Yeni Azərbaycan.-2015.-2 iyul.-ą 117.-S.6.

 

Azərbaycançılıq ideologiyası dünya azərbaycanlılarını birləşdirən milli məfkurə kimi

 

Nurlan Qələndərov

 

Hər bir xalqın tarixi və milli ideologiyası onun dünyada özünəməxsus yer tutması üçün mövcud olan milli kimlik pasportudur. Tarixin müxtəlif dövrlərində müəyyən işğallara, istilalara, müxtəlif xalqlar tərəfindən assimilyasiya olunma cəhdlərinə məruz qalmasına baxmayaraq, Azərbaycan xalqı sahib olduğu milli dəyərlərini daim ən yüksək səviyyədə mühafizə etməklə mənəvi-ideoloji baxımdan özünün milli həmrəyliyini və bütövlüyünü qoruyub saxlaya bilib.

 

Milli ideologiya ictimai-siyasi zərurət qismində

 

Müstəqillik əldə etdikdən sonra milli-mənəvi dəyərlərimizi sistematik formada konseptuallaşdıraraq mühafizə və təbliğ etmək vəzifəsi xalqımızın qarşısında başlıca məsələ kimi dayanırdı. Bunun üçün isə sistemləşdirilmiş dövlət dəstəyi və qayğısı lazım idi. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə gəlişindən sonra bu missiyanın reallaşdırılması yönündə strategiya hazırlandı və onun sistemli şəkildə reallaşdırılması prosesi uğurla həyata keçirildi. Milli-mənəvi dəyərlərimizin daha geniş miqyasda təbliği, ölkəmizin iştirakçısı olduğu sivilizasiyalararası dialoqun formalaşdırılması və inkişaf etdirilməsi, Azərbaycandakı milli azlıqların – müxtəlif xalqların nümayəndələrinin milli həmrəylik şəraitində inteqrasiyaya cəlb olunması mövcud strategiyanın praktik olaraq ana ünsürlərini təşkil edirdi. Bu kontekstdə milli həmrəylik və bütövlük yarada biləcək ideologiya yalnız 1993-cü ildəki siyasi dönümdən sonra müəyyənləşdirildi.

Ümumiyyətlə, ən müxtəlif nəzəri-konseptual mənbələrdə və tətbiqi araşdırmalarda belə bir yekun qənaət ifadə edilir ki, universal səciyyəli, milli dəyərlərin və rasional ənənələrin ehtiva olunduğu və adekvat surətdə əks edildiyi ideologiya milli gücün keyfiyyət ünsürü kimi dəyərləndirilməlidir. Başqa sözlə, bir milləti və ya xalqı digərindən fərqləndirən, onun mənəvi potensialını ehtiva edən, həmçinin, milli mövcudluğunun mənəvi əsasını təşkil edən milli ideologiya ümummilli inkişafı təmin edən keyfiyyət ünsürü kimi səciyyələndirilir. Çünki özündə ehtiva etdiyi ümumi prinsiplərə və dəyərlərə müvafiq olaraq monist yox, universal səciyyəli milli ideologiya normativ-semantik strukturuna görə fərdi və ictimai şüurun struktur elementlərini təkmilləşdirən və onun bütövlüyünü təmin edən mənəvi mexanizm qismində çıxış etməklə yanaşı, ümummilli inkişafın da təkanverici keyfiyyət ünsürü və fundamental faktoru önəmi daşıyır.

Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin müəllifi olduğu azərbaycançılıq ideologiyası isə özündə ümumbəşəri səciyyə daşıyan və milli dəyərlərə cavab verən prinsipləri ehtiva etməklə milli həmrəyliyi təmin edən mənəvi-ideoloji mexanizm oldu. Azərbaycançılıq təkcə bu dövlətin ərazisində yaşayan şəxsləri yox, eyni zamanda, bütün dünyada məskunlaşan azərbaycanlıları əhatə edərək dünya azərbaycanlılarının milli istinad mənbəyinə çevrildi. Bundan sonra görülən davamlı tədbirlər sayəsində xalqın, milli dövlətimizin məfkurəsinə çevrilən azərbaycançılıq ideologiyası mənəvi-ideoloji müstəvidə milli inkişafın praktik modelinə çevrildi. Azərbaycançılıq real tarixi keçmişimizlə, milli mentalitetimizlə və mövcud dəyərlərlə sıx bağlı olduğundan qısa zaman kəsiyində cəmiyyət tərəfindən qəbul olundu. Digər tərəfdən, bu ideologiya siyasi mənsubiyyətindən və dini əqidəsindən asılı olmayaraq, bütün etnik qrupların, milli azlıqların hüquqlarını paritet əsasda təsbit etdiyindən milli həmrəylik mənbəyinə çevrildi. Başqa sözlə, ictimai şüurun spesifik səviyyəsi kimi müstəqil Azərbaycan dövlətinin ideya əsasına və dünya azərbaycanlılarını birləşdirən milli məfkurəyə çevrilən azərbaycançılıq ideologiyası ölkədəki bütün konfessiya və etnosların həmrəylik və qarşılıqlı anlaşma mühitində yaşamasını təmin edən ideoloji faktor səciyyəsi daşıdı.

Azərbaycançılıq ideologiyasına mənəvi sərvət kimi yanaşan Ümummilli lider Heydər Əliyev deyirdi: “Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı-Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq. azərbaycanlılar harada yaşamalarından asılı olmayaraq daim öz milli, mənəvi dəyərlərinə, milli köklərinə sadiq olmalıdırlar. Bizim hamımızı birləşdirən, həmrəy edən azərbaycançılıq ideyasıdır, azərbaycançılıqdır. Azərbaycan dövləti müstəqilliyini əldə edəndən sonra azərbaycançılıq aparıcı ideya kimi həm Azərbaycanda, həm də bütün dünyada yaşayan bütün azərbaycanlılar üçün əsas ideya olub. Azərbaycançılıq öz milli mənsubiyyətini, milli-mənəvi dəyərlərini qoruyub saxlamaq, eyni zamanda, onların ümumbəşəri dəyərlərlə sintezindən, inteqrasiyasından bəhrələnmək və hər bir insanın inkişafının təmin olunması deməkdir”.

 

Azərbaycançılıq ideologiyası neokonservatizmin milli modeli kimi

 

Sadalanan keyfiyyət və xüsusiyyətlər kontekstində onu da qeyd etmək lazımdır ki, Azərbaycançılıq ideologiyası özündə ehtiva etdiyi təməl prinsiplərə görə liberalizmlə mühafizəkarlığın bir sıra prinsiplərindən ibarət olan neokonservatizm ilə sıx bağlıdır. Akademik Ramiz Mehdiyev “Yeni siyasət: inkişafa doğru” kitabında yazır ki, azərbaycançılıq coğrafi məkan baxımından neokonservatizmin milli variantı, onun prinsip və ideyalarının Azərbaycanın konkret şəraitində təcəssümüdür: “Metodoloji prinsip baxımından – ümuminin və xüsusinin, yəni birincinin və ikincinin nisbəti baxımından azərbaycançılıq ikinci kimi çıxış edir. Azərbaycançılıq və neokonservatizm bir-birini zənginləşdirərək vahid tam kimi çıxış edirlər. Buna görə də azərbaycançılığın milli ideologiya kimi qəbul edilməsi ölkəmizin sivilizasiyalı dövlətlər sırasına daxil olması, ümumdünya oriyentirləri və meyilləri kontekstində daha uğurlu inkişafı üçün möhkəm zəmin yaradır. Neokonservatizm və azərbaycançılıq öz ləyaqətini itirməmiş xalqın sağlam düşüncəsinə, zəkasına eyni dərəcədə söykənir. Bu mənada vətənpərvərlik öz vətəninə, ölkəsinə, xalqına məhəbbət deməkdir və onun şovinizm ilə, milli müstəsnalıq və etnoeqoizm ilə heç bir əlaqəsi yoxdur. Əsrlərin, minilliklərin dərinliklərindən gələn ənənəyə mənsubluq bizim mədəniyyətimiz kimi qədim mədəniyyət üçün dövlətçiliyin əsasını, bütün vətəndaşların rifahı naminə dövlətin mövcudluğunun və inkişafının əsasını təşkil edir. Məhz buna görə zəngin keçmişi olan dövlət fərdi və ya qrup mənafelərinin mexaniki məcmusunun ifadəsi deyildir, əksinə, bütün cəmiyyətin ali mənafelərinin təcəssümüdür. O mənafelərin ki, vətəndaş onların naminə təkcə öz mülkiyyətini deyil, həm də həyatını qurban verməyi bacarmalıdır”.

 

Azərbaycançılıq ideologiyasının təbliği gəncliyin vətənpərvərlik ruhunda tərbiyəsi baxımından müstəsna əhəmiyyət kəsb edir

 

Vurğulayaq ki, Ümummilli lider Heydər Əliyevin milli ideologiya kontekstində əsasını qoyduğu siyasət Prezident İlham Əliyevin rəhbərliyi ilə müasir dövrün tələblərinə, qanunauyğunluqlarına və reallıqlarına müvafiq surətdə modernləşdirilmiş formada davam etdirilir. Azərbaycançılıq ideologiyası hər bir azərbaycanlının milli istinad və qürur mənbəyi kimi çıxış edir. Buna paralel olaraq dövlətimizin həyata keçirdiyi iqtisadi, sosial, hüquqi və mədəni siyasətin səmərəli nəticələri bütövlükdə milli-mənəvi dəyərlərimizin inkişafına, qorunmasına, təbliğinə xüsusi stimul və təkan verir.

O da qeyd edilməlidir ki, azərbaycançılıq ideologiyasının sistemli şəkildə təbliği gəncliyin vətənpərvərlik ruhunda tərbiyəsi baxımından da müstəsna əhəmiyyət kəsb edir. Ümumiyyətlə, müasir dövrdə – qloballaşma şəraitində hər bir ölkənin milli inkişaf siyasətinin əsasında dayanan fundamental faktorlardan biri də milli-mənəvi dəyərlər və milli ideologiya əsasında gənclərin inkişafı və tərbiyəsinin təmin edilməsidir. Şübhəsiz, bu, sistemli və çoxşaxəli məsələ kimi çıxış etdiyinə görə özündə bir çox məsələləri ifadə edir. Dövlətin yüksək səviyyəli diqqət və qayğısının fonunda mütəmadi olaraq inkişaf edən Azərbaycan gəncliyi həm milli-mənəvi dəyərlərin, milli ideologiyanın mənimsənilməsində, həm də təbliğində aktiv – dinamik təbəqə kimi çıxış edir. Əsas məsələ isə budur ki, Azərbaycan gəncliyi bu kontekstdə dövrün tələb və reallıqlarına uyğun surətdə çevik və səmərəli fəaliyyət mexanizmi ilə milli inkişafa strateji töhfələr verir.

 

Ana dilimizin qorunması azərbaycançılıq ideologiyasının təbliği kontekstində

 

Bundan başqa, Azərbaycançılıq ideologiyası çərçivəsində diqqət yetirilən mühüm strateji istiqamətlərdən biri də ana dilimizin qorunmasıdır. Azərbaycan dövləti bu istiqamətdə mühüm addımlar ataraq sistematik tədbirlər görür. Bununla bağlı bir neçə nüansı diqqətə çatdırmaq zəruridir. 2001-ci il avqustun 1-də Ulu öndər Heydər Əliyev tərəfindən Azərbaycanda latın qrafikalı əlifbaya keçməklə bağlı Sərəncam imzalandı. Dövlət tərəfindən rəsmi şəkildə latın qrafikalı əlifbanın qəbul olunması Azərbaycan dilinin inkişafında keyfiyyətcə yeni mərhələ açmış oldu. Bunun ardınca görülən kompleks tədbirlər bəhs olunan istiqamətdə müstəsna əhəmiyyət kəsb etdi. Eyni zamanda, Prezident İlham Əliyevin dilimizin mühafizəsi və inkişafına göstərdiyi yüksək səviyyəli diqqət və qayğı bu sahədə əldə edilən nailiyyətlərin davamlılığını təmin edən fundamental faktor oldu. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən milli siyasətin mühüm strateji istiqaməti kimi Azərbaycan dilinin mühafizəsi və təbliği yönündə reallaşdırılan fundamental tədbirlər milli ideologiyanın – azərbaycançılığın daha da möhkəmlənməsini və kütləvilik səviyyəsinin daha da artmasını şərtləndirdi.

Bunlarla yanaşı, Prezident İlham Əliyevin imzaladığı Fərman və sərəncamlar milli dilimizin mühafizəsi və inkişafı yönündə mühüm əsas olmaqla yanaşı, eyni zamanda, milli identikliyi də gücləndirən əhəmiyyətli mexanizm oldu. “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 12 yanvar 2004-cü il tarixli Sərəncamı və “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 12 yanvar 2004-cü il tarixli Fərmanı bu sahədə xüsusi əhəmiyyət kəsb etdi.

Beləliklə, Ulu öndər Heydər Əliyevin təməlini qoyduğu milli siyasətin fonunda milli dilimizin – Azərbaycan dilinin mühafizəsi və inkişafı yönündə həyata keçirilən operativ və effektiv işlərin Prezident İlham Əliyev tərəfindən dövrün aktual çağırışlarına və qanunauyğunluqlarına müvafiq surətdə uğurla davam etdirilməsi Azərbaycan dilinin milli həmrəylik, bütövlük və identikliyi təmin edən əsas kimi çıxış etməsini şərtləndirmiş oldu.