Azərbaycan.-2016.-4 avqust.-167.-S.3.

 

Millətimizin tərəqqisi güclü Azərbaycan dövləti ilə bağlıdır

 

Musa QASIMLI,

Milli Məclisin deputatı, AMEA Qafqazşünaslıq İnstitutunun direktoru, professor

İki sistem ölkələri arasında soyuq müharibə başa çatdıqdan sonrakı dövrdə beynəlxalq münasibətlərdə təkqütblü və çoxqütblü dünyanın hökmran olmasına dair kəskin elmi-nəzəri fikir və praktik siyasət mübarizəsi gedir. ABŞ-ın rəhbərliyi altında təkqütblü dünyanın qurulmasının əleyhinə çıxan çoxqütblü dünya baxışı və siyasətinin tərəfdarları bütün vasitələrlə Vaşinqtonun öz siyasətini reallaşdırmasına mane olmağa çalışırlar. Bu mübarizə bütün dünyadakı şəraitə ciddi təsir edir. Okeanın o tayından müəyyənləşdirilən qloballaşma siyasətinin reallaşdırılması üçün mümkün olan bütün hər şey edilir. Qeyd etmək lazımdır ki, hələ soyuq müharibənin şiddətli davam etdiyi illərdə dünyada ideya-nəzəri fikir olaraq qloballaşmanın nə olması, mahiyyəti, hansı məqsədlər güdməsi, qloballaşma şəraitində milli dövlətlərin dünya siyasətində yeri və rolu məsələləri ətrafında geniş elmi diskussiyalar gedirdi. Əslində, qloballaşma dünyanın bir mərkəzdən idarə olunmasını, vahid qəlibə salınmasını, etnik köklər, irqlər, dinlər ayrı olsa da, hamının sanki eyni cür düşünməsini, Yer kürəsinin kiçik bir ev halına gətirilməsini və dünya vətəndaşının yaradılmasını nəzərdə tutur. Ən çox mübahisə doğuran və daha çox maraq kəsb edən məsələlərdən biri belə şəraitdə milli dövlətlərin taleyinin necə olmasıdır. Çoxlu suallara cavab vermək lazım gəlir: dünyanın, əgər belə demək mümkündürsə, bir ovuca sığışdığı bir zamanda kiçik dövlətlər böyük ölkələrin təzyiqlərinə tab gətirə biləcəklərmi? Kiçik ölkələr istehsalçımı, yoxsa, özlərindən böyük olan bütün ölkələr üçün açıq, əlverişli satış bazarları və ya istehlakçımı olacaqlar? Kiçik ölkələrin zəif olan iqtisadiyyatı böyük dövlətlərin iqtisadiyyatı qarşısında dözüm gətirə biləcəkmi? Məlum ölkələrin əlində öz siyasətlərini yürütməkdə güclü təbliğat vasitəsi olan kütləvi informasiya vasitələrinin təsiri altında dünyada az qala hamının eyni cür düşünməyə sanki məcbur edildiyi bir şəraitdə milli ideyaların taleyi necə olacaqdır? Belə şəraitdə milli ideyanı reallaşdırmaq mümkündürmü? Əgər mümkündürsə, onun yolları hansılardır? Milli ideyanı reallaşdırmaqda dövlətin və ona rəhbərlik edən liderin rolu nədən ibarətdir? Bütün bu və ya digər çoxsaylı suallara cavab axtarılması filosofların, müasir dünya siyasəti və beynəlxalq münasibətlər problemləri ilə məşğul olan tarixçilərin və sosioloqların başlıca qayğılarından birinə çevrilmişdir. Etiraf etmək lazımdır ki, ölkəmizin müvafiq sahələr üzrə tədqiqatçıları son zamanlaradək həmin məsələlərin araşdırılmasına girişmirdilər. Nəhayət, ilk addım atılmışdır. Dəyərli əsərləri ilə təkcə ölkəmizdə deyil, onun hüdudlarından kənarda da geniş tanınan görkəmli filosof, akademik Ramiz Mehdiyev buna qədər digər sahələrdə olduğu kimi, bu məsələlərin tədqiqində də bir ilkə imza atmışdır. Akademikin nəşrə hazırlanan əsərinin mətbuatda dərc edilmiş bir fəsli (bax: Güclü Azərbaycan dövləti qloballaşma şəraitində milli ideyanın təcəssümü kimi. Azərbaycan qəzeti. 4 iyun 2016-cı il) qloballaşma şəraitində Azərbaycan millətinin arzu və istəklərini reallaşdırmaq üçün milli dövlətinin rolunun nədən ibarət olmasına dair məsələlərin konseptual qoyuluşu, elmi-nəzəri yanaşmanın əhatəliliyi və dərinliyi, çıxarılan nəticələrin əhəmiyyəti ilə diqqəti cəlb edir. Elə isə nəşri nəzərdə tutulan əsərin dərc edilmiş bu hissəsində irəli sürülən prinsipial elmi-nəzəri müddəalar hansılardır?

Dünya ölkələrinin dövlətçilik tarixinə qısa fəlsəfi baxış

Əsərin başlıca ideyasını və ana xəttini belə bir tezis təşkil edir ki, hər hansı bir millətin öz ideyalarını reallaşdırması üçün milli dövlətinin olması vacibdir. İlk növbədə, müəllifin tarixi keçmişin təcrübəsinə, tarixi faktlara müraciət edərək öz baxışlarını dərindən, məntiqi şəkildə əsaslandırması və müasir günümüzlə müqayisə edərək dövlətçilik tarixinin zəncirvarı, üzvi varislik mənzərəsini yaratması diqqəti cəlb edir. Bu zaman akademik Ramiz Mehdiyev eramızdan əvvəl V əsrin Çin mütəfəkkiri Mo Tszinin aşağıdakı kəlamlarına istinad edir: Güc hökmən dinc idarəetməyə gətirib çıxarır. Gücün yoxluğu hökmən hərc-mərcliyə gətirib çıxarır. Güc hökmən əmin-amanlığa gətirir. Gücün yoxluğu hökmən təhlükəyə gətirib çıxarır. Akademik Ramiz Mehdiyev bu fikirlərin mahiyyətini daha geniş təhlil edərək yazır ki, tarixən güclü dövlət milləti bir yerə toplayır, onu səfərbər edir, milli ideyanı reallaşdırmağa yönəldir. Güclü dövlət xalqın tərəqqisində mühüm amildir. Tarix boyu dövlətləri güclü olan millətlər bütün sahələrdə - iqtisadiyyat, hərb, elm, təhsil, ədəbiyyat, mədəniyyət və incəsənətdə inkişaf etmiş, dünya tarixi və mədəniyyətinə böyük töhfələr vermişdir. Dövləti güclü olan millət özünü daim təhlükəsiz hiss etmiş, başını dik tutaraq yaşamış, özünəinamlı hərəkət etmişdir. Tarixin təcrübəsi göstərir ki, əksinə, zəif dövlət milləti bir araya toplaya bilmir, ruh düşkünlüyü, özünəinamsızlıq, bədbinlik yaradır, nəticədə ölkə geri gedir, dövlət zəifləyərək dağılır. Güclü müstəqil dövləti olmayan xalq parçalanaraq assimilyasiyaya uğrayır və tarixin qaranlıq sel sularında qərq olur. Bu gün dünyanın etno-siyasi xəritəsində bir çox xalqların mövcud olmamasının bir səbəbi də heç şübhəsiz, bununla bağlıdır. Elə buna görə də akademik Ramiz Mehdiyev dünyanın görkəmli filosof, tarixçi və sosioloqlarının əsərlərinə istinad edərək, müvafiq elmi-nəzəri, fəlsəfi problemə dair onların fikirlərini müqayisəli, tənqidi təhlil edir, güclü dövlətin xalqların taleyində oynadığı rolun mahiyyətini açır və milli ideyanın gerçəkləşdirilməsi üçün mövcudluğunun gərəkliyini vurğulayır. Daha sonra müəllif müasir dünyanın siyasi mənzərəsinin təhlilinə keçid edir və milli dövlətlərin bu səhnədə aldığı yeri araşdırır. Bəs müasir dünyanın siyasi mənzərəsinin başlıca səciyyəvi cəhətləri haqqında akademik Ramiz Mehdiyevin fikirlərinin başlıca məzmunu nədən ibarətdir?

 

Müasir dünyanın siyasi mənzərəsinin təhlili

Məfhum olaraq işlədilməsi əvvəlki dövrlərə aid olsa da, soyuq müharibə başa çatdıqdan sonra yeni dünya qaydası haqqında daha çox danışılmağa başlanılmışdır. Bəziləri hətta X.Kolumbun ilk dəfə Amerika qitəsini görərkən söylədiyi yeni dünya kəlmələrini əsas götürərək, onu yeni dünya qaydası, yəni, ABŞ qaydası olaraq mənalandırırlar. Lakin bu məsələdə alimlər və siyasətçilər arasında fikir birliyi mövcud deyildir.

Akademik Ramiz Mehdiyev müasir dünyanın siyasi mənzərəsini təhlil edərkən soyuq müharibə başa çatdıqdan sonrakı dövrdə yaranmış şəraitə diqqət yetirir, çoxlu iqtibaslar gətirərək bir-birinin əksinə elmi-siyasi, ideoloji mövqeləri müqayisəli təhlil edir, yaranmağa başlayan yeni dünya qaydası və ya düzəninin adının qloballaşma olduğunu yazır. Müəllif qeyd edir ki, belə şəraitdə məlum dairələr tərəfindən yürüdülən qloballaşma prosesi və milli dövlətlərin necə olması arasında ziddiyyətlər yaranır. Mütəxəssislər yaxşı bilirlər ki, qloballaşma artıq qeyd edildiyi kimi, əslində, dünyanın tək bir mərkəzdən idarə olunması, həmin mərkəzin hökm etdiyi tipdə kənd halında vahid qəlibə, çərçivəyə salınması, tək gücün hegemonluğunun qurulması niyyətini güdür. Deməli, konkret məqsədlər güdən bir siyasət olan qloballaşma, Qərbin təsiri altında dünyanın yekcins hala, milli, xüsusən kiçik ölkələrin rolunun azaldılması, beynəlxalq korporasiyaların və maliyyə qurumlarının təsiri altına salınmasıdır. Əslində, həmin transmilli korporasiyaların və maliyyə qurumlarının arxasında böyük dövlətlərin ayrı-ayrı xadimləri, qrupları və iri dövlətlər dayanır. Dünyanın müasir siyasi mənzərəsinin əhatəli təhlil edildiyi əsərdə vurğulanır ki, qloballaşmanın təzahürlərindən biri Avropa qitəsinin bəzi ölkələrinin multikulturalizmdən - çoxmədəniyyətlilikdən imtina etməsidir. Sanki hamı hakim xalqların mədəniyyətini qəbul etməyə məcbur olunur. Bu siyasət özünü Yaxın, Orta Şərq ölkələrində qanlı müdaxilə və hadisələrin gedişində daimi yaşayış yerlərindən didərgin düşmüş qaçqınlara münasibətdə aydın şəkildə göstərir. Özünü demokratiyanın beşiyi, insan haqlarının qoruyucusu hesab edən bəzi Qərb dövlətləri yürütdükləri səhv, qaba siyasət nəticəsində üzləşdikləri qaçqınlara mənfi münasibət bəsləyir, həmin ölkələrdə etnik və dini dözümsüzlük getdikcə artır. Yenə də çoxlu suallar yaranır. Onlardan da biri bundan ibarətdir ki, dünyanın gələcəyi necə olacaqdır? Akademik Ramiz Mehdiyev elə buna görə də dünyanın gələcək taleyinin necə olacağına, yeni şəraitdə milli dövlətlərin hansı rol oynayacağına dair elmi baxışlarını irəli sürür. O, müxtəlif elmi məktəblərin nümayəndələrinin fikirlərinə istinad edərək yazır ki, qloballaşma şəraitində vahid dünya yaranır, qarşılıqlı əlaqə, asılılıq artır, dövlətlərin müstəqillikləri və sərhədlərinə nəzarət zəifləyir. Belə bir dövrdə dövlətlərin bir çox, o cümlədən maliyyə-iqtisadi funksiyalarının beynəlxalq maliyyə-iqtisadi qurumlarına verilməsini təklif edənlər də vardır. Müasir dünyanın ümumi siyasi mənzərəsini təhlil edən akademik Ramiz Mehdiyev belə bir fikri əsaslandırır ki, indiki şəraitdə beynəlxalq maliyyə-iqtisadi qurumları kiçik, müstəqil, lakin zəif, asan idarə oluna biləcək dövlətlərin yaradılmasına çalışırlar. Həmin dövlətlər və ya dövlətciklər onların əlində oyuncağa çevrilirlər. Beynəlxalq Valyuta Fondu, Dünya Bankı və Dünya Ticarət Təşkilatının siyasətini əks etdirən konkret fəaliyyətin dünyanın inkişaf etmiş ölkələri cərgəsinə daxil olmayan ölkələrin iqtisadiyyatını dağıtmaq, özlərindən asılı salmaq və əhalinin sosial-iqtisadi vəziyyətini pisləşdirmək strategiyasına dair bir çox ölkələrin tədqiqatçılarının tövsiyələri bu baxımdan düşündürücüdür. Müvafiq sahənin araşdırıcılarının fikrincə, bu işi ABŞ və Böyük Britaniya başlatmışdır, onların siyasətindən, cızılmış çərçivədən kənara çıxan ölkələri ağır sınaqlar gözləyir.

Qloballaşma şəraitində beynəlxalq maliyyə-iqtisadi qurumlarla yanaşı, siyasi və vətəndaş cəmiyyətlərinin rolu da ciddi təhlil tələb edir. Ötən illərin təcrübəsi göstərir ki, bir çox hallarda bəzi qeyri-hökumət təşkilatlarının, siyasi və vətəndaş cəmiyyətlərinin rolu dağıdıcılığa xidmət edir. Xaricdəki müəyyən mərkəzlərdən idarə olunan həmin qeyri-hökumət təşkilatlarının fəaliyyəti milli dövləti daxildən zəiflətmək, təzyiqlər etmək və müvafiq xarici qurumların müdaxiləsi üçün süni surətdə əlverişli daxili ictimai-siyasi, iqtisadi və mənəvi-psixoloji şərait yaratmaqdır. Akademik Ramiz Mehdiyevin bu məsələni şərh və təhlil etməsi çoxlu vacib məsələlərə diqqət yetirilməsini irəli sürür.

Müasir şəraitdə dövlətin rolunu azaltmağı təklif edənlərin baxışlarına görə, belə bir dövrdə də dövlətin başlıca funksiyaları saxlanılır. Lakin həmin baxışın tərəfdarlarının şərhindən aydın şəkildə görünür ki, bu, sanki zahiri təsir bağışlayır. Bütün bunlara xüsusi diqqət yetirən akademik Ramiz Mehdiyev aşağıdakı bir sıra suallara cavab axtarır: qloballaşma şəraitində milli dövlətlər sıradan çıxacaqmı, yoxsa özlərini qoruyub saxlaya biləcəklər? Yeni şəraitdə milli dövlətləri nə gözləyir? Onlar öz rollarını itirirlərmi? Milli dövlətləri necə qorumaq olar? Milli dövlətlərin rolunun azaldığı şəraitdə milli inkişafı necə həyata keçirmək olar? Bu suallara cavab verərkən qloballaşmanın dünyaya gətirə biləcəyi nəticələri əvvəlcədən kimsənin bilmədiyini və hətta onun haqqında elmi-nəzəri baxışların belə qəti olaraq formalaşmadığını yazan akademik Ramiz Mehdiyev müasir şəraitdə milli dövlətlərin yeri və rolunun geniş təhlilinə başlayır.

Qloballaşma şəraitində milli dövlətlərin yeri və rolu

Sirr deyildir ki, qloballaşmanı bir dünya siyasəti olaraq reallaşdırmağa çalışanlar böyük dövlətlərdir. Əslində, onların özləri siyasi anlamda, yəni, müəyyən coğrafi-siyasi sərhədləri olan milli dövlətlərdir. Məsələyə yanaşarkən maraqlı bir mənzərə yaranır: böyük dövlətlər bir tərəfdən özlərinin sərhədlərinin mühafizəsini möhkəmləndirir, hakimiyyətini gücləndirir, viza rejimini sərtləşdirir, digərlərinə münasibətdə isə sərhədlərinin açılmasını, viza rejiminin sadələşdirilməsini təklif edirlər, həmin ölkələrdə hakimiyyətlərin zəif olmasında maraqlıdırlar. Bu ona bənzəyir: Mən istədiyim vaxt sənin evinə icazəsiz daxil ola bilərəm, sən isə mənim evimə gəlmək istəsən, əvvəlcədən müraciət etməlisən, yalnız mənim uyğun bildiyim vaxtda evimə daxil ola və orada müəyyən etdiyim müddətdə qala bilərsən. Əslində, belə yanaşma müasir dünya siyasətində tez-tez rast gəlinən çoxlu rüsvayçı ikili standartlar siyasətinin konkret nümunələrindən biridir.

Qloballaşma şəraitində bir sıra elmi-siyasi dairələrin milli dövlətlərin rolunun azaldılmasına dair təkliflərinin hansı məqsədlər üçün edildiyini tənqidi təhlil edən akademik Ramiz Mehdiyevin qənaətinə görə bu təklifi irəli sürənlər sanki hakimiyyət dairələrinin və iri maliyyə qurumlarının sifarişlərini yerinə yetirirlər. Yaranmış şəraitə kompleks elmi yanaşma ortaya qoyan müəllif güclü milli dövlətin varlığının və mövcud olmamasının nəticələrini müqayisəli təhlil edir. Düzgün olaraq vurğulayır ki, milli dövlətin olmaması millətin dünyanın etno-siyasi xəritəsindən silinməsi təhlükəsini yaradır, ona görə də milli dövlətin qorunması və inkişaf etdirilməsi vacibdir. Güclü milli dövlət iqtisadi və siyasi baxımdan legitimlik əsasında, demokratik qanunlarla idarə olunan, vətəndaşın inkişafı üçün bərabər şərait yaradandır. Tarixin təcrübəsinə istinad edən akademik Ramiz Mehdiyev tamamilə haqlı olaraq yazır ki, qloballaşma şəraitində milli inkişafın yeganə səmərəli yolu milli dövlətlərin mövcudluğundadır. Onun qəti elmi qənaətinə görə zəif milli dövlətin olması ölkə həyatının bütün sahələrində acınacaqlı tənəzzül və millətin tarix səhnəsindən tədricən silinməsi deməkdir. Akademik Ramiz Mehdiyev bu fikirlərini dünya ölkələrinin siyasi tarixindən misallar gətirərək isbat edir. Məsələn, Napoleon Bonopart söyləyirdi ki, ali hakimiyyətin zəifliyi xalq üçün ən dəhşətli fəlakətdir. Buna bənzər fikirləri dünyanın demək olar, bütün böyük dövlət və siyasət adamlarının zaman-zaman işlətdiyinin şahidi olarıq. Doğrudan da tarixin təcrübəsi göstərir ki, ən pis idarəçilik zəif hakimiyyətin mövcud olmasıdır. Mövcud baxışları təhlil edən akademik Ramiz Mehdiyev belə bir nəticəyə gəlir ki, qloballaşma şəraitində milli dövlətlərin rolunun tamamilə sıradan çıxarılması fikrini ciddi alimlər və siyasətçilər təkzib edirlər.

İndiki şəraitdə güclü milli dövlətin mövcudluğunu bir sıra amillər zəruri edir. Akademik Ramiz Mehdiyev həmin amillər üzərində də dayanır. Məlum olduğu kimi, müasir dünyada heç bir dövlət terrordan, nüvə qaçaqmalçılığından, separatizmdən, anarxiyadan və nəhayət, təbii fəlakətlərdən (zəlzələ, sel daşqınları və s.) sığortalanmamışdır. Dünya dövlətlərinin sıx asılılığının artdığı bir zamanda baş verən bu və ya digər hadisə qonşu dövlətlərə və regiona da müvafiq təsirini göstərir, bir ölkədəki kataklizmlər digərlərini də təhdid edir. Zəif dövlət bütün bunların qarşısını necə ala bilər? Deməli, bütün dövrlərdə güclü milli dövlətin olması vacib və əhəmiyyətlidir - fikirlərini əsaslandırmaq üçün akademik Ramiz Mehdiyev dövlət müstəqilliyi bərpa edildikdən sonrakı dövrdə Azərbaycanın siyasi tarixinə nəzər yetirir, onu dərindən təhlil edir və keçilən yola dair əhatəli fəlsəfi ümumiləşdirmələr aparır. Bəs dövlət müstəqilliyi bərpa edildikdən sonrakı dövrdə Azərbaycan dövləti hansı inkişaf yolunu keçmişdir?

Müstəqil Azərbaycanın siyasi tarixinə baxış

1991-ci ildən sonrakı Azərbaycanın siyasi tarixinin elmi-siyasi, nəzəri-fəlsəfi mənzərəsini təhlil edərək onu qarışıqlıq, xaos, anarxiya olaraq qiymətləndirən akademik Ramiz Mehdiyev vurğulayır ki, bu dövrdə ölkənin pis idarə edilməsi xalq və hakimiyyət arasında uçurum, ölkənin inkişafında problemlər yaratmış, vətəndaşların özünə inam hissinin zəifləməsinə və müstəqil dövlətin az qala itirilməsinə gətirib çıxartmışdı. Pis idarəçiliyin, zəif dövlətin və qarışıqlığın Azərbaycan xalqı üçün çox ağır nəticələri oldu. Ermənistanın ölkəmizə qarşı əsassız ərazi iddiaları ilə başlayan hərbi təcavüzünün gedişində tarixi torpaqlarında yaşayan azərbaycanlılar Ermənistandan vəhşicəsinə qovularaq qaçqına çevrildilər, Azərbaycan ərazilərinin bir hissəsi işğal edildi, Dağlıq Qarabağ regionunda və ətraf rayonlarda yaşayan sakinlər məcburi köçkünə çevrildilər. Bu, zəif dövlətin mövcud olmasının Azərbaycan xalqı üçün acı nəticəsinin konkret göstəricisi, eyni zamanda, ibrət alınası bir hadisədir.

Belə bir şəraitdə xalq güclü dövlətin qurulmasına ehtiyac duyurdu. Yaranmış ümumi böhrandan çıxmaq üçün Azərbaycan xalqının və rəsmi hakimiyyətin ümummilli lider Heydər Əliyevi Naxçıvandan Bakıya dəvət etməsi ilə ölkə və milli dövlətçilik tarixində yeni bir mərhələ başladı. Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonra Azərbaycan ərazisi xaricdən dəstəklənən separatçılıqla parçalanmaqdan, xalqı müstəqil dövləti itirmək təhlükəsindən xilas oldu və böhrandan çıxmağa başladı. Güclü dövlətin qurulmasına başlanıldı. Dövlət müstəqilliyi bərpa edildikdən sonra ilk dəfə olaraq Azərbaycan Respublikasının əsas qanunu - Konstitusiyası qəbul edildi və Milli Məclisə seçkilər keçirildi. Bütün bunlar zəif milli dövlətdən güclü müstəqil milli dövlətin qurulmasına keçid üçün mühüm addımlar oldu. Azərbaycan xalqı güclü dövlətin qurulması əhəmiyyətini bir daha dərk etdi.

Zəif dövlətin mövcud olduğu illərdəki şəraiti təhlil edən və təkzibolunmaz faktlar gətirən akademik Ramiz Mehdiyev Milli Məclisdə uzun-uzadı, faydasız müzakirələrin, dedi-qoduların ölkə həyatı üçün vacib qərarların qəbul olunmasına etdiyi mənfi təsirləri, icraedici və qanunverici orqan arasında səmərəli əməkdaşlığın olmamasının acınacaqlı nəticələrini şərh edərək vurğulayır ki, Azərbaycan mühiti üçün ən faydalı olan prezident idarəsidir. Həm 1918-1920-ci illərdə mövcud olan parlamentli respublika, həm də 1991-1993-cü illərdə ölkənin siyasi-idarəçilik həyatının təcrübəsinə bir daha nəzər yetirsək, akademikin gəldiyi nəticənin Azərbaycan millətinin bu günü və gələcəyi üçün nə qədər böyük əhəmiyyət daşıdığı qənaətinə gəlmək olar. Güclü hakimiyyət əslində, güclü dövlət, güclü dövlət isə güclü millət və vətəndaş, ölkənin tərəqqisi, yüksəlişi deməkdir.

Tarixçilər, siyasətşünaslar və siyasətçilər çox yaxşı bilirlər ki, ənənəsi olan dərin dövlətlərdə rejimlər dəyişsə də, idarəetmənin təməli adətən dəyişmir. Bunu bəzi qonşu və digər ölkələrin təcrübəsində də aydın görmək olar. Bütün bunlar nəzərə alınarsa, Azərbaycan Respublikasında güclü prezident idarəsinin nə qədər vacib olduğu qənaətinə gəlmək olar.

Məlum olduğu kimi, filosoflar və sosioloqlar uzun illərdir ki, dövlət cəmiyyəti yaradır, yoxsa cəmiyyət dövləti sualının ətrafında elmi müzakirələr aparır, onların bir-birinə təsirini və nisbətini müəyyənləşdirməyə çalışır, baxışlarını ortaya qoyurlar. Əslində, bu iki məfhum arasında fərqin dəqiq sərhədini görmək çox çətindir. Hamı bilir ki, yer üzündə xalqlar çox olsa da, müstəqil dövləti olanların sayı dəfələrlə azdır. Müvafiq xalq, ərazi olmasa, hökumət də qurula bilməz və dövlət də yaranmaz. Deməli, dövlətin yaradılması üçün ilk növbədə, xalq və ərazi olmalı, hökumət qurulmalıdır. Xalqın yaratdığı dövlət isə müvafiq adət və ənənələrə, qəbul etdiyi qanunlara uyğun olaraq cəmiyyəti təşkil edir. Belə olduqda dövlət orqanları artıq mövcud olan cəmiyyəti, belə söyləmək mümkündürsə, yuxarıdan təşkil edir. Bu dövlətlər yarandığı ilk vaxtlarında bir qayda olaraq, protokol dövlətləri kimi qəbul edilir, zaman-zaman isə xalqın iradəsindən və inkişaf səviyyəsindən asılı olaraq ya geri gedirlər, ya da güclü dövlətə çevrilirlər. Cəmiyyətin və fərdin, dövlətin və vətəndaşın maraqlarının uğurlu nisbəti qurulduqda güclü dövlət yaranır. Heç kimə sirr deyildir ki, dövlətin hərbi-siyasi aparatı güclü olmasa, bütövlükdə dövlət güclü ola bilməz. Dövlət hakimiyyətinin güclü olmaması isə millət üçün fəlakətdir.

Akademik Ramiz Mehdiyev mühüm olan digər bir məsələyə də münasibət bildirir. Bu da ondan ibarətdir ki, dünyəvi dövlət güclüdür, yoxsa dini dövlət? Müasir dünya inkişafının başlıca meyilləri nəzərə alınarsa, akademikin gəldiyi düzgün qənaətə görə güclü dövlət dünyəvi dövlətdir. Dünyəvi dövlət etnik, dini və irqi fərqliliklərindən asılı olmayaraq hamıya qucaq aça bilir. Dini dövlət şəraitində isə vətəndaşlar adətən dini mənsubiyyətə görə ayrılırlar. Bunun isə bəzi hallarda ağır nəticələri olur.

Hamı bilir ki, ölkəmizdə din dövlətdən ayrıdır. Bununla belə, Azərbaycan Respublikası dövləti ölkəmizdəki bütün dinlərin - islam və digərlərinin azad, bərabər fəaliyyət göstərməsi üçün əlverişli şərait yaratmışdır. Dövlət dinin, dindarların, ruhanilərin işlərinə qarışmır, onlar da dövlətin işlərinə qarışmamalı, yaradılan şəraitdən sui-istifadə etməməlidirlər. İslam dini millətimizin həyatının, mənəviyyatının bir parçasıdır. Din dövlətdən ayrı ola bilər, millət isə dinsiz ola bilməz. Bu məsələdə dəqiq sərhədi görmək lazımdır. Müəllif düzgün olaraq vurğulayır ki, güclü dövlət hakimiyyəti üçün vətəndaşın bütün azadlıqlarının təmin edilməsi və qorunması zəruri şərtdir. Güclü dövlət eyni zamanda güclü vətəndaş cəmiyyətidir. Bununla belə, dövlətin funksiyalarını başqaları yerinə yetirə bilməz.

Tarixdən bəllidir ki, müstəqil dövləti olmayan xalqların da digərlərindən fərqlənən adət-ənənəsini və mədəniyyətini cəmləşdirən özünəməxsus cəmiyyəti olur. Adət-ənənəsiz, mədəniyyətsiz xalq yoxdur. Dünya adət-ənənələrin müxtəlifliyi, mədəniyyətlərin rəngarəngliyi ilə gözəldir. Eyni cür olsaydı, dünya cansıxıcı, maraqsız görünərdi. Cəmiyyəti olan xalq özünün ənənəvi dərin dövlətini qurmaq üçün təməl hazırlayır. Xırdalıqlarına varmadan vurğulamaq lazımdır ki, Azərbaycan dövlətçilik tarixinə nəzər yetirdikdə, bu prosesin hər ikisinin bir-birinə sıx çulğalaşaraq getdiyinin şahidi olarıq. Heç şübhəsiz, güclü dövlət dedikdə, diktaturanın qurulması, cəmiyyətin və dövlətin zor gücünə idarə olunmasından qətiyyən söhbət getmir. Güclü dövlətin təməlini ilk növbədə ədalətli qanunların qəbul edilməsi, işləməsi, vətəndaşlar üçün bərabər imkanların yaradılması təşkil edir. Yalnız bundan sonra dövlətin qüdrətini müəyyənləşdirən meyarların reallaşdırılmasına başlanılar və güclü dövlət qurular. Dövlətlərin yaranma, yaşama, yüksəliş və dağılma tarixlərinə dərin fəlsəfi baxış edən akademik Ramiz Mehdiyev millətimizin təkcə bu günü deyil, həm də gələcəyi üçün vacib olan, daim diqqətdə saxlanılması zəruri olan belə bir nəticə çıxarır ki, Azərbaycan xalqının tarixi ənənəsi güclü dövlətin qurulmasını zəruri edir. Azərbaycan xalqı güclü dövlətinin olmasını istəyir, onun üçün çalışır, belə olduqda, bütün yaradıcılıq potensialını ortaya qoya, tərəqqi edə bilir, zəif dövlətin mövcudluğu şəraitində isə çoxlu problemlər yaranır, tənəzzülə uğrayır.

Bilindiyi kimi, dövlətin gücünü müəyyənləşdirən amillərdən biri onun maddi qüdrətidir. Lakin maddi qüdrət birdən-birə, özü-özünə yaranmır. Təbii sərvətlər əgər milli sərvətə çevrilib ümumi ölkənin inkişafına və vətəndaşın həyat şəraitinin yaxşılaşdırılmasına yönəldilmirsə, dövlət və xalq, hakimiyyət və vətəndaş arasında dərin uçurum yaranır. Azərbaycanın təbii sərvətlərinin milli sərvətə çevrilməsində böyük dövlət və siyasət adamı, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Əsrin müqaviləsini imzalaması, digər beynəlxalq səviyyəli böyük layihələrin əsasını qoyaraq həyata keçirməyə başlaması Azərbaycan Respublikası dövlətinin qüdrətini müəyyənləşdirən meyarlardan birini reallaşdırmaqda mühüm rol oynadı. Ulu öndərin dövlətimiz və xalqımız qarşısında müstəsna rol oynayan bu tarixi xidmətləri, eyni zamanda, gələcək nəsillər üçün də strateji əhəmiyyət daşıyır. Məhz həmin siyasətin nəticəsidir ki, bu gün Cənubi Qafqaz regionu iqtisadiyyatının 75 faizi Azərbaycan Respublikasında cəmlənmişdir. Bütün bu məsələləri təhlil edən akademik Ramiz Mehdiyev Azərbaycanın bütün meyarlar baxımından regionda ən güclü dövlət olduğunu, dövlətin gücünün bu təməlin formalaşmasında ümummilli lider Heydər Əliyevin tarixi rolunun böyük əhəmiyyət daşıdığını vurğulayır.

Azərbaycan dövlətinin beynəlxalq aləmdə və dünya siyasətində yeri və rolunu araşdıran akademik Ramiz Mehdiyev maraqlı elmi müqayisələr apararaq belə bir ümumiləşdirilmiş nəticə çıxarır ki, bu gün Azərbaycan Respublikası güclü dövlət nümunəsidir. Və yalnız güclü Azərbaycan dövləti millətin milli ideyasını həyata keçirə və ölkəni tərəqqiyə apara bilər.

Milli ideya və başlıca məqsəd

Akademik Ramiz Mehdiyev Azərbaycan xalqının milli ideyasını da təhlil edərək yazır ki, onun başlıca məqsədi Azərbaycanın dövlət müstəqilliyini qorumaq, güclü dövlət qurmaq və inkişaf etdirməkdən ibarətdir. Müəllifin belə bir fikri əhəmiyyətlidir ki, güclü milli dövlətin qurulması məqsəd deyil, milli ideyanın həyata keçirilməsi yolunda bir vasitədir. Güclü Azərbaycan dövlətinin mövcud olmasını qloballaşma prosesləri, onun mümkün nəticələri və ölkəmizin yerləşdiyi coğrafi-siyasi ərazi zəruri edir. Güclü dövləti olan millətin özü də güclü olur.

Tarixi təcrübəyə istinad edən akademik Ramiz Mehdiyev düzgün olaraq yazır ki, hakimiyyət özü-özündə gücə çevrilə bilməz. Fikrini isbat etmək üçün yenə də tarixə müraciət edərək dövləti gücə çevirən amillər üzərində dayanır. Göstərir ki, dövləti güclü edən amillərdən biri ideologiyadır. Elə ona görə də akademik Ramiz Mehdiyev ideologiya və dövlət arasında nisbət məsələsini təhlil edir.

İdeologiya və dövlət

Dövlət və ideologiyanın nisbəti məsələsinə aydınlıq gətirən müəllif tarixin təcrübəsinə istinad edərək yazır ki, ideyaların və ideologiyaların meydana gəlməsi dövlətin qurulmasından əvvəl olmuş, sonra dövlət yaradılmışdır. Dövlət hakimiyyəti isə konkret şəraitdə lazım bildiyi müəyyən bir ideologiyanı elmi-nəzəri və siyasi cəhətdən hazırlayır, hakim ideologiyaya çevirir. Akademik Ramiz Mehdiyev yazır ki, dövlətin funksiyalarından biri öz ideologiyasını hazırlamaq və kütlələrə çatdırmaqdır. İdeologiya dövləti və milləti bir yerdə, bir ayaqda saxlayan, inkişaf etdirən, tərəqqiyə aparan mühüm amillərdən biridir. Dövlət ideologiyası milləti müəyyən bir dövr üçün səfərbər edir, quruculuğa yönəldir və ölkənin tərəqqisinin təmin edilməsində mühüm rollardan birini oynayır.

Tarixin təcrübəsi göstərir ki, müəyyən məkan və zaman daxilində yaşayan və fəaliyyət göstərən, strateji düşünən, mövcud hakimiyyəti möhkəmləndirən, ölkənin və dövlətin həyatında xalqının rolunun artırılmasına çalışan, vətəndaşın və dövlətin maraqlarını uzlaşdıran, zaman və məkandan uca olan böyük dövlət xadimləri daim güclü dövlət qurmağı bacarmışlar. Akademik Ramiz Mehdiyev yazır ki, dövlətin və millətin maraqlarını sıx uzlaşdıraraq milli-dövlət maraqlarına çevirən dövlət rəhbərləri həmişə uğur qazanmış, hakimiyyətləri güclü olmuş və xalq tərəfindən müdafiə edilmişlər. Güclü dövlət isə bütün ölkəni və milləti tərəqqiyə aparmışdır. Akademik vurğulayır ki, dövlət güclü olmasa, millətin tərəqqisi mümkün deyildir. Dövlətin güclü olması üçün ölkə vətəndaşlarını öz ətrafında sıx birləşdirən mütərəqqi milli ideyanın müəyyənləşdirilməsi və reallaşdırılması lazımdır. O ölkələr inkişaf edir və güclü olurlar ki, etnik, dini və irqi mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşları tək bayraq, tək vətən, tək dövlət, tək ölkə, tək millət ətrafında mütərəqqi ideyada birləşdirirlər. Tarix boyu güclü dövlətin qurulmasında və dünya siyasətində yerini möhkəmləndirməsində ideologiyalar mühüm rol oynamışlar. Elə buna görə də akademik Ramiz Mehdiyev birmənalı olaraq vurğulayır ki, ideologiya dövlətçiliyin baş elementidir və ideologiya dövlət yaradır. Dövlət isə zaman-zaman bu və ya digər ideologiyanı hakim ideologiyaya çevirir. Şəraitdən asılı olaraq ideologiyalar dəyişə bilər. Ad dəyişsə də, dövləti və milləti güclü edən ideyalar, ideologiyalar və onu müəyyənləşdirən böyük dövlət xadimləri milli dövlət və millət mövcud olduqca daim yaşayırlar, onların irsinə həmişə müraciət edirlər.

Məlum olduğu kimi, uzun illər boyu güclü dövlətin meyarlarının nədən ibarət olması barədə tarixçilər, geosiyasətçilər, siyasətşünaslar arasında fikir ayrılıqları mövcuddur. Mütəxəssislər bilirlər ki, dövlətin qüdrətini müəyyənləşdirən bir sıra daxili və xarici amillər vardır. Artıq qeyd edildiyi kimi, güclü dövlətin mövcud olması diktaturanın qurulması demək deyildir. Güclü dövlət özündə çoxlu amillərlə yanaşı olaraq demokratik inkişafı da nəzərdə tutur. Elə buna görə də akademik Ramiz Mehdiyev vurğulayır ki, güclü dövlətin meyarlarından biri güclü milli ideyanın mövcudluğu və demokratik inkişafa sahib olmasıdır.

Milli dövlətin qurulmasında, millətin vahid ideya ətrafında birləşdirilməsində liderin rolu, biliyi, bacarığı, nüfuzu və xalqın etimadını qazanması nə kimi rol oynayır? Akademik Ramiz Mehdiyev güclü milli dövlət qurulmasında liderin rolunu da təhlil edir.

Güclü dövlətin qurulmasında milli liderin rolu

Akademik Ramiz Mehdiyev yazır ki, ölkələrin və xalqların inkişaf yolunu milli liderlər müəyyənləşdirirlər. Xalqının və dövlətinin strateji inkişafının nədə olduğunu görən, dəqiq müəyyənləşdirən, məkan və zaman çərçivəsini aşan böyük dövlət adamları dahilər, dühalar olurlar. Bu baxımdan Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin fəaliyyətinə diqqət yetirən akademik Ramiz Mehdiyev 1993-2003-cü illərdə Azərbaycan Respublikasında həyata keçirilən tədbirlərin mahiyyətini, ölkənin inkişaf yolunu izah edir. Qeyd edir ki, dövlətin qurulmasında liderin güclü əli, yüksək və ədalətli dövlət idarəçilik bacarığı olmalı, xalq isə ona inanmalı və etibar etməlidir. İnam və etibar söylənən sözlərlə deyil, sözün və işin sıx vəhdət təşkil etməsi, görülən konkret işlər, millətsevər və dövlət qurucu fəaliyyətlə yaranır. Heydər Əliyev məhz bu keyfiyyətlərinə görə millətin dərin inam və etimadını qazanmış böyük dövlət və siyasi xadim idi. Onun üçün Azərbaycan dövlətinin və millətinin maraqları bütün maraqların fövqündə dayanırdı. Akademik Ramiz Mehdiyev Heydər Əliyevin güclü milli lider olmasına misal olaraq ölkədə baş vermiş dövlət çevrilişi və terror cəhdlərinin qarşısının alınmasındakı fəaliyyətini göstərir, vurğulayır ki, ən çətin və mürəkkəb şəraitdə Heydər Əliyev müasir Azərbaycan dövlətinin qurucusu oldu və ölkənin inkişaf yolunu müəyyənləşdirdi. Ölkə həyatının bütün sahələrində aparılan islahatların əhəmiyyətini vurğulayan akademik Ramiz Mehdiyev yazır ki, məhz Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə Azərbaycan bir ölkə və dövlət olaraq inkişafının yeni bir dövrünə qədəm qoydu. Heydər Əliyev Azərbaycan tarixində qurucu, xilaskar oldu.

Heydər Əliyevin liderliyində Azərbaycanın həyata keçirdiyi layihələrin əhəmiyyətini təhlil edən akademik Ramiz Mehdiyev xüsusi olaraq qeyd edir ki, məhz həmin layihələrin gerçəkləşdirilməsi nəticəsində Azərbaycan Respublikası beynəlxalq nəqliyyat-kommunikasiya, enerji təminatçısı olan bir ölkəyə çevrildi, dünya siyasətində rolu və nüfuzu artdı, yeri möhkəmləndi. Heydər Əliyevin yürütdüyü uğurlu siyasət nəticəsində Azərbaycan Respublikası dövləti ayıran deyil, bir-biriləri ilə didişən ölkələri əməkdaşlığa cəlb edən bir ölkəyə çevrildi. Bu, tarixi bir uğur idi.

Ölkənin inkişafı üçün siyasi elitanın mövcudluğu və fəaliyyətinin nisbəti məsələsini təhlil edən akademik Ramiz Mehdiyev yazır ki, tarix boyu siyasi elita özünün fəaliyyəti ilə dövləti və milləti mürəkkəb hərbi-siyasi, iqtisadi burulğanlardan çıxararaq ya irəli aparmış, ya da bunu bacarmayaraq geriyə atmışdır. Siyasi elitanın dövlət həyatında oynadığı rolu dərindən araşdıran müəllif yazır ki, siyasi elita daim yenilənməli, dövlət həyatına yeni ideyalar və insanlar gəlməlidir, çünki dövrün şərtləri ilə ayaqlaşa bilməyən ölkə bir qayda olaraq geri gedir, dövlət isə zəifləyir. Yalnız güclü demokratik dövlət milləti tərəqqiyə aparır.

Dünya dövlətlərinin siyasi rəhbərlərinin fəaliyyətinə və beynəlxalq aləmdə yaranmış şəraitə xüsusi diqqət yetirən akademik Ramiz Mehdiyev yazır ki, Qərb ölkələrinin siyasi sistemi yetkin siyasi liderlər yetişdirə bilmir. Bu sahədə böhranın olduğu göz önündədir. Elə buna görə də onların demək olar ki, hamısının praktik siyasi-dövlətçilik fəaliyyəti və mənəviyyatları arasında böyük uçurum mövcuddur. Açıq şəkildə söyləmək lazımdır ki, dünyada mövcud olan qarışıq və mürəkkəb şəraitin, münaqişələrin, insanların daimi yaşayış yerlərini və ali hüquqları olan yaşamaq hüquqlarını itirmələrinin bir səbəbi də məhz bununla bağlıdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin milli dövlətçilik fəaliyyətini, iş üslubunun səciyyəvi cəhətlərini təhlil edən akademik Ramiz Mehdiyevin fikrincə, Azərbaycan Prezidentinə praqmatizm, çeviklik, açıqlıq, həssaslıq və təvazökarlıq xasdır. Müəllif yazır ki, Azərbaycan rəhbəri proqnozlaşdırılan dövlət adamıdır. Məhz İlham Əliyevin titanik fəaliyyəti nəticəsində Azərbaycan Respublikası müasir, modern və güclü dövlətə çevrilmişdir, bu fəaliyyət xalq tərəfindən qətiyyətlə müdafiə edilir.

Çıxarılan başlıca nəticələr

Beləliklə, akademik Ramiz Mehdiyevin əsərinin təhlilindən çıxarılan başlıca nəzəri-fəlsəfi və elmi-siyasi nəticələr, fikrimizcə, əsasən aşağıdakılardan ibarətdir:

- Azərbaycan dövləti daim güclü olmalıdır;

- Güclü dövlət ölkə daxilində ictimai asayişin və tərəqqinin təminatçısıdır;

- Güclü dövlət millətdə qürur hissi və özünəinam hissi yaradır;

- Hər bir vətəndaşın güclü milli dövlətin olmasına ehtiyacı vardır;

- Güclü dövlət diktaturanın qurulması demək deyildir;

- Güclü dövlət vətəndaşı milli ideya ətrafında birləşdirərək strateji hədəflərə doğru apara biləcək bütün demokratik təsisatların səlahiyyətləri çərçivəsində normal fəaliyyət göstərməsidir;

- Zəif dövlət xalqın maraqlarını qoruya bilməz, ölkənin digərlərinin əlində alətə çevrilməsinə və dağılmasına gətirər;

- Zəif dövlət xalqda ruh düşkünlüyü yaradır, onu mənəvi-psixoloji böhrana salır, sonda isə özünəinam hissini məhv etməyə və bir millət olaraq sıradan çıxarmağa gətirir;

- Zəif dövlət daxildə ictimai asayişi qoruya və dövlət sərhədlərinin təhlükəsizliyini təmin edə bilməz;

- Qloballaşma adı altında yad dəyərləri zorla sırımaq yolverilməzdir;

- Dövlət-millət dünya siyasətinin başlıca faktoru, oyunçusu olaraq qalır;

- Dövlətin və millətin gələcək inkişaf yolunu və tərəqqisini müəyyənləşdirən böyük dövlət xadimləri və liderlərdir;

- Zəif, qətiyyətsiz, iradəsiz, təcrübəsi olmayan şəxsin ölkəyə rəhbərlik etməsi millət və dövlət üçün fəlakətdir;

- Millət öz dövlətinin taleyinə biganə qalmamalıdır;

- Vətəndaş öz taleyini dövlətçilik təcrübəsi olmayan, populist şəxslərə etibar etməməlidir;

- Hakimiyyətə gəlməyin yeganə yolu seçkilərdir, qarışıqlığa və anarxiyaya qətiyyən yol vermək olmaz. Buna edilən cəhdlərin qarşısı amansızlıqla alınmalıdır;

- Güclü lider, güclü komanda güclü dövlət hakimiyyəti, güclü dövlət hakimiyyəti isə güclü dövlət və güclü millət deməkdir;

- Azərbaycan milləti bütün Azərbaycan vətəndaşlarıdır;

- Xalq dövləti yaradır, dövlət isə xalqı toparlayıb, vahid milli ideya ətrafında birləşdirərək tərəqqiyə aparır;

- Cənab Prezidentimiz İlham Əliyevin liderliyində Azərbaycan Respublikası bütün vətəndaşların maraqlarını layiqincə təmsil edən güclü dövlətdir.

Nəhayət, hesab edirik ki, akademik Ramiz Mehdiyevin əsəri təkcə elmi-siyasi, nəzəri-fəlsəfi deyil, eyni zamanda, praktik əhəmiyyət də daşıyır. Ona görə də bu əsərin elm adamları, tədqiqatçılar, tələbə və magistrantlarla yanaşı, dövlət qulluqçuları, məmurlar tərəfindən də oxunması və əxz olunmasında fayda vardır.