Xalq qəzeti.-2015.-6 dekabr.-N 269.-S.9.

“Kitabi-Dədə Qorqud”un tarixi-coğrafi arealı

 

Süleyman MƏMMƏDOV,

 professor, Dövlət mükafatı laureatı

 

Mədəniyyətimizin şah əsəri olan “Kitabi-Dədə Qorqud”da ulu babalarımızın yaşadığı bütün torpaqlarda – Dəmir qapı Dərbənddən Diyarbəkir torpaqlarına və Mardinə, Xəzərdən Qara dəniz sahillərinədək, Abxaz elinə, Trabzona qədər geniş ərazidə baş vermişdi və Bayburddan Kür-Araz nəhrinin aşağı axarına qədər bölgələri içinə alırdı. Lakin tədqiqatçılar dastanın tarixi-coğrafi baxımdan şifahi xəritəsini cızarkən, nədənsə, Qərbi Azərbaycanda Ağrı dağının güneyində yerləşən Vedibasarı həmin areala daxil etməmişlər, təkcə Göyçə gölünü göstərməklə kifayətlənmişlər.

 

Halbuki, Batı Azərbaycan ərazisində Vedibasarda “Dədə Qorqud” dastanlarında qeyd olunan toponimlərlə səsləşən yüzlərlə yer-yurd adları vardır. Ona ğörə də biz bu məqalədə Qərbi Azərbaycanın gözəl guşələrindən olan Vedibasarın da Dədə Qorqud dastanlarının tarixi-coğrafi arealına daxil olduğunu sübut etməyə çalışacağıq. Çünki “Dədə Qorqud kitabı”ndakı tarixi hadisələrin və bədii süjetin coğrafiyası barədə mübahisə olsa da, ümumi fikir birliyi vardır. Şübhəsiz, dastan konkret bir zaman kəsiyində yaranmadığı kimi, onu mütləq coğrafi koordinata yerləşdirmək də olmaz. Şifahi xalq yaradıcılığımızın tacı olan “Kitabi-Dədə Qorqud”, eyni zamanda, əvəzolunmaz tarixi salnaməmizdir. O bir tarixi qaynaq kimi dünya xalqlarının erkən çağlara aid xalq qəhrəmanlıq eposları içərisində özünəməxsus yer tutur. Vedibasar bölgəsində saxlanılan qədim oğuz məzarlıqları, kitabələr, koç, qoyun, yəhərli-yüyənli at, məzar daşları, onlardakı təsvirlər, ornamentlər uzaq keçmişimizdən, Dədə Qorqud dünyasından xəbər verir. Həmin bölgənin təkcə Ciğin dərəsində, Kiçik və Böyük Əyricədə saxlanılan və bizim şəxsən yazıya aldığımız 100-dən çox oba, kənd adları “Dədə Qorqud” qaynaqları ilə bağlı toponimlərdir. Sonrakı dövrlərdə Batı Azərbaycanın feodal dövlətləri Qaraqoyunlu, Ağqoyunlu və Çuxur-Səd bəylərbəyliyi tərəfindən idarə edilməsi ilə əlaqədar bu ərazidə oğuz-türk mənşəli əhalinin məskunlaşması daha da artmış və külli miqdarda oykonimlər, oronimlər, hidronimlər, toponimlər, paleotoponimlər yaranmışdır.

Bu da tamamilə təbiidir. Çünki qədim və zəngin mədəniyyətə malik olan Azərbaycan ilk insan məskəni, qədim toponimlər diyarıdır. Bunların geniş miqyasda tədqiqi xalqın soykökünün öyrənilməsi baxımından da maraqlıdır. Dünya qorqudşünaslığının yaranmasında və inkişafında əvəzsiz xidmətləri olan V.Bartold yazır: “Qopuz çalan, nəğməkar-şaman Qorqud haqqındakı əfsanənin mənşəyi necə olur-olsun, Qorqudun adı ilə bağlı bu epik silsilə çətin ki, Qafqaz mühitindən kənarda yaradıla bilərdi.” Məhz Bayandur, Bayburd toponimi və Qazan baş obrazlarının təşkiledici obraz kimi dastanın ana xəttini təsdiq etməsini Türkiyəli qorqudşünaslar R F. Sümər, Orxan Şaiq, M. Erkin də bu həqiqəti təsdiq edirlər. Məlumdur ki, istər XV əsr, istərsə də ondan əvvəlki dövrlərdə şəxsiyyətlər arasında bu adlar var. XV əsrdə Azərbaycan və Türkiyə tarixində xidmətləri olmuş Ağqoyunlular özlərini və Xanəndanı Bayandur xanın nəsli sayırdılar. Dastanın “Qanlı qoca oğlu Qanturalı boyu”nda Oğuz-Trabzon münasibətlərindən, oğuzların Ağqoyunlu boyundan olan Qanturalının Trabzonlu qızı Selcan xatunla evlənməsindən bəhs olunur. Soy-kökü xanlar xanı Bayandur xana gedib çıxan Ağqoyunlular sonradan paytaxtı Diyarbəkir olan müstəqil oğuz dövləti yaratdıqda onu idarə edən sülalə Bayandurlar adlanırdı.

Oğuz anlayışı ilk dəfə Orxon yazılarında işlənmişdir. Böyük Kül Təkin yazısı bunu bir daha aydın göstərir: “Doqquz oğuz xalqı mənim öz xalqım idi. Yer, Göy qəzəbləndiyi üçün bizə yağı kəsildi. Bir ildə beş dəfə sünğüləşməli olduq. Bununla “Oğuz” həm də xaqanlığın özü və onu təmsil edən bir xalqdır, bir xaqanlıq etnosiyasi və etnomədəni baxımdan artıq “Oğuz” elidir. Bu elin xaqanı, oğuz xalqı, bəyləri, oğuz-türk bəyləridir. Qərbi Azərbaycan ərazisindəki yüzlərlə toponimlər sırasında Qaragünə toponimi də vardır. Dədə Qorqud dastanında Qaraqunə Qazan xanın qardaşının adıdır. Əlbəttə, Qaraqunə toponimi Qərbi Azərbaycana təsadüfi düşməmişdir. Bu ad Dədə Qorqud dastanı ilə bilavasitə bağlıdır. Türkün tarixində ənənəvi varislikdən başqa, bəylik ləyaqəti həyatda şəxsi davranışla da qazanılırmış.

Türk igidliyə müqəddəs iş kimi baxıbdır. Təbiidir ki, qədim abidədə mifoloji anlayışlar xeyli yer tutur: Yeddi minlik kafir ordusu tərəfindən el-obası talanıb özü, ailəsi, anası, oğlu, kənizi, qulluqçusu əsir düşən Qazan xanın ovda gördüyü yuxunu qardaşı Qaragünəyə danışması və qardaşının onu yozması türkün tipik mifoloji düşüncələrindəndir. Yuxu inamı, Qazan xanın oğlunun ağaca sadaladığı məişət və həyat vəzifələri, Qazan xanın yurdla, su ilə, qurdla, köpəklə xəbərləşmələri qədim inanclarla bağlıdır. Qərbi Azərbaycanın Vedibasar ərazisindəki bir sıra toponimlər, o sıradan Kolanı, Baxçacıq, Düyün, Ağasıbəyli, Qazançı, Aşağı Ərmik, Kərgab, Qaragünə, İnqala, Ağsu, Göl, Camişbasan, Qarabağlar, Qaratorpaq, Hortuz, Dəhnəz, Əzizkənd, Daşnov, Küsuz, Babacan, Kotuz, Alirzalar, Hacımirzə, Xarabakotanlı, Seyidlər Kotanlısı, Qarağaç, Şuğayib, Şəhriyar, Bayburd, Qaladibi, Körpüköy, Çatma, Aysorlu, Gilanlar, Tapgilaniar, Yellicə, Çəmənkoy, Alqiriq, Zəncirli, Harınburun, Düyüdaşı, Pirəli, Yappa və s. oğuz ellərinin qoyub getdikləri toponimlərdir. Gətirilmiş örnəklərdən təkcə “Bayburd” toponimi, oğuz ellərinin başçısı Qazanı xatırladan Qazancı köyü, yaxud oğuz igidlərinin adı ilə adlandırılan Kotuz, Hortuz kənd adları Dədə Qorqud dünyasını xatırladır. Şərur-Dərələyəz dərəsində yerləşən kəndlər Civə, Yelpin, Çanaqçı, Qovuşuq, Ağkənd, Ayı səsi, Gədik vənçi, Həsən köy, Əməvi, Arpa, Kotanlı, Poşalı, Cul, Qalasirri də bu qəbildən olan toponimlərdir. Qalasirri haqqında Aşıq Ələsgər deyir:

 

Qalasirr bərkdir namaza,

 

Suyu sərin saxlar yaza.

 

Doqquz ayı qılar qəza

 

Üç ayı beiman yerdir.

 

Qərbi Azərbaycan ərazisində paleotoponimlərin, xüsusilə etnotoponimlərin yalnız bir qisminin araşdırılması onu göstərir ki, bu ərazidə qədim tariximizin izləri hələ də qalmaqdadır. Oğuzlara məxsus obalar, ellər, mahallar, kəndlər, yaylaqların çoxunun adlarının qədim abidələrimizlə səsləşməsi də fikrimizi təsdiq edir. Faktların paralelliyi Qərbi Azərbaycandaki toponimlərin və ayrı-ayrı sözlərin məna çalarlarının Dədə Qorqudla eyni olduğunu təsdiq edir. Bu da təsadüfi deyil.

V.Jirmunskinin fikrincə, Dədə Qorqud boylarının ilk qatlara IX-X əsrlərdə Sır-Dəryanın aşağı axarlarında oğuzların əski vətənində, qismən də oğuzların yeni Vətəni Cənubi Qafqazda yaranmışdır. Yeni araşdırmaların elmə gətirdiyi nümunələrə arxalanmış olsaq, “yeni vətən”də oğuzların izlərinə tarixin daha ön qatlarında rast gələ bilərik. Bu oğuzların qədim etnik varlığının düyünlü problemlərini açmaq üçün dəyərlidir.

Bizə elə gəlir ki, “alban” boy adı dastanda “ilkin Vətən”də deyil, bu adı daşıyan xalq onu Qafqazda yaşaması ilə bağlı olaraq gətirmişdir. Çünki Qafqaz albanları üçün doğma yaşayış yeri oğuzların ilkin vətəni deyil, onların yeni vətəni olmuşdur. Professor S.Əliyarlı qeyd edir ki, Kanqli (Kənxər) boy adı ilə bağlı mövzunun oğuz epik sənətinə keçməsi bizim öncələr düşündüyümüzdən qat-qat mürəkkəb, regionlararası bir proses olmuş, boylardakı bir sıra hekayətlər kökcə yalnız Mərkəzi Asiya oğuzları içərisində deyil, Qafqazdakı qədim türk boyları içərisində, “Oğuz dilində Orxon yazıları” yaranmamışdan öncə baş vermişdir. V.Bartoldun fikrincə, “Qorqud” mövzusu “törəyişcə” çox qədimdir, Oğuzlar onların yayılma yürüşlərinin başlanğıcında onunla artıq tanış idilər. V.Bartolda görə, boylarda adı çəkilən “Oğuz zamam”, yəni əsərin qəhrəmanlarının yaşadığı dövr uzaq keçmişə, İslamın ilk yüzilinə düşür. Dastanda təsvir olunmuş hadisələrin coğrafiyası Kur-Araz ovalığı, Bərdə, Gəncə, Gürcüstan ətrafı, Dərbənd, Göyçə ətrafı, Qara dəniz ağzını əhatə edir. Əlavə edək ki, hadisələrin coğrafiyası Göyçə ətrafını əhatə edirdisə, deməli Vedibasar ətrafını da əhatə edirdi. Vedibasar bölgəsində saxlanılan, yuxarıda qeyd etdiyimiz qədim onomastik vahidlər və toponimlər bunu təsdiq edir.

Belə hesab edirik ki, həm də bu yerlər dastan qəhrəmanlarının doğma vətənidir. Mil-Muğan onların qışlaqları, Qızılağaç, Vedibasarın Kiçik və Böyük Əyricə dağları yaylaqlarıdır. Deməli, doğma sınırlar içində onların yurdları, yaylaqları vardı. Bu da Şimali və Qərbi Azərbaycanın indiki coğrafi ərazisinə uyğun gəlir. Tanınmış qorqudşünas Ş.Cəmşidovun axtarışlarından məlum olur ki, 546-cı ildə öz üsyankar çıxışları ilə Çin imperiyası tabeliyindən xilas olan, VII yüzilin ortalarından “On od budun” qəbiləsinin başçılığı ilə daxili çarpışmalardan qalib çıxaraq güclü xaqanlıq yaradan Qərb türkləri təzə yurdda da yeni qoşunları ilə mübarizə aparmışlar.

Maraqlıdır ki, Mərkəzi Asiyada deyil, məhz Cənubi Qafqaz mühitində baş vermiş bu döyüşlərin “Kitabi-Dədə Qorqud”da izləri vardır. Məşhur türkoloq S.Q.Qlyaştoni Suriya, gürcü və erməni mənbələrinə istinad edərək, hələ V yüzildə Qafqaz Albaniyası ilə İberiya arasında, Göyçə gölünün sahilində “Duxar”, yaxud “toxao” (“tuxaris”) adında vilayət və onun mərkəzi dayağı olan “Toxar qanla”sının mövcud olduğunu qeyd edir. O da maraqlıdır ki, oğuzlarla toxarlar arasında daima qanlı döyüşlər olmuşdur. Bu tarixi toqquşmaların izi “Dədə Qorqud” qəhrəmanı Bamsı Beyrəyin sözlərində aydın görünür: “Tulu avarı duxarnliyi qovduğum... ayğır verib aldığım tozlu qatı yayım.” Əlavə edək ki, VI əsrdə avarların Azərbaycan ərazisinə basqınları tarixi ədəbiyyatda öz əksini tapmışdır. D.Yeremenyev yazır: “568- ci ildə avarlar süvarları əzdilər”. Bundan sonra süvarlar Alnbaniyaya köçdülər. Bu türkdilli tayfaların adı ilə bağlı indi Azərbaycanda Biləsuvar yer adının mövcudluğu diqqəti cəlb etməyə bilməz. Beləliklə, Azərbaycan (qədim Albaniya və Qərbi Azərbaycan) ərazisinin “Dədə Qorqud” qəhrəmanlarının doğma yurdu olmasına şübhə qalmır. Bu mənada akademik Z.M.Bünyadovun türkdilli Azərbaycan xalqının arealı (coğrafiyası) haqqında dəqiq fikri diqqətəlayiqdir. O, yazır: “Azərbaycanda türkləşmə prosesini bəzi tədqiqatçıların dediyi kimi, XI-XII əsrə aid etmək doğru deyildir. Belə olduqda türk tayfalarının tarixən burada mövcud olmuş, köklü varlığı inkar edilmiş olardı.

Tədqiqatlardan məlumdur ki, hələ V əsrdə Muğanda sakin olmuş hunlar ərəblərin “balasaqun” adlandırdığı Ağ-hun (Böyük hun) şəhərini salmışlar. Beləliklə, “Dədə Qorqud oğuzlarının XI əsr oğuzları ilə yaxınlaşdırmaq üçün mövcud dəlillər, onların eyni coğrafi koordinatda fəaliyyət göstərmələri barədə fikir söyləməyə imkan verir. Çünki dastanda XI əsrə qədərki Şimali və Qərbi Azərbaycan mühitinin inikası vardır. Müqəddimə və üçüncü boyda İstanbulun, dördüncü boyda Başıaçığın (İmeretiya) adlarının çəkilməsi “Dədə Qorqud”un coğrafi xəritəsini göz önünə gətirir. V. Bartold, V.Jirmunski kimi qorqudşünaslar Qanturalı boyunu XIV-XV əsrlə məhdudlaşdırırlar. Əlbəttə, bu düzgün deyil. Çünki mənşəcə oğuz olan Ağqoyunlular əvvəlcə Mərkəzi Asiya düzənliyində yaşayırdılar. Sonra isə Qərbə doğru hərəkət edərək Diyarbəkirdə, Qərbi və Cənubi Azərbaycanda məskən saldılar.

VI əsrin sonu - VII əsrin əvvəllərində Ağqoyunluların Qarabağda, Göycə ətrafında, Vedibasar ərazisində, Alagöz yaylaqlarında yaşadıqları məlumdur. Onomastik vahidlərin paralelləri və müqayisələr dastanın şifahi şəkildə tarixin daha qədim qatlarında mövcud olduğunu, XI əsrdə isə yazıya alındığını, tarixi-coğrafi koordinatların müəyyənləşdirilməsi baxımından isə, Qərbi Azərbaycanın Vedibasar bölgəsini də əhatə etdiyini deməyə imkan verir.