Respublika.-2016.-15 aprel.-79.-S.4.

 

Uğurlarla zəngin 15 il

 

Natiq Əliyev,

Azərbaycan Respublikasının energetika naziri.

 

Ötən əsrin sonlarından başlayaraq enerji amilinin qlobal məkanda getdikcə artan rolu, dünyada cərəyan edən hadisə və proseslərə həlledici təsir imkanları bu amili planetimizin siyasi mənzərəsini müəyyənləşdirən əsas prioritetlərdən birinə çevirmişdir. Təsadüfi deyildir ki, fövqəldövlət anlayışı bu gün artıq böyük ərazi hüdudlarına, qüdrətli silah arsenalına malik olmaqdan daha çox, enerji mənbələrinə çıxış imkanlarının genişliyi, neft-qaz bazarlarına, enerji məhsullarının nəqli marşrutlarına nəzarət imkanları kimi mühüm göstəricilərlə müəyyənləşir.

 

Dövlət müstəqilliyinə tarixin belə çətin və mürəkkəb mərhələsində nail olan Azərbaycan özünün zəngin təbii enerji ehtiyatları ilə böyük geosiyasi güclərin mümkün mübarizə meydanına çevrilməməkdən ötrü hələ müstəqilliyin ilk günlərindən bu istiqamətdə düzgün strateji qərarların verilməsi zərurəti qarşısında idi. Respublikanın zəngin enerji potensialının reallaşdırılması üçün xarici tərəfdaşların cəlbi, ölkə iqtisadiyyatının və əhalinin davamlı olaraq yanacaq-enerji resursları ilə təchizatı məsələlərinin həlli, Azərbaycanın enerji və siyasi təhlükəsizliyinin təminatı və s. bu kimi məsələlər eyni zərurətin aktuallaşdırdığı vəzifələr olaraq qarşıda durmuşdu.

İqtisadiyyatın yanacaq-enerji resursları ilə təchizatı və enerji səmərəliliyinin dövlətin inkişaf səviyyəsinin mühüm indikatorlarından hesab olunduğunu nəzərə alsaq, Sovet inzibati-idarəçilik sistemindən yenicə ayrılaraq gələcək inkişaf modeli kimi azad bazar iqtisadiyyatı yolunu tutmuş müstəqil respublika üçün enerji məsələlərinin nə qədər böyük əhəmiyyət kəsb etməsinin geniş şərhinə ehtiyac qalmaz. Azərbaycan karbohidrogen təyinatlı enerji resurslarının bol olduğu dünya ölkələri sırasında özünə yer tutmaqla yeni dövrün çağırışlarına vaxtında və çevik reaksiya verməli idi.

M üstəqilliyin ilk illərində, regional münaqişəyə cəlb olunmuş, ərazilərinin 20 faizi işğal edilmiş ölkənin həm öz daxilindəki saysız-hesabsız problemlər, həm də xaricdən yönələn çoxsaylı təhdidlər mühitində, eyni zamanda olduqca mürəkkəb geosiyasi vəziyyətdə Azərbaycanı müstəqil dövlət kimi qurmaq, onun sosial-iqtisadi inkişafına nail olmaq, hüquqi dövlət quruculuğu prosesini, demokratik islahatları əzmlə həyata keçirmək, ölkəni regionun lider dövləti mövqeyinə yüksəltmək bacarıqlı əllər, dərin zəka, qətiyyətli addımlar və möhkəm siyasi iradə tələb edirdi. Müstəqil Azərbaycan dövlətinin həyatında belə bir lider məhz Heydər Əliyev oldu.

Yada salaq ki, neft amilinin ölkə üçün böyük iqtisadi-siyasi əhəmiyyətinə rəğmən ötən əsrin 90-cı illərinin ortalarına qədər Azərbaycanın enerji siyasəti mövcud deyildi və müstəqilliyin çətinliklərlə dolu ilk illərində ölkənin enerji potensialından istifadə perspektivləri bir çox hallarda xəyali təsəvvürlərlə məhdudlaşırdı. Azərbaycanda enerji siyasətinin əsasını xalqımızın ümummilli lideri Heydər Əliyev qoydu. Müstəqil Azərbaycan dövlətinin müasir enerji siyasətinin yaradılması, işlənməsi və həyata keçirilməsi bilavasitə Heydər Əliyevin adı və misilsiz xidmətləri ilə bağlıdır. 20 sentyabr 1994-cü il tarixində Azəri-Çıraq-Günəşli yataqlarının xarici şirkətlərlə birgə işlənməsini nəzərdə tutan və tarixi-siyasi əhəmiyyətinə görə Əsrin müqaviləsi kimi tanınan Hasilatın Pay Bölgüsü Sazişinin (HPBS) imzalanması ilə Azərbaycanın neft strategiyasının əsası qoyuldu. Əsrin müqaviləsinin imzalanması mərasimində çıxış edərkən ulu öndər Heydər Əliyev demişdir:

Biz belə bir addım atmaqla Azərbaycanın dünya üçün, dünya iqtisadiyyatı üçün açıq ölkə olduğunu nümayiş etdiririk. Biz bu müqaviləni imzalamaqla Azərbaycan Respublikasının suveren hüquqlarının bərqərar olduğunu, Azərbaycanın tam müstəqil olduğunu, xalqımızın öz sərvətlərinə özünün sahib olduğunu dünyaya bir daha nümayiş etdiririk. Biz bu müqaviləni imzalamaqla Azərbaycan Respublikası ilə dünyanın inkişaf etmiş dövlətləri, onların ən böyük şirkətləri arasında əlaqələr yaradırıq... Biz bu müqaviləni imzalamaqla xarici ölkələrdən Azərbaycana investisiya qoyulması üçün böyük yol açırıq.

Xəzər dənizində ilk irimiqyaslı layihənin həyata keçirilməsi ilə beynəlxalq əməkdaşlığın əsası qoyuldu, Azərbaycanın nəhəng neft və qaz yataqlarının zəngin ehtiyatları hərəkətə gətirildi. Dünyanın 7 ölkəsini təmsil edən ən nüfuzlu və yüksək texnologiyalara malik neft şirkətləri ilə belə bir əməkdaşlıq ölkəmizin neft-qaz sənayesinin inkişafına, bu sahədə mövcud infrastrukturun yenidən qurulmasına güclü təkan verdi. Bu müqavilə regionda digər qlobal enerji və nəqliyyat dəhlizlərinin yaradılmasını nəzərdə tutan layihələrin də tez bir zamanda gerçəkləşdirilməsinə münbit şərait yaratmış oldu.

Bu tarixi addımın müəyyən etdiyi inkişaf mənzərəsi müstəqil Azərbaycan dövlətinin enerji siyasətinin əsas prioritetlərini bir daha konkretləşdirmiş oldu. Qeyd edək ki, ölkənin enerji siyasəti onun xarici və daxili siyasətinin əsas komponentlərindəndir və Azərbaycan dövlətinin enerji siyasətində də bu mühüm bir amil kimi dəqiqliklə nəzərə alınmışdır.

Azərbaycanın enerji siyasətinin daxili və xarici prioritetləri, ötən onilliklər ərzində onların hər biri üzrə əldə olunmuş nəticələri bu siyasətin nə qədər müdrikliklə irəli sürüldüyünü göstərir. Ölkəmizin enerji resurslarına olan tələbatının tam ödənilməsi, enerji təhlükəsizliyinin təmin olunması, karbohidrogen ehtiyatlarının çoxaldılması və neft-qaz hasilatının artırılması, yeni neft və qaz yataqlarının kəşfiyyatı və mənimsənilməsi, karbohidrogen ehtiyatlarının hasilatı, nəqli, emalı və istehlakında enerji və ehtiyatlara qənaət, bu sahədə yeni texnologiyaların, müasir texniki avadanlıqların tətbiqi sayəsində enerji ehtiyatların istehsalı sahəsində istehsal güclərinin artırılması, yanacaq-enerji kompleksinin etibarlı və fasiləsiz işinin təmin edilməsi daxili enerji siyasətinin əsas istiqamətlərini təşkil edir. Eyni zamanda, alternativ enerji mənbələrinin inkişaf etdirilməsi, ətraf mühitin mühafizəsi məsələləri də bu siyasətin əsas prioritetlərindən biri kimi irəli sürülmüşdür.

Azərbaycanın xarici enerji siyasətinin məqsəd və vəzifələrinə isə dünya iqtisadiyyatında enerji ehtiyatlarının ən iri istehsalçı və təchizatçılarından biri kimi Azərbaycanın yeri və rolunu göstərərək onun bu sahədəki statusunun daha da inkişaf etdirilməsi, karbohidrogen ehtiyatlarının mənimsənilməsinə xarici investisiyaların cəlb olunması, enerji ehtiyatlarının dünya bazarlarına çıxarılması üçün etibarlı enerji nəqli dəhlizlərinin yaradılması daxildir. Beynəlxalq enerji layihələrində ölkəmizin yaxından iştirakının təmin olunması, enerji ehtiyatlarının svop üsulu ilə mübadiləsinin həyata keçirilməsi, Xəzər regionunda enerji təhlükəsizliyinin, sülhün və sabitliyin qorunması da ulu öndər Heydər Əliyevin müəyyən etdiyi xarici enerji siyasətinin mühüm istiqamətlərindəndir.

Bu siyasətin qarşıya qoyduğu strateji hədəflər, həmçinin neft strategiyasında öz əksini tapmayan elektrik enerjisi, alternativ enerji mənbələri, enerji səmərəliliyi və digər bu kimi məsələlərin həlli enerji sahəsində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanının formalaşdırılması zərurətini şərtləndirirdi. Bu zərurətdən irəli gələrək Azərbaycan Respublikası Prezidentinin 18 aprel 2001-ci il tarixli 458 nömrəli Fərmanı ilə Yanacaq və Energetika Nazirliyi yaradıldı. Nazirliyin adı 6 dekabr 2004-cü ildə dəyişdirilərək Sənaye və Energetika Nazirliyi kimi müəyyənləşdirildi. Azərbaycan Respublikası Prezidentinin 22 oktyabr 2013-cü il 3 tarixli müvafiq Sərəncamı əsasında isə Energetika Nazirliyi təşkil edildi. Strukturu Mərkəzi aparatdan, Dövlət Enerji Nəzarəti İdarəsindən və Dövlət Qaz Nəzarəti İdarəsindən ibarət olan Energetika Nazirliyinin Əsasnaməsi Azərbaycan Respublikası Prezidentinin 11 aprel 2014-cü il tarixli 149 saylı Fərmanı ilə təsdiqləndi.

Əsasnamə üzrə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq, Energetika Nazirliyi enerji sahəsində vahid dövlət siyasətinin formalaşdırılmasında iştirak etməklə, bu siyasətin həyata keçirilməsini, enerji resurslarından səmərəli istifadə ilə bağlı tədbirlərin görülməsini və bu sahədə dövlət maraqlarının qorunmasını, enerji sahəsində vahid elmi-texniki siyasətin həyata keçirilməsini, bu sahənin inkişafını, normayaratma fəaliyyətini təmin edir, müvafiq sahədə fəaliyyət göstərən dövlət mülkiyyətində olan, səhmlərinin və ya əmlakının 2/3 hissəsindən çoxu birbaşa və dolayısı ilə dövlətə məxsus olan hüquqi şəxslərin fəaliyyətinin tənzimlənməsində iştirak edir.

Ümumilikdə, ölkənin enerji siyasətinin həyata keçirilməsində Energetika Nazirliyinin yerinə yetirdiyi əsas missiya proqnozlaşdırma və nəzarət tədbirlərinin həyata keçirilməsi, habelə enerji balansının hazırlanmasıdır. Energetika Nazirliyi yarandığı vaxtdan bu günədək öz funksiya və səlahiyyətlərinin yerinə yetirilməsi üzrə bir sıra nailiyyətlər əldə etmiş, müxtəlif səviyyələrdə aparılan danışıqların, keçirilən müzakirələrin, əldə olunan razılaşmaların əsas iştirakçılarından biri kimi Azərbaycanın və ümumilikdə dünyanın enerji tarixinə yazılan bir çox hadisələrdə öz missiyasını şərəflə yerinə yetirmişdir.

E nergetika Nazirliyinin təşkil olunduğu dövr Əsrin müqaviləsinin praktik nəticələrinin intensivləşdiyi, ölkənin iqtisadi imkanlarının genişləndiyi, xarici investisiya və müasir texnologiyaların yaratdığı imkanlar hesabına yeni neft-qaz yataqlarının axtarışı, geoloji-kəşfiyyat işlərinin ən müasir üsullarla aparılmasına başlanması dövrü kimi xarakterizə oluna bilər. 1994-2005-ci illərdə xarici neft şirkətləri ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) arasında 15 dəniz və 11 quru əraziləri üzrə 26 saziş imzalanmış, Bakı-Novorossiysk və Bakı-Supsa boru kəmərləri yenidən qurulmuş, daha sonra neftin və qazın etibarlı və irimiqyaslı ixracını təmin etmək məqsədilə Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz ixrac boru kəmərləri tikilərək istismara verilmişdir.

Azərbaycanın neft strategiyasının, həyata keçirilən məqsədyönlü enerji siyasətinin uğurları sayəsində ölkəmizdə neft hasilatı 41 milyon tona, qaz hasilatı isə 29 milyard kubmetrə çatmışdır.

Əsas elektrik stansiyalarının, elektrik verilişi xətlərinin köhnə olması səbəbindən 2003-2004-cü illərə qədər əhalinin elektrik enerjisi ilə təchizatında müəyyən çətinliklər vardı. Yeni yaradılmış Energetika Nazirliyinin də yaxından iştirakı ilə müvafiq dövlət proqramları çərçivəsində Bakıda və regionlarda yeni elektrik stansiyalarının inşası, enerji infrastrukturunun yenilənməsi hesabına Azərbaycan əhalinin elektrik enerjisinə olan tələbatını ödəməklə bərabər, həm də enerji ixracını həyata keçirməyə başladı. Azərbaycan Respublikasının yanacaq-enerji kompleksinin inkişafı (2005-2015-ci illər) üzrə Dövlət Proqramı çərçivəsində son 10 il ərzində 2310 MVt-a yaxın qənaətcil, son elmi-texniki nailiyyətlərə cavab verən qabaqcıl texnologiyalar əsasında yeni elektrik stansiyaları işə salınmış, ümumi gücü 856,8 MVt olan 7 modul tipli ES (Astara ES, Şəki ES, Xaçmaz ES və Naxşıvan ES, Bakı ES, Şahdağ ES, Səngəçal ES), gücü 525 MVt olan Sumqayıt İES,780 MVt olan qaz-turbin tipli Cənub ES, ümumi gücü 146,5 MVt olan 12 su elektrik stansiyası istismara verilmişdir. Nəticədə bu gün Azərbaycanın elektroenergetika sisteminin generasiya gücü 7149 MVt-a çatdırılmışdır. Hazırda Azərbaycan-Gürcüstan-Türkiyə enerji körpüsünün yaradılması istiqamətində işlər görülür və ölkəmizin istehsal etdiyi elektrik enerjisinin ixracı baxımından bu layihə böyük perspektivlərə malikdir.

Əhalinin və ölkə iqtisadiyyatının elektrik enerjisinə, qaza və digər enerji daşıyıcılarına olan tələbatının ödənilməsinə, yanacaq-enerji kompleksinin müasir dövrün çağırışlarına uyğun inkişafına töhfə verən strateji tədbirlər sırasında Energetika Nazirliyinin əlaqələndiricisi olduğu dövlət proqramlarından da bəhs etmək yerinə düşərdi.

Azərbaycan Respublikası Prezidentinin 21 oktyabr 2004-cü il tarixli sərəncamı ilə Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı qəbul edilmiş, Prezidentin 14 fevral 2005-ci il tarixli digər müvafiq sərəncamı ilə Azərbaycan Respublikasının yanacaq-enerji kompleksinin inkişafı (2005-2015-ci illər) üzrə Dövlət Proqramı təsdiqlənmiş və bu proqramların əlaqələndiricisi kimi Energetika Nazirliyi müəyyən edilmişdir.

Neft və qaz sənayesi, Qaz təchizatı, Elektroenergetika sektoru və Yanacaq-energetika komleksinin idarə olunması sahələrinin başlıca istiqamətlərini əhatə edən 69 tədbirdən ibarət Azərbaycan Respublikasının yanacaq-enerji kompleksinin inkişafı (2005-2015-ci illər) üzrə Dövlət Proqramının icrası uğurla başa çatdırılmışdır. Bu proqram çərçivəsində görülmüş işlərin təhlili göstərir ki, həyata keçirilən tədbirlər enerji resurslarının istehsalı, emalı, nəqli, saxlanması, uçotu və istehlakı sahəsində mütərəqqi texnologiyanın tətbiqinə əsaslanmış, energetika sektorunda sağlam rəqabət mühitinin formalaşdırılması, ekoloji təhlükəsizliyin təmin edilməsi, elektrik enerjisi və qaz istehlakında bazar iqtisadiyyatı şəraitinə uyğunlaşdırılmış idarəetmə sisteminin tətbiqi istiqamətində əhəmiyyətli nəticələr əldə edilmişdir.

Energetika Nazirliyi tərəfindən növbəti illəri əhatə edən Azərbaycan Respublikasının yanacaq-enerji kompleksinin inkişafı (2015-2025-ci illər) üzrə Dövlət Proqramının hazırlanması istiqamətində də müvafiq işlər görülmüşdür.

Nazirlik, bundan başqa, Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı, yoxsulluğun azaldılması və davamlı inkişaf, əhalinin ərzaq məhsulları ilə etibarlı təminatı, məşğulluq strategiyasının həyata keçirilməsi, qeyri-neft məhsullarının ixracının stimullaşdırılması, Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafı ilə bağlı müvafiq dövlət proqramları və tədbirlər planının həyata keçirilməsində də yaxından iştirak etmişdir.

Bütün bu kompleks tədbirlər nəticəsində özünün enerji təhlükəsizliyini tam təmin etmiş Azərbaycan artıq Avropanın enerji təhlükəsizliyinin təminatında da strateji tərəfdaş missiyasını yerinə yetirmək məramı ilə mühüm addımlar atmaqdadır. Azərbaycanın neft ölkəsindən qaz ölkəsi statusuna qədər yüksəlməsi və bununla da Avopanın enerji təhlükəsizliyinin əsas təminatçılarından birinə çevrilməsi xalqımızın ümummilli lideri, ulu öndər Heydər Əliyevin ötən əsrin 90-cı illərinin ortalarında əsasını qoyduğu inkişaf strategiyasının bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müəllifliyi ilə yeni bir tarixi mərhələyə qovuşmasıdır.

Azərbaycan dövləti dünyanın enerji tarixinə 21-ci əsrin müqaviləsi kimi yazılan, Avropanın enerji təhlükəsizliyi strategiyası, enerji resurslarının şaxələndirilməsi və tədarükü üzrə əsas layihə kimi dəyərləndirilən Cənub Qaz Dəhlizinin təməlini qoymaqla qarşıdakı yüz ildə də enerji ölkəsi kimi lider mövqeyinə etibarlı zəmanət qazanmışdır. Strateji əhəmiyyəti təkcə Azərbaycan, Türkiyə və ümumilikdə regionla məhdudlaşmayan , Xəzərdən Avropaya təbii qazın nəql edilməsi üçün nəzərdə tutulan və Şahdəniz-2 təbii qaz yatağı, Cənubi Qafqaz Boru kəməri, Trans-Anadolu Qaz kəməri (TANAP) və Trans-Adriatik Boru (TAP) kəmərindən ibarət Cənub Qaz Dəhlizi layihəsi ölkəmizin enerji daşıyıcılarının şaxələndirilməsi siyasətinə xidmət etməklə yanaşı, həm də mürəkkəb geosiyasi şəraitdə Avropanın qaz asılılığından xilasına hesablanmış alternativ enerji mənbəyi kimi indi bütün dünyanın diqqət mərkəzindədir.

Azərbaycanın enerji siyasətində diversifikasiya xəttini əsas prioritet kimi müəyyənləşdirdiyi ilk andan bu xəttə uyğun kəmər və layihələrin seçilməsi ilə bağlı görüş, məsləhətləşmə və danışıqlarda Azərbaycan Respublikasının Energetika Nazirliyi də yaxından iştirak etmişdir. Təsadüfi deyildir ki, Cənub Qaz Dəhlizi layihəsinin strateji əhəmiyyətini yüksək qiymətləndirərək onun enerji sahəsindəki əməkdaşlığı daha da dərinləşdirməsi perspektivlərinə böyük önəm verən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən irəli sürülmüş layihənin həyata keçirilməsi üçün cəlb edilən ölkələrin enerji nazirlərindən ibarət Məşvərət Şurasının işinin təşkili ilə bağlı məsələlərin icrası Azərbaycan Respublikasının Energetika Nazirliyinə tapşırılmışdır.

Məşvərət Şurası çərçivəsində keçirilən iclaslar artıq ənənəyə çevrilməklə layihənin həm siyasi müzakirəsi, həm də tranzit ölkələrdə onun reallaşdırılması zamanı yaranan problemlərin nəzərdən keçirilməsi və müvafiq həll yollarının birgə axtarılmasından ötrü mühüm əhəmiyyət daşıyır. Dünyanın aparıcı dövlətlərinin və beynəlxalq maliyyə qurumlarının nümayəndə heyətlərinin Məşvərət Şurasının 29 fevral 2016-cı il tarixində keçirilmiş ikinci iclasında da ən yüksək səviyyədə iştirakı Cənub Qaz Dəhlizinin qlobal əhəmiyyətinin və ona olan beynəlxalq marağın təzahürü idi. İclasda Avropa Komissiyasının vitse-prezidentləri Federika Moqerini və Maroş Şevçoviç, ABŞ Dövlət Departamentinin beynəlxalq enerji məsələləri üzrə xüsusi nümayəndəsi və əlaqələndiricisi Amos Hokstayn kimi yüksək səlahiyyətli təmsilçilərin iştirakı Cənub Qaz Dəhlizi layihəsinin beynəlxalq və transmilli məzmunundan xəbər verməklə yanaşı, beynəlxalq güc mərkəzlərinin Azərbaycanla əlaqələrə böyük diqqəti kimi də qiymətləndirilə bilər.

Məşvərət Şurasının builki iclası təkcə ötən müddət ərzində görülmüş işlər üzrə hesabatla məhdudlaşmayaraq, layihə üzvləri arasında səmərəli əməkdaşlıq mühitinin daha da möhkəmləndirilməsi, layihənin icrası ilə bağlı ölkələrin öhdəliklərinin təhlili, gələcək istiqamətlərin, hədəflərin birgə müəyyənləşdirməsi üçün son dərəcə səmərəli bir platforma oldu. Bu toplantının növbəti dəfə Bakıda keçirilməsi bir daha sübut etdi ki, Azərbaycan Cənub Qaz Dəhlizi layihəsinin reallaşmasında həlledici rol oynayır, həmçinin regional və qlobal miqyasda ciddi iqtisadi-siyasi tərəfdaş kimi böyük nüfuz sahibidir.

Y alnız enerji marşrutlarının şaxələndirilməsinə deyil, enerji təhlükəsizliyi və ölkələr arasında iqtisadi-siyasi əlaqələrin gücləndirilməsi işinə də böyük töhfə olan bu layihənin reallaşdırılması işinə lazımi dəstəyin bundan sonra da davam etdiriləcəyinin iştirakçı ölkələr tərəfindən bir daha qəti şəkildə bəyan olunması bu toplantının ən mühüm məqamlarından idi. Məşvərət Şurasının iclasında bir daha yəqinləşdi ki, Cənub Qaz Dəhlizi böyük bir coğrafiyada enerji təhlükəsizliyinin, bir mənbədən asılılıqdan xilasın etibarlı, yeganə təminatçısıdır.

Bütün bu uğurlar həm də Azərbaycanın etibarlı tərəfdaş imicinin getdikcə daha da möhkəmlənməsi, dünyanın müxtəlif qütblərində yerləşən bir çox ölkələrlə əməkdaşlıq əlaqələrinin yeni məzmun kəsb etməsidir. Milli neft strategiyasının uğurla həyata keçirilməsi nəticəsində xarici investorları özünə cəlb edən Azərbaycan artıq özü analoji funksiyanı yerinə yetirir. Bunun real mənzərəsini ölkəmizin Türkiyə, Gürcüstan, Rumıniya, Ukrayna və digər dövlətlərin enerji bazarlarındakı iştirakında müşahidə etmək olar. Belə bir şəraitdə Azərbaycan Respublikası Energetika Nazirliyinin yerinə yetirməli olduğu əsas vəzifələrdən biri də energetika sahəsində xarici əməkdaşlıq üzrə qazanılmış nailiyyətlərin qorunması və daha da inkişafından ibarətdir. Bu baxımdan, Energetika Nazirliyinin 15 illik fəaliyyəti Azərbaycanın enerji strategiyasının uğurla reallaşdırılmasına xidmət edən xarici səfərlər, müxtəlif ölkələrin dövlət və hökumət rəsmiləri ilə keçirilən çoxsaylı görüşlər, ikitərəfli sənədlərin imzalanması, ayrı-ayrı beynəlxalq tədbirlərdə çıxışlarla son dərəcə zəngin olmuşdur. Bu dövr ərzində Energetika Nazirliyi ilə Avropa İttifaqı, Belarus, Yunanıstan, Avstriya, Almaniya, İsveçrə, Koreya, Suriya, Sloveniya, Bolqarıstan, Rumıniya, Gürcüstan, Türkiyə, Ukrayna, Serbiya, Albaniya, Fransa, Malta, İraq hökumətləri arasında təbii qaz , neft, elektrik enerjisi sektorunda əməkdaşlığa dair 25-dən çox Anlaşma Memorandumu imzalanmış, beynəlxalq tədbirlərin keçirilməsinə dəstək verilmişdir. Bu müddətdə Azərbaycan-Qazaxıstan Hökumətlərarası Komissiyasının 12, Azərbaycan-İtaliya Hökumətlərarası Komissiyasının 3, Azərbaycan-Yunanıstan Hökumətlərarası Komissiyasının 3, Azərbaycan -Polşa Hökumətlərarası Komissiyasının isə 6 iclası energetika nazirinin həmsədrliyi ilə keçirilmişdir.

Hazırda nazirlik tərəfindən ölkələr arasında enerji sahəsində əməkdaşlığın genişləndirilməsi məqsədilə aidiyyəti qanunvericilik aktlarının layihələri, o cümlədən, Azərbaycanla Türkiyə, Pakistan, İndoneziya, Əlcəzair, Bəhreyn, Oman, Gürcüstan, Türkmənistan arasında enerji sahəsində əməkdaşlığın gələcək inkişafını nəzərdə tutan anlaşma memorandumu layihələri işlənib hazırlanır.

Energetika Nazirliyi beynəlxalq təşkilatlarla da sıx əməkdaşlıq əlaqələrinə malikdir. Azərbaycanla Avropa İttifaqının (Aİ) Qara Dəniz və Xəzər Dənizi hövzəsi ölkələri və onların qonşuları arasında beynəlxalq enerji əməkdaşlığı proqramı olan İNOGATE proqramının (1996-2016) bu yaxınlarda 20 illiyi qeyd olunmuşdur. Azərbaycan Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və uzun müddətdən bəri davam edən enerji sahəsində texniki yardım proqramlarından biri kimi İNOGATE-in tərəfdaş ölkəsidir və bu proqram üzrə həyata keçirilmiş 69 layihənin 33-dən faydalanmışdır. Proqram çərçivəsində Azərbaycanın enerji sektorunun müxtəlif sahələrində həyata keçirdiyi tədbirlərə dəstək verilir. Proqram üzrə Aİ prinsipləri əsasında enerji təhlükəsizliyi möhkəmləndirilir, enerji layihələrinə investisiyalar cəlb olunur. İNOGATE proqramının səlahiyyətlərinin genişləndirilməsində 2004-cü ildə Azərbaycanda keçirilən Nazirlər Konfransında qəbul edilmiş Bakı təşəbbüsü mühüm rol oynamışdır. İştirakçı dövlətlər bu görüşdə regional enerji bazarının inkişafına dəstək, enerji daşıyıcılarının dayanıqlı və təhlükəsiz nəqli, yeni enerji infrastrukturlarının yaradılmasına investisiyaların cəlb olunması, enerji səmərəliliyi siyasəti və proqramının yerinə yetirilməsi, həmçinin onların enerji bazarlarının Aİ bazarına inteqrasiyası məsələlərində tədricən müvəffəqiyyət əldə edilməsində ümumi maraqların olduğunu təsdiq etmişlər. Azərbaycanın da iştirakçısı olduğu İNOGATE proqramı çərçivəsində 2011-2015-ci illərdə müxtəlif layihələr həyata keçirilmişdir. Hazırda bu Proqram üzrə əməkdaşlıq çərçivəsində Azərbaycanda energetika sektorunun uzunmüddətli (strateji) və effektiv inkişafının prioritet istiqamətlərinin müəyyənləşdirilməsi və müvafiq proqramların hazırlanması ilə bağlı işlər görülməkdədir.

Qaz İxrac edən Ölkələrin Forumuna Azərbaycanın müşahidəçi qismində qəbulu, ölkəmizin OPEC-in toplantısına müşahidəçi qismində dəvəti də Nazirliyin xarici əlaqələrində xüsusi əhəmiyyət kəsb edir.

Energetika Nazirliyinin fəaliyyətinin başlıca istiqamətlərindən biri də enerji resurslarından səmərəli istifadəyə nail olmaqdır. Dünyanın bir çox ölkələri üçün enerji səmərəliliyi prioritet sahə olmaqla, enerji problemlərinin həllində iqtisadi cəhətdən ən effektiv və real vasitə hesab edilir. Enerji effektivliyi rəqabət mühitini artırmaqla istehlakçıların enerji təminatının yüksəlməsinə zəmin yaradır, dayanıqlı iqtisadi inkişafa, yaşıl iqtisadiyyata keçidə və ətraf mühitin qorunmasına, rəqabətə davamlı ucuz sənaye və kənd təsərrüfatı məhsullarının istehsalına dəstək verir.

Ölkəmizdə enerji daşıyıcılarının bolluğu uzun müddət səmərəliliyi arxa planda saxlasa da, hazırda bu sahəyə xüsusi diqqət yetirilməsinə ehtiyac vardır. Azərbaycan 2020: Gələcəyə Baxış inkişaf konsepsiyasında qeyd edildiyi kimi, məqsədimiz 2020-ci ilə qədər bütün istehlakçıların tam və etibarlı elektrik enerjisi təchizatı ilə təmin olunmasıdır. Bu məqsədə nail olmaq üçün enerji daşıyıcılarının istehsalı, çatdırılması və satışı zamanı yol verilən itkilərin azaldılması, elektrik stansiyalarının faydalı iş əmsalının artırılması və şərti yanacağın azaldılması istiqamətində ciddi tədbirlər həyata keçirilməlidir. Enerji səmərəliliyi ilk növbədə köhnə elektrik enerjisi paylayıcı şəbəkəsinin bərpası və yenidən qurulması ilə bağlıdır, bu da elektrik enerjisinin təchizatının etibarlılığını artıracaq, paylayıcı şəbəkələrdə itkiləri azaldacaqdır. Hazırda elektrik enerjisi sektoru maliyyələşdirmə problemi ilə üzləşməkdədir. Belə ki, elektrik enerjisinin mövcud pərakəndə satış qiyməti şəbəkənin fəaliyyəti üçün yetərli olsa da, şəbəkənin bərpası və genişləndirilməsi üçün nəzərdə tutulan zəruri işlərin maliyyələşdirilməsinə kifayət etmir.

Enerji səmərəliliyi sahəsində fəaliyyətin stimullaşdırılması, innovasiyaların tətbiqi, yeni texnologiyaların və investisiyaların cəlb edilməsi və bu sahədə fəaliyyət göstərən hüquqi şəxslərin istehsal fəallığının artırılması üçün inkişaf etmiş ölkələrin təcrübəsinə əsaslanaraq Dövlət Enerjidən Səmərəli İstifadə Fondunun yaradılması məqsədəuyğun olardı. Bu məqsədlə, müvafiq qərar və digər normativ hüquqi aktların layihələri hazırlanaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edilmişdir. Həmçinin, enerji səmərəliliyi sahəsində fəaliyyətin tənzimlənməsi məqsədilə bəzi digər qanunvericilik aktlarının layihələrinin hazırlanması üzrə işlər davam etdirilir. Enerji resurslarından səmərəli istifadə və son tələbatçıların enerji effektivliyi üzrə Dövlət Proqramı (2015-2025-ci illər)nın layihələri də hazırlanmışdır.

Enerji sahəsindəki mövcud qanunvericilik bazası Avropa qanunvericiliyinə uyğunlaşdırılaraq, daim təkmilləşdirilir. Yenidən işlənilmiş Elektroenergetika haqqında Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Qanun layihəsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 avqust 2013-cü il tarixli 234 nömrəli Qərarı ilə təsdiq edilmiş İstehlakçıların elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin verilməsi və enerji təchizatı şəbəkəsinə qoşulması Qaydalarında dəyişiklik edilməsi barədə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2005-ci il tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilmiş Elektrik enerjisindən istifadə Qaydalarında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar layihələri, Energetika sahəsində dövlətin müstəsna hüquqlarının qeydiyyatı, reyestrin aparılması və reyestrdən çıxarışın verilməsi Qaydalarının layihəsi də qanunvericiliyin tələblərinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinə təqdim edilmişdir.

B undan başqa, Energetika Nazirliyi tərəfindən neft, qaz məhsullarının satışına xüsusi razılıq (lisenziya), ixrac nəzarətinə düşən və Energetika Nazirliyinin səlahiyyətinə aid olan malların (işlər, xidmətlər, əqli fəaliyyətin nəticələri) ixracı, idxalı, təkrar ixracı, təkrar idxalı və tranziti üçün xüsusi icazənin verilməsi, qiymətli daşların hasilatı, qızılın və digər qiymətli metalların, neftin, neft məhsullarının və təbii qazın hasilatı və emalı, neft və neft məhsulları tullantılarının emalı vasitələrinin dövriyyəsinə dair xüsusi icazənin, eləcə də ixrac məqsədli neft-qaz fəaliyyəti üçün podratçılara və subpodratçılara xüsusi iqtisadi rejimin tətbiqi haqqında Şəhadətnamə verilməsi işlərini həyata keçirmişdir. Sahibkarlıq fəaliyyətinin xüsusi razılıq (lisenziya) tələb olunan növlərinin sayının azaldılması, xüsusi razılıq (lisenziya) verilməsi prosedurlarının sadələşdirilməsi və şəffaflığının təmin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 19 oktyabr 2015-ci il tarixli Fərmanı qüvvəyə mindikdən sonra isə Sahibkarlıq fəaliyyətinin xüsusi razılıq (lisenziya) tələb olunan bütün növləri üzrə (dövlət təhlükəsizliyindən irəli gələn hallar istisna olmaqla) xüsusi razılıq (lisenziya) verilməsi Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyinə həvalə edilmişdir.

Ölkədə elektrik enerjisi və təbii qazın istehsalı, ötürülməsi və istifadəsində cihaz və avadanlıqların təhlükəsiz və etibarlı istismarının təmin olunması, enerjidən səmərəli istifadə, eyni zamanda müvafiq sahədə qanunların, qaydaların və normativ-hüquqi aktların tələblərinə əməl olunması vəziyyəti Energetika Nazirliyinin Dövlət Enerji Nəzarəti və Dövlət Qaz Nəzarəti İdarələrinin mütəmadi nəzarətindədir və həyata keçirilən ardıcıl tədbir nəticəsində bu sahədə pozuntu halları minimuma enmişdir.

Azərbaycanda biznes mühitinin daha da yaxşılaşdırılması, sahibkarlıq fəaliyyətinə əlavə dəstək məqsədilə respublika ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamaların 2 il müddətində dayandırılmasını nəzərdə tutan normativ-hüquqi aktları nəzərə alaraq Energetika Nazirliyi də sahibkarlıq sahəsində aparılan yoxlamaları dayandırmışdır. Eyni zamanda, Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apelyasiya Şuralarının yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin 3 fevral 2016-cı il tarixli 762 nömrəli Fərmanına uyğun olaraq Energetika Nazirliyində Apelyasiya Şurası və Şuranın Katibliyi yaradılmış, Apelyasiya Şurasına bir sıra vacib funksiyaların yerinə yetirilməsi həvalə olunmuşdur. Həmin funksiyaların icrası ölkədə müvafiq sahədə sistemli şəkildə həyata keçirilən iqtisadi islahatların, aparılan antikorrupsiya siyasətinin ayrılmaz tərkib hissəsi olmaqla, enerji sektorunda sivil biznes mühitinin formalaşmasına, qanun pozuntularının, mənfi təcrübənin aradan qaldırılmasına, sahibkarlığın və iqtisadiyyatın davamlı inkişafına müsbət təsir göstərəcəkdir.

Son illər dünya bazarında neftin qiymətinin kəskin şəkildə, 3-4 dəfə aşağı düşməsi milli iqtisadiyyatında neft həlledici rol oynayan Azərbaycan kimi ölkələrin sosial-iqtisadi həyatına təsirsiz ötüşməmiş, lakin dayanıqlı inkişaf modeli mürəkkəb qlobal situasiyada da ölkəmizin müxtəlif sahələr üzrə inkişafını, enerji dövləti kimi öz həlledici mövqeyini qoruyub saxlamasını təmin etmiş, eyni zamanda iqtisadiyyatın şaxələndirilməsinə, qeyri-neft sektorunun inkişafına, ölkəmizdə biznes mühitinin daha da yaxşılaşmasına xidmət edən islahatlar sürətlənmişdir.

Belə bir zamanda Energetika Nazirliyi də bütün qüvvəsini öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə, Azərbaycanın məqsədyönlü enerji siyasətinə yeni töhfələr verməyə çalışır. Nazirlik əməkdaşlarının xidmətləri dövlətimiz tərəfindən daim yüksək qiymətləndirilmiş, əməkdaşlarımızdan 14 nəfər Tərəqqi medalı, 2 nəfər Əməkdar mühəndis fəxri adı, 1 nəfər isə Dövlət Qulluğunda fərqlənməyə görə medalı ilə təltif edilmişdir.

Bütün bu qeydlər dövlət müstəqilliyinin, öz taleyinə sahiblik haqqının, ölkə rəhbərliyinin həyata keçirdiyi strateji inkişaf kursunun Azərbaycanın tərəqqisi yolunda açdığı hüdudsuz imkanları əks etdirməklə yanaşı, dövlət siyasətinin digər istiqamətləri kimi enerji siyasətinin də nə qədər düzgün, məqsədyönlü və səmərəli olduğunu göstərir. Qarşıda isə hələ yeni-yeni vəzifələr, ölkəmizin gələcək nailiyyətləri üçün görülməli olan ardıcıl işlər var. Ümid edirik ki, Azərbaycan energetikləri üzərlərinə düşən şərəfli missiyanı bundan sonra da ləyaqətlə davam etdirəcək və Azərbaycanın tarixdəki ən qüdrətli mərhələsinin yaradılması prosesində yaxından iştirakları ilə hər zaman qürur duyacaqlar.