Azərbaycan.-2016.-14 iyun.-127.-S.6.

 

Dinamik davamlı inkişaf əsas prioritetdir

 

Azərbaycanın inkişafı beynəlxalq təşkilatların hesabatlarında təqdir olunur

 

 Urxan ƏLƏKBƏROV

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru,

akademik

 

Birləşmiş Millətlər Təşkilatının 2015-ci ilin sentyabrında Nyu Yorkda keçirilən 70-ci yubiley sessiyasında bəşəriyyətin XXI əsrdə üzləşdiyi əsas problemlər müzakirə edilib və hazırkı dönəmdə onların qarşısının alınması üçün təcili tədbirlər müəyyənləşdirilib. İndiki nəsillərin rifahının yüksəldilməsini təmin edən və eyni zamanda gələcək nəsillərin tərəqqisi üçün şərait yaratmalı olan davamlı inkişafın XXI əsr və üçüncü minilliyin başlıca prioriteti olması faktı bir daha təsdiqlənib. Eyni zamanda Nyu Yorkda BMT-nin təşəbbüsü ilə keçirilən Dünya sammiti də davamlı inkişafı üçüncü minilliyin başlıca prioriteti kimi müəyyənləşdirib və Davamlı İnkişaf Sammiti kimi tarixə düşüb. 

Bu ümumdünya forumlarının nəticəsi olaraq xüsusi sənəd - Davamlı İnkişaf Məqsədləri qəbul edilib. Sənəddə 2015-2030-cu illərdə bütövlükdə dünya və ayrı-ayrı dövlətlərin dünyanın inkişafı prosesinin davamlığını təmin etmək və hazırda bəşəriyyətin üzləşdiyi çağırışlara cavab məqsədilə atacaqları addımlar əksini tapıb. Ümumiyyətlə, bu sənəddə 2030-cu ilədək yoxsulluq və qeyri-bərabərliyin ləğvi, təbii ehtiyatlardan səmərəli istifadə və ətraf mühitin mühafizəsi kimi problemlərin həlli, bunun üçün insan potensialının formalaşdırılması və biliklərin, texnologiyaların intensiv ötürülməsi və digər 17 məqsəd müəyyən edilib. 

Qeyd etmək lazımdır ki, 2015-2030-cu illər üçün planlaşdırılan hədəflərə nail olmağa müxtəlif ölkələr fərqli səviyyədə hazırlıqlıdırlar. Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yaradıcılıqla inkişaf etdirdiyi uğurlu iqtisadi və sosial siyasət sayəsində Davamlı İnkişaf Məqsədlərində yer alan və 2030-cu ilə kimi dünyada həlli planlaşdırılan bir çox məsələlər müəyyən dərəcədə bizim ölkəmizdə artıq yerinə yetirilib. Hazırda BMT, Dünya Bankının dərc etdirdikləri məlumatlara görə, Azərbaycan Respublikası bir çox davamlı inkişaf göstəriciləri üzrə bu gün İƏİT-ə (İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı) daxil olan, böyük iyirmilik (G 20) və böyük yeddilik (G 7) qruplarına üzv bir çox dövlətləri üstələyib. Hazırkı məqalədə bu barədə informasiya təhlil olunub.

Ölkədə uğurla reallaşdırılan sürətli innovativ inkişaf siyasəti Azərbaycan Respublikasının davamlı inkişaf göstəricilərinə görə liderlər qrupuna yüksəlməsi faktını təmin edib. 2016-cı ilin iyununda Dünya Bankının rəsmi saytında yerləşdirilən BMT və digər beynəlxalq qurumların sənədlərinin təhlili də bundan xəbər verir. Məsələn, davamlı inkişafın önəmli indikatoru bir enerji vahidinin istifadəsi hesabına istehsal olunmuş ümumi daxili məhsulun (ölkə iqtisadiyyatında istehsal olunmuş məhsul və xidmətlərin) dəyəridir. Bu sahədə dövlət siyasətinin uğuru və innovativliyi beynəlxalq qurumlar tərəfindən işlənmiş metodika əsasında müxtəlif ölkələrdə 1000 ABŞ dolları dəyərində ÜDM-in, alıcılıq qabiliyyəti pariteti (AQP) nəzərə alınmaqla istehsalına sərf edilən enerjinin həcminin ölçülməsi ilə müəyyən edilir. Belə yanaşma tamamilə əsaslıdır. Bir tərəfdən eyni həcmdə ÜDM istehsalı üçün daha az enerji sərfi səmərəli iqtisadiyyat üçün çox önəmlidir. Az enerji sərfi həmçinin gələcək nəsillərin maraqları çərçivəsində resursların rasional istifadəsi deməkdir. Bu da özlüyündə davamlı inkişafın vacib şərtidir. Nəhayət, daha az enerji eyni zamanda lokal və qlobal ekologiya sahəsində bir sıra məsələlərin həllinə xidmət edir. Belə ki, atmosferə istixana qazlarının atılmasının qarşısının alınması vasitəsilə bəşəriyyət üçün aktual problem olan qlobal iqlim dəyişikliklərinə təsirləri azaldır. 2015-ci ilin sonunda Qlobal iqlim dəyişikliklərinə dair Paris Sammiti bu problemin aktuallığını bir daha təsdiqləyib. 

İqtisadiyyatın idarəedilməsinin davamlı inkişaf məqsədlərinə uyğunluğunun beynəlxalq səviyyədə müqayisəli qiymətləndirilməsi üçün enerji vahidi kimi bir kiloqram neftdə olan enerjinin miqdarı götürülür (bir bareldə onun təbiətindən asılı olaraq təqribən 136 kq neft olur). Enerji müxtəlif mənşəli ola bilər: atom, istilik, hidro, günəş enerjisi və s. Lakin enerji səmərəliliyinin qiymətləndirilməsi zamanı ekvivalent kimi onun bir kiloqram neftdə olan miqdarından istifadə edilir. Bu onunla bağlıdır ki, müəyyən zaman kəsiyində neftin qiyməti bütün dünyada eynidir. Ona görə də sözügedən ekvivalentin tətbiqi nəticəsində müxtəlif ölkələrdə sərfiyyat-məhsul nisbətinin beynəlxalq təhlilini aparmaq mümkün olur. Bir enerji vahidinin istifadəsi nəticəsində istehsal olunmuş ÜDM-in dəyəri, alıcılıq qabiliyyəti pariteti nəzərə alınmaqla, ABŞ dolları ilə müəyyən edilir. Bu fakt da özlüyündə müxtəlif ölkələrdə davamlı inkişaf proseslərinin planlaşdırılması və idarə edilməsi sahəsində əldə edilmiş nəticələrin müqayisəsinə yol açır.

Beynəlxalq statistikanın təhlilindən aydın olur ki, 2003-cü illə müqayisədə 2014-cü ildə (Dünya Bankının 2016-cı ilin iyununda yaydığı ən son məlumatlardır) Azərbaycanda ÜDM istehsalı üçün enerji sərfi 2,8 dəfə azalıb. Dünya Bankının hesabatlarına görə, 2001-ci ildə Azərbaycanda 1000 ABŞ dolları dəyərində ÜDM istehsalına 292,7 kq neftdəkinə ekvivalent enerji sərf edilirdi. Hazırda ölkədə analoji iqtisadi effektin əldə olunması üçün bundan 3,3 dəfə az, yəni 88,8 kq neftdəkinə ekvivalent enerji xərclənir. Bu, postsovet ölkələri, o cümlədən, indi Avropa İttifaqına üzv olan keçmiş sovet respublikaları arasında ən yaxşı göstəricidir (Şəkil 1). Dünya Bankının 2016-cı ilin iyununda dərc olunan məlumatları əsasında tərtib olunan Şəkil 1-dən göründüyü kimi, bu qrupa daxil olan bütün ölkələrdə eyni iqtisadi effektə nail olmaq üçün Azərbaycandakından daha çox enerji sərf edilir. Göstərilən nailiyyət ölkədə dövlət idarəçiliyi sahəsində Prezident İlham Əliyev tərəfindən gerçəkləşdirilən uğurlu siyasətin parlaq təcəssümüdür. Eyni zamanda bu, Azərbaycan Respublikasının ekoloji təhlükəsizliyinin təmin olunması və qlobal iqlim dəyişmələrinə təsirlərin azaldılmasına dair beynəlxalq öhdəliklərinə məsuliyyətlə yanaşmasından xəbər verir. Daha az enerji sərfi həm də iqlim dəyişikliklərinə səbəb olan qazların atmosferə atılmasının azalması deməkdir.

http://www.azerbaijan-news.az/uploads/images/2016/iyun/14/1-5.jpg

Şəkil 1. Postsovet ölkələri: 1000 ABŞ dolları dəyərində ÜDM istehsalı üçün enerji (1 kq neftdəki ekvivalenti) sərfiyyatı, alıcılıq qabiliyyəti pariteti nəzərə alınmaqla.

Mənbə: www.worldbank.org/indicator/, 8 iyun 2016

ÜDM istehsalı üçün enerji sərfinin azaldılması əsasən yeni yüksək texnologiyaların tətbiqi və iqtisadi inkişaf proseslərinin idarəedilməsi sistemlərinin optimallaşdırılması hesabına mümkündür. Davamlı inkişafın bu məqsədinin ödənilməsində Azərbaycanın dövlət siyasətinin uğuru həmçinin bu sahədə Xəzəryanı ölkələrdəki durumun müqayisəli təhlili ilə də təsdiqlənir. Aşağıdakı cədvəldə verilən təhlil nəticələrindən bəlli olur ki, Dünya Bankının məlumatlarına əsasən 2001-ci illə müqayisədə Azərbaycan Respublikasında enerji istifadəsi səmərəliliyinin artımı 329 faiz təşkil edib ki, bu, olduqca yüksək göstəricidir. Digər region ölkələrində dəyişikliklər ya çox gözəçarpan deyil, ya da ümumiyyətlə yoxdur. Azərbaycandan sonra ən yüksək göstərici Türkmənistanda qeydə alınıb. Dünya Bankının hesabatlarına əsasən, Türkmənistanda enerji istifadəsi səmərəliliyi göstərilən zaman kəsiyində 169 faiz artıb. Buna baxmayaraq, Azərbaycanda enerji istifadəsi səmərəliliyi region ölkələri ilə müqayisədə bir neçə dəfə yüksəkdir.

 

 

 

 

 

Ölkə

 

1000 ABŞ dolları dəyərində ÜDM istehsalı üçün enerji (kq neftdəki ekvivalenti)sərfiyyatı

 

 

 

 

2001-ci illə müqayisədə enerji istifadəsi səmərəliliyinin artımı, %

 

01.01 2001-ci il üçün məlumatlar

 

08.06. 2016-cı il üçün

məlumatlar

Azərbaycan Respublikası

290,2

88,8

329

İran İslam Respublikası

166,3

184,8

-

Qazaxıstan

210,7

213,0

-

Rusiya Federasiyası

250,8

216,2

120

Türkmənistan

620,9

369,7

168

 

Cədvəl. Azərbaycan və digər Xəzəryanı ölkələr: 1000 ABŞ dolları dəyərində ÜDM istehsalı üçün enerji (1 kq neftdəki ekvivalenti) sərfiyyatı, alıcılıq qabiliyyəti pariteti nəzərə alınmaqla. 

Mənbə: www.worldbank.org/indicator/, 8 iyun 2016

Ölkəmizdə dövlət idarəçiliyi sahəsində uğurlu siyasət nəticəsində Azərbaycan Respublikasının davamlı inkişafı hədəfləyən nailiyyətləri böyük yeddilik dövlətləri ilə müqayisə olunacaq səviyyədədir, bəzi hallarda isə onların göstəricilərindən üstündür. Şəkil 2-də Azərbaycan Respublikasının bəzi davamlı inkişaf göstəriciləri G7 dövlətlərinkilərlə müqayisə və təhlil edilib. Təhlil 2016-cı il iyunun 8-də Dünya Bankının yaydığı bilgilərə əsasən aparılıb. Şəkildən göründüyü kimi, Azərbaycan Respublikasının davamlı inkişafın qeyd olunan indikatoru üzrə göstəriciləri böyük yeddilik ölkələrinin orta göstəricisindən 15 faiz, həmçinin ABŞ, Kanada, Fransa və Yaponiya kimi dövlətlərinkindən yüksəkdir.

http://www.azerbaijan-news.az/uploads/images/2016/iyun/14/1-4.jpg

Şəkil 2. 1000 ABŞ dolları dəyərində ÜDM istehsalı üçün enerji (1 kq neftdəki ekvivalenti) sərfiyyatı, alıcılıq qabiliyyəti pariteti nəzərə alınmaqla: G7 ölkələri və Azərbaycan Respublikası.

Mənbə: www.worldbank.org/indicator/, 8 iyun 2016

Ehtimal oluna bilərdi ki, Azərbaycan Respublikasının davamlı inkişaf indikatorlarının bu qədər sürətli artımı ölkə iqtisadiyyatının özəllikləri, əsas etibarilə neft faktorundan qaynaqlanır. Bu halda digər neft və qaz ixrac edən ölkələrdə də analoji tendensiyalar izlənilməliydi. Şəkil 3-də bununla bağlı təhlilin nəticələri əksini tapıb.

http://www.azerbaijan-news.az/uploads/images/2016/iyun/14/1-3.jpg

Şəkil 3. Neft və qaz ixrac edən ölkələrdə 1000 ABŞ dolları dəyərində ÜDM istehsalı üçün enerji (1 kq neftdəki ekvivalenti) sərfiyyatı, alıcılıq qabiliyyəti pariteti nəzərə alınmaqla. 

Mənbə: www.worldbank.org/indicator/, 8 iyun 2016

Şəkil 3-də həm Neft İxrac edən Ölkələr Birliyinə (OPEC) üzv olan, həm də bu təşkilat çərçivəsində fəaliyyət göstərməyən dövlətləri xarakterizə edən göstəricilər təqdim olunub. Müqayisəli təhlildən aydın olur ki, Azərbaycan Respublikası davamlı inkişafın sözügedən göstəricisinə görə bu qrupda da liderdir. Beynəlxalq statistikaya əsasən 2003-cü ildə Azərbaycan bu göstəriciyə görə Meksika, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri, Venesuela, Qazaxıstandan xeyli geridə qalaraq sonuncu yerlərdən birini tuturdu. Son 10 ildə Azərbaycan Respublikası əhəmiyyətli dərəcədə irəliləyərək bu qrupun liderinə çevrilib. Qeyd etmək lazımdır ki, 3 il öncə sözügedən qrupun lideri statusuna Norveç yiyələnmişdi. Lakin Azərbaycanda gerçəkləşdirilən innovativ inkişaf siyasəti ölkəni neft və qaz ixrac edən ölkələr sırasında yeganə liderə çevirib. Bu isə o deməkdir ki, davamlı inkişaf cəmiyyətinə keçid prosesində ölkəmiz tərəfindən qazanılan mövqelər birbaşa karbohidrogen istehsalı və ixracı ilə bağlı deyil. Bu faktı təsdiqləyən başqa məlumatlar da var. Məsələn, 1000 ABŞ dollarlıq ÜDM istehsalı üçün (alıcılıq qabiliyyəti pariteti nəzərə alınmaqla) sərf olunan enerjinin dəyəri Azərbaycanda 32,8 ABŞ dolları təşkil edib. Kanadada bu rəqəm 62,6, Yaponiyada 36,1, Küveytdə 48, Rusiya Federasiyasında 79,9 ABŞ dollarına bərabər olub. Bu məlumatlar Dünya Bankının 8 iyun 2016-cı il üçün hesabatlarına dayanaraq və neftin bir barelinin qiymətinin 50 dollar olması şəraitində hesablanıb. Göründüyü kimi, bu indikatora görə də Azərbaycan Respublikası bir çox dövlətləri, o cümlədən G7 ölkələrini üstələyib. Bu isə artıq təkcə iqtisadi deyil, eyni zamanda qlobal iqlim dəyişikliklərinə təsirlə bağlı problemlər və digər ekoloji və sosial məsələlərin uğurlu həlli deməkdir. 

Ölkənin davamlı inkşaf sahəsində qazandığı uğurları və onların beynəlxalq inkişaf institutları tərəfindən tanınması Prezident İlham Əliyevin tətbiq etdiyi unikal idarəetmə texnologiyalarının nəticəsidir. Dövlət inkişaf proqramlarının milli proqramlara transformasiyası, onların reallaşdırılmasında dövlət qurumları ilə yanaşı vətəndaş cəmiyyətinin və özəl sektorun fəal iştirakı bu texnologiyaların vacib elementləridir. Bu, ilk növbədə insan potensialının formalaşdırılması sahəsində önləyici siyasətə şamil edilə bilər. Məsələn, davamlı inkişaf sahəsində bilik və bacarıqların formalaşdırılmasının önəmini nəzərə alaraq BMT və UNESCO 2005-2014-cü illəri qlobal miqyasda davamlı inkişaf üzrə tədris onilliyi elan edib. Bununla bağlı sənəd 2005-ci ilin martında Nyu Yorkda BMT-nin Baş katibi Kofi Annan və UNESCO-nun baş direktoru Koişiro Matsuura tərəfindən imzlalanıb (mənbə: UNIS/UNF, February 28, 2005). Ümummilli lider Heydər Əliyev tərəfindən təsdiqlənən təhsil konsepsiyasına görə, Azərbaycanda bu proses bundan 5 il öncə başladılıb. 2001-ci ildə davamlı insan inkişafı fənni orta ümumtəhsil məktəblərinin proqramına salınıb, 2003-cü ildə isə həmin fənn üzrə dünyada orta məktəblər üçün ilk dərslik işıq üzü görüb. Azərbaycanla bağlı bu informasiya BMT tərəfindən innovativ ideya və təşəbbüs kimi bütün dünyaya yayılıb (mənbə: http://hdr.undp.org/nhdr/impact, December 19, 2005). 

Hazırda bu siyasət Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 2003-cü ildə irəli sürülən qara qızılın insan kapitalına transformasiyası konsepsiyası çərçivəsində uğurla inkişaf etdirilir. Məsələn, əgər 2001-ci ildə ölkəmizdə dünyada ilk dəfə olaraq orta ümumi təhsil səviyyəsində yeni davamlı insan inkişafı fənni tədris prosesinə daxil edilibsə, artıq 2015-ci ilin iyunundan Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları ilə bakalavriatura, magistratura və doktorantura pillələrində ixtisaslar nomenklaturuna yeni - davamlı inkişafın idarəedilməsi ixtisası əlavə olunub. Bu proses davamlı inkişafı XXI əsr və üçüncü minilliyin prioriteti kimi müəyyənləşdirən 2015-ci il BMT sessiyası və Dünya sammitindən öncəyə təsadüf edir. Ali təhsilin hər üç səviyyəsində yeni ixtisasın tətbiqi Azərbaycanın dünya tendensiyalarını qabaqlayan növbəti təşəbbüsüdür. 

Xüsusi vurğulamaq lazımdır ki, ölkənin innovativ tərəqqisinin əsası kimi insan potensialının formalaşdırılması konsepsiyasının reallaşdırılmasında Heydər Əliyev Fondunun rolu əvəzsizdir. Fondun gerçəkləşdirdiyi proqramlar, qurumun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın milli və beynəlxalq səviyyələrdə fəaliyyəti ölkənin innovativ tərəqqisinə və Azərbaycan Respublikasının layiqli imicinin formalaşdırılmasına qiymətsiz töhfədir. 

Davamlı inkişaf edən cəmiyyətin bərqərar olması üçün peşəkarlıqları, vətəndaş mövqeləri və həyat tərzi yeni çağırışlara cavab verən yeni nəslin formalaşdırılmasını zəruri edib. Bu istiqamətdə təsisçisi və rəhbəri Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva olan IDEA hərəkatı milli və beynəlxalq səviyyələrdə geniş dəstək qazanıb. 

Dinamik davamlı inkişafa yol açan digər bir məqam ölkədə dövlət siyasətinin reallaşdırılması zamanı komplimentarlıq prinsiplərinin geniş tətbiqidir. Milli maraqların qlobal tendensiyalarla dəqiq uzlaşdırılması, ikitərəfli və çoxtərəfli beynəlxalq əməkdaşlıq çərçivəsində ortaqların maraqlarının nəzərə alınması reallaşdırılan layihələrin uğurunu təmin edən önəmli faktorlardır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə gerçəkləşdirilən bütün layihələr uğurlu qlobal və regional inkişafa yol açır və bütün iştirakçıların maraqlarını təmin edir. 

Ölkə Prezidenti İlham Əliyev daim vurğulayır ki, iqtisadi inkişaf məqsəd deyil, sosial problemlərin həlli və təhlükəsizliyin təmin olunması üçün vasitədir. Beynəlxalq qurumların hesabatlarından bəlli olur ki, çox qısa zaman kəsiyində Azərbaycan Respublikası sosial problemlərin həllində də xeyli irəliləyişə nail olub. Beynəlxalq standartlara uyğun olaraq sosial siyasətin uğuru xüsusi indikatorlarla müəyyən edilir. Onların arasında ən çox yayılmışı və geniş tətbiq olunanları ölkənin sosial siyasətini xarakterizə edən Cini əmsalı və Kvintil gəlir göstəricisidir. Cini əmsalı gəlirin bölgüsündə bərabərlik dərəcəsini miqdarca qiymətləndirməyə imkan verən statistik göstəricidir və 0-100 arası dəyişir. 0 - tam bərabər, 100 mütləq qeyri-bərabər bölgüdür. Dünyanın heç bir ölkəsində tam bərabərlik və ya tam qeyri-bərabərlik yoxdur. Bu da tam ədalətlidir. Belə ki, tam bərabərlik motivasiya etmir, qeyri-bərabərlik isə fərdi potensialın təkmilləşdirilməsini mənasızlaşdırır. Bu üzdən də ölkədə Cini əmsalı indeksi nə qədər aşağıdırsa, həyata keçirilən sosial siyasət bir o qədər uğurlu hesab edilir. Şəkil 4-də Cini əmsalının Azərbaycan Respublikası və böyük yeddilik ölkələrində müqayisəli təhlili təqdim olunub.

http://www.azerbaijan-news.az/uploads/images/2016/iyun/14/1-2.jpg

Şəkil 4. G7 ölkələri və Azərbaycan Respublikasında Cini əmsalına görə sosial siyasətin müqayisəli təhlili. 

Mənbə: hdr.undp.org/en/composite/ IHDI, 8 iyun 2016

Şəkil 4-də təqdim olunan məlumatlar bir daha vurğulamağa əsas verir ki, Azərbaycan Respublikasının sosial inkişaf göstəriciləri böyük yeddilik qrupunun orta göstəricilərindən və bu quruma üzv dövlətlərin bəzilərinkindən yüksəkdir. 

Azərbaycanın sosial siyasətinin uğurunun daha bir sübutu Kvintil təhlil nəticələridir (Şəkil 5).Kvintil təhlil əhalinin 20 faiz ən yüksək gəlirli təbəqəsinin orta gəlirləri ilə 20 faiz ən kasıb təbəqəsinin orta gəlirinin nisbəti əsasında aparılır. Göstəricinin aşağı olması beynəlxalq təşkilatlar tərəfindən ölkənin sosial siyasətinin uğuru kimi dəyərləndirilir.

http://www.azerbaijan-news.az/uploads/images/2016/iyun/14/1-1.jpg

Şəkil 5. Müxtəlif ölkələrdə əhalinin gəlirlərinin bölünməsinin Kvintil təhlili. 

Mənbə: hdr.undp.org/en/composite/ IHDI, 8 iyun 2016

Şəkil 5-də təqdim olunan bilgilər Azərbaycan Respublikasında sosial siyasətin prioritet olmasından xəbər verir. Bu gün ölkəmiz Kvintil təhlil göstəricilərinə görə bir sıra inkişaf etmiş ölkələri, o cümlədən böyük yeddilik və Avropa Birliyinə daxil olan dövlətləri üstələyir. 

Azərbaycan Respublikası müstəqilliyini 25 il öncə bərpa edib. Ölkə müstəqilliyinin ilk illərini çox ağır durumda keçirib və bu gün də erməni silahlı qüvvələrinin aqressiyası, ərazilərinin 20 faizinin işğalı ilə bağlı olayların təsiri altındadır. Buna baxmayaraq, Azərbaycan Respublikası qısa dönəmdə innovativ davamlı inkişaf siyasəti reallaşdırmağa müvəffəq olub. Beynəlxalq qurumlar və müstəqil ekspertlərin sənədləri bu faktın aşkar təsdiqidir.