“Xalq qəzeti”.-2015.-24 may.-N 110.-S.9.; 27 may.-N 112.-S.10.

Ermənilərin ruslara qarşı törətdikləri terror və qırğınlar

Nazim MUSTAFA,

 Azərbaycan MEA Tarix İnstitutunun əməkdaşı,

Dövlət mükafatı laureatı

 

Bu gün özlərini dünyaya “məzlum millət”, “soyqırımına məruz qoyulan xalq” kimi sırıyan ermənilər XIX–XX əsrlərdə təkcə türk-müsəlman əhaliyə qarşı deyil, eləcə də kürdlərə, yəhudilərə, habelə onları həmişə himayə edən ruslara qarşı da terror və qırğınlar törətmişlər. Bu məqalədə ermənilərin ruslara qarşı törətdikləri terror aktlarından və qırğınlardan bəhs edilir.

 

XIX əsrin əvvəllərindən etibarən çar Rusiyası Cənubi Qafqazda işğalçılıq planlarını həyata keçirərkən erməni amilindən məharətlə istifadə etmişdir. Ermənilər də öz növbəsində Rusiyanın İran və Türkiyə ilə apardığı müharibələr nəticəsində işğal etdiyi ərazilər hesabına tarixdə ilk dəfə öz dövlətlərini yaratmağa nail olmuşlar. Rusiyanın hakim dairələri ermənilərdən həmişə bir alət kimi istifadə etmiş, eyni zamanda, “velikorus” mənafeyini ermənilərin “Böyük Ermənistan” iddialarından üstün tutmuşdur. Ruslar tarixin müəyyən dönəmlərində, ermənilərdən istifadə edərək öz məqsədinə nail olduqdan sonra onları taleyin hökmünə buraxmışlar. Bunu bir sıra erməni tədqiqatçıları və siyasi xadimləri öz əsərlərində etiraf etmişlər.

Yüz illər boyu Osmanlı imperiyasından himayə görən ermənilərin I Dünya müharibəsi illərində türklərə xəyanət edərək, onlara arxadan zərbə vurmalarını ruslar heç vaxt nəzərdən qaçırmamışlar. Ona görə də ruslar qətiyyən ermənilərin sədaqətinə inanmamışlar.

Ermənilər ruslara istiqamətlənmiş ilk terror əməliyyatını Rusiya imperatoru II Aleksandra qarşı həyata keçirmişlər. 4 aprel 1866-cı ildə II Aleksandra sui-qəsd edən və buna görə də edam cəzasına məhkum edilən inqilabçı-terrorçu Dmitri Karakozovun vaxtilə İrandan Qarabağa köçən erməni əsilli Karakozovların nəslindən olması barədə məlumatlar mövcuddur.

XIX əsrin sonuncu rübündə Cənubi Qafqazda erməni separatizmi və terroru güclənmiş, erməni kilsələri “Daşnaksütyun” və “Hnçak” partiyalarının silah-sursat anbarına çevrilmişdi.

Rusiya hökuməti həmin əsrin 70-ci illərindən etibarən Cənubi Qafqazda və Qars vilayətində kütləvi surətdə rus sektalarını məskunlaşdırmağa başlamışdı. Müəyyən mərhələlərlə İran və Türkiyədən Cənubi Qafqaza köçürülən ermənilərin özləri bu regiona gəlmə olduqları halda, Rusiya hökumətinin Qafqazda və Qars vilayətində ruslaşdırma siyasətinə qarşı çıxırdılar. Ermənilər rusların kütləvi surətdə məskunlaşdırılmasından ciddi narahat olur, hər vasitə ilə bu işə maneçilik törədirdilər. Rus müəllifi N.Şavrov yazır ki, xarici dövlətlərin, xüsusən də İngiltərə və Fransanın Qafqazda müstəqil dövlət qurmaq işində onlara yardım edəcəklərinə inanan ermənilər, daha çox ərazilərə sahib olmaq üçün “Qafqazda rusların məskunlaşdırılması üçün boş torpaqlar yoxdur!” şüarını irəli sürmüşdülər.

Rus tədqiqatçı-jurnalisti V.Veliçkonun “Kavkaz” əsərində  XIX əsrin sonlarında Yelizavetpol quberniyasının Tərtər qəsəbəsində “dinc” və “mədəni” ermənilərin iblis qəddarlığı ilə rusların başına gətirdikləri faciəni ürək ağrısı ilə təsvir etmişdir. V.Veliçko yazır ki, Tərtər qəsəbəsində onlarca rus ailəsinın məskunlaşdırılmasından sonra ətraf kəndlərdə yaşayan ermənilərin nümayəndəsi gələrək ruslardan tələb etmişdir ki, qəsəbəni tərk etsinlər. Sonra isə əli xəncərli erməni bandaları rusların içməli su gətirdikləri bulağın yolunu kəsmişlər. Tarixi xislətini gizlədə bilməyən ermənilər rusların məcbur qalıb içməli su kimi istifadə etdikləri çaya peyin, heyvan cəmdəklərini tökmüş, hər cür zibillə onu müntəzəm zəhərləmişdilər. Daha sonra V.Velişko yazır ki, bütün bunlardan sonra qəsəbədə elə xəstəlik yayılır ki, düşünəndə adamın tükləri biz-biz olur. İnsanlar diri-diri çürüməyə başlamış, bədənlərini üfunətli yara bürümüş, dözülməz dərddən qupquru qurumuşdular. Tərtərə göndərilən erməni həkimi dava-dərman əvəzinə cəhənnəm əzabına düçar olan ruslara demişdi: “Rədd olun, rus köpəkləri, yoxsa hamınız qırılacaqsınız”. Bu kəndin əhalisinin üçdə ikisi tamamilə qırılmış, qalanları qaçıb getmişdilər.

Göründüyü kimi, rusların himayədarlığı ilə gətirilib həmin regionda yerləşdirilən ermənilər özlərinə yer elədikdən sonra nəinki aborigen azərbaycanlılara, habelə rusların özlərinə də qənim kəsilmişdilər.

1896-ci ildə Q.Qolitsının Qafqazın baş rəisi təyin edilməsindən sonra Eçmiədzin katolikosluğuna, xüsusən də erməni siyasi təşkilatlarına qarşı münasibət kəskin şəkildə dəyişmişdi. Q.Qolitsın erməni siyasi partiyalarının, erməni kilsəsinin və onun nəzdindəki məktəblərin terror yuvasına çevrildikləri qənaətinə gəlmişdi. Onun qaldırdığı vəsatət əsasında 1903-cü il iyunun 12-də erməni kilsəsinin əmlakının Rusiyanın Torpaq və Əmlak Nazirliyinin sərəncamına keçirilməsi haqqında İmperator qanunu imzalanmışdı. Bu qanunun qəbul edilməsindən sonra, başda bütün ermənilərin katolikosu Mkrtıç Xrimyan olmaqla, erməni siyasi təşkilatları çar məmurlarına qarşı sui-qəsdlər və terror aktları həyata keçirməyi qərara almışdılar. Həmin qanunun icrası erməni kilsələrinin maliyyələşdirdiyi siyasi partiyaların maddi vəziyyətinə ciddi zərbə vurmuş, bu da öz növbəsində erməni terrorizminin genişlənməsinə, anti-rus əhval-ruhiyyəsinin qızışmasına səbəb olmuşdu.

XIX əsrin 90-cı illərində xarici dövlətlərin təhriki ilə Türkiyə ərazisində baş qaldıran erməni üsyanlarının yatırılmasından sonra 400 mindən artıq erməni Cənubi Qafqaza axışmışdı. “Novaya vremya” qəzetinin verdiyi məlumata görə, həmin dövrdə törədilən cinayətlərin 80 faizi Türkiyədən gəlmiş ermənilərin, muzdlu qatillərin payına düşürdü.

Erməni terrorçu təşkilatları knyaz Q. Qolitsını aradan götürmək üçün terrora əl atmışdılar. 14 oktyabr 1903-cü ildə “Hnçak” partiyasının terrorçu dəstəsinin dilənçi qiyafəsinə girən üzvləri Tiflisin ətrafındakı Botanika bağında arvadı ilə gəzintidən sonra şəhərə qayıdan knyaz Qolitsının ekipajına hücum edərək onu xəncərlə ağır yaralamışdılar. Terrorçulara tapşırıq verilmişdi ki, Qolitsının başını bədənindən ayırıb, Tiflisin “İrəvan meydanı”ndakı dirəkdən assınlar. Qolitsını öldürməyə müvəffəq olmayan erməni terrorçuları onun sarayını partlatmaqla həyatına son qoymağa çalışmışdılar. Qolitsın uzun müddət vəzifəsini icra edə bilmədiyi üçün 1904-cü ilin iyulunda Peterburqa getmiş və vəzifəsindən istefa etməyə məcbur olmuşdu.

Eçmiədzin kilsəsi və “Daşnaksütyun” partiyasının birgə təşkilatçılığı ilə çar II Nikolaya qarşı da sui-qəsd planı hazırlanmışdı. Bu əməliyyatın həyata keçirilməsi üçün “Daşnaksütyun” partiyasının 4 üzvü Bakıdan Peterburqa göndərilmişdi. “Armenak”, “Qriqor”, “Simon” və “Kaspar” gizli adları altında fəaliyyət göstərən erməni terrorçuları niyyətlərini həyata keçirməyə imkan tapmamış və xəfiyyə məlumatları əsasında vaxtında ifşa olunmuşdular.

1903-cü il avqustun 13-də Aleksandropol (indiki Gümrü) şəhərindəki rus pravoslav kilsəsinin baş keşişi Vasilyev “Daşnaksütyun” partiyasının terrorçuları tərəfindən xəncərlə qətlə yetirilmişdir.

Erməni terrorçuları törətdikləri təxribatların qarşısını almağa cəhd göstərdiyinə görə 11 sentyabr 1904-cü ildə Yelizavetpol (Gəncə) quberniyasının vitse-qubernatoru Andrey Andreyevi qətlə yetirmişdilər.

15 dekabr 1904-cü ildə isə erməni terrorçuları Şuşa şəhər polisinin rəisi, polkovnik Saxarovu qətlə yetirmişdilər. Lakin istintaq Saxarovun qatillərini üzə çıxara bilməmişdi.

1905-ci ildə Qafqaza canişin təyin edilən İllarion Vorontsov-Daşkovun ermənipərəst mövqeyindən istifadə edən “Daşnaksütyun” və “Hnçak” partiyaları Türkiyədən qaçıb gələn erməni ailələrini məskunlaşdırmaq üçün İrəvan, Yelizavetpol (Gəncə) və Tiflis quberniyalarında azərbaycanlılar yaşayan əraziləri silah gücünə təmizləmək siyasəti həyata keçirməyə başlamışdılar.

Digər tərəfdən, erməni siyasi partiyaları öz silahlı dəstələrini mailyyələşdirmək üçün terrorçu dəstələrinin vasitəsilə banklara və poçt şöbələrinə basqınlar edir, inkassatorları öldürür, pulları ələ keçirirdilər. Arxiv sənədlərində göstərilir ki, erməni terrorçuları silah-susat daşıyan qatarlara tez-tez basqınlar edir, hərbi ləvazimatı ələ keçirirdilər. Milliyyətindən asılı olmayaraq terrorçuların tələblərinə əməl etməyən ayrı-ayrı sahibkarlara qarşı da sui-qəsdlər həyata keçirirdilər.

1905-ci ilin əvvəlində Bakıdan başlayan, sonralar bütün Cənubi Qafqazı bürüyən bu qırğınlara hakim dairələrin göz yumması üçün əvvəlcə onları qorxutmaq, başqa sözlə, sui-qəsdlər təşkil etmək, terror aksiyaları həyata keçirmək lazım gəlirdi. Qafqaz canişinliyinin sənədlərində göstərilir ki, erməni siyasi partiyaları 1905-1906-cı illərdə öz siyasi məqsədlərinə nail olmaq üçün Canişinlikdə və onun yerli orqanlarında fəaliyyət göstərən ruslara və rusdilli məmurlara qarşı çoxsaylı terror aktları həyata keçirmişlər.

“Daşnaksütyun” partiyasının terrorçu dəstəsinin üzvləri 1905-ci il mayın 11-də Bakının gürcü əsilli, ruslaşmış general-qubernatoru knyaz Mixail Nakaşidzenin faytonuna bomba ataraq onun ölümünə səbəb olmuşdular. Ermənilər Nakaşidzeyə olum hökmünü hələ onun İrəvanın vitse-qubernatoru olduğu vaxt çıxarmışdılar. Çünki Nakaşidze erməni kilsələrinin əmlakının dövlətin sərəncamına keçirilməsi haqqında qanunun icrası üçün əlindən gələni əsirgəməmişdi. Hərbi məhkəmənin qərarı ilə M.Nakaşidzeyə sui-qəsd edən terrorçulara edam hökmü çıxarılmışdı.

1918-ci il mayın 18-də Nuxa (Şəki) qəzası rəisinin köməkçisi Abramoviçi şəhərin sakini , çəkməçi Mixail Şahunc şəhər məhkəməsinin qarşısında tapançadan açdığı atəşlə qətlə yetirmişdi.

Erməni terror təşkilatları İrəvan quberniyasında da çar məmurlarına qarşı terror aktları həyata keçirmişdilər. İrəvan qubernatoru Qafqazın Baş Rəisliyinə göndərdiyi məxfi məktubda yazırdı ki, 1903-cü ilin sentyabrından 1904-cü ilin iyul ayınadək İrəvan quberniyasında erməni komitəçiləri tərəfindən İrəvan və Aleksandropol (Gümrü) şəhərlərində polis məmurları öldürülmüş, Sürməli qəzasının rəisi, polkovnik Boquslavski və quberniyanın kəndlərində “ümumerməni işinin” həyata keçirilməsinə mane olan bir neçə nəfər də qətlə yetirilmişdir.

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivində polkovnik Yakovlevin imzası ilə saxlanılan bir sənəddə 1905-ci il fevralın 19-da İrəvan şəhərində qubernatorun dəftərxanasının yaxınlığında quberniya həkimi, mülki müşavir Urazovun qətlə yetirildiyi yazılır. Sənəddə mərhumun bədənində bir neçə xəncər yarası aşkar edildiyi qeyd edilir. Ermənilər quberniya həkimi Urazovu qətlə yetirdikdən sonra onun yerinə erməni millətindən olan bir həkimin təyin edilməsinə nail olmuşdular. Bununla da ermənilər törətdikləri qırğınlar zamanı azərbaycanlıların canlı itkisinin az, ermənilərin tələfatının isə daha çox göstərilməsini təmin etmişdilər.

Erməni terrorçuları rus ordusunun zabitlərindən o kəslərə qarşı terror aktları həyata keçirmişdilər ki, onlar ya terrorçu erməni silahlı dəstələrinə qarşı mübarizə aparmış, ya da onların tərksilah edilməsində iştirak etmişdilər. Məhz bu səbəbdən general Maqsud Əlixanov-Avarskiyə qarşı erməni terrorçuları dəfələrlə sui-qəsd təşkil etmişdilər. M.Əlixanov-Avarski 1907-ci il iyulun 3-də öz ailə üzvləri ilə birlikdə Gümrüdə hərbçilərin bayram mərasimindən qayıdarkən erməni terrorçuları Dro (Drastamat Kanayan) və Kamo (SimonTer-Petrosyan) tərəfindən karetasına bomba atılaraq qətlə yetirilmişdi. Karetada onlarla birlikdə olan general Qlebovun arvadı da həlak olmuşdu. Generalların uşaqları isə ağır yaralanmışdılar.

“Daşnaksütyun” partiyasının mərkəzi komitəsi general Frezenin öldürülməsini ona görə qərara almışdı ki, o, erməni terrorçu dəstələrinin Türkiyə ərazisindən Aleksandropol qəzasına buraxılmaması haqqında sərhəd mühafizə xidmətinə xüsusi tapşırıq vermişdi və nəticədə bu bandalardan biri sərhədi keçərkən məhv edilmişdi. Həmin bandalardan birinin məhv edilməsinə rəhbərlik edən sərhəd mühafizəsinin rəisi podpolkovnik Bıkovu erməni terrorçuları bir müddət sonra qətlə yetirmişdilər.

Ermənilər 1905-ci ildə Sürməli qəzasında kütləvi qırğınlara başlamazdan öncə qəzada erməni terroruna qarşı mübarizə aparan administrasiya nümayəndələrini hədəfə götürmüşdülər. “Daşnaksütyun” partiyasının “Qara siyahı”sına düşənlərdən biri də Sürməli qəzasının rəisi podpolkovnik Boquslavski idi. Uzun müddət təqib etdikdən sonra erməni terrorçuları Boquslavskini 11 iyul 1904-cü ildə gecə saat 2-də İqdırın bazarında odlu silahla qətlə yetirmişdilər. İrəvan qubernatoru dərhal hadisə yerinə getsə də, qatilləri tapmaq mümkün olmamışdı. Boquslavskinin erməni terrorunun qurbanı olmasının digər səbəbi onun İqdır qəzasının rəisi olduğu zaman 1903-cü il 12 iyun qanunun yerinə yetirilməsində — yəni erməni kilsəsinin əmlakının müsadirə edilməsində fəallıq göstərməsi olmuşdu.

Bundan bir müddət sonra erməni terrorçuları Sürməli qəzasına yeni təyin edilən rəisə qarşı da terror aktı həyata keçirmişdilər. Belə ki, qəza rəisi kapitan Dudnikov İrəvanda olarkən ermənilər onu qətlə yetirmək üçün iki dəfə atəş açsalar da, güllələr xoşbəxtlikdən hədəfə dəyməmişdi.

Ermənilər çar məmurlarını qorxu içərisində saxlamaqla, Cənubi Qafqazda türklərə qarşı törətdikləri qırğınlara rəsmi hökumət dairələrinin seyrçi münasibət bəsləməsinə nail olurdular.

“Daşnaksütyun” partiyasının 1907-ci ildə keçirilən IV qurultayında Rusiyanın hökumət məmurlarına qarşı hücum taktikasından əl çəkməsi haqqında qərar qəbul edilməsindən sonra erməni terroruna bir müddət ara verilmişdi. Erməni terrorçuları bundan sonra öz fəaliyyətlərini əsasən Türkiyə ərazisində davam etdirmişdilər.

Qafqaz Canişinliyinin Polis Departamentinin 1909-cu ilə aid arxiv sənədlərindən birində “Daşnaksütyun” partiyasının dövlət məmurlarından general Əlixanov-Avarskinin, qubernator Nakaşidzenin, vitse-qubernator Andreyevin, qəza rəisləri Boquslavskinin, Şmerlinqin, Neşanskinin, Pavlovun, polisemeyster Saxarovun, pristavlar Cavaxov və Şumakeviçin, sərhəd mühavizəçisi Bıkovun erməni terrorçuları tərəfindən qətlə yetirdiyi qeyd edilmişdir.

Birinci dünya müharibəsi ərəfəsində Türkiyəni parçalamaq istəyən dövlətlər tərəfindən “erməni məsələsi” yenidən gündəliyə gətirilmişdi. Bir-birinə düşmən olsalar da “Antanta” və “Üçlər İttifaqı” ayrı-ayrılıqda ermənilərin himayədarı rolunda çıxış edirdilər. Müharibənin başlamasından dərhal sonra ermənilər kütləvi surətdə Qafqazdakı rus ordusunun tərkibinə daxil olmuş, bununla yanaşı, Tiflisdəki Erməni Milli Bürosunun təşkilatçılığı və canişin İllarion Voronsov-Daşkovun yardımı ilə könüllülərdən ibarət ayrıca erməni drujinaları (könüllü birlikləri) təşkil edilmişdi. Ermənilərin məqsədi “Qərbi Ermənistan” adlandırdıqları Türkiyənin Şərqi Anadolu vilayətlərinin rus ordusunun əli ilə işğalından sonra həmin ərazilərdə erməni dövləti qurmaqdan ibarət idi.

1914-cü ilin noyabr ayının ilk günlərində məşhur erməni yazıçısı Hovanes Tumanyan Bakıya gələrək erməni könüllü drujinalarının təşkili üçün ianə toplanmasını təşkil etmişdi. H.Tumanyanın təşkilatçılığı ilə noyabrın 5-də Bakıdan erməni könüllülərindən ibarət böyük bir dəstə Türkiyə cəbhəsinə yollanmışdı. Rus ordusunun Qafqaz cəbhəsindəki bəzi yüksək rütbəli zabitləri ermənilərin iç üzlərinə bələd olduqları üçün onlara nifrət edirdilər. Rus generallarının könüllü erməni drujinalarına olan münasibətlərini öyrənmək məqsədilə Erməni Milli Bürosunun və katolikos V Gevorqun təşəbbüsü ilə H.Tumanyanın və yazıçı Aleksandr Şirvanzadənin də daxil olduğu 8 nəfərlik nümayəndə heyəti noyabrın 15-də Tiflisdən cəbhə bölgəsinə yola düşmüşdü. İqdırda nümayəndə heyəti ilk dəfə erməni əsilli general Pyotr Oqanovski və milliyyətcə rus olan general Vladimir Lyaxovla görüşürlər. H.Tumanyan öz gündəliyində general Lyaxovun ermənilərə nifrət etdiyini və bunu görüş zamanı da açıqca büruzə verdiyini yazır. (Ovanesən Susanna. Vstreçi Ov. Tumanəna s voenaçalğnikami russkoy armii (noəbrğ-dekabrğ 1914q.). Erevan, ¹ 3, 2014, pp. 22-23).Hesab edirik ki, məhz H.Tumanyanın məsləhəti ilə antierməni general Lyaxovun adı “Daşnaksütyun” partiyasının “qara siyahısı”na salınmışdır. General Lyaxov istefaya çıxdıqdan sonra – 1920-ci il aprelin 30-da bu partiyanın Batumda onu izləyən erməni terrorçuları tərəfindən odlu silahla qətlə yetirilmiş və caniləri aşkar etmək mümkün olmamışdı.

1915-ci ilin mayında Van şəhərinin işğalından sonra erməni drujinaları şəhərdə türkləri qətlə yetirir, onların evlərini talan edir, sonra isə yandırırdılar. Talanların qarşısını almaq istəyən rus ordusunun əsgərlərinə erməni drujinalarının silahlıları hücum etmişdilər. Korpus komandiri general Nikolayevin əmri ilə Berkri-Qalada hərbi-səhra məhkəməsi qurulmuş və cinayətləri sübuta yetirilən üç erməni edam edilmişdi.

Hələ 1914-cü ilin noyabrında çar II Nikolay Tiflisdə bütün ermənilərin katolikosu V Gevorqa vəd vermişdi ki, “erməni məsələsi” ermənilərin gözlədiyi kimi, müharibənin sonunda, sülh danışıqları zamanı həll ediləcək. Lakin ermənilərin gözlədiklərinin əksinə olaraq, ruslar erməni könüllü birlikləri ilə birlikdə “Qərbi Ermənistan”ı işğal etdikdən sonra ermənilərə vəd etdikləri muxtariyyət məsələsini unutdular. Ermənistanda daşnak hökumətinin baş naziri olmuş Ovanes Kaçaznuni bu məsələ ilə əlaqədar olaraq yazırdı: “Ruslar elə hərəkət etdilər ki, Ermənistan boşaldılsın, sonra isə oraya kazakları köçürsünlər. Knyaz Lobanov-Rostovskinin (Rusiyanın keçmiş xarici işlər naziri - N.M.) hamıya bəlli “Ermənisiz Ermənistan” layihəsi həyata keçirilsin”.

Erməni tarixçisi V. Ananikyan “Daşnaksütyun” partiyasının şovinist simasını açıb göstərərək yazır ki, “Daşnaksütyun”a görə ermənilərin düşməni təkcə müsəlman dünyası deyil, habelə, kürdlər, gürcülər və ruslar da onların düşməni idilər.

Arxiv sənədləri göstərir ki, erməni şovinizminin güclənməsi nəticəsində 1918-1920-ci illərdə nəinki türklər və kürdlər, eyni zamanda, ruslar da təcavüzə məruz qalmışdılar. Cənubi Qafqaz Rus Milli Şurası Qazax qəzasının Karvansara nahiyəsinin (indiki İcevan) Nikitino və Mixaylovo kəndlərinin rus icmasının ermənilər tərəfindən soyğunçuluğa məruz qalması barədə faktları özündə əks etdirən üç protokolu 15 avqust 1918-ci ildə Azərbaycanın Gürcüstandakı daimi nümayəndəliyinə təqdim etmişdi. Həmin sənədlərdə Rus Milli Şurası erməni silahlı qüvvələrinin azğınlığına son qoyulması üçün Azərbaycan hökumətindən tədbir görülməsini xahiş edirdi. Erməni silahlıları 1918-ci ildə Gədəbəy nahiyəsində də rus icması yaşayan kəndləri darmadağın etmiş, əllərinə keçəni talan etmişdilər. Həmin nahiyənin Saratovka kəndindən 47 ailə (315 nəfər), Novo-İvanovka kəndindən 21 ailə (112 nəfər) Gəncə şəhərinə pənah gətirmiş, Himayədarlıq Nazirliyinin Gəncə dairəsində qaçqın kimi qeydə alınmışdılar.

1877-1878-ci illər rus-türk müharibəsindən sonra Qars vilayətinin 31 kənd və şəhərində ruslar (molokanlar) məskunlaşdırılmışdı. Qars və Batum vilayətlərini əhatə edən ərazidə qurulmuş Cənubi-Qərbi Qafqaz Respublikasını 1919-cu ilin aprelində ingilis qoşunları süquta yetirmiş və Qars vilayətini ermənilərin idarəçiliyinə vermişdilər. Fürsətdən istifadə edən ermənilər, Qars vilayətində türklərlə bərabər ruslara da divan tutmuşdular. Nəticədə rus icması qırğınlardan və talanlardan qurtulmaq üçün yaşayış məskənlərini tərk etmək məcburiyyətində qalmışdı.

Azərbaycan Respublikası Dövlət Arxivində saxlanılan sənədlərdən birində qeyd edilir ki, 1920-ci il iyulun 20-də Qars vilayəti Rus Milli Şurasının üzvləri Rusiyanın Gürcüstandakı səlahiyyətli nümayəndəsinə müraciət edərək bildirmişdir ki, ermənilər Blaqodarno kəndində bir neçə nəfəri öldürmüş, sağ qalanlar kənddən qaçmışlar. Novo-Selim kəndində ermənilər 15 qadını zorlamış, kəndin starşinasını öldürmüşdülər. Novo-Petrovka kəndindən 4 nəfəri öldürmüş, Vladikars kəndinin bütün əmlakını talan etmişdilər.

Qars vilayəti Rus Milli Şurasının Rusiyanın Gürcüstandakı daimi nümayəndəsinə etdiyi müraciətin sonunda deyilirdi: “Bax, beləcə yaradılır “Böyük Ermənistan”, əhalinin tökülən qanları və göz yaşları Qars divarlarını örtmüşdür. 205 min müsəlman əhalidən sərhəd zolağında cəmisi 50 min nəfər qalmışdır, yunanlar çəkilib getmişlər, yerdə qalan rusların gözləri Şimala (yəni Rusiyaya-N.M.) dikilmişdir. Bütün əhali sizdən xahiş edir ki, qısa zamanda onların köçürülməsi imkanını nəzərdən keçirəsiniz. Bundan öncə isə, Qars vilayəti əhalisini daşnak qırğınlarından qorumaq üçün bütün mümkün tədbirləri görəsiniz".

1920-ci ilin oktyabrında türk qoşunları yenidən Qars vilayətini erməni silahlı qüvvələrindən təmizlədiyi zaman cəmisi 3 kənddə, az miqdarda rus əhalisi qalmışdı.

1918-ci ilin mayında keçmiş İrəvan xanlığı ərazisində daşnak hakimiyyəti qurulduqdan sonra da bəzi  rus zabitləri Ermənistan ordusuna qatılaraq qulluqlarını davam etdirmişdilər. Lakin onları “etibarsız ünsür” hesab edir və yüksək rütbəli erməni zabitlərinin tabeliyində saxlayırdılar. Rus zabitləri hər cür repressiyalara məruz qalırdılar. 1920-ci ilin mayında Ermənistanda 5 rus zabitini öldürmüşdülər. Aleksandropolda (Gümrüdə) isə ermənilər Rus Milli Şurasının sədri Ressleri qətlə yetirmişdilər.

XIX əsrin sonlarında Yelizavetpol quberniyasının Zəngəzur qəzasında 4 kənddə molokan ruslar məskunlaşdırılmışdı. Andranikin və Njdehin quldur dəstələri Zəngəzuru ələ keçirdikdən sonra ruslar yaşadıqları kəndləri tərk etmək məcburiyyətində qalmış, həmin kəndlərdə Türkiyədən gələn ermənilər məskunlaşdırılmışdılar.

Gürcü müəllifi Karibinin (əsl adı Pyotr Qoleyşvili, Gürcüstan Demokratik Respublikası dövründə əkinçilik nazirinin müavini-N.M.) 1920-ci ildə Tiflisdə çap etdirdiyi “Qırmızı kitab”ın bir bölməsi “Erməni liderlərinin Ermənistandakı ruslara münasibəti” adlanır. Karibi Cənubi Qafqaz Rus Milli Şurasının sənədlərindən iqtibas gətirərək ermənilərin Ermənistanda bir çox rus kəndlərini dağıdılaraq daşı daş üstdə qoymadıqlarını, erməni qaçqınları və erməni qonşuları tərəfindən əmlaklarının və sürülərinin talan edildiyini, əkin sahələrinin və biçənəklərinin istifadəyə yararsız hala salındığını, təkcə Yelenovka (1935-ci ildən Sevan şəhəri - N.M.) sakinlərinə 8 milyon rubl, Novıy Dilican kəndinə isə 913 min rubl ziyan vurduqlarını yazır. Karibi daha sonra Cənubi Qafqazdakı rus əhalisinin təmsilçilərinin 1919-cu ilin iyun ayında Tiflisdə keçirilən ikinci qurultayının materiallarına istinadən rus qoşunlarının 1918-ci ilin əvvəllərindən etibarən Cənubi Qafqazdan geri çəkilməsindən sonra erməni qoşunlarının rus kəndlərinə gələrək onları evlərindən qovduqlarını, talançılıq etdiklərini, Ermənistan hökumətinin isə rusların yalvarışlarını və xahişlərini cavabsız qoyduğunu yazır. Karibi rusların qurultaydakı çıxışlarından iqtibas gətirir: “1918-ci il martın sonunda Novo-Bəyazid qəzasındakı qonşumuz ermənilər bizim kəndə hücum etdilər və kəndimizi darmadağın edərək taladılar. 53 at, 10 cüt öküz, 56 inək, 38 düyə, 55 dana, 149 qoyun, 150 pud taxıl, 404 pud arpa, 325 pud un, 30355 rubl dəyərində ot, 19300 rubl dəyərində saman, 17570 rubl dəyərində meşə materialı apardılar. Evlərin qapılarını və pəncərələrini söküb apardılar... Komissiyanın qiymətləndirməsinə görə vurulan ziyanın ümumi məbləği 3854900 rubl təşkil edir... Kim müqavimət göstərməyə cəhd edirsə, onu oldürürlər”.

Karibi erməni silahlı dəstələrinin Cənubi Qafqazdakı Mixaylovka, Borisi, Frezovo, Slavyanka, Qorelovka, Spasovka, Alekseevka, İvanovka, Saratovka, Yelizavetino, Fillipovka, Mixaylovka, Sunjinsko, Xankəndi və Vasilyevka kəndlərini çapıb taladıqlarını yazır.