Yeni Azərbaycan.-2015.-20 may.-¹ 89.-S.7.

 

Azərbaycan-İƏT əlaqələri uğurla inkişaf edir

 

Tərəflər arasında müxtəlif sahələri əhatə edən birgə layihələr həyata keçirilir

 

Aqşin Şahinoğlu

 

Xəbər verildiyi kimi, mayın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva İslam Əməkdaşlıq Təşkilatının baş katibi İyad bin Amin Mədəni ilə görüşüblər.

Görüşdə Azərbaycan ilə İslam Əməkdaşlıq Təşkilatı arasında əlaqələrin uğurla inkişaf etdiyi bildirilib. Müxtəlif sahələrdə həyata keçirilən birgə layihələrin önəmi qeyd olunub. Prezident İlham Əliyev bu ilin aprelində Səudiyyə Ərəbistanına rəsmi səfərini xatırlayaraq bu səfərin uğurla keçdiyini və müxtəlif sahələrdə əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsi baxımından səmərəli olduğunu diqqətə çatdırıb.

İslam Əməkdaşlıq Təşkilatının baş katibi İyad bin Amin Mədəni paytaxtımızda həyata keçirilən genişmiqyaslı abadlıq işlərinin, gedən inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını deyib. Artıq Bakıda üçüncü dəfə keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun əhəmiyyətindən danışan İyad bin Amin Mədəni bu tədbirin müxtəlif fikirlərin dinlənilməsi və onların tətbiqi baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirib. Söhbət zamanı Azərbaycan ilə İslam Əməkdaşlıq Təşkilatı arasında əlaqələrin bundan sonra da genişlənəcəyinə əminlik ifadə olunub.

Bu məqamda vurğulamaq yerinə düşər ki, ümumiyyətlə, Azərbaycan İƏT çərçivəsində fəal siyasət həyata keçirir. Ümummilli liderimiz Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı Azərbaycan Respublikasının beynəlxalq əlaqələrinin genişlənməsində, xarici ölkələrlə, o cümlədən, beynəlxalq təşkilatlarla münasibətlərin inkişaf etdirilməsində həlledici rol oynadı. Əsası Ulu öndərimiz tərəfindən qoyulan və bu gün Prezident İlham Əliyevin uğurla davam etdirdiyi xarici siyasət kursu Azərbaycanın beynəlxalq aləmlə həm ikitərəfli, həm də çoxtərəfli əlaqələrinin inkişaf etdirilməsinə zəmin yaradıb. Bu gün Azərbaycan İslam Əməkdaşlıq Təşkilatı və quruma daxil olan ölkələrlə də yüksək əlaqələrə malikdir. Ümumiyyətlə, Azərbaycanla İslam Əməkdaşlıq Təşkilatı arasındakı münasibətlər xarici siyasət kursumuzun prioritet istiqamətlərindən sayılır. Xatırladaq ki, İslam Əməkdaşlıq Təşkilatı (əvvəlki adı İslam Konfransı Təşkilatı)1969-cu ildə Rabatda (Mərakeş) müsəlman ölkələrinin dövlət və hökumət başçılarının konfransında yaradılıb, 60-a yaxın dövləti özündə birləşdirir. Bəzi ölkələrin müsəlman icmalarının, habelə bir sıra beynəlxalq təşkilatların nümayəndələri İƏT yanında müşahidəçi statusuna malikdirlər. İslam Əməkdaşlıq Təşkilatı Birləşmiş Millətlər Təşkilatı ilə sıx əməkdaşlıq edir. Təşkilat 1975-ci ildən bəri BMT yanında müşahidəçi statusu alıb. 1972-ci ildə qəbul edilmiş nizamnaməyə görə, İslam Əməkdaşlıq Təşkilatının ali orqanı dövlət və hökumət başçılarının konfransıdır. Baş Katibliyin tərkibində bir sıra şöbələr, o cümlədən, sosial-iqtisadi, elm və texnika, Asiya məsələləri, Afrika məsələləri, beynəlxalq məsələlər, informasiya, insan hüquqları və azsaylı dini icma məsələləri, müsəlmanların qeyri-hökumət təşkilatları məsələləri şöbələri və başqa şöbələr fəaliyyət göstərir. Eyni zamanda, İslam Əməkdaşlıq Təşkilatı ilə Azərbaycan arasındakı əlaqələr çoxşaxəli və davamlı xarakterə malikdir. Qeyd olunduğu kimi, Azərbaycan Respublikasının İslam Əməkdaşlıq Təşkilatı ilə münasibətlərinin inkişafı ölkəmizin xarici siyasət kursunda prioritet istiqamətlərdəndir və strateji əhəmiyyət kəsb edir. Dövlət müstəqilliyini bərpa etdikdən sonra keçmiş Sovet respublikaları arasında ilk olaraq məhz Azərbaycan İslam Əməkdaşlıq Təşkilatına üzv olmaq barədə müraciət edib. Yuxarıda da vurğuladığımız kimi, qurumla ölkəmiz arasındakı münasibətlər Ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra möhkəm xarakter alıb. 1994-cü ilin may ayından etibarən Ümummilli lider Heydər Əliyevin müvafiq Sərəncamına əsasən, Azərbaycanın Səudiyyə Ərəbistanı Krallığındakı səfirinə İKT Baş Katibliyi yanında daimi nümayəndə səlahiyyətləri verildikdən sonra Ər-Riyaddakı səfirliyimiz vasitəsilə mənzil-qərargahı Səudiyyə Ərəbistanının Ciddə şəhərində yerləşən İƏT Baş Katibliyi və onun müxtəlif qurumları, o cümlədən, İslam İnkişaf Bankı ilə səmərəli iş aparılmağa başlanılıb.

Ümummilli lider Heydər Əliyevin 1994-cü ilin iyul ayında Səudiyyə Ərəbistanına səfəri Azərbaycan-İƏT əməkdaşlığının gələcək inkişafı üçün zəmin yaratmaqla yanaşı, səfər əsnasında Onun müqəddəs Kəbədə ümrə ziyarəti, keçirdiyi məhsuldar görüşlər bütün İslam dövlətlərinin ölkəmizə maraq və diqqətini artırıb. Ümummilli liderin İƏT baş katibi ilə 1994-cü ilin noyabrında Bakıda keçirdiyi görüşlər, həmin ilin dekabrında İƏT dövlət və hökumət başçılarının Kasablankada keçirilmiş VII Zirvə Konfransında iştirakı və İƏT baş katibi, həmçinin, bir sıra üzv dövlətlərin xahişi ilə Asiya ölkələri qrupu adından çıxışı Azərbaycanın mövqeyini təşkilat daxilində daha da möhkəmlətdi və üzv dövlətlər tərəfindən dəstəklənməsi imkanlarını artırdı. Bunun nəticəsində İƏT Zirvə görüşləri tarixində ilk dəfə olaraq Kasablankada “Ermənistan-Azərbaycan münaqişəsi haqqında” siyasi qətnamə qəbul edildi, həmin ildən etibarən İƏT-in BMT ilə əməkdaşlığı üzrə müzakirə edilən problemlər siyahısına “Ermənistan-Azərbaycan münaqişəsi” mövzusunun mütəmadi salınmasına nail olunub.

Qeyd olunmalıdır ki, gərgin əməyin nəticəsi kimi, siyasi qətnamənin adının dəyişdirilərək daha da gücləndirilməsi və “Ermənistanın Azərbaycana qarşı təcavüzü haqqında” başlığı ilə ilk dəfə olaraq 1996-cı ilin dekabrında Cakartada keçirilmiş İƏT xarici işlər nazirlərinin 24-cü Konfransı və 1997-ci ilin dekabrında Tehranda keçirilmiş İƏT dövlət və hökumət başçılarının VIII Zirvə görüşündə qəbul edilməsi bu məsələyə dair Azərbaycanın haqlı mövqeyinin dünya ictimaiyyətinə çatdırılmasında önəmli rol oynayıb. Xatırladaq ki, siyasi qətnamədə üzv dövlətlərin erməni təcavüzünü qətiyyətlə pisləməsi, Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal, qeyd-şərtsiz çıxmasının tələb edilməsi, bu problemə dair baş katibin ənənəvi illik hesabatları, İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində keçirilən görüşlərdə qəbul edilən yekun bəyannamələrin müvafiq bəndlərində səsləndirilən müddəalar, habelə qondarma “Dağlıq Qarabağ Respublikası”nda keçirilmiş müxtəlif qeyri-qanuni seçkilərin beynəlxalq hüquq normalarına zidd və İƏT-ə üzv ölkələr tərəfindən tanınmayan amil kimi qiymətləndirilməsi erməni tərəfinin İƏT dövlətlərinə narazılığını bildirməsi ilə müşayiət olunsa da, əks-rezonans doğurub. Eyni zamanda, qeyd olunan qərar və qətnamələr əsasında həm İƏT qurumları, həm də üzv dövlətlər tərəfindən Azərbaycana o zaman çox vacib olan geniş humanitar yardım fəaliyyəti həyata keçirilib.

Azərbaycan da, öz növbəsində, İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində İslam dünyasının problemlərinə dair aparılan müzakirələrdə, qərar və qətnamələrin qəbul edilməsində, həmçinin, Fələstin probleminə münasibətdə daim konstruktiv mövqe sərgiləyib, özünün birmənalı və dəyişməz mövqeyini nümayiş etdirib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2005-ci ilin dekabrında İƏT-in Məkkədə keçirilmiş III fövqəladə Zirvə görüşündə iştirakı, Onun təşəbbüsü ilə 2006-cı ilin 19-21 iyun tarixlərində Bakıda İƏT xarici işlər nazirlərinin növbəti 33-cü Konfransının, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə 2008-ci il 10-11 iyun tarixlərində Bakıda “Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi” mövzusunda Beynəlxalq Forumun keçirilməsi, həmçinin, digər konfrans və tədbirlərə Azərbaycanın ev sahibliyi etməsi yuxarıda qeyd olunan siyasətin tərkib hissəsi kimi dəyərləndirilə bilər.

Azərbaycan, həmçinin, İƏT-in müxtəlif təşkilatları ilə də sıx əməkdaşlıq edir. Bu baxımdan, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın fəaliyyəti xüsusilə təqdirəlayiqdir. Həmin fəaliyyətin nəticəsidir ki, 2006-cı ildə İSESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri sivilizasiyaların yaxınlaşmasındakı fəaliyyətinə görə Mehriban xanım Əliyevaya İSESCO-nun xoşməramlı səfiri adının verilməsi haqqında diplom təqdim edib. Həmçinin, 2008-ci ilin iyununda Bakıda keçirilən “Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi” mövzusunda Beynəlxalq Forumda iştirak edən qurumun baş katibi E. İhsanoğlu humanitar sahədəki fəaliyyətinə görə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya “İƏT-in humanitar məsələlər üzrə xüsusi elçisi” statusuna dair diplom təqdim edib. Əlamətdar haldır ki, İslam ölkələrinin daxil olduğu təşkilatın bu yüksək adlarına layiq görülən ilk qadın məhz Azərbaycanın birinci xanımıdır.

Qurumun XI Zirvə Konfransında İƏT-in yeni Nizamnaməsi qəbul edilib ki, bu beynəlxalq təşkilatın əsas sənədinin məqsəd və məramları bölməsində Azərbaycan nümayəndə heyətinin məqsədyönlü işi və israrlı mövqeyi nəticəsində işğal altında olan dövlətlərin öz ərazi bütövlüyünü bərpa etməsi hüququnun üzv dövlətlər tərəfindən birmənalı dəstəklənməsi barədə müddəanın təsbit edilməsi ölkəmiz üçün müstəsna əhəmiyyət kəsb edir. Təsadüfi deyil ki, 2008-ci ildə BMT Baş Assambleyasının 62-ci sessiyasında Azərbaycan nümayəndə heyətinin təqdim etdiyi “Azərbaycanın işğal altında olan ərazilərindəki vəziyyət” adlı qətnamənin qəbul edilməsində İƏT-ə üzv olan dövlətlərin mövqeyi həlledici rol oynayıb. Təşkilatın 2011-ci ilin fevralında keçirilən İƏT xarici işlər nazirlərinin 36-cı iclasında da analoji mövqe bir daha vurğulanıb. İclasda bir daha qeyd olunub ki, Ermənistan Azərbaycan torpaqlarını işğal edib və BMT Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsini yerinə yetirməyib. Quruma üzv olan ölkələrin xarici işlər nazirləri Ermənistanı işğaldan əl çəkməyə çağırıblar.

Təşkilatın Azərbaycanın bir nömrəli probleminin həllində ölkəmizə verdiyi dəstək bununla da yekunlaşmır. Məlum olduğu kimi, 2009-cu ildən Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun (DƏ-İKGF) mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət!” kampaniyası keçirilir. Kampaniya çərçivəsində Xocalı qətliamının adı İsveçdə yaradılmış və virtual aləmdə geniş vüsət almış “Beynəlxalq Müharibə Qurbanları Memorialı” arxiv layihəsinə daxil edilib. Layihədə kampaniyanın rəsmi saytına istinad edilərək Dağlıq Qarabağ müharibəsi zamanı erməni silahlı qüvvələri tərəfindən Xocalı şəhərində xüsusi amansızlıqla öldürülən qurbanların siyahısı yerləşdirilib, faciə saytın istifadəçilərinə XX əsrin ən dəhşətli qətliamı kimi təqdim edilib. Xocalı qətliamının adı Əlcəzair, Srebrenitsa, Darfur, Madaqaskar, Nigeriya, Ruanda, Vyetnam və başqa yerlərdə törədilmiş soyqırımları və qətliamlarla bir sırada çəkilib. Bununla yanaşı, 2010-cu il yanvarın 31-də İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Parlament İttifaqının Uqandanın Kambala şəhərində keçirilən və 51 ölkənin parlament nümayəndələrinin iştirak etdiyi VI konfransında “Xocalıya ədalət!” beynəlxalq kampaniyasına dəstək çərçivəsində xüsusi qətnamə qəbul edilib. Qətnamədə bildirilib ki, İslam Konfransı Təşkilatı Parlament İttifaqı “Xocalıya ədalət!” beynəlxalq kampaniyasını dəstəkləyir: “Üzv dövlətlərin parlamentlərini insanlığa qarşı bu cinayəti düzgün və müvafiq şəkildə tanımağa, sözügedən kampaniyaya milli və beynəlxalq səviyyədə tam dəstək verməyə çağırırıq”. Qeyd etmək lazımdır ki, bu sənəd beynəlxalq təşkilatlar tərəfindən Xocalı faciəsini insanlığa qarşı cinayət kimi tanıyan ilk qətnamədir. Yeri gəlmişkən, qətnamənin qəbulu prosesində Ermənistanın da təmsil olunduğu Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Birliyinə üzv olan dövlətlərin nümayəndələri də iştirak ediblər. “Xocalıya ədalət!” kampaniyası çərçivəsində əldə olunan ilk uğur İƏT xarici işlər nazirləri tərəfindən Xocalı faciəsini kütləvi qırğın kimi qiymətləndirmək barədə qətnamənin qəbul edilməsi sayıla bilər. 2009-cu ilin iyul ayında isə DƏ-İKGF ilə İSESCO arasında imzalanmış anlaşma nəticəsində Xocalı faciəsi haqqında məlumatın İƏT ölkələrinin tarix dərsliklərinə daxil edilməsi barədə razılıq əldə olunub. 2013-cü il dekabrın 9-11-də Qvineyanın paytaxtı Konakridə 57 ölkənin üzv olduğu İslam Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirləri Şurasının (İƏT XİNŞ) 40-cı sessiyası keçirilib. İslam Əməkdaşlıq Təşkilatı ilə sıx əməkdaşlıq edən Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumu da sessiyada təmsil olunub. DƏ-İKGF tərəfindən sessiyaya Xocalı faciəsini soyqırımı aktı kimi tanımaq barədə qətnamə layihəsi təqdim edilib.

İslam Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirləri Şurası həmin qətnaməni qəbul etməklə Xocalı faciəsini soyqırımı aktı kimi tanıdığını bir daha bəyan edib. DƏ-İKGF nümayəndə heyətinin rəhbəri kimi sessiyada iştirak edən Elməddin Mehdiyev bildirib ki, Forum tərəfindən təqdim edilən qətnamə layihəsində DƏ-İKGF-nin mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” kampaniyasına dair xüsusi bənd yer alıb. Həmin bənddə deyilir: “İƏT XİNŞ “Xocalıya ədalət!” beynəlxalq məlumat kampaniyasını alqışlayır və üzv dövlətləri bu soyqırımı aktının milli və beynəlxalq səviyyədə insanlığa qarşı cinayət kimi tanınması üçün kampaniyanın işində fəal iştirak etməyə və lazımi səylər göstərməyə çağırır”.

Sözügedən qətnamədə, həmçinin, DƏ-İKGF tərəfindən həyata keçirilən “Dünyanı dəyişə biləcək 10 gənc müsəlman” beynəlxalq mükafat layihəsi alqışlanıb və üzv dövlətlər bu sahədə DƏ-İKGF ilə əməkdaşlıq etməyə çağırılıb. Həmin mükafat layihəsinə 2011-ci ilin noyabrında Bakıda DƏ-İKGF-nin və Azərbaycan hökumətinin birgə təşkil etdiyi İslam Əməkdaşlıq Təşkilatı Gənc Sahibkarlar Şəbəkəsinin (ICYEN) təsis konfransı zamanı start verilib və ilk mükafatlandırma mərasiminin beynəlxalq səviyyədə təşkil edilməsi qərara alınıb. İslam Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirləri Şurasının 40-cı sessiyasında DƏ-İKGF-yə 2014-cü ildə İƏT ölkələri gənclər və idman nazirlərinin konfransını təşkil etmək həvalə olunub. Qeyd edək ki, tədbirdə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov da iştirak edib.

Ümumiyyətlə, qeyd etdiyimiz kimi, Azərbaycan İƏT və onun qurumları ilə fəal əməkdaşlıq edir, təşkilatın tədbirlərinə yüksək səviyyədə ev sahibliyi edir. Buna nümunə kimi ötən il oktyabrın 20-21-də Bakıda “İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin inkişafında qadınların rolu” mövzusunda V Beynəlxalq konfransın keçirilməsini göstərmək olar. 60-dək ölkədən ümumilikdə 220-dən artıq nümayəndənin iştirak etdiyi konfransda qadınların səlahiyyətlərinin, qərar qəbuletmə prosesində onların iştirakının artırılması, qadınlar üçün bərabər imkanların yaradılması, qadınlara qarşı zorakılığın, bütün növ ayrı-seçkiliyin qarşısının alınması, keyfiyyətli təhsil, sağlamlıq və digər mövzular müzakirə edilib.

2015-ci ilin yanvar ayında isə Milli Məclisin sədri Oqtay Əsədovun başçılığı ilə Azərbaycan nümayəndə heyəti İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqı (İƏTPİ) Konfransının 10-cu sessiyasında iştirak etmək üçün Türkiyənin İstanbul şəhərində səfərdə olub. İstanbulda keçirilən tədbirin gündəliyinə İslam Əməkdaşlıq Təşkilatı və onun Parlament İttifaqı arasında Anlaşma və Əməkdaşlıq Memorandumunun ratifikasiya olunması, qurumun ixtisaslaşmış komitələrinin təqdim etdikləri sənədlərin müzakirəsi, bir sıra təşkilati məsələlər daxil idi. Sessiya çərçivəsində deputatlarımız təşkilatın Siyasi məsələlər və xarici əlaqələr, İqtisadi məsələlər və ətraf mühit, İnsan hüquqları, qadın və ailə məsələləri, Mədəni və hüquqi məsələlər, sivilizasiyalar və dinlər arasında dialoq üzrə komitələrinin toplantılarına qatılıblar. Yığıncaqlarda “XXI əsrin problemlərinə cavab: Qlobal sülh, ədalət, sabitlik və təhlükəsizlik” mövzusunda, həmçinin, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı, terrorizmə qarşı mübarizə, İslam dövlətləri arasında viza məsələlərinin sadələşdirilməsi, ticarət dövriyyəsinin artırılması, İslam mədəni irsinin qorunması və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Bütün bunlarla yanaşı onu da vurğulamaq lazımdır ki, bu gün İslam dinini və dəyərlərini gözdən salmaq üçün də müəyyən xarici qüvvələr kampaniya aparırlar. Belə bir şəraitdə Azərbaycan həqiqi islami dəyərlərin təbliği baxımından da vacib rol oynayır. Aprelin 6-da Ciddədə keçirilən görüş zamanı İƏT-in baş katibi İyad bin Amin Mədəni bildirib ki, Azərbaycan İslam dininin yayıldığı ölkədir: “Ölkəniz, həmçinin, bəşəriyyətin qədim beşiyi olub. Əldə edilmiş arxeoloji tapıntılar da buna dəlalət edir. Cənab Prezident, Azərbaycan Asiya ilə Avropa arasında körpüdür. Ölkəniz, həmçinin, ən qədim vaxtlardan neft ilə zəngin ölkə olub... Bir sözlə, Azərbaycanın bu cür özünəməxsusluğu, tutduğu qəti mövqeyi və cənab Prezident, İslam Əməkdaşlıq Təşkilatında dəyərləndirdiyimiz hər bir məsələyə şəxsi diqqətiniz bizim üçün fərəh mənbəyidir, arxalandığımız meyardır və hesab edirik ki, ümumi dəyərlərimizə doğru irəlilədiyimiz yolda bunları daim hiss edəcəyik”.

Prezident İlham Əliyev isə bildirib ki, bu gün media, qloballaşma və gündəlik həyatımızın digər elementləri müxtəlif aspektlər baxımından öz rolunu oynayır: “Əfsuslar ki, onlar bəzən köklərimizi, ənənələrimizi sual altında qoyaraq, mənfi rol da oynayır. Qloballaşma özlüyündə yaxşı bir prosesdir. Lakin o, bəzən kökləri, ənənələri, dini, bayramları və dəyərləri yaddan çıxarmaq mənasını daşıyırsa, onda biz bu cür qloballaşmanı dəstəkləmirik.

Bu səbəbdən, müsəlman aləminin gənc nəsilləri milli, ənənəvi dəyərlərimizə əsaslanaraq tərbiyələndirilməlidirlər. Əlbəttə, Səudiyyə Ərəbistanının bu baxımdan oynadığı rol çox əhəmiyyətlidir. Azərbaycan da, öz növbəsində, dəyərlərimizi təşviq etmək üçün əlindən gələni edir. Biz müsəlman aləminin mədəniyyətini nümayiş etdirmək, İslamı sülh, qardaşlıq və tolerantlıq dini kimi təqdim etmək məqsədilə dünyanın müxtəlif yerlərində bir çox konfranslar, sərgilər və digər mədəni tədbirlər təşkil etmişik.

İslamı dünyaya təhlükə kimi təqdim etmək istəyənlərə imkan verməmək üçün biz daha çox çalışmalıyıq, səylərimizi birləşdirməliyik. İslam sülh və qardaşlıq dinidir. Biz bunu bilirik. Hər kəs bunu bilməlidir. Dəyərlərimizi təşviq etmək və keçmişimizi, bu günümüzü və gələcəklə bağlı planlarımızı düzgün şəkildə çatdırmaq üçün daha fəal olmalıyıq”.

Beləliklə, yuxarıda da qeyd etdiyimiz kimi, hazırda beynəlxalq təşkilatlarla əməkdaşlığa böyük önəm verən Azərbaycan, eyni zamanda, İslam Əməkdaşlıq Təşkilatı və quruma daxil olan ölkələrlə də yüksək əlaqələrə malikdir. İslam Əməkdaşlıq Təşkilatı ilə sıx münasibətlər xarici siyasət kursumuzun prioritet istiqamətlərindən sayılır. Daha dəqiq desək, ölkəmizlə bu beynəlxalq qurum arasındakı əlaqələr çoxşaxəli və davamlı xarakterə malikdir. Azərbaycanın təşkilatın tədbirlərində yaxından iştirakı, həmçinin, Bakının bu təşkilat çərçivəsində keçirilən tədbirlərə ev sahibliyi etməsi də deyilənləri bir daha təsdiqləyir.