Azərbaycan.-2016.-20 yanvar.-¹ 13.-S.4.

Milli azadlıq hərəkatının zirvəsi

Ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra 20 Yanvar faciəsinə tam siyasi-hüquqi qiymət verildi

Ötən əsrin 70-ci illərindən başlanan milli ruhun yüksəlişi xalqımızın illərdən bəri qəlbində yaşatdığı azadlıq mübarizəsində əsas hərəkətverici qüvvəyə çevrilməsində mühüm zəmin oldu. Totalitar sistemin elm və mədəniyyət xadimlərinə, ziyalılara qarşı ağır təzyiqləri, təqib və təhdidləri Sovet İttifaqının bir çox başqa respublikalarında özünü aşkar hiss etdirdiyi halda, cəsur, möhkəm iradə sahibi Heydər Əliyev Azərbaycanda yaradıcı insanlar üçün sərbəst düşünmək və düşündüyünü tam ifadə edə bilmək, alt qatda isə milli-mənəvi ideala, Azərbaycanın dövlətçilik tarixində suverenliyi, müstəqilliyi təmin edən dəyərlərə aparan yolları tapmaq imkanı verən şərait yaratmışdı. 1980-ci illərin sonu, 1990-cı illərin əvvəlində müstəqillik hərəkatının geniş vüsət alması Heydər Əliyev dövründəki həmin iqtisadi yüksəliş və ona paralel olaraq tarixi fürsətdən dərhal bəhrələnməyə hazır milli mübarizlik ruhunun təşəkkül tapması sayəsində mümkün olmuşdur.

 

1987-ci ildə Qorbaçov-erməni işbirliyi tərəfindən istefaya göndərildikdən sonra Heydər Əliyevin özünə və ailəsinə qarşı təzyiqlər gücləndi. Amma Heydər Əliyevin siyasi hakimiyyətdən kənarlaşdırılmasının ən ağır zərbəsi Azərbaycana dəydi. Heydər Əliyev siyasi fəaliyyətdən uzaqlaşdıqdan sonra Ermənistanın Azərbaycan əleyhinə çıxışları güclənməyə başladı. 1988-ci il fevralın 20-də Xankəndidə vilayət xalq deputatları sovetinin sessiyası vilayətin Ermənistana “birləşdirilməsi” barədə qərar qəbul etdi. Moskva zahirən erməni separatçılığını müdafiə etmir, hətta Sov.İKP.MK DQMV-nin birləşdirilməsinin qeyri-mümkünlüyü barədə əlahiddə qərar da qəbul edir. Qərarda bunun qarşısıalınmaz nəticələrə səbəb ola biləcəyi qeyd olunurdu. Lakin bu qərar kağız üzərində qalır, Dağlıq Qarabağ ətrafındakı siyasi ehtiraslar getdikcə şiddətlənirdi. Həmin illərdə Heydər Əliyev erməni lobbisinin və şovinist dairələrin süni şəkildə yaratdıqları tam siyasi izolyasiyada idi. Azərbaycan xalqı müdafiəsiz, himayəsiz qalmışdı.

1988-ci ilin noyabr-dekabr aylarında cərəyan edən hadisələrin ağır xronologiyası yaddaşlardan heç zaman silinməyəcək. Respublika Prokurorluğunun məlumatında deyilirdi: 1988-ci ilin noyabr ayının 28-dən dekabr ayının 8-dək kütləvi surətdə azərbaycanlılar yaşayan 22 rayonun 185 yaşayış məntəqəsinə quldurcasına basqın edən erməni vəhşiləri 217 nəfəri müxtəlif işgəncə ilə qətlə yetirmişlər. Onlardan 49 nəfəri divan tutulmaqdan qorxub qaçarkən dağlarda çovğuna düşüb donmuş, 41 nəfəri qəddarlıqla döyülüb öldürülmüş, 115 nəfər diri-diri yandırılmış, 16 nəfəri güllələnmiş, 10 nəfər təhqirlərə dözməyib infarktdan ölmüş, 2 nəfər erməni həkimləri tərəfindən xəstəxanada öldürülmüş, 3 nəfər suda boğulub öldürülmüş, 1 nəfər asılmış, 1 nəfər əzablardan qurtarmaq üçün özünü öldürmüş, 1 nəfər elektriklə öldürülmüş, 2 nəfərin başı kəsilmiş, 29 nəfər qəsdən avtomobilin altına salınmaqla öldürülmüş, 3 nəfər xəstəxanada olarkən tibbi xidmət göstərilməməsi nəticəsində öldürülmüş, 8 nəfər oğurlanmışdır. Öldürülənlərdən 57 nəfəri qadın, 5 nəfəri körpə uşaq, 18 nəfəri yeniyetmə olmuşdur. Qırğın Ermənistanın 19 rayonu, 11 şəhərində törədilmişdir. 250 min azərbaycanlı məcburi qaydada deportasiya edilmiş, mənzil və əmlaklarından məhrum olmuşlar.

SSRİ-nin o vaxtkı rəhbəri M.S.Qorbaçovun Azərbaycana, xalqımıza düşmən münasibəti ağır nəticələrə səbəb oldu. Onun respublikaya rəhbər göndərildiyi, milli hisslərdən uzaq olan Ə.Vəzirovun hakimiyyəti dövründə Moskvanın “səyi” nəticəsində Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğal edilməsi prosesi dərinləşir, antiazərbaycan siyasəti həyata keçirilirdi. 1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə isə Kreml Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinə qarşı cıxan Azərbaycan xalqını cəzalandırmaq üçün qırğın törətdi.

Bakıdakı qanlı qırğından sonra özünü və doğmalarını izləyən ağır təhlükələrə baxmayaraq, Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələn Heydər Əliyev mərkəzin Bakıda keçirdiyi vəhşiliyə qarşı kəskin bəyanat verdi, bu cəlladlığı pislədi. M.Qorbaçovun əli ilə tökülən qanlara etiraz etdiyini, insanların azadlıq istəyinin məhv edilməsinin mümkünsüzlüyünü söylədi. Bu, sözün həqiqi mənasında, təkcə Azərbaycan xalqına deyil, SSRİ məkanında azadlıq eşqi ilə yaşayan bütün xalqlara dəstək idi. Heydər Əliyevin həmin bəyanatı bir daha sübut etdi ki, siyasətdə böyük addımları ancaq dahilər ata bilirlər. Heydər Əliyevin M.Qorbaçovun ünvanına söylədiyi ittihamlar təkcə Bakıda deyil, Tbilisi, Vilnüs, Riqa və digər şəhərlərdə də hörmət və ehtiramla qarşılanmış, ulu öndərimizin bu aydın mövqeyi o dövrün siyasi təlatümlərindən çaşqın vəziyyətə düşən milyonlarla insan üçün aydın bir istiqamətə çevrilmişdi.

Ulu öndər Heydər Əliyev 1990-cı il 20 Yanvar faciəsi ilə əlaqədar Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində keçirilmiş tədbirdə demişdi: “Dağlıq Qarabağ hadisələrinin ilkin mərhələsində ölkənin ali partiya siyasi rəhbərliyi tərəfindən vaxtında zəruri tədbirlər görülsə idi, gərginlik indiki həddə çatmaz, tərəflər itkilərə məruz qalmaz, başlıcası isə 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə çoxlu insan qırğını ilə nəticələnən hərbi müdaxilə üçün də zəmin yaranmazdı. Bunlar üçün ilk növbədə, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin artıq sabiq birinci katibi Vəzirov müqəssirdir. Bu yüksək vəzifədə olduğu müddətdə o, Azərbaycandakı vəziyyəti sabitləşdirmək üçün heç nə etməmişdir. Əksinə, özünün səhv addımları, yaramaz iş üslubu, yanlış siyasi manevrləri ilə xalqla öz arasında uçurum yaratmışdır. Xalq isə hiddətlənmişdir. Elə buna görə də Bakıda və Azərbaycanın digər şəhər və rayonlarında aylarla davam edən mitinqlərdə dəfələrlə Azərbaycanın partiya rəhbərlərinin istefası tələbi irəli sürülmüşdür. Söhbət əslində, Vəzirovun istefasından gedirdi. Bəs bu məsələ indiyə kimi niyə həll olunmamışdır?

Yalnız dünən Bakı şəhərinə ordu yeridildikdən, qırğın və dağıntılar baş verdikdən sonra Vəzirov Azərbaycandan əslində, qaçmışdır. Bu, böyük səhvdir. Ən böyük səhv isə sözsüz ki, qeyri-ciddi, bu yüksək vəzifəyə əsla yaramayan adamın bir vaxt Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinə birinci katib təyin edilməsi idi. Ancaq iş təkcə bununla bitmir. İndi yanvarın 19-dan 20-nə keçən gecə baş vermiş və bu gün də davam edən faciənin üstündə dayanmaq istəyirəm. Hesab edirəm ki, Azərbaycandakı vəziyyəti öz axarına salmaq, siyasi həyatdakı qeyri-sabitliyi nizamlamaq üçün kifayət qədər imkan olmuşdur. Təəssüf ki, Azərbaycan rəhbərliyi, həmçinin ölkənin ali siyasi rəhbərliyi bu imkanlardan istifadə edə bilməmişdir”.

Sov.İKP sıralarını tərk edən ulu öndər özünün partiya ilə əlaqələrinin qırılmasını belə izah etmişdi: “Mən Kommunist Partiyasına xeyli güc və enerji sərf etmişəm. Mən SSRİ-nin rəhbərlərindən biri olmuşam. Lakin əmin olanda ki, bu quruluşun məhvi labüddür, partiya dönükdür və açıq-aydın xalqın əleyhinədir, mən onun sıralarını heyifsilənmədən tərk etdim. Azadlıq və demokratiya ideallarına xidmət naminə tərk etdim”.

Artıq Heydər Əliyev Moskvada qala bilməzdi. Ulu öndəri ölkənin gələcək müqəddəratının həll olunduğu Vətən, coşqun siyasi hadisələrin mərkəzi özünə sarı çəkirdi. Heç bir vəzifəsi olmadığı və fəal siyasətdən kənarda qaldığı illərdə də hörmət və ehtiramla qarşılanan növbəti addımı onun Moskvadan Azərbaycana qayıtmaq barədə qərarı idi. Azərbaycan həmin dövrdə çox ağır günlərini yaşayırdı. SSRİ-nin dağılmasından sonra Azərbaycan ağır bəlalarla üzləşmiş, parçalanmaq təhlükəsi qarşısında qalmışdı. Ona görə də Heydər Əliyev həmin çətin məqamda öz xalqının yanında olmağı məqsədəuyğun saydı və Moskvadan Azərbaycana qayıtdı. Amma Heydər Əliyev Moskvada nə qədər təhdid və təzyiqlər altında yaşayırdısa, Azərbaycanda da onu xalqa zidd hakimiyyət tərəfindən bir o qədər təzyiq və hədələr gözləyirdi. Hətta ulu öndərin siyasi dəst-xəttinə və dövlətçilik təcrübəsinə açıq rəğbət göstərən tanınmış yazıçı Əjdər Xanbabayevin qətlə yetirilməsi ilə Heydər Əliyevə xəbərdarlıq edilmişdi. Ancaq böyük siyasətçinin öz xalqına inamı, eyni zamanda, xalqa bağlılığı tam qarşılıqlı idi. Xalq ona inanır, öz böyük oğlunu bütün təhlükələrdən qorumağa hazır olduğunu bildirirdi. Məhz həmin inamın nəticəsində Heydər Əliyev 1990-cı il iyulun 20-də təyyarə ilə Bakıya gəldi. İki gün sonra - iyulun 22-də isə səhər saatlarında ulu öndər hakimiyyətin təhdidləri nəticəsində Bakıdan Naxçıvana getməyə məcbur oldu. Bu, böyük qayıdışın başlanğıcı idi. Heydər Əliyevin Moskvadan Naxçıvana qayıdışı, o dövrün bəzi qəzetlərində yazıldığı kimi, əyalət mərkəzinə yox, Vətənə, böyük siyasətə fəal şəkildə, birmənalı, ardıcıl, qətiyyətli qayıdış idi.

Azərbaycanın siyasi tarixində özünə parlaq iz qoymuş bu böyük şəxsiyyətin Naxçıvanda yenidən siyasi hakimiyyətə qayıdışı, sıravi deputat, sonralar isə Naxçıvan Muxtar Respublikasının rəhbəri kimi fəaliyyət göstərməsi Naxçıvandan başlanan müstəqillik yolunun bütün Azərbaycan siyasi mühitində aparıcı qüvvəyə çevrilməsinə, milli dövlətçiliyin bərpası istiqamətində qəti addımların atılmasına gətirib çıxardı. Ulu öndər 1990-cı ilin payızında keçirilən seçkilərdə Naxçıvan və Azərbaycan parlamentinə deputat seçildi. 20 Yanvar faciəsinə hüquqi-siyasi qiymətin verilməməsi onu ciddi narahat edirdi. 1990-cı ilin noyabr ayında ulu öndərin böyük siyasi nüfuzu sayəsində 20 Yanvar faciəsinə prinsipial qiymət verilməsi məsələsi yenidən gündəmə gəldi. Bu mənada Naxçıvan Muxtar Respublikası Ali Məclisinin birinci sessiyasının noyabrın 21-də keçirilən iclası yadda qaldı. Heydər Əliyev xalq deputatı kimi “1990-cı ilin yanvar ayında törədilmiş Bakı hadisələrinə siyasi qiymət verilməsi haqqında” qərar layihəsini işləyib Ali Məclisin müzakirəsinə təqdim etdi. Sessiyadakı çıxışında xalqımızın hərbi, siyasi, mənəvi təcavüzə məruz qalmasından narahatlıqla danışan Heydər Əliyev ürək yanğısı və qətiyyətlə deyirdi: “Başımıza böyük bəla gəlib, millət əzilib, millətə qarşı təcavüz olub, ancaq indiyə qədər Azərbaycan xalqının həyatında baş vermiş bu faciəli hadisəyə qiymət verilməyib... Bu qədər qanunsuzluğa, demokratiyanın pozulmasına dözmək olmaz. Bu məsələyə biz özümüz siyasi qiymət verməliyik, respublikanın ali hakimiyyət orqanından tələb etməliyik ki, bu məsələyə baxsın və günahkarlar cəzalandırılsın”.

Heydər Əliyevin xalqın milli faciəsi ilə bağlı qaldırdığı taleyüklü məsələ xalq deputatları tərəfindən qətiyyətlə müdafiə olunurdu. Naxçıvan Ali Məclisinin birinci sessiyasında “1990-cı ilin yanvar ayında törədilmiş Bakı hadisələrinə siyasi qiymət verilməsi haqqında” qərar qəbul edildi. Naxçıvan MR Ali Məclisinin 21 noyabr 1990-cı il tarixli qərarında göstərilirdi:

“Yanvar faciəsinin səbəkarlarının - istər İttifaq, istərsə də respublika rəhbər partiya, sovet, hüquq-mühafizə orqanı işçilərinin, hərbçilərin bu günədək aşkar edilib qanunla məsuliyyətə cəlb olunmaması xalqda dərin hiddət və etiraz doğurmuşdur.

Naxçıvan Muxtar Respublikasının Ali Məclisi bütün bunları işğalçı siyasət və dəqiq düşünülmüş hərbi təcavüz kimi qiymətləndirərək insan hüquqları bəyannaməsinin kobud şəkildə pozulması kimi nəzərdə tutularaq qərara alır:

1. 1990-cı ilin yanvar ayında Bakı şəhərində törədilmiş qanlı hadisələr Azərbaycan SSR-in suveren hüquqlarına, respublikada gedən demokratik proseslərə qəsd kimi qiymətləndirilsin.

2. Dinc əhaliyə, silahsız kütləyə, heç bir müqavimət göstərməyən günahsız adamlara qarşı müasir silahla, hərbi texnika ilə zorakılıq edilməsi, qocaların, qadınların, uşaqların qətlə yetirilməsi Azərbaycan xalqına qarşı açıq təcavüz kimi ittiham edilsin.

3. Bir ilə yaxın vaxt keçməsinə baxmayaraq, Bakı faciələrinə Azərbaycan SSR ali hakimiyyət orqanları tərəfindən siyasi qiymət verilməməsi, bununla əlaqədar yaradılmış Xüsusi Deputat Komissiyasının işinin qeyri-müəyyən səbəblərdən başa çatdırılmaması qanlı hadisələrin günahkarlarının aşkara çıxarılıb qanuni məsuliyyətə verilməməsinə qəti eiraz olunsun.

Azərbaycan SSR Ali Sovetindən tələb edilsin ki, ən qısa müddətdə həmin məsələni parlamentin müzakirəsinə çıxarsın.

4. Bu qərar qəbul edilən andan 20 Yanvar günü hər il Naxçıvan Muxtar Respublikasında Milli Matəm Günü kimi qeyd edilsin.

5. Azərbaycan SSR Ali Sovetindən xahiş edilsin ki, 20 Yanvar günü hər il Azərbaycan SSR-də Milli matəm kimi qeyd edilsin”.

Göründüyü kimi, qərarda 20 Yanvar hadisələri Azərbaycanın suveren hüquqlarına, dinc əhaliyə, heç bir müqavimət göstərməyən günahsız adamlara, Azərbaycan xalqına qarşı açıq təcavüz kimi qiymətləndirilir. Həmçinin Azərbaycanın o vaxtkı rəhbərliyinin cinayətkar fəaliyyəti bir daha qeyd olunaraq deyilir ki, Qanlı Yanvar hadisələrinin günahkarlarını üzə çıxarmaq, hadisələri təhlil etmək və siyasi qiymət vermək üçün respublika əhalisinin təkidli tələbinə baxmayaraq faktiki olaraq faciədən ötən müddət ərzində heç bir tədbir görülməmişdir. Qəribə idi ki, respublika Ali Sovetinin yanvar hadisələrini təhqiq etməli olan komissiyası da öz işi ilə məşğul olmamışdır. Respublika rəhbərliyinin bu etinasızlığı haqlı olaraq xalqda hiddət və etiraz doğururdu.

Ulu öndər Heydər Əliyev Azərbaycan xalqına qarşı soyqırımı siyasətini həyata keçirməyə rəvac verənlərlə mübarizəsini ona qarşı az qala, düşmən mövqedə duran Ali Sovetdə və digər istiqamətlərdə də davam etdirir, böyükdən kiçiyə qədər hər kəsə məlum olan qatillərin hüquqi müstəvidə aşkar olunmasını, faciəyə siyasi qiymətin verilməsini tələb edirdi. Heydər Əliyev Azərbaycan SSR Ali Sovetinin 7 mart 1991-ci il tarixli sessiyasındakı çıxışında deyirdi: “1990-cı il yanvarın 20-də İttifaq dövləti tərəfindən Azərbaycan xalqına qarşı hərbi təcavüz edilmişdir. Heç bir əsas olmadan, xəbər vermədən, dövlət qanunlarını kobudcasına pozaraq Bakı şəhərinə müasir silahlı sovet ordusunun qoşun hissələri yeridilmiş, onlar vəhşilik, qəddarlıq etmiş, nəticədə nahaq qan tökülmüş, yüzlərlə adam həlak olmuş, xəsarət almış, itkin düşmüşdür. Təəssüf ki, bu təcavüz indiyə qədər davam edir. Bir ildən artıqdır ki, Azərbaycanın paytaxtı fövqəladə vəziyyət şəraitində yaşayır. Bizim sessiyamız da bu şəraitdə keçirilir. Bir ildən artıqdır ki, Azərbaycan xalqı şəhidlərə matəm saxlayır. Respublikanın şəhərlərində, qəsəbələrində, kəndlərində şəhidlərin xatirəsinə abidələr ucaldılır. Fəqət, qatillər indiyə qədər aşkar olunmayıb. Buna heç vəchlə bəraət qazandırmaq olmaz. Bu məsələ müzakirə olunmalıdır. 20 Yanvar faciəsinə Ali Sovetin sessiyası siyasi qiymət verməlidir, onun günahkarlarını müəyyən etməlidir”.

Heydər Əliyev 1991-ci il iyunun 19-da SSRİ Nazirlər Sovetinə göndərdiyi məktubunda yazırdı: “Yanvar hadisələrində yüzlərlə adam öldürüldü və şikəst edildi. Artıq il yarım keçib. Nəinki bu dəhşətli cinayətlərin hamıya çoxdan məlum olan günahkarları üzə çıxarılmayıb, əksinə, bunları ört-basdır etmək üçün əllərindən gələni edirlər. Ümid edirlər ki, zaman keçdikcə bu faciə unudulacaq. Ancaq tarix dəfələrlə sübut etmişdir ki, doğma xalqa qarşı yönəldilmiş qanlı cinayətləri on illər keçsə də, unutmaq və bağışlamaq mümkün deyil”.

Azərbaycan Respublikası Ali Sovetinin 29 avqust 1991-ci il tarixli sessiyasındakı çıxışında isə Heydər Əliyev deyirdi: “20 Yanvar faciəsi dövründən il yarımdan çox vaxt keçir. Bu gün burada da, bu salonda cürbəcür söhbətlər gedir. Bir qrup bir fikirdədir, məndən qabaq çıxış edən Rəhimov başqa fikirdədir. Mən sual verirəm: Ali Sovetin sədri Elmira Qafarovaya, Azərbaycan prezidenti Ayaz Mütəllibova: nə üçün indiyə qədər bu məsələyə siyasi qiymət verilməyib? Bu məsələnin həm siyasi tərəfi var, həm hüquqi tərəfi var. Bu məsələyə dərhal siyasi qiymət vermək olardı. O ki qaldı hüquqi cəhəti, ayrı-ayrı adamların məsuliyyətə cəlb olunması, onu şübhəsiz ki, istintaq yolu ilə aydınlaşdırmaq lazımdır. Buna siyasi qiymət verilmədiyinə görə başqa tədbirlər həyata keçirmək mümkün olmur”.

Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra 20 Yanvar faciəsinə tam siyasi-hüquqi qiymətin verilməsi vəzifəsinin qarşıya qoyulması günün tələbi idi. Ulu öndər dövrün mürəkkəbliyinə və görüləsi işlərin çoxluğuna baxmayaraq, tariximizin şanlı və qanlı səhifəsi sayılan 20 Yanvar faciəsinin başvermə səbəblərini və günahkarlarının araşdırılması ilə də məşğul oldu. 1994-cü il yanvarın 5-də 20 Yanvar faciəsinin dördüncü ildönümünün keçirilməsi ilə bağlı verdiyi fərmanda Milli Məclisə faciəyə tam siyasi-hüquqi qiymət verməsi tövsiyə olunurdu. Yalnız bundan sonra aparılan araşdırmalar nəticəsində məlum oldu ki, 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymətin verilməməsində maraqlı olan qüvvələr var imiş. 1991-1993-cü illərdə hakimiyyətdə qalmaq istəyən iqtidar, hakimiyyətə gəlmək istəyən müxalifət nümayəndələri bu dəhşətli faciədən yararlanmaq istəyirmişlər. Heydər Əliyev 1994-cü il yanvarın 12-də dövlət komissiyasının geniş iclasında Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının 1992-ci il 19 yanvar tarixli qərarını xatırladaraq bu qərarda yanvar hadisələrinin əsl səbəblərinin açıqlanmadığını, həqiqi günahkarların aşkar edilmədiyini, iki il ərzində həmin qərarın özünün yerinə yetirilmədiyini nəzərə çatdırdı. Respublika səviyyəsində 20 Yanvar faciəsinə tam siyasi-hüquqi qiymətin verilməməsini ciddi tənqid edən Heydər Əliyev 1992-ci ildə Milli Şura tərəfindən qəbul edilmiş səthi və başdansovdu qərarın xalqa xəyanət olduğunu bəyan etdi: “Bu qərarı oxuyanda doğrusu, çox həyəcanlandım. Düşündüm ki, Milli Şura nə üçün öz millətinin, öz xalqının aqibətinə, taleyinə bu qədər biganə qalıb? Qərarı oxuyandan sonra bir daha qəti fikrə gəldim ki, bu faciəyə, bu hadisəyə niyə indiyə qədər siyasi qiymət verilməyib... Mənim fikrim belədir ki, bu qərarın qəbul edilməsi Azərbaycan xalqına bəlkə də 20 yanvar 1990-cı ildə olan faciə kimi böyük xəyanətdir. İki il keçəndən sonra deputat-istintaq komissiyasının ortaya bir şey çıxarmaması, boş-boş sözlərlə camaatı aldatması, qərarda bu komissiyanın işinin qənaətbəxş hesab edilməsi yenə də deyirəm, xəyanətdir”.

1994-ci il martın 29-da Milli Məclis tərəfindən “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” adlı xüsusi qərar qəbul edildi. Qərarda 1990-cı ilin 20 Yanvar hadisələri Azərbaycanda vüsət almış milli-azadlıq hərəkatını boğmaq, demokratik və suveren bir dövlət amalı ilə ayağa qalxan xalqın inam və iradəsini qırmaq, milli mənliyini alçaltmaq və belə bir yola qədəm qoyan xalqa sovet hərb maşınının gücünü nümayiş etdirmək məqsədilə totalitar kommunist rejimi tərəfindən hərbi təcavüz və cinayət kimi qiymətləndirildi. Xalq hərəkatını boğmaq ucun 20 Yanvar faciəsini təşkil etmiş Sovet İttifaqı Kommunist Partiyası, sovet dövləti və hökuməti rəhbərliyinin, o cümlədən şəxsən Mixail Qorbaçovun Azərbaycan xalqına qarşı ağır cinayət törətdiyi qeyd olunmuşdur. Eyni zamanda, xalqa qarşı törədilən hərbi təcavüzə görə məsuliyyətin o dövrdəki respublika rəhbərliyinin üzərinə düşdüyü, onların Azərbaycan xalqına xəyanət etdikləri qeyd olunmuşdur. Beləliklə, Heydər Əliyevin təkidi və təşəbbüsü sayəsində xalqımıza qarşı törədilən bu qanlı və qəddar aksiyaya siyasi-hüquqi qiymət verildi.

“20 Yanvar şəhidi” fəxri adının təsis edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti 31 mart 1998-ci il tarixdə fərman imzalamışdır. 29 dekabr 1998-ci ildə “20 Yanvar şəhidi” fəxri adı haqqında Əsasnamə təsdiq edilmişdir. 1990-cı il yanvarın 20-də keçmiş SSRİ silahlı qüvvələrinin Bakıya və respublikanın bir neçə rayonuna hərbi təcavüzü zamanı həlak olmuş insanlara “20 Yanvar şəhidi” fəxri adı verilmişdir. Heydər Əliyev 20 Yanvar faciəsinin bütün dünyada tanıdılmasına, hər zaman şəhidlərin xatirəsinin əziz tutulmasına diqqətlə yanaşırdı. Bakının ən uca nöqtəsində yerləşən Şəhidlər xiyabanında Azərbaycanın azadlığı uğrunda şəhid olanların xatirəsinə ucaldılmış möhtəşəm “Əbədi məşəl” abidə-kompleksi də məhz ulu öndər Heydər Əliyevin təşəbbüsü və qayğısı ilə tikilib.

Ulu öndərin bütün sahələrdə siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev şəhidlərin xatirəsinin uca tutulmasına, şəhid ailələrinin sosial məsələlərinin həll edilməsinə xüsusi diqqət göstərir, hər il yanvarın 20-də Şəhidlər xiyabanını ziyarət edərək “Əbədi məşəl” abidə kompleksinin önünə əklil qoyur. Dövlət başçısı 2004-cü ildə 20 Yanvar faciəsinin 14-cü ildönümünün keçirilməsi ilə bağlı sərəncamında bildirirdi ki, Azərbaycan övladları 1990-cı il yanvarın 20-də xalqımızın qəhrəmanlıq salnaməsinə parlaq səhifə yazdılar: “Həmin gün respublikada haqq-ədalətin bərqərar edilməsi tələbləri ilə çıxış edən Azərbaycan xalqının inam və iradəsini qırmaq, milli mənliyini alçaltmaq məqsədilə totalitar sovet rejiminin həyata keçirdiyi terror aktı nəticəsində bəşər tarixində insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri baş verdi. Yüzlərlə günahsız insan yaralandı və qətlə yetirildi. Ən ağır sınaqlara sinə gərmək əzmini bütün dünyaya nümayiş etdirən Azərbaycan övladları 1990-cı il yanvarın 20-də xalqımızın qəhrəmanlıq salnaməsinə parlaq səhifə yazdılar”.

Prezident İlham Əliyev 1990-cı ilin yanvarında şəhid olmuş oğul və qızlarımızın xatirəsinin əbədiləşdirilməsi, adlarının uca tutulması, onların ailələrinin, övladlarının sosial müdafiəsinin gücləndirilməsi üçün mühüm qərarlar vermişdir. Dövlət başçısının 19 yanvar 2006-cı il tarixli “20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” fərmanı ilə şəhid ailələrinə dövlət qayğısını artırmaq məqsədilə təqaüd verilir.

Bu gün Bakıda hər bir azərbaycanlı üçün müqəddəs and yerinə çevrilmiş bir yer var. Bu, 20 Yanvar faciəsi qurbanlarının və Ermənistanın hərbi təcavüzünə qarşı döyüşlərdə həlak olanların dəfn edildiyi Şəhidlər xiyabanıdır.

Hər il olduğu kimi, bu il də Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin sərəncamı ilə 20 Yanvar faciəsinin ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı təsdiq edilib. Sənəddə respublikanın şəhər və rayonlarında, o cümlədən idarə və təşkilatlarda 20 Yanvar hadisələri ilə bağlı konfrans, toplantı və mühazirələrin təşkili, mədəniyyət ocaqlarında faciəyə həsr olunmuş tamaşaların göstərilməsi, bədii və sənədli filmlərin nümayiş etdirilməsi, bu tədbirlərin kütləvi informasiya vasitələrində geniş işıqlandırılması, dünya ictimaiyyətinin diqqətini faciəyə yönəltmək məqsədilə Azərbaycanın xarici ölkələrdəki səfirlikləri, diplomatik nümayəndəlikləri, diaspor qurumları və icmaları vasitəsilə müvafiq tədbirlərin keçirilməsi, dünyanın aparıcı kütləvi informasiya vasitələrində, eləcə də televiziya kanallarında və internet şəbəkələrində 20 Yanvar faciəsi barədə materialların verilməsi nəzərdə tutulub.

Tədbirlər planına əsasən, respublikanın bütün tədris müəssisələrində faciəyə həsr edilmiş xüsusi dərs aparılır, 20 Yanvar hadisələri zamanı şəhid olanların ailələrinə humanitar yardım verilir, Şəhidlər xiyabanı ərazisində lazımi işlər görülür, Azərbaycanda təmsil olunan əsas dini konfessiya və qurumlar tərəfindən faciə qurbanlarının xatirəsinə dini mərasimlər təşkil edilir.

Sərəncamda paytaxt ictimaiyyətinin yanvarın 20-də Şəhidlər xiyabanına ziyarətinin təşkili, saat 12.00-da bütün ölkə ərazisində şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi, gəmilər, avtomobillər və qatarlar vasitəsilə səs siqnallarının verilməsi, gün ərzində Şəhidlər xiyabanında matəm musiqisinin səsləndirilməsi, respublikanın şəhər və rayonlarında, kənd və qəsəbələrində hüzn əlaməti olaraq dövlət bayraqlarının endirilməsi və digər tədbirlər keçirilir.

1990-cı ilin Qanlı Yanvar hadisəsi Azərbaycan xalqı üçün təkcə böyük faciə deyildir. O, ləyaqətini qorumaq üçün hər cür qurban verməyə hazır olan xalqın tarixində şərəfli bir səhifədir. 20 Yanvar faciəsi, eyni zamanda, həm ümumxalq faciəsi, həm də müstəqillik, istiqlal uğrunda xalqımızın apardığı milli azadlıq hərəkatının zirvəsi kimi Azərbaycan tarixinə həkk olunub. Ümummilli lider Heydər Əliyevin söylədiyi kimi, bu təcavüz xalqımızı mənəvi cəhətdən çox sarsıtsa da, itkilərə məruz qoysa da, onun mənliyini tapdalaya bilmədi, qürurunu sındıra bilmədi, qəhrəmanlıq salnaməsinə yeni bir səhifə kimi yazıldı.

 

Elnur HACALIYEV.