Xalq qəzeti.-2016.-16 yanvar.-¹10.-S.9.

20 Yanvar Azərbaycanın istiqlal mübarizəsində önəmli mərhələdir

Ötən əsrin son onilliyində dünyada baş verən böyük siyasi dəyişikliklər SSRİ adlanan imperiyadan da yan keçməmişdir. Bu nəhəng dövlətin əsarətdə saxladığı digər xalqlar kimi, Azərbaycan xalqı da tarixi ədaləti, müstəqilliyini  bərpa etmək, suveren, azad yaşamaq istəyirdi. Kreml rəhbərliyini də ən çox qorxuya salan  elə bu idi. Təbii sərvətlərlə zəngin olan Azərbaycan kimi bir respublikanı əldən vermək istəməyən sovet hökuməti xalqın istəyinin qarşısını almaq üçün totalitar rejimə məxsus olan plan hazırlayırdı.

 

Bu planı Qazaxıstanda, Baltikyanı republikalarda  həyata keçirən imperiyanın növbəti  hədəfi Azərbaycan  idi. Başda Mixail Qorbaçov olmaqla rus imperiyası bu qanlı hərəkətləri ilə  başqa respublikalarda da baş qaldırmaqda olan azadlıq, müstəqillik istəklərinin qarşısını almaq istəyirdi. Bu məqsədlə milli münaqişə zəminində böyük nifaq yaradılmasına əl atıldı.

SSRİ rəhbərliyinin himayədarlığı ilə şovinist erməni millətçiləri qızışdırılaraq Azərbaycana qarşı yönəldildi. Dağlıq Qarabağda azərbaycanlılar yaşayan kəndlərə edilən basqınlar, onların  ata-baba yurdlarından didərgin salınması xalqın çox kəskin etirazına səbəb olmuşdu. Meydanlara toplaşan xalq haqsızlıq və ədalətsizliyə son qoyulmasını tələb edirdi. Lakin mərkəzi hökumət bu tələblərə məhəl qoymayaraq erməniləri daha da qızışdırır, Azərbaycanda millətlərarası ayrı-seçkilik toxumu səpirdi. Digər tərəfdən,  80-ci illərin sonlarında  Azərbaycanda başlanan siyasi oyanış Mərkəzi ciddi narahat edirdi. Bu oyanışın qarşısını almaq üçün bəhanə axtaran Moskva elə səbəbi də, bəhanəni də özü hazırladı.

80-ci illərin ikinci yarısında Azərbaycanın tərkib hissəsi olan Dağlıq Qarabağ Muxtar Vilayətində fəaliyyət göstərən təxribatçı “Krunk” erməni ekstremist təşkilatı SSRİ-dəki və xaricdəki erməni “Milli müqəddəratın müstəqil təyin edilməsi birliyi” və “Siyasi məhbusların müdafiəsi erməni komitəsi”nin himayəsindən yararlanaraq fəaliyyətini gücləndirdi. “55-lər komitəsi” adlanan orqanın tapşırıqları əsasında “Krunk” vilayətin erməni əhalisini Dağlıq Qarabağın Ermənistana verilməsini tələb etməyə çağırırdı.

1988-ci ilin yanvarından etibarən “Türksüz Ermənistan” və Dağlıq Qarabağ uğrunda millətçi hərəkatın planlı fəaliyyəti başlandı. 1988-ci il yanvarın 25-də Ermənistanda yaşayan azərbaycanlıların ilk qrupu öz torpaqlarından didərgin salındı. Artıq fevralın 23-nə qədər isti ocaqlarından didərgin salınanların sayı 4 min nəfərə çatdı. Bu hadisə bir tərəfdən Ermənistanda yaşayan azərbaycanlılar arasında vahimə yaradır, digər tərəfdən isə Azərbaycanda ictimai-siyasi vəziyyəti gərginləşdirirdi. Eyni zamanda, erməni-azərbaycanlı münaqişəsinin törədilməsinə rəvac verirdi. Kreml rəhbərliyinin və dünya dövlətlərinin gözü qarşısında baş verən bu hadisələrə heç bir reaksiya yox idi. 1988-ci il fevralın 19-da Muxtar vilayətin Ali Sovetin sessiyasının keçirilməsi, DQMV-nin statusu məsələsinə baxılması haqqında SSRİ Ali Sovetinə müraciət qəbul edilməsi çağırışları altında kütləvi antiazərbaycan mitinqləri keçirildi. Elə həmin gün Bakıda da bu hadisələrə etiraz edən kütləvi mitinq təşkil olundu.

“Şit” ictimai təşkilatının müstəqil təhqiqatının nəticələrində bildirilirdi ki, Mixail Qorbaçov öz çirkin niyyətini həyata keçirmək üçün  Bakıda erməni əhaliyə qarşı kütləvi talanlar törədilməsi barədə DTK-ya göstəriş vermişdi. Heç bir təqsiri olmayan kişilər və qadınlar, ahıl adamlar öldürülürdü. Erməni ailələri Bakı qarnizonunun hissələrində, Qırmızı Bayraq Ordenli Xəzər Hərbi Donanmasında, rayon daxili işlər şöbələrində, məscidlərdə, milliyyətcə azərbaycanlı və rus olan ayrı-ayrı vətəndaşların evlərində sığınacaq tapır və qorunurdular. Elə həmin günlərdə hərbi qulluqçuların və dənizçilərin mühafizəsi ilə erməni ailələrinin kütləvi surətdə köçürülməsinə başlanmışdı və bu iş Bakıda  fövqəladə vəziyyət elan olunanadək davam etdirilmişdi. Talanlar zamanı Azərbaycanın Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Komitəsinin şəxsi heyətinin və həmin vaxt şəhərdə olmuş SSRİ Daxili İşlər Nazirliyinin daxili qoşunları heç bir iş görmürdülər, hərçənd aşkar qətllər, zorakılıq, qarətlər və azğınlıqlar baş verirdi.

Bakıda fövqəladə vəziyyət tətbiq edilməsi barədə əhaliyə vaxtında xəbərdarlıq edilməmişdi.  Hərbi qüvvə işlədilməyə hazırlıq görüldüyü barədə əhali vaxtında xəbərdar edilsəydi, küçə və meydanlara toplaşan dinc əhali  evlərinə dağılışar və tələfat da az olardı. Vətəndaşlıq hüquqları və siyasi hüquqlar haqqında 1966-cı il tarixli Beynəlxalq Paktın 4-cü maddəsinin 1-ci bəndində deyilir ki, fövqəladə vəziyyət tətbiq ediləcəyini rəsmən elan etmək lazımdır. Halbuki Bakıda fövqəladə vəziyyət tətbiq edildiyini əhali ilk dəfə ancaq yanvarın 20-də səhər saat 5.30-da şəhərin komendantı Dubinyakın radio ilə çıxışından və vertolyotların səpməyə başladıqları vərəqələrdən öyrənmişdi. O vaxt şəhər artıq qoşunlar tərəfindən tutulmuş və xalqımıza qarşı qətliam olmuşdu. Bakıda faciə törədilmişdi və istiqlaliyyət, müstəqillik aşiqlərinin qanı axıdılmışdı. SSRİ imperiyası, sözün həqiqi mənasında, istədiyinə nail olmuşdu. Azərbaycan rəhbərlərinin hərəsi bir tərəfə qaçmışdı. Xalqı meydanlara səsləyən, imperiya ordusuna müqavimət göstərməyə çağıran,  özlərini  Xalq Cəbhəsinin liderləri adlandıranlar da qeybə çəkilmişdilər. Dünənə kimi meydanlarda qəhrəmanlıqdan danışan azadlıq hərəkatının önünə düşənlərin heç biri gözə görünmürdü. Faciənin miqyası və qəddarlığı xalqı təşvişə salmış, çoxlarını qorxutmuşdu. Baş vermiş qanlı hadisə barədə nə xalqa, nə də dünya ictimaiyyətinə məlumat verilirdi.

Bu qətliamın təşkilatçılarının və icraçılarının bir addımlığında—Moskvada bir səs ucaldı. Bu səs xalqı birləşdirdi, xalqımızda ümid yaratdı, insanların təşviş və qorxusunu birdəfəlik aradan qaldırdı. Bu, Azərbaycan xalqının görkəmli oğlu, böyük siyasi və dövlət xadimi Heydər Əliyevin səsi idi. Ömrünü xalqına, onun inkişafına həsr etmiş Heydər Əliyev susa bilməzdi. Bu ağır və məşəqqətli günlərdə yenə də  xalqının yanında oldu, onun dərdinə şərik çıxdı. Ulu öndər Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək faciənin təşkilatçılarını, şəxsən Mixail Qorbaçovu kəskin tənqid etdi və Azərbaycan xalqına başsağlığı verdi. Heydər Əliyev 1990-cı il 20 Yanvar faciəsi ilə əlaqədar Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində keçirilmiş yığıncaqda demişdir: “Mən baş vermiş hadisələr haqqında dünən xəbər tutmuşam və təbiidir ki, bu hadisəyə laqeyd qala bilməzdim. Buraya ən əvvəl ona görə gəlmişəm ki, Azərbaycanın Moskvada kiçik parçası olan daimi nümayəndəliyində, böyük itkilərə səbəb olmuş faciə ilə bağlı bütün Azərbaycan xalqına başsağlığı verim. İkinci tərəfdən, bu məsələyə öz münasibətimi bildirmək istəyirəm... Azərbaycanda baş vermiş hadisələrə gəlincə, mən onları hüquqa, demokratiyaya yabançı, humanizmə və ölkəmizdə elan olunmuş hüquqi dövlət quruculuğu prinsiplərinə zidd hesab edirəm.

Azərbaycanda yaranmış mürəkkəb vəziyyətin bir sıra səbəbləri vardır. Vaxtımızın məhdudluğundan bu məsələlərin üzərində ətraflı dayanmaq istəmirəm. Artıq iki ildir ki, Azərbaycan və Ermənistan arasında millətlərarası münaqişə gedir. Həmin münaqişəni Dağlıq Qarabağ və onun ətrafında baş verən hadisələr törətmişdir. Azərbaycan və Ermənistan, eləcə də, ölkənin ali siyasi partiya rəhbərlərinə bu məsələni tənzimləmək, daxili müharibəyə, millətlərarası münaqişəyə son qoymaq və milli mənsubiyyətindən asılı olmayaraq, hər bir adamın ümumi federativ ittifaq olan SSRİ-də azad yaşamasına şərait yaratmaq üçün iki illik müddət kifayət idi. Hesab edirəm ki, ötən iki ildə bu istiqamətdə lazımi səviyyədə iş aparılmamışdır. Dağlıq Qarabağ hadisələrinin ilkin mərhələsində ölkənin ali partiya siyasi rəhbərliyi tərəfindən vaxtında zəruri tədbirlər görülsə idi, gərginlik indiki həddə çatmaz, tərəflər itkilərə məruz qalmaz, başlıcası isə 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə çoxlu insan qırğını ilə nəticələnən hərbi müdaxilə üçün də zəmin yaranmazdı. Bunlar üçün ilk növbədə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin artıq sabiq birinci katibi Vəzirov müqəssirdir”.

Heydər Əliyev yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun, SSRİ DİN-in böyük kontingenti Bakı şəhərinə yeridilməsinin böyük səhv olduğunu bildirmişdir: “Bunun törətdiyi faciələr hamımıza məlumdur. Belə qərar qəbul etmiş adamların hərəkətini siyasi qəbahət sayıram. Bəli, kobud siyasi səhv buraxılmışdır. Onlar, sadəcə olaraq, respublikadakı əsl vəziyyəti qiymətləndirə bilməmiş, Azərbaycan xalqının psixologiyasını anlamamış, əhalinin müxtəlif təbəqələri ilə əlaqələri zəiflətmişlər”. Ulu öndər demişdir ki, qırğın törədənlərin hamısı layiqincə cəzalandırılmalıdır.

Mixail Qorbaçov başda olmaqla sovet imperiyasının rəhbərliyi Bakıda “rus və erməni kartından” məharətlə istifadə etdi. Guya Bakıya qoşun hərbi qulluqçuların ailələrini qorumaq, “millətçi ekstremistlər” tərəfindən hakimiyyətin zorla ələ keçirilməsinin qarşısını almaq üçün yeridilmişdi. Əslində isə bu açıq riyakarlıq, ağ yalan idi. Çünki sovet rəhbərliyinin “dəlilləri” hətta həqiqətə yaxın olsaydı belə, Bakıya təpədən-dırnağadək silahlandırılmış qoşun göndərməyə ehtiyac yox idi. Ona görə ki, həmin vaxt burada daxili qoşunların 11 min 500 əsgəri, Müdafiə Nazirliyinə tabe olan Bakı qarnizonunun çoxsaylı hərbi hissələri, hava hücumundan müdafiə qüvvələri var idi, 4-cü ordunun komandanlığı da Bakıda yerləşirdi.

20 Yanvar faciəsinin araşdırılması üçün yaradılmış istintaq komissiyasının materiallarında da bildirilir ki, adamları xüsusi qəddarlıqla öldürərək, yaxın məsafədən güllələmişlər. Məsələn, D.Xanməmmədova 10-dan çox, R.Rüstəmova 23 güllə vurulmuşdur. Xəstəxanalar, təcili yardım maşınları atəşə tutulmuş, həkimlər öldürülmüş, adamlar süngü-bıçaqla qətlə yetirilmişlər.

Bütün bunlar bir daha təsdiqləyir ki, imperiya xalqı bu yolla qorxudaraq, onu vahiməyə salmaq, iradəsini qırmaq, boyun əyməyə məcbur etmək istəyirdi ki, xalq azadlıq və suverenlik tələbindən əl çəksin, Dağlıq Qarabağın işğalı ilə barışsın. Ancaq  Mixail Qorbaçov istəyinə nail ola bilmədi, əksinə, onun özü Azərbaycan xalqı qarşısında cılızlaşdı, sındı və zalım, qəddar, qaniçən kimi yaddaşlara həkk olundu.

Tanınmış britaniyalı jurnalist Tom de Vaal “Qara bağ” kitabında yazır ki, Bakıda hərbi vəziyyətin elan edilməsini başa düşmək olardı. Lakin sovet əsgərlərinin avtobusdakı insanları atəşə tutmalarını, 14 yaşlı qız uşağını güllələməklərini başa düşmək olmurdu. Bu, dəhşət idi.

Görkəmli rusiyalı kinorejissor Stanislav Qovoruxin “Repetisiya” (Məşq) məqaləsində yazırdı ki, sovet əsgərləri Bakıya işğalçı kimi daxil olmuşdular. Heç bir qayda-qanun yaratmaqdan söhbət gedə bilməzdi, söhbət işğaldan gedirdi.

20 Yanvar və Azərbaycan tarixində ondan əvvəlki və sonrakı faciəli hadisələr XX əsr boyu xalqımıza qarşı yeridilən düşünülmüş siyasətin bariz nümunəsidir. Azərbaycan xalqına qarşı soyqırımı, sovet hakimiyyəti illərində Azərbaycan ərazilərinin tədricən ilhaq olunması,  nəticədə 1 milyondan artıq soydaşımızın qaçqın və məcburi köçkün halına düşməsi sovet rəhbərliyinin havadarlığı ilə başlayan Dağlıq Qarabağ hadisələri, azərbaycanlıların Ermənistan ərazisindəki əzəli torpaqlarından qovulması bu siyasətin mərhələləridir.

1990-cı ilin Yanvar qırğını nə qədər faciəli olsa da,  həmin hadisə xalqın iradəsini, milli azadlıq uğrunda mübarizəsini  ifadə etdi. Azərbaycanın tarixinə parlaq səhifə yazdı, milli azadlığımız, müstəqilliyimiz üçün yol açdı.

Bakının ən yüksək nöqtələrindən birində hər bir azərbaycanlı üçün müqəddəs and yerinə çevrilmiş bir ünvan var. Bu, 20 Yanvar qurbanlarının və Ermənistanın hərbi təcavüzünə qarşı döyüşlərdə həlak olanların dəfn edildiyi Şəhidlər xiyabanıdır. Hər il yanvarın 20-də xalqımız Vətənin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş Azərbaycan oğul və qızlarının əziz xatirəsini ehtiramla yad etmək üçün buranı ziyarət edir. Nəsillər dəyişəcək, lakin Vətən oğullarının xatirəsi ürəklərdə əbədi yaşayacaq.

 

Əliqismət BƏDƏLOV.