“Xalq qəzeti”.-2015.-9 iyul.-¹ 146.-S. 1.

 

Azərbaycan-dünyada ən çox islahat aparan ölkə

 

Vaqif Bayramov

 

İyirmi dörd il öncə müstəqilliyini bərpa etmiş Azərbaycan bu gün sürətli iqtisadi inkişafı ilə  beynəlxalq aləmdə güclü nüfuz sahibi kimi tanınır. Artıq ölkə həyatının  bütün sahələrində köklü islahatlar aparılaraq mərkəzləşdirilmiş planlı sistemdən bazar iqtisadiyyatına keçid başa çatdırılmışdır və Azərbaycan böyük transmilli layihələrin təşəbbüskarı və aparıcı iştirakçısı kimi, regionun siyasi, iqtisadi və mədəni mərkəzinə çevrilmişdir.

Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən düzgün siyasət nəticəsində son 10 ildə ÜDM 3 dəfə, onun adambaşına düşən həcmi 2,6 dəfə, sənaye 3,6 dəfə, kənd təsərrüfatı 1,4 dəfə, dövlət büdcəsinin gəlirləri 12 dəfə artmışdır. Son illərdə büdcə kəsiri ÜDM-nin 1 faizindən çox olmamış, ölkənin xarici borcu ÜDM-nin 8,6 faizi səviyyəsindədir və hazırkı valyuta ehtiyatları isə bu borcu 8 dəfə üstələyir.

Bu gün  Azərbaycan iqtisadiyyatı Cənubi Qafqaz iqtisadiyyatının 80 faizə yaxın hissəsini təşkil edir. Sözsüz ki, dinamik iqtisadi inkişaf bu müddətdə əhalinin rifahının əhəmiyyətli dərəcədə yüksəlməsinə əlverişli zəmin yaratmışdır. Belə ki, 10 ildə əhalinin gəlirləri 6 dəfə, orta aylıq əmək haqqı 4,5 dəfə artmış, işsizlik səviyyəsi cəmi 4,9 faiz təşkil etmişdir.

Burada bir mühüm məqamı da xatırlatmaq yerinə düşər. Belə ki, hazırda Minilliyin İnkişaf Məqsədləri üçün dünyanın 128 ölkəsi yoxsulluğun 5 faizdən aşağı endirilməsi öhdəliyini götürmüş və həmin ölkələrdən yalnız 18-i buna nail olmuşdur. Azərbaycan da  dünyada qeyd edilən öhdəliyə nail olan 29 ölkədən biridir. Xatırladaq ki, bu münasibətlə BMT-nin  Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı cari ilin iyun ayında keçirdiyi konfransda ölkəmizi bu təşkilatın xüsusi medalı ilə təltif etmişdir.

Son on il ərzində Azərbaycanın əldə etdiyi uğurlar beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilmiş, hesabatlarda ölkəmizin reytinqləri davamlı olaraq yaxşılaşdırılmışdır. Belə ki, əsas agentliklər-“Fitch Ratings”, “Standart & Poor’s” və “Moody’s”,  hətta böhran illərində Azərbaycanın suveren reytinqini yüksəldərək investisiya reytinqi vermişlər.   “Dünya rəqabət qabiliyyətliliyi 2014-2015” hesabatında Azərbaycan 144 ölkə arasında 38-ci olmuşdur və artıq 6 ildir ki, MDB ölkələri arasında 1-ci yerdədir. Bununla yanaşı, Azərbaycan adambaşına düşən ümumi milli gəlirin həcminə görə “aşağı orta gəlirli” ölkələr qrupundan “yuxarı orta gəlirli” ölkələr qrupuna, insan inkişafı hesabatında “orta insan inkişafı” ölkələri qrupundan “yüksək insan inkişafı” qrupuna yüksəlmişdir.

Minilliyin İnkişaf Məqsədləri üçün dünyanın 128 ölkəsi yoxsulluğun 5 faizdən aşağı endirilməsi öhdəliyini götürmüş və həmin ölkələrdən yalnız 18-i buna nail olmuşdur. Azərbaycan da  dünyada qeyd edilən öhdəliyə nail olan 29 ölkədən biridir.

Respublikamızda davamlı iqtisadi inkişafı təmin edən ən mühüm şərtlərdən biri sahibkarlığın inkişaf etdirilməsi, biznes və investisiya mühitinin davamlı olaraq yaxşılaşdırılmasıdır. Sahibkarlığın inkişaf etdirilməsi Azərbaycan hökumətinin prioritetlərindən biridir. Bu məqsədlə mütərəqqi qanunvericilik bazası yaradılmış, bu sahəyə səmərəli dövlət dəstəyi mexanizmləri formalaşdırılmış, beynəlxalq təcrübədə uğurla sınaqdan çıxmış təşkilati-hüquqi modellərin, o cümlədən sənaye parklarının və məhəllələrin, aqroparkların, biznes inkubatorların və digərlərinin yaradılmasına başlanılmışdır. Bununla yanaşı, dövlət idarəetmə sistemində, məhkəmə və hüquq, korrupsiyaya qarşı mübarizə sahələrində ciddi institusional islahatlar aparılır. Eyni zamanda, investorların hüquqları etibarlı şəkildə qorunur, inzibati prosedurlar sadələşdirilir və şəffaf mexanizmlər tətbiq edilir.

Görülən işlər nəticəsində Azərbaycanda güclü orta sahibkarlar təbəqəsi formalaşmış, müasir texnologiyalara əsaslanan minlərlə müəssisə açılmış, sahibkarlarımız xarici ölkələrdə uğurla fəaliyyət göstərməyə başlamışlar. Son 10 il ərzində sahibkarlıq subyektlərinin sayı 2,5 dəfə artmış, məşğulluqda özəl sektorun payı 73 faiz, vergi daxilolmalarında 70 faiz, ümumi daxili məhsulda özəl sektorun xüsusi çəkisi təqribən 82 faiz təşkil etmişdir.   İndiyədək iqtisadiyyata 200 milyard dollardan çox investisiya qoyulmuşdur ki, bunun da yarısı xarici investisiyalardır.

Azərbaycanda biznes və investisiya mühitinin yaxşılaşdırılması istiqamətində aparılan siyasət, görülmüş işlər, reallaşdırılan islahatlar nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilir. Məsələn, respublikamız bu il 189 ölkənin iqtisadiyyatını qiymətləndirən “Doing Business-2015” hesabatında ən çox islahat aparan 10 ölkə sırasında 8-ci olmuşdur. 

Yeri gəlmişkən, ekspertlər tərəfindən  2018-ci ilədək iqtisadiyyatımızın 23 faiz, yəni 12,6 milyard manat artacağı proqnozlaşdırılır. Bu müddət ərzində qeyri-neft sektoru 31,9 milyard manatdan 48,7 milyard manata qədər artacaq. Nəticədə ölkə iqtisadiyyatının neft amilindən asılılığı yaxın 4 ildə kifayət qədər azalacaq ki, bu da Azərbaycanda daha dayanıqlı maliyyə sisteminin formalaşmasını, işsizliyin və yoxsulluğun daha da  azalmasını, rəqabətlilik indeksinin artımını təmin edəcək.

Təbii ki, iqtisadi artım fonunda 2015-2017-ci illərdə əhalinin gəlirləri, orta aylıq əməkhaqqları da artacaq. Nəticədə növbəti dörd ildə əhalinin gəlirləri orta hesabla illik 4-7 faiz artaraq 2017-ci ildə təxminən 56 milyard manata qədər yüksələcək. Bunu şərtləndirən əsas amil isə növbəti illərdə qeyri-neft sektorunun ölkə iqtisadiyyatında öz yerini möhkəmləndirməsi olacaq. Çünki neft sektorunda çalışanlarla müqayisədə qeyri-neft sektorunda məşğul əhalinin təxminən 40 dəfə artıq olması bu sahədəki inkişafın əhalinin daha böyük kəsiminin həyat şəraitinin yüksəlməsini və gəlirlərinin artmasını təmin edəcək. Bu müddət ərzində orta aylıq əmək haqqının da təxminən 41 faiz artaraq 618 manata çatması ehtimal edilir.

Beynəlxalq aləmdə etibarlı tərəfdaş olan və müqavilələrdən irəli gələn öhdəliklərini tam şəkildə və vaxtında yerinə yetirən Azərbaycanın təşəbbüskarı olduğu transmilli enerji layihələri bu gün artıq nəinki regionun, hətta Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır. Bu sahədə 1994-cü ildən başlayaraq neft və qaz yataqlarının işlənməsi, enerji daşıyıcılarının Bakı-Tbilisi-Ceyhan və digər neft kəmərləri, eləcə də Cənub qaz dəhlizi və digər qaz kəmərləri vasitəsilə dünya bazarlarına çıxarılması layihələri uğurla həyata keçirilməkdədir. Digər tərəfdən, şərq-qərb və şimal-cənub istiqamətlərində magistral yolların yenidən qurulması regional əməkdaşlığın inkişafına, ölkəmizin tranzit potensialından səmərəli istifadəyə şərait yaradır, Azərbaycanı mühüm tranzit qovşağına, Avrasiya nəqliyyat dəhlizlərinin əhəmiyyətli halqasına çevirir. Məsələn, “Dəmir ipək yolu” adlandırılan Bakı-Tbilisi-Qars dəmir yolunun bu il istifadəyə verilməsi ilə sərnişinlərin və yüklərin Çindən Londonadək dəmir yolu vasitəsilə daşınmasına imkan yaranacaq.

Qeyd etmək lazımdır ki, enerji, nəqliyyat və digər regional infrastruktur layihələrinin həyata keçirilməsində Azərbaycan Türkiyə, Rusiya, Gürcüstan və digər ölkələrlə sıx əməkdaşlıq edir. Bununla yanaşı, ticarət, investisiya, enerji mübadiləsi kimi sahələrdə də region ölkələri bizim əsas tərəfdaşlarımızdır.

Təəssüflər olsun ki, regional əməkdaşlığın genişləndirilməsi bəzi problemlərlə müşayiət olunur ki, bunların da ən ciddisi, ağrılısı Ermənistan– Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın apardığı işğalçılıq siyasəti, Azərbaycanın ərazisinin 20 faizinin işğal altında saxlanılmasıdır. Bu siyasət nəticəsində işğalçı dövlət özü bütün regional layihələrdən kənarda qalıb və işğala son qoyulmayınca bu ölkənin hər hansı layihədə iştirakı mümkün olmayacaqdır.

Respublikamız bu il 189 ölkənin iqtisadiyyatını qiymətləndirən “Doing Business-2015” hesabatında ən çox islahat aparan 10 ölkə sırasında 8-ci olmuşdur.

Azərbaycanın inkişafının hazırkı mərhələsində qarşıya qoyulmuş əsas hədəflər çoxşaxəli, innovasiya yönümlü iqtisadiyyatın formalaşdırılması, əhalinin rifahının davamlı olaraq yaxşılaşdırılması, elmin, mədəniyyətin inkişafında, ictimai həyatın bütün istiqamətlərində yeni nailiyyətlərin əldə olunmasıdır. Dövlət başçısının 29 dekabr 2012-ci il tarixli fərmanı ilə təsdiq edilmiş,  Heydər Əliyev ideyalarından güc alan “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsində mühüm rol oynayacaqdır. Konsepsiyada nəzərdə tutulmuş tədbirlərin icrası nəticəsində 2020-ci ilədək  ölkədə qeyri-neft sektorunun inkişafı hesabına ÜDM-in həcminin iki dəfə artırılması nəzərdə tutulmuşdur.   Rəqabətqabiliyyətli iqtisadiyyatın qurulması sahəsində innovasiya fəaliyyətinin genişləndirilməsi üçün müvafiq qanunvericilik bazasının  və zəruri mexanizmlərin yaradılması davam etdiriləcəkdir. Bunun üçün həlledici şərtlərdən biri kimi çıxış edən insan kapitalının davamlı olaraq inkişaf etdirilməsi əsas istiqamətlərdən biri olaraq qalacaqdır. Konsepsiyada nəzərdə tutulmuş vəzifələrə nail olunması ölkəmizin qüdrətinin daha da artmasını, beynəlxalq müstəvidə mövqeyinin möhkəmlənməsini və əhalinin rifahının daha da yaxşılaşmasını təmin edəcəkdir.