“Yeni Azərbaycan”.-2015.-14 may.-¹ 85.-S.8.

 

Azərbaycan-Türkiyə münasibətləri regional təhlükəsizliyin təmin olunmasında strateji amildir

 

Tərəflər arasındakı münasibətlər mütəmadi surətdə inkişaf etməkdə və yeni keyfiyyət çalarları ilə zənginləşməkdədir

 

Müstəqil xarici siyasət kursuna malik olan, Cənubi Qafqaz regionunun lider dövləti qismində çıxış edən Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində etibarlı strateji tərəfdaş kimi tanınır. Ölkəmiz Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən çoxvektorlu və balanslaşdırılmış xarici siyasət strategiyası nəticəsində həm ikitərəfli münasibətlər kontekstində, həm də çoxşaxəli əlaqələr fonunda yerləşdiyi regionun geostrateji təhlükəsizliyinə fundamental töhfələr verir, eləcə də, regional miqyaslı, qlobal xarakterli əməkdaşlıqlar platformasının mərkəzi oyunçusu rolunu oynayır. Heç bir beynəlxalq qurumdan və milli dövlətdən asılı olmayan Azərbaycan Respublikası artıq regional aktordan beynəlxalq strateji tərəfdaşa çevrilməkdədir.

Bu kontekstdə ölkəmiz həm region dövlətləri, həm də regiondankənar ölkələrlə səmərəli və qarşılıqlı-faydalı əməkdaşlıq əlaqələrini uğurla davam və inkişaf etdirir. Qeyd edək ki, Azərbaycan Respublikasının sıx əməkdaşlıq əlaqələrinə malik olduğu ölkələrdən biri də Türkiyə Cümhuriyyətidir.

Tərəflər arasındakı qarşılıqlı-faydalı əməkdaşlığa əsaslanan tərəfdaşlıq münasibətləri mütəmadi surətdə inkişaf etməkdə və yeni keyfiyyət çalarları ilə zənginləşməkdədir. Hər iki ölkəni bir-birinə bağlayan strateji əsaslar xalqlararası dərin inteqrasiya, ortaq milli keçmişə və dəyərlərə malik olmaq, eyni zamanda, milli maraqların uzlaşdırılmasıdır.

Azərbaycanla Türkiyənin qarşılıqlı-faydalı əməkdaşlığını uğurlu edən başlıca strateji əsaslar məhz hər iki ölkənin beynəlxalq müstəvidə bir-birinə dəstək olması, eyni zamanda, Ankara ilə Bakının dünya siyasətində mövqelərinin sürətlə güclənməsidir. Məhz bu faktor beynəlxalq münasibətlər sistemində hər iki ölkənin qarşılıqlı-faydalı əməkdaşlığını şərtləndirməkdədir.

Bu kontekstdə Türkiyənin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı tutduğu mövqe xüsusilə təqdir olunur.

Öncə onu qeyd etmək lazımdır ki, Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğalına etiraz əlaməti olaraq, 1993-cü ildən etibarən Türkiyə işğalçı ölkə ilə əlaqələrə son qoyaraq sərhədləri bağlayıb. Eyni zamanda, Türkiyə dövləti beynəlxalq təşkilatların Azərbaycanın işğala məruz qalması faktını təsdiqləyən və beynəlxalq hüquqa zidd əməlin dayandırılmasını tələb edən qərarlarının qəbul olunmasında ölkəmizi hər zaman dəstəkləyib.

Türkiyə rəsmiləri xarici ölkələrə etdiyi bütün rəsmi və işgüzar səfərlərində, eyni zamanda, beynəlxalq təşkilatlarda etdiyi çıxışlar çərçivəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinin vacibliyi məsələsini daim israrlı şəkildə vurğulayır və bu problemi mütəmadi qaydada beynəlxalq siyasi gündəmdə aktual mövzu kimi saxlamağa cəhd edirlər.

Hər halda, bütün bunlar ona dəlalət edir ki, önəmli strateji tərəfdaş ölkə olan Azərbaycanın bir nömrəli problemi - Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi Türkiyənin xarici siyasi strategiyasında önəmli yer tutur.

Bakı-Ankara xəttində qarşılıqlı-faydalı münasibətləri möhkəmləndirən fundamental faktorlardan biri də hər iki ölkə rəsmilərinin sıx təmasları və bunun fonunda əməkdaşlığın müxtəlif sahələrində mütəmadi inkişaf dinamikasının qeydə alınmasıdır. Yeri gəlmişkən, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 12-də Türkiyə Respublikası Baş nazirinin müavini Əli Babacanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Türkiyənin G-20-yə rəhbərliyə seçildiyini və bu mötəbər təşkilatın bütün tədbirlərinə ev sahibliyi edəcəyini vurğulayan Baş nazirin müavini Əli Babacan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan Prezidenti İlham Əliyevin həmin tədbirlərdə iştirak etməsi üçün dəvətini bir daha diqqətə çatdırıb. Əli Babacan qardaş Azərbaycanın G-20-nin toplantılarında Türkiyə ilə bərabər olmasının xüsusi önəm daşıdığını deyib. Birinci Avropa Oyunlarına Bakının ev sahibliyi etməsinin əhəmiyyətinə toxunan Əli Babacan yarışların yüksək səviyyədə keçiriləcəyinə əminliyini ifadə edib.

Türkiyənin G-20-yə rəhbərlik etməsini qardaş ölkənin böyük qələbəsi kimi dəyərləndirən dövlətimizin başçısı Azərbaycanın buna çox sevindiyini deyib. Prezident İlham Əliyev bunu həm də dünyanın aparıcı dövlətləri tərəfindən Türkiyənin roluna göstərilən yüksək münasibətin ifadəsi kimi qiymətləndirib. Azərbaycanı G-20-yə dəvət etdiyinə görə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana bir daha minnətdarlığını ifadə edən Prezident İlham Əliyev bunun dostluğumuzun və qardaşlığımızın bariz nümunəsi, Türkiyə-Azərbaycan birliyini dünyaya nümayiş etdirən başlıca amil olduğunu deyib. Dövlətimizin başçısı ölkəmizin bu mötəbər görüşə hazırlaşdığını və bununla bağlı bu gün Bakıda xüsusi toplantının keçirilməsinin önəmini də vurğulayıb. Prezident İlham Əliyev bu yaxınlarda Çanaqqala zəfərinin 100 illiyi münasibətilə keçirilən tədbirlərin yüksək səviyyədə təşkil olunmasının və mərasimlərdə dünyanın bir çox ölkələrinin dövlət və hökumət başçılarının iştirak etməsinin əhəmiyyətini məmnunluqla qeyd edib.

Görüşdə ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi bildirilib və bu əlaqələrin bundan sonra da genişləndiriləcəyinə əminlik ifadə olunub.

Mühüm strateji məqamlardan biri də budur ki, Azərbaycan-Türkiyə əməkdaşlığı regional əməkdaşlığa və beynəlxalq təhlükəsizliyə müstəsna töhfələr verir. Bu, xüsusilə də hər iki dövlətin iştirakı ilə reallaşdırılan enerji layihələrinin fonunda müşahidə olunur. Bu layihələr bütövlükdə Avropanın enerji təhlükəsizliyində mühüm rol oynamaqla yanaşı, Azərbaycanla Türkiyənin beynəlxalq müstəvidə mövqeyi və nüfuzunu xeyli dərəcədə gücləndirir. Hər iki ölkənin birgə iştirakı və əməkdaşlığı əsasında icra olunan layihələr regional çərçivədən çıxaraq qlobal xarakter kəsb edir. Uğurla reallaşan Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərləri, tikilməkdə olan Bakı-Tbilisi-Qars dəmiryolu Avropa ilə Asiyanı birləşdirən dəhliz funksiyasını yerinə yetirən Azərbaycanın enerji və coğrafi imkanlarından səmərəli istifadə etməyə imkan verir. İcrası planlaşdırılan Trans-Anadolu qaz kəməri (TANAP) və Trans-Adriatik qaz kəməri (TAP) layihələri iki ölkə arasında təkcə iqtisadi deyil, təhlükəsizlik əlaqələrini daha da gücləndirəcək.

İki ölkə arasında strateji xarakterli işbirliyindən bəhs edərkən o da qeyd edilməlidir ki, Yüksək Səviyyəli Strateji Tərəfdaşlıq Şurasının yaradılması da əlaqələrin inkişafına yeni stimul verir. Buna əsas kimi, Türkiyənin başqa ölkələrlə bu formatda qurduğu əlaqələrin nəticələri və bu ölkə ilə Azərbaycan arasındakı münasibətlərin xüsusi xarakter daşıması göstərilir. Bir sözlə, görünən odur ki, Azərbaycan-Türkiyə strateji münasibətləri ən yüksək səviyyədə inkişaf edir. Bu iki qardaş ölkə arasında əməkdaşlıq isə bütövlükdə regionun inkişafına və türkdilli dövlətlər arasında əlaqələrin genişlənməsinə stimuldur.

O da qeyd edilməlidir ki, Türkiyə-Azərbaycan münasibətləri özündə ehtiva etdiyi strateji çalarlar etibarilə regional təhlükəsizlik sisteminə mühüm töhfələr bəxş etməkdədir. Mövcud resurs və potensialları ilə həm Azərbaycan, həm də Türkiyə regionda təhlükəsizlik sisteminin təminatı baxımından olduqca mühüm təsir imkanlarına malikdir.

Sadalananlara istinad edərək qeyd edə bilərik ki, Türkiyə-Azərbaycan münasibətləri regionda strateji təhlükəsizlik balansını təmin etmək iqtidarında olmaqla yanaşı, əməkdaşlıq və tərəfdaşlıq münasibətləri üçün də əhəmiyyətli zəmin rolunu oynamaqdadır.

Dolayısıyla, Bakı-Ankara münasibətləri konstruktiv və pozitiv səciyyəli olmaqla qarşılıqlı maraqlar üzərində qurulub ki, bu da qarşılıqlı-faydalı əlaqələr sisteminin strateji əsası qismində çıxış etməkdədir. Eyni zamanda, simmetrik əsaslara söykənən mövcud münasibətlər sistemi regionda paritet təhlükəsizlik sisteminin formalaşmasına da xüsusi töhfələr bəxş edir. Dolayısıyla, Azərbaycan-Türkiyə münasibətləri regional əməkdaşlıq və təhlükəsizlik kontekstində mühüm əhəmiyyət kəsb edir.

Bundan başqa, Azərbaycan ilə Türkiyə arasında iqtisadi və hərbi sahədə də sıx əməkdaşlıq münasibətləri mövcuddur. Öncə qeyd edək ki, iqtisadi əlaqələr yüksələn xətlə inkişaf edir. Ümumilikdə, iqtisadi əməkdaşlıq sürətlə genişlənir və bu, həm iki ölkənin maraqları, həm də regionun gələcəyi baxımından olduqca müstəsna əhəmiyyət kəsb edir.

Digər tərəfdən, hərbi sahədə mövcud olan əlaqələr bölgədə sülh və təhlükəsizliyin təmini baxımından mühüm əhəmiyyət daşıyır. Məlumdur ki, Azərbaycan Türkiyənin hərbi təhsil sahəsində ən sıx əməkdaşlıq etdiyi və Türkiyə Silahlı Qüvvələri tərəfindən təhsil dəstəyinin təmin edildiyi ölkələr arasında ön sıradadır. Bundan başqa, Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyəti Türkiyənin keçirdiyi hərbi təlimlərə müşahidəçi qismində dəvət olunur, həmçinin, iki ölkə arasında ikitərəfli əsasda xüsusi təlimlər də icra edilir.

Nəticə etibarilə, Azərbaycan-Türkiyə münasibətləri mütəmadi inkişaf dinamikasına malikdir və hər iki ölkənin qarşılıqlı-faydalı əməkdaşlığı müasir beynəlxalq münasibətlər sistemi üçün fundamental əhəmiyyət kəsb edir. Tərəflər arasındakı münasibətlər regional miqyaslı, qlobal xarakterli strateji əməkdaşlıq nümunəsidir.

 

Nurlan Qələndərli