Xalq qəzeti.-2016.-26 may.-114.-S.8.

 

Həyatını Vətən yolunda qurban etmiş cümhuriyyət generalı

 

Mehman SÜLEYMANOV,

tarix elmləri doktoru, ehtiyatda olan polkovnik

 

Azərbaycan Xalq Cümhuriyyətinin mövcudluğu dövründə onun ordusu sıralarında 27 general xidmət etmişdi. Həmin generallardan üçdə biri Azərbaycan hökumətinin qərarı ilə bu rütbəyə layiq görülmüşdülər. Qalanları isə çar Rusiyası ordusu sıralarında general rütbəsini qazanmışdılar. Azərbaycan hökumətinin qərarı ilə general rütbəsinə layiq görülmüş ilk cümhuriyyət generallarından biri Süleyman bəy Əfəndiyev idi. O həm də cümhuriyyət ordusunun ilk şəhid generalı kimi tarixdə qalmışdır. 

S.Əfəndiyev milli mənafelərə sadiq, xidməti vəzifələrə məsuliyyətlə yanaşan, son dərəcə işgüzar və s. keyfiyyətləri ilə fərqlənən bir hərbçi idi. Onun ömür yolu ilə bağlı məhdud məlumatlarla tanış olarkən göz qarşısında canlanan portretində bir neçə cizgilər dərhal nəzər-diqqəti cəlb edir. Bu da Süleyman bəyin saflığı, kövrəkliyi, sonsuz insaniliyi, qəlbinin zərifliyi və bir qədər də romantikliyidir. Bəzən də fikirləşirsən ki, bu qədər həssas və humanist olan bir insan ordunu deyil, tamam başqa sahəni özü üçün həyat yolu seçməli idi. Ancaq tale ona belə bir həyatı qismət etmişdi və o da öz təmizliyi, saflığı ilə cümhuriyyət odusunun zabitinin şərəfini, nüfuzunu, saflığını yüksəklərə qaldırmışdı. Bütün bu keyfiyyətləri ilə Süleyman bəy Əfəndiyev cümhuriyyət ordusunun saflıq, millilik, sədaqət və paklıq simvolu idi və bunu onun müasirləri də təsdiq edirdilər. Hərbi nazir Səməd bəy Mehmandarov bildirirdi ki, Süleyman bəy Əfəndiyev təmizlikdə, namusda, qeyrət və fədakarlıqda tabeliyində olan zabitlərin ən birincisi idi.

Süleyman bəy Əfəndiyev 1864-cü il oktyabrın 5-də Ağdamda doğulmuşdu. İlk təhsilini Gəncədə tamamladıqdan sonra S.Əfəndiyev 1880-ci ildə Yelizavetqrad süvari məktəbinə daxil olmuş və 1885-ci ildə həmin məktəbi başa çatdıraraq zabit rütbəsi almışdı. Bundan sonra isə onun Rusiya ordusu tərkibində xidmət yolu başlandı. Təəssüf ki, onun çar ordusu tərkibindəki xidmət yolu haqqında lazımi məlumat hələ də mövcud deyil. Məlum olan odur ki, Süleyman bəyin xidmət yolu əsasən Qafqazla bağlı idi. O, 1899-cu ildə rotmistr rütbəsi, 1912-ci ildə isə polkovnik rütbəsi almışdı.

1917-ci ilin fevral çevrilişindən sonra Qafqazdakı Rusiya ordusu buraxıldı və S.Əfəndiyev də bu ordudan istefa verməli oldu. O, Gəncəyə qayıtdı və burada azərbaycanlılardan ibarət könüllü silahlı dəstələrin formalaşdırılmasında fəal iştirak etdi. Məlumdur ki, fevral çevrilişindən sonra Azərbaycan ərazisində ağır hərbi-siyasi şərait yaranmışdı. Hakimiyyətsizlikdən istifadə edən denikinçi, bolşevik, erməni-daşnak qüvvələri silahlanaraq Azərbaycan xalqına qarşı total təcavüzkarlığa başlamışdılar. Xalqı bu fəlakətlərdən qorumaq üçün milli mücadilə liderləri heç olmasa, könüllüləri toplayaraq, onlara silahdan istifadəni öyrətməyi lazım bilirdilər. Qərara alınmışdı ki, yerlərdən bunun üçün müəyyən maliyyə vəsaiti də toplansın və heç olmasa, könüllülərin təlimini aparan zabitlərə dolanışıq haqqı verilsin.

S.Əfəndiyev də Gəncədə belə könüllü dəstələrin təlimi ilə məşğul olmağa başladı. Amma xalqın iqtisadi vəziyyəti elə idi ki, hətta az miqdarda belə maliyyə vəsaiti toplamaq imkanı yox idi. Ona görə də, Süleyman bəy heç bir dolanışıq mənbəyi olmadan aylarla bu təlimləri aparmalı oldu. Süleyman bəyin vəfatından sonra Azərbaycan qəzetinin 3 mart 1919-cu il tarixli nömrəsində onun haqqında çap olunmuş nekroloqda Gəncədəki fəaliyyəti haqqında belə yazılmışdı: Bu qədər müddət öz hesabına xidmət etdikdən sonra yenə maaş istəməyi özünə bir müşgül əmr hesab edirdi. Gəncədə anarxiya başlananda, cümlə mülki və hərbi məmurlar dəxi qərargahlara, talançılara iltihaq etdilər ( qoşuldular - M.S.). Kimsə kimsəni tanımaq istəmədi, şübhə etmək olur ki, düz, doğru, qeyrət və namuslu şəxslər tanınmayacağı bir dərəcəyə gəldi. Mərhum Əfəndiyev gündüzlər ac, gecələr yuxusuz öz cavan mütəllimləri ilə şəhərin hərasətinə ( qorunmasına -M.S.), şəhərdə əmin-asayişi əmələ gətirmədə zərrə qədər qüsur gətirmədi. Şəhərdə, stasyonda, nərəyə gedilsə Süleyman bəy görünürdü. Özü namus və qeyrətli, mütəllimləri düz, doğru.

1917-ci il dekabr ayının ortalarında Müsəlman korpusunun təşkilinə başlandı. Süleyman bəy bu korpusda 5-ci atıcı alayın komandiri idi. O bir müddət, hətta Müsəlman korpusunda ikinci diviziya komandirinin vəzifəsini də icra etmişdi. Süleyman bəy Qafqaz İslam Ordusunun tərkibində Azərbaycanın bolşevik daşnak qoşunlarından təmizlənməsində də fəal iştirak etdi. 1918-ci il noyabr ayının 1-də Azərbaycan Xalq Cümhuriyyətinin Hərbi Nazirliyi təşkil edilənə kimi, Süleyman bəy bir sıra vəzifələrdə xidmət etdi. Çox təəssüf ki, məlumatların azlığı üzündən bu barədə də ətraflı məlumat vermək çətindir.

Süleyman bəy haqqında az-çox məlumat onun AXC Hərbi Nazirliyinin bərpasından sonrakı dövrdəki xidmət yolu ilə bağlıdır. Bu xidmət isə təxminən 4 ay davam etdi. Mövcud sənədlərdən məlum olur ki, hərbi nazirlik bərpa olunanda polkovnik Süleyman bəy Əfəndiyev Tərtərdə yerləşən 2-ci Qarabağ süvari alayının komandiri idi.

1918-ci ilin sonlarında Azərbaycan Ordusu böhran içərisində idi. Ordu təşkili sahəsində ciddi nəticələrin əldə edilməsi üçün hökumət tərəfindən qərara alınmışdı ki, Azərbaycan hissələri türk qoşun hissələri və bölmələrinin bazasında formalaşdırılsın. Bu istiqamətdə əməli addımlara da başlanmışdı. Amma müttəfiq dövlətləri türk hərbçilərinin Azərbaycanda qalmasına qəti  etiraz etdilər. Türk hissə və bölmələrinin Azərbaycandan çıxarılması isə orduda təşkilati böhranı ortaya çıxardı, hissə və bölmələr təchizat mənbələrindən məhrum oldular, zabit və kadr qıtığı özünü göstərdi.

Belə bir vəziyətdə S.Əfəndiyev 2-ci Qarabağ süvari alayının formalaşdırılması üçün çox böyük fədakarlıq göstərirdi. O, gecə-gündüz bilmədən alayın qurumlanması, bölmələrdə xidmətin düzgün təşkil edilməsi ilə məşğul oldu. Alayda iaşə xidmətinin təşkili, nizam və intizamın möhkəmləndirilməsi, zabit və unter-zabit heyəti arasında qarşılıqlı münasibətlərin formalaşması, hərbi qulluqçularla yerli əhali arasında münasibətlərin tənzimlənməsi ilə bağlı Süleyman bəy Əfəndiyevin alay komandiri kimi əmrləri indi də arxivlərdə saxlanmaqdadır. Bu əmrlərin hər birində Süleyman bəyin hərbi qulluqçulara sonsuz qayğısı, tapşırılan hərbi vəzifənin icrasına sonsuz məsuliyyəti özünü çox açıq şəkildə göstərməkdədir.

1918-ci il dekabr ayının əvvəllərində Səməd bəy Mehmandarov Qarabağ bölgəsində yerləşən hərbi hissələrin və bölmələrin vəziyyəti ilə tanışlığı zamanı yalnız Süleyman bəy Əfəndiyevin komandir olduğu 2-ci Qarabağ alayında vəziyyətin xeyli yaxşı olduğunu müşahidə etdi. Bu tanışlıqla bağlı imzaladığı müfəssəl əmrində S.Mehmandarov yorulmaz xidmətlərinə görə Süleyman bəy Əfəndiyevə və onun ətrafında olan az saylı zabitlərə öz təşəkkürünü bildirdi.

1918-ci il dekabr ayının sonlarına yaxın S.Mehmandarovun əmri ilə S.Əfəndiyev daha yüksək vəzifəyə təyin edildi. Həmin ayın 23-də S.Əfəndiyev özünün alaydaxili son əmrini imzaladı.  Bu əmrini polkovnik S.Əfəndiyev 2-ci Qarabağ süvari alayının hərbi qulluqçularına müraciətlə belə tamamlayırdı: Mən inanıram ki, siz gələcəkdə də məğrur olacaqsınız, nəzərləri möcüzə-bahadırlara dikilmiş bizim azad Vətənin və millətin bayrağını daşıyacaqsınız. Bu isə sizdən haradan gözlənilməsinə baxmayaraq Vətənin düşmənlərdən müdafiəsi üçün şüurlu və birgə iş tələb edir. Vətənin gələcəyi sizin əlinizdədir. Onun abadlaşması, çiçəklənməsi və ya asılı vəziyyətdə qalması bizim özümüzdən asılıdır.

S.Mehmandarov Azərbaycan hökuməti qarşısında sədaqətli xidmətini nəzərə alaraq Süleyman bəy Əfəndiyevə general-mayor rütbəsi verilməsi haqqında vəsatət qaldırdı. Azərbaycan hökumətinin qərarı ilə 1918-ci il dekabr ayının 29-da S.Əfəndiyevə general-mayor rütbəsi verildi.

1918-ci ilin son günləri və 1919-cu ilin ilk günlərində Qarabağ bölgəsində yerləşən AXC ordusunun 1-ci piyada diviziyasının bəzi bölmələri və zabitləri Azərbaycan hökumətinə itaətsizlik göstərdilər və qiyam qaldırmağa cəhd etdilər. Bəzi hərbçilər rus zabitlərinin Azərbaycan Ordusuna cəlb edilməsinə, ingilis hərbi bölmələrinin Azərbaycana daxil olmasına, erməni silahlılarına qarşı qətiyyətli tədbirlərin görülməməsinə etiraz əlaməti olaraq bu itaətsizliyi göstərdilər və hətta 1-ci piyada diviziyasının komandiri, general-mayor İbrahim ağa Usubovu girov götürdülər. General Usubov irəli sürülən tələblərin mərkəzə çatdırılacağını vəd edəndən sonra girovluqdan azad edildi.

Hərbi nazir S.Mehmandarov cümhuriyyət ordusu daxilində müstəqil Azərbaycan hökumətinə qarşı itaətsizlik göstərilməsinə qarşı son dərəcə barışmaz bir mövqe tutdu və dərhal bu xoşagəlməz halın aradan qaldırılması üçün Süleyman bəy Əfəndiyevi bölgəyə göndərdi. Süleyman bəy də bölgəyə gəldi, hissə və bölmələrdəki vəziyyətlə tanış oldu, itaətsizlik göstərən bölmələri və zabitləri müəyyənləşdirdi, hökumətə sədaqətli olan bölmələr arasında iş apardı və çox tezliklə itaətsizlik göstərən hərbi qulluqçuların müəyyənləşdirilməsinə, onlara qarşı ciddi tədbirlərin həyata keçirilməsinə nail oldu. Nəticədə, qısa müddət ərzində ordu daxilində qiyam cəhdinə son qoyuldu.

1919-cu il yanvar ayının 7-dən Süleyman bəy Əfəndiyev AXC ordusunun 1-ci piyada diviziyasının komandiri vəzifəsinin icrasına başladı və özünəxas işgüzarlıqla, ardıcıllıqla və məsuliyyətlə bu diviziyanın formalaşdırılmasına girişdi. İstər hərbi nazirlik, istərsə də Azərbaycan hökuməti üçün bi diviziyanın formalaşdırılması və təşkilatlandırılması çox böyük əhəmiyyət kəsb edirdi. Çünki bu diviziya Qarabağda erməni təcavüzkarlığının qarşısını almaq üçün əsas qüvvə kimi görülürdü.

Bu diviziyanın formalaşdırılması istiqamətində S.Əfəndiyevin səmərəli xidməti haqqında müəyyən məlumatlar mövcuddur. Lakin çox təəssüf ki, Süleyman bəyin bu diviziyadakı dəyərli fəaliyyəti çox da uzun sürmədi. Çünki 1919-cu il yanvar ayının 2-ci yarısından etibarən Ağdam qarnizonunun hissə və bölmələrində yayılmış səpmə yatalaq xəstəliyi çoxlu sayda əsgərin həyatına son qoyduğu kimi, Süleyman bəy Əfəndiyevin də ömrünə son qoydu. Bu xəstəliyin nəticəsində hər gün onlarca hərbi qulluqçu həyatını itirirdi. Xəstəliyin qarşısının alınması üçün Süleyman bəy çox çalışdı, davamlı olaraq hərbi nazirliklə əlaqə saxladı, təsirli bir vasitə tapılmayanda isə özü xəstəliyə yoluxan hərbi qulluqçuların ağrı-acılarını unutdurmağa çalışdı. Bunun üçün o davamlı olaraq əsgərlər arasında oldu, onları tək buraxmadı.

Belə bir vaxtda Süleyman bəy Qazaxdan onun böyük oğlu Həsənin vəfat etməsi haqqında xəbər aldı. Oğlunu çox sevsə də Süleyman bəy ölüm ayağında olan onlarla-yüzlərlə əsgərini tək və köməksiz qoyub dəfn mərasiminə yollanmağı özünə rəva bilmədi. Çox keçmədi ki, elə övladı qədər sevdiyi əsgərləri arasında onu da xəstəlik tutdu və 1919-cu il fevral ayının 21-də Süleyman bəy Əfəndiyev xidmət başında səpmə yatalağı xəstəliyindən dünyasını dəyişdi.

Bakıda çıxan bir çox qəzetlər S.Əfəndiyevin vəfatı münasibətilə nekroloqlar çap etdilər. Hərbi nazirlik isə onun dəfninin təşkili ilə bağlı xüsusi bir əmr verdi. İstiqlal qəzetində çap olunmuş nekroloqda deyilirdi: Ey möhtərəm əsgər! Sən Azərbaycanın ən qəhrəman övladı idin. Sən öldün, fəqət sənin qəhrəmanlığın səndən sonra yetişəcək zabitlərimiz arasında ölməyəcəkdir. Səni Azərbaycanın hərb tarixində yad etmək Azərbaycan üçün böyük bir şərəfdir. Sənin ruhuna təzim və hörmətimizi ithaf edər ikən Vətən və millətimizə də bəyani-təziyyət eyləriz.

Azərbaycan qəzetində çap olunmuş nekroloqda isə aşağıdakı cümlələr var idi: Mirliva Əfəndiyevin vəfatı nəinki mirlivanın əqrəba və mütəlliqatını məhzun və dilgir edəcəkdir. Bəlkə onu tanıyan, onun həqqinə arif, onun vətən və millət uğrundakı xidmət və fədakarlıqlarını bilmiş olan cümlə azərbaycanlıları dilxun və dağdar edəcəkdir.

S.Əfəndiyev vəfat edəndə hərbi nazir ezamiyyətdə idi. Ona görə də hərbi nazirlik adından onun dəfninin təşkili ilə bağlı əmri general Əlağa Şıxlinski imzaladı. Həmin əmrin bir yerində deyilirdi: General Əfəndiyev indiki şəraitdə diviziyanın təşkil edilməsi kimi çətin işə başladı, istirahət bilmədən və rahatlıq görmədən indiki zamanda Azərbaycanın daha böyük vilayətində qanun-qaydanın yaradılması və hissələrin formalaşdırılması ilə məşğul oldu. Öz diviziyasının sanitar vəziyyətinin qayğısına qalaraq general Əfəndiyev tibb otağının yaradılmasına şəxsən rəhbərlik edir, daim xəstələrə baş çəkərək və onların arasında olaraq bəzən xeyirxah sözlərlə və bəzən də bir rəhbər kimi tələbləri ilə onların ağrılarını azaldırdı. Çoxlu qayğı içərisində onun özü barəsində düşünməyə macalı yox idi - səpmə yatalağa tutuldu və postda dayanan əsgər kimi vəzifə başındqa keçindi. Qəbrin nurla dolsun, Vətənin əsil oğlu və yorulmaz döyüşçü!.

1919-cu il fevral ayının 24-də S.Əfəndiyevin tabutu Gəncə vağzalına gətirildi. Burada tabutu fəxri qarovul qarşıladı və böyük izdihamın müşayiəti ilə tabut Şah Abbas məscidinə aparıldı. Məsciddə S.Əfəndiyev üçün namaz qılındı və dualar oxundu.

S.Əfəndiyevin Gəncə qəbiristanlığında dəfni nəzərdə tutulmuşdu. Ancaq Ə.Şıxlinskinin 1919-cu il fevral ayının 26-da imzaladığı əmrdən, habelə sonralar hərbi nazirin adına gəlmiş məktublardan aydın olur ki, həyat yoldaşı Laləndar xanım Süleyman bəyin Qazaxda dəfn olunmasını xahiş etmişdi. Hərbi Nazirliyin rəhbərliyi də ailəsinin  istəyini nəzərə alaraq Süleyman bəyin Qazaxda dəfn olunmasına icazə vermişdi.

Bu məktubda toxunulan məsələnin sonrakı taleyi barədə bir fikir söyləmək çətindir. Məlumatların qıtlığı üzündən aydın deyil ki, Süleyman bəy Əfəndiyevin nəşi sonradan Batuma aparılmışdır, ya yox? İndi Azərbaycanın müstəqilliyi yolunda həyatını qurban verən general-mayor Süleyman bəy Əfəndiyevin qəbrinin yeri məlum olmadığı kimi, hələlik onun fotoşəkli də aşkarlanıb üzə çıxarılmamışdır.