Xalq qəzeti.-2016.-20 may.-108.-S.3.

 

Azərbaycan: islahatların əsas hədəfi güclü iqtisadiyyat və xalqın rifahıdır

 

Zöhrab PAŞAYEV,

Azərbaycan Dövlət İqtisad Universitetinin maliyyə və maliyyə institutları kafedrasının dosenti,

iqtisad üzrə fəlsəfə doktoru

 

Həyat bəzən adi çay kimi minillik məcrası ilə bəlli ünvana doğru sakit axır, bəzən də zamanın hər nəslin qismətinə nəsib olmayan ağlasığmaz sınaqlarından, sərt qarşıdurmalarından keçərək yeni çıxış yolları axtarmaq məcburiyyətində qalır.  Bəzən elə olur ki, adi bir insanın ömrü də bütün bir ölkənin yaşadığı çətinliklərdən və məhrumiyyətlərdən keçir. Bu baxımdan hər birimizin həyatında ölkəmizin tarixi ilə üst-üstə düşən, uzlaşan  məqamlar kifayət qədərdir.

İnsan öz həyatına nəzər salanda, müəyyən paralellər keçirəndə yaşananları daha dərindən dərk edir. Bu baxımdan ulu öndər Heydər Əliyevin 1994-cü ildə ali məktəblərə qəbul olan tələbələrlə görüşü mənim üçün xüsusi əhəmiyyət kəsb edir. O vaxt qəbul imtahanlarında test üsulu tətbiq edilirdi. Ölkə müharibə içində idi. Azərbaycan Prezidentinin bizimlə görüşü böyük məna kəsb edirdi. Çıxışların əksəriyyətində tələbələr əvvəlki qaydada keçirilən qəbul imtahanlarını tənqid etdilər. Lakin məhz Heydər Əliyev sovet Azərbaycanına rəhbərlik etdiyi illərdə ali təhsil müəssisələrinin inkişafına, sənayenin müxtəlif sahələrini əhatə edən kadrların hazırlanmasına və qəbul imtahanlarının şəffaflığına xüsusi fikir vermişdi.  Ulu öndər bir qədər qulaq asdıqdan sonra dedi: Həyatımızın bu ağır dövründə və işimin çətin və məsuliyyətli dövründə gəncləri eşitməyə böyük ehtiyacım var. İstərdim ki, kim danışmaq, çıxış etmək istəyirsə bu tribunadan buyursun  faydalansın.

Mənə elə gəldi ki, ulu öndər sanki deyilənlərdən əlavə bizdən yenə nəsə eşitmək istəyir. Ona görə də fürsətdən istifadə edib və ürəyimdəkiləri demək üçün tribunaya qalxdım: Hörmətli Prezident, məni çıxış etməyə vadar edən səbəb o oldu ki, bəzi tələbələr çıxışlarında test üsulu olmasaydı ali məktəbə bu il qəbul ola bilməyəcəklərini dedilər. Bu fikirlə razılaşmaq çətindir. Mənim anam həkim, atam mühəndisdir, onlar 1970-ci illərdə adi qaydada imtahan verib ali məktəbə qəbul olublar. Hər ikisi kasıb ailədən olub, ali məktəbə də yalnız öz bilikləri hesabına daxil olublar. Bu sizin vaxtınızda olub, onlar sizə minnətdarlıq edə bilməyiblər, ona görə də mən onların təşəkkürünü Sizə - öz prezidentimizə, gec də olsa, çatdırmağı borc bilirəm. Mən özüm Tərtər rayonunda orta məktəbi bitirmişəm. Mənim ali məktəbə bütün hazırlıq dövrüm atəş altında keçib. Müəllimimin evinin bir tərəfini mərmi dağıtmışdı, hətta uşağı da yaralanmışdı. Bunu deməkdə məqsədim odur ki, oxumaq heç nəyə baxmır və hər bir məktəblinin özündən asılıdır. Hörmətli Prezident, biz gənclər  test imtahanlarının obyektiv keçirildiyinə görə də Sizə minnətdarlığımızı bildiririk... -Sözümü bitirməmiş qəfildən həyəcanlandım və  Prezidentə sarı boylananda  onun maraq və təbəssümlə qulaq asdığını gördüm. Zal sükutu pozaraq sözlərimi alqışladı, ulu öndər də gülümsəyərək əl çalırdı. Bizim bu görüş səhnəmiz  Youtubeda yerləşdirilib, ona ömrümün ən qiymətli xatirəsi kimi həmişə baxıram. Ulu öndərlə məzunların bu görüşü ömrümün ən maraqlı dəqiqələridir. Çünki aradan illər ötdükcə mən ulu öndərin müxtəlif tədbirlərdəki çıxışlarının şahidi oldum. O, heç kimə güzəştə getmirdi, tələbkar idi,  qarşısına qoyduğu məqsədə həmişə nail olurdu. Bizimlə mehriban rəftarı da Azərbaycan gəncliyinə qoyduğu hörmət, bəslədiyi rəğbətlə bağlı idi. Ulu öndər xalqın təkidi ilə hakimiyyətə qayıdanadək biz ağır məğlubiyyətlərin, müdhiş xaosun, qanlı qarşıdurmaların şahidi olduq. Ulu öndər ölkəyə qayıtdı və ictimai-siyasi həyatda bir nizam yaratdı.

Ali məktəbi bitirdim, hərbi xidmətdə oldum, ali məktəb müəllimi oldum, elmi dərəcə aldım və bu biliklərin baxış bucağından ümummilli liderin çoxsaylı çıxışlarını dinlədikcə, imzaladığı sərəncam və fərmanların mahiyyətinə nəzər saldıqca aydın olurdu ki, ölkənin sürətli inkişafı qaçılmazdır. Bu siyasəti uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyevin gərgin əməyi sayəsində ölkəmizdə xalqla iqtidarın monolit birliyi yarandı, Azərbaycan bölgənin ən qüdrətli dövlətinə çevrildi, çoxlarının həsəd apara biləcəyi siyasi-iqtisadi uğurlara imza atdı. Fəth olunan zirvələrin araşdırılması, iqtisadi və mənəvi uğurların səbəblərinin öyrənilməsi həm ölkə, həm də iqtisadiyyat elminin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edir. Bu ona görə vacibdir ki, müharibə şəraitində yaşayan bir ölkənin 25 il ərzində yüz ilin heyrətamiz uğurlarını əldə etməsi inanılmazdır.

Doğulub boya başa çatdığım Tərtər rayonunda Qarabağ müharibəsi başlayanda mən uşaq idim, orta məktəbin 7-ci sinfində oxuyurdum. Bugünkü Azərbaycanla 90-cı illərin əvvəlindəki Azərbaycan arasındakı fərqləri müqayisə etmək, yan-yana qoymaq belə mümkün deyil.

Cəbhə bölgəsindən, müharibənin ağır illərindən  bütün ölkəyə baxanda xaos və hərc-mərclikdən savayı heç nə görmək olmurdu. İnsanlar 90-cı illərin əvvəlində ümidsizliyə qapılmışdı. Böyüklər danışırdı ki, belə getsə düşmən torpaqlarımızı basıb gedəcək. Bunu biz uşaq ağlımızla dərk edirdik. Görürdük ki, müharibə həyatın adi axarını dağıdır və uşaqlığımızı əlimizdən alır. Yaşıdlarımla birlikdə qaçqın, məcburi köçkün qismətinin məhrumiyyətlərini yaşayırdıq. Dəfələrlə bir kənddən başqasına köçdük, dəfələrlə doğma məktəbi yenisi ilə əvəz etdik. Məktəbə gedəndə dəfələrlə atəş altına düşür, sağ qalmağımıza sevinirdik. Təmas xətti boyu balalarını məktəbə yola salan ata, anaların gözlərində bir qorxu hissi vardı ki, ola bilsin ki uşağı dərsdən evə qayıda bilməsin. Bu ona görə idi ki, həqiqətən də, kimlərinsə uşaqları məktəb yolunda yaralanırdı, bəziləri də ölürdü. Erməni faşistləri heç kimə rəhm etmirdi.

1993-cü ildə Azərbaycanda xaos və qarşıdurmalar pik həddinə çatanda, cəbhədəki məğlubiyyətlər kütləvi bədbinliyə rəvac verəndə hamı xilaskar axtarışında idi. O zamanın bütün siyasi liderlərinin yalan vədləri, pafoslu çıxışları bizim kimi məktəbliləri belə bezdirmişdi. Anlayırdıq ki, tarixi missiyanı ulu öndər Heydər Əliyevdən başqa yerinə yetirə biləcək ikinci şəxsiyyət yoxdur. 

Bu dahi insanın sərkərdə qüdrəti Azərbaycanın əleyhinə yönələn daxili və xarici qüvvələri neytrallaşdıra bildi, atəşkəsə, hakimiyyətlə xalqın vəhdətinə nail oldu. Sabitliyi qoruduq, qan içində boğulan ərəb ölkələrindən fərqli olaraq gücləndik, yeni iqtisadi modellərin hesabına iqtisadiyyatımızı qurub şaxələndirdik, daxili ziddiyyətlərə, siyasi qarşıdurmalara getmədik, düşmənin ərazi ambisiyalarının qarşısını aldıq və sürətlə islahatlara rəvac verərək qabaqcıl ölkələrdən birinə çevrildik.

Uğurun başlıca amili müstəqilliyimizin ən ağır anlarında Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtması oldu. Qarşıdurmalara, vətəndaş müharibəsinə son qoyuldu, qanunsuz silahlı birləşmələr tərksilah edildi. Qanunun aliliyi elan edildi və 1993-2003-cü illərdə sabitlik əldə edildi, siyasi sistem formalaşdı, konstitusiya qəbul edildi, dövlət quruculuğu prosesi uğurlu məcraya yönəldildi.

Əsrin müqaviləsi kimi tarixi sənəd imzalandıqdan sonra bu saziş çərçivəsində aparılan işlər sayəsində ölkəmizin iqtisadi gücü sürətlə artmağa başladı. 1996-cı ildə Şahdəniz qaz yatağının işlənməsi ilə bağlı imzalanmış müqavilə də Azərbaycanın geosiyasi imkanlarını ciddi səviyyədə möhkəmləndirməklə yanaşı, bir çox ölkələrin enerji təhlükəsizliyinin təmin edilməsində aparıcı rol oynayır. Ulu öndərin iştirakı ilə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin təməl daşı qoyuldu. Bakı-Supsa, Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərlərinin istismara verilməsi Azərbaycanın dünyada etibarlı tərəfdaş kimi beynəlxalq mövqelərini daha da möhkəmləndirdi.

Dahi öndər Heydər Əliyevin uzaqgörən siyasəti və gərgin fəaliyyəti sayəsində 1995-ci ildən başlayaraq iqtisadi islahatlar inkişafın yeni məcrasına yönəldilirdi. İnflyasiya 1992-1994-cü ildəki 1886,7 faizdən 1996-cı ilin birinci yarısında üç-beş faizə qədər azaldı. Təkcə 2002-ci ildə ölkəmiz 128 xarici dövlətlə ticarət əməliyyatları aparmışdı, xarici ticarət dövriyyəsinin ümumi həcmi 3,8 milyard dolları keçmişdi. Büdcə kəsirini Milli Bankın kreditləri hesabına doldurmaq praktikasına 2003-cü ildə son qoyuldu, Milli Bankın kredit dərəcələri 1994-cü il üzrə 200 faizdən(!) 7 faizə qədər endirildi, manatın məzənnəsi sabitləşdirildi, qiymətlər, valyuta bazarı və xarici ticarət fəaliyyəti tamamilə sərbəstləşdirildi. 1998 - 2003-cü illərdə Azərbaycan iqtisadiyyatının bütün maliyyə mənbələri üzrə 11,2 milyard manat və ya 11,6 milyard ABŞ dolları həcmində sərmayə yönəldildi. Orta hesabla sərmayələrin illik məbləği 1,8 milyard manat təşkil edirdi. Azərbaycan bu göstəriciyə görə nəinki MDB ölkələrini, həm də Şərqi Avropanın bəzi dövlətlərini ötüb keçə bildi. Bütün bu nailiyyətlərə imza atan ulu öndər idi. Azərbaycanın qurucusu, memarı və banisi kimi ulu öndər inkişafın yeni Azərbaycan modelini yarada bildi.   

Yalnız 2003-cü ildə bütün maliyyə mənbələri hesabına ölkə iqtisadiyyatının inkişafına 3,6 milyard manat və ya əvvəlki illə müqayisədə 71,2 faiz çox investisiya yönəldildi. Qeyri-dövlət mülkiyyətinə məxsus müəssisə və təşkilatlar əsas kapitala 3,2 milyard manat (88,7 faiz), dövlət mülkiyyətinə məxsus müəssisə və təşkilatlar 400 milyon manat (11,3 faiz) investisiya yönəltmişdilər. Xarici sərmayənin xüsusi çəkisi 80,5 faiz və ya 2,8 milyard manat, daxili investisiya 19,5 faiz və ya 800 milyon manat təşkil etmişdi. Əsas kapitala yönəldilmiş daxili investisiya əvvəlki ilin müvafiq dövrünün səviyyəsindən 32,6 faiz, xarici sərmayə isə 84,2 faiz çox olmuşdu.

Beynəlxalq təpkilər ölkəmizin siyasi-iqtisadi kursunu ana xəttindən döndərə bilmədi. Ona görə ki, ulu öndər beynəlxalq güc mərkəzlərinin təzyiqlərini neytrallaşdırmaqla yanaşı, daxili və xarici siyasətin harmonik inkişafına, milli bazarın dünya bazarı ilə, milli iqtisadiyyatın dünya iqtisadiyyatı ilə inteqrasiyasına xüsusi diqqət yetirirdi.

Müstəqilliyini elan edən gənc dövlət supergüclərin ikili standartları ilə qarşılaşdı. Bir tərəfdən işğal edilmiş ərazilərin Ermənistandan qeyd-şərtsiz boşaldılması tələb edilsə də, digər tərəfdən işğalçı rejimin ələ keçirdiyi ərazilərdə hökmranlıq etməsinə, bu torpaqların milli, mədəni və iqtisadi sərvətlərinin məhv və talan edilib daşınmasına göz yumulurdu. Ermənilər Qarabağı Metsamor atom elektrik stansiyasının radioaktiv tullantıları ilə zəhərlədilər. Münaqişənin həllində iştirak edən əsas qüvvələr işğalçı ilə işğala məruz qalan arasında fərq qoymurdular. Əksinə, beynəlxalq güclər daxili ziddiyyətləri gərginləşdirir, iqtisadi böhranı ağırlaşdırır, qarşıdurmaları qızışdırırdılar. Müstəqilliyin təhlükə altına alınması üçün bütün addımlar atılmışdı. Buna kim mane oldu? Məşhur yazıçı Çingiz Aytmatov 80 illik yubileyi ərəfəsində Bakıda demişdi ki, Azərbaycanın bəxti onda gətirib ki, onu Heydər və İlham Əliyevlər kimi nadir insanlar idarə edib. Məhz bu iki tarixi şəxsiyyətin siyasi iradəsi bütün daxili və xarici təhdidlərin qarşısını qətiyyətlə aldı.

Heydər Əliyev keçmiş Sovet İttifaqında Brejnev komandasında ən güclü sima (ulu öndəri bütün dünya belə tanıyırdı) sayılırdı. Onun siyasi istedadı və qətiyyətli lider keyfiyyətləri erməni işğalının qarşısını almaqda, atəşkəsin əldə edilməsində, bütün ölkələrlə sürətli diplomatik əlaqələrin qurulmasında və iqtisadi islahatlara start verilməsində misilsiz rol oynadı. Neft strategiyası işlənildi, çoxsaylı beynəlxalq sazişlər bağlanıldı, ölkənin müstəqilliyi qorundu, iqtisadi, sosial və milli-mədəni islahatlara rəvac verildi.

Moskva Beynəlxalq Münasibətlər İnstitutunda təhsil almış İlham Əliyev isə zəngin bilikləri və idarəçilik keyfiyyətləri ilə dövlətçilik ənənələrinin inkişafının yeni mərhələsinin özülünü qoydu. Hər iki lider xalqın özünüdərkində, milli-mənəvi dəyərlərə qayıdışında əvəzsiz rol oynadı. Azərbaycan tarixində bu iki şəxsiyyətin xidmətləri misilsizdir.  

Müxtəlif millətlərin və xalqların iqtisadi proseslərdə nəticələr əldə etməsi təbii qəbul olunur.

Qərb alimləri bu gün də belə hesab edirlər ki, ənənəvi Şərq cəmiyyətində yaşayan xalqların psixologiyası konservativliyi ilə seçildiyindən onlar novasiyaları çətinliklə qavrayırlar. C.M.Keyns bildirir ki, iqtisadi mühitdəki davranışlara milli psixologiyanın özəllikləri təsir edir. O, Məşğulluğun, faizin və pulun ümumi nəzəriyyəsi kitabında müxtəlif xalqların psixologiya və təfəkkürünün iqtisadiyyata necə təsir etdiyini araşdırıb. Konservativliyi, ənənələrə sadiqliyi ilə seçilən Şərq dövlətlərinin təkamülünə Qərb bir qədər şübhə ilə yanaşır. Lakin Yaponiyanın, Çinin, Cənubi Koreyanın inkişafı ötən əsrin qərbli tədqiqatçılarının fərziyyələrini bir qədər şübhə altına alır. Görünür, xalqların iqtisadiyyatının inkişafında onların qərbli və ya şərqli olmasından daha vacib amillər mövcuddur. Bu amillərdən ən vacibi zəruri tarixi islahatlar həyata keçirilərkən ölkəyə kimin rəhbərlik etməsi, siyasi və iqtisadi kursun necə idarə olunmasından asılıdır. Yəni şəxsiyyətin tarixdə rolu inkaredilməzdir. Azərbaycan minilliklər boyu mövcud olmuş, müxtəlif inkişaf mərhələlərindən keçmişdir. Əsrlər boyu qazanılanlardan ulu öndər Heydər Əliyevlə, Prezident İlham Əliyevin Azərbaycana bəxş etdikləri daha çoxdur. Ölkəmizin təkamülü yolunda hər iki lider dünya təcrübəsinə, qabaqcıl ideyaların tətbiqinə və yeniliklərə açıq olduqları qədər də yeni dövlətçilik modelini formalaşdırarkən milli-mənəvi dəyərlərə, qədim adət və ənənələrə, zəngin mədəniyyətimizin bütün çalarlarına və xalqın genetik inkişaf kodları ilə harmoniya təşkil edən, uzlaşan bütün məqam və perspektivlərə söykəndilər. 

Təbii ki, bir xalqı başqalarından fərqləndirən müəyyən keyfiyyətlərin özü də biznesin inkişafına təsir edir. Məsələn, yapon şirkətləri yeni işçiləri böyük ehtiyatla yığır, istehsalatı sürətlə avtomatlaşdırmağa can atırlar. Bəzi şirkətlərin dünya liderləri sırasına çıxması da bir sıra məhsullara milli aludəçiliyin təsiri ilə bağlıdır. İngilislər bağa baxmağı sevdiklərinə görə onların istehsal etdiyi bağban ləvazimatları ilə rəqabətə girmək asan deyil. Amerikalıların isə istirahətə, musiqiyə, idmana, kino və televiziyaya hədsiz marağı ABŞ-ı bu sahələrdə liderə çevirib. İtaliyalıların geyimə, mətbəxə və sürətli maşınlara, almanların keyfiyyətli texnikaya sonsuz aludəçiliyi bu ölkələrə sadalanan sahələrdə dünya liderliyi qazandırıb.

Azərbaycanın son onilliklərdəki islahatların yönümünü bu rakursdan nəzərdən keçirəndə maraqlı detallar üzə çıxır. Ölkədə yeni istehsal sahələrini yüngül sənayedən tutmuş kosmik sənayeyədək əhatə edən böyük şirkətlər yaradılır, pilot layihələri tətbiq  edilir, yeni bilik və təcrübələrin tətbiqinə böyük imkanlar yaradılır. Ulu öndər Heydər Əliyev Sovet İttifaqının imkanları çərçivəsində SSRİ-nin ən güclü ali təhsil müəssisələrində 14 mindən yuxarı gəncin təhsil almasına nail olmuşdu. Prezident İlham Əliyev isə bu ənənəni Avropanın və dünyanın aparıcı təhsil müəssisələrinə tətbiq etdi. Artıq 40 ilə yaxındır ki, bu mütəxəssislər ölkədə təhsil alan mütəxəssislərlə birlikdə iqtisadiyyatın  müxtəlif istiqamətlərində çalışırlar.

Ümummilli lider Heydər Əliyev də, Prezident İlham Əliyev də  xalqın potensialını gücləndirmək, elmin geniş spektrini inkişaf etdirmək, kadr  imkanlarını üzə çıxarmaq  üçün fədakarlıqla çalışmışlar. Daxili resurslardan istifadə etməklə yanaşı, qabaqcıl dünya təcrübəsindən faydalanmaq zəruri idi. Bu baxımdan Əsrin müqaviləsinin imzalanması nadir hadisədir. Çünki bu müqavilə çərçivəsində aparılan işlər ölkəmizin iqtisadi gücünü bu gün də artırmaqdadır. 1996-cı ildə Şahdəniz qaz yatağının işlənməsi ilə bağlı imzalanmış müqavilə Azərbaycanın geosiyasi imkanlarını və vəziyyətini möhkəmləndirməklə yanaşı, bir çox ölkələrin enerji təhlükəsizliyini təmin edir.

(ardı var)