“Xalq qəzeti”.-2015.-18 oktyabr.-N 227.-S.1.

 

Prezident İlham ƏLİYEV: Bütün təzyiqlərə, bəzi hallarda təxribatlara baxmayaraq, öz yolumuzdan dönməyəcəyik

 

Azərbaycanın sürətli inkişafı, dünya birliyində reytinqinin getdikcə yüksəlməsi və demokratik prinsiplərin qorunmasına xüsusi önəm verməsi və digər amillər ölkəmizlə əməkdaşlıq edən dövlətlərin sayını getdikcə artırır.

Prezident İlham Əliyev tərəfindən bir-birinin ardınca imzalanan amnistiya və  əfv sərəncamları dövlətimizin humanizm prinsiplərinə sadiqliyini nümayiş etdirir. Bir faktı qeyd edək ki, Azərbaycanda son  10 ildə 35 min 240 nəfərdən çox məhkum azadlığa buraxılıb. Respublikamız beynəlxalq aləmdə sədaqətli  dost, tolerant ölkə kimi tanınır. Bunu dünyanın tanınmış diplomatları də təsdiqləyirlər. ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekutanın fikirləri də bunun bariz ifadəsidir. Səfir bu yaxınlarda verdiyi açıqlamalarının birində demişdir: “Azərbaycan haqlı  olaraq irqlərin və dini inancların tolerantlıq, dostluq ölkəsi kimi tanınmışdır. Bir çox qüvvələr Azərbaycanın formalaşdırdığı bu prinsipə qarşı çıxmışlar. Hər millətdə, hər bir nəsildə biz bu yaxşı tendensiyanı qorumalı, qeyri-tolerant qüvvələrə qarşı mübarizə aparmalıyıq.”

 

Ölkəmizin humanizm prinsiplərinə sadiqliyini Avropa Şurasının baş katibi T.Yaqlandın fikirləri də təsdiqləyir. O, bu günlərdə bildirib ki, Türkiyə və Azərbaycan kimi müsəlman əhalisi olan ölkələr öz qapılarını qaçqınların üzünə açmağa daha çox hazırdırlar: “Biz isə Avropada qapıları daha çox qaçqınların üzünə bağlayırıq, hətta, onları qovuruq”. Baş katibin bu açıqlaması müstəqil dövlətlərə demokratiya, humanizm prinsipləri, insan haqlarının müdafiəsi “dərsi” keçmək istəyən Avropanın iç üzünü bir daha açır.

Əslində, ərazisinin 20 faizi 23 ildən artıqdır ki, işğal altında olan Azərbaycan Avropanın ikiüzlü siyasəti, ikili standartları, işğalçını öz adı ilə adlandırmaması faktı ilə çoxdan tanışdır. Dünyanın ən nüfuzlu qurumları Ermənistanın işğalçılıq siyasətini pisləsə də və bu barədə qətnamələr qəbul etsələr də, bütün bunlar yalnız kağız üzərində qalıb. Yeri gəlmişkən, xatırladım ki, BMT Təhlükəsizlik Şurası Ermənistan silahlı qüvvələrinin işğal etdiyi Azərbaycan ərazilərini qeyd-şərtsiz tərk etmələri barədə 4 qətnamə qəbul edib. Lakin 22 ildir ki, bu qətnamələr icra olunmamış qalır. Elə Avropa Şurası Parlament Assambleyası Avropa Parlamenti və digər nüfuzlu qurumlar da Ermənistanın işğalçılıq siyasətini pisləyən qətnamələr qəbul ediblər. Ancaq, bu qətnamələr də kağız üzərində qalıb. Çünki həmin qurumlar Ermənistanla yaxından əməkdaşlıq edir, bu ölkəyə heç bir ciddi təsir göstərmir və sanksiya tətbiq etmirlər. Əksinə, Azərbaycana qarşı daha aqressiv mövqe sərgiləyirlər.

Qərbin və Avropanın bir sıra dövlətlərinin və həmin dövlətlərin əlində alətə çevrilmiş bəzi beynəlxalq qurumların ölkəmizə təzyiq vasitələri və təhdidləri bizdə belə təsəvvür yaradır ki, Qərbin və Avropanın başbilənləri işğalçı ilə işğala məruz qalanları hələ də bir-birindən ayıra bilmirlər. Belələrindən biri də Avropa Şurasının baş katibi Torbyorn Yaqlanddır. Bu günlərdə qaçqınlara Avropanın qapılarının bağlı olduğunu, hətta, onların qovulduğunu, Azərbaycanda və Türkiyədə yurd-yuvalarından didərgin salınanlara böyük ehtiram göstərildiyini bildirən T.Yaqlandın Avropa Şurasının Azərbaycanda insan hüquqları üzrə birgə işçi qrupundan çıxması barədə verdiyi qərar başadüşülən deyil.  Axı, belə riyakarlıq nüfuzlu bir qurumun baş katibinə,  başqalarına insan haqlarının müdafiəsindən “dərs keçmək ”istəyən diplomata yaraşan sifət deyil.

Azərbaycan xalqı Avropa Şurasının baş katibinin bundan əvvəl də ölkəmiz haqqında qərəzli münasibətinin şahidi olmuşdu. Xatırladaq ki, Torbyorn Yaqland jurnalist Rasim Əliyevin ölümü ilə bağlı verdiyi açıqlamasında ölkəmizə qarşı qərəzli olduğunu gizlətməmişdi. Onun bəyanatı baş vermiş cinayətin motivi ilə tam ziddiyətli idi və hadisənin siyasiləşdirilməsinə xidmət edirdi. Bəzi Avropa təsisatlarının Azərbaycanda baş verən hər bir cinayət işinin məqsədyönlü şəkildə siyasiləşdirilməsi artıq adət halını alıb. T.Yaqland  da bu “ənənəni” davam etdirdi. Baş katibin açıqlamasından belə görünürdü ki, o, ətrafda baş verən hadisələrdən bixəbərdir. Əlbəttə ki, bu, diplomat üçün utancverici haldır.  Baş katib tövsiyə edirdi ki, “Vətəndaş cəmiyyəti ilə hakimiyyət arasında daxili dialoqun və inamın bərpası üçün yenidən işə başlanmalıdır”. Halbuki, Azərbaycanda  dövlət qurumları və vətəndaş cəmiyyəti arasında sıx dialoqun  mövcud olması beynəlxalq ictimaiyyətə də bəllidir. Bu dialoq özünü insan hüquqları da  daxil olmaqla, bütün mühüm məsələlərin müzakirəsində aydın şəkildə göstərir. Hətta, Avropa Şurasının nümayəndələri də dəfələrlə bu cür dialoqu səciyyələndirən görüşlərdə iştirak ediblər. Baş katibin isə bundan xəbərsiz olması təəccüb doğurur. Təbii ki, onun bu hadisəni siyasiləşdirmək cəhdi ölkəmizə növbəti təzyiq vasitəsi idi.

T.Yaqlandın  ölkəmizə təzyiq vasitəsinin növbəti addımı özünü çox gözlətmədi. Baş katibin mətbuat katibinin onun adından yaydığı bəyanatda Avropa Şurasının Azərbaycanda insan hüquqları üzrə birgə işçi qrupundan çıxdığı bildirilir. Səbəbi isə Vətənə xəyanətdə  və vergi ödəmələrindən yayındığına görə itiham olunan Leyla Yunusun, onun həyat yoldaşı Arif Yunusun və Xədicə İsmayılovanın həbs olunmalarıdır. Bəyanatda bildirilir: “Həbs edilmiş hüquq müdafiəçilərinin sayı artır, Avropa Şurası isə onların saxlanılma şəraitinin qəbuledilməz olduğu haqqında həyəcan doğuran məlumatlar alır”. Görəsən, bu fikri  səsləndirən Yaqland  hansı informasiya mənbələrinə istinad edib?

Ancaq bir milyondan artıq azərbaycanlının Ermənistan silahlı qüvvələri tərəfindən ata-baba yurdlarından didərgin salınaraq qaçqın və məcburi köçkün vəziyyətinə salınması Avropa Şurasının baş katibi üçün maraqlı deyil. Bax, budur insanlara “demokratiya dərsi” keçmək istəyən avropalı diplomatın demokratikliyi və humanistliyi. Yaqland bu cür emosional addım atmaqla  Avropa Şurası  kimi nüfuzlu bir qurumu  adi QHT səviyyəsinə endirdi.

Avropa təşkilatlarının Azərbaycana qarşı təzyiq vasitələrinə əl atmaları ilə ilk dəfə qarşılaşmırıq.  Bu il avqustun 10-da Avropa Parlamentinin  Azərbaycanla bağlı sərt qətnamə qəbul etməsi yaddaşlardan hələ də silinməyib. Qətnamədə parlamentarilər Azərbaycanı tənqid edərək insan haqları müdafiəçilərinin, jurnalist və digər vətəndaş cəmiyyəti fəallarının azad edilməsinə çağırıblar. Həmçinin, Azərbaycanla Strateji Əməkdaşlıq Razılaşması üzrə danışıqların dayandırılmasına çağırılır. Bunun ardınca T.Yaqlandın son qərarı ölkəmizə qarşı öncədən hazırlanmış təzyiq və təhdidin ssenarisinin tərkib hissəsidir. Əslində, Yaqland bu qərarın müəllifi yox, “ssenari müəllifləri”nin sözçüsüdür.

Zaman-zaman şahidi olmuşuq ki, Avropa Azərbaycana qarşı qətnamələr və bəyanatlar qəbul edərkən yalnız öz maraqlarına uyğun addım atır. Bunu  ölkəmizə qarşı qəbul olunan qətnamələrdən sonra Avropa mətbuatında dərc olunan məqalələr də təsdiqləyir. Məsələn, Brüsseldə fəaliyyət göstərən nüfuzlu “EurActiv” xəbər portalında yayımlanan məqalədə  Avropa ilə Azərbaycan arasında həyata keçirilən enerji layihələrinin təxirə salınmasından narahatlıq ifadə edilməsi də bunun sübutudur. Siyasi şərhçilərin belə bəyanat və qətnamələrdən sonra dərc olunan məqalələrin Avropanın Azərbaycana qarşı səhv qərar qəbul etdiyini etiraf etməsi ilə əlaqələndirirlər.

Avropa Şurasının baş katibi öz nümayəndəsini Nazirlər Komitəsinin Azərbaycanda insan haqları məsələsi ilə əlaqədar işçi qrupundan geri çağırması gözlənilən idi. Çünki Qərbin hazırladığı ssenariyə əsasən Almaniya Bundestaqı Azərbaycanda insan haqları barədə qətnamə qəbul etdi, ardınca Avropa Parlamenti də  belə bir addım atdı. İndi də “estafeti” Avropa Şurasının baş katibi qəbul edib. Baş katibin bu qərarı bir daha təsdiqlədi ki,  Avropa Şurası müstəqil qərarlar vermək, hadisələrə obyektiv yanaşmaq iqtidarında deyil. Avropa Şurası coğrafi baxımdan Avropanı əhatə etsə də, verdiyi qərarların sifarişinin okeanın o tayından gəldiyi hamıya bəllidir..

T. Yaqland yaydığı açıqlamada bildirir ki, “...Avropa Şurası qəbuledilməz saxlanma şəraiti barədə narahatlıq doğuran məlumatlar alıb”. Halbuki, Avropa Şurasının “siyasi məhbuslar” siyahısına adlarını saldığı Xədicə İsmayılova, İlqar Məmmədov, Leyla və Arif Yunuslar, istərsə də digərləri, dəfələrlə elan ediblər ki, onların saxlanma şəraitindən narazılıqları yoxdur. Digər tətəfdən, bu vaxta qədər həbsdə olan “siyasi məhbuslar”a qarşı heç bir işğəncə fakı qeydə alınmayıb. Bu faktlar da təsdiqləyir ki, Avropa Şurasının baş katibi saxtakarlıq edir və mövqeyində subyektiv mülahizələrə əsaslanır.

Ekspertlərin fikrincə, Almaniya Bundestaqının və Avropa Parlamentinin Azərbaycanla bağlı qətnaməsi, ATƏT-in parlament seçkilərini müşahidə etməkdən imtinası, Avropa Şurasının Azərbaycanda insan haqları məsələsi ilə əlaqədar işçi qrupundan çıxması...bütün bunlar noyabrın 1-də ölkəmizdə keçiriləcək parlament seçkilərinə kölgə salmağa hesablanıb.

Xatırladaq ki, 2005-ci ildə insan hüquqlarının müdafiəsi təşkilatlarının və Azərbaycan hakimiyyətinin nümayəndələrindən ibarət tərkibdə respublikamızda  insan hüquqları məsələləri üzrə birgə işçi qrupu yaradılmışdır. Lakin antiazərbaycan qüvvələr ölkəmizdə vətəndaş cəmiyyəti ilə hökumət arasında dialoqun qarşısını almağa səy göstərmişlər. Avropa Şurasının Parlament Assambleyası öz qərəzli yanaşması nəticəsində 2008-ci ildə işçi qrupunun fəaliyyətinin dayandırılmasına nail olmuşdur. Halbuki, işçi qrupunun fəaliyyəti dövründə 150-yə yaxın məhkum azad edilmişdir.

2014-cü ildə Avropa Şurasının baş katibi T.Yaqland Azərbaycan  Prezidenti İlham Əliyevə müraciət edərək birgə işçi qrupunun fəaliyyətinin bərpa olunmasını xahiş etmişdi. Dövlətimizin başçısı da  xoş niyyətini nümayiş etdirərək buna razılıq vermişdi. Göründüyü kimi, Avropa Şurasının nümayəndəsi Azərbaycan vətəndaş cəmiyyəti və hakimiyyət arasında dialoqların bərpasına yönəlmiş görüşlərdə 2014-cü ilin oktyabrından iştirak edib.

Qısa müddətdə işçi qrupunun fəaliyyəti nəticəsində insan hüquqlarının müdafiəsi təşkilatlarının siyahılarında qeyd olunmuş 16 nəfər azad edilmiş, 1 nəfərin cəza müddəti azaldılmışdır. Bu, onu göstərir ki, işçi qrupunun fəaliyyəti insan hüquqları ilə bağlı məsələlərin səmərəli şəkildə həll olunmasına, Azərbaycanda vətəndaş cəmiyyəti ilə hakimiyyət nümayəndələri arasında konstruktiv və açıq dialoqun inkişafına xidmət edir. Bütün bunlardan sonra Avropa Şurası baş katibinin öz nümayəndəsinin insan hüquqları məsələləri üzrə işçi qrupunun tərkibindən geri çağırılması barədə qərarına Qərbin sifarişinin yerinə yetirməsindən başqa ad vermək mümkün deyil.

Avropa Şurasının baş katibinin nümayəndəsinin işçi qrupunda olmaması heç nəyi dəyişməyəcək. Bunun işçi qrupunun fəaliyyətinə heç bir təsiri olmayacaq və Azərbaycan bundan sonra da insan hüquqlarının müdafiəsi yolunda öz qətiyyətli addımlarını yenə də atacaqdır.

Prezident İlham Əliyev  bu günlərdə Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı nitqində də bu məsələyə münasibət bildirərkən demişdir: “Biz son illər ərzində aparılan islahatlar nəticəsində bu səviyyəyə qalxa bilmişik. Müstəqillik, müstəqil siyasət, milli maraqlar bizim üçün əsas vəzifədir, əsas məsələdir. Biz bundan sonra da Azərbaycanın seçimini qoruyacağıq, Bütün  təzyiqlərə, bəzi hallarda təxribatlara baxmayaraq, öz yolumuzdan dönməyəcəyik. Sosial-iqtisadi göstəricilərimiz də bir daha təsdiq və sübut edir ki, biz düzgün yoldayıq.”

 

Əliqismət BƏDƏLOV.