Azərbaycan.-2016.-27 avqust.-187.-S.1,4.

 

Müstəqil dövlət olmaq müstəqil siyasət yürütmək deməkdir

 

Bu mənada Azərbaycan dünya siyasi arenasında layiqli yerini tutub

 

Elnur HACALIYEV

 

Ulu öndər Heydər Əliyev güclü dövlət yaratmaqla yanaşı, onu özündən sonra inamla idarə edəcək, çoxşaxəli mütərəqqi islahatların varisliyini uğurla təmin edəcək peşəkar lider, layiqli davamçı yetişdirmişdir. Xalqın sosial sifarişi əsasında Azərbaycanda Heydər Əliyev siyasi kursunu davam etdirmək kimi çətin və məsuliyyətli bir missiyanı üzərinə götürmüş cənab İlham Əliyev ötən 13 ildə öz siyasətini bu ənənələr çərçivəsində qurur.

Prezident İlham Əliyev dövlətçilik konsepsiyasını məhz ulu öndər Heydər Əliyevin müəllifi olduğu strateji kursu üzərində formalaşdırır və onu yeni dövrün tələblərinə uyğun zənginləşdirməyə çalışır. Milləti Heydər Əliyev ideyaları ətrafında toparlayır, özünü azərbaycanlı sayan, bu mənsubiyyətdən qürur duyan hər kəsi ulu öndərin ideyalarının həyata keçirilməsi istiqamətində səfərbər edir. Bu gün hər bir azərbaycanlı dərk edir ki, həmin ideyalar yaşayır və qüdrətli Azərbaycanın qurulması üçün Prezident İlham Əliyevin liderliyi altında mühüm vəzifələr həyata keçirilir.

Müstəqil Azərbaycan Heydər Əliyevin dövlətçilik və siyasi idarəçilik konsepsiyasına istinad edərək yeni uğurlara doğru inamla irəliləyir. Prezident İlham Əliyev mütərəqqi inkişaf strategiyasını davam etdirməklə yanaşı, onu yeni dövrün tələblərinə uyğun zənginləşdirmiş, sosial-iqtisadi islahatlarla demokratikləşmə proseslərinin paralel şəkildə aparılmasına, birinin digərini tamamlamasına çalışmışdır. Dövlət müstəqilliyinin ilk illərində yaşadığımız böyük problemlər indi yaddaşımızın acı xatirəsinə çevrilib. İqtisadi sahədə keçid dövrünün ağır sosial-iqtisadi, mənəvi-psixoloji çətinliklərini mətinliklə geridə qoyan respublikamız bütün sahələrdə inkişaf edir, abadlaşır, müasirləşir. Ölkədə həyata keçirilən sosial infrastruktur layihələri də Azərbaycan insanının firavan həyat tərzinin təmini məqsədinə xidmət edir.

Ötən müddətdə müstəqil Azərbaycan aparıcı beynəlxalq təşkilatlar çərçivəsində özünün maraq və mənafeyini maksimum dərəcədə təmin etmişdir. Respublikamızın 24 oktyabr 2011-ci il tarixdə BMT Təhlükəsizlik Şurasına iki illiyə (2012-2013) qeyri-daimi üzv seçilməsi də bütövlükdə müasir tariximizin ən əlamətdar, qürur doğuran hadisələrindən biri kimi yadda qalmışdır. Bu tarixi hadisə, ilk növbədə, rəsmi Bakının son dərəcə sabit və uğurlu, eyni zamanda müstəqil xarici siyasət yürütdüyünü bir daha təsdiqləmişdir. Erməni lobbisinin, təcavüzkar Ermənistanın Azərbaycana qarşı apardığı məkrli informasiya siyasəti şəraitində 193 BMT üzvündən 155-nin birbaşa dəstəyinə nail olmaq respublikamızın xarici siyasətinin ümumi mahiyyəti barədə tamamilə dolğun təəssürat yaratdı.

Azərbaycan BMT TŞ-yə üzvlüyü və sədrliyi dövründə üzərinə düşən vəzifələri layiqincə yerinə yetirdi, iki il ərzində dünyada sülh və təhlükəsizliyin təmin olunması istiqamətində səylərini davam etdirdi. Ölkəmiz beynəlxalq hüquq normalarının və ədalətin müdafiəsinə çalışdı, TŞ-yə sədrliyi zamanı sülh və beynəlxalq təhlükəsizliyə dair qlobal, yaxud regional əhəmiyyətli məsələlərin gündəliyini müəyyənləşdirdi. Təbii ki, Azərbaycanın bütün məsələlərlə bağlı özünün mövqeyi var idi. Digər tərəfdən, Azərbaycanın BMT TŞ-də fəaliyyəti ərzində diplomatiyamızın səyləri dövlətimizin milli maraqlarının qlobal səviyyədə genişləndirilməsinə yönəldi. Terrordan və işğaldan əziyyət çəkmiş ölkə kimi Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyə yaradılan təhdidləri, o cümlədən Ermənistanın təcavüzkar siyasətini daim gündəmdə saxladı.

Prezident İlham Əliyev çevik diplomatiya yeritməklə dünyanın demokratik dövlətlərinin və aparıcı təşkilatlarının Azərbaycana, habelə onun zorla cəlb edildiyi silahlı münaqişəyə münasibətinin əsaslı surətdə dəyişməsinə nail ola bilib. Rəsmi Bakının yürütdüyü prinsipial siyasətin nəticəsi olaraq, regionda sülh, sabitlik və iqtisadi əməkdaşlığa ciddi təhlükə olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı beynəlxalq səviyyəli müzakirələr intensivləşib.

Azərbaycan Ordusunun cari il aprelin əvvəllərində düşmən təxribatının qarşısını alaraq əks hücumla 2 min hektar ərazini işğaldan azad etməsi beynəlxalq birlik tərəfindən qəbul olundu. Ən qısa zamanda düşmən təxribatının qarşısının qətiyyətlə alınması və müzəffər Azərbaycan Ordusunun sürətlə irəliləməsi Ermənistan başda olmaqla onun himayədarlarını da təşvişə saldı. Azərbaycan Ordusunun aprel zəfəri həm Ermənistanı danışıqlar masası ətrafına oturmağa məcbur etdi, həm də ATƏT-in Minsk qrupunu Ermənistanı konstruktiv danışıqlar məcrasına qayıtması üçün rəsmi Yerevana təzyiq göstərməyə vadar etdi.

Aprel döyüşləri dövlətimizin və Ordumuzun gücünü, xalqımızın birliyini, həmrəyliyini və vətənpərvərliyini nümayiş etdirmişdir! - deyən Prezident İlham Əliyev Azərbaycan xalqının milli maraqlar naminə daim vahid mövqedən çıxış etdiyini bir daha bəyan etdi. Azərbaycan Silahlı Qüvvələrinin - hərbçilərimizin döyüş və qələbə ruhu insanlarda böyük qürur və sevinc hissləri doğurdu. Bir daha təsdiqləndi ki, ötən illər hədər getməyib - 1994-cü ilin may ayında atəşkəs barədə sazişin imzalanmasından sonra Azərbaycanda ordu quruculuğu və ölkənin müdafiə qabiliyyətinin artırılması istiqamətində işlər göz qabağındadır. Bu gün Azərbaycan Silahlı Qüvvələri yüksək döyüş hazırlığına malik peşəkar, hərbi-texniki vərdişlərə dərindən yiyələnmiş mükəmməl, vətənpərvər kadrlardan ibarətdir. Onu da xüsusi qeyd etmək lazımdır ki, son 13 ildə respublikanın hərbi büdcəsi on dəfədən çox artaraq bütövlükdə işğalçı Ermənistanın dövlət büdcəsinə çatıb. Ən müasir texnika və hərbi avadanlıqlarla təchiz olunan, döyüş ruhu yüksələn Azərbaycan Ordusu qısa zamanda torpaqlarımızı işğaldan azad etməyə qadir olduğunu sübuta yetirdi. Aprelin əvvəllərində Azərbaycan tərəfi hərbi əməliyyatlar zamanı üstünlüyü və təşəbbüsü ələ alaraq haqlı mövqeyini qətiyyətlə ortaya qoydu. Ermənistan, eləcə də ATƏT-in Minsk qrupunun üzvü olan dövlətlər başa düşdülər ki, mövcud status-kvonun zamanı artıq bitib, vaxt uzatmaqla Azərbaycan dövlətini işğal faktı ilə barışmağa məcbur etmək mümkün deyil, bundan sonra da münaqişə dondurulmuş vəziyyətdə saxlana bilməz. Azərbaycan dövləti, xalqı konstruktiv danışıqlar ruhuna sadiq olmaqla yanaşı, münaqişənin istənilən vaxt beynəlxalq hüquq çərçivəsində güc yolu ilə həllinə qadirdir.

Bu gün dünyanın əksər regionlarında sosial, iqtisadi və siyasi problemlər qabarıq şəkildə özünü büruzə verir. Avropa yaxın tarixinin ən böyük humanitar fəlakəti olan miqrant böhranınını həll etməkdə aciz qalıb. Şimali Afrika, Yaxın və Orta Şərqdən olan köçkünlərin böyük bir kütləsi müharibələrdən, aclıqdan, səfalətdən xilas üçün Avropaya üz tutsalar da, onların problemləri hələ də həll edilməmiş qalıb. İstər Avropada, istərsə də Asiyada iqtisadi tənəzzül müşahidə olunur. Lakin iqtisadi böhrana, siyasi və sosial gərginliklərə baxmayaraq, Azərbaycanda dayanıqlı inkişaf təmin edilib. Qlobal iqtisadi böhranın hələ də davam etdiyi bir şəraitdə Azərbaycanda makroiqtisadi sabitlik mövcuddur. 2016-cı ilin birinci yarısının iqtisadi göstəriciləri bunu bir daha təsdiqləyir. Ötən müddətdə qeyri-neft sənayesi 2,4 faiz, kənd təsərrüfatı isə 3,1 faiz artıb. Maliyyə resurslarının səmərəli realizəsi hökumətin qarşısında duran vəzifələri həyata keçirməyə, iqtisadiyyatın inkişafı üçün zəruri maliyyə əsaslarının formalaşdırılmasına da əlverişli imkanlar yaratmışdır.

Bu gün Prezident İlham Əliyevin həyata keçirdiyi çoxşaxəli islahatlar Azərbaycan dövlətinin siyasi xarakterini və inkişaf yolunu müəyyən edir. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars kimi nəhəng layihələrin gerçəkləşməsi, respublikamızın ümumilikdə Avropa regionunun gələcək enerji təhlükəsizliyinin əsas təminatçılarından birinə çevrilməsi xalqımızın dünya arenasında layiqli yerini təmin edir. Xəzərin zəngin karbohidrogen ehtiyatlarının daha böyük həcmdə dünya bazarlarına çıxarılması ölkəmizin iqtisadi potensialını gücləndirməklə qarşıda yeni perspektivlərə yol açır. 1999-cu ildə kəşf olunan Şahdəniz yatağının işlənilməsinin birinci mərhələsi çərçivəsində 2006-cı ildən Gürcüstan və Türkiyəyə qaz ixrac edilir. Şahdəniz yatağının işlənilməsinin ikinci mərhələsi və Cənub qaz dəhlizi layihələri isə dünyanın neft-qaz sənayesində indiyə qədər həyata keçirilmiş ən böyük və mürəkkəb təşəbbüslərdən hesab olunur.

Cənub qaz dəhlizinin birinci hissəsi 2007-ci ildə istifadəyə verilib. Ondan sonrakı dövr ərzində bu böyük layihə üzərində davamlı işlər həyata keçirilməyə başlanmışdır. 2013-cü ildə TAP layihəsi - Transadriatik kəmərinin əsas ixrac marşrutu barədə əldə olunan razılıq isə Cənub qaz dəhlizinin üçüncü mərhələsi oldu. Uzunluğu 870 kilometr olacaq TAP kəməri Türkiyə-Yunanıstan sərhədində TANAP-la birləşəcək, sonra isə Yunanıstan və Albaniya ərazilərindən Adriatik dənizinin altından keçməklə İtaliyanın cənub sahillərinədək uzanacaq. Cənub-Şərqi Avropanı təbii qazla təmin edəcək TAP gələcəkdə Xəzər hövzəsində hasil olunan təbii qazın qitənin digər böyük qaz istehlakçılarına - Almaniya, Fransa, Böyük Britaniya, İsveçrə və Avstriyaya ötürülməsi üçün də geniş imkanlar açacaq. İlkin mərhələdə Azərbaycan qazının daşınması Şahdəniz-2 layihəsinin hasilatı hesabına olacaq. 2018-ci ildə Türkiyəyə 6 milyard, 2019-cu ildə isə Avropaya 10 milyard kubmetr qaz nəql ediləcək. 2025-ci ilədək Azərbaycan qaz ixracatını 40-50 milyard kubmetrə çatdıracaq. Cənub qaz dəhlizi ilə bağlı sazişin imzalanmasından sonra Azərbaycan Avropa üçün əhəmiyyətli bir tərəfdaşa çevrilməklə artıq enerji təchizatı marşrutlarını şaxələndirməyə nail olub.

Bakıda Cənub qaz dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin iki görüşü olmuş və bu layihənin həyata keçirilməsi ilə bağlı məsələlərin müzakirəsi aparılmış, mətbuat üçün bəyanat qəbul edilmişdir. Cənub qaz dəhlizi Məşvərət Şurasının işində dünyanın ayrı-ayrı ölkələrini təmsil edən vəzifəli şəxslərin iştirakı layihə ilə bağlı müzakirələrin daha yüksək səviyyəyə qaldırıldığını, etibarlı enerji təchizatçısı kimi Azərbaycanın yalnız Avropa üçün deyil, daha geniş miqyasda əhəmiyyətinin artdığını göstərdi. Azərbaycanın təşəbbüsü və liderliyi ilə Avropanın enerji təminatında yeni mənbənin müəyyənləşdirilməsi və yeni dəhlizin yaradılması tarixi hadisədir. Enerji resursları, şaxələndirmə hər bir ölkənin sənaye və iqtisadi inkişafında əsas amillərdəndir. Şimal-Cənub nəqliyyat dəhlizi də strateji əhəmiyyət daşıyan transmilli layihədir və gələcəkdə bir çox ölkələr bu dəhlizdən istifadə edəcəklər. Bu dəhlizin çox böyük iqtisadi səmərəsi var. Tranzit yüklərin daşınması üçün vaxt baxımından da bu yol çox əlverişlidir. İmişli-Parsabad nəqliyyat xəttinin birləşməsi regional əməkdaşlığa çox müsbət təsir göstərəcək. Şimal-Cənub nəqliyyat dəhlizinin reallaşması üçün ilk addım Astara-Astara dəmir yolunun birləşdirilməsidir. Digər bir tərəfdən də, Astara-Rəşt dəmir yol xəttinin bir-birinə bağlanması da böyük imkanlar açacaq. Sərmayə qoyuluşunun 50 faizi İran, 50 faizi isə Azərbaycan tərəfindən təmin ediləcək. Dəmir yol xəttinin istifadəyə verilməsi nəticəsində Azərbaycanın Fars körfəzinə çıxışı təmin olunacaq. Bununla da Qafqaz ölkələrinin, Rusiyanın, Şimali və Şərqi Avropanın Fars körfəzinə və Hindistana çıxışı təmin ediləcək ki, bu da region ölkələrə böyük iqtisadi dividendlər gətirəcək.

Bu gün Azərbaycan beynəlxalq arenada etibarlı tərəfdaş və təmsil olunduğu təşkilatların fəal üzvüdür. Azərbaycanda mövcud olan tolerantlıq, multikulturalizm, ölkəmizin mədəniyyətlərarası və sivilizasiyalararası dialoqa verdiyi töhfələri diqqət mərkəzindədir və nümunə kimi göstərilir. Bakıda hər il beynəlxalq humanitar forumların keçirilməsi, ilk növbədə, respublikamızın sivilizasiyalararası dialoq prosesində fəal mövqe tutduğunu, mədəniyyətlər arasında körpü rolunu oynadığını göstərir. Bunun əsas səbəblərindən biri xalqımızın tolerantlıq düşüncəsinin yüksək inkişaf səviyyəsidir. Xalqlararası və mədəniyyətlərarası dialoqu müasir qloballaşma dövründə daha da inkişaf etdirmək, ona dəstək vermək, bütün insanların gələcəyi naminə mədəniyyətlərin və dinlərin qarşılıqlı dialoquna nail olmaq dövlət siyasətinin mühüm tərkib hissəsi olaraq qalır.

Prezident İlham Əliyevin tolerantlıq və milli münasibətlər probleminə dair baxışları onun siyasi portretinin əsas cizgilərini təcəssüm etdirir. Dövlət başçısının 13 il müddətində bununla bağlı irəli sürdüyü prinsiplər, müəyyənləşdirdiyi strateji xətt, atdığı konkret addımlar onun Azərbaycanı həm də sivilizasiyalararası dialoq, mədəni-intellektual konsolidasiya və əməkdaşlıq mərkəzinə çevirmək məqsədindən irəli gəlir. Bakı şəhərinin mühüm beynəlxalq tədbirlərə evsahibliyi etməsi artıq ənənə halını almışdır. Ötən müddətdə İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində Fələstinə yardım məqsədilə beynəlxalq konfransın, beynəlxalq humanitar forumların, Mədəniyyətlərarası Dialoq Forumunun və digər yüksək səviyyəli qlobal tədbirlərin keçirilməsi bunu bir daha təsdiq edir. Təkcə bir faktı deyək ki, 2016-cı ilin birinci yarısında Bakıda Cənub qaz dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin ikinci toplantısı, Çoxqütblü dünyaya doğru mövzusunda IV Qlobal Bakı Forumu, BMT-nin Sivilizasiyalar Alyansının İnklüziv cəmiyyətlərdə birgəyaşayış: çağırış və məqsəd adı altında VII Qlobal Forumu və Azərbaycan-Rusiya-İran prezidentlərinin Zirvə görüşü keçirilib. Bu cür yüksək səviyyəli tədbirlərin keçirilməsi Azərbaycanın tanıdılması baxımından böyük əhəmiyyət kəsb edir. Bakıda səfərdə olan dövlət və hökumət başçıları, tanınmış siyasi və ictimai xadimlər öz ölkələrində Azərbaycan haqqında, burada gedən inkişafla bağlı geniş məlumat verirlər.

Rəsmi Bakı Avropa və dünya miqyaslı siyasi, iqtisadi və humanitar tədbirlərə yüksək səviyyədə evsahibliyi etməklə Şərqlə Qərb arasında multikultural mərkəz rolunu oynadığını sübuta yetirir. Azərbaycanın yüksək təşəbbüskarlığı ilə Bakıda təşkil edilən çoxsaylı mötəbər beynəlxalq tədbirlər Bakını artıq regionun diplomatik paytaxtına çevirib. Hələ 4 il əvvəl Eurovision-2012 kimi möhtəşəm musiqi yarışmasını yüksək təşkilatçılıqla keçirən Azərbaycan başqa bir mötəbər idman tədbirinə - Bakı-2015 ilk Avropa Oyunlarına da evsahibliyi etdi. İlk Avropa Oyunlarının Azərbaycanda yüksək səviyyədə keçirilməsi həm də ölkəmizin insan hüquqları və demokratikləşmə, habelə milli-etnik, dini tolerantlığın təmini sahəsində əldə etdiyi böyük nailiyyətləri göstərdi. Cari il iyunun 17-dən 19-dək bütün dünyanın diqqəti yenidən Azərbaycana yönəldi. Bu müddətdə Formula-1 Avropa Qran-prisinin Bakı mərhələsini 190 ölkədən 500 milyondan artıq tamaşaçı izlədi.

Azərbaycan son illər dünya miqyaslı bir sıra idman yarışlarını uğurla təşkil edərək Beynəlxalq və Avropa Olimpiya komitələrinin etimadını qazana bilib. Elə bunun nəticəsidir ki, 2013-cü il iyulun 23-24-də Səudiyyə Ərəbistanının Ciddə şəhərində İslam Həmrəyliyi İdman Federasiyasının (İHİF) səkkizinci hesabat-seçki Baş Assambleyası çərçivəsində federasiyaya üzv olan Milli Olimpiya Komitələri 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarına evsahibliyi etmək üçün Azərbaycanın namizədliyinə səs veriblər. Tam səs çoxluğu ilə ölkəmizin 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarına evsahibliyi etməsi barədə qərar qəbul edilib.

Prezident İlham Əliyev ötən müddətdə respublikamızın iqtisadi inkişaf təmayüllərini dəqiq müəyyənləşdirməklə davamlı tərəqqini təmin etmiş, sosialyönümlü inkişaf strategiyası həyata keçirmişdir. Azərbaycan Prezidenti İlham Əliyevin əzmkarlıqla davam etdirdiyi çoxşaxəli islahatlar kursu respublika iqtisadiyyatında böyük uğurlara zəmin yaratmış, hər bir vətəndaşın həyatında nəzərəçarpacaq irəliləyişlərə səbəb olmuşdur. Dövlət başçısı qısa zaman kəsiyində cəmiyyətin alternativsiz seçiminə çevrilmiş Heydər Əliyev siyasi kursunu qətiyyətlə davam etdirəcəyinə xalqda qəti əminlik yaratmış, əsası ümummilli lider tərəfindən qoyulmuş sosial-iqtisadi inkişaf strategiyasının ardıcıl şəkildə və yüksək dinamizmlə həyata keçirilməsinə əsaslı zəmin formalaşdırmışdır. Əminliklə qeyd etmək olar ki, xalq tərəfindən dəstəklənən bu siyasi kurs Azərbaycanı daha da qüdrətli dövlətə çevirəcək.