Xalq cəbhəsi.-2016.-10 iyun.-124.-S.6.

 

Oğuznamələrdə Türk dövlətçilik ənənələri

 

Ağaverdi Xəlil,

professor

 

Bəsdir yalan danışdınız

Türk dövlətçilik ənənələri orta əsrlərdə geniş yayılmış Oğuznamələrdə də əks olunub. Məlumdur ki, Oğuznamə - oğuzların kitabı deməkdir. Bu kitab orta əsrlər oğuz ənənəsinə uyğun olaraq özündə zəngin folklor irsini əks etdirir. Bununla yanaşı bu kitablarda oğuzların dövlətçilik tarixləri və ənənləri də geniş yer alır. Əski Oğuznamələrdən biri haqqında 1309-1340-cı illərdə Misirdə yaşamış oğuz-səlcuq mənşəli Əbubəkr ibn Abdullah ibn Aybək əd-Dəvadari özünün ərəb dilində yazaraq 1309-cu ildə tamaladığı Dürər ət-tican və təvarix qürər əz-zəman (Şöhrətləndirilmişlərin tarixindən bir inci) adlı kiçik həcmli tarix əsərində məlumat verir və ilk dəfə Oğuznamə sözünü də o işlədir. Onun göstərdiyinə görə Sasani hökmdarı Ənuşirvanın (hakimiyyət illəri: 531-573) Mərvdən Buzurq Mihr Baxtanq Farsiyə məxsus orta fars dilində yazılmış həmin kitab Əbu Müslüm Xorasaninin (755- ci ildə öldürülüb) xəzinəsindən tapılıb. Aybək Dəvadarinin haqqında danışdığı əsər çox güman ki, türkcə yazılmış bir qəhrəmanlıq dastanı olmuş və 826-cı ildə Bağdadda yaşayan suriyalı həkim Cəbrayıl Bəhşi tərəfindən ərəb dilinə tərcümə olunub. Həmin nüsxədən istifadə edən Aybək Dəvadari kitab haqqında yazır: Mən istəyirəm bu tayfanın (türklərin A.X.) haradan gəldikləri və onların sələfləri haqqında bunların özlərinin doğma dillərində (uyğur dilində) yazılmış Ulu xan Ata Bitiqçi adlı kitablarına əsaslanaraq danışım. Bunun adının mənası Böyük hökmdar - Ata haqqında kitab deməkdir. Bu elə bir kitabdır ki, qədim türklərdən monqollar və qıpçaqlar bununla sevinir və məmnun olurdular, bu kitabın onların yanında böyük hörməti vardı. Həmçinin digər türklərin Oğuznamə adlı bir kitabları var. Onu əldən-ələ gəzdirirlər. Onda onların başına gələn rəvayətlər və ilk hökmdarları haqqında məlumat var.

F.Bayata görə, Oğuznamələrin tarixi xronikalarda geniş yer alması, daha doğrusu salnamələrin özündə mifik səciyyəli Oğuz şəcərəsini əritməsi, oğuznamə motivlərinin türk mədəniyyətində eninə və dərininə yayılmasını göstərir. Türk dastan ənənəsinin tarixi xronikalara keçməsi, epik yaradıcılığın tarixləşməsi etnokulturoloji baxımdan eyni informasiyanın müxtəlif yönlərdən təqdimi idi. Bu informasiyanın özəyində fütuhatçılıq ideyası dururdu. Oğuznamə motivlərinin türk epik ənənəsində geniş yayılmasına səbəb də bu idi. K.V.Nərimanoğlu və F.Uğurlu Oğuznaməni böyük bir mədəniyyət hadisəsi kimi səciyyələndirərək bu şəkildə xarakterizə edirlər: Oğuznamə türk xalqının həyatını, mübarizəsini, mənəviyyatını əks etdirən ədəbi-tarixi qaynaqdır; Oğuznamə oğuz eposudur; Oğuznamə oğuz tarixidir.

Oğuznamə oğuz mədəniyyətinin nəsildən keçə-keçə yaşayan həyat kitabıdır. Oğuznamələrin materialını təşkil edən atalar sözləri, əfsanə və rəvayətlər özlərində dövlətçilik ənənlərini daşıyan zəngin məlumata malikdir. Burada mif və tarix bir-birinə qovuşub, gerçəklik əfsanələşib. Ancaq bu əfsanəvi tarix oğuzlar tərəfindən yaşadılıb və orta əsrlərin sonlarında da gerçək bir tarix kimi qəbul olunub. Buna Əbül Qazi xan Xivəlinin Şəcəreyi tərakiməsində də rast gəlirik. Oğuz dövlət başçıları öz nəsil şəcərələrini Nuh peyğəmbərdən, əfsanəvi Oğuz xandan və onun böyük oğlu Gün xandan başlayırlar. Məlumdur ki, XI əsr oğuzların dövlətçilik tarixlərində mühüm bir dövrdür. XI əsrdə Azərbaycana gəlmiş oğuzlar burada kifayət qədər kompakt yaşayan türkdilli yerli əhali ilə qarşılaşdılar. Gəlmə oğuz-qıpçaqların artıq Azərbaycanın əsl əhalisinə çevrilmiş Hun mənşəli türklərlə etnik yaxınlığı çoxsaylı faktlarla təsdiqlənir. Məsələn, tarixi əsərlərdə və eposda Oğuz xanın Hun hökmdarı Mete ilə eyniliyi haqqında çox deyilib. Oğuzların 12 sağ, 12 sol ( yaxud İç və Daş oğuzlar) qanada bölünmüş 24 oğuz tayfası hunların bölgüsünə (tümənbaşı ümumi adını daşıyan 24 hun ağsaqqalı) tam uyğun gəlir. Şərq tərəfin knyaz və başçıları Şərqdə, Qərb tərəfin knyaz və başçıları Qərbdə yerləşmişdilər. S.P.Tolstov belə hesab edir ki, hun tarixi ənənəsi X-XI əsrlərdə onların xələfləri olan oğuz tayfaları tərəfindən qəbul edilmişdi.

Bu ənənənin davam etdirilməsi Oğuznamələrdə tam aydınlığı ilə görünməkdədir. Tədqiqatlarda oğuzların mifoloji əcdadı Oğuz xan haqqında müxtəlif fikir və mülahizələr mövcuddur. Bu tipli araşdırmalar əsasən tarix və folklor münasibətləri çərçivəsində aparılır. Folklorşünas alim B. Abdulla Oğuz xanla bağlı fikirləri belə ümumiləşdirir: N.Y.Biçurin xeyli araşdırma aparmaqla hökm verib ki, Mete ilə Oğuz xan elə bir adamdır. Ziya Göyalp Oğuz xanı gah Mete, gah da Kitabın ( Kitabi Dədə Qorqud nəzərdə tutulur A.X.) birinci boyundakı Dirsə xanın oğlu Buğac bilib. Ə.B. Ərcilasun da bu fikrə tərəfdar durub. Böyük türkoloq V.V.Rodlovun fikrinə görə, maniliyi öz dövlətinin rəsmi dini səviyyəsinə ucaldan Begü Teqin, yaxud Begü Xaqan gerçək olaraq elə Oğuz xandır, R.Nura görə, Oğuzun mənası öküzdür, yunan hökmdarı İsgəndər Zülqərneyn (qoşabuynuzlu) də buynuzludur. Deməli, Oğuz xan Makedoniyalı Filippin oğlu İsgəndərdir ki, var. Q.N.Potanin Oğuz xanla monqol əfsanələrində adı keçən Kirey xanla, Uxur-Bama xan arasında oxşarlıq, uyğunluq arayıb. Alman şərqşünası İ.Morquart Oğuz xanı Çingiz xanla bir bilib. F.Bayata görə, cahan dövləti qurmaq ideyası Oğuz adı ilə bağlı olub türk mədəniyyətində bir neçə dəfə müxtəlif tarixi və mifoloji obrazlara transformasiya olunub. Bu baxımdan Çin mənbələrinin təqdim etdiyi Mete kompleksi türk-islam salnaməçilərinin oğuznamələrinə tam adekvatdır. Oğuz-Mete paralelliyi hər şeydən əvvəl Metenin də cahan dövləti qurması, hunların xilaskarı olması, hun ordu, inzibati, idarə institutlarının yaradıcısı kimi verilməsi ilə ilişgilidir. Belə bir yaxınlıq N.Biçurinə Mete ilə Oğuzu eyniləşdirməyə imkan verib, çünki türklərin xilaskarı və el quran hökmdarları bu və ya digər dərəcədə Oğuza bənzəyirdi və ya bənzədilirdi. Məlumdur ki, Oğuz xan oğuz türklərinin mifoloji əcdadı, soybaşçısıdır. Oğuz dövlətçiliyi də Oğuz xandan başlanır. Bu özünü hökmdar nəslinin şəcərələrində də göstərir. Oğuzların tarix səhnəsinə çıxdıqları zamandan Oğuz haqqında əfsanə və rəvayətlər də yaranıb. Yazı mədəniyyəti dövründə isə oğuz tarixi folklor yaddaşından yazıya alınıb. Bu səbəbdən də bu əfsanəvi bir tarixi xatırladır. Mövcud elmi fikrə görə əski çağlardan Oğuz dastanları şərq (Türkistan, Uzaq Şərq) və qərb (Azərbaycan və Ön Asiya) variantlarında mövcud olub. Bu variantlardan biri bizə qədər N.Biçurinin tərcüməsində gəlib çatan Çin qaynaqlarının Mete haqqında verdikləri yarıtarixi əfsanədir. Qərb variantına Oğuz kağan dastanı, Rəşidəddinin (XIV əsr), Yazıçıoğlu Əlinin (XV əsr), Hafiz Abrunun (XV əsr), Mahmudoğlu Həsən Bayatlının (XV əsr), Xandəmirin (XVI əsr), Salır Baba Qulalı oğlunun (XVI əsr), Əbül Qazinin (XVII əsr) və b. tarixçilərin əsərləri daxildir. Fəzlullah Rəşidəddinin Oğuznaməsi yazılı mənbələrdən götürülüb. Fəzlullah Rəşidəddin Həmədani Qazan xanın (hakimiyyət illəri: 1295-1304) əmri ilə 1300/01-ci ildə yazmağa başladığı Cami ət-təvarix (Tarixlər toplusu) adlı məşhur əsərini Olcaytu xan (hakimiyyət illəri: 1304-1316) dövründə 1310-cu ildə tamamladı. Rəşidəddinin Cami ət-təvarix əsəri iki hissədən ibarətdir. Birinci hissə monqolların, ikinci hissə isə türklərin tarixinə həsr olunub. Əsər Hülakilərin zamanında və onların sifarişi ilə hazırlandığından monqol tarixi əvvəldə verilib. Oğuzların və türklərin tarixi adlı hissədə Oğuzun doğulması, uşaqlığı, Tanrıya iman etməsi, evlənməsi və zəfər yürüşləri nəql olunur. Eyni zamanda oğuz cəmiyyətinin sosial strukturu, mərkəzi hakimiyyət və onun qolları, tamqa və onqonları, yəni əski dövlət rəmzləri haqqında müfəssəl məlumatlar verilir. Cami ət-təvarixdə oğuzların mənşəyi fəslində yazılır ki, 24 boyu bərabər sayda olmaq üzrə Oğuz xanın altı oğlundan törəyib. Ancaq daha diqqətəlayiq cəhət budur ki, damğaları ayrı-ayrı olduğu halda hər dörd boy bir müştərək onqona malikdir. Bu fakt 24 oğuz boyunun da qədim zamanlarda altı boy halında yaşadığını göstərir. Bu altı onqonun hamısı meşə zonalarında yaşayan yırtıcı quşlardır. Hakimiyyətin mütənasib şəkildə bölgüsünü humanist dövlətçilik ənənələri ilə əlaqələndirən T.Hacıyev bu dəyərlərə yüksək qiymət verərək yazır: Qədim türk cəmiyyətində kamil humanizm təsadüfi deyil. Bu, mükəmməl dövlətçiliklə bağlıdır. Təsəvvür edək ki, kapitalizmin yaranması zamanı parlament idarə üsulunu yüksək demokratiya faktı kimi qiymətləndirirlər. Bu parlamentdə sağlar və sollar olur ki, demokratizmi şərtləndirən də bu palatalar arasındakı ictimai-sosial duetlərdir. Buyurun qədim Oğuzda həmin iki palatalı sistem dibdə ortada seçmə (xas) bəylər, sağ tərəfdə sağlar, sol tərəfdə sollar, eşikdə də qaydaya-intizama nəzarət edən yaxınlar:

Sağda oturan sağ bəylər,

Solda oturan sol bəylər,

Eşikdki inaqlar,

Düpdə oturan xas bəylər.

Oğuzların Cami ət-təvarix də verilmiş əfsanəvi tarixlərindən dövlətə başçılıq edən yabqular haqqında məlumat var. Burada yabqulardan bir çoxunun adı çəkilib. Yabqular qışda Sır-Dəryanın mənbəyi yaxınlığında yerləşən Yeni-Kənddə yaşayırdılar. Yabquların bizə məlum olan aşağıdakı məmurları vardı: sübaşı, yəni ordu komandanı. Səlcuq dövründə sübaşı ünvanı bölgələrin hərbi valilərinə verilirdi. Yabquların yüksək məmuru Kül-ərkin idi. Kül-ərkin yabqunun naibi və ya vəkili deməkdir. Türkiyə səlcuqlarında bir səltənət naibliyi vəzifəsi mövcud olmuşdur. Bundan əlavə, türkmən hökmdarlarının, bəylərinin də naibləri olduğu məlumdur. Oğuz yabqu dövlətində tarxan və yınal ünvanlarını daşıyan şəxslər də olub. Ancaq bunların sadəcə olaraq əsilzadə titulları, yoxsa məmur ünvanları kimi işləndiyi bilinmir. Türkiyə səlcuqlarında mövcud olan bəylərbəyi vəzifəsinin yabqular dövlətində olub-olmadığı məlum deyil.

Yabquların möhür və fərmanlarına tuğraq (tuğra) deyilməsi haqqında məlumat var. Sonralar Səlcuq dövlətində tuğralıq (nişançılıq) adlı bir məmur vəzifəsi də olub. Oğuzların divanı, vergi yığan məmurları, orduda ovçubaşı, əmir-axur kimi məmurları, çavuşları (təşrifat məmurları), bəkçiləri (mühafizəçilər) olması haqqında da bilgilər verilir. O da məlum olur ki, oğuzlar işlərini məclislər quraraq məsləhət (gənəşmə) yolu ilə həll edərdilər. Oğuz sübaşısı Ətrək tarxan, yınal kimi oğuz başçılarını çağıraraq xəlifənin nümayəndə heyətinə qarşı necə davranmaq barədə onlarla məsləhətləşmişdi. Oğuz yabqu dövləti X əsrin birinci yarısında müstəqil və qüdrətli bir dövlət idi. O heç bir zaman bu və ya digər dövlətə, qövmə tabe olmayıb. Türk dövlətçiliyi islam dönəmində yeni keyfiyyətlər qazanır. Burada bəy, xaqan, yabqu, xan deyil, sultan və əmirlər dövləti idarə edirlər. Padşah, vəzir, vəkil idarəçiliyi isə bundan sonrakı dövrlərə aiddir. Türkiyədə sultanlıq, Azərbaycanda isə şahlıq idarə sistemləri uzun müddət saxlanıb. Ağqoyunlular dönəmində dövlət başçısı bəy və ya padşah, Səfəvilər dövründə isə şah adlanırdı.