Xalq qəzeti.-2015.-15 noyabr.-N 251.-S.5.

 “Dədə Qorqud” dastanında rəqəmlərin simvolikası

Sərhədsiz söz xəzinəmiz

 

Kamran Əliyev,

 filologiya elmləri doktoru, professor

 

Bəşər tarixinin ən mükəmməl əsərləri tarixən qədim, həmişə isə müasir olan folklor nümunələridir. Çünki həcmcə kiçik və böyüklüyündən asılı olmayaraq, hər bir folklor nümunəsi xalqın yaratdığı və yaşatdığı əbədi milli sərvətdir. Ona görə də folklor nümunələrinin bütövlüyü içərisində hələ də diqqətlə və axıra qədər öyrənilib qurtarmayan bir çox mətləblər gizlənmişdir.

 

Buradan başqa bir nəticənin çıxarılmasına da ciddi əsas var. Belə ki, əsl folklor nümunələrində artıq və yad görünən heç nə olmamalıdır.  Bu fikirləri möhtəşəm abidə olan “Dədə Qorqud ” eposunda tez-tez rast gəldiyimiz rəqəmlərin mahiyyəti və məzmunu təsdiq etməkdədir. Rəqəmlər deyəndə 3, 7, 40 kimi müqəddəs rəqəmlərdən söz açmaq fikrində deyiləm. Onsuz da bu rəqəmlərdəki sakrallıq kifayət qədər məlumdur və “Dədə Qorqud” eposunda da onlara rast gəlmək təəccüblü deyil, əksinə, rast gəlməmək təəccüblü və heyrət doğurucu ola bilərdi. Bizcə, “Dədə Qorqud”dakı rəqəmlər silsiləsinə bütöv yanaşmaq və həmin rəqəmlərin nəyəsə açar olacağı inamına güvənmək lazımdır. Əslində, bu, qırxıncı qapının açarı və sirrini tapmaq kimi bir arzuya bənzəyir.

Eposda ən kiçik rəqəm 2-dir. Qaraca Çobanın kafirlərlə döyüşdə 2 qardaşı həlak olur: Qabangüc və Dəmirgüc.

Eposda ən böyük rəqəm 16000-dir. 2 və 16000 arasındakı rəqəmlər isə təxminən belədir: 3, 4, 6, 9, 40, 60, 90, 100, 300, 400, 600 ... Bu rəqəmlər içərisində ən çox işlənən 3 və 6, eyni zamanda, onların törəmələridir: 30, 300, yaxud 60, 600.

Bəri başdan qeyd edim ki, eposdakı rəqəmlərin simvolikası, ilk növbədə, rəqəmlərin harmoniyasına dayanır. Bu harmoniya hardasa mətndəki səslərin alliterasiyasına bənzəyir və formal xarakter daşımır. Bir neçə fakta diqqət yetirək. Arşın oğlu Dirək Təkur belə təsvir edilir: “60 arşın qaməti var, 60 batman gürz salardı”. Burada rəqəmlər eynidir: 60 (altmış) və birbaşa Dirək Təkurun nəhəngliyini göstərməyə xidmət edir. Hətta maraqlıdır ki, arşın konkret deyil və hər adam üçün ayrı-ayrıdır. Elə “Hərə öz arşını ilə ölçür ” ifadəsi də buradan yaranıb və hər adamda nəhənglik təsəvvürü yaradır. İkinci tərəf isə konkretdir və o da daha böyük gücü ifadə edir. Yəni batman 8 kiloqramdırsa, 60 batman 480 kiloqramı bildirir. Bu isə yarım tonluq güc deməkdir.

Aruz Qocanın təsviri belədir: “60 ərkəc dərisindən kürkü, 6 ögəc dərisindən külahı (papağı) var”. Bunlar isə Aruz Qocanın nəhəngliyini ifadə edən rəqəmlərdir. Hətta ikinci rəqəm (6) birincidən (60) kiçik olsa da, ikincinin müəyyən üstünlüyü var. Çünki ögəc ərkəcdən bir yaş böyükdür. Yəni Aruz Qocanın papağını yaşca böyük olan heyvanın dərisindən hazırlayıblar.

Orxan Şaiq əfəndidən bir sitat gətirmək istəyirəm. O, Aruz Qoca haqqında yazır: “90 dəridən kürk olsa, topuğunu örtməyən, 9 dəridən şəbkülah olsa, tiligün örtməyən” bir obraz. Orxan Şaiq əfəndidəki rəqəm eposdakı rəqəmdən fərqlidir, hətta dərilər də eyniləşib. Amma Orxan Şaiq əfəndinin tədqiqatındakı harmoniya eposdakı harmoniyanın davamı kimi meydana çıxıb: eposda 60-60, 60-6; Orxan Şaiqdə 90-9. Orxan Şaiq eposdakı harmoniyanın təsiri altındadır. Yaddaş onu aldadıb, ancaq eposdakı harmoniya, nizam qorunub saxlanıb.

Bəs eposda daha çox hansı rəqəm işlənir? Tərrədüd etmədən, demək olar ki, bu, 3 rəqəmidir. Bu rəqəmin nəyə istiqamətləndiyini yada salmadan xalq təfəkküründə onun həmişəyaşar olduğu məlumdur: atalar üçə qədər deyib. Bu mənada eposda Qazan xanın xarici düşmənlərə qarşı mübarizəsi 3 boyda ifadə olunub, yaxud Qazan xan 3 ildən bir evini tərk edib var-dövlətini xalqa paylayır. Bir az dərin qat da var. Eposun mətnində Dədə Qorqud 3 igidə ad verir: Buğac, Beyrək, Basat.

Mətndə 3 rəqəminin nəyə doğru istiqamətləndiyini müəyyənləşdirmək üçün isə konkert məqamlara diqqət edək:

1) Qazan xan deyir ki, Uruz 300 igidlə mənim evimin üstündə dursun.

2) Qaraca Çobanın sapandı 3 yaşar dana dərisindən, sapandının qolları 3 keçi tükündən hazırlanıb. Onun atdığı daş haraya düşsə, 3 il orada ot bitməz. Qaraca Çoban 300 düşmən öldürür.

3) Uruz dustaqlıqdan xilas olanda oğuzdan 300 igid şəhid olur.

4) Bəkil 300 igidi yanına buraxır.

5) Əyrək səfərə çıxanda 300 igid onun yanında cəm olur.

6) Təkur Əyrəyi Səyrəyin üzərinə qaldıranda 300 igidi ona yoldaşlığa verir.

 

Eposdakı rəqəmlər içərisində işlənmə tezliyinə görə 3 rəqəmindən sonra ikinci yerdə 6 rəqəmi dayanır.

1) Şöklü Məlik deyir ki, 600 igid varıb qoyunları gətirsin.

2) Qaraca Çobanın üzərinə 600 kafər gedir.

3) Qazanın üzərinə hücum olanda 6 bölük toz görünür.

4) Təkur Oğuz türklərinin üzərinə 600 kafər göndərdi. Arşın oğlu Dirək 60 arşın qaməti olan bir adamdır, 60 batman gürz salardır.

5) Kafər 6 pərli gürzü götürüb hücum edir.

6) Səyrəyin üzərinə 60 dəmir donlu kafər gəlir.

İndi nəticə çıxamaq olar ki, 3 rəqəmi oğuza, 6 rəqəmi isə kafərlərə məxsus rəqəmdir.

Bunlar məsələnin bir tərəfidir və eposdakı ümumi mətnin harmoniyasıdır. Yəni yalnız elə bunun özü eposun möhtəşəmliyinin sübutudur. Başqa bir nəticə isə ondan ibarətdir ki, eposdakı 3 və 6 rəqəmlərinin açar rolu da var. Bu açar eposun möhtəşəmliyini, həmçinin təkrarolunmazlığını bir daha sübut edir.

Bir az geriyə qayıdaq. 6 və 60-ı yenidən xatırlayaq. Bu rəqəmlər Arşun oğlu Dirək Təkura aiddir və indi artıq bizə son dərəcə təbii görünür. Çünki bu rəqəmin ünvanı kafirlərdir- düşmən cəbhəsidir. Bəs onda Aruz Qoca? Mətndə o da 6 və 60-la səciyyələndirilir. Deməli, mətn lap əvvəldən Aruz Qocanın Oğuza düşmən olacağını işarələmişdir – Bu bir! İkincisi, Oğuz elinin xanımlarını xatırlayaq. Onlardan Qazan xanın xanımı Burla xatun, Dirsə xanın xanımı və Bəkilin xanımı xan qızlarıdır və İç Oğuzdandırlar.

Dəli Domrulun xanımı haqqında aydınca deyilir ki, “yad” qızıdır və deməli, kafər düşərgəsinə aiddir.

Qanturalının xanımı Selcan xatun açıq-aydın görünür ki, Trabzon Təkurunun qızıdır.

Beyrəyin xanımı Banuçiçək Dış Oğuzdandır.

Qaldı Səyrəyin xanımı. Bu xanımın kimliyini müəyyən etmək çox vacibdir. Təəssüf ki, mətndə o barədə birbaşa deyilmiş heç bir işarə yoxdur. Amma onu müəyyənləşdirmək üçün eposun 3 və 6 açarı var.

İndi əsrlikdə qalan xanımını xilas etməyə yollanan Səyrəklə xanımı arasındakı dialoqu xatırlayaq. Səyrəyin xanımına söylədiklərinə nəzər salaq:

“Qız, sən mana bir yıl baqğıl!

Bir yildə gəlməzsəm,

                              iki yil baqğıl!

İki yildə gəlməzsəm,

                              üç yil baqğıl!

Gəlməzsəm, ol vəqt

              mənim öldügimi biləsən.

Ayğır atum boğazlayub,

                                 aşum vergil!

Gözün kimi tutarsa, könlün

            kimi sevərsə, ana varğıl!”

Üç rəqəmi oğuzlara aid olduğuna görə Oğuz igidi Səyrək də məhz sayıb-sayıb üçdə dayanır: “İki yildə gəlməzsəm, üç yil baqğıl! Gəlməzsəm, ol vəqt mənim öldigimi biləsən”.

İndi isə Səyrəyin xanımının sözlərinə, daha doğrusu, onun Səyrəyə cavabına diqqət verək:

“Yigidim, mən sana bir

                                   yil baqam.

Bir yil də gəlməzsən, iki

                                   yil baqam.

İki yil də gəlməzsən, üç-dört

                                       yil baqam.

Dört yil də gəlməzsən,

                    beş yil, altı yil baqam.

Altı yol ayırdına çadır dikəm.

Gələndən-gedəndən

                               xəbər soram.

Xeyir xəbər gətürənə at,

                                  ton verəm,

Qaftanlar geydürəm.

Şər xəbər gətürənin

                             başın kəsəm.

Ərkəg sinəgi üzərimə

 

                           qondırmıyam.

Murad ver, murad al,

                     andan get, yigidim!”

Maraqlıdır ki, Səyrək 3-də dayanmasına baxmayaraq, Səyrəyin xanımı 6 rəqəminə qədər davam edir və 6-da dayanır: “Dört yildə gəlməzsən, beş yil, altı yil baqam. Altı yol ayırdına çadır dikəm”. Beləliklə, Səyrəyin xanımının düşüncə sistemində altı rəqəmi əsas yer tutur. İndi qəti şəkildə demək olar ki, Səyrəyin xanımı da məhz kafər düşərgəsindədir.

Səyrəyin xanımı kafər düşərgəsi ilə İç Oğuz arasındakı barışığı simvolizə edir və barışığın qarantıdır.

Başqa bir məsələyə də diqqət yönəltmək istəyirik. Eposun “Bəkil oğlu İmran” boyunda Bəkil haqqında deyilir: “366 alp ova çıxıb keyik üzərinə yürüş etsə, Bəkil yay qurub ox atmışdı”. Bəs bu 366 rəqəmi nəyə işarədir?

Birincisi, Bəkil Oğuz eli ilə düşmən arasındakı sərhəddə keşik çəkir və əslində 3 rəqəmi ilə 6 rəqəminin arasındadır. İkincisi, Bəkil ilə Bayındır xan arasında elə bir münaqişə yaranmışdır ki, həyata keçməsə belə Bəkildə Bayındır xanın yanında qalmaq, yoxsa ona düşmən kəsilmək düşüncəsi yaranmışdı. Bu, rəqəm simvolikasında 366 ilə, yəni 3 və 6 ilə ifadə edilmişdir.

Nəticə kimi onu qeyd etmək olar ki, “Dədə Qorqud” eposunun mətnində müşahidə edilən və qətiyyən təsadüfi xarakter daşımayan rəqəmlər müəyyən bir fikri işarələmiş olur. Eyni zamanda, təkcə bu rəqəmlər sübut edir ki, “Dədə Qorqud” vahid bir mətndir və onun kifayət qədər semantik qatları vardır.