“Bakı Xəbər”.-2015.-20 oktyabr.-N 186.-S.15.

 

24 il müstəqillik yolunda...

 

Azərbaycan dövlətçilik tarixi haqqında çox yazmışıq, ayrı-ayrı mərhələləri alimlərin iştirakı ilə təhlil etmişik. Tarix bir ibrət dərsidir və onu dərindən öyrənməli və təbliğ etməliyik.

 

Biz dövlət müstəqilliyimizdən danışarkən fəxrlə 1991-ci il 18 oktyabr tarixini qeyd edir, müstəqillik aktının qəbul olunmasından danışırıq. Əlbəttə, bu olduqca əhəmiyyətli, dəyərli, qiymətli hadisədir.

Məlum olduğu kimi, XX yüzilliyin sonlarında SSRİ süquta uğradı və bu da imperiya tərkibində olan respublikaların öz müqəddəratını müəyyən etməsinə şərait yaratdı.

Tarixçilər yazır ki, Rusiyadakı demokratik qüvvələrin fəaliyyəti nəticəsində respublikalarda da mərkəzdənqaçma, öz suverenliyinə qovuşmaq istəkləri qarşısıalınmaz həddə çatdı. Belə şəraitdə Azərbaycan Respublikası Ali Sovetinin xalqın tələbi ilə çağırılmış növbədənkənar sessiyasında, 1991-ci il avqustun 30-da Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında bəyannamə qəbul edildi.

Azərbaycan Respublikası Ali Sovetinin həmin ilin 18 oktyabr tarixli sessiyasında "Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktı yekdilliklə qəbul edildi.

Azərbaycan Respublikasında dekabrın 29-da ümumxalq səsverməsi keçirildi. Referendum bülleteninə bir sual yazılmışdı: "Siz "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Azərbaycan Respublikası Ali Sovetinin qəbul etdiyi Konstitusiya Aktına tərəfdarsınızmı?"

Azərbaycan xalqı yekdilliklə respublikanın dövlət müstəqilliyinə tərəfdar çıxdı.

1992-ci ilin mayında Milli Məclis tərəfindən Azərbaycan Respublikasının Dövlət Himni (musiqisi Üzeyir Hacıbəyovun, sözləri Əhməd Cavadın), az sonra üçrəngli bayraq, içində alov olan səkkizguşəli ulduz təsvirli Dövlət Gerbi təsdiq edildi. 1991-ci il oktyabrın 18-dən Azərbaycan müstəqil, suveren bir ölkədir və xalq bu tarixi bayram kimi qeyd edir.

Sözsüz ki, bu gün bizim dövlətçilik tarixində qazandığımız ən böyük nailiyyətimiz müstəqilliyimizdir.

Bu il oktyabrın 18-də biz müstəqilliyimizin 24-cü baharını bayram edəcəyik. Onu da vurğulayaq ki, Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümü ölkəmizdə yüksək əhval-ruhiyyədə, böyük təmtəraqla qeyd edilib. 21 yanvar 2011-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dövlət müstəqilliyimizin iyirminci ildönümünün qeyd edilməsi ilə bağlı tarixi sərəncam imzaladı.

2011-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümü tamam oldu və bu illər ərzində demokratik, hüquqi və dünyəvi dövlətin qurulması xalqımızın tarixi nailiyyətidir.

Sənəddə qeyd edilirdi ki, hələ ötən əsrin 70-ci illərindən başlayaraq Azərbaycanın böyük oğlu Heydər Əliyevin strategiyasına uyğun respublikamızda həyata keçirilən genişmiqyaslı proqramlar müasir iqtisadi potensialın formalaşdırılmasına, sosial-mədəni həyatın canlandırılmasına və milli-mənəvi dəyərlərin dirçəldilməsinə yönəldilərək gələcək müstəqilliyimizin təmin olunması üçün zəmin hazırlamışdı: "...İyirmi illik inkişaf yolumuzun ən parlaq nəticəsi ondan ibarətdir ki, bu gün Azərbaycan, sözün əsl mənasında, artıq tam müstəqil ölkədir. Ölkəmizdə gerçəkləşdirilən siyasət daim Azərbaycan xalqının maraqlarına xidmət göstərir. 2010-cu ildə Azərbaycanda Dövlət Bayrağı meydanının açılışı olmuş və dünyanın ən yüksək bayrağı ucaldılmışdır. Bu meydan Azərbaycanın son iyirmi ildə keçdiyi inkişaf yolunun rəmzinə çevrilmişdir.

Azərbaycanın dövlət müstəqilliyi respublikamızın hər bir vətəndaşı üçün ən böyük sərvətdir".

Ölkə başçısı imzaladığı sərəncamda Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirmi illik yubileyinin ölkəmizin həyatında müstəsna əhəmiyyət daşıyan ictimai-siyasi hadisə olduğunu nəzərə alaraq, müstəqillik illərində Azərbaycan Respublikasının keçdiyi zəngin inkişaf yolunda qazandığı parlaq nailiyyətlərin təbliğini təmin etmək məqsədilə göstərişlər verib.

"Tarix dəfələrlə sübut etmişdir ki, xalqın əvəzsiz milli sərvəti olan müstəqilliyin qorunması onun əldə edilməsindən qat-qat ağır və mürəkkəb vəzifədir"-deyə Azərbaycanın sabiq Prezidenti mərhum Heydər Əliyev bildirirdi. Heydər Əliyevin bu fikri olduqca dəyərli və əsrlər uzunu öz qiymətini qoruyacaq bir ifadədir.

Tarixçilər qeyd edir ki, insan üçün azadlıqdan, dövlət üçünsə müstəqillikdən əziz, şirin heç nə yoxdur. Ulu və zəngin tarixi keçmişə malik Azərbaycan xalqı azad yaşayış, müstəqil dövlət uğrunda uzun və mücadilələrlə dolu bir yol keçib, keşməkeşli bir həyat yaşayıb. Azərbaycan təbii sərvətlərinə görə nə qədər zəngin olsa da, coğrafi mövqeyinə görə əlverişli ərazidə yerləşsə də, bu nemətlərə tam şəkildə sahib ola bilməmiş, illərlə müstəmləkəçilik zülmü altında yaşamağa məcbur olub. Təbii sərvətləri talanmış, torpağında yadellilər at oynatmış, ikiyə bölünüb parçalanmış, ona mənliyini ifadə etməyə imkan verilməyib. Amma azadlıq elə bir sehrli məfhumdur ki, cazibəsinə düşən ona nail olmayınca rahatlana bilməz.

Tarixçilər yazır ki, Heydər Əliyev Azərbaycan Xalq Cumhuriyyətinin gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə cəmi 23 ay yaşamasına baxmayaraq, nəsillərin yaddaşında xalqımızın tarixinin ən parlaq səhifələrindən biri kimi qalacağını çıxışlarında tez-tez vurğulayırdı. Cumhuriyyətin demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu, iqtisadiyyat, mədəniyyət, təhsil, səhiyyə və s. sahələrdə atdığı addımlar yarımçıq qalmadı, müstəqilliyini XX əsrin sonlarında yenidən bərpa edən dövlətimiz varislik ənənələrini yaşatdı, inkişaf etdirdi. Biz azərbaycanlılar həqiqətən böyük dövlətçilik irsinin varisləri olduğumuzla fəxr etməliyik.

Qeyd etmək lazımdır ki, 1991-ci ildə yenidən əldə etdiyimiz müstəqillik xalqımızın ötən əsrin əvvəllərində yaşadığı şərəfli tarixin şüurlarda yaratdığı milli oyanışın, azadlıq eşqinin bəhrəsi idi. Həmin il avqustun 30-da Azərbaycanın müstəqilliyi haqqında bəyannamə, oktyabrın 18-də isə Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul olundu. Bununla da Azərbaycan müstəqil, demokratik və dünyəvi bir dövlət kimi yenidən mövcudluğunu dünyaya bəyan etdi. Dövlət müstəqilliyimizi dünya ictimaiyyəti tanıdı və qəbul etdi. Həmin tarixi və möhtəşəm gündən artıq 24 ilədək bir müddət keçir. Bu müddət ərzində Azərbaycan bütün sahələrdə inkişafa, tərəqqiyə nail oldu. Amma əldə edilən nailiyyətlər, uğurlar asanlıqla başa gəlmədi. Firavan həyat, gözəl yaşayış, rifah halının yüksəlməsi elə-belə, özbaşına olmur. Azadlıq kimi, xoş gün-güzəran da qurbanlar bahasına, çətinliklə əldə olunur. Müstəqilliyimizin ilk illərində xalqımız, sözün həqiqi mənasında, ağır, məşəqqətli günlər yaşadı. Ancaq Heydər Əliyevin xalqın təkidi, israrı ilə Bakıya gəlməsi böyük hadisə oldu və Azərbaycan, sözün həqiqi mənasında, müstəqil olduğunu hiss etdi.

Tarixçilər yazır ki, xalqımızın elitasını, ziyalıları, müxtəlif təbəqələri birləşdirən nümayəndə heyəti Naxçıvana getdi və bütün fəaliyyətini Azərbaycanın tərəqqisi və inkişafına həsr etmiş ulu öndər Heydər Əliyev bu çətin və çıxılmaz vəziyyətdə xalqın ona uzadılmış əlindən tutdu və ömrünün qalan hissəsini də bu yolda sərf edəcəyini bildirdi. Bu cür addımı yalnız dahi şəxsiyyətlər, xalqının xilaskarı olmaq missiyasını öz üzərinə götürmüş insanlar ata bilərdi. Heydər Əliyev məhz bu qəbildən olan insanlardan idi. Heydər Əliyev 1993-cü il iyunun 9-da Bakıya gəldi və iyunun 15-də Ali Sovetin sədri seçildi. Bu elə bir dövr idi ki, respublikamız həm xaricdən, həm də daxildən sarsıdıcı zərbələrə məruz qalırdı. Ordu hissələrinin siyasi oyunlara qatılması, ölkədəki qeyri-sabit siyasi vəziyyətdən istifadə edən erməni quldurlarının yeni hücum əməliyyatları, qaçqın və məcburi köçkün ordusu, özbaşınalıq dövlətçiliyimizin sütunlarını laxlatmaqda idi. Dünya şöhrətli siyasətçi, zəngin dövlətçilik ənənələrinə malik dahi şəxsiyyət Heydər Əliyev bu dəfə də xalqın müdrikliyinə arxalandı, təhlükənin genişlənməsinə imkan vermədi və düzgün qərarları ilə Azərbaycan xalqını bəlalardan xilas etdi. Ölkə daxilində ictimai-siyasi şərait bərpa olunduqca, müstəqil respublikanın dövlət təsisatları yaradılmağa, qurulmağa başladı. 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi ilə ilk milli Konstitusiyamızın qəbulu ölkədə genişmiqyaslı hüquqi islahatların həyata keçirilməsinə böyük imkanlar yaratdı. Azərbaycanda hüquqi, demokratik dövlət quruculuğuna başlandı. Məhz ulu öndərin qətiyyətli xarici və daxili siyasəti nəticəsində Azərbaycan artıq dünya miqyasında tanınıb, beynəlxalq təşkilatlarda öz layiqli yerini tutub, öz sözünü cəsarətlə demək qüdrətindədir.

Heydər Əliyev Azərbaycan dövlətinin müstəqilliyini yüksək qiymətləndirərək deyirdi: "Azərbaycanın dövlət müstəqilliyi Azərbaycan xalqının milli sərvətidir".

Dövlət müstəqilliyimizin 20-ci ildönümü haqqında, onun şərəfli tarixi barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "İyirmi illik inkişaf yolumuzun ən parlaq nəticəsi ondan ibarətdir ki, bu gün Azərbaycan, sözün əsl mənasında, artıq tam müstəqil ölkədir" deyə bildirirdi.

Azərbaycan müstəqil dövlət kimi 24 ildir mövcuddur. Bu mövcudluq xalqımıza böyük stimul verir. Müstəqil Azərbaycanımızın yeni yaşı mübarək!

 

İradə SARIYEVA

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.