Olaylar.-2016.-14 yanvar.-¹ 248.-S.11.

 

Azərbaycançılıq: 20 Yanvar sınağı

 

Bu il o müdhiş, qanlı yanvar gecəsinin 26-cı ildönümünü anacağıq. Günlər yaxınlaşdıqca elə bil hamıda yenidən bir gərginlik, sarsıntı, bununla yanaşı həm də bir daxili qürur hissi canlanır. Çox qəribədir... Adətən böyük itkilər, faciələr insanlar tərəfindən hüznlə, kədərlə anılır. 20 yanvar faciəsi isə nəticə etibarı ilə müstəqil Azərbaycanın yaranmasına aparan şanlı yolun bir hissəsi olduğuna görə, həm də qürur günümüzdür. Bilirik ki, həmin gün televiziya və radio efirlərində yenə də Habil Əliyevin səsləndirdiyi “Zabul-segah” parçası, Kamil Cəlilovun qoboyundan çıxan “Zəminxarə” sədası, Alim Qasımovun qəlbləri riqqətə gətirən “Humayun” muğamı bizlərə bir daha xatırladacaq ki, bu gün şənlənmək, deyib-gülmək, nə də ağlamaq - sızlamaq günü deyil, baş verən hadisələri bir daha təhlil etmək, ölkəmizin müstəqilliyini daha da möhkəmləndirmək, hakimiyyət-xalq birliyinin sarsılmazlığını qorumaq barədə düşünmək günüdür.

Düz 26 il bundan əvvəl gözəl Bakımız qan çanağına döndü. Bir gecədə onilliklər boyu formalaşmış Sovet ordusuna və Kommunist partiyasına olan inam tamamilə qırıldı. Həmin gecə yalnız Bakıda 131 nəfər qoca, qadın, uşaq, alim, həkim, milis qətlə yetirildi. Bizə bir ibrət dərsi olan həmin faciəli gecənin bir xüsusiyyəti ondan ibarət idi ki, yüz illər, bəlkə də min illər boyu bu ərazidə məskunlaşmış, qardaşlaşmış müxtəlif xalqların nümayəndələri yalnız xoş gündə deyil, faciəli anlarda belə bir olmağı, dinindən, milli mənsubiyyətindən, inancından asılı olmayaraq bu Vətən yolunda şəhid olmağa hazır olduqlarını sübut etdilər.

Budur azərbaycançılıq məfkurəsi, multikulturalizmi, budur Azərbaycan gerçəkliyi.

Ümummilli Liderimiz Heydər Əliyev haqlı olaraq deyirdi ki, “Azərbaycan Respublikasının ən böyük, bəlkə də, ən birinci sərvəti yüz illər boyu bu ərazidə yaşayan dostlaşan, qardaşlaşan xalqların sarsılmaz biliyidir”.

Baş vermiş bu böyük faciənin detallarını təhlil etdikcə bir daha aydın olur ki, 1990-cı il 20 yanvar faciəsi uzun zaman çərçivəsində ona doğru gedən yolun dayanacaqlarından sadəcə biri idi. Bir tərəfdən qondarma “Dağlıq Qarabağ problemi”nin “çözülməsi”, digər tərəfdən isə imperiyanın əyalətlərdəki hegemonluğunu nümayiş etdirmək üçün belə bir qanlı cinayət törədildi. M. Qorbaçov rejimi üçün Azərbaycan xalqının milli iradəsini qırmaq yolun üzərində başlıca maneə Heydər Əliyev idi. 1987-ci ilin oktyabrında SSRİ hökuməti və Sovet İttifaqı Kommunist partiyasının siyasi bürosu Heydər Əliyevin vəzifədən kənarlaşdırılmasına nail oldu. Lakin o zamankı iqtidar anlamırdı ki, Heydər Əliyevi vəzifədən çıxarmaq olar, lakin ruhunu, əzmini, doğma Azərbaycanına və xalqına bağlılığını qıra bilməz.

1988-ci ildə M. Qorbaçov başda olmaqla SSRİ rəhbərliyindəki havadarlarına arxayın olan Ermənistan SSR hakimiyyət qurumları tarixi Azərbaycan torpaqlarında qərarlaşmış 185 Azərbaycan kəndindən 230 min azərbaycanlının zorla qovulmasına nail oldu. Ermənistanın əsassız ərazi iddiaları və Dağlıq Qarabağdakı separatçılıq Respublikamızın ərazi bütövlüyünün müdafiəsi uğrunda kütləvi xalq

hərəkatının yaranmasına gətirib çıxardı. 1990-cı ilin əvvəllərində Azərbaycanda ictimai-siyasi vəziyyət kəskinləşdi, hökumət böhranı başladı, bir sıra rayonlarda sovet və partiya orqanları devrildi, İranla sərhəddəki istehkamlar dağıdıldı.

1990-cı ilin yanvarın 13-də Bakıda təxribat törədildi. Yanvarın 19-u üçün 300-ə qədər rus ordu generalının rəhbərliyi altında 60 min nəfərdən artıq qoşun hissələri Bakı və ətraf ərazilərdə yerləşdirildi. M. Qorbaçov SSRİ Konstitusiyasının 119-cu və Azərbaycan SSR Konstitusiyasının 71-ci maddəsini kobud sürətdə pozaraq yanvarın 20-də Bakıda fövqəladə vəziyyət elan edilməsi haqqında Fərman imzaladı. Fərmanın elan olunmasına maneə törətmək üçün Azərbaycan televiziyasının enerji bloku partladıldı.

SSRİ-nin Krasnodar, Rostov və Stravropol vilayətlərindən toplanmış və əsasən də erməni əsilli könüllülərdən ibarət təşkil olunmuş başıpozuq orduya izah edilmişdi ki, sizə müqavimət göstərəcək insanlar islam radikalizmi ilə silahlanmış azərbaycanlılar olacaqdır. Halbuki, həmin gün silahlı ordu qarşısında dayanan xalq nümayəndələri tərkibində yüzlərlə rus, yəhudi, talış, kürd, ləzgi, tatar və digər xalqların nümayəndələri var idi. Onlar öz bədənlərini ümumi vətənimiz olan Azərbaycan uğrunda sipər edərək azadlıq yolunda şəhid olmağa hazır olduqlarını nümayiş etdirirdilər.

Həmin gün və daha 2 gün sonra Respublika üzrə 147 nəfər vəhşicəsinə öldürüldü, 612 nəfər yaralandı, 841 nəfər qanunsuz həbs edildi, yüzlərlə bina dağıdıldı. Şəhidlər arasında azərbaycanlılar ilə yanaşı, 11 talış, 6 rus, 3 tatar, 3 yəhudi, 2 ləzgi, 2 kürd, 2 tat, 1avar, 1ukraynalı var idi.

Azərbaycanlı Cəbrayıl Xanməmmədova 23, rus Boris Yefimtsevə 21 güllə vurulmuşdu. Bu onu göstərirdi ki, silahlı Sovet ordusu Azərbaycan xalqının iradəsindən qorxurdu.

20 yanvar faciəsi bir daha sübut etdi ki, Azərbaycanda tarixən formalaşmış və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları tərəfindən deyildiyi kimi, həyat tərzinə çevrilmiş multikulturalizm bağlılığını heç bir qüvvə sarsıda bilməz.

Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyev cənabları tərəfindən 2016-cı ilin “Azərbaycanda multikulturalizm ili” elan etməsi, eyni zamanda 20 yanvar faciəsində dini əqidəsindən, dilindən, etnik mənsubiyyətindən asılı olmayaraq Vətən uğrunda şəhid olan azərbaycanlıların ruhuna ən böyük hörmətdir.

 

Vidadi Rzayev

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin əməkdaş