Xalq qəzeti.-2016.-25 may.-112.-S.5.

 

Müsəlman Şərqində ilk demokratik respublika

 

Musa QASIMLI,

Milli Məclisin deputatı, tarix elmləri doktoru, professor

 

Məlum olduğu kimi, 1918-ci il mayın 28-də Azərbaycan xalqını təmsil edən Milli Şura  müsəlman Şərqində ilk dəfə olaraq respublika formasında dövlət müstəqilliyini elan etdi. Zaman etibarilə bu tarixi hadisədən nə qədər çox uzaqlaşırıqsa, onun təkcə xalqımız və müsəlman Şərqi deyil, bütün dünya üçün böyük əhəmiyyət daşıdığı daha aydın şəkildə özünü göstərir, AXC irsinə təkrarən müraciət olunur və bir sıra suallara cavabları yenidən oxumaq və ibrət almaq lazım gəlir:  Cümhuriyyətin yaradılmasına aparan tarixi yol necə olub?  Cümhuriyyət necə elan edilib? Buna hansı daxili və beynəlxalq amillər təsir edib? Azərbaycan hökumətinin ölkə  daxilində  həyata keçirdiyi tədbirlərin əhəmiyyəti nədən ibarət olub?  Azərbaycan Xalq Cümhuriyyəti dövlətinin xarici siyasəti necə olub? Dövlət müstəqilliyinə necə son qoyulub? Cümhuriyyət dövrü tariximizdən nələri öyrənməli və hansı  ibrət dərsləri almalıyıq?

Heç kəsə sirr deyil ki, sovet dövründə Azərbaycan tarixinin yazılmayan və danışılmayan, üstündən sükutla keçilən, yazılanda və danışılanda isə kobudcasına təhrif edilən səhifələrdən biri 1918-1920-ci illər Azərbaycan Xalq Cümhuriyyəti dövrü olub. Bu tarixə dair arxiv sənədləri daim məxfi, tam məxfi qrifləri altında  saxlanıldığından tədqiqatçılar tarixi həqiqətlərin heç də hamısını bilməyiblər, bilənlər isə ideologiyanın təsiri altında onu məqsədli şəkildə düşünərək və təhrif edərək yazıblar. Lakin Azərbaycanın dövlət  müstəqilliyi bərpa edildikdən sonra yaranmış yeni şəraitdə tam məxfi, məxfi arxiv fondları açıldıqda tamamilə başqa bir mənzərə üzə çıxdı. Cümhuriyyət tarixinə yeni baxış meydana gəldi. 

 Tarixi hadisə və proseslərin təhlili göstərir ki, 28 May tarixində AXC-nin elan edilməsi göydəndüşmə olmadı. Məlumdur ki, çarizm Azərbaycanın şimalını işğal edənə qədərki müəyyən dövrdə  Azərbaycan xalqının zəngin dövlətçilik ənənələri mövcud idi. Lakin 1828-ci ildə Azərbaycanın şimalı çar Rusiyası tərəfindən xanlıqlar formasında işğal edildikdən sonra tamamilə yeni bir şərait yarandı. Azərbaycanın ərazisi və xalqı iki yerə bölüşdürüldü. Azərbaycan xalqı işğalla barışmadı. İşğala qarşı müqavimət hərəkatı, üsyanlar baş verdi. Amansızlıqla yatırılan üsyanlardan sonra müstəqillik şüurunun, onun daşıyıcılarının sistemli şəkildə məhvinə başlandı. İşğaldan narazı olaraq ona qarşı çıxan şəxsləri  amansız Sibir sürgünləri və  həbsxanalar gözləyirdi. Çarizm orqanları hakimiyyət əleyhinə olan ən xırda təzahürləri amansızlıqla məhv edirdi. Qeyd etmək lazımdır ki, rəsmi məlumatlara görə, cümhuriyyət elan edilənədək Sibir sürgünlərində təqribən 5 min nəfər azərbaycanlı var idi.

Özünün ümumi strateji mənafelərini yerinə yetirmək üçün çarizm  Azərbaycanda idarəçilik işlərinin aparılmasına kömək edən yerli etibarlı şəxslərdən ibarət  məmurların yaradılmasında maraqlı idi. Bütün bunlar çarizmin müstəmləkəçilik və ruslaşdırma siyasətinə xidmət edirdi. Azərbaycanda müasir məktəblər və mədəni-maarif müəssisələri yaradıldı. Ana dilində ilk qəzet buraxıldı. İlk milli teatr yaradıldı. Hansı motivlərdən asılı olmasına baxmayaraq, təhsil və mədəniyyət sahəsində yeridilən siyasət Azərbaycan xalqının maariflənməsinə, dövrünün elm və mədəniyyət nailiyyətlərindən  xəbər tutmasına imkan verirdi. Maarifçilik xalqda milli hisslərin oyanmasında, milli şüurun inkişafında və nəhayət, milli hərəkatın yaranmasında mühüm rol oynadı. Azərbaycan xalqının millətləşmə prosesini sürətli keçməsində bu amilin təsiri oldu. İmperiya ərazisində gedən proseslər, heç şübhəsiz, Azərbaycana da təsirsiz ötüşmədi. Rusiya tərkibində olan Şimali Azərbaycanda xalqımızın  ümmətçilikdən  millətçiliyə keçməsi Cənubi Azərbaycana nisbətən daha sürətli oldu. Azərbaycan Rusiya vasitəsilə Avropaya daha çox yaxınlaşdı. Abbasqulu Ağa Bakıxanov, Mirzə Fətəli Axundov, Həsən bəy Zərdabi kimi ziyalılar xalqın maariflənməsində əvəzsiz xidmət göstərdilər. Carizm dövründə yaradılmış müxtəlif ictimai təşkilatlar, xeyriyyə cəmiyyətləri xalqın problemlərinin həllinə yardım edilməsində, humanitar əsasda birləşməsində müəyyən rol oynayırdı.

1905-1907-ci illər inqilabı və ondan sonra baş verən proseslər Azərbaycana da yeniliklər gətirdi. Bu dövrdə bütün dünyada gedən ictimai-siyasi hərəkatda əsasən iki  böyük cərəyan - milli-azadlıq hərəkatı, millətçilik və sosial-demokratiya mövcud idi. Həmin məqsədlərə uyğun olaraq ictimai və siyasi təşkilatlar yaradıldı. Milli-azadlıq hərəkatı son nəticədə imperiyaların dağılmasına, zülm altında inləyən xalqların azad olmasına və müstəqil dövlətlərin yaradılması məqsədini güdürdüsə, sosial-demokratiya isə daha çox  rejimləri dəyişməklə mahiyyətinə görə, imperiyaların qorunub-saxlanılmasına yönəlmişdi. Azərbaycan xalqının istəklərinin ifadəçiləri, milli-azadlıq hərəkatının öndərləri Difai, Müsavat, sosial-demokratiyanın təmsilçisi isə Hümmət oldu. Müxtəlif cərəyanları təmsil edən partiyaların mövcudluğu Azərbaycan siyasi tarixinin zənginliyini və çoxtərəfliliyini göstərir.

Çarizm Azərbaycanda pantürkçüləri və panislamçıları, müstəqillik tərəfdarlarını amansızlıqla təqib edirdi.  Birinci dünya müharibəsi və ya o zaman deyildiyi kimi, Böyük müharibə xalqları özlərini mühafizə etmək və  gələcək həyatlarını necə qurmaq barədə düşünməyə vadar edirdi. İmperiyaların və müstəmləkə zülmü altında inləyən xalqların həyatlarının daha əvvəlki kimi olmayacağı artıq müharibənin əvvəllərindən aydın idi. Heç əbəs deyil ki,  müharibənin sonlarında yaranmış gərgin şəraitdə Azərbaycanın istiqlalı məsələsində çox az saylı azərbaycanlı ziyalılar Əli bəy Hüseynzadə, Əhmədbəy Ağaoğlu, Məhəmmədəmin Rəsulzadə, Əlimərdan bəy Topçubaşov və başqaları müstəsna rol oynadılar. Onlar xalqın  taleyi ilə bağlı məsələlərdə məsuliyyəti  üzərlərinə götürdülər. Azərbaycanın gələcəyini düşünən ziyalılar müxtəlif yollar aramağa başladılar. Onlar daxili amillərlə yanaşı, xarici amilə də ümid edirdilər. Xarici amil isə Osmanlı dövləti idi. İstanbul dünya türklüyünün və İslamın mərkəzi olduğundan azərbaycanlılar da Osmanlıya nicat gözü kimi baxırdılar. Bu dövrdə azərbaycanlı ziyalıların bir qismi öz ümidlərini türk və müsəlman dünyasının mərkəzi olan Osmanlı Türkiyəsinə bağlayırdı. Belə mövqe müharibə aparan Osmanlının da  strateji niyyətlərinə tam uyğun gəlirdi.  Bu məqsədlə bir neçə azərbaycanlı hətta Ərzuruma gedərək Ənvər Paşa ilə görüşmüşdü. Onlar azərbaycanlıların çarizmin zülmündən xilas olmalarına kömək göstərilməsini xahiş etmişdilər. Eyni zamanda, Osmanlı hökuməti də Qafqaz və Mərkəzi Asiya istiqamətində hərəkət etmək üçün bir etibarlı müttəfiqə, sosial dayağa  ehtiyac duyurdu. Bu zaman maraqlar üst-üstə düşürdü.

1917-ci ilin fevralında Rusiyada çarizm devrildi. Müvəqqəti hökumət quruldu. Oktyabr ayında isə bolşeviklərin hakimiyyətə gəlməsi tamamilə yeni bir şərait yaratdı. Noyabr ayının əvvəllərində Bakıda bolşeviklər hakimiyyəti ələ aldılar. Bundan bir neçə gün sonra  Antanta ölkələrinin yardımı ilə Tiflisdə Transqafqaz Komissarlığı yaradıldı. Rusiyada bolşevik hökuməti müharibədən çıxdığını elan etdi. Almaniya bloku ölkələri ilə barışıq imzaladı. Cənubi Qafqazdan Ümumrusiya Müəssislər Məclisinə seçilən deputatlar mərkəzdə fəaliyyətə başlaya bilmədiklərindən və bu orqan bolşeviklər tərəfindən qovulduqdan sonra  onlar 1918-ci il fevralın 23-də Tiflisdə Transqafqaz Seymini (parlamenti) yaratdılar. Bu parlamentdə Azərbaycan fraksiyası 44 nəfərdən ibarət idi. Həmin il aprelin 22-də Seym Cənubi Qafqazın müstəqilliyini elan edərək Zaqafqaziya Demokratik Federativ Respublikasını yaratdı.

Osmanlı dövləti Cənubi Qafqaz istiqamətində  əlverişli imkan qazandı. Azərbaycan uğrunda böyük dövlətlərin mübarizəsi kəskinləşdi. Rus Qafqaz cəbhəsi dağıldı. Ordu hissələri ilə birlikdə geri dönən erməni terror dəstələri Cənubi Azərbaycanda, Şərqi Anadoluda törətdikləri qırğınları bu dəfə Cənubi Qafqazda davam etdirdilər. Bu qanlı hadisələrin zirvə nöqtəsi 1918-ci ilin martında erməni daşnak və Bakı Soveti qüvvələrinin Bakıda və Bakı quberniyasında azərbaycanlılara qarşı törədikləri soyqırımı oldu. Soyqırımının başlıca məqsədi istiqlal tərəfdarlarını məhv etmək, onun sosial dayaqlarını dağıtmaq, müharibənin son mərhələsində döyüşən dövlətlərin strategiyasında  mühüm yer tutan Bakı neftinə sahib olmaq, Azərbaycanın Rusiyadan ayrılmasına imkan verməmək, Osmanlı hücumlarının qarşısını almaq idi. Transqafqaz Seymi azərbaycanlılara qarşı törədilən qırğınların qarşısını ala bilmədi və daxili ziddiyyətlər ucbatından süqut dövrünə qədəm qoydu.

Daxili ziddiyyətlər aradan qaldırılmadığından mayın 27-də Azərbaycan fraksiyası ayrıca iclasına toplaşaraq, müstəqilliyi elan etmək qərarına gəldi. Fraksiya özünü Azərbaycan Milli Şurası  elan etdi. Azərbaycan xalqının tarixi istəyi yerinə yetirildi.  Bu zaman Osmanlı ilə Zaqafqaziya arasında Batumda keçirilən  danışıqlarda iştirak edən M. Ə. Rəsulzadə qiyabi olaraq Milli Şuranın sədri seçildi. Milli Şuranın mayın 28-də Tiflisdə Orient oteldə keçirilən iclasında  Azərbaycanın İstiqlal bəyannaməsi qəbul edildi. Altı maddədən ibarət olan Bəyannamədə  deyilirdi: 1. Bu gündən etibarən Azərbaycan xalqı hakimiyyət hüququna malik olduğu kimi, Cənub-Şərqi Zaqafqaziyanı əhatə edən Azərbaycan da tam hüquqlu müstəqil bir dövlətdir. 2. Müstəqil Azərbaycan dövlətinin idarə forması Xalq Cümhuriyyətidir. 3. Azərbaycan Xalq Cümhuriyyəti bütün millətlərlə, xüsusən qonşu olduğu millətlər və dövlətlərlə mehriban münasibətlər yaratmaq əzmindədir. 4. Azərbaycan Xalq Cümhuriyyəti milliyyətindən, məzhəbindən, sinfindən, silkindən və cinsindən asılı olmayaraq öz sərhədləri daxilində yaşayan bütün vətəndaşlarına siyasi hüquqlar və vətəndaşlıq hüququ təmin edir. 5. Azərbaycan Xalq Cümhuriyyəti öz ərazisi daxilində yaşayan bütün millətlərin sərbəst inkişafı üçün geniş imkanlar yaradır. 6. Müəssislər Məclisi toplanana qədər Azərbaycanın başında xalqın seçdiyi Milli Şura  və Milli Şura qarşısında məsuliyyət daşıyan müvəqqəti hökumət durur.

Azərbaycanın idarə forması Xalq Cümhuriyyəti idi. Yeni dövlət bütün qonşularla mehriban münasibətlər qurmaq istəyini bəyan etdi. Ölkə ərazisində yaşayan bütün xalqlar bərabər elan edildilər. Onlar üçün bərabər hüquqlar elan olundu. Azərbaycanın başında xalqın seçdiyi Milli Şura   parlament dururdu. Azərbaycan parlamentli   respublika idi.

Cümhuriyyətin elan edilməsi ilə Azərbaycan xalqı XX əsrdə ilk dəfə olaraq dövlət millətinə çevrildi.  Əgər Azərbaycanın şimal əraziləri Rusiya tərəfindən xanlıqlar formasında işğal edilib imperiyanın tərkibinə qatılmışdısa, 1918-ci ildə onun tərkibindən vahid, müstəqil dövlət kimi çıxdı.

Azərbaycan Xalq Cümhuriyyətinin ərazisi Cənub-Şərqi Zaqafqaziyanı əhatə edirdi. Sonralar Paris Sülh Konfransına Azərbaycan nümayəndə heyətinin təqdim etdiyi memorandumda AXC-nin ərazisi aşağıdakı kimi göstərilirdi: Bakı quberniyası (Bakı dairəsi ilə birlikdə Bakı qəzası, Cavad qəzası, Göyçay qəzası, Şamaxı qəzası, Quba qəzası, Lənkəran qəzası; Yelizavetpol (Gəncə) quberniyası (Gəncə qəzası, Cavanşir qəzası, Nuxa qəzası, Ərəş qəzası, Şuşa qəzası, Qaryagin (Cəbrayıl) qəzası, Zəngəzur qəzası, Qazax qəzası (bu ərazinin üçdə birini təşkil edən dağlıq hissəsi Ermənistanla Azərbaycan arasında mübahisəli idi); İrəvan quberniyası (Naxçıvan qəzası, Şərur-Dərələyəz qəzası, Sürməli qəzası, Yeni Bəyazid qəzası, Eçmiədzin və Aleksandropol qəzalarının bir hissəsi); Tiflis quberniyası Borçalı qəzası, Tiflis və Sıqnax qəzalarının bir hissəsi); Zaqatala mahalı; Dağıstan vilayəti (Kürə və Samur nahiyələrini əhatə edən ərazisinin bir hissəsi, habelə Dərbənd şəhəri və onun ətrafı da daxil olmaqla Qaytaq - Tabasaran qəzasının bir hissəsi). Eyni zamanda, AXC Tiflis quberniyasındakı Axalsıx qəzasının Batum, xüsusən Kars əyalətlərini də öz ərazisinə daxil etməyə xüsusi önəm verirdi. Cümhuriyyətin ərazisi 113,9 min kvadratkilometr idi. Bunun 97,3 min kvadratkilometri mübahisəsiz, 16,6 min kvadratkilometri mübahisəli idi. Bu dövrdə bütün Cənubi Qafqazda 8 milyon 81 min 668 nəfər əhali yaşayırdı. Onun 4 milyon 617 min 671 nəfəri Azərbaycanda idi. Azərbaycan əhalisinin 75,4 faizini və ya 3 milyon 481 min 889 nəfərini  azərbaycanlılar təşkil edirdi. Digərləri müxtəlif dövrlərdə çarizmin köçürmə siyasəti nəticəsində Azərbaycana yerləşdirilən gəlmələr idi.

Cümhuriyyət elan edildikdən dərhal sonra milli hökumət yaradıldı. Nazirliklər quruldu. Azərbaycanda icraedici hakimiyyəti hökumət həyata keçirirdi. İlk Baş nazir Fətəli xan Xoyski oldu. Hökumətdə birinci, ikinci və üçüncü  kabinetə Fətəli xan Xoyski, dördüncü və beşinci kabinələrə Nəsib bəy Usubbəyli başçılıq etdi. Hökumət Tiflisdən müvəqqəti paytaxt olan Gəncəyə köçdü. Başlıca məqsəd ölkənin paytaxtı olan Bakı şəhərini yadellilərdən azad etmək idi.  Azərbaycan Ordusu quruldu. Türk hərbçilərindən və azərbaycanlılardan ibarət Qafqaz İslam Ordusu sentyabrın 15-də Bakını azad etdi. Azərbaycan  hökuməti azərbaycanlıların tarixi, siyasi, mədəni, iqtisadi, mənəvi,  təbii paytaxtına köçdü.

Osmanlı dövlətinin müharibədən çıxması yeni bir şərait yaratdı. Mondros barışığından sonra noyabrın 17-də Bakıya müttəfiqlər adından general Tomson başda olmaqla Böyük Britaniya qoşunları gəldi. Azərbaycanın siyasi həyatında yeni bir dövrə qədəm qoyuldu.  Gəncədə öz fəaliyyətini dayandırmış  Milli Şura noyabr ayında  Bakıda fəaliyyətə başladı. Milli Şura Azərbaycan parlamentini 120 nəfərdən ibarət formalaşdırmağı  qərara aldı. Azərbaycan parlamentinin yaradılması haqqında qanun 1918-ci il noyabrın 19-da qəbul edildi.  Parlamentin tərkibinə əhalinin sayına uyğun olaraq 80 nəfər azərbaycanlı və digər xalqların nümayəndələri daxil edilməli idi. Parlament 1918-ci il dekabrın 7-də Tağıyevin qız məktəbində (indiki Əlyazmalar İnstutunun binasında) Azərbaycan parlamenti açıldı. Parlamentdə 11 fraksiya fəaliyyət göstərirdi. Yerlər aşağıdakı kimi bölüşdürülmüşdü: türk-müsəlman əhali-80; ermənilər-21; ruslar-10; almanlar-1; yəhudilər-1; gürcülər-1; polyaklar-1; Bakı Həmkarlar İttifaqı-3; Bakı Neft Sənayeçiləri Şurası və Ticarət-Sənaye İttifaqı-2. Lakin Azərbaycanın müstəqilliyini istəməyən ermənilər və başqaları parlamentin işində iştirak etmədilər. Parlamentin sonuncu iclası 1920-ci il aprelin 27-də keçirildi. Ümumiyyətlə,  parlamentin 155 iclası keçirildi.   Parlamentin müzakirəsinə 270-dən çox qanun layihəsi  çıxarıldı. Onlardan 230-u qəbul edildi.  Parlamentin sədri Əlimərdan bəy Topçubaşov, müavinləri Həsən bəy Ağayev və Məmmədyusif Cəfərov idi. Azərbaycan parlamenti milli tolerantlıq baxımından hətta Qərb ölkələri üçün bir model idi. Dini baxımdan da bütün digər dövlətlərə nümunə rolunu oynayırdı.

Dövlət atributları himn və bayraq qəbul edildi. Xüsusi xidmət orqanları yaradıldı. Sərhəd və gömrük xidməti quruldu. Ordu yaradıldı. Türk dili (Azərbaycan dili) dövlət dili elan edildi. İbtidai və orta məktəblərdə işlərin ana dilində aparılması haqqında qanun qəbul edildi. Bakı Dövlət Universiteti yaradıldı. Təhsil və xalq maarifi, səhiyyə sahəsində tədbirlər həyata keçirildi. Ölkənin hər yerində müxtəlif səviyyəli məktəblər açıldı. Dərsliklər hazırlanmağa başladı. Xaricdən müəllimlər dəvət edildi. Mədəniyyətə xüsusi diqqət yetirildi. Teatrlar, kitabxanalar yaradıldı. Ana dilində mətbuat orqanları quruldu. Milli kadrların hazırlanmasına xüsusi diqqət yetirildi. 100 nəfər azərbaycanlı gəncin xarici ölkələrdə oxumağa göndərilməsi barədə qərar qəbul edildi.

Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin xarici siyasətinin əsas məqsədi yeni yaradılmış dövləti tanıtmaq idi. Buna görə də yeni hökumət  yarandığı vaxtdan etibarən fəal xarici siyasət yeritməyə başladı. İlk növbədə Avropanın bir sıra ölkələrinə yeni bir dövlətin yaradılması barədə məlumat göndərildi. Hökumət 1918-ci il iyun ayının 4-də Batumda Osmanlı ilə dostluq müqaviləsini bağladı. Xarici siyasətdə ilk addım Dördlər İttifaqı ilə Cənubi Qafqaz respublikaları arasında keçirilməsi nəzərdə tutulan İstanbul konfransına Məhəmmədəmin Rəsulzadə və Aslan Səfikürdskidən ibarət heyətin göndərilməsi oldu. Avropa ölkələri ilə diplomatik əlaqələri qurmaqdan ötrü Əlimərdan bəy Topçubaşov səfir kimi İstanbula göndərilmişdi.

Almaniya və müttəfiqləri müharibədə məğlub olduqdan sonra Bakıya gəlmiş ingilis generalı Tomson, erməni, rus milli şuralarının antiazərbaycan fəaliyyətinə baxmayaraq, Bakıda vəziyyətlə tanış olduqdan sonra bildirdi ki, Azərbaycan hökumətinə və onun Baş nazirinə böyük hörmət bəsləyir və yeni koalisiyalı hökumət yaradılana qədər onun hökuməti ölkədə yeganə qanuni hökumət olaraq qalır.

Azərbaycan hökumətinin ilk addımlarından biri dekabrın 28-də  qalib ölkələrin dövlət və hökumət başçılarının Paris sülh konfransına  göndəriləcək sülh nümayəndə heyətinin tərkibini müəyyənləşdirmək oldu. Parlamentin sədri kimi Topçubaşov başda olmaqla nümayəndə heyəti İstanbulda bir sıra ölkələrin nümayəndələri ilə görüşlər keçirdikdən sonra Parisə getdi. Azərbaycan məsələsi ilk dəfə olaraq 1919-cu il mayın 2-də Dördlər Şurasının iclasında müzakirə edildi. Azərbaycan nümayəndə heyəti bir sıra görüşlər keçirdi. Mayın 23-də İngiltərə nümayəndə heyətinin üzvü L. Mallet Topçubaşovla görüşdü. Söhbətdə siyasi, hərbi və iqtisadi vəziyyətlə bağlı fikir mübadiləsi aparıldı. Topçubaşov mayın 28-də günün birinci yarısı ABŞ nümayəndə heyətinin üzvü H. Morgentau, günün ikinci yarısında isə  prezident V.Vilson ilə görüşdü. ABŞ prezidentinə Azərbaycanın memorandumu  təqdim edildi. ABŞ hökuməti Azərbaycanla əməkdaşlıq etmənin faydalı olacağını qeyd etdi.

1920-ci il yanvarın 11-də Azərbaycanın dövlət müstəqilliyi böyük dövlətlər tərəfindən de-fakto tanındı. Bu tanınma tarixi hadisə olub, Azərbaycan xalqının iradəsinə hörmət əlaməti idi. Azərbaycana yardım göstərilməsi barədə qərarlar qəbul edildi. Azərbaycan dövləti beynəlxalq münasibətlər sisteminə daxil olmaq üçün ilk addımlar atdı.

Azərbaycan Xalq Cümhuriyyəti 1920-ci il aprelində bolşevik Rusiyasının istilasına uğradı. Cümhuriyyət daxili deyil, xarici amillər səbəbindən məğlub oldu. Müstəqil Azərbaycan dövlətinin mövcudluğu üçün əlverişli beynəlxalq şərait yox idi. Osmanlı dövləti AXC-nin yaradılmasında mühüm xarici amil rolunu oynamışdı. Azərbaycan xalqı monarxiyadan yardım alıb respublika qurmuşdu. Məğlubiyyətə beynəlxalq amillər, Mustafa Kamal paşanın bolşevik lideri Lenin ilə yaxınlaşması mənfi təsir etdi.  Kamalçı Türkiyə və bolşevik Rusiyasının Antanta ölkələrinə qarşı mübarizəsi nəticəsində müttəfiqə çevrilmələri regionda geosiyasi vəziyyəti dəyişdirdi. Bu işğalda Bakı nefti amili, strateji maraqlar mühüm rol oynadı. Rusiya bir neçə il əvvəl Bakını itirməklə böyük dövlət statusunu da itirmişdi. Bu mövqeyi bərpa etməkdən ötrü Rusiya yenidən Azərbaycanı işğal etdi.

Cümhuriyyətin yaradılması və fəaliyyəti əhəmiyyətinə görə Azərbaycan sərhədlərini aşaraq daha geniş bir anlam daşıyırdı. Müsəlman dünyasına respublika məfhumunu və məfkurəsini Azərbaycan xalqı gətirdi. Azərbaycan Xalq Cümhuriyyəti bütün müsəlman Şərqinin dan ulduzu oldu. Bu gün Şərqdə müstəmləkəçiliyn və müstəmləkə zülmü altında inləyən  xalqlarının olmaması eyni zamanda AXC-nin təsiridir. Azərbaycan xalqı müstəmləkə zülmü altında inləyən xalqlara xilas yolunu göstərdi. Onların ürəyində ümid çırağı yandırdı. Heç əbəs deyil ki, AXC yaradıldıqdan sonra Sibir sürgünündə azərbaycanlılarla yanaşı zülm çəkən  yüzlərlə ərəb, fars, əfqan və başqa xalqların nümayəndələri Azərbaycanın vətəndaşı olmaqdan  ötrü  İrkutskdakı konsulluğa müraciət etmişdilər.

 

***

 

Cümhuriyyət tarixinin öyrənilməsi bəzi ibrət dərslərini almağa imkan verir. Bundan ötrü ilk növbədə həmin dövrdə buraxılan səhvləri bilmək və onlardan müvafiq nəticələr çıxarmaq gərəkdir. Dövlətin yaradılmasını  liberal dəyərlərlə elan etmək olar, amma daxili və xarici təzyiqlərin daim olduğu və olacağı bir şəraitdə liberalizmlə qorumaq mümkün deyildir. Bunun üçün çoxlu amilin məcmusu tələb olunur. Əgər Azərbaycanda parlament deyil, prezident respublikası və möhkəm əl olsaydı, bəlkə də müstəqilliyin ömrü uzun ola bilərdi. Xalq öz dövlətinin mühafizəsinə, güclənməsinə və tərəqqisinə çalışmalıdır. Xalq öz milli dövlətini qorumalıdır. Onun maraqlarını hər şeydən uca tutmalıdır. Hakimiyyət qanadları arasında sıx birlik olmalıdır.

Cümhuriyyətin süqutundan sonra siyasi və dövlət xadimlərinin bir qismi  xarici ölkələrə mühacirət etməyə məcbur oldu. Bir qismi isə erməni və bolşevik terrorunun qurbanı oldu. 20-30-cu illərdə milli düşüncəli ziyalılar repressiya edildilər. Amma sovet repressiya aparatı istiqlal fikrini məhv edə bilmədi. 70-80-ci illərdə ziyalılar Heydər Əliyevin qayğısı ilə əhatə olundular.  Müstəqil dövlət üçün lazım olan təməllər məhz bu illərdə düşünülmüş şəkildə hazırlandı.  Nəhayət, milli bayrağımız ilk dəfə olaraq rəsmi şəkildə Naxçıvanda qaldırıldı. Naxçıvan müasir Azərbaycan dövlətçiliyinin onurğa sütunu oldu. 1991-ci il oktyabrın 18-də Azərbaycanın dövlət müstəqilliyi bərpa edildi. Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi oldu.

 

*  *  *

 

1998-ci ildə ümummilli lider, Prezident  Heydər Əliyevin imzaladığı Azərbaycan Xalq Cümhuriyyətinin 80 illiyinin qeyd edilməsi barədə sərəncamından sonra bu sahədə xeyli işlər görüldü. Cümhuriyyət dövrü tarixinin sistemli araşdırılmasına başlanılması  məhz Heydər Əliyevin adı ilə bağlıdır. Parlament iclaslarının stenoqramları nəşr edildi. Kitab və monoqrafiyalar çapdan çıxdı. 

Bu gün ölkəmizdə milli tariximizə, mədəniyyətimizə xüsusi qayğı göstərilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə ölkəmizin paytaxtında cümhuriyyət xadimlərimizin şərəfinə abidə ucaldılıb. Onların xatirəsi əbədiləşdirilmiş, adlarına küçə, prospekt və qəsəbələr salınmışdır. Görkəmli xadimlər haqqında sənədli filmlər çəkilmiş, xarici ölkələrdəki məzarları abadlaşdırılmışdır.