Səs.-2015.-9 may.- 85.-S.8-9.

 

Azərbaycan-Türkiyə qardaşlığı sarsılmaz dəyərlərə söykənir

 

Türkiyənin Tarsus şəhərində Heydər Əliyev Parkının və Ümummilli Liderin burada ucaldılan abidəsinin təntənəli açılış mərasiminin keçirilməsi ölkələrimiz arasında olan münasibətlərin inkişafına mühüm töhfədir

Dünya birliyinə sürətlə inteqrasiya edən Azərbaycan bu gün regional və qlobal miqyasda mehriban qonşuluq siyasəti yürüdür. Bu sırada qardaş Türkiyə xüsusi yer tutur. Ortaq dil, din, etnik kökə sahib Azərbaycan və Türkiyə eyni zamanda strateji tərəfdaşdırlar. Türkiyə-Azərbaycan dostluğu sarsılmaz dəyərlərə söykənir. Ölkəmizin müstəqilliyini ilk olaraq tanıyan qardaş Türkiyə təmsil olunduğu bütün beynəlxalq təşkilatlarda, ali tribunalarda hər zaman Azərbaycanı dəstəkləyir. Prezident İlham Əliyev çıxışlarında bəyan edir ki, türk dünyası böyük qüvvədir: "Həm siyasi, həm də iqtisadi, mədəni, hərbi-bütün sahələrdə bizim aramızda ən yüksək işbirliyi, anlaşma var. Gərək elə edək ki, maraqlarımız tam şəkildə təmin olunsun, bizi narahat edən problemlər aradan qaldırılsın, ədalət zəfər çalsın, xalqlarımız rahat yaşasın."

Xəbər verdiyimiz kimi, bu günlərdə Türkiyənin Tarsus şəhərində Heydər Əliyev Parkının və Ümummilli Liderin burada ucaldılan abidəsinin açılışı ilə əlaqədar təntənəli mərasim keçirilib. Tədbirdə Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, Xətai rayon icra hakimiyyətinin başçısı Razim Məmmədov, Azərbaycanın Türkiyədə və Makedoniyadakı fövqəladə və səlahiyyətli səfiri Faiq Bağırov, Milli Məclisin Beynəlxalq Münasibətlər və Parlamentlərarası Əlaqələr Komitəsinin sədri Səməd Seyidov, Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, Milli Məclisin deputatı Hüseynbala Mirələmov, Mətbuat Şurasının sədri Əflatun Amaşov, YAP Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, Xətai rayon bələdiyyəsinin sədri Teymur Məmmədov və digər rəsmi şəxslər iştirak ediblər. Mərasimə Türkiyənin Mersin vilayətinin valisi Özdemir Çabaçak, Mersin Böyükşəhər bələdiyyəsinin sədri Burhanettin Kocamaz, Tarsus bələdiyyəsinin sədri Şövkət Can və digər tanınmış şəxslər də qatılıblar. Bundan başqa, Türkiyənin və Azərbaycanın elm və mədəniyyət xadimləri, KİV təmsilçiləri, QHT rəhbərləri, tələbələr, qardaş ölkə ictimaiyyətinin görkəmli nümayəndələri də qatılıblar.

Əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib, dövlət himnləri səsləndirilib. Məlumat verilib ki, Xətai rayonu ilə Türkiyənin Tarsus şəhəri 2007-ci ildə qardaşlaşıb. Bu münasibətlə Tarsus şəhərində Ulu Öndər Heydər Əliyevin adına körpü tikilərək əhalinin istifadəsinə verilib. 2011-ci ilin 16-20 mart tarixlərində Tarsus şəhərində Ulu Öndər Heydər Əliyevin adına salınmış körpünün açılış mərasimində Xətai rayonundan olan nümayəndə heyəti iştirak edib. Eyni zamanda mövcud qardaşlıq münasibətlərini daha da dərinləşdirmək məqsədilə 2012-ci ilin 12-15 aprel tarixlərində Tarsus şəhər Bələdiyyəsinin sədri Burhanettin Kocamazın rəhbərliyi ilə nümayəndə heyətinin Bakı şəhəri, eləcə də Xətai rayonuna işgüzar xarakterli səfərləri baş tutub. Səfər çərçivəsində Tarsus şəhərində Ümummilli Lider Heydər Əliyevin adını daşıyan körpünün yaxınlığında yerləşən 2,5 hektar ərazidə Ulu Öndər Heydər Əliyevin adına yeni parkın salınması və parkda Ümummilli Liderin abidəsinin ucaldılması qərara alınıb.

Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Xətai rayon icra hakimiyyətinin başçısı Razim Məmmədov, Mersin Böyükşəhər Bələdiyyəsinin sədri Burhanettin Kocamaz və Tarsus bələdiyyəsinin sədri Şevkət Can mərasimdə çıxış edərək Ümummilli Lider Heydər Əliyevin xilaskarlıq missiyasından, türk dünyası qarşısındakı əvəzsiz xidmətlərindən, Azərbaycan ilə Türkiyə arasında daim inkişaf edən münasibətlərdən, region ölkələrinin kompleks inkişafına hesablanmış strategiyanın tarixi əhəmiyyətindən danışıblar.

Qeyd edilib ki, Heydər Əliyev Azərbaycan-Türkiyə münasibətlərinin inkişafına həmişə xüsusi diqqət yetirib. Əsrlər boyu türk xalqlarının birliyinə nail olmaq üçün tarixi şəxsiyyətlərimiz dövrün siyasi şəraitinə uyğun mübarizə aparıblar. XX əsrin əvvəllərində bu tarixi missiyanı Mustafa Kamal Atatürk, ötən əsrin sonlarından başlayaraq isə Heydər Əliyev uğurla həyata keçiriblər. Dahi şəxsiyyət Heydər Əliyev böyük bir uzaqgörənliklə Azərbaycanın karbohidrogen ehtiyatlarının işlənməsi və Qərbə doğru nəqlini təmin etməklə ölkələrimizin iqtisadi qüdrətini artırıb, beynəlxalq enerji təhlükəsizliyi məsələsində Türkiyənin qüdrətini durmadan yüksəldən yeni bir güc mərkəzi yaradıb. Odur ki, qardaş ölkədə Ulu Öndərin adının əbədiləşdirilməsi istiqamətində daha bir addımın atılması Heydər Əliyevin tarixi missiyası qarşısında mənəvi borcumuzdur.

Çıxış edənlər bildiriblər ki, Ulu Öndər Heydər Əliyevin xatirəsinə göstərilən bu ehtiram Onun şəxsiyyətinin ucalığının timsalında Tarsus şəhərinin sürətli inkişafına özünəməxsus təsir göstərəcək. Ulu Öndərin adını daşıyan parka gələn hər bir şəxs Ümummilli Lideri daha böyük hörmət və ehtiramla yad edəcək. Tədbirdə, həmçinin Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi siyasi kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticələrindən, o cümlədən artıq bəhrə verən Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum əsas ixrac boru kəmərlərinin və reallaşmaqda olan TANAP, TAP, Bakı-Tbilisi-Qars və Avrasiya Böyük İnformasiya Yolu layihələrinin əhəmiyyətindən danışılıb.

Rəsmi mərasimdən sonra Ulu Öndər Heydər Əliyevin abidəsinin açılışı olub, önünə gül-çiçək dəstələri düzülüb. Sonra Azərbaycandan və Türkiyədən olan rəsmi şəxslər Heydər Əliyev Parkında ağac əkiblər. Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Adana Böyükşəhər Bələdiyyəsinin sədi Hüseyn Sözlü, Mersin vilayətinin valisi Özdemir Çabaçak və Mersin Böyükşəhər Bələdiyyəsinin sədri Burhanettin Kocamazla ayrı-ayrılıqda görüşüb. Görüşlərdə Azərbaycan-Türkiyə münasibətlərinin davamlı inkişafının əhəmiyyəti barədə ətraflı fikir mübadiləsi aparılıb.

Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov yazıçı Hüseynbala Mirələmovun həm müəllifi olduğu, Ulu Öndərin mənalı həyat yolu, zəngin fəaliyyətinə həsr edilən "Görkəmli insanların həyatı" silsiləsindən "Heydər Əliyev" kitabını Türkiyə rəsmilərinə hədiyyə edib. Bu kitab Heydər Əliyev Parkının açılış mərasiminin iştirakçılarına da paylanılıb.

Rəsmi açılış mərasimlərindən sonra Xətai rayon icra hakimiyyətinin, "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin birgə təşkilatçılığı ilə Türkiyə və Azərbaycanın tanınmış incəsənət ustalarının ifasında möhtəşəm konsert proqramı keçirilib. Konsertdə təxminən 15 mindən çox insan iştirak edib. Sonda 12 dəqiqəlik möhtəşəm atəşfəşanlıq keçirilib. Qeyd edək ki, Tarsus şəhərində keçirilən bütün tədbirlər Türkiyənin bir sıra KİV-lərində işıqlandırılıb, konsert proqramı isə Mersinin "Kanal 33" telekanalı tərəfindən canlı yayımlanıb.

Nail Rəhimzadə