Xalq qəzeti.-2016.-5 may.-96.-S.3.

 

Heydər Əliyev dövlətçiliyimizi və ölkəmizi yeni inkişaf mərhələsinə qovuşduran lider

 

Asif  ƏSGƏROV,

Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı,

Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü

 

Bu günlər xalqımız ümummilli lider Heydər Əliyevin Vətən və millət qarşısında misilsiz tarixi xidmətlərini bir daha minnətdarlıq hissi ilə yad edir. Ulu öndərin doğum gününün növbəti ildönümünü xalqımız  ümummilli bayram kimi qeyd edir.

Doğrudan da, ümummilli lideri mənsub olduğu xalqa bəxş edən günün özü də ümummilli önəm daşıyır. Milli dövlətçiliyin inkişafını və qüdrətlənməsini təmin edən tarixi şəxsiyyətin həyatı və fəaliyyəti bu tarixin özü ilə eyniləşir, bu dövrün başlıca mahiyyətini təşkil edir.  Heydər Əliyev çağdaş Azərbaycanın tarixinin yönünü və məzmununu müəyyən etməklə zamanın fövqünə yüksəlmiş, əbədiyyət qazanmışdır. O, xalqının taleyində dönüş yaradaraq, ölkəsini tənəzzüldən tərəqqiyə qovuşdurmuşdur.

Ümummilli lider Heydər Əliyevin Azərbaycan tarixindəki yeri nə qədər müstəsna və önəmlidirsə, onun dünyaya göz açdığı gün də Azərbaycan xalqı üçün bir o qədər dəyərli və əlamətdardır. Ulu öndərin Azərbaycan xalqına göstərdiyi xidmətlər o qədər böyük və əhəmiyyətlidir ki, onun qiyməti və çəkisi zaman keçdikcə daha aydın və dəqiq görünür. Böyük rəhbərin anadan olmasının 93-cü ildönümü ölkəmizdə və soydaşlarımızın yaşadıqları hər yerdə onun misilsiz xidmətlərinin sonsuz qədirbilənliklə yad edilməsi, milli  dövlətçilik ideologiyası xəzinəsini zənginləşdirmiş irsinin dərindən və hərtərəfli öyrənilməsi ilə əlamətdardır.

Azərbaycan tarixinin ən mükəmməl tarixi şəxsiyyəti, dünya miqyaslı siyasət və dövlət xadimi Heydər Əliyevin 13 il əvvəl əbədiyyətə qovuşmuş 80 illik ömür yoluna, yarım əsrdən artıq bir dövrdə məsul fəaliyyətinə nəzər yetirəndə aydın görünən həqiqət budur ki, dahi soydaşımız  həyatının mənasını yalnız xalqına xidmət etməkdə görmüş və bu ali məramını ən yüksək səviyyədə gerçəkləşdirmişdir. Tarix yazan və yaradan şəxsiyyət kimi Heydər Əliyevin  həyatı və fəaliyyəti də nadir tarixi hadisədir. Bəşər tarixində ən mürəkkəb dövr olan XX əsrdə Azərbaycanda baş vermiş  ən önəmli hadisələr məhz Heydər Əliyevin adı, imzası ilə bağlıdır. Xalqımızı başa çatan həmin əsrdən və minillikdən yeni XXI əsrə və III minilliyə keçirmək də milli tariximizin ən nəhəng və müdrik  lideri kimi ulu öndərə nəsib olmuşdur.

Otuz ildən artıq bir dövrdə  Heydər Əliyev şəriksiz bir lider olması, öz ölkəsini dirçəltməsi, bəlalardan xilas etməsi, hərtərəfli yüksəliş yoluna çıxartması ilə Azərbaycan xalqının gözü qarşısında dahiləşib, əbədiləşib, zirvələşib. Heydər Əliyev öz dövrünün böyük şəxsiyyətlərinin belə həsəd apara biləcəyi yüksək milli və dövlət təltiflərinə layiq görülsə də, onun ən ali mükafatı qurub-yaratdıqlarından, gördüyü bütün işlərdən duyduğu məmnunluq, doğma xalqının qəlbini fəth etməsi idi. Bu dahi insanın ömür salnaməsini dönə-dönə səhifələmək, həyat və mübarizə məktəbi olan irsini oxumaq, öyrənmək və öyrətmək hər birimizi zənginləşdirir, gələcəyə gedən yolumuzu nurlandırır.

Heydər Əliyevin adı dünya tarixinə zəmanəsinin siyasi elitasında bənzərsiz mövqe qazanmış dövlət və siyasət xadimi, müstəqillik əldə edən xalqının xilaskarı və milli dövlətinin memarı  kimi yazılmışdır. Göründüyü kimi, Heydər Əliyev xalqının tarixində ən dahi siyasətçidir. O, böyük dövlət adamı,  ölkəsinin gerçək müstəqilliyinin təminatçısıdır. Müstəqil Azərbaycan Respublikasının bu gününün və gələcəyinin inkişafını təmin edən strategiyanın müəllifi məhz ulu öndərdir.

Milyonlarla insana rəhbərlik etmək üçün qüdrətli tarixi şəxsiyyət olmaq gərəkdir. Burada son dərəcə yüksək məsuliyyət tələb olunur. Ulu öndər müstəqil Azərbaycan dövlətçiliyinin qurucusu, siması və hərəkətverici qüvvəsi idi. Heydər Əliyev ən mürəkkəb, ziddiyyətli tarixi proseslərdən bacarıqla baş çıxaran, ən çətin vəziyyətdə də təmkinini itirməyən və dünyadakı geosiyasi dəyişiklikləri realistcəsinə qiymətləndirən mənsub olduğu xalqın, ölkəsinin gəlir-çıxarlarını praqmatik ağılla və dəqiq hesablayan bir lider idi. Sözün həqiqi mənasında, o, müasir Azərbaycanın tarixi təkamülünə dinamika vermişdir.

Heydər Əliyevin zəngin ömür yolunun zirvələrini xroniki ardıcıllıqla xatırlamaqla bütün bu deyilənlərin həqiqiliyinə bir daha inanır və hədsiz qürurlanırıq. Bu, çoxsaylı dövlət başçılarının, beynəlxalq siyasətin ən böyük simalarının, fikir və mülahizələri ilə dünyanın hesablaşdığı politoloqların da gəldiyi yekdil və dəqiq qənaətdir. Hələ 47 il öncə Heydər Əliyevin Sovet Azərbaycanının birinci rəhbəri seçilməsi də, sözsüz ki, onun liderlik keyfiyyətlərinə, təşkilatçılıq bacarığına və şəxsi- intellektual imkanlarına o vaxtkı siyasi-inzibati mərkəzin Kremlin veridiyi yüksək önəmin göstəricisi idi.

Lakin burada bir məqamı vurğulamaq olduqca vacibdir. Heydər Əliyev bu etimadın müqabilində, sadəcə, Moskvanın təlimat və göstərişlərini həyata keçirən yerli partiya funksionerinə çevrilmədi. Kreml divarları arasından bütün müttəfiq respublikalara ünvanlanan təlimat məhz bu cür siyasi idarəçilik və texnologiyanı nəzərdə tuturdu. Heydər Əliyev sovet idarəçiliyinin şablonlaşmış texnologiyasını Azərbaycanın rifahı, onun gələcəyi və strateji maraqlarına transformasiya etməyi bacaran bir lider oldu.

Ümummilli liderin bütün həyat və fəaliyyəti müstəqil Azərbaycan dövlətinin təşəkkülünə və  təkamülünə köklənmişdi. Sovet dövründə, zamanın tələbinə uyğun olaraq bu, xüsusi məzmun və forma kəsb edirdi. Ulu öndər ustalıqla, SSRİ rəhbərliyində şübhə yaratmadan millətin inkişafına xidmət edən addımlar atırdı. O, Azərbaycanın müstəqil olacağını öncədən görürdü. Həmin mərhələnin daha az itkisiz və uğurlu keçməsi üçün müdrik rəhbər xüsusi planlarını həyata keçirirdi. Respublikanın yeni başçısı onun iqtisadi, sosial və mədəni inkişafı naminə gecə- gündüz çalışırdı.

 Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi illərdə gələcəyə hesablanmış, tarix tərəfindən adekvat qiymətini alan neçə-neçə cəsarətli addımlar atmışdır. Bu uzaqgörən addımların Azərbaycanın gələcək inkişafına nə qədər dəqiq hesablandığını biz sonralar, Azərbaycan müstəqillik qazanandan sonra gördük və dərk etdik. Azərbaycanın zəngin iqtisadi potensialı, intellektual sərvəti üçün əsaslı baza məhz o illərdə yaranırdı. Heydər Əliyev sovet idarəçilik prinsiplərindən və iqtisadi sistemindən maksimum istifadə edərək Azərbaycanın, hətta ittifaq dövlətinin tərkibində belə, güclü və qüdrətli olmasını təmin etməyə çalışırdı. Azərbaycanın bugününə nəzər salsaq, bir daha görərik ki, Heydər Əliyev müstəqil Azərbaycanın gələcəyini öncədən görən lider olmuşdur.

Bəli, Heydər Əliyev realist siyasətçi idi. Onun qəbul etdiyi qərarlar düzgün və bütün reallıqları nəzərə alan ən optimal qərarlar olurdu. Siyasətdə müdriklik, həyatda praqmatizm məktəbi, dövlət idarəçiliyində ustalıq bu böyük siyasətin ana xəttini təşkil edir. Azərbaycan siyasətçiləri içərisində heç kimə siyasət Olimpinin zirvəsinə bu qədər ucalmaq, Vətəninə, xalqına bu miqyasda xidmət etmək və ürəklərdə özünə heykəl ucaltmaq nəsib olmayıb.

Heydər Əliyev, həm Azərbaycana rəhbərlik etdiyi və həm də tarixi bədxahlıq səbəbindən bu missiyadan kənarda olduğu dövrlərdə zamanın və şəraitin verdiyi imkanlardan öz xalqının maraqları və yüksəlişi naminə maksimum istifadə etməyi bacarmışdı. Zamanında Sovetlər Birliyi kimi fövqəldövlətin rəhbərliyinə yüksələn Heydər Əliyev heç bir qüvvənin onun zəngin, tükənməz və hərtərəfli dövlət idarəçiliyi istedadının qarşısını almağa qadir olmamasını bir daha sübut etməklə, bütün türk dünyasının fəxrinə çevrilmişdi.

Bu nəhəng imperiyanın ən ağır sahələrinin idarə edilməsində böyük uğurlara nail olan Heydər Əliyev Azərbaycanı öz timsalında bütün dünyaya tanıtdı, onun bu yüksək vəzifədə fəaliyyəti ölkəmizin dünyanın bu nəhəng İttifaq dövlətinin bütün imkanlarından maksimum bəhrələnməsini şərtləndirdi. Hələ kommunist ideologiyasının inadkarlıqla xalqları və millətləri çevrələdiyi bir şəraitdə qeyri- slavyan mənşəli bir dövlət adamının Sovet İttifaqı kimi nəhəng bir ölkənin ali siyasi hakimiyyətində təmsil olunması özü nə qədər çətin idisə, onun həmin mövqedən öz ölkəsinin milli mənafeyi naminə çalışması da bir o qədər çətin və demək olar ki, qeyri-mümkün idi.

Belə təzadlı bir dövrdə bütün sovet sistemindəki bu qeyri- mümkünlüyü gerçəkləşdirə bilən yeganə siyasətçi məhz Heydər Əliyev oldu. Sovet İttifaqının o vaxtkı dövlət rəhbərlərindən heç birinin siyasi taleyi Heydər Əliyevinki qədər qalibiyyətlərlə zəngin olmadı. Onların heç birinin siyasi irsi və kursu yeni, müstəqil bir dövlətin həyat yoluna çevrilmədi.

İndi artıq 25 ilə yaxındır ki, başqa zamanda yaşayırıq. Müstəqilliyimizi bərpa etməklə taleyimizə, milli ideologiyamıza və gələcəyimizə sahib çıxmaq imkanı qazanmışıq. Bu da asan başa gəlmədi. 20 Yanvar şəhidliyindən başlamış, Qarabağda itirilən müqəddəs yurd yerlərimizin, minlərlə insanın faciəsindən doğan hədsiz məhrumiyyətlərə baxmayaraq, azad xalqa çevrildik və müstəqil dövlətdə yaşamaq hüququ qazandıq.

 İndi gələcək haqqında təsəvvürlərimiz də, bugünkü düşüncə və həyat tərzimiz də fərqlidir. Məzmunca da, mahiyyətcə də tamamilə fərqli bir cəmiyyətin təşəkkül və təkamül mərhələsini yaşamaqdayıq. Bu, yeni bir epoxadır. Bu iki dövr arasındakı keçidin özü də tarixi təlatümlərdən keçdi. İki fərqli epoxanı ayıran zaman intervalı isə tarixi baxımdan nə qədər qısa görünsə da, kəskin ziddiyyətləri siyasi,  iqtisadi, mənəvi, sosial böhranları ilə yanaşı, xalqımıza öz müstəqil dövlətçiliyini bərpa etmək şansını yaratmaq kimi əhəmiyyətli tarixi hadisələrlə də zəngin oldu.

 XX əsrin 90-  cı illərində qlobal miqyasda çətin və mahiyyəti tam aydın olmayan geosiyasi proseslər gedirdi. Müstəqilliyini yeni əldə etmiş respublikaların düzgün inkişaf yolu seçməsi böyük siyasi müdriklik, zəngin təcrübə və strateji təfəkkür tələb edirdi. Həyat göstərdi ki, əsl ümummilli lider olaraq Heydər Əliyev həmin keyfiyyətlərə malik olan nadir şəxsiyyət idi. Azərbaycanın müstəqil dövlət kimi ötən illərdə bütün sahələrdə əldə etdiyi uğurlar bu fikri tam təsdiq edir.

Dünyanın inkişaf etmiş ölkələri belə böhrandan əziyyət çəkdiyi bir zamanda, ölkəmiz böyük nailiyyətlər qazanır. İqtisadiyyat inkişaf edir, cəmiyyətin bütün sahələri üzrə islahatlar davamlı həyata keçirilir, demokratik təsisatlar daha da möhkəmlənir. Bütün bunlar Heydər Əliyevin işləyib hazırladığı dövlət quruculuğu konsepsiyası əsasında reallaşdırılır. Bu möhtəşəm qələbənin müəllifi olmaq səadəti sovet dövründə cəsarətlə millətin gələcəyi üçün çalışan, tariximizin ilk ümummilli lideri mərtəbəsinə yüksələn, yeni müstəqillik dövründə isə böyük bir fədakarlıqla həyatının qalan hissəsini də öz xalqına həsr edən və nəhayət, azərbaycanlı olması ilə fəxr etdiyini bütün dünyaya bəyan edən Heydər Əliyevə nəsib oldu.

1993-cü ildən başlayaraq ümummilli liderimiz Heydər Əliyevin həyata keçirdiyi xilaskarlıq missiyası nəticəsində Azərbaycan məhv olmaq təhlükəsindən qurtuldu, inkişaf edən bir dövlətə çevrildi. Qısa müddət ərzində ölkədə vətəndaş müharibəsinin qarşısı alındı, dövlətçiliyə meydan oxuyan silahlı birləşmələr ləğv edildi, ictimai-siyasi sabitlik yarandı. Ölkənin xarici siyasəti milli maraqlarımıza uyğun quruldu, uğurlu neft strategiyası müəyyən edilib həyata keçirilməyə başlandı, ictimai həyatımızın bütün sahələrində hərtərəfli demokratik islahatlar aparıldı. Siyasi plüralizm, söz və mətbuat azadlığı təmin edildi, Şərqdə ilk dəfə Azərbaycanda ölüm cəzası ləğv edildi, ölkənin gələcək inkişafına hərtərəfli şərait yaradıldı.

Bütün dediklərimizdən göründüyü kimi, Heydər Əliyevin həyatının uzun müddət davam edən mücadilə səhifəsi xilas və qələbə ilə başa çatdı. Həyatın yeni səhifəsi açıldı, yeni mübarizə başladı. Bütün addımlarında öz xalqına, onun istedadına arxalanan və həqiqəti dərindən duymaq qabiliyyətinə malik olan Heydər Əliyev müstəqil Azərbaycan dövlətini onun tarixi ənənələri və çağdaşlıq prinsipləri əsasında qurmağın tarixi missiyasını da şərəflə yerinə yetirdi. O, didilib-parçalanan Azərbaycanı bütövləşdirərək regionun ən nüfuzlu dövlətinə çevirdi.

Müstəqillik dövründə Azərbaycan məhz Heydər Əliyevin əsasını qoyduğu milli təməl üzərində, onun siyasi iradəsi ilə öz milli-tarixi ənənəsindən ayrılmadan suveren dövlətçiliyin təkamül prosesinə qoşuldu, qlobal siyasi mühitə adaptasiya olunaraq, beynəlxalq münasibətlər sistemində öz yerini tutdu. İki fərqli tarix, biri digərini inkar edən cəmiyyət məhz ümummilli lider Heydər Əliyevin simasında və fəaliyyətində birləşdi, dövlətçiliyimizin əbədiliyini, sarsılmazlığını və dönməzliyini təmin etdi. Xalqın ulu öndər tituluna layiq gördüyü Heydər Əliyev, sözün əsl mənasında, siyasətdə qələbə simvoluna çevrildi.

Heydər Əliyev qətiyyətlə, inamla bəyan etdi: Azərbaycan dövlətinin müstəqilliyi əbədi olacaqdır, sarsılmaz olacaqdır, dönməz olacaqdır və Azərbaycanın bugünkü gənc nəsli gələcək Azərbaycanı daha da yüksəklərə qaldıracaqdır. Təbii ki, bu gün hər birimiz bunun şahidləriyik.

Azərbaycan xalqı Heydər Əliyev irsi ilə həqiqətən də fəxr edir. Təkcə fəxr etmir, həm də ulu öndərin irsindən bəhrələnirik. Heydər Əliyev irsi hər bir azərbaycanlı üçün Azərbaycan, azərbaycançılıq deməkdir. Heydər Əliyev irsi dövlət, dövlətçilik deməkdir. Azərbaycan dövlətinin tarixinə, xalqının yaddaşına əbədi həkk olunan Heydər Əliyev Vətənini firavan, millətini xoşbəxt görmək üçün ömrünü əməli fəaliyyətə, gərgin işə həsr etməklə xalqa və dövlətə xidmətin bariz nümunəsini göstərdi.

Azərbaycanda Heydər Əliyev siyasəti, onun dövlətçilik xətti davam edəcək. Çünki bu siyasət Azərbaycanın gələcək tərəqqisinin təminatı baxımından zəruridir. Heydər Əliyev siyasəti tarazlı siyasətdir, cəmiyyətin bütün təbəqələrinin mənafelərini ifadə edir, cəmiyyətdə ahəngdarlıq yaradır, vətəndaşların hüquq və azadlıqlarını, onların milli-dövlətçilik mənafelərini, açıq cəmiyyətin ali dəyərlərini müdafiə edir. Ən önəmlisi isə odur ki, Heydər Əliyev siyasəti bugünlə, indi ilə yekunlaşmır, bitmir, tükənmir. Heydər Əliyevin Azərbaycan xalqı qarşısında ən böyük xidmətlərindən biri də öz siyasi varisi İlham Əliyevi ərsəyə çatdıraraq, müstəqil dövlətimizin ardıcıl inkişafı üçün zəmin yaratmasıdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ilk gündən Heydər Əliyev siyasi kursunu qəti və prinsipial mövqe ilə davam etdirməklə xalqın böyük ehtiramını qazanmışdır. Qısa müddət ərzində əhalinin rifahının yaxşılaşmasında müstəsna rol oynayan tədbirlər həyata keçirmiş, hər bir vətəndaşın hüququna hörmətlə yanaşılması, ona qayğı göstərilməsi  bütün dövlət strukturlarının qarşısında ali məqsəd kimi qoymuşdur.

Aparılan düşünülmüş və ardıcıl siyasət və həyata keçirilən mühüm layihələr nəticəsində qısa zaman ərzində iqtisadi inkişaf sürətinə görə Azərbaycan regionda liderə çevrilmiş, ölkənin iqtisadi potensialı dəfələrlə yüksəlmişdir. Dövlət başçımızın gərgin əməyinin nəticəsi olan belə inkişaf sürətinə dünya tarixində çox nadir hallarda təsadüf oluna bilər.

Bu prosesdə demokratik dövlət quruculuğu istiqamətində ümummilli liderin miras qoyduğu irsin öyrənilməsi, təbliği və tətbiqində Heydər Əliyev Fondunun rəhbəri, Milli Məclisin deputatı, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın çoxşaxəli xidmətləri də müstəsna əhəmiyyət kəsb edir.

Bu gün biz qüdrətli və müstəqil dövlətin övladları olaraq, məhz belə dahi insanların fədakar fəaliyyəti sayəsində firavan respublikada, ictimai-siyasi sabitlik şəraitində, sosial rifahın təmin olunduğu, inkişaf edən və güclü bir Azərbaycanda yaşayırıq. Bu güclü Azərbaycanı bizə miras qoyan xalqın ümummilli lideri Heydər Əliyev, sözün bütün mənalarında, şərəfli ömür yaşadı. Lakin onun ideyalarının ömrü, qurduqlarının və yaratdıqlarının ömrü daha böyükdür.

Bəli, həqiqətən, ümummilli lider Heydər Əliyevin keçdiyi enişli-yoxuşlu, lakin sonu qalibiyyətli yol elə Azərbaycanın keçdiyi siyasi təlatümlərlə dolu, lakin gələcəyə sarsılmaz inamını heç vaxt itirməyən marafonu xatırladır. Azərbaycanın irəliləyiş üfüqləri isə sonsuz və daimidir Heydər Əliyevin əziz xatirəsi kimi!