Bakı Xəbər.-2015.-17 noyabr.-N 206.-S.15.

Müstəqilliyin simvollarından biri - 17 noyabr Milli Dirçəliş Günü...

Azərbaycan dövlətinin müstəqilliyi böyük tarixi sınaqdan keçib. Xalqın uzun illər azadlıq uğrunda apardığı mübarizə nəticəsində müstəqil Azərbaycan dövləti yaranıb, qurulub. Əlbəttə, bu da faktdır ki, müasir Azərbaycan dövlətinin qurulmasında, onun suverenliyə qovuşmasında Azərbaycan Respublikasının sabiq Prezidenti mərhum Heydər Əliyevin əməyi danılmazdır. Tarixçilər bildirir ki, ölkəni müstəqil etməklə yanaşı, onun müstəqilliyini qoruyub saxlamaq əsas şərtdir.

 

Azərbaycan xalqı müstəqil dövlətə sahib olmaq naminə illərlə əzmkarlıqla mübarizə aparıb, azadlıq uğrunda mücadilə verib.

1988-ci il Azərbaycan xalqının həyatında müstəqillik ideyalarının daha geniş formada cəmiyyətə aşılanması dövrü kimi qalıb. Bu dövrdən danışarkən xalqımızın sovet imperiyasına meydan oxuduğu çağları xatırlayırıq. Bu, Azərbaycan xalqının mübarizəsi idi, özü də sonu aydınlığa qovuşan mübarizə kimi yada düşür.

Tarixçilər qeyd edir ki, 1988-ci ildə sovet imperiyasının dağılması ilə bağlı onun hüdudları daxilində qanlı çaxnaşmalar baş verib. Tarixçilərin verdiyi bilgiyə görə, Azərbaycan xalqı imperiyanın əsl mahiyyətini anlayır və uzun illər təlqin olunan ideologiyanın mənasız olduğunu dərk edirdi. Bəlli olduğu kimi, 1988-ci il noyabrın 17-də Azərbaycan xalqının azadlıq səsini ucaldaraq, imperiyaya qarşı hamılıqla ayağa qalxması onun dirçəlişi yolunda dönüş nöqtəsi oldu. Azərbaycan xalqı uzun illər arzusunda olduğu müstəqilliyinə qovuşdu. Öz haqqı, azadlığı və torpaqlarına sahib çıxmaq istəyən xalqımız bu müqəddəs ideallar naminə birlik və bərabərliyini bir daha bütün dünyaya nümayiş etdirdi. 1992-ci ildən 17 noyabr Milli Dirçəliş Günü kimi qeyd olunur. Tarixçilər yazır ki, 1988-ci ilin ilk günlərində Ermənistanın Azərbaycana qarşı açıq təcavüzü başladı. SSRİ-nin rəhbəri Mixail Qorbaçovun buna biganə münasibətini görən ermənilər planlı şəkildə, Ermənistan hökumətinin tapşırığı və göstərişilə Ermənistanda yaşayan 200 mindən çox azərbaycanlını öz ata-baba yurdlarından kütləvi surətdə qovdular. Tədqiqatçılar qeyd edir ki, ermənilər azərbaycanlıları öz ev-eşiklərindən qovmaqla yanaşı, həm də onları öldürür, diri-diri yandırırdılar. Ermənilərin tarixdə görünməmiş bu vandalizminə M.Qorbaçov və onun ətrafı heç bir reaksiya vermədilər. Ermənilər bununla da kifayətlənmədilər. 1988-ci il fevralın əvvəllərində Azərbaycanın Dağlıq Qarabağ bölgəsində iğtişaşlar törətdilər. Onlar Azərbaycanın tarixi torpağı olan Dağlıq Qarabağı Azərbaycandan qoparıb Ermənistana birləşdirmək haqqında məsələ qaldırdılar. Belə bir vaxtda Azərbaycan xalqı ayağa qalxdı. Xalq öz etirazını sakit şəkildə rəhbərliyə bildirdi. İlk zamanlar Azərbaycan vətəndaşları Moskvaya, yerli hakimiyyət başçılarına inanırdılar. Onların şüarları, gəzdirdikləri portret və bayraqlar bunu sübut edirdi. Məlum olduğu kimi, 1988-ci il noyabrın 17-də Bakının əsas meydanı sayılan Azadlıq meydanında sovet dövlətinin xalqımıza qarşı apardığı anti-Azərbaycan siyasətinə etiraz əlaməti olaraq Azərbaycan ictimaiyyətinin sonu bilinməyən mitinqi başladı. Xalq müstəqilliyə qovuşmaq astanasında idi.

Tarixçilər yazır ki, xalqın istiqlal mücadiləsinin əsas mərhələlərindən biri olan 17 noyabr - Milli Dirçəliş Günü Azərbaycanın müstəqilliyinin bərpa olunmasında tarixi rol oynayıb. Mənəvi əsaslarını və başlanğıcını XX əsrin 60-cı illərindən götürən bu tarix sonralar Azərbaycan Respublikasının sabiq Prezidenti mərhum Heydər Əliyevin siyasi uzaqgörənliyi və müdrikliyi ilə dönməz xarakter alıb, müstəqil Azərbaycan müasir inkişaf yoluna qədəm qoyub. Tədqiqatçılar yazır ki, keçən əsrin axırlarında dünyanın altıda birini əhatə edən Sovet İttifaqının iqtisadi, siyasi, mənəvi və ideoloji dayaqları sarsılmışdı. İmperiyanın siyasi "beyin mərkəzi"nin xalqlara, xüsusilə Azərbaycan xalqına qarşı yürütdüyü ayrıseçkilik siyasəti kəskin xarakter almışdı. M.Qorbaçov hakimiyyətinin dəstəyi ilə ermənilər Dağlıq Qarabağda azərbaycanlılara qarşı haqsız ərazi iddialarına başlamışlar. Ermənilərin Topxanada törətdikləri vəhşiliklər, Ağdamda isə iki azərbaycanlını qətlə yetirmələri Bakıda milli hissləri alovlandırmışdı. XX əsrin əvvəllərində istiqlalın ləzzətini dadan xalq bu dəfə müstəqillik arzularını reallaşdırmaq üçün tarixi bir fürsətin yarandığını hiss etdi. 1988-ci ildən başlayaraq Azərbaycanda milli istiqlal hərəkatı geniş vüsət aldı. Milyonlarla insanın toplaşdığı Azadlıq meydanında səslənən tələblərin mahiyyəti getdikcə dəyişərək müstəqil dövlət qurmaq ideyası milli düşüncəyə hakim kəsilib.

Hakimiyyətə gəlişi ilə xalqa sağlam ruh və özünüdərk gətirən Heydər Əliyev sovet ideologiyasının sərt qadağalarına baxmayaraq, milli-mənəvi dəyərlərə, Azərbaycan elminin və mədəniyyətinin dirçəlişinə xüsusi önəm verdi. Bütün sahələrdə inkişaf və oyanış müşahidə olunmağa başladı. Azərbaycan əsl intibah və dirçəliş dövrünə qədəm qoydu. Məhz ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə dünyanın müxtəlif ölkələrində təhsil alan milli ruhlu alimlər və ziyalılar ordusu yetişdi. Dahi şəxsiyyət Heydər Əliyevin respublikada yaratdığı bu mənəvi-psixoloji və iqtisadi baza təxminən 20 il sonra Sovet İttifaqı dağılmağa başlayanda xalqın dayağı oldu.

Tarixçilər yazır ki, 1988-ci ildə xalq hərəkatının alovlandığı bir vaxtda Azərbaycana rəhbərlik edən siyasi qüvvələr isə mövcud vəziyyəti qiymətləndirə bilmədilər. Xalqın maraqlarından daha çox imperiyanın maraqlarını düşünən bu adamların siyasi səbatsızlığından 20 Yanvar faciəsi baş verdi. Bir-birini əvəzləyən hakimiyyətlər xalqın dirçəlişini mütərəqqi səmtə yönəltmək iqtidarında deyildilər. Həmin o ağır məqamlarda yenə də Heydər Əliyev xalqın dayağına çevrildi və xalqın qəlbində, iradəsində doğulan istiqlal ruhunu ölməyə qoymadı, onu dirçəltdi, ayağa qaldırdı.

Azərbaycanın müstəqilliyinin qazanılmasında, onun qorunub saxlanmasında böyük əmək sərf edən Heydər Əliyev Azərbaycanın dövlət müstəqilliyi elan edilməmişdən bir il əvvəl, yəni 1990-cı ilin 17 noyabr tarixində üçrəngli Azərbaycan bayrağını Naxçıvan Muxtar Respublikasının Ali Məclisində qaldırdı. Tarixçilər yazır ki, 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının Ali Sovetinin yeni tərkibdə ilk sessiyası keçirildi. Muxtar Respublikanın adından "sovet" və "sosialist" sözləri çıxarıldı. Tarixçilər bildirir ki, imperiyanın hələ tarix səhnəsindən silinmədiyi bir dövrdə Naxçıvanın adından "sovet" və "sosialist" sözlərinin çıxarılması müstəqilliyimizin qazanılması yolunda çox böyük tarixi addım idi. Bununla Heydər Əliyev milli dövlətçiliyimizin dirçəlişi istiqamətində ilk böyük addım atdı. Bu tarixi addım xalqın taleyində müstəsna rol oynadı.

Məlum olduğu kimi, Heydər Əliyevin sədrliyi ilə keçirilən həmin tarixi sessiyada Muxtar Respublikanın dövlət rəmzləri haqqında məsələ də müzakirə olundu. Xalq deputatlarının müzakirəsindən sonra üçrəngli bayrağın dövlət rəmzi kimi qəbulu ilə əlaqədar təklif irəli sürüldü. Tarixçilər qeyd edir ki, Azərbaycan Xalq Cumhuriyyətinin üçrəngli bayrağının bərpa olunması barədə qərar çıxaran sessiya onun dövlət bayrağı kimi qəbul edilməsi ilə əlaqədar Azərbaycanın Ali Soveti qarşısında vəsadət qaldırıb. Beləliklə, milli dirçəlişdən milli tərəqqiyə doğru uzanan tarixi yolun başlanğıcı qoyulub. Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı bir yumruq kimi sıx birləşərək bütün dünyaya sübut etdi ki, o azad olmağa layiqdir, müstəqil dövlətə sahib olmalıdır. Oldu da. Müstəqil Azərbaycanın dövlətçilik tarixində mühüm hadisə olan Milli Dirçəliş Günü hər il bayram kimi qeyd edilir. Azadlıq meydanından başlanan müstəqillik hərəkatına Heydər Əliyev 1990-cı il noyabr ayının 17-də üçrəngli bayrağımızı meydana gətirməklə böyük dəstək oldu.

17 noyabrın əhəmiyyətindən yazan tarixçilər bildirir ki, 1990-cı il Azərbaycan dövlətçiliyinin, milli dövlət rəmzləri tariximizin dönüş nöqtələrindən biri kimi tarixi yaddaşımıza əbədi daxil olub. Azərbaycan Xalq Cumhuriyyətinin 70 il əvvəl endirilən ay-ulduzlu üçrəngli milli bayrağı Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul edilib və müqəddəsliyə yüksəldilib. Tarixçilər yazır ki, bu tarixi gün bir də ona görə əziz və şərəflidir ki, həmin qərarların qəbulu zamanı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasına Azərbaycan xalqının böyük oğlu, xalqımızın milli qurtuluş savaşına öz övlad və vətəndaş payını vermək istəyi ilə Moskvadan Azərbaycana - Naxçıvana qayıdan Heydər Əliyev rəhbərlik edib. Həmin tarixi qərarların qəbulunda Heydər Əliyev şəxsiyyətinin uzaqgörənliyi, parlaq zəkası, aydın təfəkkürü, yenilməz məntiqi öz tarixi missiyasını ləyaqətlə yerinə yetirib, bu sənədlərə öz möhürünü və imzasını əbədi həkk edib. Tarixçilər yazır ki, Azərbaycan xalqının milli dirçəliş tarixi görkəmli dövlət xadimi Heydər Əliyevin adı ilə bağlıdır. Bu böyük şəxsiyyət nəhəng imperiyanın çökməsini mahir siyasətçi zəkası ilə dərk edir, öz xalqını istiqlaliyyət yoluna istiqamətləndirirdi.

1991-ci ilin martında Azərbaycan SSR Ali Sovetinin iclasında çıxış edən Heydər Əliyev gələcək mübarizə və inkişaf yolunu müdrikliklə bəyan etdi: "Azərbaycan xalqı birləşməli, öz müqəddəs torpaqlarını göz bəbəyi kimi qorumalıdır. Azərbaycan Respublikası iqtisadi və siyasi müstəqillik yolu ilə getməli, tam istiqlaliyyət uğrunda mübarizə aparmalıdır. Mən bu yoldan dönməyəcəyəm".

Tarixçilər yazır ki, Heydər Əliyev bütün həyatı boyu bu müqəddəs amala sadiq qaldı, xalqın və Vətənin istiqlalı uğrunda fədakarlıqla mübarizə apardı. Bildiyimiz kimi, 1991-ci il oktyabrın 18-də Azərbaycan xalqı XX əsrdə ikinci dəfə öz müstəqilliyinə qovuşdu. Xalqın milli şüurunun oyanmasına təkan verən 17 noyabrda başlanan hadisələrdən keçən illərə nəzər salsaq, bu illərin nə qədər ağrı-acılı, eyni zamanda şərəfli bir dövr olduğunu görmək olar.

Tarixçilər qeyd edir ki, 1993-cü ilin iyununda, 1994-cü ilin oktyabrında, 1995-ci ilin martında xaricdən dəstək alan qüvvələr dövlət çevrilişi həyata keçirməyə cəhd göstərsələr də, Heydər Əliyevin apardığı uğurlu daxili və xarici siyasət nəticəsində Azərbaycan regionun güclü dövlətinə çevrilib. İqtisadiyyatımız MDB-də ən yüksək inkişaf surətinə malikdir. Həyata keçirilən neft strategiyası sayəsində ölkəmizə milyardlarla dollar həcmində xarici sərmayə qoyulmaqdadır. Siyasi sabitliyin bərqərar edilməsi, hüquqi dövlət quruculuğu istiqamətində həyata keçirilən islahatlar Azərbaycanın Avropa Şurasına qəbul edilməsi ilə nəticələnib. Azərbaycanın zəngin tarixi keçmişi, Şərq və Qərb dəyərlərini öz mentalitetində əks etdirməsi, əlverişli geosiyasi mövqeyi, zəngin təbii ehtiyatlara malik olması xalqımıza firavan və təhlükəsiz yaşamaq haqqı verir. Bu haqqa həmişəlik sahib olmaq üçün ölkə daxilində siyasi sabitliyi qorumaq və milli həmrəyliyi təmin etmək lazımdır. Bütün bunlar isə hər bir Azərbaycan vətəndaşının siyasi yetkinlik nümayiş etdirməsi sayəsində mümkündür.

Tarixçilər yazır ki, Azərbaycanda meydan hərəkatı xalqı birləşdirdi, ölkəmizin müstəqilliyə doğru getməsi üçün xalqı oyatdı. Bu oyanma xalqı müstəqilliyə apardı. Bu birləşmə xalqı özünün azadlığı, müstəqilliyi uğrunda mübarizəyə qaldırdı. Bu mübarizə nəticəsində xalq öz müstəqilliyini əldə edə bildi.

Azərbaycan xalqının unudulmaz böyük oğlu Heydər Əliyevin bu müstəqilliyin möhkəmləndirilməsində böyük rolu oldu. Bu gün Azərbaycan gələcəyə inamla baxır. Möhkəm özülü Heydər Əliyev tərəfindən qoyulan dövlətimizin taleyi etibarlı əllərdədir. Ölkə başçısı İlham Əliyev ölkəmizi gələcəyə, yeni uğurlara inamla aparır. Böyük tarixə malik xalqımızın bu bayramı milli həmrəyliyin, demokratiyanın, dövlət müstəqilliyimizin qorunması uğrunda mübarizənin nəticəsidir. Tarixçilər yazır ki, xalqın şüurunda baş vermiş milli oyanış bizi xalqın iradəsi və Heydər Əliyevin rəhbərliyi ilə müstəqil dövlətə sahib etdi.

Milli Dirçəliş Günümüz mübarək!

 

İradə SARIYEVA

 

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.