“Yeni Azərbaycan”.-2015.-16 may.-¹ 87.-S.8.

 

Azərbaycan-Pakistan əməkdaşlığı bütün sahələrdə uğurla inkişaf edir

 

İki ölkə arasında yüksək səviyyəli strateji müttəfiqlik mövcuddur

 

Xəbər verildiyi kimi, Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarov bu ölkə Senatının sədri Mian Rza Rabbani ilə görüşüb. Görüşdə Azərbaycan-Pakistan münasibətləri, xüsusilə parlamentlərarası əlaqələr haqqında ətraflı fikir mübadiləsi aparılıb.

Səfir Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində Pakistanın ölkəmizə verdiyi dəstəyə görə minnətdarlığını bildirib. D. Şikarov deyib ki, Pakistan Senatının 2013-cü ildə Xocalı soyqırımını tanıyan və Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən qətnamələr qəbul etməsi, bu il mayın 3-də Dağlıq Qarabağda qondarma rejimin keçirdiyi “parlament seçkiləri”ni tanımayan bəyanat verməsi Azərbaycanda yüksək qiymətləndirilir. Diplomat ölkəmizdə aparılan yenidənqurma işləri, iqtisadi islahatlar, bu istiqamətdə əldə edilmiş uğurlar, birinci Avropa Oyunlarına hazırlıq işləri haqqında məlumat verib.

Söhbət zamanı Pakistan Prezidenti Məmnun Hüseynin bu ilin mart ayında Azərbaycana səfəri, keçirilən görüşlər, imzalanan sənədlər haqqında fikir mübadiləsi aparılıb, bu səfərin ölkələrimiz arasında əlaqələrin inkişafına təkan verəcəyi qeyd olunub.

Pakistan Senatının sədri xalqlarımız arasındakı münasibətlərin bütün istiqamətlərdə uğurla inkişafından məmnun olduğunu bildirib. O, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində Pakistanın Azərbaycanı tam dəstəklədiyini və ermənilərin işğal etdikləri torpaqlardan geri çəkilənə qədər bu siyasətin davam edəcəyini bildirib.

Pakistan Senatı və Azərbaycan Milli Məclisi arasında əməkdaşlığından söz açan M.R. Rabbani Senatın nümayəndələrinin Azərbaycana, həmçinin, Milli Məclisin sədri Oqtay Əsədovun başçılığı ilə nümayəndə heyətinin Pakistana səfərləri haqqında danışıb.

D. Şikarov Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədovun adından M.R. Rabbanini ölkəmizə səfərə dəvət edib. Senatın sədri təklifi qəbul edib və azərbaycanlı həmkarını Pakistanda görməkdən məmnun olduğunu bildirib.

Bu məqamda vurğulayaq ki, Azərbaycan ilə Pakistan İslam Respublikası arasında yüksəksəviyyəli strateji müttəfiqlik mövcuddur. Pakistan İslam Respublikası Azərbaycan Respublikasının dövlət müstəqilliyini tanıyan ilk dövlətlərdən biridir. İki ölkə arasında əməkdaşlıq məsələlərinə keçməzdən öncə vurğulamaq yerinə düşər ki, Pakistan İslam Respublikası hər zaman Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə dair atılan addımlarda Azərbaycan tərəfinin mövqeyini birmənalı şəkildə dəstəkləyir və münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin tərəfdarıdır. Rəsmi İslamabadın Ermənistanın Azərbaycana qarşı təcavüzünə münasibətdə israrlı mövqeyinin bariz nümunəsi kimi, 1993-cü ildə BMT Təhlükəsizlik Şurasında Pakistan İslam Respublikasının sədrliyi ilə işğalçı Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılması ilə bağlı 822 saylı Qətnamə qəbul edilib. Eyni zamanda, qeyd etmək lazımdır ki, məhz bu səbəbdən Pakistan İslam Respublikası bu günədək işğalçı Ermənistanla diplomatik münasibətlər yaratmayıb.

Beləliklə, iki dövlət arasındakı diplomatik əlaqələrin tarixi 1992-ci ilin iyunundan başlayır. 1993-cü il martın 12-də Pakistan İslam Respublikasının Bakıda və 1997-ci il avqustun 24-də Azərbaycan Respublikasının İslamabadda səfirlikləri açılıb. 1993-cü ilin iyununda Ümummilli liderimiz Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə gəlişi Azərbaycan ilə Pakistan İslam Respublikası arasındakı dostluq əlaqələrinin strateji müttəfiqlik müstəvisində beynəlxalq və regional təşkilatlar çərçivəsində uğurla inkişaf etməsinə təkan verdi.

Belə ki, Ulu öndər Heydər Əliyevin dəvəti ilə 1995-ci il oktyabrın 9-11-də Pakistan İslam Respublikasının keçmiş Prezidenti Sərdar Faruq Əhməd Xan Leqari Azərbaycana ilk rəsmi səfərini edib. Bu səfər iki dövlət başçısı arasında mövcud olan xüsusi dostluq münasibətləri ruhunda yüksək səviyyədə, qarşılıqlı anlaşma şəraitində keçib və dövlətlərarası münasibətlərin ən yüksək səviyyədə inkişafında xüsusi əhəmiyyət daşıyıb. Ümumiyyətlə, qeyd etmək lazımdır ki, hər iki ölkə başçıları bir neçə dəfə qarşılıqlı səfərlər ediblər. 1996-cı ilin aprelində Pakistan İslam Respublikası Prezidentinin dəvəti ilə Ulu öndər Heydər Əliyevin Pakistana, 2004-cü ildə Pakistan İslam Respublikasının keçmiş Prezidenti Pərviz Müşərrəfin Azərbaycan Respublikasına, 2005-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin Pakistana səfərləri bunun əyani göstəricisidir. Səfərlər zamanı əməkdaşlığın müxtəlif sahələri ətrafında danışıqlar və fikir mübadilələri aparılıb, müvafiq istiqamətlər üzrə ikitərəfli sənədlər imzalanıb.

Bu baxımdan, 2005-ci ilin aprelində Azərbaycan Prezidenti İlham Əliyevin Pakistana səfəri xüsusi olaraq qeyd edilməlidir. Dövlətlərarası münasibətlərin yüksək səviyyədə inkişafında yeni mərhələnin başlanğıcı sayılan bu səfər zamanı dövlət başçılarının görüşündə Azərbaycan ilə Pakistan arasındakı münasibətlərin strateji tərəfdaşlıq qismində inkişafından razılıq ifadə edilib. Pakistan tərəfi Azərbaycanla imzalanmış ikitərəfli sənədlərin bütün sahələrdə əməkdaşlığın inkişafında əhəmiyyətini vurğulayıb. Qeyd olunub ki, Pakistan və Azərbaycan əsas problemlərə eyni mövqedən yanaşır. Məhz Kəşmir problemi barədə Azərbaycanın açıq mövqeyi və Ermənistanın Azərbaycana təcavüzünün Pakistan tərəfindən daim pislənməsi xüsusi olaraq vurğulanıb. Bildirilib ki, rəsmi İslamabad Ermənistanın Azərbaycana hərbi təcavüzünü qətiyyətlə pisləyir və öz mövqeyinə hər zaman sadiq qalacaq. Digər tərəfdən, Pakistan Azərbaycanın ərazi bütövlüyünün təmin olunması tələbini hər zaman dəstəkləyəcəyini vəd edib.

Qeyd etdiyimiz kimi, iki ölkənin rəsmiləri arasında keçirilən görüşlər münasibətlərin inkişafına mühüm töhfələr verib. 2006-cı il 5-7 may tarixlərində İqtisadi Əməkdaşlıq Təşkilatının IX Zirvə Toplantısında iştirak etmək məqsədilə Pakistan İslam Respublikasının Baş naziri Şövkət Əziz Azərbaycana səfər edib. 2006-cı il mayın 3-də Pakistanın xarici işlər naziri X.M. Kasuri İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə Toplantısı ilə əlaqədar Bakıda səfərdə olub. 2008-ci ildə Pakistan Senatının Xarici əlaqələr üzrə daimi komitəsinin nümayəndə heyəti Azərbaycana səfər edib. 2008-ci ilin sentyabrında Bakıda keçirilmiş İƏT-ə üzv dövlətlərin kənd təsərrüfatı nazirlərinin IV toplantısında Pakistan İslam Respublikasının nümayəndə heyəti iştirak edib. 2008-ci ilin oktyabrında isə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin nümayəndə heyəti Pakistana səfər edib. Səfər zamanı Azərbaycan-Pakistan ikitərəfli İşçi Qrupu Forumunun da ilk iclası keçirilib. 2008-ci ilin noyabrında isə Azərbaycanın müdafiə sənayesi naziri Yavər Camalovun başçılıq etdiyi nümayəndə heyəti Pakistanın Kəraçi şəhərində təşkil olunmuş V Beynəlxalq Müdafiə Sənayesi Sərgisi və seminarında (İDEAS-2008) iştirak edib. Pakistanın Müdafiə Məhsulları İxracının Təşviqi Təşkilatı, Pakistan Ticarətin İnkişafı Agentliyi və “E-Commerce Gateway Pakistan” təşkilatının birgə keçirdiyi sərgidə 60 ölkədən 256 şirkət iştirak edib.

Bir sözlə, qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikası arasında əlaqələr strateji tərəfdaşlıq səviyyəsinə çatıb və bundan sonra da ölkələr arasında formalaşan mehriban dostluq və sıx əməkdaşlıq əlaqələrinin daha yüksək zirvəyə çatması üçün geniş imkanlar və böyük potensial mövcuddur. İki ölkə arasında humanitar sahədə əlaqələr daha yüksək səviyyədə inkişaf edib. Pakistan Hökuməti tərəfindən Ermənistanın Azərbaycana təcavüzü nəticəsində yaranmış vəziyyətlə əlaqədar dəfələrlə qaçqın və məcburi köçkünlərimizə humanitar yardımlar göstərilib. İndiyədək Pakistan İslam Respublikası azərbaycanlı qaçqın və məcburi köçkünlərə kömək məqsədilə geyim və dərmandan ibarət 25 tondan artıq humanitar yardım göndərib. Eyni zamanda, 2005-ci ildə Pakistan İslam Respublikasında baş vermiş dəhşətli zəlzələ nəticəsində zərər çəkmiş insanlara yardım etmək məqsədilə Azərbaycan Hökuməti tərəfindən Pakistan İslam Respublikasına əlavə olaraq 1 milyon ABŞ dolları yardım edilib. Daha öncə isə 500 min ABŞ dolları və zəruri ləvazimatlarla dolu təyyarə fəlakət zonasına göndərilmişdi. Bundan başqa, Pakistan İslam Respublikası Xocalı faciəsini soyqırımı kimi tanıyıb. Belə ki, Pakistan Senatı Azərbaycanın Xocalı şəhərində baş vermiş hadisələrin soyqırımı kimi tanınması ilə bağlı qətnamə qəbul edib. Sənəddə göstərilir ki, Senat Azərbaycan ərazilərinin ermənilər tərəfindən işğalını və 1992-ci ilin fevralında erməni silahlı birləşmələri tərəfindən törədilən soyqırımını pisləyir. Senat bir daha Azərbaycan ərazilərinin toxunulmazlığını təsdiqləyir və onun beynəlxalq çərçivədə qəbul olunmuş sərhədlərini tanıyır.

Qeyd edək ki, Azərbaycan-Pakistan əlaqələrinin daha da genişlənməsində Heydər Əliyev Fondunun da böyük xidmətləri var. Belə ki, bununla əlaqədar mütəmadi olaraq Pakistan KİV-lərində məlumatlar verilir. Məsələn, 2013-cü ilin iyununda Pakistanın nüfuzlu ingilisdilli “Pakistan Observer” qəzetində “Azərbaycan Pakistanda humanitar fəaliyyətini genişləndirir” sərlövhəli məqalə dərc edilib. Məqalədə Azərbaycanın Pakistanda həyata keçirdiyi humanitar layihələrin genişləndirildiyi bildirilib. Vurğulanıb ki, layihələr səhiyyə, təhsil və digər sahələri əhatə edir. Yazıda Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarovun senatorlar Hacı Qulam və Hacı Adilin dəvəti ilə Dünya Qan Donoru Günü ilə bağlı keçirilən tədbirdə iştirak etmək üçün Xayber Paxtunxva əyalətinin Peşavar şəhərinə səfər etdiyi qeyd edilib.

Bildirilib ki, “Hər bir donor qəhrəmandır!” devizi altında keçirilən tədbirin məqsədi ictimaiyyətin diqqətini könüllü donorların fədakarlıqlarına cəlb etmək olub. Məqalənin müəllifi yazır ki, qan xəstəliklərindən əziyyət çəkən xəstələrin müalicəsi ilə məşğul olan Həmzə Xeyriyyə Fondunda çıxış edən D. Şikarov qurumun gördüyü işləri yüksək qiymətləndirib. Diplomat Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın adından Həmzə Fondunun təsisçisi İcaz Əli Xana xüsusi qanköçürmə və kiçik laboratoriya ilə təchiz olunmuş “Suzuki” markalı təcili tibbi yardım avtomobili və iki min ədəd qanköçürmə paketini təqdim edib. Məqalədə qeyd edilib ki, D. Şikarov Peşavara səfəri çərçivəsində Xayber Göz Fondunda olub, bu təşkilatın nəzdində fəaliyyət göstərən göz klinikasının yeni korpusunun təməlqoyma mərasimində iştirak edib. Səfir Heydər Əliyev Fondu adından Xayber Göz Fonduna maddi yardım təqdim edib. Yazıda qeyd olunub ki, mərasimdə iştirak edən senator Hacı Qulam Əli və Xayber Göz Fondunun sədri Malik Məhəmməd Əli Mehriban xanım Əliyevaya göstərdiyi yardıma görə minnətdarlığını bildirib, bu yardım nəticəsində bir çox imkansız insanların şəfa tapacaqları vurğulanıb. Bu məqamda onu da qeyd edək ki, ötən il Pakistanın Xayber Paxtunxva əyalətinin Peşavar şəhərində fəaliyyət göstərən Xayber Göz Fondunun klinikasında Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın dəstəyi ilə inşa edilmiş kişi və qadınlar üçün gözləmə otaqlarının açılış mərasimi keçirilib.

Bundan başqa, Heydər Əliyev Fondu tərəfindən Pakistanda həyata keçirilən silsilə humanitar yardımlar proqramı çərçivəsində Xayber Paxtunxva əyalətində Hepatit B virusuna qarşı peyvənd kampaniyası, açıq ürək əməliyyatları aparılıb, əyalətin klinikalarında serebral iflicin müayinəsi, Pakistan-Əfqanıstan sərhədi boyu pulsuz qanköçürmə aksiyası təşkil edilib, göz klinikasının tikintisinə maddi yardım göstərilib. Həmçinin, 2012-2013-cü illərdə Qurban bayramında və Ramazan ayında əyalətin müxtəlif bölgələrində humanitar layihələr icra olunub.

Tədbirdə çıxış edən Xayber Göz Fondunun İdarə Heyətinin sədri Hacı Məhəmməd Həlim Can Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya göstərdiyi diqqət və qayğıya görə dərin minnətdarlığını bildirib. Qeyd olunub ki, əyalətin imkansız adamlarına göstərilən bu diqqət Mehriban Əliyevanın humanistliyinin, İslam dəyərlərinə sadiqliyinin, həmçinin, xalqlarımız arasında mövcud olan məhəbbətin göstəricisidir. Bildirilib ki, müasir avadanlıqlarla təchiz olunmuş klinikada Pakistanın aparıcı oftalmoloqları çalışırlar və burada minlərlə imkansız insana pulsuz tibbi xidmət göstərilir.

Yeri gəlmişkən, Pakistan Prezidenti Məmnun Hüseynin bir müddət öncə ölkəmizə səfəri çərçivəsində bu ölkənin dövlət başçısı tərəfindən Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya Pakistanın ali dövlət mükafatı - “Hilal-e-Pakistan” ordeninin təqdim edilməsi mərasimi olub. Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın “Hilal-e-Pakistan” ordeni ilə təltif edilməsi barədə qərarda bildirilir ki, “Azərbaycanın birinci xanımı Mehriban Əliyeva 2004-cü ildə Heydər Əliyev Fondunun prezidenti təyin edilmişdir. Fond təhsil, səhiyyə, mədəniyyət, idman, ətraf mühit və digər sahələrdə müxtəlif layihələr həyata keçirərək Azərbaycanın sosial-iqtisadi inkişafına töhfələr verir. Fondun fəaliyyəti tədricən dost ölkələri, o cümlədən, Pakistanı da əhatə etməyə başladı. 2005-ci ilin oktyabrında Pakistanda zəlzələ baş verdikdən sonra Fond 2007-ci ildə Müzəffərabadın Rara qəsəbəsində zəlzələ nəticəsində dağılmış qızlar məktəbinin tikintisi kimi müxtəlif humanitar layihələrdə fəal iştirak etmişdir. 2011-ci ildə daşqınlar nəticəsində zərər çəkmiş məktəb 2012-ci ildə tam şəkildə yenidən qurulmuş, təmir və təchiz edilmiş, davamiyyəti ilə seçilmiş tələbələrə isə təqaüdlər verilmişdir. 2012-ci ildə Hepatit B peyvəndi İslamabadda Edhi və KPK kimsəsizlər evlərinə çatdırılmış, 40 min nəfərə yaxın şəxsə həmin peyvənd vurulmuşdur. Fond, həmçinin, qanköçürmə məqsədilə Həmzə Fonduna tam təchiz edilmiş təcili tibbi yardım maşınını və 2000 qan paketini çatdırmış, Peşavarda Xayber Göz Fondunun klinikasının yeni blokunun tikintisinə maliyyə yardımı ayırmışdır. 2013-cü ildə isə Fond Azərbaycanın 12 nüfuzlu universitetində pakistanlı tələbələr üçün sosial elmlər üzrə universitetlərarası konsorsiuma 36 təqaüd ayırmışdır.

Pakistanda göstərdiyi xidmətlərə, eləcə də, verdiyi böyük töhfəyə görə Pakistan İslam Respublikasının Prezidenti Mehriban xanım Əliyevanı “Hilal-e-Pakistan” ordeni ilə təltif etməkdən məmnundur”.

Təqdimetmə mərasimində çıxış edən Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Pakistan İslam Respublikasının ali dövlət mükafatı - “Hilal-e-Pakistan” ordeni ilə təltif edildiyi üçün Pakistan Prezidentinə təşəkkür edib. Mehriban xanım Əliyeva bildirib ki, Azərbaycan ilə Pakistanı tarixi və mədəni köklərə əsaslanan möhkəm dostluq, əməkdaşlıq və strateji tərəfdaşlıq münasibətləri birləşdirir: “Çox şadam ki, Heydər Əliyev Fondu xalqlarımızın iradəsini ifadə edən dostluq münasibətlərimizin, ölkələrimiz arasındakı mövcud humanitar əlaqələrin daha da genişləndirilməsi istiqamətində ardıcıl səylər göstərir. Bir sıra mühüm layihələr və xeyriyyə proqramları Pakistanın müxtəlif yerlərində icra olunur. Heydər Əliyev Fondunun prezidenti olaraq fərəhlənirəm ki, Fondumuz ölkələrimiz arasında qardaşlıq münasibətlərinin gücləndirilməsinə töhfə verir. Ümidvaram ki, hər iki Prezidentin dəstəyi ilə Pakistandakı fəaliyyətimiz davam edəcək”.

Yuxarıda da vurğuladığımız kimi, Pakistan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində daima ölkəmizin haqlı mövqeyini müdafiə edir. Pakistanda Xocalı soyqırımı ilə bağlı növbəti bəyannamənin qəbul edilməsi deyilənləri bir daha təsdiqləyir. Məlumat üçün bildirək ki, Pakistan Senatı sədrinin müavini, Senatın komitə sədrləri, əyalətlərin qanunverici və icra orqanlarının rəhbərləri, sabiq nazirlər, istefada olan ordu generalları, admirallar, tanınmış hüquqşünaslar, jurnalistlər və alimlər də daxil olmaqla 100 nəfərdən çox ictimai-siyasi xadim Xocalı soyqırımını törədənlərin qanlı əməllərini pisləyən bəyannamə qəbul edib.

Bəyannamədə keçmiş SSRİ-nin süqutundan sonra müstəqilliyini bərpa etmiş Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğala məruz qaldığı, təcavüz nəticəsində Dağlıq Qarabağ və ona bitişik 7 rayon daxil olmaqla, Azərbaycan torpaqlarının 20 faizinin zəbt edildiyi bildirilib. Sənəddə Xocalıda baş vermiş hadisələrin bu münaqişənin ən qanlı səhifəsi olduğu qeyd edilib.

Vurğulayaq ki, iki ölkə arasındakı əlaqələrin inkişafı mart ayında Pakistan Prezidenti Məmnun Hüseynin ölkəmizə səfəri zamanı da müzakirə edilib. Səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Pakistan İslam Respublikasının Prezidenti Məmnun Hüseynin təkbətək görüşü olub. Görüşdə ölkələrimiz arasında dostluq, əməkdaşlıq və strateji tərəfdaşlıq prinsiplərinə söykənən ikitərəfli münasibətlərin siyasi, iqtisadi, humanitar və digər sahələrdə uğurlu inkişafından məmnunluq ifadə olunub. Pakistan Prezidenti Məmnun Hüseynin Azərbaycana rəsmi səfərinin əlaqələrimizin möhkəmləndirilməsi işinə öz töhfəsini verəcəyinə əminlik bildirilib. Ölkələrimiz arasında əməkdaşlığın müxtəlif sahələrdə genişləndirilməsi üçün yaxşı potensialın olduğu qeyd edilib. Söhbət zamanı ikitərəfli, regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Prezidentlərin təkbətək görüşündən sonra geniş tərkibdə görüş keçirilib. Görüşdə çıxış edən Prezident İlham Əliyev bildirib ki, ölkələrimiz arasındakı qardaşlıq əlaqələri iki müsəlman ölkəsinin əməkdaşlığının yaxşı nümunəsidir. Ölkə başçısı qeyd edib ki, Azərbaycan dövləti Pakistan İslam Respublikasının ölkəmizin mövqeyini beynəlxalq təsisatlarda dəstəkləməyini yüksək qiymətləndirir.

Çıxış edən Pakistan Prezidenti Məmnun Hüseyn bir çox beynəlxalq məsələlərdə iki ölkə arasındakı tərəfdaşlığa, göstərilən dəstəyə görə öz təşəkkürünü bildirib. Vurğulanıb ki, Pakistan dövləti Dağlıq Qarabağ məsələsində Azərbaycanı dəstəkləyir və bu, gələcəkdə də davam edəcək.

Daha sonra iki ölkə arasında Azərbaycan-Pakistan sənədlərinin imzalanması mərasimi olub. Mərasimdə ölkə başçıları “Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikası arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə”ni imzalayıblar. Bundan başqa hər iki dövlətin hökumət üzvləri arasında bir sıra məsələlərlə bağlı sənədlər imzalanıb.

Mətbuata bəyanatla çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev qeyd edib ki, bu səfər ölkələrimiz, həmçinin, Azərbaycan və Pakistan xalqları arasındakı qardaşlıq əlaqələrini gücləndirəcək. Ölkə başçısı vurğulayıb ki, bu gün iki müstəqil ölkə yeni bir əməkdaşlıq formatını yaradır. Bu əməkdaşlıq tarixi irsimiz, ənənələrimiz, dinimiz və həmçinin, strateji maraqlarımıza söykənir: “Ölkələrimiz arasında siyasi əlaqələr çox yüksək səviyyədədir. Pakistan Prezidentinin Azərbaycana rəsmi səfəri, elə indicə imzalanmış sənədlər bunu aydın şəkildə nümayiş etdirir. Biz bütün beynəlxalq təşkilatlarda bir-birimizi dəstəkləyirik və bu işi davam etdirəcəyik”.

Daha sonra çıxış edən Pakistan Prezidenti Məmnun Hüseyn də səmimi əlaqələrin davam etdirilməsi ilə bağlı tədbirlərə dair razılığa gəlindiyini diqqətə çatdırıb. Pakistanın dövlət başçısı iki dövlətin bir sıra regional və beynəlxalq məsələlərdə birgə baxışlarının olduğunu deyib: “Azərbaycan ilə Pakistan arasında ikitərəfli münasibətlər gündən-günə güclənməkdə davam edəcək. Bizim ikitərəfli əməkdaşlığımızın inkişafı ilə bağlı birgə səylərimiz, beynəlxalq və regional səviyyədə sülh və inkişafa töhfəmiz gələcək illərdə daha da dinamik olacaq”.

 

Vüsalə Cavanşir