Azərbaycan.-2016.-28 may.-115.-S.7.

 

Azərbaycan Xalq Cümhuriyyəti- şərəf və ləyaqət tariximiz

 

Fəzail İBRAHİMLİ,

Milli Məclisin deputatı, tarix elmləri doktoru, professor

 

Müsəlman Şərqində ilk demokratik cümhuriyyətin məhz Azərbaycan torpağında yaranması xalqımızın o dövrdə və o illər ərəfəsində - XIX əsrin sonunda və XX əsrin əvvəllərində milli müstəqillik, azadlıq duyğuları ilə yaşaması ilə bağlıdır. O illərdə xalqımızın qabaqcıl şəxsiyyətləri, mütəfəkkir adamları, ziyalıları xalqımızda milli azadlıq, milli müstəqillik duyğularını gücləndirmiş, milli dirçəliş, milli oyanış əhvali-ruhiyyəsi yaymış və bunların hamısı məntiqi olaraq Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasına gətirib çıxarmışdır.

Heydər ƏLİYEV

İstiqlala gedən yol

Birinci Dünya müharibəsi nəticəsində dağılmış Rusiya imperiyası ərazisində yaşayan xalqların öz müqəddəratını təyin etməsi üçün siyasi mühit nisbətən yumşaldı.

Azərbaycanda müharibənin yaratdığı iqtisadi və sosial-siyasi gərginlik burada dərinləşən milli-demokratik prosesi, muxtariyyət ideyasını və son nəticədə müstəqilliyə olan meyli xeyli gücləndirdi.

Yaranmış müvəqqəti hökumət Çar Rusiyasının keçmiş ərazisini qoruyub saxlamaq üçün bütün mümkün addımları atdı. Bunlardan biri də Tiflisdə Zaqafqaziyanın İdarəsi üzrə Xüsusi Komitənin

(3 mart 1917-ci il) yaradılması oldu. Komitəyə müvəqqəti hökumətin qərar və təlimatlarına uyğun müəyyən səlahiyyətlər də verildi. Bu hüquq və səlahiyyətlər zahiri xarakter daşıyırdı və müəyyən bir dövr üçün siyasi manevr idi. Hadisələrin sonrakı gedişinə diqqət yetirək.

1917-ci il martın əvvəllərində Bakıda Müvəqqəti hökumətin ali hakimiyyət orqanı kimi İctimai Təşkilatların İcraiyyə Komitəsi yaradıldı. Bundan başqa, Bakıda fəhlə və əsgər deputatları sovetinin yaradılmasına başlandı. 1917-ci il martın 7-də 52 deputatdan ibarət Bakı deputatları soveti formalaşdı. Sovetin tərkibi qeyri-azərbaycanlılardan ibarət idi və Bakı Sovetinə qiyabi olaraq S.Şaumyan sədr seçildi. Diqqət çəkən cəhət ondan ibarət idi ki, azərbaycanlıların, müsəlman-türk xalqlarının taleyini qeyri-millətlərdən olanlar müəyyən etməli idi.

Qeyd etmək lazımdır ki, yaranmış Müvəqqəti hökumətin milli proqramını Rusiyanın bölünməzliyi prinsipi təşkil edirdi. Kadet, eser və menşevik partiyaları milli məsələnin həllini gələcəkdə çağırılacaq Müəssislər Məclisinə həvalə edir, milli-mədəni muxtariyyət prinsiplərini müdafiə edirdilər.

Milli qüvvələrin Azərbaycanın gələcəyinə münasibəti isə fərqli idi. Bu münasibət 1917-ci il aprelin 15-20-də Bakıda keçirilən Qafqaz müsəlmanlarının qurultayında və həmin il mayın 1-11-də Ümumrusiya müsəlmanlarının Moskva qurultayında üzə çıxdı. Rusiya daxilində millətlərə ərazi-milli muxtariyyət şüarı hər iki qurultayda demokratik qüvvələr tərəfindən müdafiə olundu. 1917-ci ilin payızında milli-demokratik qüvvələr milli dövlət tələbi ilə çıxış edərək, başqa qeyri-rus xalqları ilə bir sırada öz ümidlərini Müəssislər Məclisinə bağlamışdılar.

1917-ci il oktyabr çevrilişi xalqların milli müstəqilliyə olan ümidlərini daha da artırdı. Çünki hakimiyyətə yiyələnmiş bolşeviklər inandırıcı vədlər verir və bunu rəsmi müraciətlərlə təsdiqləyirdilər. Məhz bolşeviklərin Rusiya və Şərqin bütün müsəlman zəhmətkeşlərinə adlı müraciəti aldadıcı vədlərlə dolu idi və təbliğat xarakteri daşıyırdı. Hadisələr isə tamamilə antiazərbaycanyönümlü istiqamətdə gedirdi.

Bakı Sovetinin İcraiyyə Komitəsi S.Şaumyanın planına uyğun olaraq milli partiyaların cəmiyyətdə artan nüfuzunun qarşısını almaq xətti həyata keçirirdi. Bütün cəhdlərə baxmayaraq, oktyabrın 22-də (1917-ci il) Bakı Sovetinə keçirilən seçkilərdə Müsavat partiyası digər partiyaları (eserlər, menşeviklər, bolşeviklər və daşnaklar) geridə qoyaraq böyük üstünlüklə qələbə əldə etdi. Bu qələbə, təbii ki, S.Şaumyan və onun havadarlarını ciddi narahat etdi.

1917-ci il noyabrın 11-də Tiflisdə Cənubi Qafqazın əsas siyasi qüvvələri Rusiyadakı bolşevik hökumətini tanımaqdan imtina etdi və qərara alındı ki, Ümumrusiya Müəssislər Məclisi tərəfindən hakimiyyət məsələsi həll edilənə qədər regionu idarə etmək üçün Müstəqil Zaqafqaziya hökuməti (Zaqafqaziya Komissarlığı) yaradılsın. Noyabrın 15-də Tiflisdə belə bir hökumət yaradıldı. Hökumətin tərkibinə Azərbaycandan F.X.Xoyski, M.Ə.Cəfərov, X.Məlikaslanov daxil idilər.

Zaqafqaziya Komissarlığında Osmanlı və Rusiya arasında gedən müharibəyə münasibətdə birmənalı fikir yox idi, eyni zamanda komissarlığın özünü müdafiə edə bilən ordusu da yox idi. Bütün bunlara baxmayaraq, 1917-ci il dekabrın 5-də Ərzincanda Zaqafqaziya Komissarlığı ilə Osmanlı dövləti arasında barışıq imzalandı. Bu barışığa uyğun olaraq Qafqaz cəbhəsindən çıxarılmış rus ordusunu əvəz edən erməni ordu birləşmələri cəzasızlıq şəraitindən istifadə edərək müsəlman əhaliyə qarşı vəhşiliklər törətdilər. Belə ki, 1918-ci ilin martına qədər İrəvan quberniyasında azərbaycanlı əhalinin yaşadığı 199 kənd darmadağın edildi. Burada yaşayan 135 min nəfər əhalinin bir qismi ermənilər tərəfindən öldürüldü, bir qismi isə Osmanlı ordusunun nəzarəti altında olan yerlərdə məskunlaşdı. Bir il ərzində İrəvan quberniyasında ermənilər 100 mindən artıq türk-müsəlman əhalini məhv etdilər.

S.Şaumyanın Qafqaza fövqəladə komissar təyin edilməsi ilə bölgədə vəziyyət ciddi şəkildə ağırlaşdı. Milli qüvvələrin nüfuzunun artmasından narahat olan S.Şaumyanın başçılıq etdiyi bolşevik və daşnak qüvvələri 29 mart-2 aprel arasında Bakıda 12 mindən çox dinc əhalini qətlə yetirdilər. Dişləri qana batmış daşnak-bolşevik qüvvələri Azərbaycanın Şamaxı (53 müsəlman kəndində 8027 nəfər) Quba (162 kənd dağıdılmış, 16 mindən artıq insan qətlə yetirilmişdi) və demək olar ki, bütün bölgələrində soyqırımı siyasətini həyata keçirdilər. Bütün bunlar göstərdi ki, aparılan siyasət antiazərbaycan mahiyyəti daşıyır və yaxşı heç nə gözlənilmir.

Bir az əvvələ qayıdaq. Hələ 1918-ci ilin əvvəllərində nüfuzunu itirmiş Zaqafqaziya Komissarlığı özünü buraxmaq məcburiyyətində qaldı. 1918-ci il fevralın 22-də Cənubi Qafqazdan Ümumrusiya Müəssislər Məclisinə seçilmiş deputatların yığıncağında Zaqafqaziya Seyminin yaradılması və hakimiyyətin bu orqana verilməsi haqqında qərar qəbul edildi.

1918-ci il fevralın 23-də üç əsas partiya (Müsavat, menşevik və Daşnaksütun) fraksiyalarının nümayəndələrindən ibarət olan Zaqafqaziya Seymi öz işinə başladı.

Lakin yaradılmış yeni qurum Cənubi Qafqazda siyasi sabitliyi təmin etmək kimi tarixi bir missiyanın öhdəsindən gələ bilmədi. Azərbaycanın şərqində bolşevik qurumu, qərbində isə erməni hərbi birləşmələri yerli əhalini qırmaqla məşğul idi. Bu qurumun da uğursuz telləri göz qabağında idi.

Almaniyadan böyük dəstək alan Seymin gürcü fraksiyası bu qurumu tərk etmək istəyini bildirdi. Mayın 26-da Zaqafqaziya Seyminin sonuncu iclası keçirildi. Gürcü fraksiyası Müsəlman fraksiyasının türkpərəst mövqe tutduğunu bəhanə edərək Seymdən çıxdığını elan etdi.

Beləliklə, Azərbaycan xalqı tarix qarşısında bir sınağa çəkildi. Ya ayağa qalxıb öz müstəqilliyini elan etməli, itirilmiş tarixi dövlətçiliyini bərpa edib sərhədlərinə sahib olmalı, ya da ayrı-ayrı dövlətlər arasında bölünüb tarix səhnəsindən silinməli idi. Bu həqiqəti dərk edən Azərbaycan ziyalıları tarixi bir məsuliyyəti üzərlərinə götürüb öz istiqlalını elan etmək qətiyyətini ortalığa qoydular.

Mayın 27-də Seymin Müsəlman fraksiyası fövqəladə iclas çağırıb uzun müzakirələrdən sonra Müvəqqəti Milli Şura yaratmaq haqqında qərar qəbul etdi. Müsavat partiyasının təklifi ilə M.Ə.Rəsulzadə qiyabi olaraq (bu vaxt o, Batum konfransında iştirak edirdi) Milli Şuranın sədri, H.Ağayev və M.Seyidov isə sədrin müavinləri seçildilər. Milli Şuranın 9 nəfərdən ibarət icraiyyə orqanı yaradıldı. F.X.Xoyski İcraiyyə Komitəsinin sədri seçildi.

1918-ci il mayın 28-də Tiflisdə Azərbaycan Milli Şurası Azərbaycanın dövlət müstəqilliyi haqqında İstiqlal Bəyannaməsi qəbul etdi. Bu bəyannamə Azərbaycan millətinin varlığını bütün dünyaya bəyan etdi.

Beləliklə, Azərbaycan dövlətçiliyi tarixində ilk konstitusiya aktı - İstiqlal Bəyannaməsinin qəbulu ilə Azərbaycan dövlətçiliyi Xalq Cümhuriyyəti formasında elan olundu.

Xilaskar ordu və haqqın qələbəsi

1918-ci il iyulun 16-da Azərbaycan Milli Şurası və hökumət Gəncəyə köçdü. Gəncədə milli qüvvələr arasında müəyyən fikir ayrılığı yarandı. Bəzi qüvvələr Türkiyənin Azərbaycanda olan ordusunun başçısı Nuru paşanın vasitəsilə Milli Şuranı hakimiyyətdən uzaqlaşdırmağa cəhd etdilər.

Mövcud siyasi böhranı aradan qaldırmaq üçün Azərbaycandakı türk qoşunları rəhbərliyi ilə Azərbaycan Milli Şurası arasında güzəştli bir qərar qəbul olundu: Milli Şura buraxılır, ali qanunverici və icraedici hakimiyyət Fətəli Xan Xoyski kabinetinin əlində cəmləşir. İyun böhranı nəticəsində fəaliyyətini müvəqqəti olaraq dayandıran Milli Şura öz tarixi missiyasını - Azərbaycanın dövlət müstəqilliyini çox çətin və mürəkkəb bir mərhələdə qoruyub saxlamaq vəzifəsini yerinə yetirdi. İyunun 17-də axşam Gəncədə F.X.Xoyskinin rəhbərlik etdiyi ikinci hökumət təşkil edildi. İyunun 19-da Azərbaycanda yaranmış gərgin vəziyyəti nəzərə alaraq hökumət bütün Azərbaycan ərazisində hərbi vəziyyət elan etdi. İyunun 26-da Azərbaycan Milli Ordusunun yaradılması haqqında fərman verdi. Almanların Bakı neftinə xüsusi maraqları olduğundan Bakının tutulmasına mane olmaq məqsədilə Osmanlıların beşinci diviziyasının Gürcüstan dəmiryolu ilə Gəncəyə gəlməsini qadağan etdilər. Ona görə də Qafqaz diviziyası Mürsəl paşanın rəhbərliyi ilə Gümrü-Dilican-Ağstafa yolunu döyüşlə keçməyə məcbur oldu. Azərbaycan əhalisi Osmanlı qoşunlarını böyük sevinclə qarşılayır və onların gəlişini bayram edirdi.

Osmanlıların beşinci piyada diviziyası və general Ə.Şıxlinskinin başçılıq etdiyi müsəlman milli korpusu əsasında Qafqaz İslam Ordusu təşkil edildi. Nuru paşanın rəhbərlik etdiyi bu orduya türklərdən və azərbaycanlılardan ibarət 18 min əsgər və zabit daxil idi.

Qafqaz İslam Ordusu vasitəsilə Azərbaycan hökuməti öz hakimiyyətini tezliklə yerlərdə yaya bildi, ucqarlarda dövlət orqanları yaratmağa başladı. Bakı Xalq Komissarları Sovetinin rəhbərləri Xalq Cümhuriyyətini bələkdə boğmaq üçün yollar arayırdılar. Hələ Gəncə üzərinə yürüşə başlamazdan əvvəl Leninin tapşırığı ilə Şaumyan türk qoşunlarının Azərbaycana yolunu bağlamaq üçün Gürcüstan hökumətinin başçısı Jordaniyaya müraciət etdi. Şaumyan Jordaniyaya vəd edirdi ki, əgər Gürcüstan türk qoşunlarını öz ərazisindən Azərbaycana buraxmasa, Sovet Rusiyası onun müstəqilliyini tanıyacaqdır.

Azərbaycanın şərqində kommunist diktaturası yaradan Şaumyan Bakı Sovetinin ixtiyarında olan 18 min döyüşçü ilə Cənubi Qafqazdakı milli hərəkatı boğmaq üçün qəti hücuma başladı. Erməni daşnak qüvvələrindən təşkil olunmuş ordu müsəlman əhaliyə qarşı hər cür amansızlığa yol verirdi.

İyunun 10-da Bakı Sovetinin Gəncə istiqamətində yürüşləri başlandı. İyunun 12-də Kürdəmiri işğal edən Bakı Soveti qüvvələri Göyçaya yaxınlaşdılar. İki həftədən çox davam edən qanlı döyüşlər Türkiyədən göndərilən əlavə qüvvələrin və Azərbaycan könüllüləri hesabına Qafqaz İslam Ordusunun qələbəsi ilə nəticələndi. Qafqaz İslam Ordusunun Göyçay ətrafındakı qələbəsi Azərbaycanın şərq hissəsini, o cümlədən Bakını bolşevik-daşnak işğalından azad etmək uğrunda apardığı şərəfli mücadilədə dönüş nöqtəsi oldu. Bu döyüşlərdə Bakı Soveti qoşunlarına elə ağır zərbələr vuruldu ki, onlar bir daha özlərinə gələ bilmədilər. Qafqaz İslam Ordusu bolşevik-daşnak birləşmələrini darmadağın edərək Bakı istiqamətində azadlıq yürüşünə başladı. İyulun 20-də bu istiqamətdə mühüm strateji məntəqə olan Şamaxı şəhəri azad edildi. İyulun sonunda S.Şaumyanın rəhbərlik etdiyi Bakı Soveti istefa verməyə məcbur oldu. 1918-ci il avqustun 1-də Bakıda eser, menşevik və daşnaklardan ibarət Sentrokaspi adlanan mürtəce bir qurum yaradıldı. İngilislərin Bakıya çağırılması da Sentrokaspi diktaturasını xilas edə bilmədi. Qafqaz İslam Ordusu sentyabrın 15-də Bakı üzərinə həlledici hücuma başladı. Şəhər böyük müqavimət hesabına alındı və Azərbaycan hökuməti sentyabrın 17-də Bakı şəhərinə köçdü. 1918-ci il mayın 28-dən sonrakı dövrdə Azərbaycanın həyatında ikinci mühüm hadisə baş verdi: Bakı azad edildi və Azərbaycan hökuməti tam heyətdə əsl paytaxtda qərarlaşdı. Azərbaycan torpaqlarının azad olunmasında Qafqaz İslam Ordusu 4 min əsgər və zabit şəhid verdi.

Azərbaycanda siyasi hadisələrin inkişafı daxili proseslərdən daha çox dünyanı lərzəyə gətirən Birinci Dünya müharibəsinin gedişindən və nəticələrindən asılı idi. İki hərbi qruplaşma arasında gedən imperialist müharibəsində Azərbaycan öz mənafeyi baxımından Osmanlı dövlətinin qalib gəlməsini arzulayırdı. Lakin hadisələr başqa cür cərəyan edirdi. Türkiyə ilə Antanta dövlətləri arasında 1918-ci il 30 oktyabr tarixli Mudros müqaviləsinə görə məğlub sayılan Osmanlı qüvvələri Bakını tərk etməli, Antanta qüvvələri tərəfindən Bakının tutulmasına mane olmamalı, Zaqafqaziya dəmir yolu üzərindəki nəzarət hüququnu Antantaya güzəştə getməli idi. İranın Ənzəli limanında yerləşən ingilis hərbi hissələri müttəfiqlər adından Bakını tutmalı idi. Ənzəliyə danışıqlar aparmaq üçün gələn Azərbaycan nümayəndə heyəti ingilis hərbi hissələrinin komandanı general Tomsona Azərbaycan ərazisinə daxil olmazdan əvvəl AXC-ni tanımaq haqqında bəyanat verilməsini təklif etdi. Lakin general Tomson bu təklifi rədd etdi və bildirdi ki, Azərbaycan Respublikası türklərin intriqası nəticəsində yaranmışdır və xalq arasında heç bir dayağa malik deyildir. Bir halda ki siz bunun əksini iddia edirsiniz, o halda hər şeyi yerində yoxlayıb, buna münasib də qərar verərik. Müttəfiqlər dağıtmaq üçün yox, qurmaq üçün gəliblər. V.Tomson bəyanat verərək elan etdi ki, noyabrın 17-si səhər saat 10-a qədər Bakı şəhəri Azərbaycan və türk ordularından təmizlənməlidir: Bakı və onun neft mədənləri ingilislərin nəzarəti altına keçəcəkdir, ölkənin qalan hissəsi isə Azərbaycan hökumətinin və ordusunun nəzarəti altında olacaqdır. Azərbaycan rəsmi şəkildə tanınmır, lakin İngiltərə, Fransa və ABŞ nümayəndələri onun hökuməti ilə de-fakto əlaqə yaradacaqlar, bütün idarə və təşkilatlar bəzi dəyişikliklərlə fəaliyyət göstərəcəklər. General Tomson Bakının general-qubernatoru olacaq, ingilislər şəhər polisinə rəhbərlik edəcək, şəhər duması yenidən azad fəaliyyətə başlayacaq, Azərbaycan Paris sülh konfransında milli müqəddəratını təyinetmə prinsipi əsasında iştirak edəcək, L.Biçeraxov və onun dəstələri Britaniya ordusu ilə birlikdə Bakıya daxil olacaq və nəhayət, silahlı erməni dəstələri şəhərə buraxılmayacaq.

Azərbaycan nümayəndə heyətinin Ənzəli danışıqları əhəmiyyətsiz olmadı. Ən əsası ona görə ki, Azərbaycanın Paris sülh konfransında iştirak edəcəyi, Bakıya erməni hissələrinin daxil olmayacağı barədə general Tomson öz üzərinə təəhhüdlər götürürdü.

Noyabrın 17-də Tomsonun hərbi dəstələrinin Bakıya gəlişini şəhər əhalisi eyni cür qarşılamadı. Rus və erməni milli şuralarının tərəfdarları sevinc içərisində idilər. Biçeraxov təyyarələrdən Rusiya vətəndaşlarına adlı intibahnamələr səpir, xristian əhalini Bakının Ana vətənə qovuşması münasibətilə təbrik edirdi. General Tomsonun da iki gün sonra yaydığı bəyannamə eyni ruhda idi. General Biçeraxov daha irəli gedərək qurama Qafqaz-Xəzər hökuməti yaratdı, Bakıda çevriliş təşkil etmək üçün geniş fəaliyyətə başladı. Bakıdakı erməni və rus milli şuraları A.Biçeraxovun gəlişi ilə bağlı belə bir şayiə yayırdılar ki, guya Azərbaycan deyilən dövlət yoxdur, yalnız Rusiya vardır. Azərbaycan hakimiyyəti devrilməli və o, Biçeraxovun başçılıq etdiyi Xəzəryanı hökumətlə əvəz edilməlidir. Milli Şura hazırkı fövqəladə şəraitdə Müəssislər Məclisinin çağırılmasının qeyri-mümkünlüyü ilə əlaqədar özünü parlamentə çevirməyi qərara aldı. Qanunların hazırlanması üzərində işləyən müvafiq komissiyanın Azərbaycan parlamentinin yaradılması haqqında qanun layihəsi Milli Şura tərəfindən 1918-ci il noyabrın 20-də qəbul edildi.

Noyabrın 16-da Milli Şura beş aylıq fasilədən sonra yenidən fəaliyyətə başladı. Azərbaycan hökuməti təhrikçi hücumlara baxmayaraq, dövlət quruculuğu işini davam etdirir, parlamentin açılışına hazırlaşırdı. Parlament açılanadək onun funksiyasını Milli Şura yerinə yetirirdi. Parlamentin əsas özəyini keçmiş Milli Şuranın 44 üzvü təşkil edirdi. Daha 36 deputat isə keçmiş milli komitələrin xətti ilə şəhər və qəzalarda seçilmişdi. Azərbaycan parlamenti 120 deputatdan ibarət olmalı, milli tərkibə uyğun olaraq 80 yer azərbaycanlılara, 21 yer ermənilərə, 10 yer ruslara verilməli idi. Yəhudi, alman, gürcü və polyak icmasının hərəsi üçün 1 yer, Həmkarlar İttifaqı Şurası və Neft Sənayeçiləri İttifaqı üçün 3 yer nəzərdə tutulmuşdu. Respublika ərazisində yaşayan bütün xalqların və hər iki cinsdən olan vətəndaşların seçki hüququ təsbit edildi. Azərbaycan bütün Şərqdə qadınlara seçki hüququ verən ilk dövlət oldu.

1918-ci il dekabrın 7-də Azərbaycan parlamenti təntənəli iclasla açıldı. F.X.Xoyski hakimiyyəti parlamentə təhvil verdi. Ciddi müzakirələrdən sonra Türkiyədə danışıqlar aparan Ə.M.Topçubaşov parlamentin sədri, H.Ağayev sədrin birinci müavini, R.Vəkilov isə katib seçildilər. Parlamentin qarşısında duran mühüm vəzifələrdən biri yeni hökuməti təşkil etmək idi. Hökumətin təşkili yenidən F.X.Xoyskiyə tapşırıldı. Dekabrın 26-da hökumətin tərkibi elan edildi. Koalisyon hökumətin tərkibində 3 nəfər rus var idi, ermənilər isə onlara təklif olunan 2 nazir kürsüsündən imtina etdilər.

Yeni hökumətin təşkilindən iki gün sonra dekabrın 28-də müttəfiqlərin Bakıdakı nümayəndəsi general V.Tomson elan etdi ki, F.X.Xoyskinin başçılığı ilə yaradılmış Azərbaycan hökumətini yeganə qanuni hakimiyyət orqanı hesab edir. General V.Tomsonun rus milli şurasına Azərbaycan hökumətini tanımaq təklifi bu qurum tərəfindən qəbul edilmədi.

Biçeraxovun dəstəsinin dövlət çevrilişi cəhdinin üstü açıldıqdan sonra Azərbaycan hökumətinin tələbi ilə general V.Tomson Qafqaz-Xəzər hökumətini qanundankənar elan edib, 48 saat müddətində Bakıdan uzaqlaşdırdı, daha sonra isə erməni hərbi hissələri tərksilah edilib buraxıldı.

Beləliklə, 1918-ci ilin dekabrından etibarən ingilis komandanlığı Bakıda qoyulan məhdudiyyətləri tədricən azaltmağa başladı: Azərbaycan polisi, su nəqliyyatı və neft sənayesi, maliyyə idarələri, mətbuat üzərində nəzarət ləğv olundu. 1919-cu ilin aprelində Bakıda ingilis general-qubernatorluğunun ləğvi ilə əlaqədar Gəncədə təşkil olunmuş ilk Azərbaycan alayı paytaxta daxil oldu və xalq onu təntənə ilə qarşıladı.

1919-cu ilin aprelindən başlayaraq ingilislər Paris sülh konfransının şərtlərinə uyğun olaraq Qafqazı tərk etməyə başladılar və bu proses avqustun ortalarında başa çatdı. Azərbaycan hökuməti ingilis müdaxiləsi qarşısında nəinki öz varlığını qoruya bildi, həm də ingilis komandanlığını şəhərin idarəçiliyindən uzaqlaşdırmağa nail oldu. Lakin ingilislərin Bakını tərk etməsi bir tərəfdən Azərbaycanın müstəqilliyini möhkəmləndirirdisə, digər tərəfdən Sovet Rusiyasının keçmiş imperiyanı əvvəlki sərhədlər çərçivəsində bərpa etmək istəyini sürətləndirirdi. Qafqazda yaranmış müstəqil dövlətlər arasında mövcud olan ziddiyyətlər, ilk növbədə ərazi-sərhəd məsələlərindəki ziddiyyətlər xarici təhlükəni reallaşdırırdı.

Birinci Dünya müharibəsi 1918-ci ilin noyabrında başa çatsa da, onun nəticələrini reallaşdırmaq üçün vaxt tələb olunurdu. Qalib dövlətlər müharibədən sonrakı dünyanın vacib məsələlərini həll etmək üçün Parisdə beynəlxalq sülh konfransının çağırılmasına qərar verdilər.

Azərbaycan parlamenti Paris sülh konfransında iştirak etmək üçün tam səlahiyyətli və geniş hüquqlara malik nümayəndə heyəti göndərmək haqqında qərar qəbul etdi. Nümayəndə heyətinə rəhbərlik parlamentin sədri Ə.M.Topçubaşova tapşırıldı. Azərbaycan nümayəndə heyətinin Paris sülh konfransında iştirak etməkdə əsas məqsədi dünya dövlətləri tərəfindən Azərbaycan Xalq Cümhuriy-yətinin tanınmasına nail olmaq idi. Konfransda iştirak etmək üçün 1919-cu ilin yanvarından icazə gözləyən Azərbaycan nümayəndə heyəti üç aylıq gərgin diplomatik-siyasi mübarizədən sonra ingilislərin köməyi ilə mayın əvvəllərində Parisə gedib çıxa bildi. Mayın 28-də Azərbaycan nümayəndə heyətini ABŞ Prezidenti V.Vilson qəbul etdi. Vilsona təqdim edilmiş memorandumda Azərbaycan Respublikasının yaranma tarixi, onun bir ildə azadlıq yolunda verdiyi qurbanlardan bəhs olunurdu.

V.Vilson Azərbaycan nümayəndə heyətini soyuq qarşıladı, nümayəndə heyətinə konfederasiya ideyasını müdafiə etməyi, Millətlər Cəmiyyətinin mandatı ilə böyük dövlətlərdən birinin bu konfederasiya üzərində qəyyumluğunu qəbul etməyi məsləhət gördü. Konfederasiya məsələsinə Azərbaycan və qismən də gürcü nümayəndə heyəti müsbət yanaşırdı. Bu işin reallaşmasına əngəl olan isə erməni nümayəndə heyətinin pozuculuq fəaliyyəti idi. Ermənilər Paris sülh konfransı rəhbərliyindən tələb edirdilər ki, Birinci Dünya müharibəsinin Antantanın xeyrinə qələbə ilə başa çatmasında onların xidmətlərini nəzərə alaraq, qalib dövlətlər böyük Ermənistanın yaradılmasında ermənilərə yardımçı olmalıdırlar.

Nəhayət, 1920-cı il yanvarın 11-də Parisdə Müttəfiq Dövlətlərin Ali Şurası Azərbaycanın istiqlaliyyətinin de-fakto tanınması haqqında yekdilliklə qərar qəbul etdi. Yanvarın 14-də bu xəbər Azərbaycana çatdırıldı və parlament onu təntənəli şəkildə qeyd etdi. Millət vəkilləri və parlamentin iclasında iştirak edən xarici ölkələrin diplomatik nümayəndələri istiqlal yolunda qurban getmiş vətən oğullarının və Osmanlı əsgərlərinin xatirəsini yad etdilər. Bu hadisə münasibətilə ümumi amnistiya elan edildi.

Yanvarın 19-da Azərbaycanın və Gürcüstanın rəsmi nümayəndələri Paris sülh konfransı Ali Şurasının iclasına dəvət edildilər. Antanta Cənubi Qafqazın yeni dövlətlərini tanımaqla onları xarici təcavüzdən qorumaq üçün öz üzərinə öhdəliklər götürdü. Azərbaycan tərəfi ABŞ və Avropa dövlətlərindən alınması nəzərdə tutulan 100 parovoz, 2 min ədəd çən, 500 bağlı vaqon müqabilində 200 milyon pud ağ neft, eləcə də pambıq, yun, ipək, gön-dəri məhsulları göndərməyi öhdəsinə götürdü.

Azərbaycan Xalq Cümhuriyyətinin de-fakto tanınmasına qədər dövlət quruculuğu sahəsində heç bir təcrübəsi olmayan xalq qısa bir müddət ərzində normal fəaliyyət göstərən dövlət aparatı yaratmağa, 20-dən çox dövlətlə, o cümlədən, Türkiyə, Gürcüstan, Ermənistan, İran, Belçika, Hollandiya, Yunanıstan, Danimarka, İtaliya, Fransa, İsveçrə, İngiltərə, ABŞ, Ukrayna, Litva, Polşa, Finlandiya və başqaları ilə baş konsulluq, konsul agentlikləri səviyyəsində əlaqələr qurmağa nail oldu. Azərbaycan Xalq Cümhuriyyətinin dövlət quruluşu parlamentli respublika idi. Yeni yaranmış dövlət öz fəaliyyəti dövründə Türkləşmək, islamlaşmaq və müasirləşmək ideyası uğrunda mübarizə aparırdı. Hökumət Gəncədəki fəaliyyəti dövründə - 1918-ci il iyunun 27-də Azərbaycan dilinin dövlət dili elan edilməsi haqqında fərman imzaladı. Azərbaycandilli savadlı kadrların çatışmazlığı nəzərə alınaraq, dövlət idarələrində müvəqqəti olaraq rus dilindən də istifadə olunmasına icazə verildi. İyunun 24-də üzərində ağ rəngli aypara və səkkizguşəli ulduz təsviri olan qırmızı bayraq dövlət bayrağı kimi qəbul edildi, noyabrın 9-da isə həmin bayraq üçrəngli - yaşıl, qırmızı və mavi zolaqlardan ibarət olan bayraqla əvəz olundu. Avqustun 11-də ümumi hərbi səfərbərlik elan edildi və 1894-1899-cu il təvəllüdlü bütün Azərbaycan vətəndaşları hərbi xidmətə çağırıldı. Sentyabrın 1-də Hərbiyyə Nazirliyinin yaradılması haqqında qərar qəbul olundu. Dekabrın 25-də general Səməd ağa Mehmandarov hərbi nazir, general Əliağa Şıxlinski hərbi nazirin müavini, general Süleyman Sulkeviç Baş qərargah rəisi təyin edildilər. 1919-cu ildə 25 min nəfərlik Milli Ordu yaratmaq məqsədilə 400 milyon manat vəsait ayrılmışdı. Ordunun yaradılması prosesi 1920-ci ilin yanvarında əsasən başa çatdırıldı. 40 min nəfərlik nizami ordunun 30 mini piyada, 10 mini isə süvari qoşun hissələrindən ibarət idi.

1919-cu ilin yayında Bakını tərk edən ingilislər şəhər limanının idarəçiliyini və hərbi gəmilərin bir hissəsini Azərbaycan hökumətinə təhvil verdilər. İngilislərdən alman gəmilər hesabına Xəzər donanması yaradıldı.

1919-cu il iyulun 21-də parlament Azərbaycan Respublikasının Müəssislər Məclisinə seçkilər haqqında Əsasnaməni təsdiq etdi. Həmin il avqustun 11-də parlament tərəfindən qəbul olunmuş Azərbaycan vətəndaşlığı haqqında qanuna görə, özü və ya valideynləri Azərbaycan ərazisində anadan olmuş keçmiş Rusiya imperiyasının bütün təbəələri milli və dini mənsubiyyətindən asılı olmayaraq Azərbaycan vətəndaşı hesab olunurdu.

Xalq maarifi sahəsində ciddi nailiyyətlər qazanıldı. Orta məktəblərin təxminən yarısı milliləşdirildi, məktəblərdə rus tarixi əvəzinə ümumtürk tarixi tədris olunmağa başladı, bütün məktəblərdə Azərbaycan dilinin tədrisi məcburi hesab olundu. 1919-cu il sentyabrın 1-də Bakı Universitetinin təsis olunması haqqında qərar qəbul olundu. Dərslər noyabrın 15-də başlandı. Kənd Təsərrüfatı İnstitutunun yaradılması haqqında qanun qəbul olundu. 1919-cu ilin oktyabrında mətbuat sahəsində senzura ləğv olundu. Azərbaycanın müxtəlif regionlarında kişi və qadın seminariyaları açıldı, dövlətin hesabına yüzə yaxın gənc azərbaycanlı ali təhsil almaq məqsədilə Avropanın universitetlərinə göndərildi. Ticarəti və daxili bazarı dirçəltmək məqsədilə 1918-ci il avqustun 27-də azad ticarət haqqında fərman verildi, oktyabrın 30-da ticarət donanmasının fəaliyyəti bərpa olundu. 1919-cu ilin yayında Azərbaycan Xəzər donanması yaradıldı.

Azərbaycan Xalq Cümhuriyyətinin mübahisəsiz ərazisi 97,3 min kvadratkilometr idi. Gürcüstanla 8,7 min kvadratkilometr, Ermənistanla isə 7,9 min kvadratkilometr həmsərhəd ərazi Azərbaycan hökuməti tərəfindən mübahisəli torpaq sayılırdı. Azərbaycanın əhalisi 2 milyon 862 min nəfər idi ki, onun 70 faizini müsəlmanlar təşkil edirdi.

Bolşevik təcavüzü, erməni məkri, ABŞ və Avropa laqeydliyi

Azərbaycanın beynəlxalq aləmdə tanınmasına baxmayaraq, ölkənin şimal sərhədlərindəki vəziyyət gərgin olaraq qalırdı. Sovet Rusiyasının xarici işlər komissarı G.Çiçerin 1920-ci il yanvarın əvvəllərində Azərbaycan hökumətinə göndərdiyi notada Denikin əleyhinə hərbi ittifaq bağlamağı təklif edirdi. Azərbaycan rəhbərliyi başa düşürdü ki, Sovet hökumətinin əsas məqsədi bu gənc respublikanı Denikinlə qeyri-bərabər hərbi münaqişəyə cəlb edib zəiflətmək, sonra isə onun istiqlaliyyətinə son qoymaqdır. AXC-nin xarici işlər naziri F.X.Xoyski cavab notasında yazırdı ki, Denikinlə Sovet hökuməti arasındakı mübarizə rus xalqının daxili işidir və Azərbaycan hökuməti Rusiyanın daxili işinə qarışmaq niyyətində deyil. Çiçerin yanvarın 23-də ikinci notasında Azərbaycanın müstəqilliyinə münasibətini bildirməkdən yan keçir və Azərbaycan hökumətini Denikinə qarşı mübarizə aparmaqdan imtina etməkdə günahlandırırdı. F.X.Xoyski isə notasında Azərbaycanın istiqlaliyyətinin Sovet Rusiyası tərəfindən qeyd-şərtsiz tanınmasını təkid edirdi. Çiçerinin martın 7-də göndərdiyi növbəti nota baş aldatmaqdan və vaxt uzatmaqdan başqa bir şey deyildi. Getdikcə aydın olurdu ki, Rusiyanın bu hərəkətləri Azərbaycana qarşı hazırlanan hərbi müdaxiləni pərdələmək və Azərbaycan hökumətinin sayıqlığını azaltmaq məqsədi güdür. Sovet Rusiyasının Azərbaycana əsl münasibətini V.Leninin 1920-ci il martın 17-də Qafqaz cəbhəsinin hərbi-inqilab şurasına göndərdiyi teleqramda aydın əks olunur: Bakını zəbt etmək bizə olduqca və olduqca zəruridir, bütün səylərinizi buna verin.

Hələ 1918-ci ilin dekabrında bolşeviklər Bakıda ümumi siyasi tətil keçirməyə nail oldular. Tətildə 25-dən çox müəssisənin 12 minə qədər fəhləsi iştirak edirdi. 1919-cu ilin mayında bolşeviklər Bakıda ikinci dəfə tətil keçirməyə cəhd göstərdilər. Azərbaycan bolşeviklərinin sosial bazasını əsasən qeyri-müsəlman əhali təşkil edirdi. 1919-cu il aprelin 25-də Azərbaycanın cənub bölgəsində bolşeviklər tərəfindən qızışdırılan rus əhalinin milli hökumətə qarşı qiyamı başlandı. Qiyamçılar bölgəni Muğan Sovet Respublikası elan etdilər. Avqustun əvvəlində qiyam hökumət qüvvələri tərəfindən yatırıldı.

Bolşeviklər Azərbaycanın daxilində də təxribatçılıq fəaliyyətlərini gündən- günə genişləndirirdilər. 1920-ci ilin fevralında təsis edilmiş Azərbaycan Kommunist (bolşeviklər) Partiyasının əsas məqsədi ölkədə vəziyyəti gərginləşdirmək, təxribat yolu ilə bolşevikləri hakimiyyətə gətirmək idi. Bu təxribatçı quruma qatı millətçi A.Mikoyan başçılıq edirdi.

Sovet Rusiyası Ermənistanın Azərbaycana qarşı düşmənçiliyindən istifadə etdi. 1920-ci ilin əvvəllərində erməni nümayəndələri Moskvada ərazi güzəştləri müqabilində Azərbaycan hökumətini devirmək planlarını Sovet Rusiyasına təklif etdilər. Qarabağda və Gəncəbasarda erməni əhalinin qiyamı və Azərbaycana qarşı Ermənistanın müharibəsi bu planın tərkib hissəsi idi. Azərbaycan Ordusunun, demək olar ki, hamısı 1920-ci ilin Novruz bayramı günlərində Qarabağ istiqamətində erməni qiyamçılarına qarşı vuruşurdu, ölkənin şimal sərhədləri isə müdafiəsiz qalmışdı. Digər tərəfdən, Azərbaycan hökumətinin Qərbdən gözlədiyi yardım gəlib çıxmırdı.

Sovet Rusiyasına münasibət məsələsində də Azərbaycan hökumətində birlik yox idi: xarici işlər naziri Fətəli Xan Xoyski Rusiyaya münasibətdə sərt xəttin, daxili işlər naziri Məmməd Həsən Hacınski isə Azərbaycan bolşevikləri ilə danışığa girib onlara güzəştə getməyin tərəfdarı idi. M.H.Hacınskiyə görə, Sovet Rusiyasına geniş güzəştlər verməklə Azərbaycanın istiqlalını qorumaq mümkün idi.

1920-ci ilin martında hökumətin keçirdiyi konfransda M.H.Hacınskinin tərəfdarları qalib gəldilər, N.Yusifbəyli baş nazir vəzifəsindən istefa verdi. Yeni hökumətin təşkili M.H.Hacınskiyə tapşırıldı. Lakin M.H.Hacınski bu hökumətin təşkilinə tələsmirdi, az sonra o özü bolşeviklər partiyasına daxil oldu. Yeni hökumətin təşkilinin yubadılması onsuz da gərgin olan vəziyyəti bir qədər də çətinləşdirdi. Parlamentdə müxtəlif partiyalar arasında gedən mübarizə son həddə çatdı. Mövcud hakimiyyətə qarşı daim müxalifətdə olan və hökuməti devirməyə çalışan ittihadçılar Rusiya ilə hərbi ittifaqa girməyi tələb edirdilər, Azərbaycan bolşevikləri isə guya ölkədə qayda-qanun yaratmaq naminə hərbi yardım üçün Rusiyaya müraciət etməyə və XI rus ordusunu Azərbaycana dəvət etməyə çağırırdılar.

1920-ci ilin aprelində Denikinin qoşunlarını məğlub edən XI rus ordusu Azərbaycan sərhədlərinə yaxınlaşdı. Aprelin 15-də F.X.Xoyski Çiçerinə göndərdiyi notada rus ordusunun Azərbaycan sərhədində toplanmasının səbəbləri və məqsədi barədə məlumat verilməsini tələb etdi. Lakin Çiçerin bu notaya heç bir əhəmiyyət vermədi. Həmin günlərdə A.Mikoyan başda olmaqla Bakı bolşevikləri Azərbaycan xalqı adından XI rus ordusunu Azərbaycana dəvət etdi. Qabaqcadan razılaşdırılmış plana görə, rus ordusu Bakıda bolşevik qiyamının başlanmasından 1-2 gün sonra Azərbaycana soxulmalı idi. Bununla da dünya ictimaiyyətində belə bir rəy yaradılacaqdı ki, Azərbaycan hökuməti xarici hərbi müdaxilənin deyil, daxili qiyamın qurbanı olmuşdur. Lakin Bakıda qiyam başlanmamış - aprelin 26-dan 27-nə keçən gecə XI ordu hissələri Azərbaycan ərazisinə daxil olub Bakıya doğru irəliləməyə başladı. Sərhəd qüvvələrindən ibarət azsaylı Azərbaycan ordu hissələri düşmənə müqavimət göstərə bilmədi. Hərbi gəmilərin topları dənizdən parlament binasına tuşlandı.

Rus bolşeviklərinin Azərbaycanı işğal etməsi bir sıra səbəblərlə əlaqələndirilir. Ancaq o dövrün bir sıra siyasi məqamlarını diqqətlə analiz etdikdə belə bir qənaətə gəlmək olur ki, əsas və həlledici səbəb Amerika və Avropa dövlətlərinin Qafqazda yaranmış dövlətlərə və xalqların taleyinə laqeyd münasibəti idi. Faktlara nəzər salaq.

ABŞ-ın mövqeyi: Dünyanın siyasi sükanının arxasında oturan ABŞ Prezidenti V.Vilsonun Qafqaz respublikalarına soyuq münasibəti tarixi həqiqətdir. Bu nə ilə əlaqədar idi?

Vilsonun 1918-ci ilin yanvarında elan edilmiş On dörd sülh prinsipində kiçik xalqların müqəddəratının təyin edilməsi hüququ təsbit edilsə də, burada Rusiya imperiyasının dağılması nəzərdə tutulmamışdı. Vilsona görə, Polşa, Finlandiya, Çexoslovakiya, Yuqoslaviya və digərlərindən fərqli olaraq Qafqazda yaranmış üç respublika (Azərbaycan, Ermənistan və Gürcüstan) plandankənar yaranmışdı. Şərhə ehtiyac yoxdur. Bu mövqe rus işğalına rəvac verən ciddi amil oldu.

İngiltərənin mövqeyi: İngiltərənin Rusiyaya münasibətdə yeritdiyi siyasət ikili siyasət idi. Bir tərəfdən o, bolşevizmi silah gücünə yıxmağa çalışan, vahid və bölünməz Rusiya uğrunda mübarizə aparan rus generallarını müdafiə edir, digər tərəfdən yeni yaranmış dövlətləri öz müstəqilliklərini qorumağa həvəsləndirirdi. Elə bu gün də belədir.

Fransanın mövqeyi: Fransaya Çar Rusiyasının borcu elə səviyyədə idi ki, Rusiyanın bölünməsi az qala hər bir fransız ailəsinin mənafeyinə toxunurdu. Bunlar da öz pullarının hayında idi. Budur həqiqətin boz sifəti

XI ordunun Azərbaycana hücumu ilə eyni vaxtda aprelin 27-də gündüz saat 12-də AK(b)P MK və RK(b)P Qafqaz Diyar Komitəsinin Bakı bürosu adından hakimiyyəti təhvil vermək haqqında Azərbaycan parlamentinə ultimatum verildi. Azərbaycan parlamentinin fəaliyyəti həmin gün saat 20.45-də başa çatdı.

1920-ci il aprelin 28-də Azərbaycan Sovet Sosialist Respublikası elan olundu.

Aprel işğalı nəticəsində Azərbaycanda qurulan bolşevik rejiminin ömrü 70 ildən də çox çəkdi. Bu rejim özünün bütün varlığı ərzində Şərqdə ilk demokratik respublikanın bayrağını ucaldan qeyrətli soydaşlarımızla, onların haqq işinin davamçıları ilə mübarizə apardı. Lakin xalqın qəlbində yaşayan azadlıq atəşini söndürməyə müvəffəq olmadı. Xalq özünün istiqlal arzularını nəsildən-nəslə ötürdü. Nəhayət, 1991-ci ildə Azərbaycan yenidən öz dövlət müstəqilliyini bərpa etdi, indiki Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin siyasi varisi olduğunu ümumxalq iradəsi ilə təsdiqlədi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Respublika Günü münasibətilə söylədiyi nitqində Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasını belə dəyərləndirir: Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması dünya miqyaslı tarixi hadisə idi. Çünki müsəlman ailəsində ilk demokratik respublika yaradılmışdır. Biz fəxr edirik ki, bu tarixi Azərbaycan xalqı yazıb. Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması bir daha onu göstərir ki, Azərbaycan xalqı çox istedadlı, vətənpərvər və mütərəqqi xalqdır. Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının xatirəsi bizim üçün əzizdir. Azərbaycan dövləti və Azərbaycan xalqı onların xatirəsini ehtiramla yaşadır.