“İki sahil”.-2015.-13 iyun.-¹ 106.-S.18-21.

 

Qurtuluş: Müstəqilliyimizin əbədilik qarantı

 

Həyatının mənasını Azərbaycan dövlətinə, xalqına xidmətdə görən ulu öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə QAYIDIŞI ilə ölkəmiz dünya birliyi ailəsində günəş kimi parladı.

 

1991-1993-cü ilin iyun ayına qədərki dövr: Xaos, anarxiya, özbaşınalıq, iqtisadi böhran dövrü

 

Prezident İlham Əliyevin "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümü haqqında" Sərəncamında qeyd etdiyi bu fikirləri bir daha xatırlatmaq istərdik: "SSRİ-nin süqutunun qaçılmaz şəkil alması onun tərkibinə daxil olan bütün müttəfiq respublikalara müstəqillik əldə etmək imkanı yaratdı. Azərbaycan Respublikası 1991-ci il oktyabrın 18-də qəbul etdiyi "Azərbaycan Respublikasının Müstəqilliyi haqqında Konstitusiya Aktı" ilə Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğunu bəyan edərək öz dövlət müstəqilliyini və suverenliyini beynəlxalq aləmə bəyan etdi. Qısa müddət ərzində dünya birliyi ölkələri və Birləşmiş Millətlər Təşkilatı tərəfindən tanınmaqla beynəlxalq hüququn subyektinə çevrildi. Həmin gün tariximizə dövlət müstəqilliyinin bərpası günü kimi daxil oldu. Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı, himni və gerbi dövlət atributları kimi qəbul edildi və onun yarandığı 28 may günü Respublika Günü kimi qeyd olunmağa başladı."

Azərbaycanın 24 ilə yaxın müstəqillik tarixinin ilk səhifəsinə nəzər saldıq. Qeyd etdiyimiz kimi, müstəqilliyimizin tarixi 28 may 1918-ci ildən başlansa da, 1991-ci ildən, yəni müstəqilliyimizin bərpasından sonrakı dövrün təhlili hər zaman bir zərurətə çevrilir. Bu zərurəti şərtləndirən əsas amillərdən biri tariximizə Milli Qurtuluş Günü kimi daxil olan 1993-cü ilin 15 iyun gününün dövlətimizin, xalqımızın həyatında hansı rola malik olduğunu daim təbliğ etmək, bugünkü gənc nəslə çatdırmaqdır.

1991-1993-cü ilin iyun ayınadək olan dövrdə ölkəyə rəhbərlik edənlərin səriştəsizliyi, səbatsızlığı ucbatından Azərbaycanda baş verən siyasi böhran, daxili çəkişmələr, vəzifə davası ölkənin müstəqilliyini təhlükə qarşısında qoymuşdu. Paytaxtda yaranan xaosun davamı kimi ölkənin ikinci ən böyük şəhəri olan Gəncədə baş verən hadisələr Azərbaycanın məhvinə yönəldilmiş cinayət, bir qığılcım idi. Gəncə qiyamı o dövrdə hakimiyyətdə olan AXC-Müsavat iqtidarının yarıtmaz əməllərinin, səriştəsizliyinin nəticəsi idi. Əslində o dövr Azərbaycanda hakimiyyətsizlik illəri kimi xatırlanır. Hadisələrin fəsadlarından, hansı istiqamətə yönələcəyindən xəbərsiz xalq isə vahimə içərisində idi. Elə o ağır vaxtlarda öz xilaskarını gözləyən xalqın nəzərləri Naxçıvana dikilmişdi. Faciəvi dövr yaşayan xalq öz xilaskarını Bakıya dəvət etdi. 1990-cı ilin əvvəllərində törədilən Yanvar hadisələrinə siyasi qiymət verən, ölkədə baş verən hadisələri milli maraq və dövlətçilik mənafeyi baxımından təhlil edən ümummilli lider, dahi şəxsiyyət, böyük siyasi xadim Heydər Əliyev Gəncə hadisələri zamanı da müdriklik göstərdi. Bu müdrikliyin sayəsində xalq bəzi dağıdıcı qrupların hakimiyyət uğurundakı mübarizəsinin əsl mahiyyətini öyrəndi, öz maraqlarını daim xalqın millətin maraqlarından üstün tutan hakimiyyət hərislərinin xəyanətlərini bir daha gördü.

Hakimiyyətdə qalmaq naminə hər cür xəyanətə əl atan AXC-Müsavat iqtidarının dövləti idarəetmədə təcrübəsizliyi xalqımızın başına müsibət və bəlalar gətirdi. Belə bir çətin məqamda xalqın təkidli tələbi ilə ümummilli lider Heydər Əliyev iyunun 9-da Naxçıvandan Bakıya gəldi. Ulu Öndər xalqının xilası naminə həyatını təhlükə altına ataraq artıq vətəndaş müharibəsinin başladığı Gəncəyə getdi, vəziyyətlə yerində ətraflı tanış oldu, şəhər sakinləri ilə, əsgərlərlə, hərbi qulluqçularla görüşdü. Ulu öndər Heydər Əliyev iyunun 15-də respublika Ali Sovetinin növbəti iclasında Gəncə hadisələri barədə öz qəti fikrini bildirdi. Baş verənləri ümumiləşdirilmiş şəkildə qeyd etsək, ulu öndər Heydər Əliyevin Bakıya qayıdışı və Gəncəyə səfəri Azərbaycanın Qurtuluş yolunda ilk, həlledici addımı idi.

 

Doğma yurda xilaskar Qayıdışı

 

Ulu öndər Heydər Əliyevin Naxçıvanda yaşadığı illərə ardıcıl nəzər saldıqda aydın görünür ki, bu gün geniş bəhs etdiyimiz yeniliklərin, islahatların təməli o ağır günlərdə, çətin illərdə qoyulub. Məlum olduğu kimi, 1990-cı ilin iyulunda Moskvadan Bakıya qayıdan ulu öndər Heydər Əliyevin o vaxtkı hakimiyyət tərəfindən burada yaşamasına imkan verilməməsinə görə Ümummilli Lider doğulub boya başa çatdığı Naxçıvana üz tutmuş, elə həmin ildə də Azərbaycan Ali Sovetinə deputat seçilmişdir. O, 1991-ci ildən 1993-cü ilin iyun ayınadək Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri, Azərbaycan Respublikası Ali Soveti Sədrinin müavini olmuşdur.

Naxçıvan parlamentinin 1990-cı ilin noyabrında keçirilən sessiyasında ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanın suverenliyi və müstəqilliyi üçün böyük əhəmiyyəti olan mühüm qərarlar qəbul olundu. "Naxçıvan MSSR-in adının dəyişdirilməsi haqqında", "Naxçıvan MR dövlət hakimiyyəti orqanları haqqında", "Naxçıvan MR-in dövlət rəmzləri haqqında", "1990-cı ilin yanvar ayında törədilən Bakı hadisələrinə siyasi qiymət verilməsi haqqında" tarixi qərarlar dərin zəkadan yaranan siyasi uzaqgörənliyin nümunəsi olmaqla sonrakı islahatlar üçün başlanğıc oldu. Uzaqgörən siyasi xadim yaxşı bilirdi ki, azadlıq, müstəqillik olmadan inkişafdan, yeniliklərdən danışmaq qeyri-mümkündür. Beləliklə, Ulu Öndər mühüm qərarlar qəbul etməklə Azərbaycanın suverenliyini təsdiqləyən məsələlərin həllini sürətləndirdi. Ulu Öndərin Naxçıvandakı ən böyük xidmətlərindən biri də diaspor fəaliyyətinin təməlini qoyan 31 dekabr- Dünya Azərbaycanlılarının milli həmrəylik və birliyi barədə qərarın qəbulu oldu.

Ümummilli Liderin Naxçıvanda olarkən bütün Azərbaycana böyük xidmətlərindən biri də respublikanın sərhədlərinin, Naxçıvanın ermənilər tərəfindən işğalının qarşısının alınmasına yönəldilmiş Qars müqaviləsinin yenilənməsi oldu. Blokadada qalan naxçıvanlıların çətin vəziyyətdən çıxması üçün qonşu İran və Türkiyə ilə əməkdaşlıq gücləndi. Türkiyə ilə qonşu dövlətlər arasında əlaqələrin möhkəmləndirilməsi üçün "Ümid körpüsü" salındı. Paytaxt Bakı ilə yeganə nəqliyyat yolunun intensiv fəaliyyəti üçün geniş imkanlara malik hava limanı, Bakıda Naxçıvan nümayəndəliyi açıldı.

Bir məqamı da qeyd edək ki, bu gün ümumi daxili məhsulda (ÜDM) 85 faizdən artıq payı olan özəl bölmənin yaradılması üçün ilk addımlar da məhz o illərdə atıldı. Ulu Öndər "Naxçıvanda zərərlə işləyən kolxoz və sovxozların ləğv edilməsi və onların əsasında şəxsi təsərrüfatların yaradılması", "Rentabelli işləyən kolxoz və sovxozların ictimai mal-qarasının özəlləşdirilməsi" haqqında qərarlar qəbul etməklə sahibkarlıq üçün geniş imkanlar yaratdı.

Ən başlıcası isə bu gün Azərbaycanın ictimai- siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyasının təsis konfransı Naxçıvanda keçirildi.

Belə bir şəraitdə ulu öndər Heydər Əliyevin artıq ölkə hüdudlarını aşan şöhrətini gözü götürməyən, yeniliklərə siyasi qısqanclıqla yanaşan AXC-Müsavat iqtidarı təxribatlara əl atdı. Silahlı dəstələr yaratmaqla Naxçıvanda dövlət çevrilişi etmək istəyənlərin cəhdləri baş tutmadı. Onlar bir neçə dövlət idarəsini və radio-televiziya şirkətinin binasını zəbt edərək küllü miqdarda dövlət malını dağıtdılar. İnsanlara maddi və mənəvi ziyan vuruldu. Lakin çətinliklərə, silahlı dəstələrin hədələrinə əhəmiyyət verməyən naxçıvanlılar Bakıdan istiqamətləndirilən çevriliş cəhdlərinin qarşısını Ulu Öndərin bir çağırışı ilə aldılar. Xalq öz xilaskarını qorudu. Çünki Ulu Öndər Azərbaycan dövlətçiliyini qoruyan, xalqın sabaha inamını sönməyə qoymayan bir dahi idi. Bu birlik əsl xalq-iqtidar həmrəyliyi oldu.

Təbii ki, qısa təhlil fonunda ümummilli lider Heydər Əliyevin Naxçıvanda Azərbaycan üçün gördüyü taleyüklü işlərin az bir hissəsini qeyd etdik. Azərbaycanın gələcəyinin müəyyənləşdirilməsi, dövlətimizin qüdrətlənməsi yolunda atılacaq hər bir addımın reallaşması isə 1993-cü ildən, xalqın təkidli tələbi ilə Heydər Əliyev Bakıya gəlişindən sonra başlanan Böyük Qayıdışla mümkün oldu.

 

Ulu Öndər siyasi uzaqgörənliyi, qətiyyəti və müdrikliyi sayəsində müasir, qüdrətli Azərbaycanın təməlini qoydu

 

Dahi şəxsiyyət Heydər Əliyevlə müqayisə oluna biləcək Vətəninə, xalqına, millətinə bağlı ikinci böyük şəxsiyyət təsəvvür etmək mümkün deyil. Azərbaycana intibah dövrünü yaşadan, respublikanı aqrar ölkədən inkişaf etmiş sənaye ölkəsinə çevirən Heydər Əliyev həqiqi mənada irsi hər zaman öyrənilməyə ehtiyac duyulan dahi dövlət xadimi idi. Türkiyənin doqquzuncu prezidenti Süleyman Dəmirəlin vurğuladığı kimi, Azərbaycan xalqının bəxti onda gətirib ki, onun Heydər Əliyev kimi lideri var. Şəxsi həyatı, uzaqgörən, müdrik siyasəti ilə Azərbaycanın qərinədən artıq tarixini salnaməmizə yazan ümummilli lider Heydər Əliyev kimi dahilər yalnız xalqı, dövləti üçün yaşayırlar, söyləyənlər səhv etmirlər. Yazının əvvəlində qeyd etdiyimiz kimi, Ulu Öndər 1990-cı ilin yanvarın 20-də sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar ertəsi gün özünə və ailəsinə qarşı yönələn təhdid və təzyiqlərə baxmayaraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində mətbuat konfransı keçirərək kəskin bəyanatla çıxış edəndə də, xalqına qarşı törədilmiş cinayətin təşkilatçılarının və icraçılarının cəzalandırılmasını tələb edəndə də, Dağlıq Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etirazını bildirəndə də Ona güc, qüvvət verən xalqına bağlılığı, torpaq, Vətən məhəbbəti idi. Ümummilli Lider Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri kimi dövlətçiliyimizin atributu olan himn, üçrəngli bayraq və gerbimizin bərpasını vətəndaşlıq borcu adlandıranda da böyük qətiyyət göstərərək Azərbaycan naminə canından belə keçməyə hər an hazır olduğunu bildirmişdir.

1993-cü ilin may-iyun aylarında hökumət böhranının son dərəcə kəskinləşməsi ilə ölkədə vətəndaş müharibəsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandıqda Azərbaycan xalqı ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı tələbi ilə ayağa qalxdı. Azərbaycanın o zamankı rəhbərləri Heydər Əliyev fenomeni qarşısında acizliklərini hiss etsələr də xalqın tələbi ilə Ulu Öndəri rəsmən Bakıya dəvət etməyə məcbur oldular. İyunun 9-da Bakıya Qayıdışı ilə Azərbaycan dövlətçiliyinin xilaskarı kimi xalqa Qurtuluş yolunda bələdçilik edən ulu öndər Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin Sədri seçildi.

Dahi şəxsiyyət Heydər Əliyev üçün ən böyük dəyər, qiymət xalqın etimadı, Azərbaycanın müstəqilliyi, azadlığı, suverenliyi idi. 1969-1982-ci illərin əhatə edən hakimiyyətinin birinci dövründə o vaxtadək iqtisadi və mədəni tənəzzül dövrünü yaşayan Azərbaycanı Qırmızı Bayraqlar ölkəsinə çevirən ulu öndər Heydər Əliyev 1993-cü ildə hakimiyyətə qayıdışı, siyasi bacarığı, müdrikliyi ilə ölkəni vətəndaş müharibəsi təhlükəsindən, ictimai-siyasi pərakəndəlikdən xilas etdi və cəmiyyətin məqsədini, qayəsini öz varlığında, özünün güclü şəxsiyyətində təzahür etdirərək, doğma xalqını yenidən vahid bir məfkurə ətrafında səfərbər edib onun qəlbində sabaha inam hissi yaratdı.

Ulu öndər Heydər Əliyevin formalaşdırdığı və inkişaf etdirdiyi azərbaycançılıq fəlsəfəsi Azərbaycanın müasir dünyada əvəzsiz rolunu və xidmətini müəyyən etmiş, milli dövlətçiliyimizin bünövrəsini möhkəmləndirmiş, dünya azərbaycanlılarının həmrəyliyi üçün möhkəm zəmin yaratmışdır. Ümummilli Lider öz parlaq zəkası, siyasi hazırlığı və qətiyyəti sayəsində yeni, müasir müstəqil Azərbaycanı, onun bugünkü gerçəkliklərinin təmələni qoymuş, gələcəyə aparan yolların parametrlərini müdrikcəsinə müəyyən etmişdir.

Azərbaycanın müstəqil dövlət quruculuğuna aparan yolu məhz dahi liderin hakimiyyətə qayıdışından sonra başlamışdır. Ümummilli Lider Azərbaycançılıq ideyaları, milli özünüdərkin, milli özünəqayıdış təfəkkürünün formalaşması istiqamətində gördüyü işlər misilsizdir. İqtisadiyyatı bütövlükdə dərin böhran içərisində olan respublikanı yaranmış ağır vəziyyətdən qurtarmaq üçün çıxış yolunu xalqla birlik və həmrəylikdə görən, iqtisadi inkişafın prinsipial, konseptual yanaşma yollarını müəyyənləşdirən ulu öndər Heydər Əliyev əmin idi ki, millətin siyasi müstəqilliyinin özülünü onun iqtisadi cəhətdən azadlığı şərtləndirir.

 

Sabitlik hər bir inkişafın əsasıdır

 

Dahi şəxsiyyət Heydər Əliyev bildirirdi ki, əgər respublikada ictimai-siyasi sabitlik, sağlam ictimai-siyasi mühit olmasa heç bir sosial-iqtisadi proqramdan, yaxud problemlərin həllindən söhbət gedə bilməz. Ulu Öndərin gərgin səyləri nəticəsində 1994-cü il mayın 12-də atəşkəs sazişinin imzalanması ölkədə sabitliyin möhkəmləndirilməsində, digər sahələrdə uğurlu addımların atılmasında stimulverici amil rolunu oynadı. Ümummilli Lider bu reallığı da diqqətə çatdırırdı ki, sabitlik bütün inkişafın əsasıdır. Hər zaman qeyd edilən bu faktı yenə də təkrarən vurğulamağı özümüzə borc bilirik. Azərbaycan yerləşdiyi coğrafi məkana, malik olduğu təbii resurslara görə daim dünyanın diqqətində olub. Lakin bu diqqət və marağın illər keçdikcə daha da artdığı inkaredilməzdir.

Müstəqilliyimizin ilk illərində ölkədə hökm sürən qeyri-sabitlik, xaos, anarxiya iqtisadi əlaqələrin qurulmasında maraqlı olan dövlətlərin tərəddüdlərinə səbəb olsa da, 1993-cü ildə ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı ilə sabitliyin yaradılması bu tərəddüdlərin aradan qaldırılmasına yol açdı. 1994-cü ildə ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə "Əsrin müqaviləsi"nin imzalanması bunun əyani sübutudur.

 

"Əsrin müqaviləsi": İqtisadi inkişafın təməl prinsipi

 

Ulu öndər Heydər Əliyev bildirirdi: "Dünya təcrübəsi göstərir ki, heç bir ölkə beynəlxalq əməkdaşlıq, təcrübə mübadiləsi olmadan, səylər və ehtiyatlar birləşdirilmədən təkbaşına iqtisadi tərəqqiyə nail ola bilməz." Azərbaycanın daxilində yaranmış nisbi sabitlik və beynəlxalq aləmdə ölkəmizə artan inam 1994-cü il sentyabrın 20-də "Əsrin müqaviləsi" kimi tarixə düşən ilk neft müqaviləsinin imzalanmasına yol açdı. Müqavilənin imzalanması ulu öndər Heydər Əliyev tərəfindən işlənib hazırlanmış və müstəqil Azərbaycanın iqtisadi inkişaf konsepsiyasının əsasını təşkil edən neft strategiyasının həyata keçirilməsinin parlaq təzahürüdür. Bu siyasətin nəticəsidir ki, Azərbaycan zəngin ehtiyatlara malik neft-qaz ölkəsi kimi dünya enerji bazarında böyük nüfuza malikdir. Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycanın iştirakı və razılığı olmadan heç bir qlobal enerji, nəqliyyat layihəsi həllini tapa bilməz. BTC, BTƏ, BTQ kimi nəhəng neft-qaz kəmərləri, nəqliyyat infrastrukturu dünya birliyində ölkəmizin önəmini artırır.

"Əsrin müqaviləsi"ndən sonra onlarla sazişin imzalanması Azərbaycanın gələcəyinə inamın daha da artdığını bir daha təsdiqlədi. Tarixən neft ölkəsi kimi tanınan Azərbaycan, həmçinin qaz ixracatçısına çevrildi. Bu gün Azərbaycanın dünyanın enerji təhlükəsizliyinin təminatçısına çevrilməsi atəşkəs sazişinin imzalanmasından sonra ölkəmizdə möhkəmlənən sabitliyin, bunun nəticəsi olaraq mövcud enerji resurslarından səmərəli istifadəsinin təsdiqidir.

Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin neft strategiyasının əhəmiyyətini açıqlayaraq bildirir ki, "Əsrin müqaviləsi" imzalanmasaydı, bu gün Azərbaycanın iqtisadi imkanlarının, beynəlxalq aləmdə yeri və rolunun hansı səviyyədə olduğunu düşünmək çətin deyil. Azərbaycan neftinin 2006-cı ildə məhz 28 May- Respublika Günündə Ceyhan terminalına çatması bir daha Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsində "Əsrin müqaviləsi"nin nə kimi rol oynadığını açıqladı. Ötən il "Əsrin müqaviləsi"nin 20 illiyində "Cənub" Qaz Dəhlizinin təməlinin qoyulması da Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzunun təqdimatı oldu. Çoxtərəfli əməkdaşlığın başlanğıcı kimi dəyərləndirilən bu mühüm addımın perspektivləri ölkə və dünya mətbuatında geniş şərh olunur, Azərbaycanın dünyanın enerji təhlükəsizliyinin təminatında artan rolu təqdir edilir.

Neft strategiyasının uğurlu icrasına davamlı töhfələri ilə diqqət çəkən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) adı bu gün dünyanın aparıcı şirkətləri arasındadır. Xarici şirkətlərlə uğurla əməkdaşlıq ölkəmizə yeni, müasir təcrübəni gətirdi. Hazırda ölkəmizin, eyni zamanda SOCAR-ın malik olduğu iqtisadi və texniki imkanlar Xəzər dənizinin istənilən yerində qazma və kəşfiyyat işlərini aparmağa əsas verir. Yeni-yeni yataqların aşkarlanması yeni-yeni layihələrin gündəmə gətirilməsini şərtləndirir.

Bu gün Azərbaycan şirkətləri başqa ölkələrə böyük həcmdə investisiyalar qoyurlar. Beynəlxalq enerji bazarlarına çıxmaq üçün xarici investisiya layihələrini qətiyyətlə davam etdirən SOCAR dünyanın müxtəlif ölkələrində investisiya layihələri həyata keçirir. Dövlət başçısı İlham Əliyev Şirkətin qarşısında dünya miqyasında beynəlxalq və aparıcı şirkətlərin birinə çevrilmək vəzifəsini qoyub. SOCAR-ın adının nüfuzlu beynəlxalq şirkətlər sırasında çəkilməsi bu istiqamətdə atılan addımların uğurlu nəticəsidir. Son illər SOCAR 10-dan artıq ölkədə fəaliyyət göstərən nümayəndəlikləri, İsveçrə, Türkiyə, Gürcüstan, Ukrayna və Sinqapurdakı müəssisələri vasitəsilə dünya enerji bazarına inamla daxil olmuşdur. Xaricdəki investisiya layihələri özünü doğruldur və təqdir olunur. Beynəlxalq təşkilatların təmsilçilərinin açıqlamalarında da bu fikir öz əksini tapır ki, SOCAR-ı hər zaman uğur izləyir. Bu günlərdə ölkəmizdə ənənəvi olaraq keçirilən XXII Beynəlxalq Xəzər "Neft və Qaz 2015" sərgisi bir daha ölkəmizin enerji sektorunda qazandığı uğurlara, eyni zamanda SOCAR-ın gördüyü işlərə bir daha işıq saldı. Dövlət başçısı möhtərəm İlham Əliyev sərginin açılış mərasimində bir daha bu reallığı diqqətə çatdırmışdır: "Azərbaycanın həm zəngin neft-qaz resursları, həm cəsarətli siyasəti və düşünülmüş addımları Avropanın enerji xəritəsini yenidən tərtib edir. Bu, reallıqdır və bizim rolumuz getdikcə artacaq. Bu, ölkəmizi daha da gücləndirəcək. Bu, ölkəmizə həm siyasi, həm iqtisadi dividendlər gətirəcək və nəticə etibarilə Azərbaycan xalqının daha da yaxşı yaşamasını təmin edəcək."

 

Demokratik, hüquqi dövlət quruculuğu istiqamətində mühüm addımlar

 

Dahi şəxsiyyət Heydər Əliyevin qətiyyəti və məqsədyönlü siyasəti sayəsində Azərbaycan üçün təhlükə yaradan pərdəarxası oyunlara, siyasi anarxiya və ekstremizm hallarına son qoyulmuş, ölkədə cinayətkarlığın qarşısı alınmış, bütün qanunsuz silahlı dəstələr ləğv olunmuş, bütövlükdə Azərbaycanda dövlət quruculuğu prosesinin uğurla aparılması üçün şərait yaranmışdı. Azərbaycan dövlətçiliyinin mövcudluğuna böyük təhlükə olan 1994-cü il oktyabr və 1995-ci il mart dövlət çevrilişləri cəhdlərinin qarşısı ulu öndər Heydər Əliyevin siyasi uzaqgörənliyi və qətiyyəti sayəsində alındı. Dövlət müstəqilliyini bir daha qorumaqla özünün xilaskarlıq missiyasını davam etdirin Ulu Öndər xalq-iqtidar birliyinin sarsılmazlığını bütün dünyaya nümayiş etdirdi.

Ulu Öndərin hakimiyyətə qayıdışından sonra demokratik, hüquqi, sivil dövlət quruculuğu yolunu tutan ölkəmizdə müstəqil dövlət təsisatlarının yaranması və dövlət quruculuğu prosesi böyük vüsət aldı ki, bunun da əsasını müstəqil Azərbaycanın ilk Konstitusiyası təşkil edirdi. Ondan sonrakı dövrdə Azərbaycanda dövlətçiliyin möhkəmləndirilməsi və demokratik prinsiplərin bərqərar olması, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinin uğurla, sürətlə həyata keçirilməsi dahi şəxsiyyət Heydər Əliyevin adı ilə bağlıdır. 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq referendumunda xalqın iradəsinə uyğun olaraq yeni Konstitusiyanın qəbulu ilə Azərbaycanda dövlət quruculuğunun əsası qoyulmuşdur. Ötən dövrlərə qısa baxış bu reallığı ortaya qoyur ki, ilk gündən demokratik, hüquqi dövlət quruculuğu yolunu tutan müstəqil dövlətimiz bu istiqamətdə bütün maneələri dəf edərək, həyata keçirdiyi uğurlu islahatları ilə dünyanın diqqətindədir. "Azərbaycan demokratiya yolu ilə gedir və gedəcəkdir. Bu, bizim strateji kursumuzun mahiyyətini təşkil edir və biz heç vaxt bu yoldan dönməyəcəyik" söyləyən ulu öndər Heydər Əliyev ölkənin hərtərəfli inkişafını, insan hüquqlarının qorunmasını və müdafiəsini dövlətin siyasətində prioritet məsələ kimi öndə saxlayaraq bildirirdi ki, əgər hər hansı ölkənin xalqları öz hüquqlarını anlayır və onları qoruya bilirsə, o zaman ən kiçik dövlət belə ən böyük məmləkət qədər güclü olar. Ümummilli Lider eyni zamanda bildirirdi ki, Konstitusiya yaratmaq üçün tarixi keçmişimizə nəzər salmalıyıq, eyni zamanda ümumbəşəri dəyərlərdən, dünyanın demokratik dövlətlərinin əldə etdikləri nailiyyətlərdən, təcrübədən istifadə etməliyik, bəhrələnməliyik.

1995-ci il noyabrın 12-də qəbul olunan Milli Konstitusiyamız demokratikləşmə prosesinin daha da sürətlənməsinə yol açdı. Dahi şəxsiyyət Heydər Əliyev bildirirdi ki, Konstitusiya - Əsas Qanun ölkədə sabitliyi təmin etməlidir. Hər kəs Konstitusiya və qanunlara dönmədən əməl etməli, ondan irəli gələn dövlət və cəmiyyət qarşısında vəzifələri layiqincə yerinə yetirməli, ölkəmizdə gedən demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesində yaxından iştirak etməlidir. 24 ilə yaxın müstəqillik tariximizdə görülən işlər də sübut edir ki, Azərbaycan Ulu Öndərin müəyyənləşdirdiyi demokratik dəyərlərə daim sadiq qalmış, onu inkişaf etdirmiş, beynəlxalq təcrübənin ölkəmizdə tətbiqinə diqqətlə yanaşmışdır. İqtisadiyyatı hərtərəfli inkişaf etdirməklə əhalinin sosial müdafiəsinin təminatına qayğı ilə yanaşan ümummilli lider Heydər Əliyev insanların hüquq və azadlıqlarının qorunmasını dövlət siyasətinin əsas prioritetlərindən biri kimi önə çəkirdi. 1998-ci ildə imzaladığı "İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında" Fərmanda, "İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı"nda ölkədə insan hüquqlarının qorunması, beynəlxalq standartlara tam uyğunlaşdırılması üçün çox mühüm icra mexanizmləri nəzərdə tutulurdu. Bu sahədə müəyyən təcrübə toplamış beynəlxalq təşkilatlarla əməkdaşlıq, ölkədə hüquqi bazanın təkmilləşdirilməsi, kadr hazırlığına diqqətin artırılması, müxtəlif konvensiyalara, sazişlərə qoşulma müsbət nəticəsini göstərdi.

Ümummilli lider Heydər Əliyevin sədrliyi ilə fəaliyyət göstərən Komissiya tərəfindən hazırlanmış mükəmməl Milli Konstitusiyamızın bütün maddələrində insan amilinə diqqət, dövlətçiliyin möhkəmləndirilməsi üçün vətəndaşların üzərinə düşən öhdəliklər tam aydınlığı ilə müəyyənləşdirilib. Azərbaycan dünya birliyində insanların azad, sərbəst yaşadığı tolerant ölkə kimi özünü təsdiq edib. İlk dəfə olaraq Azərbaycanda ölüm hökmünün ləğv olunması, amnistiya aktları və əfv fərmanları ilə azadlıqdan məhrum edilmiş minlərlə məhbusun cəzasının çəkilməmiş hissəsindən azad olunması bütün dünyada insan amilinə diqqətin nümunəsi kimi dəyərləndirilir. Bu kimi sərəncamlar eyni zamanda vətəndaşların qanunlara hörmət etməsinə müsbət təsir göstərir və Ulu Öndərin insanpərvərlik ənənələrinin ölkəmizdə layiqincə davam etdirildiyini əks etdirir.

 

Demokratiya: Ölkəni dünyaya inteqrasiya etdirən yol

 

Azərbaycanda azad medianın inkişafı ilə bağlı çox önəmli qərarlar qəbul edilib. İlk gündən demokratik dövlət quruculuğu yolunu tutan Azərbaycanın bu istiqamətdə atdığı addımlar və onların uğurlu nəticələri göz qabağındadır. Qeyd etdiyimiz kimi, müstəqilliyimizin ilk illərində ölkədə mövcud gərgin ictimai-siyasi durum, xaos, anarxiya, özbaşınalıq digər sahələr kimi, mətbuata da öz mənfi təsirini göstərirdi. Söz, fikir azadlığının hər addımda boğulması, jurnalistlərin fiziki və mənəvi təzyiqlərə məruz qalması da həmin dövrün xarakterik cəhətlərindən idi. Ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı mətbuatımızın inkişaf tarixində də yeni bir mərhələnin əsasını qoydu. 1998-ci ildə mətbuata dövlətin nəzarət mexanizmi olan senzuranı ləğv etməklə azad, müstəqil mətbuatın inkişafı üçün geniş imkanlar açan ümummilli lider Heydər Əliyev imzaladığı sərəncamlarla cəmiyyəti maraqlandıran informasiya bolluğunun yaradılmasının təməlini qoydu. Belə ki, ölkədə xeyli sayda müstəqil mətbu orqanın və informasiya agentliklərinin, elektron KİV-lərin, jurnalist qurum və birliklərinin, bu sahəni əhatə edən qeyri-hökumət təşkilatlarının azad fəaliyyət göstərməsi üçün zəruri imkanlar yaradıldı. Məhz bu diqqət və qayğının bariz nümunəsi olaraq Ulu Öndər 2002-ci ildə "RUH" Azərbaycan Jurnalistləri Müdafiə Komitəsi tərəfindən "Jurnalistlərin dostu" mükafatına layiq görülmüşdür.

"Mətbuat cəmiyyətin güzgüsüdür" çağırışı Ulu Öndərin ən çox dəyər verdiyi ifadələrdən idi. Əsl, peşəkar jurnalistlərdən əsas tələbi də bu idi ki, heç vaxt, heç bir ləkə bu güzgünün təmizliyinə, saflığına ləkə gətirməsin. Ümummilli Liderimiz söz, mətbuat azadlığının inkişafına əngəl olan, süni maneələrin aradan qaldırılması üçün qanunvericilik bazasının təkmilləşdirilməsini təmin etdi, vətəndaş cəmiyyətinin quruculuğunu özünün inkişaf modeli seçən Azərbaycanda KİV-lərin rolunun artırılmasını başlıca məqsəd kimi qarşıya qoydu. Ulu öndər Heydər Əliyev bildirirdi ki, bizim ümumi məqsədimiz mətbuata daha da çox azadlıq vermək, söz azadlığını daha geniş təmin etmək, Azərbaycanda demokratiyanı bütün sahələr üzrə inkişaf etdirməkdən ibarətdir. Açıq sözün, həqiqəti əks etdirən informasiyaların tərəfdarı, mətbuat azadlığının qarantı olduğunu bəyan edən Ümummilli Lider jurnalistləri dövlət mükafatları, orden və medallarla təltif etməklə bildirirdi ki, KİV-lərə qayğı davamlı və sistemlidir.

 

Azərbaycan dünya birliyinin layiqli üzvünə çevrildi

 

Azərbaycan dövlətinin xarici siyasəti, dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatları ilə əlaqələri milli maraqlara və uzaqgörən siyasi perspektivlərə əsaslanan xətlə inkişaf etdirildi. Dahi öndərin fəal diplomatiyasının, xarici siyasətinin əsasını sülh, beynəlxalq hüquq normalarına, sərhədlərin bütövlüyünə və toxunulmazlığına, dövlətlərinə ərazi bütövlüyünə hörmət və qarşılıqlı surətdə faydalı əməkdaşlıq prinsipləri təşkil edirdi.

Ulu öndər Heydər Əliyevin xarici ölkələrə hər bir səfəri Azərbaycan həqiqətlərinin təbliğində, Azərbaycanın təqdimatında əhəmiyyətli rol oynadı. Ölkəmizin ətrafında yaradılan informasiya blokadasının yarılması dövlətimizin siyasətinin əsasını təşkil edirdi. Ən ağrılı problemimiz olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin əsl mahiyyətinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində atılan addımların müsbət nəticələri göz qabağındadır. Müxtəlif beynəlxalq təşkilatlara üzv qəbul olunan ölkəmiz həqiqətlərinin təbliğində növbəti tribuna qazandı. Azərbaycanın ikitərəfli əlaqələrinin inkişafı və beynəlxalq təşkilatlarda mövqelərinin möhkəmlənməsi xarici siyasətimizin əsas prioriteti olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli üçün möhkəm zəmin yaratdı. Beynəlxalq təşkilatların, xüsusilə BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsində Ermənistan silahlı birləşmələri tərəfindən işğala məruz Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxarılmasının vacibliyi önə çəkildi. Münaqişənin həllində diplomatik mübarizədə qələbənin rolu inkaredilməzdir. Rəsmi Bakının bəyan etdiyi kimi, bizim diplomatiyamız müdafiə, özünümüdafiə xarakteri daşımamalı, hücum diplomatiyası olmalıdır.

Azərbaycan dövləti həqiqətlərimizin dünya ictimaiyyətinə çatdırılmasında həmin ölkələrdə fəaliyyət göstərən səfirliklərimizin də üzərinə böyük məsuliyyət düşdüyünü bəyan edir. Beynəlxalq təşkilatlarda Azərbaycan nümayəndəliklərinin fəaliyyətinin genişləndirilməsi də qarşıya qoyulan vəzifələrdəndir. Hazırda beynəlxalq təşkilatların əksəriyyətində Azərbaycan nümayəndəlikləri fəaliyyət göstərir və onlar həqiqətlərimizin təbliği istiqamətində səmərəli fəaliyyət göstərirlər.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tezliklə həlli Azərbaycan dövləti ilə yanaşı, bütün həmvətənlərimizin də qarşısında mühüm vəzifə kimi durur. Buna görə də ürəyi Vətən sevgisi ilə döyünən dünya azərbaycanlıları bu istiqamətdə öz səylərini gücləndirməli, problemin mahiyyətini xarici ölkələrin hökumət və ictimaiyyətinə, beynəlxalq təşkilatlara çatdırmaq üçün daha məqsədyönlü fəaliyyət göstərməlidirlər. Diaspor təşkilatlarımız dünyadakı proseslərin nəbzini tutaraq öz çevikliyini artırmalı, digər xalqların diaspor mərkəzləri ilə səmərəli əməkdaşlığın yeni formalarını tapmalı, ölkəmiz əleyhinə yönəlmiş təxribatlara qarşı çevik və adekvat addımlar atmalıdırlar. Xalqımız tam əmindir ki, möhkəm təmələ əsaslanan siyasətimiz sayəsində Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək, işğal altındakı bütün bölgələrimiz azad olunacaq və soydaşlarımız öz doğma yurd-yuvalarına qayıdacaqlar. Azərbaycanın diplomatik mübarizədə qələbəsi, artan iqtisadi imkanları, beynəlxalq standartlara cavab verən güclü ordusu, xalq-iqtidar birliyi, dünya azərbaycanlılarının həmrəyliyi bu əminliyi şərtləndirən əsas amillərdir.

 

Yeni Azərbaycan Partiyası: Zamanın tələbi, xalqın istəyi

 

Ulu öndər Heydər Əliyevin siyasi fəaliyyətinin mühüm bir hissəsi təbii ki, yaradıcısı və Sədri olduğu Yeni Azərbaycan Partiyası ilə birbaşa bağlıdır. "Yeni Azərbaycan Partiyası Azərbaycanda gedən ictimai-siyasi proseslərin içərisindən çıxan zərurətdir. O, bir adamın istəyi ilə yaranan partiya deyildir. Azərbaycanda yaranan partiyaların bir çoxu ayrı-ayrı şəxslərin, siyasi fəaliyyətə başlayan adamların şəxsi təşəbbüsü ilə, onların ətrafında toplaşan adamların təşəbbüsü ilə yaranan partiyalardır. Ancaq Yeni Azərbaycan Partiyasının fərqi ondan ibarətdir ki, bu partiya onu yaratmaq istəyən, siyasi fəaliyyətlə məşğul olmaq istəyən adamların istəkləri ilə, bir təşkilati mərkəz olmadan, hərəsinin öz tərəfindən hərəkət etməsi nəticəsində, ağır şəraitdə, böyük təqiblər şəraitində yaranmış bir partiyadır." Ulu öndər Heydər Əliyevin Yeni Azərbaycan Partiyasının yaradılmasının ikinci ildönümü münasibətilə keçirilən ümumrespublika müşavirəsində söylədiyi bu fikirlər Yeni Azərbaycan Partiyasının yaranma zərurətinə bir daha işıq salır.

1992-ci il noyabrın 21-də Naxçıvanda təsis konfransını cəmi 550 nəfərin iştirakı ilə keçirən Yeni Azərbaycan Partiyasının sıralarında bu gün 650 mindən artıq üzvün birləşməsi də Heydər Əliyev ideyalarına sədaqətdən, Ulu Öndərin siyasətinə inamdan, etimaddan irəli gəlir. Böyük çətinliklərə, fırtınalara sinə gərərək, həyata keçirdiyi uğurlu siyasəti ilə xalqın partiyası imicini qazanan Yeni Azərbaycan Partiyası öz adında böyük bir mənanı, məqsədi birləşdirir. Müstəqilliyinin ilk illərində ölkəyə rəhbərlik edənlərin səriştəsizliyi ucbatından varlığı şübhə altında qalan, dünya xəritəsindən bir dövlət olaraq silinmək təhlükəsini yaşayan Azərbaycanın bu bəlalardan xilas olması üçün xalqın üzünü ulu öndər Heydər Əliyevə tutması gələcəyə ümiddən xəbər verirdi. Yəni həmin dövrdə ölkədə yaranan vəziyyət xalqda sabaha ümidsizlik yaratsa da, bir təsəlli var idi ki, daha şəxsiyyət Heydər Əliyev hakimiyyətə qayıdarsa, öz siyasi bacarığı, təcrübəsi, güclü idarəçilik qabiliyyəti sayəsində mövcud problemlərin həllinə yol açar, Azərbaycanı inkişaf, tərəqqi yoluna çıxarar. Xalqın böyük əksəriyyətinin istəyinin ifadəsi olan 91 nəfər ziyalının ulu öndər Heydər Əliyevə müraciətində də bu inam öz əksini tapmışdır: "İndiki vəziyyətdə bu çətin, məsuliyyətli işi respublikada öz üzərinə götürməyə qadir yeganə şəxs Sizsiniz! Uzun illər əldə etdiyiniz dövlət quruculuğu təcrübələrinizə əsaslanaraq, Siz, qısa müddətdə Azərbaycanda geniş xalq kütləsini əhatə eləyəcək çox böyük, güclü, nüfuzlu və işlək bir partiya yaratmağa qadirsiniz... Biz Yeni Azərbaycan Partiyasını yeni düşüncə tərzli insanların Sizin ətrafınızda sıx birləşdiyi mütəşəkkil, güclü aparıcı qüvvəyə malik bir partiya kimi görürük." Müraciətdə bu inam da ifadə olunmuşdur ki, Azərbaycanımızın bu günü, sabahı naminə başqa partiya, qurum və cəmiyyətlərin vətənpərvər üzvləri də həlledici anda məhz bu partiyanın mövqeyində dayanacaqlar.

Bu gün partiyanın fəaliyyətində demokratik prinsipləri öndə saxlayaraq birləşdirici missiyanı yüksək səviyyədə yerinə yetirməsi ulu öndər Heydər Əliyevin yuxarıda söylədiyi əminliyinin böyük əsaslara söykəndiyini təsdiq etməklə yanaşı, partiyanın öz dəst-xəttinə sadiqliyini də göstərir. YAP-ın yaradılmasının 15 illiyi şərəfinə həsr olunmuş ziyafətdə Prezident İlham Əliyev 1992-ci ildə müxalifət partiyası kimi yaradılan YAP-la indiki müxalifət arasında fərqi təhlil edərək bildirmişdir ki, biz dövlətə, dövlətçiliyə yox, o vaxtkı antimilli iqtidara müxalifətdə idik. "Deyə bilərəm ki, Yeni Azərbaycan Partiyası Azərbaycanda siyasi davranış, siyasi mədəniyyət nümunəsini göstərmişdir. Biz müxalifətdə əlimizdə daş-kəsəklə yox, əlimizdə qələmlə çalışırdıq. İdeyalarımızı, fikirlərimizi öz çıxışlarımızda, məqalələrdə, ictimai tədbirlərdə irəli sürürdük. Bugünkü müxalifətdən fərqli olaraq, biz maksimum dərəcədə siyasi mədəniyyət göstərmişdik. Siyasi opponentləri təhqir etməmişdik, onlara fiziki xəsarət yetirməmişdik. Biz, sadəcə, xalqın iradəsinə arxalanaraq, Azərbaycanın uğurlu gələcəyinə çalışırdıq."

1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı Yeni Azərbaycan Partiyasının da həyatında yeni bir mərhələnin əsasını qoydu. Azərbaycanın 24 ilə yaxın müstəqillik tarixində qazandığı uğurların bələdçisi olan YAP daim Azərbaycanın daha da qüdrətlənməsinə, xalqımızın rifah halının daha da yaxşılaşmasına səy göstərir. YAP ulu öndər Heydər Əliyevin bəyan etdiyi kimi, dünənin, bu günün və gələcəyin partiyasıdır.

 

Heydər Əliyev siyasətinin təntənəsi - İlham Əliyev qətiyyətinin dünya birliyində dəstəyi

 

2003-cü ildən Azərbaycanda gedən uğurlu inkişaf Heydər Əliyev siyasətinin təntənəsi kimi tarixə yazılıb. 2003-cü ildə xalqın böyük əksəriyyətinin dəstəyini qazanaraq Prezident seçilən cənab İlham Əliyev Azərbaycanın daha qüdrətli, zəngin dövlətə çevrilməsi üçün Heydər Əliyev siyasətinin davam etdiriləcəyini bəyan etdi. Son 12 ilə yaxın müddətdə əldə olunan uğurlar bu vədin konkret əməli işdə öz təsdiqini tapdığını nümayiş etdirir. 2008-ci ilin prezident seçkilərində cənab İlham Əliyevin öz qələbəsini yenidən təsdiqləməsi xalqın həyata keçirilən siyasətə dəstəyini bir daha nümayiş etdirdi.

Son 11 ilin uğurlarına qısa nəzər salaq. Ölkənin hərtərəfli inkişafında iqtisadi amilin rolu son on bir ildə də həyata keçirilən siyasətin ana xəttini təşkil edib. Enerji bazarında önəmli rolu, təşəbbüskarlığı ilə fərqlənən Azərbaycanda neft strategiyasının icrası sahəsində görülən işlər, yaranan bu imkanlardan səmərəli istifadə nəticəsində respublikamızın adı dünya miqyasında ən sürətlə inkişaf edən ölkələr sırasında çəkilir. "Hədəfimiz bundan sonra da irəli getməkdir" bildirən Prezident İlham Əliyev TANAP, TAP kimi layihələri xalqlar arasında əməkdaşlığın möhkəmlənməsi, bölgədə sabitliyin təminatı baxımından daha əhəmiyyətli hesab edir: "Bu gün gözəl bir əməkdaşlıq mühiti vardır və bu əməkdaşlıq mühitinin coğrafiyası getdikcə genişlənir. Çünki biz növbəti illərdə yeni tərəfdaşlarla uzunmüddətli əməkdaşlığa başlayacağıq." Artıq dünya "Cənub" Qaz dəhlizinin reallaşmasından, onun perspektivlərindən bəhs edir. Azərbaycan əməkdaşlığın coğrafiyasının genişləndirilməsində maraqlı olduğunu atdığı hər addımında təsdiqləyir.

Bu gün neft sektorunda xarici sərmayələr üçün mühüm məkana çevrilən Azərbaycanın iqtisadi mühiti hazırda qeyri-neft sektoruna da marağı artırır. Bir sözlə, ümummilli lider Heydər Əliyevin yeni neft strategiyası Azərbaycana əhəmiyyətli maliyyə imkanları qazandırmaqla yanaşı, sabitlik amili kimi də ciddi təsir imkanını ortaya qoydu. Bu strategiya, eyni zamanda, nəhəng layihələrdə Azərbaycanın söz sahibi olması, neftdən gələn gəlirləri qeyri-neft sektorunun inkişafına yönəltməsi istiqamətində ciddi addımlara kömək göstərməklə bərabər, ölkənin etibarlı tərəfdaş imicinin formalaşmasına da böyük təsir göstərir. Bunu nəzərə alan möhtərəm İlham Əliyevin Prezident kimi fəaliyyətə başladığı gündən regionların inkişafını prioritet məsələ kimi önə çəkməsi uğurlu iqtisadi və sosial siyasətin nəticəsi kimi ictimaiyyətdə xüsusi rəğbət doğurur.

Son on bir ildə ümumi daxili məhsul 3, 4 dəfə, sənaye istehsalı 2,7 dəfə artıb. Ölkədə bir milyon 300 mindən artıq yeni iş yeri açılıb, yoxsulluq səviyyəsi 49 faizdən 5 faizə, işsizlik 5 faizə enib Ölkəmizə 180 milyard dollar investisiya cəlb olunub. Bölgələrdə sahibkarlığın sürətli inkişafı, mövcud infrastrukturun yenidən qurulması, yolların və kommunikasiyaların əsaslı şəkildə bərpası, elektrik enerjisi, qaz təminatlı problemin həlli yerlərdə istehsal potensialını gücləndirməklə bərabər, bölgə sakinlərinin Bakıya axınının qarşısını alaraq, daxili miqrasiya prosesini xeyli dərəcədə azaldıb. ÜDM-də özəl bölmənin payı 85 faiz təşkil edir. Sahibkarlığın inkişafı istiqamətində atılmış addımlar sistemli və ardıcıl fəaliyyət konsepsiyasına əsaslanır. İnkişaf etmiş dövlətlərin mütərəqqi təcrübəsi belə bir həqiqəti çoxdan sübuta yetirib ki, bazar iqtisadiyyatına keçid dövründə özəl sektorun fəaliyyətinə normal şərait yaratmadan cəmiyyət qarşısında dayanmış bir sıra strateji vəzifələri həyata keçirmək, iqtisadi yüksəlişi təmin etmək, işsizliyin səviyyəsini aşağı salmaq, infrastrukturu yeniləşdirmək, eləcə də sosial xarakterli digər problemlərin həllinə nail olmaq çətindir. 2004-2008, 2009-2013, 2014-2018- ci illər üçün nəzərdə tutulan regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramlarının uğurlu icrası qarşıya qoyulan məqsədlərə yüksək səviyyədə nail olmağa əsas yaradır.

Bu gün Azərbaycanın ən yüksək inkişaf göstəricilərinə malik ölkələrdən birinə çevrilməsi, sənaye potensialının artımına, iqtisadi inkişaf tempinə görə bütün dünyada ön yeri tutması beynəlxalq maliyyə təşkilatlarının hesabatlarında da öz əksini tapır. Dünya Bankı Azərbaycanı bir nömrəli islahatçı ölkə elan edib. Beynəlxalq Valyuta Fondunun qənaətinə görə, Azərbaycanda mövcud inkişaf tempi saxlanılarsa, yoxsulluq səviyyəsi yaxın zamanlarda tamamilə heçə enəcək. Ümumdünya İqtisadi Forumunun "Qlobal Rəqabət Qabiliyyəti İndeksi 2014-2015" hesabatında Azərbaycan 38-ci yerə layiq görülüb.

İqtisadi tərəqqi demokratikləşmə prosesini daha da sürətləndirdi. Dövlət başçısı İlham Əliyev demokratik inkişaf baxımından ən öndə gedən ölkələrin təcrübəsinə diqqəti yönəldərək bildirir ki, onların əksəriyyətində iqtisadi inkişaf çox yüksək səviyyədədir, dünyada inkişaf etmiş ölkələr kimi tanınırlar. Bizim də məqsədimiz ondan ibarətdir ki, Azərbaycan inkişaf etmiş ölkələr sırasına daxil olsun.

Bunun üçün bütün imkanlar mövcuddur: şəffaf siyasət, siyasi islahatlar, iqtisadi güc, təbii ehtiyatlar, əlverişli coğrafi məkan.

Ulu öndər Heydər Əliyevin siyasətini hər sahədə uğurla davam etdirən dövlət başçısı İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən demokratik islahatların uğurlu nəticələri göz qabağındadır. İnsan hüquq və azadlıqlarının qorunmasının yeni müdafiə mexanizmlərinin yaradılması, seçkilərin demokratikliyini təmin etmək üçün yeni təcrübələrin tətbiqi, Seçki Məcəlləsinin təkmilləşdirilməsi, siyasi partiyaların, ictimai birliklərin fəaliyyətini tənzimləyən qanunvericilik bazasında həyata keçirilən yeniləşmə, təkmilləşmə, ölkə reallıqlarının bələdçisi, eyni zamanda demokratik, hüquqi dövlətin əsas atributu kimi azad mətbuatın inkişafına yönələn addımlar bu günümüzün gerçəklikləri sırasındadır.

Dövlətimizin azad mətbuatın inkişafına diqqətinin bariz nümunəsi möhtərəm Prezidentimizin iki dəfə "Jurnalistlərin dostu" mükafatına layiq görülməsidir. Möhtərəm Prezidentmiz İlham Əliyev ikinci dəfə "Jurnalistlərin dostu" mükafatına layiq görülməsini təqdimat mərasimində belə səciyyələndirmişdir: "Bu mükafatın verilməsi böyük məna daşıyır. Çünki ölkə Prezidentini "Jurnalistlərin dostu" adına sizin tərəfdən layiq görməyiniz, əlbəttə ki, Azərbaycanda azad mətbuatın inkişafında görülən işlərə işarə vurur. Mən bundan sonra da çalışacağam ki, Prezident kimi Azərbaycanda azad medianın inkişafı üçün dəstəyimi verim və beləliklə, ölkəmizin sürətli və uğurlu inkişafını təmin edim. Çünki müasir dünyada inkişaf etmiş ölkələrdə azad medianın səviyyəsi hər bir ölkənin səviyyəsini göstərir."

Milli Mətbuatımızın yaranmasının 138-ci ildönümü günündə jurnalistlər üçün 17 mərtəbəli, iki bloklu, 156 mənzilli binanın tikilərək onların istifadəsinə verilməsi, eyni zamanda Prezident İlham Əliyevin "Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə dair əlavə tədbirlər haqqında" Sərəncamı da bu diqqət və qayğının göstəricilərindəndir. Bu gün böyük qətiyyətlə deyə bilərik ki, ölkəmizdə beynəlxalq standartlar səviyyəsində kütləvi informasiya vasitələrinin mövcudluğu ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin demokratik dəyərlərə önəm vermələri sayəsində mümkün olmuşdur. Məhz bu istiqamətdə göstərilən səylərin, eləcə də KİV-lərə dövlət qayğısının artırılmasının nəticəsidir ki, mətbuatımız böyük inkişaf yolu keçərək, hər dövrün tələblərini yüksək səviyyədə yerinə yetirmiş, dövlətiliyimizin inkişafına öz töhfələrini vermişdir.

Dövlət başçısı İlham Əliyevin milli mətbuatımızın 140 illik yubileyi ilə bağlı Sərəncamında Azərbaycan mətbuatının keçdiyi inkişaf yolu geniş şəkildə şərh olunaraq, bu inam bir daha öz əksini tapmışdır ki, dövlətin azad mətbuatın inkişafına diqqət və qayğısı davamlıdır. Birgə səylər qarşıya qoyulan məqsədlərə lazımi səviyyədə nail olmağa əsas yaradır. Azərbaycan mətbuatı bu gün ölkəmizin müharibə şəraitində olduğunu unutmamalı, vətənpərvərlik prinsipini əsas tutaraq həqiqətlərimizin təbliğində səylərini daha da artırmalıdırlar.

Azərbaycanın uğurlu daxili siyasətinin davamı kimi dəyərləndirilən xarici siyasətdə də əldə olunan nəticələrin miqyası genişdir.

Ölkəmizlə əməkdaşlıqda maraqlı olan dövlətlərin sayı durmadan artır. Azərbaycan dünyada öz prinsipial mövqeyi ilə seçilir. "Bizim sözümüz imzamız qədər dəyərlidir və əhəmiyyətlidir" söyləyən dövlət başçısı İlham Əliyev bildirir ki, nəzərə alsaq ki, dünyada ölkəmizə qarşı əks-təbliğat kampaniyası aparan ermənilər və erməni diasporu fəaliyyət göstərir, inam qazanmağın heç də asan məsələ olmadığını görərik. Azərbaycanın 2011-ci ildə 155 ölkənin dəstəyini qazanaraq, BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi bu inamın təsdiqi, Azərbaycanın bütün sahələrdə qazandığı uğurların göstəricisidir. Bu uğur, eyni zamanda, Azərbaycanın ədalətli mövqeyinin təntənəsidir.

Xarici siyasətimizin əsas məsələsi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində də mühüm addımlar atılır. "Ölkələrin ərazi bütövlüyü mübahisə mövzusu deyil, o cümlədən Azərbaycanın ərazi bütövlüyü mübahisə mövzusu deyildir. Münaqişə BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi əsasında öz həllini tapmalıdır" söyləyən möhtərəm Prezidentimiz İlham Əliyev bu fikri böyük inam və qətiyyətlə bildirir ki, tezliklə münaqişə ədalətli həllini tapacaq, soydaşlarımız öz doğma yurd-yuvalarına qayıdacaqlar.

Təbii ki, son on bir ilin uğurlarını bir yazı çərçivəsində əhatə etmək qeyri-mümkündür. Reallıqlar və hədəflər ötən dövrlərin və qarşıdakı illərin aydın mənzərəsini yaradır. Dövlət başçısı İlham Əliyevin Sərəncamı əsasında Azərbaycanın müstəqillik tarixində qazandığı uğurların fonunda işlənib hazırlanan və təsdiq edilən "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası bu ümumiləşdirməni aparmağa stimul verir. Azərbaycanın inkişafı davamlıdır. Möhkəm təmələ əsaslanan siyasətimiz bu inamı şərtləndirir. Qarşıdakı illərdə Azərbaycanı inkişaf etmiş ölkələr sırasında görmək istəyimiz də bugünkü reallıqlara və malik olduğumuz potensiala söykənir. Uğurlar yeni hədəflər üçün əsasdırsa, hədəflər də inkişaf üçün stimuldur. Ötən 11 ildə 100 ilə bərabər inkişaf dövrü keçən, uğurlarının miqyası ilə dünyanın diqqətində dayanan Azərbaycan beynəlxalq əhəmiyyətli tədbirlərin keçirilməsi üçün əsas məkan seçilirsə, inkişafın Azərbaycan modelinin mövcudluğu yüksək səviyyələrdə bildirilirsə, bu, artıq belə bir qənaəti təsdiqləyir ki, ulu öndər Heydər Əliyevin böyük siyasi iradəsi, qətiyyəti, müdrikliyi, Azərbaycana bəslədiyi hədsiz sevgisi və məhəbbəti sayəsində ölkəmizin gələcək inkişafı üçün elə etibarlı dayaq yaradılıb ki, bu bünövrənin üzərində respublikamız sürətlə inkişaf edir, işıqlı gələcəyə doğru inamla irəliləyir.

 

Birinci Avropa Oyunları Azərbaycanı növbəti dəfə dünyaya təqdim edir

 

2012-ci ilin 8 dekabrında Avropa Olimpiya Komitəsinin 41-ci Baş Assambleyasının birinci Avropa Oyunlarının Bakıda keçirilməsi haqqında qərarının reallığa çevrildiyi gündür. Bu mühüm tədbir ölkəmizdə idmanın inkişafına bir baxış olmaqla yanaşı, beynəlxalq nüfuzunun təqdimatı kimi də dəyərləndirilir. Gizli səsvermə nəticəsində 48 səsdən 38 səsi qazanan Azərbaycanın birinci Avropa Oyunlarına ev sahibliyi etmək şansını əldə etməsi şübhəsiz, böyük uğurdur. Təbii ki, qəbul olunan hər bir qərarı şərtləndirən amillər mövcuddur. Azərbaycanın iqtisadi inkişafı, beynəlxalq aləmdə artan nüfuzu, idmanın inkişafına göstərilən diqqət, qayğı və s. amillər ölkəmizin bu uğuruna əsas yaratdı. Dövlət başçısı İlham Əliyev daim nitqlərində birinci Avropa Oyunlarının əhəmiyyətindən danışarkən Azərbaycanın dövlətlər, xalqlar arasında dostluq, əməkdaşlıq körpüsünə verdiyi töhfələri xüsusi qeyd edərək, bu əminliyi ifadə edir ki, ölkəmizin bu töhfələri davamlı olacaq. Birinci Avropa Oyunları əməkdaşlıq, dostluq, birlik bayramı kimi tarixə yazılacaq.

50-yə yaxın ölkədən 6 min idmançının qatıldığı bu tədbir Azərbaycanın beynəlxalq aləmdə yeri və rolunu bir daha təqdim edir. Məlum olduğu kimi, birinci Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyevanın təşəbbüsü ilə dünyanın ayrı-ayrı ölkələrində "Bakı-2015" birinci Avropa Oyunlarının təqdimatları keçirildi. Bu təqdimatlarda Mehriban xanım Əliyevanın Azərbaycanın mədəniyyətinin, tarixinin, milli-mənəvi dəyərlərinin inkişafını özündə əks etdirən çıxışları ölkəmiz üçün tanıtım kimi dəyərləndirildi. "Bu Oyunlar Avropa idmanı tarixində yeni səhifə acacaq" söyləyən Mehriban xanım Əliyeva bildirir ki, Bakı Oyunları bütün gələcək Oyunlar üçün səviyyə, standart müəyyən edəcək.

Birinci Avropa Oyunlarına hazırlığın yüksək səviyyədə təşkili, bu mühüm tədbir barədə beynəlxalq səviyyədə səsləndirilən fikirlər bir daha dövlət başçısı İlham Əliyevin bu fikirlərinin təsdiqi oldu ki, yalnız ən qüdrətli ölkələr belə möhtəşəm oyunlara ev sahibliyi edə bilər. Azərbaycan bu gücünü, qüdrətini dünyaya bir daha nümayiş etdirir. Azərbaycanın təqdimatında Heydər Əliyev Fondunun xidmətləri təqdirəlayiqdir. On bir il bundan əvvəl yaradılan Heydər Əliyev Fondunun məqsədi ümummilli lider Heydər Əliyevin zəngin irsinin öyrənilməsi və yeni nəslin milli dövlətçilik ideyaları ruhunda tərbiyə edilməsi olsa da, müxtəlif sahələrdə təşəbbüsləri və gerçəkləşdirdiyi layihələri ilə diqqət çəkir. Məqsəd və məramını "Mən bu kürsüdən istifadə edərək bir daha hamını əmin etmək istərdim ki, Heydər Əliyev Fondu Azərbaycanın bu günü və sabahı naminə gələcəkdə də çalışmağa hazırdır. Bu yolda bizə dəstək verən, yardım edən hər bir insana, hər bir quruma-istər dövlət, istər qeyri -dövlət qurumuna, -bizimlə birgə, əməkdaşlıq yaradan beynəlxalq təşkilatlara dərin minnətdarlığımı çatdırıram" sözləri ilə bəyan edən Mehriban xanım Əliyeva rəhbərlik etdiyi qurumun missiyasını çoxşaxəli layihələri ilə daim zənginləşdirir, daha əhəmiyyətli sahələri əhatə edən təşəbbüslər irəli sürməklə insanlara sevinc bəxş edir.

Azərbaycan mədəniyyət və incəsənətinin, milli-mənəvi dəyərlərinin qorunub saxlanılması, təbliği məqsədilə həyata keçirilən hər bir layihə Azərbaycan xalqını dünyada tanıdan bir xeyirxahlıqdır, vətəndaşlıq borcuna sadiqlikdir. Azərbaycanın əsrlərdən bəri yaşatdığı mənəvi dəyərlərini təbliğ etməklə ölkəmizi dünyada tanıtmaq kimi ülvi, məsul bir vəzifənin öhdəsindən qətiyyətlə gələn, görkəmli Azərbaycan ifaçılarının musiqi albomlarının buraxılmasını təmin etməklə sənət fədailərini sevindirən Mehriban xanım Əliyeva eyni zamanda dünya inciləri sırasında yer alan nadir nümunələrin təbliğində də səyini əsirgəmir. Bakıda Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Müasir İncəsənət Muzeyi açılıb və fəaliyyət göstərir.

Fondun təşəbbüsü ilə hər il Qəbələdə Beynəlxalq Musiqi festivallarının keçirilməsində məqsəd dünya və milli musiqimizin pərəstişkarlarını bir araya toplamaqla xalqları biri-birinə yaxınlaşdırmaq, sülhə, sabitliyə çağırmaqdır. Bütün xalqlarla dostluq əlaqələrini möhkəmləndirməklə beynəlxalq əməkdaşlığa böyük dəyər verən ölkəmizin belə nüfuz və imic qazanmasında Heydər Əliyev Fondunun, Fondun prezidenti Mehriban xanım Əliyevanın böyük xidmətləri olmuşdur.

Ölkə daxilində və dünya arenasında həyata keçirdiyi layihələrin əhəmiyyətini nəzərə alan Prezident İlham Əliyev Mehriban xanım Əliyevanı Vətənimizin ən ali mükafatı - "Heydər Əliyev Mükafatı" ilə təltif edərkən bildirmişdir ki, Fondun bütün təşəbbüsləri milli ruha əsaslanır: "Modernləşmə, müasirləşmə, dünya birliyinə inteqrasiya, Azərbaycanın milli maraqlarının müdafiə edilməsi, Azərbaycanın olduğu kimi dünyaya təqdim edilməsi- bütün bu şərəfli funksiyalar bu Fondun üzərinə düşür."

Azərbaycanın siyasi, mədəni tarixində xüsusi və əzəmətli yeri olan "Eurovision-2012" böyük coşqu ilə keçirilib başa çatmasında da mahnı müsabiqəsinin Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyevanın xidmətlərini təkcə Azərbaycan xalqı deyil, bütün dünya, müsabiqə iştirakçıları və qonaqlar yüksək dəyərləndirdilər. Müsabiqə haqqında "möhtəşəm, inanılmaz, əvəzsiz" kimi sözlərin səslənməsi Mehriban xanım Əliyevanın əməyinə verilən dəyər kimi qiymətləndirilməlidir. XXX London Yay Olimpiya Oyunlarında ölkəmizə 10 medal qazandıran idmançılarımızın qələbəsinə bir vətəndaş kimi hamıdan çox sevinən, gənclərin idmana və bədən tərbiyəsinə marağını artırmaq missiyasını həvəslə davam etdirən Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın fəaliyyət dairəsində bu sahəni inkişaf etdirmək tələbkarlığı da qarşıda duran vəzifələrdəndir. İnanırıq ki, üzərinə düşən vəzifələri vətəndaşlıq məsuliyyəti ilə yerinə yetirən, Azərbaycanın ev sahibliyi etdiyi birinci Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyevanın qətiyyəti, səyi nəticəsində Azərbaycan daha bir möhtəşəm beynəlxalq uğura imza atır.

 

Vüqar Rəhimzadə -

 YAP Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru,

Əməkdar jurnalist