İki sahil.-2016.-15 yanvar.-¹ 8.-S.4.

 

Qanla yazılmış qəhrəmanlıq tarixi

 

20 Yanvar hadisələrinə ilk siyasi-hüquqi qiymət ulu öndər Heydər Əliyev tərəfindən verildi

 

Hələ sovetlərin vaxtında Bakının istirahət guşəsi kimi tanınan Dağüstü Parkın ərazisi əvvəllər Çəmbərəkənd kimi tanınıb. Oradakı qəbiristanlıq ötən əsrdə ermənilərin törətdikləri soyqırımlarda həlak olan Bakı sakinlərinin kütləvi olaraq dəfn edildiyi yer olub. Sovet ideologiyasının hakim kəsildiyi o illərdə işğalçılıq siyasətini pərdələmək üçün təfəkkürümüzü “qardaşlıq, birlik” psixologiyası ilə korlayan imperiya şovinist əməllərini gizlətmək üçün Kirovun heykəlini soydaşlarımızın məzarları üstündə ucaltmaqla bir daha tariximizi saxtalaşdırmışdır. Amma tarix təkrar olunduğu kimi torpaq qoynunda saxladığı günahsız nakamların ruhlarını Tanrı əmanəti kimi qoruyub saxlayır.

1990-cı ildə tarix təkrar olundu. Bir şənbə gününə təsadüf edən 20 Yanvar hadisəsi 1905-ci ildə Rusiyada 9 yanvar qanlı bazar günü törədilən qırğının təkrarı kimi imperiyanın iç üzünü göstərdi. 111 il bundan əvvəl törədilən qanlı hadisələrin müəllifi keşiş Qapon olsa da, eyni imperiya siyasətinə sadiqlik Bakı hadisələrində təkrarlandı. Çar Nikolayı M. Qorbaçov, Ə. Vəzirov, D. Yazov, B. Bakatin, B. Barennikov kimi qana susayan qatillər əvəzlədilər.

Yanvarın 19-dan 20-nə keçən gecə ermənilərin çoxluq təşkil etdiyi imperiya qoşunları Bakını gülləbaran etdilər. O gecədən əvvəl isə Sədərəkdə (Naxçıvan MR) ermənilərin silahlı hücumları zamanı ilk şəhidlərimiz azyaşlı Maliklə Elvin qardaşları oldu, rayondakı bəzi obyektlər dağıdıldı. Amma insanlar bilmirdilər ki, əsrlərdən bəri sadiq qaldığı “parçala, hökm sür” siyasətini yeritməklə günahsız insanların qanını tökən mənfur xislətli imperiyanın susadığı qan-qada bununla bitməyəcək.

20 yanvar 1990-cı ildə Bakının səhəri gözünü qanla açdı. Həmin gün imperiya nökərləri xalqların milli oyanış istəyini susdurmaq üçün Almatıda, Vilnüsdə, Tbilisidə sınaqdan keçirdikləri “təcrübəni” Bakıda da tətbiq etdilər. Qaniçən ermənilərdən, peşəkar döyüşçülərdən təşkil olunmuş “ xilaskar qızıl ordu”nun zirehli hərbi maşınları, tankları sovetlərin buxovundan, əsarətindən qurtarmaq üçün haqq səsini ucaldan dinc əhalinin üstünə yeridildi. Heç bir xəbərdarlıq edilmədən insanlara qarşı vəhşiliklər törədən “paqonlular” Bakıda qanlı qırğınlar törətdilər. İnsanların azadlıq, istiqlaliyyət, müstəqillik səslərini güllələrin dili ilə susdurmağa çalışdılar. Amma unutdular ki, zalımın zülmü olsa da, haqqın da bükülməz qolu, dönməz üzü vardır. Canlı sipər çəkməklə tankların qarşısını kəsən, düşmənə meydan oxuyan oğullarımız ölümləri ilə imperiyanın gücsüzlüyünü göstərdilər.

Bu zülmə qarşı ilk etirazını bildirən, o zaman Moskvada yaşayan xalqımızın müdrik oğlu, Vətənini, xalqını canından artıq sevən ulu öndər Heydər Əliyev təhdid və təzyiqlərdən çəkinməyərək Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gedərək 20 Yanvar qırğınlarını ölkəmizin suverenliyinə qarşı törədilmiş zorakılıq, təcavüzkarlıq adlandırdı və faciəyə siyasi qiymət verilməsini tələb etdi: “Belə qərar qəbul etmiş adamların hərəkətini siyasi qəbahət sayıram. Bəli, kobud siyasi səhv buraxılmışdır. Onlar sadəcə olaraq respublikadakı əsl vəziyyəti qiymətləndirə bilməmiş, Azərbaycan xalqının psixologiyasını anlamamış, əhalinin müxtəlif təbəqələri ilə əlaqələri zəiflətmişlər. Onlar görünür işlərin belə ağır faciəyə çevriləcəyini əvvəlcədən düşünməmişlər. Bütün bunlar qabaqcadan nəzərə alınmalı və vaxtında vacib, zəruri tədbirlər qəbul edilməli idi. Ordu yeridilmiş, günahsız adamlar həlak olmuşlar” söyləməklə əsl günahkarların da cəzalarına çatması üçün cinayətə cəlb olunmalarının zəruriliyini bildirdi: “Belə qərar qəbul edən Azərbaycan rəhbərliyi, hamıdan əvvəl isə bərk ayaqda Azərbaycanı qoyub qaçan Vəzirov öz xalqı qarşısında məsuliyyət daşımalıdır. Ölkənin ali siyasi rəhbərliyinə yanlış məlumat verənlər də məsuliyyət daşımalıdır.”

Azərbaycanı canından artıq sevən Ulu Öndər faciə ilə bağlı Azərbaycan xalqına teleqram göndərərək insanları belə ağır məqamlarda birliyə, həmrəyliyə çağırdı: “Azərbaycan KP MK-ya, Ali Sovetə, Nazirlər Sovetinə, Azərbaycan xalqına.

Bakı şəhərinə sovet ordusu hissələrinin yeridilməsi ilə əlaqədar xalqımızın başına gətirilən faciədən - dinc əhalinin qırılmasından böyük ürək ağrısı ilə xəbər tutdum. Bu matəm günündə həlak olanların ailələrinə və yaxınlarına, bütün Azərbaycan xalqına dərin hüznlə başsağlığı verirəm.

Mən düşünülmüş aksiyanı pisləyir, onu antihumanist, antidemokratik, qanuna zidd hesab edirəm. Bu ağır gündə sizi ağıllı, kamallı olmağa, həmrəyliyə və birliyə çağırıram.

Mənim teleqramımın respublika mətbuatında dərc olunmasını, radio və televiziya ilə verilməsini, matəm mitinqində oxunmasını xahiş edirəm.

 

Heydər Əliyev

Moskva, 21 yanvar 1990-cı il.”

 

Şəhidlərimizin tökülən qanlarına bais olanların mütləq cəzalandırılacağını, belə ağır günlərdə xalqı ilə bir olduğunu bildirən Ulu Öndərin müraciəti təbii ki, üzülən xalqa çatdırılmadı. Teleqramı gizlədən nakəslər günahsız insanları qırğına verdikləri üçün vicdan əzabı çəkmədilər. 19 yanvarda Azərbaycan Televiziyasının enerji blokunu partlatmaqla əsl həqiqətləri xalqdan, dünya ictimaiyyətindən gizlədənlər vəhşiliklərini ört- basdır etmək üçün haqqını tələb edən vətənpərvərlərə ekstremist adı verməkdən belə utanmadılar.

Səbəb isə bəlli idi. Türklərin bir məsəlində qeyd olunur ki, qurğuşun ünvan tanımır. Cinayətkarlar üçün qətlə yetirdiyi insanların kimliyi, şəxsiyyəti deyil, öz maraqları, cılız düşüncələri önəmlidir. Elə bu səbəbdən də qadın, uşaq, ahıl, cavan - yaşından asılı olmayaraq qarşıya çıxan hər kəs imperiyanın maraqlarına qurban getdilər. Həmin gecə və ondan sonra törədilmiş kütləvi zorakılıqlar nəticəsində onlarla günahsız insan öldürülmüş, dinc əhaliyə qarşı amansız əzab-əziyyətlər verilmiş, yaralıları daşıyan təcili yardım maşınları, evlərin eyvanları belə gülləbaran edilmişdi.

 “Qardaşlıq ailəsi”ndə zorla saxlanılan imperiya üçün xalqların azadlıq, müstəqillik çağırışları kabus kimi qorxulu idi. Xüsusilə təbii sərvətləri ilə zəngin olan Azərbaycanı itirmək imperiyanın şah damarının kəsilməsi demək idi. Buna görə də nəyin bahasına olursa olsun Bakıdan yüksələn azadlıq səslərini susdurmaq əmri verilmişdi. Xalqla bir olmaq əvəzinə Kremldə əyləşən ağalarına üz tutaraq yerli əhaliyə qarşı xəyanət edən respublikanın o vaxtkı rəhbəri Əbdürrəhman Vəzirov Azərbaycana qoşun yeridilməsinə şərait yaratdı. Onun xahiş və tələbinə uyğun olaraq 1990-cı ilin yanvar ayının əvvəllərindən etibarən SSRİ Müdafiə Nazirliyinin, Daxili Qoşunların və DTK-nın böyük hərbi kontingenti Azərbaycana gətirildi və Qala, Nasosnı aerodramlarında, Salyan kazarmasında yerləşdirildi. Yəni 20 Yanvar hadisələrinə əvvəlcədən hazırlıq görülmüş, ordu döyüş vəziyyətinə gətirilmişdi. Bakının sübh sükutunu pozan tankların və güllələrin səsindən hələ də nələrin baş verdiyini dərk etməyən insanlar inana bilmirdilər ki, illərdən bəri özlərinə “böyük qardaş” hesab edib, hər əmrlərinə müntəzir olduqları imperiya qaniçənləri belə qırğınlar törədə bilərlər.

SSRİ rəhbəri, ermənipərəst M. Qorbaçov erməni əsilli arvadının və yaxını Aqanbekyanın istəyinə uyğun olaraq Dağlıq Qarabağın Azərbaycandan qoparılması planının ilk mərhələsinə başladı.

Müstəqil bir dövlətə qarşı siyasi cinayətkarlıq olan yanvar hadisələri törədildi. İnsanlar qətlə yetirildikdən sonra Qorbaçovun sərəncamı ilə Bakıda, Gəncədə, Naxçıvanda fövqəladə vəziyyət elan olundu, komendant saatı tətbiq edildi. Gündüz belə küçədə gördükləri insanlara qarşı zorakılıq tətbiq edən, içində insan olan maşınları tanklarla əzən “xilaskar sovet əsgəri” “qardaşlıq” himnini güllələrin səsi ilə “oxudu.”

26 il bundan əvvəl törədilən qırğınlar Azərbaycan xalqını inamından döndərə bilmədi. Ağır dövrdə min bir çətinliklə Azərbaycana qayıdan, ancaq respublika rəhbərliyi tərəfindən təzyiqlərə məruz qaldığı üçün doğulduğu Naxçıvana gələn ulu öndər Heydər Əliyev bu sahədə də qətiyyətini əsirgəmədi. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sıravi deputatı Heydər Əliyevin təşəbbüsü ilə hazırlanan “1990-cı ilin yanvar ayında törədilmiş Bakı hadisələrinə siyasi qiymət verilməsi haqqında” qərar layihəsi müzakirəyə çıxarıldı. Ümummilli lider Heydər Əliyevin nüfuzu sayəsində 21 noyabr 1992-ci il tarixdə qəbul olunmuş bu qərar 20 Yanvar hadisələrinə verilən ilk siyasi-hüquqi qiymət oldu. Beş bənddən ibarət həmin tarixi əhəmiyyətli sənəddə qeyd olunurdu ki, 1990-cı il yanvar ayında Bakıda törədilən qanlı hadisələr Azərbaycan SSR-in suveren hüquqlarına, respublikada gedən demokratik proseslərə qəsd kimi qiymətləndirilsin. Dinc əhalinin qətlə yetirilməsi, göstərilən zorakılıq Azərbaycan xalqına açıq təcavüz kimi ittiham edilsin. Respublikanın ali hakimiyyət orqanları tərəfindən Bakı faciələrinə siyasi qiymət verilməməsi, bununla əlaqədar yaradılmış xüsusi deputat komissiyasının işinin qeyri-müəyyən səbəblərdən başa çatdırılmaması, günahkarların aşkara çıxarılıb məsuliyyətə cəlb olunmaması etirazla qarşılansın.

Naxçıvan MR Ali Məclisinin sədri Heydər Əliyevin imzası ilə qəbul olunmuş bəyanatı da bu istiqamətdə həyata keçirilən tədbirlərin davamı kimi qiymətləndirmək olar. Bəyanatda deyilirdi ki, hadisələr imperiya qüvvələri ilə xalqa xəyanət yolunu tutmuş Azərbaycanın kommunist rəhbərliyi tərəfindən birgə həyata keçirilmişdir. Hakimlik missiyasını qoruyub saxlamaq üçün xalqına qarşı çoxminli silahlı qüvvələrin təcavüzünü təşkil edən respublika rəhbərliyi heç bir hüquqi əsası olmadan Bakıda fövqəladə vəziyyət rejiminin tətbiqindən belə çəkinməmişdir.

Yanvar hadisələrinə geniş mənada əsl hüquqi-siyasi qiymət xalqımızın qeyrətli oğlu Heydər Əliyevin xalqın təkidli tələbi ilə Azərbaycan rəhbərliyinə qayıdışından sonra mümkün oldu. Qanları ilə dilimizə şəhidlik ifadəsini əlavə edən qəhrəmanlar bütün Azərbaycan xalqının övladı kimi sevildi, xatirəsi əziz tutuldu. Bu gün həmin tarixi anları bütünlükdə Azərbaycan xalqı üçün müqəddəs olan Şəhidlər xiyabanında sıralanan məzar daşları yaşadır. 20 Yanvar və Qarabağ döyüşlərində həlak olmuş qəhrəmanlarımız daşlaşmış şəkillərinin dili ilə onları ziyarət edən soydaşlarımıza, qonaqlara “biz varıq, olacağıq, həmişə qalacağıq” deyirlər. Prezident İlham Əliyevin şəhid ailələrinə göstərdiyi diqqət və qayğı şəhidlərin ölməzlik rəmzidir. Azadlıq mücadiləmizin başlanğıc tarixi olan 20 Yanvar həm də milli məfkurəmizin oyanışı kimi də dəyərlidir. Ölümsüzlüyə qovuşmaqla xalqımızın təfəkkürünə əbədi mübarizlik, xoşbəxt gələcək naminə qətiyyətli olmağı öyrədən şəhidlər istək və arzuları ilə həmişə sıralarımızdadırlar. Azərbaycanın qazandığı bütün uğurlarda onların da payı var. Şəhidlər ölməz! Vətən bölünməz. Tanrı bütün şəhidlərimizə rəhmət eləsin.

 

Xuraman İsmayılqızı