“Yeni Azərbaycan”.-2015.-28 may.-¹ 95.-S.12.

 

Azərbaycanla Qırğızıstan arasında ticarət dövriyyəsi 1,5 dəfə artıb

 

İki ölkə arasında qarşılıqlı etibar, dostluq və qardaşlıq prinsiplərinə əsaslanan münasibətlər siyasi, ticarət-iqtisadi, mədəni, humanitar və digər sahələrdə uğurla inkişaf edir

Xəbər verildiyi kimi, ölkəmizin Qırğızıstandakı səfirliyi Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranmasının 97-cı ildönümü münasibətilə rəsmi qəbul keçirib.

Tədbirdə Qırğızıstan Prezidenti Aparatının, hökumətin yüksək vəzifəli şəxsləri, ölkə parlamenti-Jokorku Keneşin deputatları, ölkədə akkreditə olunmuş səfirlər, ziyalılar, diaspor fəalları, jurnalistlər iştirak ediblər.

Hər iki ölkənin dövlət himnləri səsləndikdən sonra Azərbaycanın Qırğızıstandakı səfiri Hidayət Orucov çıxış edib. O bildirib ki, 97 il əvvəl, 1918-ci il mayın 28-də müsəlman dünyasında ilk dünyəvi, demokratik respublika məhz Azərbaycanda yaranıb. Lakin XX əsrin əvvəllərində dünyada və regionda yaranan siyasi vəziyyət müstəqilliyin saxlanmasına imkan verməyib və cəmi 23 ay sonra AXC süqut edib. Buna baxmayaraq, Azərbaycan bütün regionda dünyəvi və demokratik dövlətin nümunəvi məktəbi olub.

Səfir vurğulayıb ki, SSRİ dağıldıqdan sonra, 1991-ci ildə yenidən dövlət müstəqilliyinə qovuşan Azərbaycan özünü Cümhuriyyətin varisi elan edib. Diplomat deyib: AXC bizim milli sərvətimizdir, Azərbaycan tarixinin ən parlaq səhifəsidir. Cümhuriyyətin yaradılması və fəaliyyəti xalqımızın müstəqillik əzminin, dövlətçilik ənənələrinə sadiqliyinin göstəricisidir.

Səfir bildirib ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Ermənistanın hərbi təcavüzü ilə qarşılaşıb, ərazimizin 20 faizi işğal edilib və 1 milyon insan öz doğma torpağında qaçqın və məcburi köçkünə çevrilib. Hələ 1993-cü ildə BMT-nin Təhlükəsizlik Şurası Azərbaycan Respublikasının ərazi bütövlüyünü, suverenliyini dəstəkləyən, Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən qeyd-şərtsiz və dərhal çıxarılması ilə bağlı dörd qətnamə qəbul edib. BMT-nin Baş Assambleyası, ATƏT, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı və digər mötəbər beynəlxalq təşkilatların da analoji qərarları var. Təəssüf ki, bu nüfuzlu qurumların qərarları hələ də icra olunmur.

H. Orucov qeyd edib ki, Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kurs hazırda Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Sosial-iqtisadi inkişaf, dövlət və ordu quruculuğu, demokratik islahatların həyata keçirilməsi, vətəndaşların hüquq və azadlıqlarının qorunması, müstəqilliyinin daha da möhkəmlənməsi və digər sahələrdə böyük işlər görüb və bu istiqamətdə fəaliyyət davam etdirilir.

Məlumat verilib ki, Bakıda keçiriləcək birinci Avropa Oyunlarına hazırlıq işləri yekunlaşmaq üzrədir. Oyunlarda Avropanın 49 ölkəsindən 6 mindən çox idmançı iştirak edəcək. 2017-ci ildə isə Bakıda IV İslam Həmrəylik Oyunları keçiriləcək.

Azərbaycan və Qırğızıstan arasında əlaqələrdən danışan səfir deyib ki, qarşılıqlı etibar, dostluq və qardaşlıq prinsiplərinə əsaslanan əməkdaşlığımız siyasi, ticarət-iqtisadi, mədəni, humanitar və digər sahələrdə uğurla inkişaf edir. 2012-ci illə müqayisədə ölkələrimiz arasında ticarət dövriyyəsi 2014-cü ildə 1,5 dəfə artıb. Azərbaycan və Qırğızıstan arasında əlaqələrin dərinləşdirilməsi dövlət başçıları İlham Əliyev və Almazbek Atambayevin həyata keçirdikləri siyasətin prioritet istiqamətləridir.

Qırğızıstanın xarici işlər naziri Erlan Abdıldayev öz çıxışında Azərbaycan dövlətçiliyinin formalaşdırılmasında Ümummilli lider Heydər Əliyevin rolunu diqqətə çatdırıb və Prezident İlham Əliyevin bütün sahələrdə əldə etdiyi uğurlar haqqında danışıb. Nazir qeyd edib ki dövlət başçılarının iradəsi sayəsində Qırğızıstan-Azərbaycan münasibətləri strateji tərəfdaşlıq mərhələsinə qədəm qoyub.

Sonra mərasim iştirakçıları Azərbaycanın tarixini, bugünkü sürətli inkişafını əks etdirən video materiallara baxıb, Azərbaycan musiqisindən ibarət konsertə tamaşa ediblər.

Bu məqamda vurğulamaq yerinə düşər ki, SSRİ dövründə ittifaq respublikaları olaraq bir dövlətdə təmsil olunan Qırğızıstan və Azərbaycan keçmiş imperiyanın süqut etməsi ilə dövlət müstəqilliyi əldə ediblər. İki ölkə arasında diplomatik əlaqələr 1993-cü ildə yaradılıb. 2002-ci ildə Qırğızıstan Respublikasının Azərbaycandakı fəxri konsulluğu yaradılıb. 2005-ci ildən isə Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə Azərbaycan-Qırğızıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupu yaradılıb. 2007-ci ildə Azərbaycan Respublikasının Qırğız Respublikasında, 2008-ci ildə isə Qırğız Respublikasının Azərbaycan Respublikasında səfiri təyin edilib. Rəsmi əlaqələrə gəldikdə, 22-24 avqust 1995-ci il tarixində Ulu öndər Heydər Əliyev Bişkekdə Manasın 1000 illiyinə həsr olunmuş tədbirlərdə və Türkdilli dövlətlərin III Sammitində iştirak edib. 1998-ci ildə Ümummilli lider Heydər Əliyevin 75 illik yubileyi münasibəti ilə Qırğızıstan Respublikası Baş nazirinin müavini K. Nanayevin başçılıq etdiyi nümayəndə heyəti Bakıda olub. 1998-ci ildə Bakıda keçirilmiş TRACECA proqramı çərçivəsində tarixi İpək Yolunun bərpası üzrə Beynəlxalq Konfransın işində Qırğız Respublikasının sabiq Prezidenti Əsgər Akayev iştirak edib və əsas sazişi imzalayıb. 1999-cu ildə Bakıda keçirilmiş Türkdilli Dövlətlərin Xüsusi xidmət orqanları rəhbərlərinin II Konfransında Qırğızıstan Respublikası da təmsil olunub. 1999-cu ildə Bakıda İslam Əməkdaşlıq Təşkilatının IX toplantısında Qırğız Respublikası xarici işlər nazirinin birinci müavini A. Cekşenkulovun başçılıq etdiyi nümayəndə heyəti iştirak edib. 2000-ci ildə Türkdilli Dövlət Başçılarının Bakıda keçirilmiş VI Zirvə görüşündə və “Kitabi-Dədə Qorqud” dastanının 1300 illik yubileyi tədbirlərində Qırğızıstan Respublikasının nümayəndə heyəti də iştirak edib.

Onu da qeyd edək ki, cənab İlham Əliyev Azərbaycanın dövlət başçısı seçildikdən sonra dövlətlərarası münasibətlər yeni inkişaf mərhələsinə qədəm qoyub. 2006-cı ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qırğız Respublikasının Dövlət katibi Dastan Sarıqulovu qəbul edib. Görüş zamanı Azərbaycan-Qırğızıstan ikitərəfli münasibətlərinin müxtəlif sahələri ilə bağlı məsələlər müzakirə edilib. 2006-cı ildə İslam Əməkdaşlıq Təşkilatının IX Zirvə görüşü çərçivəsində Bakıda səfərdə olan Qırğız Respublikasının Baş nazirinin birinci müavini M. Kerimkulov Prezident İlham Əliyev tərəfindən qəbul edilib. Görüşdə ölkələrimiz arasında hökumətlərarası iqtisadi komissiyanın yaradılmasının vacibliyi vurğulanıb və bunun qarşılıqlı ticarət dövriyyəsinin artırılmasına təkan verəcəyi qeyd olunub. 2009-cu ildə Qırğızıstan parlamenti (Joqorku Keneş) sədrinin birinci müavini Çolpon Bayekovanın başçılığı ilə Qırğız nümayəndə heyəti Azərbaycanda səfərdə olub. Səfər çərçivəsində nümayəndə heyəti Azərbaycan Prezidenti İlham Əliyev və Milli Məclisin sədri Oqtay Əsədov tərəfindən qəbul edilib. 2009-cu ildə Bakıda İslam Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələrin hüquq-mühafizə orqanlarının rəhbərlərinin iştirakı ilə konfrans keçirilib. Qırğız Respublikası tərəfindən ölkənin Dövlət Gömrük Komitəsinin nümayəndəsi tədbirdə iştirak edib. 2009-cu ildə Naxçıvan şəhərində Türkdilli ölkələrin dövlət başçılarının IX Zirvə görüşündə Qırğızıstan Respublikası da təmsil olunub. Zirvə görüşünün sonunda Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının yaradılması haqqında Naxçıvan Sazişi imzalanıb. 2010-cu ildə İstanbul şəhərində keçirilmiş Türkdilli ölkələrin dövlət başçılarının X Zirvə toplantısı çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının keçid dövrü Prezidenti Roza Otunbayeva arasında görüş keçirilib. 2010-cu il tarixində Qırğızıstanda keçirilmiş parlament seçkilərində Azərbaycan müşahidə missiyası iştirak edib. 2010-cu il tarixində İstanbulda keçirilmiş İƏT-in Zirvə toplantısı zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Qırğız Respublikasının Prezidenti Roza Otunbayeva arasında təkbətək görüş olub.

2012-ci ilin martında Qırğız Respublikasının Prezidenti Almazbek Atambayev ölkəmizə səfər edib. Səfər çərçivəsində iki ölkə başçıları arasında keçirilən görüşdə Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə olunub. Dövlətlərimiz arasında əlaqələrin daha da genişləndirilməsi üçün yaxşı potensialın olduğu qeyd edilib. Qırğız Respublikasının Prezidenti Almazbek Atambayevin Azərbaycana rəsmi səfərinin ölkələrimiz arasında əməkdaşlığın daha da möhkəmləndirilməsi baxımından önəmi vurğulanıb. Daha sonra geniş tərkibdə davam etdirilən görüşdə Qırğız Respublikasının Prezidentini ölkəmizdə salamlayan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu səfərin əlaqələrimizin və ikitərəfli münasibətlərimizin inkişafına verilən əhəmiyyətin çox yaxşı göstəricisi olduğunu vurğulayaraq deyib ki, münasibətlərimizin çox gözəl gələcəyi var. Ölkə başçısı bildirib ki, qarşılıqlı münasibətlərimizdə yol verilmiş vaxt itkisinin əvəzini tez bir zamanda çıxacağıq. Çünki bizim razılaşmaların konkret işlərə transformasiyası göz qabağındadır. Qırğız Respublikasının Prezidenti Almazbek Atambayev münasibətlərimizin inkişafından çox müsbət nəticələr gözlədiyini söyləyib. Ümidvar olduğunu bildirib ki, münasibətlərin inkişafı baxımından itirilən 20 ili qarşıdakı iki ildə fəal işləməklə qaytarmaq mümkün olacaq.

Səfər çərçivəsində iki ölkə arasında bir sıra sahələri əhatə edən sazişlər imzalanıb. Daha sonra Hökumətlərarası Komissiyanın iclası keçirilib. İclasda çıxış edən Komissiyanın Azərbaycan tərəfdən həmsədri, Baş nazirin birinci müavini Yaqub Eyyubov Azərbaycan və Qırğızıstan xalqlarının əsrlər boyu həmişə sülh və dostluq şəraitində yaşadığını qeyd edib. Qırğızıstan və Azərbaycan indi müstəqil dövlətlər kimi bu dostluq və qardaşlıq münasibətlərini inkişaf etdirirlər. Y. Eyyubov deyib ki, hər iki ölkə üzv olduğu bütün beynəlxalq təşkilatlarda qarşılıqlı əməkdaşlıq edir və bir-birini dəstəkləyir. Əminliklə bildirilib ki, Hökumətlərarası Komissiyanın fəaliyyəti münasibətlərin gələcək inkişafına öz töhfəsini verəcək.

Pərviz Sadayoğlu