Yeni Azərbaycan.-2016.-21 aprel.-ą 70.-S.3.

 

İslam coğrafiyasında yüksək nüfuza malik olan Azərbaycan müsəlman ölkələri ilə çoxşaxəli əməkdaşlığı uğurla davam etdirir

 

Prezident İlham Əliyev: Azərbaycan İslam ölkələri ilə əməkdaşlığı prioritet hesab edir

 

Nurlan Qələndərli

 

Müstəqil xarici siyasət kursuna malik olan və regional güc mərkəzi kimi çıxış edən Azərbaycan İslam coğrafiyasında da yüksək nüfuza malikdir. Həyata keçirilən rasional xarici siyasət kursu Azərbaycanın müsəlman ölkələri arasında - İslam aləmində nüfuzlu, mötəbər dövlət kimi tanınmasını şərtləndirib. Məhz bunun qanunauyğun nəticəsidir ki, Azərbaycan müsəlman ölkələri ilə ikitərəfli və çoxtərəfli praqmatik əlaqələrə malikdir və münasibətlərin inkişafı, bütövlükdə, İslam coğrafiyasında həmrəyliyin təmin olunmasına xidmət edir.

Ümumiyyətlə, bu gün Azərbaycanla müsəlman ölkələri arasındakı münasibətlər bütün sahələrdə dinamik inkişaf tendensiyasına malikdir. Qarşılıqlı əlaqə və təmasların sıxlaşdığı bir dövrdə Azərbaycanla digər müsəlman ölkələri arasındakı münasibətlər, qarşılıqlı dəstək və işbirliyi meyilləri daim inkişaf etdirilməkdədir. Ölkələr arasında ikitərəfli və çoxtərəfli formatda mövcud olan yüksək səviyyəli təmasların fonunda, eyni zamanda, siyasi, iqtisadi, mədəni, elmi, dini, humanitar və digər sahələrdə möhkəm həmrəyliyin formalaşdırılması yönündə mühüm addımlar atılmaqdadır.

 

Yüksək səviyyəli əlaqələr Azərbaycana beynəlxalq aləmdə dəstək mənbəyidir

 

Qeyd etdiyimiz kimi, Azərbaycanla müsəlman ölkələri arasındakı əlaqələr daha da inkişaf etməkdədir. Bəlli olduğu kimi, Azərbaycan müsəlman ölkələrinin təşkilatı olan İslam Əməkdaşlıq Təşkilatında (İƏT) təmsil olunur və ikitərəfli, eləcə də çoxtərəfli formatda mövcud olan qarşılıqlı faydalı əlaqələr davamlı olaraq daha da möhkəmləndirilir. Azərbaycanla müsəlman ölkələri daim beynəlxalq arenada qarşılıqlı surətdə bir-birlərinin mənafe və mövqelərini müdafiə edirlər. Azərbaycanın başlıca problemi olan Dağlıq Qarabağ münaqişəsinə münasibətdə də bu ölkələrin hər biri respublikamızın beynəlxalq hüquq normalarına əsaslanan haqlı mövqeyini müdafiə edir. Bu, zaman-zaman İƏT çərçivəsində qəbul edilən qərar və qətnamələrdə də birmənalı şəkildə öz əksini tapır. Daha doğrusu, hər il düzənlənən İƏT-in zirvə toplantılarında qəbul edilən yekun qətnamələrdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı vəziyyət düzgün qiymətləndirilir və Azərbaycanın ərazi bütövlüyü dəstəklənir.

 

Azərbaycan İƏT çərçivəsində əməkdaşlıq və həmrəyliyin gücləndirilməsinə mühüm töhfələr verir

 

Beləliklə, İslam dünyasının bir parçası kimi Azərbaycan öz xarici siyasətində müsəlman ölkələri ilə əməkdaşlığa xüsusi önəm verir. Yeri gəlmişkən, aprelin 14-də İstanbulda İslam Əməkdaşlıq Təşkilatının XIII Sammiti çərçivəsində keçirilən sessiyada çıxışı zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qeyd edib ki, Azərbaycan İslam ölkələri ilə əməkdaşlığı prioritet hesab edir: “Son illər ərzində Bakıda İƏT-ə üzv ölkələrin xarici işlər, mədəniyyət, turizm, təhsil, əmək və digər nazirlərinin 10-a yaxın görüşü olmuşdur. Mən İƏT-in qarşılıqlı dəstək və həmrəylik yolunda fəaliyyətini yüksək qiymətləndirirəm. Bu gün dünyada islamofobiya ciddi təhlükələrdən biridir. Biz bu tendensiyanı qətiyyətlə pisləyirik. Əslində İslam sülh, mərhəmət, dözümlülük, ədalət dinidir. İslamı terrorla eyniləşdirmək isə səhv və qərəzli yanaşmadır. Terrordan ən çox əziyyət çəkən elə müsəlman ölkələridir”.

Azərbaycan həm ölkəmizin BMT Təhlükəsizlik Şurasına üzv seçilməsində, həm də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə münasibətdə müsəlman dövlətlərinin dəstəyini daim hiss edib. Xocalı soyqırımını dünyada tanıyan ilk dövlətin Pakistan İslam Respublikası olması isə bunu təsdiq edən faktlardan biridir.

Xatırladaq ki, ölkəmiz İƏT-ə (keçmiş İslam Konfransı Təşkilatına - N.Q.) 1991-ci ilin dekabrında üzv seçilib. 1994-cü ilin may ayından etibarən Ümummilli lider Heydər Əliyevin müvafiq Sərəncamına əsasən, Azərbaycanın Səudiyyə Ərəbistanı Krallığındakı səfirinə İƏT Baş Katibliyi yanında Daimi Nümayəndə səlahiyyətləri verildikdən sonra Ər-Riyaddakı səfirliyimiz vasitəsilə mənzil-qərargahı Səudiyyə Ərəbistanının Ciddə şəhərində yerləşən İƏT Baş Katibliyi və onun müxtəlif qurumları, o cümlədən İslam İnkişaf Bankı ilə səmərəli iş aparılmağa başlanıb. Ümummilli lider Heydər Əliyevin 1994-cü ilin iyul ayında Səudiyyə Ərəbistanına səfəri tərəflər arasında əməkdaşlığın gələcək inkişafı üçün zəmin yaradıb. Ümummilli liderin İƏT Baş Katibi ilə 1994-cü ilin noyabrında Bakıda keçirdiyi görüşlər, həmin ilin dekabrında İƏT dövlət və hökumət başçılarının Kasablankada keçirilmiş 7-ci Zirvə Konfransında iştirakı və İƏT Baş Katibi, həmçinin bir sıra üzv dövlətlərin xahişilə Asiya ölkələri qrupu adından çıxışı Azərbaycanın mövqeyini təşkilat daxilində daha da möhkəmləndirdi.

Prezident İlham Əliyev də müsəlman dövlətləri ilə əməkdaşlığın genişləndirilməsi çərçivəsində qurumla əlaqələrə önəm verir. İƏT çərçivəsində genişləndirilən bu əlaqələr istər Azərbaycanın dövlət maraqları, istərsə də qurum daxilində inteqrasiyanın, əməkdaşlığın genişlənməsi və təşkilatın beynəlxalq mövqelərinin güclənməsi baxımından faydalıdır. Azərbaycan İƏT çərçivəsində müsəlman dünyasının başlıca problemlərinə dair aparılan müzakirələrdə, qərar və qətnamələrin qəbul edilməsində, xüsusilə də İƏT-in yaranması və fəaliyyətinin əsas qayələrindən biri olan Fələstin probleminə münasibətdə daim konstruktiv mövqedən çıxış edib, Fələstin dövlətinin yaranmasına və tanınmasına dəstəyini nümayiş etdirib. Bunun təsdiqi kimi Fələstin dövlətinə yardım üzrə İslam Maliyyə Təhlükəsizliyi Şəbəkəsinin təsis konfransı və Qüds şəhərinin inkişafına yardım üzrə donor konfransının 2013-cü ilin iyununda Bakıda keçirilməsini göstərmək olar.

Yeri gəlmişkən, sadalananların qanunauyğun nəticəsi kimi, Azərbaycan Prezidenti İlham Əliyevin fəaliyyəti İslam coğrafiyasında da olduqca yüksək qiymətləndirilir. Xatırladaq ki, 2013-cü ildə dünyanın 40 ölkəsinin 50-dən artıq universitetini təmsil edən 170-dən çox gənc arasında canlı şəkildə və 10 minə yaxın tələbə arasında onlayn sorğu keçirilib. Həmin sorğuya əsasən, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İƏT coğrafiyasında “İlin dövlət başçısı” seçilib. “İlin dövlət başçısı” nominasiyasında iştirak etmiş və İslam Əməkdaşlıq Təşkilatının 57 üzv ölkəsi sırasından seçilmiş dövlət başçılarının namizədlikləri İslam irsinə göstərilən qayğı, İƏT ölkələri arasında həmrəyliyin möhkəmləndirilməsi, təşkilata üzv ölkələrin sosial-iqtisadi inkişafı və beynəlxalq mövqelərinin gücləndirilməsi sahəsində fəaliyyətləri kimi parametrlər üzrə qiymətləndirilib. Qərarı elan edən İƏT Modelinin Sammitinin hazırlıq komitəsinin sədri və Malayziya Beynəlxalq İslam Universitetinin prorektoru professor Abdulaziz Berqut bildirib ki, Prezident İlham Əliyev “İlin dövlət başçısı” seçilərkən Azərbaycan Prezidentinin rəhbərliyi altında əldə olunmuş nailiyyətlər, o cümlədən Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi və bu mövqedən İƏT ölkələrinin maraqlarının müdafiəsi, Fələstin dövlətinə yardım üzrə İslam Maliyyə Təhlükəsizliyi Şəbəkəsinin təsis konfransı və Qüds şəhərinin inkişafına yardım üzrə donor konfransına 2013-cü ilin iyununda Bakıda ev sahibliyinin edilməsi, bütövlükdə Azərbaycanın İƏT-in İslam həmrəyliyi istiqamətində fəaliyyətinə dəstəyi, həmçinin Cənubi Qafqazın ilk məscidi və İslam sivilizasiyasının incisi sayılan Şamaxı məscidinin bərpası təşəbbüsləri nəzərə alınıb.

 

Azərbaycanın yüksək beynəlxalq nüfuzu və güclü iqtisadi-siyasi mövqeyi: İƏT-in dünyadakı nüfuzuna müsbət təsir edən faktor kimi

 

Eyni zamanda, ölkəmizin artan beynəlxalq nüfuzu, güclənən siyasi, iqtisadi mövqeləri İƏT-in də dünyadakı nüfuzuna müsbət təsir göstərir. Ölkəmiz BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi, Pakistan və Mərakeşlə birlikdə İƏT-i və bütövlükdə İslam aləmini layiqincə təmsil edib.

Siyasi və iqtisadi məsələlərlə yanaşı, mədəniyyət, humanitar sahələrdə də Azərbaycan islam ölkələri arasında əlaqələrin genişlənməsində mühüm rol oynayır. Azərbaycan humanitar, mədəni sahələrdə yeni qlobal mərkəzə çevrilməkdədir. Bakıda keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun ənənə halını alması da təsadüfi olmayıb, ölkəmizin mədəniyyətlərin inteqrasiyasına verdiyi töhfələrdən xəbər verir. Azərbaycan tolerantlıq və multikulturalizm diyarı olaraq humanitar və mədəniyyət sahələrində də qlobal əməkdaşlıq üçün əlverişli məkandır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin vurğuladığı kimi, biz bu gün beynəlxalq aləmdə dinlərarası dialoqun möhkəmləndirilməsi üçün öz dəyərli töhfəmizi veririk: “Təsadüfi deyil ki, məhz Azərbaycan dünyanın multikulturalizm mərkəzlərindən birinə çevrilmişdir. Ölkəmizdə keçirilən beynəlxalq tədbirlər, dialoqlar, mədəniyyətlərarası dialoq, humanitar forum, dünya dinlərinin liderlərinin zirvə görüşləri - bütün bunlar bu gün Azərbaycan reallıqlarıdır. Biz çalışırıq bu tədbirlərin keçirilməsi ilə ümumi işimizə töhfəmizi verək ki, dünyada da dini, milli zəmində heç vaxt anlaşılmazlıq, qarşıdurma olmasın”.

Azərbaycan bu gün dünyaya istər tolerantlıq, istərsə də iqtisadi inkişaf baxımından yeni model bəxş edib. İslamofobiya, irqçilik, ksenofobiya kimi təhlükəli meyillərin dünyada yayıldığı bir vaxtda Azərbaycanda bu proseslərin tamamilə əksini, mədəniyyətlərin toqquşmasını deyil, qovuşmasını müşahidə etmək mümkündür. Bütün bunlarla əlaqədar olaraq, ölkəmiz dünya sivilizasiyalarının qovuşmasının və multikulturalizmin nəzərə çarpan nümunəsi kimi dünyada tanınır və sadalanan cəhətlər başqa ölkələrə də gözəl örnəkdir. Prezident İlham Əliyev bu məsələylə əlaqədar bildirib ki, multikulturalizmin müasir dünyada alternativi yoxdur: “Çünki dünya ölkələrinin mütləq əksəriyyəti çoxmillətli ölkələrdir. Əgər multikulturalizm iflasa uğrayıbsa, onda bunun alternativi nə ola bilər? Bu da çox aydındır. Bu, ayrı-seçkilikdir, irqçilikdir, ksenofobiyadır, islamofobiyadır, antisemitizmdir. Biz bu təhlükəli meyillərə qarşı öz səsimizi ucaltmalıyıq. Əlbəttə ki, bunu, ilk növbədə, dövlətlər etməlidirlər. Amma, eyni zamanda, dövlətlərin bu siyasətini böyük dərəcədə hər bir cəmiyyətin siyasi və ictimai-elmi elitası, ictimai rəy müəyyən edir. Biz Azərbaycanda çalışırıq ki, yaşadığımız bölgədə regional əməkdaşlıq inkişaf etsin, millətlərarası münasibətlər daha da yaxşılaşsın, dinlərarası dialoq güclənsin. Bizim imkanımız var. Çünki bizim keçmişimiz, dediyim kimi, imkan verir ki, bu məsələlərə böyük diqqətlə yanaşaq. Biz bu məsələləri bilirik. Çünki həm Azərbaycan özü çoxmillətli, çoxkonfessiyalı ölkədir, həm də keçmişdə müxtəlif dinlərin nümayəndələri Azərbaycanda birgə yaşamışdır... Biz istəyirik ki, daha da çox əməkdaşlıq, qarşılıqlı anlaşma olsun. Biz bundan sonra da öz rolumuzu bunda görürük”.

Ümumiyyətlə, Azərbaycan mədəniyyətlərin, dinlərin inteqrasiyası və tolerantlıq təcrübəsinə malik olan bir ölkədir. Ölkəmiz dinlərarası, millətlərarası əlaqələrin inkişafı üçün də fəal rol oynayır. Bakıda Beynəlxalq Humanitar Forum, Mədəniyyətlərarası Dialoq Forumu, dünya dinlərinin liderlərinin Zirvə görüşləri keçirilir. Bir neçə gün sonra Bakı şəhərində BMT-nin Sivilizasiyalar Alyansının Qlobal Forumu keçiriləcək. Eyni zamanda, Azərbaycanda Beynəlxalq Multikulturalizm Mərkəzi yaradılıb, Azərbaycan artıq dünyada multikulturalizmin mərkəzi kimi tanınır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Azərbaycan mütəmadi olaraq mədəniyyətlər və dinlərarası dialoqa öz töhfəsini verir. Aprelin sonunda biz BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunu keçirəcəyik. Azərbaycan İslam ölkələri arasında həmrəyliyə böyük əhəmiyyət verir. 2017-ci ildə IV İslam Həmrəylik Oyunları Bakıda keçiriləcəkdir”.

İƏT daxilində mədəni, humanitar əlaqələrin genişlənməsində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın fəaliyyətini xüsusi qeyd etmək lazımdır. Xatırladaq ki, Mehriban xanım Əliyeva sivilizasiyaların yaxınlaşmasındakı fəaliyyətinə görə 26 noyabr 2006-cı ildə İSESCO-nun xoşməramlı səfiri adına layiq görülüb. Həmçinin 2008-ci ilin 10-11 iyun tarixlərində, “Mədəniyyətlərarası Dialoqda Qadınların rolunun genişləndirilməsi” mövzusunda Bakıda keçirilən beynəlxalq forumda iştirak edən İƏT Baş Katibi Ekmələddin İhsanoğlu humanitar sahədəki fəaliyyətinə görə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya “İƏT-in humanitar məsələlər üzrə xüsusi elçisi” statusuna dair diplom təqdim edib. İslam ölkələrinin daxil olduğu təşkilatın sadalanan yüksək adlarına layiq görülən ilk qadın məhz Azərbaycanın birinci xanımıdır.

 

Azərbaycan İslam irsinin qorunmasına xüsusi diqqət yetirir

 

Müsəlman ailəsinin bir üzvü olan Azərbaycan xalqının milli, mədəni dəyərlərinin formalaşmasında İslam dəyərləri, digər müsəlman cəmiyyətləri ilə tarixi-mədəni əlaqələrin rolu böyükdür. Şərq və Qərb sivilizasiyalarının, eləcə də milli mədəniyyətin harmonik şəkildə qovuşduğu Azərbaycandakı müxtəlif dövrlərə və mədəniyyətlərə, o cümlədən İslam mədəniyyətinə məxsus tarixi abidələr, maddi-mədəniyyət nümunələri, mənəvi irs dövlət səviyyəsində qorunur, himayə olunur. Azərbaycanda İslam mədəniyyətinə xas maddi və mənəvi dəyərlər təkcə qorunub saxlanılmır, həm də genişləndirilir, inkişaf etdirilir.

Azərbaycan həmçinin işğal altındakı Dağlıq Qarabağ və ətraf rayonlardakı məscidlərin və digər dini abidələrin ermənilər tərəfindən dağıdılması, baxımsız vəziyyətdə saxlanması ilə bağlı həqiqətləri dünya birliyinin diqqətinə çatdırmağa çalışır. Ölkəmiz İƏT səviyyəsində bu barədə narahatlığın ifadə olunduğu qətnamələrin qəbuluna da nail olub.

Göründüyü kimi, Azərbaycan həm İslam ölkələri arasında siyasi, iqtisadi, mədəni əlaqələrin genişlənməsində önəmli rol oynayır, həm də ölkə ərazisində və dünyada İslam irsinin qorunmasında və yaşadılmasında fəal işlər görür.