Respublika.-2016.-19 yanvar.-¹ 12.-S.5.

Qəhrəmanlıq salnaməsinin parlaq səhifəsi

...O müdhiş gecədən, qanlı şənbədən bizi 26 illik bir zaman məsafəsi ayırır. Amma baş vermiş faciənin ağrı-acısını, törədilmiş cinayətin amansızlığını nə vaxtın axarı unutdura bilir, nə də tarixin gedişi...1990-cı ilin 20 yanvarı xalqımızın yaddaş salnaməsinə əbədi olaraq hüzn və qürur anı kimi həkk olunmuşdur. Hüznümüz - həmin gün həyatını itirmiş həmvətənlərimizin nakam taleyi, günahsız insanların vəhşicəsinə qətlə yetirilməsi ilə bağlıdırsa, qürurumuz azadlıqsevər xalqımızın mübarizə ruhunun ən zəhmli hərbi güc, ən qorxunc döyüş silahları qarşısında belə əyilməzliyindən qaynaqlanır.

Keçmiş SSRİ dövlətinin süqutu siyasi hakimiyyətin şəriksiz sahibi olan Kommunist Partiyasına M.Qorbaçov kimi avantürist və karyerist bir adamın gətirilməsi ilə başlandı. Onun “yenidənqurma” adı ilə həyata keçirdiyi siyasət sovet cəmiyyətinin uzun illər ərzində möhkəmlənmiş sütunlarını elə sarsıtdı ki, xalqların “könüllü ittifaqı” çox sürətlə çat verdi. Bu ittifaqın üzvü olmasına baxmayaraq, daim öz qonşularının torpaqlarına göz dikən namərd ermənilər belə bir vaxtda öz mənfur niyyətlərini gerçəkləşdirmək, Qarabağı inzibati cəhətdən Azərbaycandan ayırmaq fürsəti qazandıqlarını düşündülər. Onların bu məsələni aktuallaşdırmaq cəhdlərinə sovet hökumətinin məsuliyyətsiz münasibəti xalqımızı real təhlükə qarşısında səfərbər olmağa, öz mənafeyini qorumağa məcbur edirdi. Ulu Öndər Heydər Əliyevin 1970-80-ci illərdə respublikamızda apardığı siyasət nəticəsində milli özünüdərk prosesinin başlanması, xalqımızın milli mənlik şüurunun yetkinləşməsi xəyanətkar qonşuların düşmənçilik iddialarına qarşı mübarizə aparmaq üçün yaxşı bir zəmin oldu.

Belə bir fakt danılmazdır ki, erməni millətçilərinin tarixən xəyallarında qurduqları “Böyük Ermənistan” planını yenidən işə salmaq cəhdləri Azərbaycanın dahi oğlu Heydər Əliyevin siyasi hakimiyyətdən uzaqlaşdırılmasından sonra rəvac tapa bilmişdi. SSRİ kimi çoxmillətli, nəhəng bir dövlətdə bir türk oğlunun qazandığı ümumxalq məhəbbəti, onun ağlı, zəkası və qətiyyəti özünü sərsəm çıxışları və mənfur əməlləri ilə ölkədə gözdən salmış, erməni mafiyasının təsiri altına düşmüş M.Qorbaçovda kəskin həsəd və paxıllıq hissi ilə yanaşı, həm də qorxu yaradırdı. O zaman aparıcı xarici dövlətlərin beyin mərkəzləri apardıqları təhlillər əsasında belə qənaətə gəlirdilər ki, Heydər Əliyev SSRİ-ni iflasdan xilas edib onu qoruya biləcək yeganə siyasi liderdir.

Ulu Öndərimizin 1987-ci ildə ali dövlət hakimiyyətindən uzaqlaşdırılmasından bir gün sonra M.Qorbaçovun iqtisadi məsələlər üzrə məsləhətçisi, Moskvadakı erməni mafiyasının başçılarından olan akademik Aqanbekyanın Fransanın “Humanite” qəzetində müsahibəsi çıxdı. Bu bədnam iqtisadçı alim müsahibədə iddia edirdi ki, Dağlıq Qarabağ iqtisadi cəhətdən Ermənistana yaxındır. Məhz bu iddia az sonra Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi uğrunda separat çıxışların ideoloji əsasını təşkil etdi.

Erməni millətçilərinin Azərbaycana qarşı təxribat planlarını həyata keçirmək üçün əməli fəaliyyətə keçmələri də məhz bundan sonra başlandı. Xankəndidə, Göyçədə, İrəvanda biri-birinin ardınca soydaşlarımıza qarşı zorakılıqlar, qarət və qəsdlər törədildi, onların öz tarixi ata-baba yurdlarından qovulması ardıcıl xarakter aldı. Bütün bunlar sovet hökuməti başçılarının cinayətkar biganəliyi, laqeydliyi, Azərbaycana düşmən münasibəti fonunda həyata keçirilirdi.

Ermənistanda və Dağlıq Qarabağda soydaşlarımıza qarşı davamlı olaraq törədilən cinayətlər, getdikcə daha da şiddətlənən ərazi iddiaları xalqımızın kəskin etirazına səbəb olur, özünümüdafiə tədbirləri görməsi zərurəti, öz səsini dünyaya çatdırmaq zərurəti doğururdu. Dağlıq Qarabağdakı separatçılığa qarşı 1988-ci ilin noyabr-dekabr aylarında Bakıda ümumxalq mitinqlərinin keçirilməsi, 1989-cu il dekabrın 31-də Naxçıvanda Azərbaycan-İran sərhədində tikanlı məftillərin sökülərək Arazın o tayındakı soydaşlarımızla əlaqə yaradılması cəhdləri SSRİ rəhbərliyini hədsiz dərəcədə qəzəbləndirdi. Nəticədə Azərbaycanda xalq hərəkatının yatırılmasına əlverişli zəmin yaratmaq üçün SSRİ Dövlət Təhlükəsizlik Komitəsi öz agentləri vasitəsilə Bakıda, Lənkəranda, Cəlilabadda, Neftçalada və digər bölgələrdə təxribat və iğtişaşlar törətdi. 1990-cı ilin yanvar ayında Bakıya qoşun hissələrinin yeridilməsi barədə qərar da guya bu iğtişaşların qarşısını almaq məqsədilə qəbul edilmişdi.

SSRİ və Azərbaycan rəhbərliyinin nümayəndələri televiziya ilə çıxış edərək, Bakıda fövqəladə vəziyyət tətbiq olunmayacağı, hərbi qüvvələrdən istifadə edilməyəcəyi, dinc əhaliyə atəş açılmayacağı barədə vədlər versələr də, şəhəri mühasirəyə almış, özü də əksəriyyəti Stavropoldan gətirilmiş, qəzəbli və azğınlaşmış erməni saqqallılarından ibarət dəstələr və güclü döyüş texnikası bir neçə saat sonra xəbərdarlıqsız hərəkətə keçdilər. Sovet imperiyasının rəhbərləri yanvarın 19-dan 20-nə keçən gecə Bakıda küçə və meydanlara toplaşmış azadlıqsevər insanlara atəş açılması barədə əmr verdilər, ordu dinc və günahsız əhaliyə qarşı döyüş əməliyyatına başladı.

O gecə törədilən vəhşi qırğının canlı şahidi kimi baş verənləri təfərrüatlı təsvir etmək bu gün də mənim üçün çox çətindir. On illər keçsə də, bu dözülməz faciəni - millətimizə qarşı törədilən qətliamı, qeyrətli, vətənpərvər soydaşlarımızın qanına qəltan edilməsini unutmaq mümkün deyildir.

Həmin vaxt mən metropolitendə distansiya rəisi vəzifəsində işləyir, eyni zamanda, xalq hərəkatına fəal dəstək verir, kollektivin milli mənafelərimizin qorunmasına səfərbər olunmasına çalışırdım. Faciə baş verən gecə mən “Elmlər Akademiyası” stansiyasında idim. Bəzi etirazçı qüvvələr metropolitenin də ümumrespublika tətilinə qoşulmasını istəsələr də, biz bütün kollektivin iş başında olmasını məqsədəuyğun saymışdıq və həmin gecəki hadisələr göstərdi ki, bu, çox düzgün qərar idi. Maşinistlər, növbətçilər, çilingərlər, bütün kollektiv iş başında idilər. Məzuniyyətdə, hətta xəstə olanlar da, heç kimin dəvəti olmadan öz ürəklərinin hökmü ilə vətəndaşlıq borclarını yerinə yetirmək naminə iş yerinə gəlmişdilər.

Qoşun hissələrinin metronun “20 Yanvar” stansiyası həndəvərində, Biləcəri yoxuşunda, Salyan kazarmasının qarşısında, indiki “Koroğlu” stansiyası yaxınlığında adamlara atəş açdığı barədə xəbərlər aldıq. Sovet ordusunun tankları keçmiş Tbilisi prospektindəki rəmzi barrikadaları darmadağın etmiş, ətrafda toplaşan insanlara avtomatlardan atəş açmışdılar. Köməksiz və silahsız adamlar metro stansiyalarına doluşmağa başlamışdılar. Yaralıların, qorxuya düşmüş qadınların, qocaların və uşaqların harayından qulaq tutulurdu. Həmin dəqiqələrdə metro stansiyaları əhalinin üz tutduğu, güvəndiyi sığınacağa, hərbi terminlə desək, blindaja çevrilmişdi. Əhali metro qatarlarına, stansiya keçidlərinə, sözün əsl mənasında, bir xilas yolu kimi baxırdı. 20 Yanvar stansiyasının xəstəxanaya tərəf çıxan keçidi, Allahdan olan kimi, yırtıcıların nəzərindən qaçmışdı. Həmin keçidlə yüzlərlə yaralını xəstəxanaya çatdırmaq mümkün oldu.

Faciənin baş verdiyi gecə və sonrakı günlərdə metro işçiləri, həqiqətən, böyük fədakarlıqlar göstərdilər. Metropoliten işçilərindən biri - “Nərimanov” stansiyasında çilingər işləyən İlqar Qarayev şəhid oldu. Həmin günlərdə çiyin-çiyinə çalışdığım həmkarlarımın - Vaqif Həşimovun, Fəxrəddin İbrahimovun, İsmayıl Maxanovun, Vilayət Əsgərovun göstərdikləri hünər və fədakarlıqları unutmuram. Bu adamlar dinc əhalinin öz ünvanlarına çatdırılması, yaralıların daşınması, qorxmuş, vahiməyə düşmüş əhalinin təhlükəsiz şəraitdə bir nəfəs dərməsi üçün əllərindən gələni etmişdilər. O vaxt metropolitenin rəisi işləyən Vahid Nadirli ilə hər dəqiqə əlaqə saxlayır, operativ tədbirlər görülməsinə nail olurduq. Xoşbəxtlikdən sovet əsgərləri metronun işinə müdaxilə etməkdən çəkinmişdilər. Görünür, yer altında onları hansısa sürprizin gözlədiyini güman etmişdilər. Hər halda, çətin, qorxulu vəziyyət idi. Hər dəqiqə problemlərlə üzləşən metro əməkdaşları bütün çətinliklərə mərdliklə, fədakarlıqla sinə gərdilər, öz vətəndaşlıq borclarını ləyaqətlə yerinə yetirdilər. Bu bizim hər birimiz üçün şərəfli sınaq anı idi...

Həmin gecənin və ondan sonrakı günlərin faciəli statistikası indi hamıya məlumdur: Bakının müxtəlif rayonlarında sovet əsgərləri tərəfindən 134 insan qətlə yetirilmiş, 730-dan artıq vətəndaş yaralanmış və xəsarət almışdı. Onların arasında qadınlar və uşaqlar da vardı.

Xalqın ağır günündə ulu öndərimiz Heydər Əliyevin Moskvada öz haqq səsini ucaltması, sovet dövlətinə, onun rəhbərlərinə qətiyyət və cəsarətlə öz etirazını bildirməsi və bunun bütün dünyaya səs salması bizim hər birimiz üçün əvəzsiz təsəlli, eyni zamanda, qürurverici hadisə oldu. Yanvarın 21-də özünün və ailə üzvlərinin həyatını təhlükə altında qoyaraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələn Heydər Əliyev xalqımıza başsağlığı verdi və mətbuat konfransı keçirib, başda Qorbaçov olmaqla Bakıdakı terror aktına rəvac verən hakimiyyət nümayəndələrini və hərbçiləri cinayətkar, onların dinc əhaliyə tutduqları divanı isə bütöv bir xalqa qarşı edilən tarixi cinayət adlandırdı və bu vəhşiliyə etiraz əlaməti olaraq Kommunist Partiyası sıralarından çıxdığını bəyan etdi.

Təəssüf ki, o dövrdə Azərbaycanda hakimiyyətdə olanlar qorxaqlıq, səbatsızlıq göstərdilər, xalqa qarşı xəyanət yolunu tutdular. Nə bu hadisələr zamanı qaçıb aradan çıxan maymaq Vəzirovdan sonra hakimiyyətə gətirilmiş A.Mütəllibov, nə də xalq azadlıq hərəkatı dalğasında müstəqil dövlətimizin idarəçiliyini ələ almış AXC-Müsavat cütlüyü 20 Yanvar hadisələrinə hüquqi-siyasi qiymət verməyi bacarmadılar.

Yalnız 1990-cı ilin iyulunda Moskvadan vətənə qayıdan Heydər Əliyevin təşəbbüsü ilə həmin il noyabr ayının 21-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisində 20 Yanvar faciəsinə ilk dəfə siyasi-hüquqi qiymət verən sənəd qəbul edildi. Azərbaycan xalqının ümumi rəyini özündə təcəssüm etdirən bu qərar Heydər Əliyev qətiyyətinin və cəsarətinin təzahürü idi. Sənəddə respublika rəhbərliyindən tələb olunurdu ki, 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymət verilsin. Lakin xalqın istək və arzularına xilaf çıxan, milli mənafelərə biganəlik göstərən o vaxtkı respublika rəhbərliyi bu tələbi yerinə yetirmədi.

Bu şərəfli missiya yenə ulu öndər Heydər Əliyevin üzərinə düşdü. Xalqın təkidli tələbi ilə respublika rəhbərliyinə qayıdan ümummilli liderimiz 1994-cü il yanvarın 12-də keçirdiyi müşavirədə bu barədə deyirdi: “Xalqa təcavüz olunmuş, günahkarlar isə hələ müəyyənləşdirilməmişdir. Görünür ki, ötən yaxın illərdəki Sovetlər Birliyi, respublika rəhbərliyi, məsul şəxslər öz mənafeləri naminə bu böyük faciənin əsl mahiyyətini xalqa bəyan etməmişlər”.

Ulu öndərimizin təşəbbüsü ilə hadisəyə tam siyasi-hüquqi qiymət verilməsi Milli Məclisə tövsiyə olundu və elə 1994-cü ildə parlamentimiz müvafiq qərar qəbul etdi.

Heydər Əliyev 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsinə, onların ailələrinə dövlət qayğısının gücləndirilməsinə hər zaman böyük diqqət göstərir, hər il yanvarın 20-də Şəhidlər Xiyabanını ziyarət edir, şəhid ailələri ilə görüşür, onların problemləri ilə maraqlanırdı.

Ulu öndərimizin layiqli davamçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyev də bu ənənəyə sadiqdir və 20 Yanvar şəhidlərinin xatirəsinin uca tutulmasına, şəhid ailələrinin sosial məsələlərinin həllinə xüsusi diqqət göstərir. “Həmin gün respublikada haqq-ədalətin bərqərar edilməsi tələbləri ilə çıxış edən Azərbaycan xalqının inam və iradəsini qırmaq, milli mənliyini alçaltmaq məqsədilə totalitar sovet rejiminin həyata keçirdiyi terror aktı nəticəsində bəşər tarixində insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri baş verdi. Yüzlərlə günahsız insan yaralandı və qətlə yetirildi. Ən ağır sınaqlara sinə gərmək əzmini bütün dünyaya nümayiş etdirən Azərbaycan övladları 1990-cı il yanvarın 20-də xalqımızın qəhrəmanlıq salnaməsinə parlaq səhifə yazdılar” - bu fikirlər möhtərəm Prezidentimizə məxsusdur, xalqımızın qəhrəmanlıq salnaməsinə onun dərin ehtiramını ifadə edir. Bu gün hər birimiz üçün müqəddəs ziyarətgaha çevrilmiş, 20 Yanvar faciəsi qurbanlarının və Ermənistanın hərbi təcavüzünə qarşı döyüşlərdə həlak olanların dəfn edildiyi Şəhidlər Xiyabanı məhz cənab İlham Əliyevin təşəbbüsü ilə tam təmir edilmiş və yenidən qurulmuşdur.

O məşum günlərin canlı şahidləri yaxşı xatırlayırlar ki, Dağüstü parkda 20 Yanvar şəhidləri üçün qəbirlər qazılarkən torpağın altından insan sümükləri çıxırdı. 1918-ci ilin martında Bakıda bolşeviklərin dəstəyi ilə erməni-daşnak dəstələri tərəfindən İsmailiyyə binasına yığılaraq yandırılan azərbaycanlıların cəsədləri məhz burada basdırılmışdı. Sovet dövləti həmin soyqırımını unutdurmaq üçün qəbirlərin üstündə gəzinti meydançası salmış, burada Kirovun heykəlini qoymuşdu. Amma tarix təkrarlanır: 1990-cı ilin yanvarında soyqırımı qurbanlarının ruhları azadlıq, müstəqillik uğrunda şəhid olan həmvətənlərimizin ruhları ilə birləşdi və bura xalqımızın əbədi və müqəddəs ziyarətgahına çevrildi.

Sabah 20 Yanvar faciəsinin 26-cı ildönümü tamam olur. Yeni Azərbaycan Partiyası, onun yerli təşkilatları Ümumxalq Hüzn Gününün keçirilməsi, tariximizin bu qəhrəmanlıq səhifəsinin ehtiramla xatırlanması üçün tədbirlər planı hazırlamışdır və onun yerinə yetirilməsinə başlamışdır.

...Milli azadlıq hərəkatının bütün iştirakçılarının, 20 Yanvar şəhidlərinin və torpaqlarımızın bütövlüyü uğrunda canını fəda edənlərin ən ümdə arzusu Azərbaycanı müstəqil və güclü bir dövlət kimi görmək idi. ümummilli lider Heydər Əliyevin müdrik və möhtəşəm fəaliyyəti, onun davamçısı cənab İlham Əliyevin qüdrətli və mükəmməl idarəçiliyi, siyasi uzaqgörənliyi sayəsində bu gün müstəqil Azərbaycan regionun liderinə, dünya birliyinin ən perspektivli dövlətinə çevrilmiş, xalqımız rifaha və firavanlığa qovuşmuşdur. Dövlətimizin hərbi və iqtisadi gücü, onun rəhbərinin dürüst və məqsədyönlü siyasəti ilə doğma Qarabağımız da tezliklə işğaldan azad ediləcək, bütöv və böyük Azərbaycan tarixə öz şanlı zəfərini əbədi yazacaqdır!

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

 

Tağı ƏHMƏDOV,

 

YAP Yasamal Rayon Təşkilatının sədri.