proqramların həyata keçirilməsi baxımından vaxt, zaman amili də çox mühüm faktordur. Bütün bu proseslər hazırda yeni mərhələyə qədəm qoyur. İlk növbədə ölkəmiz üçün, həm də region, ümumiyyətlə dünya üçün əhəmiyyətli olan bu möhtəşəm proqramların həyata keçirilməsi baxımından təklif edilən 7 illik Prezidentlik müddəti daha geniş perspektivlər vəd edir. Davamlı proseslər ərzində görüləcək işlər, reallaşdırılacaq böyük layihələr Azərbaycanın daha irəli getməsinə, problemlərinin müsbət və uğurlu həllinə imkan yaradacaqdır. Bu mənada ölkəmizin və xalqımızın, o cümlədən regionun inkişafı üçün 7 illik dövlət rəhbərliyinin təmin edilməsi daha məqsədəuyğundur. Bu, daha böyük inkişafın daha möhkəm təminatıdır.

İkincisi, Azərbaycan xalqı ölkəmizin Prezidenti İlham Əliyevin respublikamızda sülhün və sabitliyin, hərtərəfli dinamik inkişafın, xoşbəxt gələcəyin böyük qarantı olduğuna ürəkdən, dərindən, möhkəm inam bəsləyir. Geniş ümumxalq etimadı qazanmış Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin beynəlxalq aləmdə qazandığı böyük nüfuzla da xalqımız haqlı olaraq fəxr edir. Hazırda dünya miqyasında müstəqil Azərbaycan dövlətinin qazandığı mühüm nailiyyətlər və yüksək etimad üçün xalqımız Prezident İlham Əliyevə borclu və minnətdardır. Azərbaycan xalqı müstəqil Azərbaycan dövlətinin həmin böyük beynəlxalq nüfuzun qorunub saxlanılmasında, daha da inkişaf etdirilərək genişləndirilməsində və möhkəmləndirilməsində maraqlıdır. Xalqımız belə hesab edir ki, həm ölkə miqyasında, həm də beynəlxalq masştabda əldə olunmuş mühüm siyasi-iqtisadi, mədəni-mənəvi inkişafın uğurla yeni zirvələrə doğru addımlamasında da Azərbaycan Respublikasının Prezidenti böyük təcrübəyə və möhkəm siyasi iradəyə sahibdir. Ona görə də xalqımız nəinki Prezident seçkilərinin 7 ildə bir dəfə keçirilməsinə tərəfdardır, bununla birlikdə məhz ölkəmizi böyük sınaqlardan uğurla çıxarmış, müstəqil dövlətimizi bütün yönləri ilə inkişaf etdirməyi bacaran, ümumxalq məhəbbəti qazanmış, beynəlxalq aləmdə güclü nüfuza malik olan görkəmli dövlət xadimi İlham Əliyevi hər bir vətəndaşımız bundan sonrakı dövrlərdə də özünün rəhbəri və lideri kimi görür.

Bütövlükdə Azərbaycan Respublikasının Konstitusiyasına dəyişikliklər edilməsi haqqında Referendum Aktı müstəqil Azərbaycanda dövlət idarəçilik mexanizminin, siyasi sistemin daha da genişləndirilməsi və möhkəmləndirilməsi yolu ilə müstəqilliyimizin inkişafına və ümumiyyətlə yeni inkişafa təminat verir. Bütün bunlara görə yeni tarixi epoxada Konstitusiyamıza dəyişiklik edilməsi nəzərdə tutulmuş müddəaların, ümumiyyətlə yeni Referendum Aktının irəli sürdüyü islahatların mahiyyətini xalqımıza çatdırmaq, bu müddəaları Azərbaycan cəmiyyətinin dinamik inkişaf templəri və gələcək perspektivləri ilə birlikdə təbliğ etmək hər bir ziyalının ən mühüm və şərəfli vəzifəsi və borcudur.