Xalq qəzeti.-2015.-11 noyabr.-N 247.-S.8.

İlk Konstitusiyamız demokratik və hüquqi dövlət quruculuğunun mükəmməl qanunvericilik bazasıdır

Konstitusiya birinci növbədə dövlətlə, hakimiyyətlə xalqın arasında olan münasibətləri özündə əks etdirməlidir. Hakimiyyət bölgüsü, qanunvericilik, ali icra, məhkəmə hakimiyyətləri - bunların hamısı xalqın iradəsinə söykənməli, seçkilər yolu ilə təmin olunmalıdır. Dövlət xalqın işi olmalıdır. Xalq dövlət üçün yox, dövlət xalq üçün olmalıdır və bu prinsiplər Konstitusiyamızın əsasını təşkil etməlidir.

Heydər ƏLİYEV

 Ümummilli lider

 

Hər bir cəmiyyətin və dövlətin həyatında xüsusi rol oynayan Konstitusiya təkcə normativ-hüquqi aktlardan ibarət deyil, o, həm də sosial, iqtisadi və siyasi münasibətlərin inkişafının əsasını təşkil edir. Məhz Konstitusiya aktlarının miqyasından və dövlət əhəmiyyətindən asılı olmayaraq, hüquqi qiymətə ehtiyacı olan istənilən suala cavab axtarışında başlıca istiqaməti də təşkil etməsi heç kimə sirr deyil.

1995-ci il noyabrın 12-də qəbul edilmiş Azərbaycan Konstitusiyası da insanın ən böyük dəyər kimi qiymətləndirildiyi yeni və azad demokratik dövlətin qurulmasına imkan verdi, vətəndaşların hüquq və azadlıqlarının qorunması üçün sarsılmaz təminat yaratdı. Xalqımızın ümummilli lideri Heydər Əliyevin bilavasitə təşəbbüsü və müəllifliyi ilə hazırlanmış ilk milli Konstitusiyamız müasir dünyanın ən mütərəqqi əsas qanunlarından biri olmaqla yanaşı, müstəqil dövlətçilik tariximizdə yeni mərhələnin açılmasına və ictimai - siyasi həyatımızda dinamik inkişafa nail olmağımıza güclü təkan verməklə qanunvericilik tariximizdə özünəməxsus möhürə çevrildi.

Məlum olduğu kimi, 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyəti dövründə Konstitusiya qəbul etmək mümkün olmamışdı. Sonrakı sovetlər dönəmində qəbul edilmiş konstitusiyalar isə mahiyyət etibarilə müstəqil dövlətçilik və suveren xalq anlayışlarına uyğun gəlməyən formal sənədlər kimi yadda qalmışdı. Belə ki, Azərbaycanın birinci Konstitusiyası 1921-ci il mayın 19-da I Ümumazərbaycan sovetlər qurultayında qəbul edilmişdi. 1921-ci il Konstitusiyasının keçmiş SSRİ Konstitusiyasına uyğunlaşdırılmış yeni redaksiyası 1925-ci il martın 14-də IV Ümumazərbaycan sovetlər qurultayında təsdiqlənmişdi.

Qeyd etmək yerinə düşər ki, Azərbaycan SSR-in 1978-ci il aprelin 21-də qəbul edilmiş son Konstitusiyası keçmiş SSRİ Konstitusiyasına uyğunlaşdırılmış olsa da, respublikanın dövlət dili məsələsində müəyyən özünəməxsusluğa malik olmuşdu. 12 noyabr 1995-ci ildə ümumxalq referendumu əsasında qəbul edilmiş Əsas Qanunumuz isə Azərbaycan Respublikasının müstəqilliyi bərpa edildikdən sonra ilk Konstitusiya kimi tarixə düşdü.

Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra yeni Konstitusiya layihəsi üzərində ciddi iş aparılmışdı. 1994-cü ildə ulu öndər Heydər Əliyevin sədrliyi ilə Konstitusiya komissiyası fəaliyyətə başlamışdı. Əsas Qanunun baza müddəaları, daha sonra isə onun layihə mətni ictimai müzakirəyə çıxarılmışdı. Bir neçə ay ərzində mətbuatda bu mövzuda diskussiyalar getmiş, ayrı-ayrı məsələlər, o cümlədən, Konstitusiyada dövlət dilinin adının (Azərbaycan dili) necə təsbit olunması ilə bağlı geniş mütəxəssis auditoriyasının iştirakı ilə toplantılar keçirilmişdi. Son olaraq referendum öncəsi bir daha toplanan Konstitusiya komissiyası layihənin yekun variantını razılaşdıraraq, onu referenduma çıxarmışdı.1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq referendumu nəticəsində Azərbaycan Respublikasının ilk Konstitusiyası qəbul olunmuşdu. Təbii ki, Konstitusiyanın qəbul edilməsilə iş yekunlaşmırdı, Əsas Qanunda təsbit olunmuş müddəaları reallıqda təmin etmək lazım idi. Bu baxımdan, 1995-ci ilin 12 noyabrından sonrakı dövrə nəzər salsaq, görərik ki, bu istiqamətdə geniş hüquqi islahatlar həyata keçirilmişdi. Belə ki, 1996-1997-ci illərdə Azərbaycan insan hüquq və azadlıqlarının, demokratik təsisatların inkişafının təminatı ilə bağlı bir sıra beynəlxalq konvensiyalara qoşulmuşdu. 1998-ci il fevralın 10-da Azərbaycanda ölüm hökmünün icrası ləğv edilmişdi. Azərbaycan Müstəqil Dövlətlər Birliyi məkanında və müsəlman dünyasında bu tarixi qərarı qəbul edən ilk dövlət kimi adını tarixə yazdırmışdı. Həmin dövrdə hətta Avropa Şurasının üzvü olan bir çox ölkələrdə analoji addım atılmamışdı. 12 fəsil, 158 maddədən ibarət olan bu Əsas Qanunun 48 maddəsinin insan hüquqlarına və onun gerçəkləşməsi təminatlarına həsr edilməsi Azərbaycan rəhbərliyinin fundamental insan hüquqlarına verdiyi önəmi təsdiqləmişdi. Vətəndaş hüquq və azadlıqlarını dövlətin ali məqsədi kimi təsbit etməklə bütün növ insan hüquqlarından - əmək, istirahət, sosial təminat, təhlükəsiz yaşamaq, təhsil, fikir və söz azadlığı, cəmiyyətin və dövlətin siyasi həyatında, dövlətin idarə edilməsində iştirak hüquqları və digər hüquqlardan yararlanmaq imkanının verilməsi umummilli liderin “Xalq dövlət üçün yox, dövlət xalq üçün olmalıdır və bu prinsiplər Konstitusiyamızın əsasını təşkil etməlidir”, – fikrinin əhəmiyyətini bir daha təsdiqləmişdi.

Ümumiyyətlə, böyük dövlət xadimi Heydər Əliyev yeni Konstitusiyanın mükəmməl sənəd kimi hazırlanmasının əhəmiyyətini belə açıqlamışdı: “Biz elə bir layihə hazırlamalı və nəhayət, elə bir Konstitusiya qəbul etməliyik ki, o, müstəqil Azərbaycan Respublikasının demokratik prinsiplər əsasında uzun müddət sabit yaşamasını təmin edən Əsas Qanun, tarixi sənəd olsun”. Bundan sonra Konstitusiya layihəsi üzərində aparılan gərgin və məhsuldar iş nəticəsində, beynəlxalq prinsiplərə cavab verən, bazar iqtisadiyyatına hər vasitə ilə rəvac verən, demokratik və eyni zamanda, dünyəvi dəyərləri özündə əks etdirən Konstitusiya layihəsi hazırlanmışdı.

Ümummilli lider Heydər Əliyev yeni Konstitusiya layihəsinin son dərəcə mükəmməl bir sənəd olduğuna əminliyini belə ifadə etmişdi: “Konstitusiya komissiyasının sədri kimi şəxsən mən bu böyük tarixi sənədin hazırlanmasında öz şəxsi məsuliyyətimi daim dərk etmişəm, bu gün də dərk edirəm. Ona görə də bu sənədin hazırlanmasına xeyli vaxt sərf etmişəm. Haqqım var, deyəm ki, cox zəhmət çəkmişəm. Hər bir kəlmənin, hər bir sözün mənasını dəfələrlə araşdırmışam, onun bu gün üçün, gələcək üçün nə qədər əsaslı olmasını dəfələrlə təhlil etmişəm. Mən çox rahatlıq hissi ilə bu layihənin altından imza atıram və bu layihəyə görə tam cavabdeh olduğumu bu gün bəyan edirəm. Hesab edirəm ki, biz Azərbaycanın bu günü, gələcəyi üçün cox böyük bir sənəd-siyasi, hüquqi sənəd yaratmışıq”.

Həqiqətən də, demokratik hüquqi dövlətin bütün prinsipləri - qanunun aliliyi, insan hüquqlarının müdafiəsi, hakimiyyət bölgüsü, konstitusiya nəzarəti prinsipləri təsbit olunmuş, insan haqlarının təmini dövlətin ali məqsədi kimi bəyan edilmiş Konstitusiyamızın üçdə bir hissəsi məhz bu məsələyə həsr edilmişdir. İlk dəfə olaraq Əsas Qanunda Fransa mütəfəkkiri Şarl Lui Monteskyönün irəli sürdüyü və demokratik hüquqi dövlətlərin inkişafında böyük rol oynamış hakimiyyət bölgüsü prinsipi təsbit olunmuşdur.

Hakimiyyətin yeganə mənbəyinin Azərbaycan xalqı olduğu, Azərbaycan xalqının isə Azərbaycan dövlətinə və onun qanunlarına tabe olan Azərbaycan Respublikasının vətəndaşlarından ibarət olması, milli Konstitusiyamızda öz əksini tapmışdır. Əsas Qanunda Azərbaycanın demokratik, hüquqi, dünyəvi, unitar respublika olması bəyan edilmiş, dövlət fəaliyyətinin isə xalqın iradəsinə əsaslandığı, insan və vətəndaş hüquqlarına və azadlıqlarına xidmət etdiyi təsbit olunmuşdur. Bundan başqa, Azərbaycan hüquqi dövlət və ölkədə qanunun aliliyi, ictimai həyatın bütün sahələrində qanunçuluğun təmin edilməsi dövlətin başlıca məqsədi hesab edilir. Azərbaycan, eyni zamanda, dünyəvi dövlətdir və dövlət, təhsil sistemi dindən ayrıdır. Dövlət quruluşuna görə unitar dövlət olan Azərbaycanda demokratik və hüquqi dövlətin əsas əlamətlərindən biri kimi qiymətləndirilən dövlət hakimiyyətinin bölünməsi prinsipinə də yüksək səviyyədə əməl olunmuşdur. Konstitusiyanın 7-ci maddəsinə əsasən, qanunvericilik hakimiyyətinin Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən həyata keçirilməsi, icra hakimiyyətinin Azərbaycan Prezidentinə mənsub olması, məhkəmə hakimiyyətinin isə ölkə məhkəmələri tərəfindən həyata keçirilməsi, onların qarşılıqlı fəaliyyət göstərməsi və səlahiyyətləri çərçivəsində müstəqil olması öz əksini tapmışdır.

Mütərəqqi və bəşəri dəyərləri özündə əks etdirən Konstitusiyamızın dərindən öyrənilməsinin və təbliğ olunmasının böyük əhəmiyyəti vardır. Ona görə ki, hüququn və qanunun hakim olacağı bir cəmiyyətdə hər kəsin öz hüquqlarını və vəzifələrini bilməsi, bu hüquqlardan yararlanması və vəzifələrini doğru-dürüst yerinə yetirməsi baxımından həddən artıq mühüm əhəmiyyət kəsb edir. Ümummilli lider Heydər Əliyev vətəndaşların öz hüquq və vəzifələrini bilməsi üçün Konstitusiya qanunlarını dərindən öyrənib mənimsəmələri barədə deyirdi: “Konstitusiyanı daha dərindən mənimsəməli və onun verdiyi təminatlardan bəhrələnməli və hər bir kəs Konstitusiya qanunlarına dönmədən əməl etməli, ondan irəli gələn dövlət və cəmiyyət qarşısında vəzifələrini layiqincə yerinə yetirməli, ölkəmizdə gedən demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesində yaxından iştirak etməlidir”. İlk milli Konstitusiyanın qəbul olunduğu vaxtdan ötən 20 il ərzində Azərbaycan dövlətinin fəaliyyəti də ictimai-siyasi prosesləri Konstitusiyamıza uyğunlaşdırmağa və ondan irəli gələn başlıca tələbləri həyata keçirməyə yönəlmişdir. Buna görə də, əminliklə demək olar ki, ulu öndərimizin memarı olduğu Azərbaycan Respublikasının ilk demokratik Konstitusiyası yaşayır və ölkəmizi tərəqqiyə aparır.

Məlumdur ki, ictimai həyatın ən müxtəlif sahələrində özünü göstərən yeniliklər təkmilləşmə və müasirləşməni obyektiv zərurət kimi ortaya çıxarır və bu amil Konstitusiyada bir sıra əlavə və dəyişikliklərin edilməsinə tələbat yaradır. Bu baxımdan, Azərbaycan Konstitusiyasına 2002-ci il avqustun 24-də və 2009-cu il martın 18-də ümumxalq referendumlarının əsasında edilmiş bir sıra əlavə və dəyişikliklər cəmiyyətin sosial sifarişindən, ictimai münasibətlər sisteminin xarakterindən irəli gəlirdi. Azərbaycan Respublikasının beynəlxalq aləmlə münasibətlərinin güclənməsi və hüquqi-siyasi sahələrdə əhəmiyyətli dəyişikliklərin baş verməsi Konstitusiyanın özünün də təkmilləşdirilməsini aktual məsələyə çevirmişdi. Bu və digər dəyişikliklər cəmiyyətin inkişafından doğan, Konstitusiyanın, qanunların, bütövlükdə, hüquq sisteminin təkmilləşdirilməsinə, demokratikləşdirmə proseslərinin dərinləşdirilməsinə və insan hüquqlarının daha səmərəli müdafiəsinə xidmət etmiş, Əsas Qanunun çox mühüm əhəmiyyətə malik yeni müddəalarla zənginləşməsinə səbəb olmuşdur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev öz gündəlik fəaliyyətində daim Konstitusiyaya istinad edərək dövlətçiliyimizi, iqtisadiyyatımızı və cəmiyyətimizi daha yüksək inkişafa aparır. Respublikada həyata keçirilən genişmiqyaslı dövlət proqramlarının reallaşması, iqtisadi, sosial və mədəni siyasətin nəticələri də bunu təsdiqləyir. Konstitusiyamızın müddəalarından irəli gələrək dövlətin ali məqsədi sayılan insan və vətəndaş hüquq və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi istiqamətində ölkə başçısı tərəfindən çoxşaxəli islahatlar həyata keçirilir. Vətəndaş hüquqlarının daha asan həyata keçirilməsini təmin etmək məqsədilə yeni mexanizmlər, təsisatlar yaradılır və bütün bunlar da insanlara öz konstitusion hüquqlarını sərbəst və maneəsiz şəkildə həyata keçirməyə imkan verir. Buna görə də, möhkəm hüquqi bazaya malik olan Konstitusiyamızın demokratik inkişaf hədəflərinin müəyyənləşdirilməsində oynadığı müstəsna rolun bundan sonra da davam edəcəyi şübhə doğurmur.

 

Səbuhi MƏMMƏDOV.