“Azərbaycan”.-2015.-3 iyun.-N 117.-S.12.

Qurtuluşa aparan yol

Onun yenilməz sərkərdəsi ulu öndər Heydər Əliyevdir

Biz bütün çətinliklərdən keçdik, bütün maneələrin qarşısını aldıq, Azərbaycanın bütün düşmənlərinə layiqli cavablar verdik, ölkəmizin dövlət müstəqilliyini qoruduq. Azərbaycanı parçalamaq təhlükəsindən xilas etdik və Azərbaycanın dövlət müstəqilliyini yaşadırıq və bundan sonra da yaşadacağıq.

 

Heydər ƏLİYEV

 

Tarix dəfələrlə sübut edib ki, müstəqilliyi qoruyub saxlamaq onu əldə etməkdən qat-qat çətin və məsuliyyətlidir. XX əsrin 90-cı illərinin əvvəllərində biz bunun bir daha şahidi olduq. Həmin vaxt Gəncəbasarın da dincliyi pozulmuşdu. Çaykənd, Azad və Kamo kəndlərindən bir-birinin dalınca həyəcanlı xəbərlər gəlirdi. Hacıkənd-Göygöl yolu, demək olar, kəsilmişdi. Çaykənddə yuva salmış erməni ekstremistləri qonşuluqdakı Azərbaycan kəndlərinə meydan oxuyurdular.

Çaykənddə milis sahə müvəkkilinə qəsd edildi. Toqquşmalar, qarətlər ara vermirdi. Bir neçə ay ərzində 26 nəfər azərbaycanlı müxtəlif yerlərdə odlu silahdan yara aldı. Ölənlərin, yaralananların, girov götürülənlərin sayı hər gün, hər gecə artırdı. Gəncəbasar od içində qovrulurdu, respublika rəhbərliyi isə hərəkətə keçmirdi.

1990-cı il yanvarın 12-də acı bir xəbər bütün Gəncəni sarsıtdı. Ruzigar Qasımov, Abbasqulu Məmmədov, Bəxtiyar Əliyev qəhrəmancasına həlak olmuşlar.

Yanvar ayının 14-də qədim şəhərin küçələri insan selinə qərq oldu. Baş meydanda, məzarlıqda mitinqlər ara vermirdi.

Elə həmin gün, matəm alayı məzarlıqdan qayıtmamış Gəncəyə yara üstündən yeni bir yara dəydi. Hacıkənddə vertolyotdan açılan atəşdən Neman Vəliyev döyüşçü yoldaşı ilə birgə həlak oldu.

1990-cı il yanvarın 20-də Bakıya sovet ordusu yeridiləndə Gəncə yenidən təlatümə gəldi. Cümə məscidinin ətrafında, Mərkəzi meydanda mitinqlər, yığıncaqlar, yürüşlər ara vermirdi. Hiddətlənən cavanlar bayraqları, şüarları, plakatları cırıb atır, partiya və komsomol biletlərini yandırırdılar.

1990-cı il yanvarın 21-də Gəncə şəhər sovetinin fövqəladə sessiyası qanlı cinayəti qətiyyətlə pislədi. Yanvar ayının 26-da inzibati binanın üzərində üçrəngli, ay-ulduzlu milli bayrağımız ucaldıldı. Dekabrın 16-da Gəncədə könüllülərdən ibarət milli batalyon yaradıldı. 1992-ci ilin fevralında fövqəladə müdafiə qərargahı təşkil edildi.

Xalq Cəbhəsinin səriştəsiz liderləri hakimiyyətə gələndə vəziyyət daha da gərginləşdi. Xüsusən 1993-cü ilin ilk aylarında... Ağdərə rayonu əldən getdi. Alınmaz qala sayılan Kəlbəcər zəbt olundu. Düşmən Murovdağdan boylanaraq Gəncəni hədələyirdi. Bakıda isə hakimiyyət uğrunda mübarizə gedirdi. Belə bir vəziyyətdə Surət Hüseynovun rəhbərliyi ilə bir qrup zabit şirnikdirici “Nicat” cəmiyyəti və silahlı hərbi birləşmə yaradaraq respublikanın ərazi bütövlüyünü qorumaq səlahiyyətini öz üzərinə götürdü.

Hərbi birləşmənin gücü az deyildi. Sovet əsgərləri Gəncədən çıxarkən silah-sursatın xeyli hissəsini onlara vermişdilər. Bütün qüvvələr Gəncədəki 709 saylı hərbi hissəyə yığışmışdı. Vəziyyətdən xoflanan iqtidar özünün yetirib milli qəhrəman səviyyəsinə yüksəltdiyi Surət Hüseynovun hərbi işdən uzaqlaşdırılması, 709 saylı hissənin ləğv edilməsi və bütün qüvvələrin Gəncədən çıxarılması barədə göstəriş verdi. Surət Hüseynov isə əmri əsassız sayaraq ona tabe olmadı.

1993-cü il iyun ayının 4-də qədim Gəncə top-tüfəng səsinə oyandı. Hər tərəf döyüş meydanına bənzəyirdi. 709 saylı hərbi hissənin yerləşdiyi sahəyə yaxın düşmək olmurdu.

Ölən kim, yaralanan kim. Əlində ağ bayraq qırğının qarşısını almaq üçün cəsarətlə irəli çıxan batalyon komandiri Mehman Ələkbərov bir anda 18 güllə yarası aldı. Kərəm Hümbətov, Mehman Cəfərov, Firdovsi Qənbərov və Elçin Əsədov da qardaş qırğınının qurbanı oldular. İqtidar qan-qadanı yatırtmaq əvəzinə odun üzərinə neft tökür, qarşı-qarşıya duran qüvvələri daha da qızışdırır, vəziyyəti daha da ağırlaşdırırdı.

Yuxarı dairələrdə Fəhmin Hacıyev kimi naşı komandirlərin çıxışlarında şəhər əhalisinin köçürülməsi, Gəncənin bombardman edilməsi barədə fitnəkar çağırışlar, sərsəm fikirlər səslənirdi.

Gərginlik getdikcə artır, Gəncə dəniz kimi çalxalanırdı. Çaşbaş qalan insanlar qəzəblə, qorxu-təlaş içində qovrulurdular. Təkcə Gəncənin yox, bütövlükdə Azərbaycanın gələcək taleyi təhlükədə idi. Ölkənin bu ağır günündə, vətənin həlledici məqamında xalqımız vəziyyətdən çıxmaq üçün təcrübəli dövlət xadimi Heydər Əliyevə müraciət etdi. Həmin vaxt ulu öndər Naxçıvan MR Ali Məclisinə rəhbərlik edirdi. Hadisələrin gərgin çağında ümummilli liderin təşəbbüsü ilə Naxçıvan deputatları çox tutarlı bir bəyanat verdilər. Gəncədə indi çoxu bu bəyanatı əzbər bilir: “Əziz həmvətənlərim!.. Baş vermiş hadisə Azərbaycanın hər yerində olduğu kimi, Naxçıvanda da qəzəb və hiddətlə qarşılanmışdır. Biz bunu müstəqil dövlətçiliyimizə edilən qəsd, yenicə titrək addımlarını atan Azərbaycan dövlətinə arxadan vurulan zərbə hesab edirik.

...Belə bir ağır şəraitdə biz, Naxçıvan MR xalq deputatları, seçicilərimizin fikirlərini ifadə edərək, Azərbaycan dövlətçiliyini qorumaq məqsədilə xalqı özünün seçdiyi Prezidentin ətrafında sıx birləşməyə çağırırıq!

Prezidentdən isə uzun müddət xalqın qanını sorub milyonlar qazananlara, rüşvətxorlara, bürokratlara, dövlətçiliyimizin əleyhinə çıxanlara, açıq və gizli millət xainlərinə qarşı qəti və sərt tədbirlər görməsini xahiş edirik. Qardaş gülləsindən həlak olan qardaş və bacılarımızın ailə üzvlərinə dərin hüznlə başsağlığı verərək dərdlərinə şərik oluruq”.

Ulu öndər Heydər Əliyevin həyanlığından, qayğı və qətiyyətindən ruhlanan gəncəlilər ümumşəhər mitinqlərindən birində Azərbaycan xalqına belə bir müraciət qəbul etdilər:

“1. Respublikada siyasi, hərbi və hakimiyyət böhranına səbəb olmuş, torpaqlarımızın işğalına, xalqın ləyaqətli övladlarının məhv edilməsinə, milli ləyaqətimizin ləkələnməsinə bais olan, Azərbaycanda qardaş qırğını törədən, ölkəni vətəndaş müharibəsinə sürükləyən respublika rəhbərliyi tam tərkibdə istefa versin.

2. Ali Sovetin fövqəladə sessiyası çağırılsın və Gəncədə baş verən hadisələrə siyasi qiymət verilsin.

3. Törədilən faciəyə bais olanlar tezliklə cinayət məsuliyyətinə cəlb olunsunlar.

4. Respublika əhalisində, habelə Ali Sovetin sessiyasında aydın, obyektiv təsəvvür yaradılması məqsədilə Gəncə hadisələri ilə bağlı çəkilmiş videokasetlər Ali Sovetin sessiyasında nümayiş etdirilməklə birbaşa efir vasitəsilə xalqa çatdırılsın.

5. DTK arxivlərini gizli saxlamaqla bu günə kimi 20 noyabr 1991-ci il vertolyot qəzasının, Xocalı, Şuşa, Laçın faciələrinin açılmasını təmin etməyən, Gəncəbasar hadisəsini törədən dövlət rəhbərləri bu cinayətlərdə birbaşa təşkilatçı və iştirakçı hesab edilməklə məsuliyyətə cəlb edilsinlər.

6. İrəli sürülən tələblərin yerinə yetirilmə müddəti 15.06.1993-cü il tarixə kimi müəyyənləşdirilsin və bu tələblər yerinə yetirilməyənədək bütün mübarizə formalarından istifadə edilsin”.

Ölkənin belə bir həlledici məqamında ulu Tanrı yenilməz xilaskar kimi Heydər Əliyevi bizlərə yetirdi. Xalqın təkidli tələbi ilə Heydər Əliyev Bakıya gəldi. Ona respublikanın ən ali orqanlarından birinə rəhbərlik etmək tövsiyə olunurdu. Ulu öndər isə özünəməxsus müdrikliklə hərəkət etdi. İyunun 13-də Gəncəyə gəldi.

O gərgin günlərin canlı şahidi kimi mən də yaxşı xatırlayıram. Dahi şəxsiyyət heç nəyə baxmadan həyatını təhlükə altına ataraq bilavasitə hadisə yerinə getdi. Vəziyyətlə ətraflı tanış oldu. Şəhər sakinləri ilə, əsgərlərlə, hərbi qulluqçularla görüşüb söhbət etdi. Hər şeyi yerli-yataqlı araşdırdı. Sonra - yəni iyunun 15-də respublika parlamentinin növbəti iclasında Gəncə hadisələri barədə öz qəti sözünü dedi: “Hadisələr dəhşətlidir, qan tökülüb, cinayət edilib. Bunlar araşdırılmalıdır və bütün qanunu pozmuş adamlar, cinayətdə iştirak etmiş adamlar, cinayəti təşkil edənlər, hansı tərəfdən asılı olmasına baxmayaraq, qanun qarşısında məsuliyyət daşımalıdır”.

Ulu öndər Heydər Əliyev dərin məzmunlu çıxışı ilə Gəncə hadisələrinə tam aydınlıq gətirdi. Müdrik siyasətçi top-tüfəngli, silahlı-sursatlı iki əks tərəfin qarşısına sözlə, məntiqlə, ağlın, zəkanın qüdrəti ilə çıxdı. Bu məntiqlə, məharətlə hər iki tərəfi tədricən tərksilah etdi. Beləliklə, meydanlarda vətən və xalq adından bar-bar bağıran AXC-Müsavat başbilənləri siyasət meydanından getməyə məcbur oldular. Ulu öndər Heydər Əliyevin sərkərdə səriştəsi və komandan qətiyyəti ölkəmizi parçalanıb məhv olmaqdan biryolluq xilas etdi. Ötənləri, keçənləri düşünərkən bir daha yəqin edirsən ki, 4 iyun Azərbaycanın qurtuluş yolunun əslində ilk, həlledici addımı idi. Onun yenilməz sərkərdəsi Heydər Əliyev oldu. Müharibə burulğanında olan ölkəni o cür real bəlalardan yalnız və yalnız odlu-alovlu yolları keçərək mətinləşmiş Heydər Əliyev kimi müdrik bir şəxsiyyət xilas edə bilərdi və xilas etdi də!

İndi bu şərəfli yolu ulu öndər Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyev çox böyük səriştə ilə, inamla, uğurla davam etdirir. Dünya miqyasında müstəqil Azərbaycanın nüfuzu gündən-günə artır. Dövlətimiz ən qüdrətli ölkələrdə, ən ali məclislərdə, ən önəmli məsələlərdə öz sözünü söyləyir, milli maraqlarına uyğun mövqeyini qətiyyətlə müdafiə edir. Odur ki, Azərbaycanı dünya tanıyır, Azərbaycanla dünya hesablaşır. Qədirbilən gəncəlilər daim dövlətə və dövlətçiliyə sadiq olduqlarını nümayiş etdirirlər. Təkcə 4 iyun qiyamı dövründə yox, eləcə də 1994-cü ilin oktyabr və 1995-ci ilin mart olaylarındakı dövlət çevrilişlərinə cəhd zamanı da gəncəlilər həmişə mərd, mübariz sözlərini dedilər. O qanlı günlərdə mətanətlə, ləyaqətlə dayanan qədim Gəncə isə artıq neçə vaxtdır müstəqil Azərbaycanın ən abad, ən yaraşıqlı bir diyarına çevrilib.

 

Əhməd İSAYEV.